Payızın qara zurnası

 

Hekayə  

 

"Kənddə toy idi" "muştuluqçusu" İsa Hüseynova

 

Ön əvəzi

 

Ceyrançöl toyları başlamışdı. Qapısına qırmızı kəlağayılar bağlanmış həyət-bacalarda qara zurnalar işə düşüb meydan sulayırdı. Sümüyə düşüb toy əhlini ortaya çəkir, tasa-pasalarını tökürdü. Tək bir həyətdə, Gülsəfa müəllimənin mağarında. Gəlinlik paltarındakı uçuşuna hazır göyərçinə bənzəyən Vəfanı tanıyanların, onun böyründəki Yusifin yerinə Vəfadarı gözlərinə gətirənlərin qara zurna sümüklərini üşüdür, qanlarını qaraldırdı.

Axır ki...

...Ceyrançöl müharibədən sonrakı illərini yaşayırdı. Bu ucqar mahalın övladlarının da Qafqazdan Berlinə qədər məzarları səpələnmişdi. Bu balaca mahalın kənd-kəsəyinin adamları da dərd-sərlərini çaylarında axıtmağa, gözlərini madar balalarına dikib yaralarını sağaltmağa çalışırdı.

Belələrindən ikisi də Ceyrançölün ibtidai məktəbinin müəllimləri Gülsəfa ilə Gülyaz idi.

Onların ərlərinin də qara kağızı gəlmiş, üzlərinin yaza çalan güllərini avazıtmışdı...

Onlar da gözlərini, məzarları Qafqaz-Berlin arası səpələnmiş ərlərindən çəkib, qoşa alabaxtaya bənzətdikləri övladları üzərinə qondurmuşdu. Özləri də onlara bala mehri salmış, məktəb direktoru Kərim müəllimin gözlərində qoşa alabaxtaya bənzəyirdi. Kərim müəllim hərdən onların sir-sifətini kölgəli görəndə sözlərini yaz qaranquşları kimi uçurmaq istəyirdi.

- A qoşa alabaxta, sizin qol-qanadınızı uşaqlar bürüşük görməsin. Yoxsa həvəsdən düşə bilərlər. Bu quş balalarının elmə uçuşu ibtidai məktəbdən başlayır.

Yaralarının qaysaq bağlaması üçün Gülsəfa müəllim gözünü qızı Vəfaya, Gülyaz bacılığı da oğlu Vəfadara dikmişdi. Və onları əvvəlcə istədikləri bir ali məktəbə uçurmaq, sonra da zurna-balabanla köçürmək istəyirdilər.

Həmin zamanlar Ceyrançölün sifəti yenidən güllənməyə başlayan qız-gəlinlərinin əyinləri üçün iki rəngdə donları və çarğatları vardı (Qafqazdan Berlinə kimi ərləri səpələnmiş həmən qadınlar toylara al-xara toyluq donları, qızılı kəlağayılarını çiçilənir, vaylara qara don və qara kəlağayılarında yaslanırdılar).

Vəfa ilə Vəfadar sinifləri pillə-pillə qalxırdı. Arxalarınca dikilən, bir an belə üzərlərindən çəkilməyən canlı gözmuncuğuna dönmüş gözlərin yalvarışlarıyla. Yeni-yeni yazlarını özlərinə, üzlərinə qaytaran gəlinlərinin gözləri də özlərindən xəbərsiz iki bəndəninkinə çevrilmişdi.

Özlərinkinə və Qafqaz Berlinarası məzarlarla uyuyan əsrlərinkinə.

Yəni Gülsəfa qızı Vəfanın kürəklərinə həm özünün, həm də qara kağızı gələndən, şəkli qara haşiyəyə alınmış əri Ələsgərin gözüylə baxırdı. Gülyaz da oğlu Vəfadarın arxasınca həm özünün, həm də əri Qafarın gözlərini birləşdirmiş, nurlaşdırmışdı.

Axır ki, anaş alabaxtalar bala alabaxtalarını təhsil illərinə uğurladı.

Vəfa anasının arzusuyla, öz murazını Coğaz çayı ilə Oğuztayfa nəhrivari vari qovuşdurdu. Tibb Universitetinə daxil oldu.

Vəfadar yolunu bir az da uzaqlara saldı. Moskvaya, Şərqşünaslıq fakültəsinə üz tutdu.

(Əslində, bu arzusu oğul kimi dayısına çəkmək istəməyindən yaranmışdı. Rüstəm dayısı Ceyrançöldən ilk dəfə yolunu bu cür uzağa salan tələbə olmuşdu. Moskvada universitet bitirib, alimlik dərəcəsi alıb barmaqla göstərilən şərqşünaslardan olmuşdu. Tələbəlik illərində hər yolunu Ceyrançölə salanda Bacıoğlusunda şərqşünas olmaq həvəsi yarada bilmişdi. Bir müddət sonra dayısının hərəkəti onun doğma yerlərə yolunu bağlamış, Vəfadarın da həvəsi üstünə Şimal şəhərinin qarını, yağışını yağdırmışdı. Dayısı Ceyrançöldə yolunu gözləyən Nazlı adlı bir qıza dönük çıxıb Moskvada bir rus qızıyla evlənmişdi. Və beləliklə də Ceyrançölün alaqapılarını üzünə bağlıyası olmuşdu).

Gülyaz oğlunun şərqşünas olmağını istəyirdi. Amma Moskvaya yolunu salıb qardaşının taleyini yaşamağından qorxurdu.

- Öz arzunun dalınca get. Amma (anasının sözünün arxasını Vəfadar heç o söyləməmiş eşidirdi: Rüstəm dayın kimi qurdlu it kimi oralarda sümüyünü it sümüyünə calama).

Həm anasına, həm də Vəfaya görə Vəfadar yolunu Moskvaya qədər uzatmaqdan vaz keçmişdi. Bakıda ərəb fakültəsinə qəbul olmağı qərarlaşdırmışdı (dayısı tətilə gəldiyi zamanlar ona fars dilində xeyli dərs keçə bilmişdi... Çoxlu dərs kitabları da göndərmişdi ki, sonralar Vəfadar özü fars dili öyrənməyini davam elətdirmişdi). Amma orta məktəbi qızıl medalla bitirsə də, ceyrançöllü balası seçdiyi ixtisasa qəbul ola bilmədi. Gecikdiyini, yerlərin tutulduğunu söylədilər (guya həmin fakültəyə medalla cəmi iki nəfərə yer verilibmiş).

Dəryada gəmisi batmış yeniyetmənin məsul katib xilasına çalışdı.

- Fars şöbəsində yer var, ora daxil ol, ərəbcəni özbaşına öyrənərsən.

Vəfadarın cavabı çeşməkli (dördgöz) alimin bəlkə də çeşmək arxasındakı gözlərini eynəksiz də dörd elədi.

- Fars dilini bilirəmsə, onda necə?

Məsul katib yanındakı, başı sənəd qəbuluna qarışmış gülərüz qadına pıçıldadı:

- Bir gör bu cavan həqiqətənmi fars dilini bilir.

Demə, Tərminə adlı qadın Moskvada Vəfadarın dayısı Rüstəmlə fars şöbəsini bitiribmiş. Tərminə xanım yeniyetməylə dil "imtahanı" başladı. Onlar fars dilində danışdıqca məsul katibi tər basmağa başladı. Çeşməyini çıxarıb tərini və həyəcanını silməyə başladı. Qadın ən axırda, yeniyetmənin fars dilini ucqar Ceyrançöldə necə öyrəndiyi ilə maraqlandı. Dayısının adını çəkməli, ilk dərslərini ondan aldığını söyləyəsi oldu. Qadının sonarkı hərəkəti qollarını qırılmış qanadlar kimi yanına salmış Vəfadarı təəccübləndirdi. Oğlana yaxınlaşıb alnından öpdü:

- Sən mənim qardaşım Rüstəmin bacısı oğlu imişsən...

Rüstəmin anasından savayı da bacısı olması yeniyetməni çaşbaş salmışdı. Bu dəfə qədəm basdığı şəhərin küçələrində deyil, balaca bir otağında özünü və yolunu itirib qalmışdı.

Məsul katibin ixtisasını üzünə bağlaması sonrası Vəfadarın varlığına ümidsizliyin zülməti çəkmişdi. Yeni "bacı" hesabı bir tərəfi işıqlanıb, onu Yer kürəsinin balaca qəlbinə çevirdi.

- Qalmağa yerin-yurdun varmı?

Vəfadarın susmasından cavabına ehtiyac qalmadı.

- Hələlik bir-iki gün səbr elə. Rüstəmlə əlaqə saxlayıb ixtisasına köməyə çalışacağıq. Sənə yataqxanaya göndəriş verəcəyəm. Evə də apara bilərdim, orda sıxıla bilərsən.

İstər-istəməz gözlərini Tərminə "xalasına" dikdi. Bu dəfə onu günəş övladı kimi gördü. Tərminə xanımı anasına bənzətdi. Anasının son öyüdlərindən biri qulaqlarında səsləndi:

- Bakıya hər kəndin, kəsəyin doğrusu da, oğrusu da azıb gəlir. O zamanın ciğanları Rüstəm dayının pul-parasını cilmişdilər...

Sonra Vəfadara bir sancaq da vermişdi.

- Pulunu döş cibinə qoyub üstən sancaqla.

Həmin qayğı Vəfadara döş cibi üstəki sancağı açdırdı.

Səhərisi Tərminə "xalası" Vəfadarı muştuluqladı.

- Dayınla telefonla danışa bildim. Sənə yaxşı bir təklifi var. Leninqrad Dövlət Universitetinin prorektoru onun tələbə yoldaşıdı. Onların Şərqşünaslıq fakültəsi Yaxın Şərq ölkələri üçün ixtisaslı diplomatlar, tərcüməçilər hazırlayır. Ərəb şöbələri bizimkindən də mükəmməldi. Onlar mütəxəssislərini ərəb-ingilis, ərəb-fransız dilləri ilə hazırlayır. Əgər razılaşsan orda təhsil ala bilərsən.

- Axı mən rus dilini mükəmməl bilmirəm.

- Dayınla mən Moskvaya gedəndə sən gündəydik. Dil öyrənmək qabiliyyəti olanlar həmən maniyə üstündən asanlıqla atlana bilir.

...Vəfadarın yolunu tale Rusiyanın ən soyuq şəhərlərinin birinə saldı. Bu Tibb Universitetinə qəbul olmuş Vəfa ilə aralarında soyuq bir ruzigar əsdirdi. Uşaqlıqdan (dünyaya gözlərini açıb onun aynasında özlərini tanıyandan) tələbəlik ömürlərinə qədər yol gəlmiş yeniyetmələrin bu dəfə sifətləri növbə ilə kölgələndi. Əvvəl Vəfanın sifəti Ceyrançöl səmtində qoyub gəldikləri Qazançı dağının quzey yönü kimi dumanlandı. Sonra həmin tutulan çöhrənin yelquzu hesabı Vəfadarın üz-gözü sisləndi.

Aralarında kiçicik incikliklər olan zamanlar qızının sisindən tək bir kəlmə qopurdu - küsdüm.

Bu dəfə həmin kəlməni varlığı söylədi.

- Amma bu dəfə küsdüm qız Vəfadarın qərarını meydandan qaçması tərəfə yozurdu. Oğlanı fikirdən döndərmək üçün qəbul kağızını alan kimi, vidalaşmamış yolunu Ceyrançölə salmışdı.

Vəfanın həmin hərəkəti Vəfadan Leninqrad səfəri qarşısında az qala öz qırmızı işığını yandırdı. Onun könlünü almaq üçün yolunu Ceyrançölə salmalı olmuşdu. Anası da Vəfayla bir ağız olmuşdu:

- Sən də dayının yolunu getmək istəyirsən. O yuvabaş rus qızlarının biri də sənin saqqızını oğurlayacaq.

Vəfanın barış təbəssümü sonrası Tiflis üzərindən yolunu Leninqrada salası olmuşdu. Anası arxasınca su, Vəfa qənd atmışdı. Vəfadar da vida sözlərinə su aydınlığı, şəkər şirinliyi qarışdırmaq istəmişdi.

- Hər tətil yolumu Bakıya salacağam. Soyuqdəyməmi Vəfa həkimin çıxarmasını istəyəcəyəm.

Üçüncü kursa kimi sözlərinə əməl etdi. Həmin dövrdə bir-birlərinə məhəbbətlərini sözlə açmağa ehtiyac yox idi. Çünki hər baxışları toqquşanda ürək döyüntülərini eşidirdilər.

Vəfadar: - Mən bir eşqin Vəfa təltifçisiyəm...

Vəfa: - Mən Vəfadar vəfasıyam.

Həmin baxışların həmin şəkildə şəkillənmə və səslənməsi iki il çəkdi. Sonra Vəfadar ərəb ölkələrinin birində təhsilini davam etdirəsi oldu.

Aralarındakı yollar uzandıqca uzandı. Ürək telləri üzərindən səmadan nə qədər təyyarələr keçdi. Sulardan nə qədər gəmilər, qurulardan nə qədər qatarlar.

Axırıncı görüşlərində bir-birlərinə heyranlıqla baxmışdılar. Və bir-birlərinin son ayrılıqda necə dəyişdiklərini mat-məəttəl qalmışdılar.

Qız Vəfadarın qollu-budaqlı, cüssəli cavana çevrildiyinə sevinmiş, onun kökçünü özünün isti yuvası kimi görə bilmişdi.

Vəfadar qıza Bakının suyunun düşdüyünü, onu gözəlləşdirdiyini hiss eləmişdi. Dünyanın ona misilsiz gözəllikli Vəfa yetişdirdiyinə görə tanrısına şükürlər etmişdi.

Qız Vəfadarın qürbətdə olduğundan xəbər tutmamışdı. Onun Rüstəm dayısı kimi rus qızlarının birinə uyduğunu hesab eləmişdi. Halbuki qürbət Vəfadarın Vəfaya sarı hisslərinin odunu, ocağını bir az da artıq çatası olmuşdu. Təqaüdündən qənaət edib qıza hədiyyələr almaqla özünü soyutmağa çalışmışdı.

Vəfayla bir qrupda bir qarıya qovuşmaz, qaradinməz oğlan da təhsil alırdı. Müəllimlərlə ünsiyyəti zamanı qızarması onun adının qarşısına "çox tərbiyəli oğlandı" sözü yapışdırmışdı. Tərbiyəsinin rəngi də ancaq və ancaq özünün qırmızı rəngindən ibarət olmuşdu. Həmin xüsusiyyəti də az qala ağ xalatı üstən qırmızı xalat da geyindirmişdi. İmtahanlarda ən sonda müəllim qarşısına çıxan həmin oğlanın qızartısı hesabına əla qiymətlər aldığından bir kimsənin xəbəri yox idi. Həmin qızartı və onun bəhrəsi də onu qırmızı diploma tərəf aparırdı.

Dilini dinc qoymayan tələbə yoldaşlarının Yusif adlı həmin oğlan barədə dedikləri Vəfanın da qulağına çata bilmişdi. Bu adam əməlli-başlı saman altdan su yeridənlərdəndi...

Demə, tale özü də iki ilin ayrılığına düşmüş Vəfa ilə Vəfadar arası da saman altdan su yeritməyə hazırlaşırmış.

Yay tətili zamanı bir vaqonda Ceyrançöldə yol saldıqları zamanı Vəfa Yusiflə yerli olduğundan xəbər tutdu. Üstəlik, onun bu yerin ən yuxarı vəzifə sahiblərindən birinin əziz-xələfi olduğunu da öyrəndi. Onu qarşılamağa vəzifə sahibi atası, tərbiyəli oğul böyütmüş anası çıxmışdı. Qatardan düşərkən Vəfa üçün onu təşvişə salan bir təsadüf baş verdi. Ayağı pilləyə iləşərkən Yusifin qolları ona sarı açıldı. Və üzünün qızartısını tələbə yoldaşına da yoluxdurdu. Çünki oğlanın köksünü qız Vəfadarınkına bənzətdi. Və həmin bənzətmə xəyanəti də üzünü laləyə çevirdi. Oğluna çoxdandı qız gözaltı eləmək istəyən ananın gözündən təmas qaçmadı. Ata-ana oğlunu bağrına basandan sonra hələ lalə rəngindən silkinib çıxa bilməmiş qıza üz tutdular.

- A qızım, sən də Ceyrançöləmi gedəcəksən?

Qızın da Ceyrançölə gedəcəyini bilən kimi Yusifin anası Mazirə xanım əlini və dilini işə saldı.

- Anam, sonam, sən də bizim bir balamız, səni burda, bu mazutlu yerdəmi qoyub gedəcəyik?

Maşında da yanında oturduğu qızı sorğu-suala çəkdi. Həm də üzündəki lalələri "sulaya-sulaya".

- A qızım, kimlərdənsən, Ceyrançölün hansı tərəfindənsən?

- Gülsəfa müəllimənin qızıyam. Kərim müəllimin məktəbinin böyründə kommunxoz evində yaşayırıq.

- Sən də Bakıda sestralığımı oxuyursan?

Ceyrançölün göynən gedənləri Tibb Universitetində övladlarının oxumasını qəhrəmanlıq hesab edirdi. Oğlanlarının qızara-qızara söylədikləri anasını əməlli-başlı heyrətləndirdi.

- Vəfa mənim tələbə yoldaşımdı...

Arvad özünü saxlaya bilməyib qızı bağrına basdı. Və Vəfa ilk dəfə anasından başqa, bir qadının mehr-məhəbbətiylə isindi.

Elə səhəri əri, Ceyrançölün birinci katibi Cavad Alməhəmməd oğlu, villisinə minib işə getməmiş, arvadı Mahizərlə aralarında bir tale söhbəti oldu.

- Bu Vəfa balanı oğlumuzun böyründə görən kimi quşum qondu... Deyirəm, bir ayağımı evlərinə qoyub anasının ağzını arayım.

- Bəs oğluna yaylarda bulaq başına apardığımız, oxuduğu məktəbin rektorunun qızını almaq istəyirdin...

- Əlini ocağın közünə, bulağın suyuna vurmaq istəməyən telini gəşmərləyən o qızdan axarıncı il ürəyim qırılan kimi oldu.

Demə, əsli Ceyrançöldən olan həmin rektorun hesabına oğulları Tibb Universitetinə qəbul olubmuş. Ağzını açmayıb, üzünün qızartısı hesabı əla qiymətləri də görüm-baxım hesabına imiş.

Oğlanlarının gələcəyi hesabı rektorun dikbaş qızını gözaltıylayıb, həmin universitetdə işləyəcəyini gözaltına almışdılar. Necə deyərlər, qız evindən xəbərsiz oğlan evində toy tədarükü başlamışdılar.

- Oğlunun əlindən nələrin çıxdığını necə ağlına gətirirsən, ay Çil Vəlinin qızı.

- Gətirirəm, heç of da demək istəmirəm. Bizim özümüzün ələləşə verdiyimiz zaman nəyimiz vardı. İkimiz də mexanizator idik. Dədən Xalı Alməmmədin üzünün qırmızı ət xalından qağam çil Məmmədin üzünün çilindən başqa bir şeyləri yox idi.

- Boşalt ürəyini görək.

- Ailənin xımı təmiz qoyulmadı ki, yel əsən tufan qopan kimi başa uçmasın... Pismi oldu Allah ruzumuzu yetirdi. Səni partiya məktəbinə göndərdilər, mənim sinəmi ordenlə, medalla bəzədilər. Onlar da qoşaca xalatlarını geyinib, möhkəm xımları üstə ağ günlərini özləri qazana bilərlər.

- Səninlə ağız-ağıza versəm qağanın üzünün çili sayı səbəb gətirəcəksən. O qızın nə ağlı, nə namusu, nə gözəlliyinə söz ola bilməz. Gör o da oğlunu bəyənsə, əlindən gələni xeyir işin qablarına çək.

Bu kəlmələr Mahizərin qollarını qanada çevirib, elə həmin gün Vəfa ilə anasının balaca yuvalarına doğru uçurdu. İkinci görüşündə Vəfanın gözəlliyinin, sanki artdığını hesab eləyib ilk baxışdan quşu qonduğu qızın üzərinə qayınana "quşu" kimi qondu. Onu bağrına basıb ürəyinin oduyla qızdırmağa başladı. Vəfayla anasının illərlə sığışdığı quş yuvasına bənzəyən birgözlü evdən xilas mərhəmətini göstərmədiyinə çalışdı. Qızın anasını da (bəlkə də belə bir qız balası böyütdüyünə görə) eyni bir məhəbbətlə qucaqladı. Bir müddət dodaqlarını mətləblərinin açarına döndərə bilmədilər. Vəzifə sahibinin arvadının evlərinə ayaq basması Gülsəfa müəlliməni şagirdlərinin birinə çevirmişdi. Mahizər onun vəziyyətini başa düşüb araya sözdən körpüsünü salmağa başladı.

- Balalarımız bir universitetdə, bir sinifdə oxuyurmuş. Bizlər də iki ildə bundan xəbər tuta bilməmişik.

Gülsəfa zorla dillənə bildi:

- A qızım, bir çay qoy...

Əlində çay xonçası Vəfanı görəndə, sevincdən Mahizərin gözləri yaşardı... Vəfanın günlərin bir günü, (elçi düşdükləri zaman) nişan çayı gətirəcəyini gözündə canlandırdı. Elə günü sabahdan xeyir işin yürüşünü başlamağı qərarlaşdırdı. Hələliksə tamam başqa fikrə düşmüşdü: illərcə sıxıntı çəkmiş ana-balanı quş yuvalarından xilas etmək.

Gəlişinin məqsədini ona mat-məəttəl qalmış Gülsəfa müəlliməyə də necə var elə damızdırmadı.

- Gəldim Vəfa balaya deyəm ki, Bakıya dönəcəyi gün bizim Yusiflə yəqin ki, eyni vaxta düşəcək. Bilet sarıdan narahatlığınız olmasın. (Tələbələrin dönüşündə bunun çətinlikdən hər ikisi xəbardar idi. Hətta son kərə Gülsəfa müəllimə qızını ümumi vaqonda yola salmışdı).

Mahizər xanım həmin gün kefi kök gəlmiş ərinin atmacasını dinlədi, sonra öz yürüşünə başladı.

- Nə oldu, a Çil kişinin qızı? Nişan samovarının közünü sala bildinmi?

- Yazıqların heç samovar qoymağa yerləri varmı? Ana-bala elə hesab elə ki, quş yuvasında yaşayır. Neçə ilin müəlliməsinə hökumət ikigözlü bir mənzil ver bilməzmi?

Bir neçə gündən sonra Kərim müəllim "qoşa alabaxtanı" muştuluqladı.

- Sizin hər ikinizə yeni mənzil verirlər. Qaldığınız yuvaların arasını açıb sinif otağına çevirəcəyik.

...Anası oğlu Yusifi iki il müddətində, sorğu-suala çəkən müəllimlərindən betər qızarda bildi.

- Vəfaya elçi düşmək istəyirik. Sənin necə, xoşuna gəlirmi?

Yusif üzünü yana çevirdiyindən anası oğlunun üzündə qaladığı ocaqdan xəbərsiz idi. Axır ki, Yusifin yanıqlı səsi gəldi:

- Əvvəl bir ondan soruşun, məni bəyənərmi?

Bu sözlər də Mahizər xanımın gözlərində Vəfanı dağ başına qaldırdı. Onsuz da o qızın ağır oturub batman gələ bilən qız balalardan olduğunu hiss eləmişdi.

- Qağan ikinizə də bilet alıb. Özünü ona necə var elə tanıtmağa çalış. Rəğbətini ürəkdən, candan qazanmağa çalış.

Mahizər xanım bu evliliyin möhkəm bir birnövrə üzərində qurulmağını istəyirdi.

Övladlarını ötürməyə qatar ayağına bu dəfə Gülsəfa müəlliməni də götürmüşdülər. Cavad Alməmməd oğlu bu dəfə fürsət tapıb Vəfaya diqqətlə baxmağı qərarlaşdırmışdı. Və qıza baxdıqca arvadına haqq qazandırırdı. Kasıb bir müəllimənin ağılla-kamalla böyütmüş qız balasının oğlunu xoşbəxt edəcəyindən arxayınlaşırdı. Elə ona görə də ötürərkən qızı bağrına basıb alnından öpməkdən çəkinmədi.

Atasız böyümüş Vəfanı gözləmədiyi bu məhəbbət payı qızdırdı. İlk dəfə ata məhəbbətinin necə olduğunu başa düşdü. Kövrəlsə də özünü və gözünü boğa bildi.

Qız həm də Ceyrançölün vəzifə sahibinin oğluna necə qayğı və məhəbbətlə baxdığının da şahidi oldu. Onun alnının qırışlarından varlığını ona həsr etmək istədiyi də oxunurdu. Ata sarıdan yetim bir qız balası həyatda valideynin qayğısının tən yarısını itirdiyini başa düşdü. İstər-istəməz gözaltı Yusifin köksünə bir də baxdı və onu Vəfadarınkına bənzədib içindən bir sazaq keçirdi.

Gülsəfa müəllimənin yeni mənzilinə Mahizər xanım yeni mebel hədiyyə etdi. Əri də həmkarlar ittifaqı vasitəsilə Gülyaz müəlliməyə də yeni ev əşyaları göndərtdirdi.

Nəhayət, Mahizər xanım ürəyini Vəfanın anasına boşaldası oldu.

- Balalarımızı qoşa görəndən məndə də, Cavadda da həmin arzu yarandı. Bu bir-birinə yaraşan balalarımızın bəlkə ulduzlarını barışdıraq?..

Sözünü kəsib gözünü qız anasına dikdi. Onun bənizinin qaçdığını, dodağının titrədiyini görüb göz üşütməyə başladı.

- Bu, Yusifin ata-anası kimi bizim arzumuz, murazımızdı. Qız ağacı qoz ağacıdı deyiblər. Sizi də, Vəfa qızımızı da bu məsələdə zorlayası olmayacağıq. Ailələrin xımı qızla oğlanın razılığıyla qoyulmalıdı. Niyyətimizi məsləhət bilsən Vəfa balamıza da bildirərsən. Ana-bala ikinizdə fikirləşin. Bu, ömür-gün sövdasıdı. Razılığınız olan kimi bir işarəmizlə qapınıza elçi düşərik.

Məktəblərinin tətili zamanı Gülsəfa müəllimə ayağını Bakıya qoydu. Qızı, sanki həmin xəbərdən qabaqcadan hali imiş.

- A qızım, onlar alicənab adamlardı. Nə səni, nə məni bu izdivaca məcbur eləmirlər. Mənim ən böyük istəyim Vəfa balamın xoşbəxtliyidi. Əsas söz səninki olacaq.

Vəfa anasının bir xeyli gözləməsinin özünün Vəfadardan bir xəbər tutmasını istədi. Oğlanın səssizliyini ana da, bala da nəhayət dayısı Rüstəm tərəfə çəkib, bir rus qızına saqqızını oğurlatması tərəfinə yozurdu. Nəhayət, Vəfa anasına söyləyəsi oldu:

- Mənim atam da, anam da sən olmusan. Necə istəyirsən elə də olsun.

Sözünün bir hissəsini də ürəyindən keçirdi: adımı "küsdüm" qoyan Vəfadardan həmişəlik küsmək istəyirəm...

Vəfadarın oxuduğu universitetin Yaxın Şərq üçün diplomatlar hazırladığından, həmin müddətdə hərbi təlimlərdə olduğundan xəbər tutdu. Vəfa da, anası da yeni izdivac qarşısında təslimçiliyin qırmızı toy kəlağayını darvazalarından asmağa hazırlaşdı.

Gülsəfa həmin xəbəri Gülyaza verənə kimi, necə deyərlər, ölüb-dirildi. Həmin xəbərin qarşımdakının başına yaslarda örtdüyü qara kəlağayı bağlayacağını başa düşürdü.

- Bu Novruz Vəfaya elçi gələcək.

Gülyaz müəllimə özünü oda-közə vurası oldu. İllərlə yarıküsülü olduğu Rüstəm qardaşı vasitəsilə oğluna həmin xəbəri çatdırdı.

- Bu Novruz Vəfaya elçi düşəcəklər.

...Vəfadan özünü soyutduğu meydana yetirə bildi. Elçiləri gəlmiş, şirin çayı içilmiş Vəfanın bir axşam qaranlığında qara gözləri qarşısında qapqara kəsildi. Və dilindən ikinci kəlməni zorla kəsdirə bildi.

- A Vəfa, mənə gələrsənmi?

Vəfanın varlığı həmin an bu həndəvərin solmağa hazırlaşan bütün çiçəklərinin şehindən yarandı. Və həmin incilərin bir neçəsi Vəfadar ömründən üzülməyə hazırlaşan bir çiçəyin gözlərindən süzülürdü. Onlar qırılmış bir ilk məhəbbət boyunbağısının muncuqlarına bənzədi. Onların "küsdüm" sədasını Vəfadar eşidirdi. Elə eşitdiyinə, qarasına çəkildiyinə görə qaranlığa qarışıb görünməz oldu.

Həmin an Ceyrançölün payızının şimşəkləri iki nakamın vida kəlmələrini səmada yandırıb söndürürdü.

Vəfa: - Vəfadarım, Şimal durnasına döndü...

Üzüntüsüylə küsdüm, bu dəfə, deyəsən, həmişəlik...

Vəfadar: - Sənə daha necə Vəfa deyim?..

Qız birdən ayılan kimi oldu. Vəfasına dönüb Vəfadarın arxasınca qaçmaq istədi. Amma bacarmadı. Bu izdivaca sevinmiş, onu qızının xoşbəxtliyi hesab eləmiş ana gözləri qarşısını kəsdi.

Bir azdan qulaqlarına bir qatar fiti gəldi. Və axşam qəribliklərinin ən qərib nəğməsinə döndü. Qızın gözləri önünə Ceyrançöl payızının durna qatarını gətirdi. Və onların durna əlvidasını eşitdirdi. Ona elə gəldi ki, həmin səsə payızına uçan bütün durnalarının dağlardan ağır ayrılıq nidaları və vidaları qarışıb.

 

Son əvəzi

 

Qırmızı kəlağayı bağlanmış bir evin həyətində qara zurna çoxunun sümüyünə düşmür, canını qızdıra bilmirdi.

Nəhayət, "Vağzalı" çalındı. Və yenidən gəlinin qulaqlarına vağzaldan gələn fit üstə durna vidalarını gətirdi.

Həyətdən çıxan zamansa bir mənzərə az qala həmin toyu vaya çevirməyə başladı.

Gəlinin qabağına səfindən qalmış "yaralı bir durna" çıxmışdı. Qara paltarla, qara kəlağayıda Vəfadarın anası Gülyaz. Qızı qucaqlayıb öpdü. Deyə bilməsə də, deyə bildi. Nə fərqi, alxışları, ya göz yaşlarıyla.

- Heç olmasa, sənsə xoşbəxt olasan, Vəfa balam...

 

Vaqif Nəsib SARIHÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.30-31.