Necə oldu ki,
fəsillər
meydana gəldi
Nağıllar
Belə
deyirlər ki, çox-çox qədimlərdə,
yer üzündə bir qadın yaşayırmış: bu
qadının dörd
övladı varmış.
Əlbəttə, deyəcəksiniz ki, burda qəribə
nə var ki? Hə, bax, təəccüblüsü
o idi ki, bir ananın övladı olan bu uşaqlar bir-birinə qəti oxşamırdılar. Belə ki,
birinci övlad hamıya və hər şeyə qarşı həddən artıq biganə və soyuq idi.
Hətta,
o qədər soyuq ki, hara gedirdisə,
kimə yaxınlaşırdısa,
istər-istəməz onu
dondururdu. İkinci övlad
tam əksinə - o qədər
mehriban və canıyanan idi ki, rast gəldiyi
hər kəsə yeni həyat verirdi. Üçüncüsü
həddən artıq
istiqanlı bir uşaq idi - o qədər istiqanlı idi ki, hara
gedirdisə, hərarətinə
heç kim
dözə bilmirdi. O ki qaldı dördüncü
övlada, bütün
yuxarıda deyilən xüsusiyyətlərin heç
biri onda yox idi. Amma o da
çox ağlağan
idi. Söz deməmiş gözünün
yaşını sel kimi axıdar, ağladıqca doymazdı,
bir də onda ayılardı ki, sel-su aləmi
yuyub aparıb. Vay o gündən ki, kimsə bu ailəni
qonaq çağırar
və ya bütün ailə birgə harasa gedərdi. Əsl həngamə bundan
sonra başlayırdı
- həmin yerdə gah bərk isti
olur, gah oranı sel-su yuyub aparır, gah ətrafdakı hər şey donub buz parçasına
dönür, ən sonda isə hər şey yenidən dirçəlirdi.
Bir gün belə, beş gün,
axır ki, camaat təngə gəlib, anaya müraciət etdi:
- Anacan, bəlkə, sən öz övladlarını da götürüb, tamam başqa bir yerə - o yerlərə ki, insan ayağı
dəymir, oralara köçəsən? Yoxsa, belə
getsə, sənin övladların bütün
insanlığın sonuna
çıxacaqlar.
Nə etməli? Ana və onun dörd
başabəla övladı
çox məsləhətləşdikdən
sonra göylərə
çəkilməyi qərara
aldılar. Burada onlar
heç kimə mane olmadan rahat yaşaya
bilərdilər. Lakin çox
keçmədi ki, övladlar doğma Yer üçün darıxmağa başladılar.
Ana yenə də işə qarışmalı
oldu:
- Mənim əzizlərim! -
O, övladlarına müraciət
etdi. - İndi ki, yer üzünü
gəzməyi arzulayırsınız,
nə deyirəm ki, gedin! Ancaq bir
şeyi yadda saxlayın - əgər insanların sizi sevməyini istəyirsinizsə,
hamınız birlikdə
deyil, gedəcəyiniz
yerləri növbə
ilə gəzin.
Övladlar razılaşdılar. Yola düşərkən birinci
övlad ananın qarşısında hörmətlə
baş əyib xahiş etdi:
- Anacan, biz sən deyən kimi edəcəyik. Lakin xahiş edirik,
izn ver, yer üzündə qalıb yaşayaq.
- Axı, bu mümkün
deyil! - Ana həyəcanla
cavab verdi.
- Biz hər şeyi götür-qoy etmişik!
- İkinci övlad
öz fikrini bildirdi. - Hər yeri növbə ilə gəzəcəyik.
- Hərəmiz ayrı-ayrılıqda,
bir-birimizdən çox
uzaqda yaşayacağıq
ki, qarışıqlıq
yaradıb, insanlara
mane olmayaq. - Üçüncü
övlad əlavə etdi.
- Yalnız hərdən, lap
bərk darıxanda, bir-birimizə qonaq gedərik. Doğrudur, uşaqlar? - Dördüncü övlad
həyəcandan gözlərinin
yaşını güclə
saxlayaraq xəbər aldı.
Ananın razılaşmaqdan savayı
əlacı qalmadı. Ancaq bütün
təkidlərə baxmayaraq,
uşaqlarına yuxarıdan
nəzarət etmək
üçün özü
əbədi olaraq göylərdə məskən
saldı.
Uşaqlar isə yola düzəldilər. Birinci övlad Antarktida, Arktika və Uzaq Sibiri, ikinci
övlad Afrikanı, üçüncü övlad
Baham adalarını, dördüncü isə tropik meşələri özünə əbədi
məskən seçərək
növbə ilə dünya səyahətinə
başladılar. Doğrudur,
onlar elə indi də darıxanda
biri digərinin yanına çox qısa müddətə qonaq gedir və
elə bu zaman Afrikada yağışlar yağır,
Uzaq Sibirdə günəşli günlər
başlayır, Baham adalarında qeyri-adi soyuq günlər olur, tropik meşələrdə
isə bütün təbiət yenidən canlanır.
Əziz
dost! Yəqin ki, söhbətin
kimlərdən getdiyini,
ananın və onun dörd övladının adlarını
artıq özün də deyə bilərsən. Bunlar Təbiət
ana və onun dörd övladı - Qış,
Bahar, Yay və Payız idilər.
Süpürgə, torpaq və...
Bizim bu balaca şəhərdə
o qədər süpürgəçi
var ki... Hər səhər tezdən onlara az qala doğmalaşmış süpürgələrini
sağa-sola yelləyərək
şəhərin küçə
və meydanlarını
süpürür, bacardıqları
kimi səliqə-sahman
yaratmağa çalışırlar.
Əlbəttə ki, süpürgəçi
dedikdə göz önünə ilk növbədə
süpürgə gəlir.
Nəql edəcəyim əhvalat da bu süpürgələrdən
birinin başına gəlmişdi.
Bu Süpürgəyə əmək veteranı da demək olardı. Hər səhər tezdən sahibəsi ilə yol kənarını süpürür, süpürür
və eyni zamanda...
Yox, hər
şeyi əvvəldən
danışası olacağam. Məsələ burasındadır ki, bizim Süpürgə artıq bir ilə yaxın olardı ki, eyni ərazini - yol qırağındakı
torpağın üzərini
süpürürdü. İşə başladığı ilk gün isə onun yaddaşına əbədi həkk olunmuşdu. Həmin vaxt
indi tərtəmiz olan Torpağın üstü ən müxtəlif zibillə dopdolu idi. Elə təzəcə işə qızışmışdı
ki...
- Çox sağ ol, indiyə qədər heç kim mənə
belə qayğı göstərməmişdi!
Bu, Torpağın səsi
idi. Səs o qədər incə
idi ki, hətta
süpürgənin bağının
düyünü dözməyib
öz-özünə açıldı.
- Bu nədir, torpaq o qədər çirkdir ki, süpürgənin bağı da dözmədi. - Deyinən süpürgəçi
bağa düyün vurub bağladı. - Eybi yox, bir
neçə günə
bu torpağı tərtəmiz edərik.
Və...
başlandı. Bir neçə gündən
sonra Torpaq tərtəmiz oldu. İndi o, elə gözəl, elə zərif idi ki! Elə Süpürgə də gördüyü işlə fəxr edirdi.
- Sən elə gözəlsən ki! - Bu cümlə hər səhər Süpürgə
üçün "sabahın
xeyir!"i
əvəz edirdi.
- Bilsən hər gün səhərin açılmasını necə
səbirsizliklə gözləyirəm!
- Torpaq həyəcanla
cavab verərdi. - Fikirləşəndə ki,
mənim sevimli Süpürgəm indilərdə
gəlib yenə də başıma sığal çəkəcək,
məni tumarlayacaq...
- Eh, bu, hələ harasıdır? Sənin üzərini əsl çəmənliyə çevirəcəyəm!
- bu sözlərdən
ruhlanan Süpürgə
işini daha böyük həvəslə
davam etdirirdi.
Günlərin bir günü isə... Qoca süpürgəçi yolu keçərkən qəfildən sürətlə
gələn bir avtomobili son anda görüb özünü
kənara atdı, əlindəki Süpürgə
isə yerə düşüb avtomobilin təkərləri altında
qaldı. Onsuz da köhnə olan Süpürgə bu ağırlığa davam
gətirməyib bir neçə yerdən sındı və... məhv oldu. Ən başlıcası isə o idi ki, bütün bunlar Torpağın gözü qarşısında
baş verdi.
Həmin yay çox isti keçdi. Ətrafdakı hər kəs susuzluqdan yansa da, bizim bu
balaca Torpaq sahəsinin nəmi heç cür qurumaq bilmirdi. Payızın əvvəllərində
isə onun üzərində bir neçə cücərti
görünməyə başladı
- bunlar balaca süpürgə kolları
idi...
Aygün BÜNYADZADƏ
Ədəbiyyat qəzeti.- 2021.-
10 aprel.- S.25.