İçin-çölün qürbəti
Məmməd
İsmayıla açıq məktub
Təklər,
sözü böyüklər harda olsalar, qərib, qürbət
ömrü yaşayırlar:
"Vətənin içində də,
çölündə də... Tarixən belə
olub, zatən indi də belədir. Qərib o deyil ki,
ağacla qovub çıxardasan elin, camaatın arasından.
Qərib odur ki, anlaşılmaya, duyulmaya... Qeyri-adi
ilham və idrakla yazdığı ilahi
pıçıltılara məhəl qoyulmaya. Yol göstərdikləri yolunu ala, qol göstərdikləri
qolunu. Yurddaşları özünü
aldada, nə deyəni öz sözünə inana, nə qulaq
asan". O da baba dərvişin
sorağıyla el-el düşə, yurd-yurd dolana bulmaq istədiyi
həqiqətini axtara; ya tapa, ya tapmaya. Zatən, ilham və
idrak sahibi şair Məmməd İsmayıl dünya
genişliyinə ayaq basmamışdan qabaq da özünü
tapmışdı... Öz mövzularıyla öz
oxucularını ovsunlamışdı...
Bir yetim
haray var, gəzər dünyanı:
"Görən
harda qaldı anası ölmüş"...
Bu haray, sən demə, hələ çox uzaqlara gedəcəkmiş,
Məmməd İsmayıl. Dünyanı dörd dolanıb gələcəkmiş...
Küləyin əksinə uçan, çayın axarına
qarşı üzməyə özündə güc tapan
şair də bunu həyat norması kimi qəbul eləyəcək...
Arxan ilə
nələr çəkdim, bilirdin,
Sən tək
idin, mən də təkdim, bilirdin...
Dünya genişliyi elə təklərin cəngi-cidal
yeridir, həqiqət axtarışına meydan
açdığı məkandır Məmməd
İsmayıl.
O yolun yorulmaz yolçuları sırasına öz
adını qürurla yazdın. 6 mart 2021-ci il
"Ədəbiyyat qəzeti"ndə çap olunan
şeirlərin avazımayan ilhamın, dərinliklərə
işləyən idrakın calaq meyvələridir! Heç şübhəsiz, bu misralardan qürbətləri
içindən, ruhundan suvaran Məmməd İsmayılın
fili diz çökdürən xarakteri boylanır. Uca həqiqətləri
dərk eləyən ürəyi, yoğurub ortaya
çıxaran qələmi də ayrıca qeyd
olunmalıdı...
Hər dənizin
sahilində qürbət var,
Ayrılıq
var sahilində hər çayın...
Məncə, bu uğuru ədəbiyyatımıza da aid
etmək olar.
Bu şeirlər, Məmməd İsmayıl
yaradıcılığında yeni mərhələdir.
Quşu-qurdu bəsincə ulayan qoca dünyanın haqq
damarını imtahana çəkir - "ağıllı
şair" dəli bir ilhamla... Haqq tərəzisinin əyilməsinə
cihaddı bu şeirlər. Bu Teymura qarşı
fəzl qiyamı deyil. Qiyamdan yuxarı -
ilhamın qüdrəti. Müdrik bir loğmanın,
haqqın tərəzisini gözüylə çəkən
karvanbaşının iç səsidir. Nahaqqa yox, haqq divanına
tuşlanan ittihamın arxasında - işıq sütunu kimi
bir idrak sahibi boy göstərir. Şərq
düşüncəsində haqqa sığınmaq var, onun
ucalığını tərənnüm var, ondan kömək
diləmək var. Day o yoxdur ki, haqqı qabağına qoyub -
iki baş-başa gələn qoç kimi kəllələşəsən. Cəmiyyətdə
pozulan, didik-didik edilən haqq divanının
qırıntılarını bayraq kimi başının
üstünə qaldırıb hayqırasan. Çidarını sındıran köhlən kimi
şaha qalxasan. Qıpqırmızı üzünə
durasan ki:
Çəmbərə
saldığın yerüstü nədi, -
Şeytanlar
varına varisdi nədi,
Bu gözəgörünməz virusdu, nədi?!
Nə
sabahı bəlli, nə dünənləri,
Görünməz
etdiniz görünənləri
Varlıqdan
yoxluğa bürünənləri,
Beləmi sınağa çəkirsən, ey haqq?
Bu bədii mətndə minillik dərdlərə dərman
aramaqdan başqa onun niyə bu günə
düşdüyü, yaxud salındığını
araşdırmağa dəli bir ehtiras var.
Bu yaradıcı axtarışa bədii dil bələdçilik
eyləyir, idrak işığı boy göstərir səslərin,
sözlərin arasından... Və ən əsası
ulu haqqın haqsızlığına, mizanı pozulan çəkisinə
boyun əyməyən, itaət eləməyən, gün kimi
şölə saçan bir şair şəxsiyyəti
çırpınır. Odu bunları
yazdıran. Onun yerə-göyə
sığmamasıdır.
Müəllifin xarakteri hecadan, söz düzümündən,
səslərdən, işlənən sözün çəkisindən
görünür... Və şeirdə üz
tutduğu ünvanların sınmaz, fəqət əzilən
sütunlarından görünür.
Məkkədən,
qiblədən sənə sığındıq,
Ruh-ruh, bədən-bədən sənə
sığındıq.
Lap elə heç nədən sənə
sığındıq.
Ölümün
hüdudsuz sərhədlərini adlamış adam
bu ünvanlara cəsarət eləyib üz tuta bilər.
"Ölümə
qapı açmayan adam" "Məkkə,
qiblə" deyəndə qorxusundan sümüyü səksənər.
İnsan, eləcə də şair, bir çörək
aclığından qorxar, bir də bilmədiklərindən,
onun üçün qaranlıq olanlardan... Çox vaxt qızılı
parıltıdan, qara daşı - ləldən ayıra
bilmirik... Daha demirik ki, sözün, əməlin
heyrət gücü var. O heyrət "bildim"ə yox,
bilməcəyə güvənir. O heyrət qranit qayanı deşib
çıxan su kimidir. Və bu
"çıxmazları çıxardan Məmməd
İsmayıl qələminin gücüdür".
Bildim
dediyindən bilməcə çıxar,
Hər günün sonundan bir gecə
çıxar: -
Qranit
qayadan su necə çıxar;
İşıq necə çıxar sözün
içindən.
Dərk
edə bilmirik ki, "görünən gercəklər -
görünməz haqdan...". Qəbul eləmək istəmirik ki, şeir, əsər
qələmlə yazılanda bəzən pozulub gedir. İdrakla "qranit
qayalara" döyüləndə zaman küləkləri onu
qaralaya bilmir.
Toxum necə
çıxır qara torpaqdan,
Məna necə çıxır sözün içindən?
Gedən
iç çırpıntılarına, təlatümə
baxırsınızmı? Bu cür yanaşma
mahiyyətə, yaranışın kamilliyinə idrakla
baxıb, onu ovsunlayıb əl içinə gətirməkdi. Haysız-haraysız, bir az da yerin, göyün, ərşin-fərşin
arğacına bələd olan şair fəhmiylə... Yoxdu, çox azdı bu cür dərinliyə sapand
atanlarımız. Hamı üzə
qaçır, hamı görünən armud
ağacını silkələyir. Onun da meyvəsi bir az
kal olur, bir az da turşməzə...
...Doğudan Batıya yol alıb köç
karvanlarımız. Qətlə-qatırlı,
köçlü-köməcli, xəz-xəzinə dolu
zınqırovlu dəvələrin üstündə
getmişik. Ley kimi uçan bədöy
atların yalmanına yatıb dünyanı dörd
dolanmışıq. Məmməd İsmayılın özündən
qabaq didərgün ruhu teylənib gedib doğma yurdlara.
Sonra isə özü yol salıb yaddaşının
arxasıyca... Səfərlər,
görüşlər duyğulu insanın batin gözlərini
açır. İllah da
"adı gələndə dodağından on yerdən
çatlayan yurdlar ola... Yeri
gəlmişkən, iki min on ikinci ilin payızında doğma
Türkiyəyə İzmirə səfərim oldu. Qızımın onurğasında əməliyyatla
bağlı. Hər şey uğurla
başa çatdı. Uzman, Avropa Neyrocərrahlar
Cəmiyyətinin sədri Mehmət Ziləli məsləhət
gördü ki, bir həftə, on gün qoy qalsın, sonra
uçaqla gedə bilərsən. Yəni
iki-üç gün vaxtım oldu arada. Yollandım
havasına uçduğum şair Məmməd
İsmayılla - Çanaqqalada görüşməyə.
Bilirdim Çanaqqala Universitetində dərs
deyir. Avtobusla üç-dörd saatlıq
yoldur İzmirdən Çanaqqalaya. Yol boyu
yaşıllığa bələnmiş zeytun bağları
diqqətimi daha çox çəkdi.
Ancaq görə bilmədim Məmməd
İsmayılı. Söylədilər ki, tətildədir,
Azərbaycana təşrif buyurub. Hər
cür qayğı ilə qarşıladılar. Dəhlizi gəzdim, otaqlara baxdım. "Universitetin fəxri" insanları
sırasında şəklini görüb xeyli
qürurlandım. Soruşdular ki, kimsiniz, nəçisiniz? Dedim
ki, deyərsiz azərbaycanlı müsafir idi. Nə
adımı dedim, nə də kimliyimi
söylədim. Fikirləşdim ki, o hara, mən
hara. Heç gəldiyimi də bilmirdi, niyə
eşidib narahat olsun. Universitetdən
çıxıb, Çanaqqalanın sokaklarını gəzdim.
Hər yerə onun gözüylə baxdım.
Bir az da qibtə elədim Məmməd
İsmayılın şair taleyinə. Bu
dünyanın görəcəkləri, yurdun bu başından
o başına yol eləməsi, şeir, söz
körpüsü salması maraqlı ekran əsəri kimi
gözüm önündə böyüdü. Bu hər şairə müyəssər olmayan
xarakterdir. Önündə yaranan
qadağaları söz əsgəri, vətəndaş cəsarətiylə
keçib-ayaqlamaq bacarığıdır. Yetər ki, bu barışmazlığı
görüb, duyub qiymətləndirə biləsən. Heç olmasa dillənməsən də,
böyüklüyünü etiraf etməsən də ruhu
qarşısında biyyət eləməyi bacarmalısan.
Özü demişkən:
Poz oynanan
oyunları,
Örüşünə
yaxın qoyma ikiayaq qoyunları...
Bu
dünyanın bir ucundan bir ucuna
Cığırını
çəkib-çəkib yol eylədim
Getdim
düzlük orucuna,
Haqq
sözünü bostan əkib, bol eylədim...
...Nə
qədər ki, haqq yanında sözün keçir,
Özün
keçir, məmləkətim,
ad
günümü özün keçir...
Bu bir şair umacağıdır. Gördüklərinə,
elədiklərinə qarşılıqlıq istəmir. Sadəcə, bu qədər də
olmaz - deyir... Əslində, şair möcüzəli qələmiylə
haqqın yanında görünməz mətləbləri izah
eləyir, şərh eləyir, ilhamın, zəkanın ruhu
oynadan məqamlarıyla bir-bir "kəsib-doğrayır",
hazır mənəvi qida kimi özünüdərkin ixtiyarına
buraxır. Anladın, dərk elədin sənindi, yox eləmədin,
onda gəl indi koru bu körpüdən keçir... Bu dərk
olunmaz məqamlara hali olanda "açılan çiçək
barında ölər, hörümçək
hördüyü torunda ölər, Alışan
kösövlər qorunda ölər, Ölsə bal
arısı balında ölər, Pərvanə
işığın yolunda ölər - oğul şəhid
olar Vətən yolunda...". Bütün bunları dərk eləyəndə bu
olacaqlar olur, yoxsa mümkün deyil - lap dünyanın
bütün huri-pəriləri də yığılıb gəlsə
mümkün deyil. Şairin qüdrəti
isə odur ki, bu olmaqları "ol" eləsin, ordan qəlbə
yol eləsin. Onda olur şair Məmməd
İsmayıl. Hər cür boyadan, təbliğatdan,
ucuz yollar savaşından kənar halal-hümmət bir
şair. Bax onda şair hər
çağırışa "gələ bilmir". Yəni hər fısqırığa oynamır.
İçinə, sözünə çəkilir.
Özünü, təbiəti dərkə
yönəlir. Bilir ki, hər ötəri
sevgi, ürəyə məhəbbət odu salmır. Hər hava ürəyə düşmür. Hər qələm o havanı götürmür.
Və deyir ki:
Əgər
açıldısa sevgidə sirr yox,
Bir dəfə
açılar, ikidə bir yox (söz oyununa bax)
Hayandan gəlim
ki, gəlməyə yer yox,
Mən sənin xoşuna gələ bilmirəm.
Əgər gələn yollar bağlıdısa, xoşa gəlmək çoxmu vacibdir? Xoşuna gəldiyin kimdir? İçinin otu-ələfi nədir? Sən getdiyin kimi öz yolunu get, şair, xoşuna gələn özü gələcək sənin yoluna...
Yoluna, ərkanına dərin sayqılarla...
Avdı QOŞQAR
Ədəbiyyat qəzeti.- 2021.- 10
aprel.- S.28.