Mirzə Fətəlinin "Səbuhi" həlli

 

Ötən əsrin 30-40-cı illərində keçmiş Sovet kinosunda sürətli film çəkilişləri gedirdi. Bunun səbəbi keçmiş SSRİ rəhbərliyinin öz ideologiyalarını kino vasitəsilə həyata keçirmələri ilə bağlı idi. İmperiyanın mərkəzindən başlayaraq, ucqarlarınadək ekran sənəti vasitəsilə insanların şüuruna təsir edilməsi məqsədi əsas hədəflərdən biri olmuşdur. Kollektivləşmə, insanların sovet qanunları çərçivəsində sosiallaşmasını ön görən müasir mövzuda filmlər ekrana buraxılmışdır. Lakin bununla yanaşı 1917-ci ildən öncəki tarix ekranlaşdırılırdı. Burada əsas amal mövcud sovet ölkəsinin əsaslarını tarixə bağlamaq cəhdi idi. Birinci Pyotr, Aleksandr Nevski kimi Rusiya tarixində rol oynamış dövlət xadimləri barədə filmlər represiyyanın tüğyan etdiyi 1937-38-ci illərdə meydana çıxdı.

Belə bir ehtiyac o zaman imperiyaya daxil Azərbaycan üçün məqbul hesab edilirdi. 1940-cı illərdə Cəfər Cabbarlının "Od gəlini" pyesi əsasında "Babək" filminin Şah İsmayıl Xətainin həyat fəaliyyətinin ekranlara çıxarılması planı olmuşdur. Lakin müharibənin başlanması digər səbəblər bu işlərin həyata keçməsini yarımçıq qoydu.

1941-cı il təkcə nasist Almaniyası SSRİ arasında müharibənin başlanması ilə yadda qalmadı. Həmin ildə Azərbaycan kinosu üçün əhəmiyyətli hadisə baş verdi. Mirzə Fətəli Axundzadə barədə film meydana çıxdı. 1937-ci ildə ziyalıların təzyiqlər nəticəsində güllənməsi, sürgünə yola salınması fonunda ziyalı xalqın taleyi mövzusunda bir filmin meydana çıxması o zaman üçün əhəmiyyətli hadisə sayıla bilərdi. Tarix tale elə gətirmişdi ki, Azərbaycanın aydınlanma-millətləşmə prosesi Çar Rusiyasında dövlət qulluqçusu olmuş Mirzə Fətəlidən başlamış İstanbulda təhsil alan Hüseyn Cavidin represiyyaya məruz qalması ilə zorən tamamlanmışdır. H.Cavidin Sibirdə həlak olduğu ildə Azərbaycan tamaşaçısı ekranda Mirzə Fətəlini görmüş oldu.

Görkəmli şair, ədəbiyyatşünas Mikayıl Rəfilinin ssenari müəllifi, A.Beknazarovun birinci, Rza Təhmasibin isə ikinci rejissoru olduğu "Səbuhi" filmi Azərbaycanda ilk ekranlaşdırılan tarixi-bioqrafik film hesab olunur. Gənc Fətəli (İsmayıl Dağıstanlı) qəm-ələm mühitindən çıxıb Tiflisə yollanır. Yolda Aşıq Səttarı (Hüseynqulu Sarabski) görərək onun da kədər içində olduğunu görür. Xalqın nəğmələri işğal nəticəsində qəmli notlarla dolmuşdur. Film boyu aşığın nəğmələri xalqın acısı üçün tərcüman rolu oynayır.

Abbasqulu ağa Bakıxanov (Ağadadaş Qurbanov) gənc Fətəlini çar məmuruna təqdim edərkən "tatardan oxumuş adamın olmağına məmnunam" deməsi bəri başdan işğalçı anlayışın əksi kimi görünür. Bir yandan da mülkədar Ağalarovun rəiyyəti proplemlə üz-üzə qalır. Molla Şeyxəli (Kazım Ziya) onların şikayət ərizələrini yuxarı dairələrə yanlış şəkildə təqdim edir. Mirzə Fətəlinin bir din xadimi olan Molla Şeyxəli ilə əsas konflikti buradan başlayır.

Gənc Fətəli təkcə sənəd, məktub yazan yox, bir ziyalı kimi Tiflisin ədəbi mühitində yetişir. Tiflisdə Bestujevə türk dilini öyrədən Fətəliyə onun "şeir yazırsınızmı" sualına cavab olaraq ərəb əlifbasını bir Çin səddi kimi xarakterizə etməsi onun mübarizəsində əsas istiqaməti qabartmış olur. Gənc Fətəlinin Tiflisdəki dostlarıyla söhbəti zamanı Nəsimini xatırlatması da təsadüfi deyil. Filmdə humanizm ideyasının Şərqdə zamanında mövcudluğu barədə məlumat verilir. Şən mühitdə söhbət zamanı Bakıxanovun Puşkinin öldürülməsi xəbərini verməsi filmdə qəm motivini bir az da qabardır. Bakıxanov təkcə məhşur rus şairinə görə deyil, həm Tiflis qoynunda yetişən yeni Azərbaycan ziyalısının da taleyindən narahat olur.

Qəm qəmi gətirir. Bundan sonra Fətəliyə himayəçisi axund Ələsgərin ölümü xəbəri çatdırılır. Sonradan şəxsi ailə faciəsini yaşayacaq Mirzə Fətəli göz yaşlarına hakim ola bilmir. Bu xəbərlər balabanın həzin melodiyası ilə müşahidə olunur. Bunun nəticəsində axund Ələsgərin qızı Tubu (Leyla Bədirbəyli) Fətəliylə ailə həyatı qurur. Toy zamanı Molla Şeyxəli yenə peyda olur. Toy səhnəsi tarixi filmə komizm elementlərini əlavə edir. Möhsün Sənaninin canlandırdığı Vanonun şalako rəqsi isə filmə bir başqa cəhətdən şuxluq qatır. Fətəlinin Tubunun duvağını götürən zaman mollanın ona gizlindən baxıb "bu çirkinə baxanın gözünü Allah kor eləsin" - deməsi din xadimlərinin riyakarlığı faktorunu qabardır. Əslində, Kazım Ziyanın mənfi rolu ifa etməsi filmi daha da baxımlı edir.

Toyundan sonra Mirzə Fətəli İstanbula yola düşür. Yola düşməmişdən qabaq çox fərəhlənir. Həmçinin, Tubuya Avropa rəqsini öyrənməsini tövsiyə edir. Bu epizodda Mirzə Fətəlinin şəxsi həyatda da yenilik gətirməyin tərəfdarı olması göstərilir. Yeni əlifba layihəsi ilə bağlı Osmanlı elm cəmiyyətinin qarşısında çıxış edir. Əslində, bu hadisə 1863-cü ildə, M.F.Axundzadə bir qədər yaşlı olan zaman baş vermişdir. Ancaq bu epizod filmdə gənc Fətəlinin dövründə əks etdirilir. Görünür ki, dövrün tələbləri əlifba məsələsinin film üçün əsas leytmotiv olmasını şərtləndirmişdir. Fətəli çıxış edib "islam dünyasının böyük zəkaları qarşısında çıxış edirəm" - deyərkən oraya toplaşan alimlərin simasında bir donuqluq ifadə olunur. Kameranın asta hərəkəti ilə biz bu simaları aydın müşahidə edirik. Bununla XIX əsr mühitində Osmanlının da çöküşü öz əksini tapır. Lakin epizodda Molla Şeyxəlinin Axundzadəyə qarşı məktubunun oxunması layihənin qəbul olunmaması ilə nəticələnir. Bu məqam filmin süjet xətti üçün yaxşı görünmür. Təbii ki, tarixi faktlarla da üst-üstə düşmür. Lakin ona Osmanlı dövlətinin mükafatının təqdim edilməsi tarixi məqamlara uyğun gəlir.

Əlifba məsələsində uduzan Fətəli evinə gələrkən Tubunu görmür. Fanatiklərin Fətəlinin ailəsinə qarşı münasibəti təhlükəni artırmış olur. Bu səbəbə görə Tubu evi tərk edir. Bundan sonra Mirzə Fətəli şəxsi problemləriylə yanaşı, ictimai proseslərdə də yaxından iştirak edir. Mülkədarlar və çar məmurları Qarabağ kəndlilərini öz torpaqlarından çıxarmaq istəyirlər. Onları öz torpaqlarından edən əmrnaməni təqdim edərək atəşə tuturlar. Bu işlərdən xəbərsiz olan Mirzə Fətəli isə dağıdılmış yerləri görür. Rəcəbin (Xeyri Əmirzadə) Mirzə Fətəliyə "sən öz xalqını satmısan, qoy bu qan həmişə sənin üstündə olsun" - deməsi onun qəlbinə toxunur. Bundan sonra o çar məmuru olmaqdan daha çox milli ziyalı kimi ortaya çıxmaq istəyir. Qaçaq Adıgözəlin (Ə.Həsənov) övladının həlak olmasını görərkən öz xalqı uğrunda mübarizə aparacağını bəyan edir. Bununla Mirzə Fətəli obraz kimi ilk dəfə Azərbaycan kinosunda milli qəhrəman səviyyəsinə yüksəlir.

Bu mübarizə qələmlə aparılır. Yaşadığı dövrdə öz əsərlərini ana dilində səhnədə görməyən Mirzə Fətəli buna görə təəssüf hissi keçirmişdir. Lakin filmdə bu tarixi faktın əksi göstərilir. Teatrda onun əsərləri oynanılır. Hər yerdə olduğu kimi burda da Molla Şeyxəli öz fəaliyyətindən qalmır. Çar məmuruna Mirzə Fətəli haqqında donos verir. Onun üsyançı kəndlilərlə əlaqəsini söyləyən zaman məmurun "müsəlmanlar özləri onları təhqir edən şəxslə haqq-hesab çəksə bundan təəccüblənmərəm" - deməklə, əslində, ona qarşı hazırlanacaq təxribata start vermiş olur. Çar məmurunun mollaya şeyxülislam deməsi isə ciddi tarixi yanlışlığı əks etdirir. Çünki M.F.Axundzadənin dövrünün şeyxülislamı olmuş Əhməd Hüseynzadə ilə yaxşı münasibətləri olmuş, onu filosof təbiətli, liberal məsləkli şəxs adlandırmışdır.

Ekran əsərində toy səhnəsində olduğu kimi, əzadarlıq epizodları da mərasim ənənəsini nümayiş etdirir. Mərasimi idarə edən Molla Şeyxəlinin insanlara ancaq ağlamaqla xilas ola biləcəklərini söyləməsi dinlə bağlı ibtidai təsəvvürləri əks etdirir. Əzadarlıq zamanı Molla Şeyxəli ilə Axundzadə arasındakı münaqişənin finalı baş verir. Burada Mirzə Fətəlinin materialist tərəfi göstərilir. Təbii ki, bu səhnə sovet ideologiyasının da maraqlarına uyğun idi. Filmin çəkildiyi dövrlərdə məscidlərin bağlanması, dini mərasimlərin qadağan edilməsi fonunda ekranda aşura mərasiminin tənqid olunması daha çox təbliğat xarakteri daşıyır.

Hazırlanan təxribat baş tutur. Mirzə Fətəlinin evi dağıdılarkən orada olan kitabların da yandırılması fanatiklərin əməllərinin nasistlərlə uyğunluğunu göstərir. Almaniyayla müharibəyə başlayacaq sovetlərin marağına bu epizod uyğun gəlirdi. Bunun nəticəsində Mirzə Fətəlinin dostu olan Aşıq Səttar öldürülür. Bu zaman Mirzə Fətəlinin fanatik dəstəyə ayılmağın, mollanın zəncirlərindən qurtulmağın vacibliyi barədə çıxışı maarrifçilik ideyasını qabardır.

Böyük təzyiqlərlə qarşılaşsa da, Mirzə Fətəli həyat yoldaşı ilə birgə mübarizəsini aparır. Filmin sonunda Mirzə Fətəli "Azərbaycan xalqının fərəhli günləri gələcəkdir" - deməklə optimizmini nümayiş etdirir. Bir çox xüsusiyyətlərinə görə bu film Azərbaycanın XIX əsr tarixini real əks etdirir. Dövrün qəlibləri filmin əsas ideyasına mane ola bilmir.

 

Ceyhun MİRZƏLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.32.