Ədəbi tənqidə yanaşma
meyarının yeniliyi
Qürbət
Mirzəzadənin ilk mətbu yazısını 1987-ci ildə
"Bakı" qəzetində oxumuşam. Seyid
Hüseynin 100 illik yubileyindən hazırlanan material idi. Onun cümlələrindəki
fikir ardıcıllığı, dəqiqlık, səliqə
xoşuma gəlmişdi. Qəzetçilikdən bilirdim:
yazı dilinin səliqəsi anadangəlmə bir şeydir, o,
adi bir məsələ deyil. Qürbətin ilk yazısında
bunları hiss etdim.
O zaman
Qürbət Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) 4-cü kursunda oxuyurdu. O, ədəbi
tənqid qrupunda bu sahəni özü üçün ixtisas
seçmişdi. Sonralar Qaradağ rayonunun ümumtəhsil məktəblərində
müəllim işləyəndə də mətbuatla təmasını
qoruyub saxladı: o, yazmağı sevir və bacarırdı,
bu işdən zövq alırdı. 1998-ci ildə AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna işə girəndə artıq filologiya elmləri
namizədi elmi dərəcəsinə layiq
görülmüş, on il pedaqoji stajı var idi.
Çox
yaxşı ki, o, pedaqoji işi atmadı: elmi dərəcə
alandan sora orta məktəblərin yeni yaranan dil və ədəbiyyat
proqramlarının müzakirələrində, yenidən
hazırlanmasında öz səmərəli təklif və rəyləri
ilə çıxış etdi. Heç təsadüfi deyil
ki, sonralar Bakı şəhər Təhsil İdarəsinin
keçirdiyi "Azərbaycan dili və ədəbiyyat" fənn
aylığı müsabiqəsinə təqdim etdiyi məqalə
birinci yerə layiq görüldü və xüsusi diplomla
mükafatlandırıldı. O, eyni zamanda BDU-da magistr pilləsində,
Dillər Universitetinin, İctimai-siyasi Universitetin, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin bakalavr pillələrində,
Müəllimləri Təkmilləşdirmə İnstututunda
tənqid tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat
tarixi, ədəbiyyatın tədrisi metodikasından dərs
dedi. Akademiyada əməkhaqqı çox
aşağı idi, müəllimlik Qürbətin həm əlindən
tutdu, həm də nəzəri biliklərinin praktikada tətbiq
edilməsinə imkan yaratdı. Elmə, nəzəriyyəyə,
ağlı zənginləşdirən biliklərə həvəs
onda ilk elmi addımlardan qabarıq idi.
Su axar, çuxurunu tapar. Mətbu sözə,
canlı ədəbi proseslərə maraq onu ədəbi tənqidlə
ömürlük bağlılığa gətirib
çıxardı. Qürbətin elmi fəaliyyətində
tanınmış tənqidçi, respublikada dünya ədəbiyyatının
mötəbər mütəxəssisi Əkbər Ağayev və
onunla bağlı müasir Azərbaycan tənqidinin problemləri
əsas yer tutur. Bu da onun elmi taleyini və
marağını müəyyən etdi. Tənqid
və nəzəriyyə bir vərəqin iki
üzüdür. Digər tərəfdən,
tənqid ciddi qələm sahibini mütləq xalqının ədəbi
və siyasi taleyinə, ədəbiyyat tarixinin tükənməz
zənginliyinə gətirib çıxarır.
Qürbətin professor Akif Hüseynovun və Şirindil
Alışanlının rəhbərliyi ilə müdafiə
etdiyi namizədlik dissertasiyası Əkbər Ağayevin ədəbi-tənqidi
görüşlərinə həsr olunmuşdu. Onun bu mövzuya
bağlanması professor Atif Zeynallı ilə
başlamışdı. Qürbətin
dövri mətbuatda dərc olunan məqalələri Atif
müəllimin diqqətini cəlb etmişdi. Təsadüfi bir tanışlıqdan sonra
onların arasında isti bir ünsiyyət
yaranmışdı. Xeyirxah bir insan olan
Atif müəllim ona tənqidçi Əkbər Ağayev ədəbi-tənqidi
irsi ilə bağlı tədqiqat aparmağı məsləhət
bilmişdi. İxtisas üzrə namizədlik minimumundan
imtahan verərkən onun cavabları komissiya üzvlərinin və
xüsusi olaraq komissiyanın sədri, AMEA-nın müxbir
üzvü, professor Yaşar Qarayevin diqqətini də cəlb
etmiş, orta məktəb müəlliminin elmi-nəzəri
hazırlığı "əla" qiymətlə dəyərləndirilmişdi.
"Əkbər Ağayevin ədəbi-tənqidi
görüşləri" bir mövzi kimi çox asan və
həm də çox çətin idi. Onun tənqid irsi
çalışdığı "Ədəbiyyat qəzeti"
və onun səhifələrində yer alan
ədəbi mübahisələrlə, tənqidimizin bariz və
yarım gizlin polemikaları ilə üzvi surətdə
bağlı idi. Əkbər müəllim bu
polemika və diskussiyaların köklərini və səbəblərini
yazıçı münasibətləri müstəvisində
də bilirdi, onda közü küldən ayırmaqda
xüsusi müdriklik və ustalıq var idi. Qürbət öz dissertasiyasında Əkbər
Ağayevin qələmindəki, irəli sürdüyü
fikirlərindəki bu xüsusiyyətləri xüsusi diqqətlə
öyrənib mənimsəyir və sonralar çıxan
kitabında bunu ətraflı əks etdirə bilmişdi.
Qürbətin müəllimimiz Əkbər
Ağayev haqda monoqrafiyası onun xatirəsinə gözəl
hədiyyə oldu, o biri üzdən, onun irsi barədə
müfəssəl məlumat verən və namizədlik
dissertasiyası hüdudlarını keçən bir layiqli mənbəyə
çevrildi. Sovet vaxtı nəzəriyyə qrifi ilə
elmi iş müdafiə etmək və Moskvadan təsdiq almaq
çətin idi. Ona görə belə işləri
bir qayda olaraq ədəbiyyatşünaslıq qrifi ilə təqdim
edirdilər. Amma aydın məsələdir
ki, tənqid tarixi tam mənada ədəbiyyat elminin nəzəri
sahəsidir, ədəbiyyat tarixinə və onun hadisələrinə,
meyillərinə müxtəlif yanaşmaları nəzəriləşdirir.
Əkbər Ağayev Qərbi Avropa və rus ədəbiyyatı
kurslarının gözəl bilicisi və unudulmaz müəllimi
idi. Bu cəhət onun tənqidçi mövqeyində və
müdrikliyində öz təzahürünü göstərirdi.
Cavan ədiblər Qərb ədəbiyyatını
təzəcə öyrənəndə və oxuyanda sənətkarlıq
baxımından bizim xeyrimizə olmayan faktlar
görürdülər. (Bu faktları ilk
üzə çıxaranlardan biri də Firidun bəy
Köçərli olmuşdu). Əkbər müəllim
belə meyillərlə üzləşəndə çox
böyük təmkinlə bütün ədəbiyyatlarda
gördüyü xüsusiyyəti xatırlayırdı həmişə:
ədəbi fikir hər xalqın məxsusi fikir tarixinin və
mədəni təcrübəsinin tərkib hissəsidir. Ona görə hər bir milli ədəbi fakt
fransız ədəbiyyatına oxşarlığa görə
yox, xalqın öz fikir mədəniyyətinə
bağlılığı ilə qiymətlidir.
Tədqiqatçı öz müəllimlərinin ən
yaxşı ənənələrini davam etdirərək,
milli ədəbiyyatlar arasında əlaqələr probleminə
tənqidin fəal iştirakı baxımından da nəzər
salaraq bu barədə ayrıca məqalə
yazmışdır. Ədəbi əsərlərin başqa
dillərə tərcüməsi ədəbiyyatlararası təsirin
mühüm və ən çox yayılmış
formasıdır. Lakin ədəbiyyatlar
bir-birinə nəzəri-tənqidi fikir vasitəsilə də
mühüm təsir göstərə bilir. Məsələn, alman romantizm nəzəriyyəsində
meydana çıxan ədəbiyyatın xəlqiliyi prinsipi
tutaq ki, XIX əsr rus ədəbiyyatına nəzəri təsir
nəticəsi kimi də keçmişdir. Hətta təhkimçilik hüququna əsaslanan
Rusiya mühitində romantik xalqçılıq prinsipi yeni,
demokratik bir məna kəsb etmişdir. V.Belincki
və alman ədəbi estetikası təsirində olan digər
inqilabçı-demokratlar alman romantik
xalqçılığı prinsipinə əsaslanaraq təhkimçilik
sisteminə qarşı yönəlmiş yeni bir ədəbi
cərəyan formalaşdırdılar. Alman
fikrindən fərqli olaraq, rus inqilabçı
demokratlarında xalqçılıq folklorla əlaqəsini
itirib Rusiyadakı quldar təhkimçilik sisteminə
qarşı yönəlmiş, rus kəndlisinin
hüquqlarını müdafiə edən bir ədəbiyyata
çevrilmişdi.
Azərbaycanda təhkimçilik yox idi, amma hələ
çarizm dövründə C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, N.B.Vəzirov kimi
yazıçılarımız sadə azərbaycanlı kəndlisinin
hüquqlarını müdafiə edən, onun sosial
obrazını yaradan xəlqi bir ədəbiyyat yaradıb bədii
fikrimizi zənginləşdirdilər. Sovet dövründə isə
xalqçılıq prinsipi, əslində, qadağan
olunmuş millət və milli anlayışının yeni adına çevrildi, hətta kəndli sinfi
inqilabçı bir qüvvə kimi ədəbiyyata gətirilməyə
başladı. Dediklərimiz ədəbi tənqiddə
qarşılıqlı təsir probleminin necə mühüm
hadisə olduğunu Qürbətin xüsusi olaraq qeyd etdiyi
kimi, hələ az öyrənildiyini
göstərir. Əslində, milli ədəbiyyatların
yeniləşməsində, zənginləşməsində cəmiyyətdə
yayılan sosial doktrinaların və nəzəriyyələrin
rolu ilk baxışda düşündüyümüzdən
çox genişdir.
Məsələn, Azərbaycan ədəbiyyatında
sosialist realizmi cərəyanının yaranması və
inkişafı, əslində, marksizmin bir doktrina kimi
yayılması və mənimsənilməsi ilə
bağlıdır. Və ya freydizmin yayılması bu nəzəriyyənin
XX əsr Avropa və Amerika ədəbiyyatında, kinosunda necə
əsas fikir istiqamətinə çevirdiyini göstərməkdədir.
Belə faktlar ədəbi-tənqidi fikrin və
nəzəriyyənin böyük yeniləşdirmə
potensialına malik olduğunu təsdiqləyir və bu hadisənin
daha dərindən tədqiqini zəruri edir. Bu həm də ona görə vacibdir ki, 1960-1980-ci
illərdə Azərbaycan nəsri və dramaturgiyası
a_turan63@mail.ru Avropada yayılmış müxtəlif ədəbi
cərəyanların təsirini hiss etmişdir. Sovet dövründə bu barədə
danışmaq qadağan idi, amma indi plüralizm dövründə
bu yöndə danışmaq və araşdırmalar aparmaq
vacibdir. Məsələn, Elçinin bir
sıra böyük əsərlərini eksistensializmin təsirini
nəzərə almadan doğru anlamaq və qiymətləndirmək
mümkün deyildir. Dediklərimiz rus sovet
ədəbiyyatına da tam mənada aiddir.
Qürbətin bəzi resenziyaları problem məqalələr
kimi diqqəti cəlb gəlir. Məsələn, mərhum
Atif Zeynallının "Səməd Vurğun sənəti"
(Elm, 1990) monoqrafiyası haqqında rəyi bu qəbildəndir.
Qürbət sevdiyi mövzulara dərindən
yanaşır. Səməd Vurğun
poeziyası onun bir çox məqalələrindən
qırmızı xətt kimi keçir. Bu
məqalələrin çoxu müasir poeziyamıza, onun
inkişaf mərhələlərinə aiddir. Poeziya da Qürbətin elmi marağına həm də
Əkbər Ağayev irsindən keçmədir.
Ümumiyyətlə, Qürbət ustad tənqidçilərdən
Məmməd Arif, Məmməd Cəfər, Mikayıl Rəfili,
Kamal Talıbzadə, Qulu Xəlilov, Yaşar Qarayev, Şamil
Salmanov, Elçin, Şirindil Alışanlı kimi müəlliflər
haqda həvəslə yazır. Onun Azərbaycan
ədəbi tənqidinin indi orta nəsil tənqidçiləri
kimi tanınan həmkarlarından bu sətirlərin müəllifi,
Nizaməddin Şəmsizadə, Nizami Cəfərov haqda elmi-nəzəri
siqləti ilə seçilən səmimi yazılarını
da qeyd etməyə bilmərəm. Əsl tənqidçilər
kimi, Qürbət də geniş ürək sahibidir: axı
bunsuz heç kim tənqidçi ola bilməz.
Amma bəzən öz qələminə layiq
olmayan adlar haqda da yazır. Yəqin, bunsuz
mümkün deyil, çünki tənqidçi də ən əvvəl
insandır.
Qürbətin müasir poeziyaya marağı folklorumuza qədər
gedib çıxır. Onun sevdiyi və bildiyi mövzulardan biri
Şirvan aşıq mühitidir. Yeri gəldikcə o, el
sənətkarlarından və aşıqlarından da
yazır, onların hamısını az
qala şəxsən tanıyır. Bir dəfə o mənim
üçün nadir ifa hesab olunacaq aşıq
mahnısını - "Şirvan gözəlləməsi"ni gətirmişdi. Orada Şirvan haqqında bir
bənddə belə misralar vardı:
Ayağın
Muğandır, başın Dağıstan,
Qüdrətdən yazılıb hüsnünə
dastan.
Bir
canlı muzeydir qədim Qobustan,
Bəşərin
binası sənsən, a Şirvan!
Mən də onun kimi el sənətkarının
ifasında səslənən şeirin elmi-tarixi dəqiqliyinə
heyrətləndim. Düşündüm ki, doğrudan da,
oxumaqla deyil, ilk növbədə, xalqı onun özündən
öyrənmək lazımdır. Yüzlərlə
kitab oxuyan alimlər bəzən bunu bacarmırlar. Çünki sovet təhsilinin bir məqsədi də
Azərbaycan xalqını özündən gizləmək,
onun özünün özünü tanımasına yol verməmək
idi. İkinci tərəfdən, bu bənddə
Qürbətin uşaqlıq çağlarının və gəncliyinin
keçdiyi doğma yerlər və məkanlar
özünün dəqiq coğrafiyası ilə dilə gətirilirdi.
Qürbət Mirzəzadə əvvəlcə ədəbiyyat
nəzəriyyəsi şöbəsində
çalışmış, şöbənin tədqiqat
istiqamətlərinə uyğun yaradıcılıq problemləri,
ayrı-ayrı nəzəri anlayış və kateqoriyalar
barədə araşdırmalar aparmış, müşavirə
və elmi konfranslarda yaddaqalan məruzələrlə
çıxış etmişdir. Yaxşı xatırlayıram, AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda keçirilən "Azərbaycan ədəbiyyat
nəzəriyyəsi elminin vəziyyəti və vəzifələri"
mövzusunda müşavirədə onun etdiyi elmi məruzə
öz sanbal və səviyyəsinə görə
seçilirdi. Doğru olaraq mərhum tənqidçi-ədəbiyyatşünas
həmkarımız, professor Nazif Qəhrəmanlı
müşavirə ilə bağlı "Əhəmiyyətli
müzakirə" adlı yazısında Qürbətin
etdiyi məruzəni təqdir edilən
çıxışlar sırasında fərqləndirərək
- "Mənə Rasim Nəbioğlunun və Qürbət
Mirzəzadənin məruzələri daha qayğıkeş və
ciddi oxunuş təsiri bağışladı. Yaxşı ilə
yamanı, dürüst ilə
yanlışı seçmək özü nəzəri
keyfiyyətdir" - qənaətinə gəlirdi.
Son
altı ildə Qürbət yenidən bərpa olunan Əbəbi
tənqid şöbəsində çalışır və
2013-cü ildən hər il institutda
keçirilən Ədəbi proses müşavirələri
üçün ədəbi tənqidin illik icmallarını
hazırlayır. Bu sahədə onda peşəkar
keyfiyyətlər formalaşıb, faktlara həcminə
görə yox, elmi dəyərinə, filoloji fikrimizdə gedən
yeniləşmə meyillərini əks etdirmək xüsusiyyətinə
görə yanaşır. Faktlarda
tendensiyaları və inkişaf meyillərini axtarır və
qiymətləndirməyə çalışır. Bu baxımdan özünü Yaşar Qarayev məktəbinə
aid edir və öz müəlliminin miras qoyduğu təlim və
dəyərlərə ehtiramla yanaşır. Sayır ki, Yaşar Qarayev müasir tənqidin dil və
üslubuna, anlayış və termin sırasına xüsusi
yeniliklər gətirərək onun strukturunu müəyyənləşdirən
orijinal keyfiyyətlər gətirmişdir. Xüsusilə teatr tənqidinin və
teatrşünaslıq terminologiyasının ən peşəkar
mərtəbəsi onun tənqid dilinə gətirdiyi akademik dəqiqliklə
bağlıdır.
Bu dəqiqliyi Yaşar Qarayev hələ cavan
yaşlarında Cəfər Cəfərovun Azərbaycan Dram
Teatrına həsr olunmuş kitabını ana dilinə tərcümə
edəndə başlamışdı. Sözügedən
kitab bizim teatrşünaslığın fikir və problem təməlidir.
Ondan istifadə edənlərdən çox az
adam bu qiymətli kitabın tərcümə olduğunu bilir və
onun son fəslinin isə Yaşar müəllim tərəfindən
əlavə edildiyindən bəlkə də xəbərdar
deyildir. Qürbət Mirzəzadənin öz
müəlliminə sayqılı münasibəti onun ədəbi
fikrimizdəki ənənələrə və fərdiyyətlərə
ümumi dəyərverici yanaşmasının bir hissəsidir.
Onunla tənqid və ədəbiyyatşünaslıq
tariximizdən danışmaq həmişə maraqlı olur.
Qürbət Mirzəzadənin yazdığı
icmalların digər xüsusiyyəti haqqında bəhs etdiyi
müəlliflərin də dediyi kimi, onun
yazılarının tənqidin tənqidi strukturunda
qurulmasıdır. Bu icmallarda Cahangir Məmmədli, Qurban Bayramov, Vaqif
Yusifli, Əsəd Cahangir, Təyyar Salamoğlu, İradə
Musayeva kimi tənqidçilərlə maraqlı, səmərəli
düşüncələr yaradan polemikalar vardır. Bunlar ədəbi prosesi daha çoxcəhətli
görməyə və anlamağa yönəlib. Əslində, belə polemikalar olmadan tənqid
icmalları sadəcə olaraq, faktların sadalanmasına
çevrilə bilərdi. Bu gün Tehran
Əlişanoğlunu nəsrin, Vaqif Yusiflini şeirin salnaməçisi
sayırıqsa, Qürbəti də tənqidin salnaməçisi
adlandıra bilərik.
Klassik ədəbiyyatımızın tədqiqi məsələləri
də Qürbət Mirzəzadənin məqalələrində
özünün obyektiv dəyərini tapır, bu həm də
onun geniş elmi marağını səciyyələndirir. Məsələn,
İranda keçirilən bir elmi konfransda "Mövlana Cəlaləddin
Ruminin "Məsnəviy-i mənəvi" əsərində
süjet bədii mətnin həlledici amili kimi"
mövzusunda məruzə edib. Bu məruzənin
adı onun elmi mürəkkəbliyini göstərir, amma
müəllif bu mürəkkəblikdən qorxmur. Klassik irsə aid yazılarından biri Ataəmi Mirzəyevin
"Azərbaycan bədii tərcümə tarixi və
Füzuli" kitabı haqqındadır. Mən
sayıram ki, böyük Füzulinin tərcüməçiliyi
haqda bircə məqalə elmi hünərdir. Lakin söhbət fundamental bir kitabdan gedir və tənqidçinin
qədirbilənliyi hörmət doğurur.
Yeri gəlmişkən, Qürbət öz doktorluq
dissertasiyasında divan ədəbiyyatına aid əsərlərdə
ədəbi-nəzəri problemlərin qoyuluşuna ayrıca
fəsil həsr edib. Bu yöndə o, akademik Kamal Talıbzadənin
davamçısıdır, lakin irəli getməyə,
sözügedən sahəni bir elmi kursa çevirməyə
çalışır. Sayırıq ki,
bu, çoxlu dissertasiyaların mövzusu olmağa layıqdir.
Həm də bu divan ədəbiyyatını
yaxşı bilərək ediləcəyi halda, nəzəri
fikrimizin sərhədsiz bir yeni sahəsi olacaqdir. Düzdür, bu sahədə təşəbbüslər
olub, amma bizim divan ədəbiyyatının spesifik nəzəri
prinsiplərini araşdırmaq baxımından biz hələ
ilk pillədəyik. Qürbətin
yazdığı fəsil də təqdirəlayiqdir. Söhbət ərəbcə yazılmış əsərlərə
şərh yazmaqdan getmir, daha çox ana dilində yazılan
mətnlərimizin nəzəri bünövrəsindən
gedir. Burada Şərqə məxsus
dini-kanonik mətnlərdən yazılı ədəbi-bədii
və elmi-nəzəri mənbələrə kimi mürəkkəb
bir təkamül yolunu izləmək əsas məqsəd kimi
müəyyənləşdirilib.
Qürbət Mirzəzadə polemikanı sevən bir tənqidçidir. Əslində,
polemika, elmi-ədəbi fakt və hadisələrə tənqidi
yanaşmaq, mübahisə etmək, humanitar fikirdə həqiqəti
axtarmağın və ona yaxınlaşmağın bir
üsuludur. Qürbət haqlı olaraq ədəbi
prosesə qrup və dəstələrin sifarişi ilə,
podratçı kimi gələn tənqidi görür və
tənbeh edir. Ədəbi tənqiddə təsadüfi
adamlar qala bilmir, çünki podratçı tənqidin
işi aktuallığını itirən kimi mətbuata ayaq
açan belə natəmiz xidmətçilər unudulub gedir.
Predmetli polemikalar isə mətbuatda qalıb ədəbi
prosesi yeni-yeni nəsillərin anlamasına xidmət edir.
"Ədəbi meyarlar itəndə..." adlı tənqidi
yazısında el şairlərinin mətnlərinə də
tam ciddiyyətlə yanaşmağı vacib bilir,
çünki ədəbi mətnin çapında
xırdalıq yoxdur, o ya mətn özəlliyi qorunaraq
çap edilməli, ya da heç edilməsə
yaxşıdır. Başqa bir yazısında ədəbiyyat
dərsliklərimizi saf-çürük etməyə, dərsliklərin
elmi-metodik prinsiplərə söykənmək ənənəsinin
vacibliyini, nəzəri biliklərə məxsusi önəm
verilməsi zərurətini təsdiqləməyə
çalışır.
Qürbətin doktorluq işi hazırdır. Əlbəttə,
onun kimi istedadlı bir alimin belə geçikməsi onun
dostlarının da xoşuna gəlmir. O, ədəbiyyat
nəzəriyyəsindən mövzu götürəndə
onda Məmməd Cəfər, Yaşar Qarayev, Kamal Talıbzadə
artıq həyatda yox idi. Cavanlarda yanlış bir tendensiya
yarandı: Azərbaycan ədəbiyyatının tarixindən
ayrı bir nəzəriyyə haqda təsəvvürlər
yayıldı. Bu, əslində, nəzəriyyə
illüziyası, xalis nəzəriyyə aclığı idi
və çoxlu cavan alimlərin axtarışlarının
boş bir dalana dirənməsi ilə nəticələndi.
Qürbət Mirzəzadə də bu şöbədə
uzun zaman işlədiyindən bu döngələrdən ziyan
çəkdi. Amma altmış yaş alim
üçün əsl yetkinlik vaxtıdır, yazmaq fürsətidir.
İnanırıq ki, Qürbət Mirzəzadə
ən yaxşı əsərini hələ çap etdirməyib.
Biz bu əsərləri mütləq oxuyacaq,
ondan öyrənəcəyik və onu təbrik edəcəyik.
2020
Rəhim ƏLİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.26-27.