Müharibə
gündəliyi
Azad edilmiş
löhmə
İlk günlərimizdir. Bir az təcrübəsizlik,
bir az da
müharibə şəraitinə,
çətinliyinə hələ
tam öyrəşməmişik. Füzuli-Cəbrayıl istiqamətində Xüsusi Təyinatlı Qüvvələrin zabitləri
bizi müşayiət
edərək mövqelərə
yerləşdirib.
Qısa müddətli müharibədə
düşmənin geri
çəkilməsi, daha
doğrusu, geri çəkilməyə məcbur
edildiyindən bəzi
yerlərdə düşmən
mövqelərinə iynə
ucu kimi daxil olmuş olursan. Buna görə bəzən sağın da, solun da,
önün də düşmən mövqeləri
olur. Mövqemizin
arxası isə top və minaatan mərmiləri ilə atəşə tutulur. Klassik anlamda tam mühasirə deməsək də, vəziyyət mühasirəni
xatırladır. Çünki belə durumda təminat arxadan sənə gəlib çata bilmir. Bu vəziyyət
iki-üç gün
davam etdi...
Saatlarla yol qət etdikdən
sonra mövqeyə çatanda suyumuz bitib. Demək olar ki, heç kimdə bir qurtum su
yoxdu. Əslində, hava yolu ilə hesablasaq bir neçə km yol edər. Amma təhlükəsizlik baxımdan,
itki olmasın deyə, dolama yollardan, cığırlardan,
təpə döşlərindən
istifadə etmişik.
...Sağ cinahı mənim tağımım
qoruyur. Mövqelərimizin sağı və
solu, qabağı düşmən artilleriyası
ilə vurulur. Arabir top atışları
olsa da əsasən
yenə minaatanlardan. Və mövqemizin arxası da...
Səngərin dərinlik ölçüsü
çox az
olduğundan məcburi
uzanmışıq. Uzun yoldan
sonra susuzluq və qazıb dərinləşdirməyə halımız yoxdu. Üstəgəl, gecə yuxusuzluğu,
gecənin soyuğu, günorta günəşinin
başımıza döyməsi
halsızlığımızı daha da artırır.
Rabitə ilə əlaqəyə çıxırıq. Bu gecə təminatın gələcəyini bildirirlər.
Təminat gətirən MTT rəisimiz Cəfərov şəhid olur, Əsgərim Hüseynov Rövşən və digər zabitsə yaralanıb. Demək, təminat,
su arzumuz elə suya düşməli
oldu.
Səhəri əsgərlər "suxoy
payokda" olan nəm salfetkaları dodaqları arasında somurur ki, bəlkə
susuzluğu yata. Amma bu nə vaxta kimi
çəkə bilər?
Mütləq çarə tapmaq
lazımdır. Önümüzdə düşmən nəzarətində
olan, daha doğrusu, birbaşa vizual nəzarət etdikləri kənd var. Son
çarə kimi bir neçə əsgər və zabit su əldə
etmək ümidilə
ora doğru irəliləyir. Bunu sezən
düşmən ordusu
dərhal minaatanları
işə salır.
Məcburi olaraq bu addımımızdan vaz keçməli oluruq.
Nədənsə, bütün olanlardan sonra Kərbəla müsibəti yadıma tez-tez düşür. Ətrafında
düşmən və
susuzluq... Yezidin və Hüseynin ordusu...
Əsgərim Cabbarovla səngərdən
çıxaraq cəld
təpənin arxasına
keçirik. Cəld dediksə, təpənin
arxası bizdən təxminən 500 metr geridədir. Su axtarışına çıxırıq,
bəlkə bulaq və s. tapaq. Nə minalanmış yerləri
bilirəm. ...Arada
ətrafımıza düşən
minaatan mərmilərindən
ya vaxtında yerə yatmaqla, ya da bəxtimizin
gətirməyi ilə
yayına bilirik...
İki gün əvvəl yağış
yağmışdı. Erməni meyitinin
bir qədər aralığında düşmən
silahı PK sinkinə
azca yığılmış
suyu görəndə
gözümüzə işıq
gəlir. Amma bu kimə bəs edər ki?!
Bir qədər
irəlidə ermənilərin
saxladığı inəkləri
görürük. Yolda yağış
suyundan yığılmış
su var. Su dediksə, löhmə. İnəklər löhmədən su içir. İndi bu löhmə
fəth edilməli birinci məqsəddir.
Təbiətin növlər arasındakı
yaşamaq uğrunda mübarizəsi. İnəklərlə
biz...
Onları qovub uzanıb löhmədən su içirəm. Bir növ bura daha bizim löhməmizdi.
Azad edilmiş löhməmiz.
Ağzım, boğazım palçıq
olsa da, susuzluğu azca yatırmağa bəs edir. Amerika filmlərindəki ağzı qaralmış
zombilərə oxşayıram
desəm, yanılmaram.
Aralıda mənə nifrətlə
baxan inəklər...
İndi
bu müharibənin ən böyük acısını onlar yaşayır...
Emin
PİRİ
Ədəbiyyat qəzeti.- 2021.- 10
aprel.- S.25.