Varislər
Hər kəsə gülüş
bəxş edən kədərli
gözlərin sahibi
"Varislər"in bugünkü
qonağı milli teatr və kino sənətimizin unudulmaz
simalarından biri, yaratdığı obrazlarla
yaddaşımızı öz unudulmaz səsi, bəxş
etdiyi gülüşü ilə oyadan, hər zaman sevgi ilə
xatırlanan, vəfatından 48 il keçsə də, sevilən,
unudulmayan Azərbaycanın Xalq artisti Lütfəli Abdullayevin
qızı, Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru, Əməkdar artist, Azərbaycan
Dövlət Xor Kapellasının direktoru Xurşid xanım
Abdullayevadır.
Hər kəsin sevdiyi insan
Onu hamı sevirdi, çünki o
öz sənəti ilə hamıya gülüş bəxş
edirdi. Onu hamı sevirdi, çünki bu insan dünyaya
yaxşılıq etmək üçün gəlmişdi...
1914-cü ilin yazında
Nuxada (indiki Şəkidə) xalça və at taciri Əmir
kişinin ailəsində anadan olmuşdu. Bolşevik hakimiyyətinə qədər böyük
imkan sahibi olmuşdu Əmir kişi, sovetlər
onun bütün var-dövlətini əlindən aldılar və
o bu hökuməti həmişə lənətlədi. Bunun
hirsini, qəzəbini ailəsindən çıxan
keçmiş tacir heç vaxt sovet hökuməti
üçün işləmədi. Ailənin
bütün yükünü çəkməyə məcbur
olan Gülarə xanım - Lütfəli Abdullayevin anası -
xeyir-şər məclislərə yemək bişirməyə,
qadın məclislərini aparmağa dəvət olunur, ailəni
birtəhər dolandırmağa çalışırdı.
Ailənin böyük maddi çətinliklər içində
yaşadığını görən 14 yaşlı
Lütfəli öz ayaqları üstə durmağı
qarşısına məqsəd qoyub, aktyor olmaq eşqilə
Bakıya üz tutdu. Hələ Şəkidə
yaşadığı illərdə həvəskar dram dərnəklərinə
qatılır, kiçik səhnəciklərdə rollar
alırdı. Az sonra bütün Azərbaycan onun böyük
uğurlarından, yaratdığı obrazlardan
danışacaqdı...
Unudulmaz Lütfəli
Abdullayevin varisi Xurşid xanımla bir vaxtlar böyük sənətkarımızın
yaşadığı evdə görüşdük. Bu ev mənə həm də
Lütfəli müəllimin xanımı, unudulmaz müəllimim,
böyük ziyalı Sevda xanım Pepinova ilə də
doğmadır.
"Təkcə məni ağladan adam..."
- Xurşid xanım, bu gün Lütfəli
müəllimdən danışacağıq...
- Təkcə
bu günmü? Mən hər gün, hər saat
ondan danışıram, onunla danışıram. Hər
kəsə gülüş bəxş edən adam,
bəlkə də həyatda təkcə məni kədərləndirə,
gözlərimi yaşarda bilir. Gəldiyiniz üçün
çox sağ olun.
- Xurşid xanım, eşitdiyimə
görə, Lütfəli Abdullayev evdən küsdüyü
üçün 14 yaşında Bakıya üz tutub.
-
Küsüb deyəndə, atasının əlini
ağdan-qaraya vurmadığını görüb, evdə
oturub ana əlinə baxmağı özünə
sığışdırmayıb. Atasının
bu davranışı ilə barışmayıb və
heç vaxt ata-oğul yola getməyiblər. O ərəfədə
Azərbaycan Dövlət Dram Teatrı Şəkidə
qastrolda olub, atam onların tamaşalarına baxıb, artıq
özü də Şəkidəki həvəskar dram
kollektivlərinin məşqlərinə qatılır,
kiçik rollarda səhnəyə çıxırdı. Yaxınlaşıb Bakıdan gələn aktyorlardan
birinə - mən də aktyor olmaq istəyirəm - deyib.
Məsləhət görüblər ki, bunun
üçün Bakıya gəlib təhsil almalıdır.
14 yaşı olub o vaxt. Şələ-küləsini
yığışdırıb, gəlib Bakıya və sonrakı
bütün taleyi Bakı ilə bağlı olub.
Nağıl kimi eşq
- Başa düşürəm, onun
haqqında danışmaq sizə çox ağır olur, amma
bu gün çalışacağam söhbətimiz nikbin
notlar üzərində davam eləsin. Çünki söhbət
Lütfəli Abdullayevdən gedir, fiziki yoxluğundan uzun illər
ötsə belə, adı çəkiləndə
üzümüzdə təbəssüm yarada bilən
insandan. Ananız Sevda xanım Pepinova İncəsənət
Universitetində mənim alman dili müəllimim olub, dərsini
yaxşı öyrənə biməsəm də
(çünki orta məktəbdə fransız dili
keçmişdim), aramızda çox səmimi münasibət
vardı. Onların sevgisi haqqında çox
danışırdılar. Təxminən 15 il bir-birlərini sevdikdən
sonra ailə qurublar.
-
Onların çox maraqlı tanışlıq tarixçəsi
olub. Demək, müharibə illərində incəsənət
adamlarına xüsusi yeməkxanada nahar etmək
üçün kartoçka veriblər. Sevda
xanımın anası Həsən bəy Ağayevin
qızı Xurşid xanım Cümhuriyyət dövrü
kabinetdə təmsil olunan Əhməd bəy Pepinovla ailə
qurmuşdu. Repressiya illərində Əhməd
bəyin çox acınacaqlı taleyi oldu, məncə, bu,
ayrıca söhbətin mövzusudur. Xurşid
xanım Azərbaycanın ilk peşəkar
muşiqişünası, istedadlı pianoçu, Əməkdar
incəsənət xadimi olub, ona verilən kartoçkanı
qızına verib ki, getsin nahar eləsin. Atam
da həmin yeməkxanada nahar edirmiş. Orada tanış olublar. Sonra atamın
ən yaxın dostu Şəmsi Bədəlbəyli ilə
elçiliyə gediblər, Xurşid xanım atamın Musiqili
Komediya Teatrında işlədiyini eşidəndə dodaq
büzüb, qızı verməyib. Atam
fikrindən dönməyib. Elə
elçilikdən çıxanda Şəmsi əmiyə
deyib ki, gün gələcək özü qızı verəcək
mənə. Elə də olub. Hətta bir gün anama iki bilet verib, onu tamaşaya dəvət
edib. Az qala bütün Abdullayevləri
də teatra yığıb ki, baxın, mən bu qızı
sevirəm, onunla evlənəcəyəm.
Cəmi üç ay sürən ailə
həyatı
- Amma ananız Sevda xanım Lütfəli
müəllimlə ailə qurana qədər qısa müddət
rus ordusunun zabiti, polkovnik Hacımurad İbrahimli ilə evli
olub.
- Hə,
cəmi 3 ay. Mən Moskvada Hacımuradla
görüşmüşdüm, çox yaraşıqlı,
ucaboy adam idi. Sonradan anama
yazdığı məktubları oxudum, dəhşətə
gəldim, əsl romantik, sevgi şeirləri... çox sevib
anamı, amma sevgi qarşılıqlı olmalıdır.
Anam deyir, elə evliliyimizin ilk günlərində
başa düşdüm ki, bu adamla ailə
bağlarımız alınmayacaq. 3 aydan
sonra qayıtmışdı anasının evinə,
çünki o da atamı sevirdi. Nənəm
Xurşid xanım inandından dönmür, anamla-atam isə
gözləyirdilər.
Hacımurad elə güman edirmiş ki, anam nə vaxtsa
geri qayıdacaq, ona görə də boşanmaya
razılıq vermirdi. Bir gün təsadüfən atamla anam
küçədə rastlaşırlar. Atam
həmin görüşdə Hacımuradın boşanmaya
razılıq vermədiyini eşidir. Məhkəmə
Hacımuradın tərəfini saxlayırmış. O
vaxt artıq atam respublikada çox məşhurlaşmışdı,
Stalin mükafatı almışdı, "Arşın mal alan" filmi bütün dünyanı gəzirdi.
Atam elə orada anamın qolundan tutub, gediblər
boşanma qərarı çıxartmaq istəməyən məhkəməyə,
yarım saatın içində atam boşanma qərarını
alıb, verib anama. Anam evə gəlib, qərarı
Xurşid xanıma göstərib, qadın gözlərinə
inanmayıb, anam məsələni açıb deyib ki,
Lütfəli yarım saata həll elədi işi. Xurşid xanım başa düşüb ki, taledən
qaçmaq olmayacaq. Deyib, xəbər elə,
elçilərini göndərsin. Yəni
sonunda atamın dediyi kimi olub.
Qayınanası nəyə
görə onların toyuna gəlmədi?
Bu evdə toy məclisi qurulub, Xurşid xanım
inadından toya gəlməyib. Toyun səhəri anam
atamın geyinib harasa hazırlaşdığını
görüb və soruşub, hara gedirsən, deyib gedim
görüm Xurşid necədir? Toya da gəlmədi,
narahat oldum. O vaxt atamın "Pobeda"
maşını vardı, maşınla gedib Xurşid
xanımgilə və hərəkəti ilə nənəmi
tam şoka salıb. Sonradan onların arasında
çox isti münasibət olub, Xurşid xanım son nəfəsinə
qədər atamdan halallıq istəmişdi.
- Maraqlı taledir. Əsl
sevgi hekayəsidir. Mən Lütfəli
müəllimin maşın sürdüyünü bilmirdim.
- Sürə
bilirdi, amma daha çox sürücünün yanında
oturmaqdan zövq alırdı.
- Mən bilən, sürücülərindən
birinin sonradan sənətə gəlməsində
böyük rolu olub.
- Hə...
yəqin, Bəşir əmini deyirsiniz. Onların çox yaxın dostluğu vardı.
Bəşir əmi atama qardaş kimi münasibət
göstərirdi. İlk sürücülərindən
biri olmuşdu. Bəşir əminin
dünyadan cavan getməsi çox sarsıtmışdı
atamı. Allah rəhmət eləsin.
Onun sürücüsü də məşhur
aktyor idi
- Lütfəli Adullayevin macərapərəst
olduğunu deyirlər. Özü üçün
həmişə nəsə bir iş tapırmış.
Küçədə gördüyü bir kimsəsizə
qucaq aça bilən, oğrunu evinə gətirən biri
olduğunu deyirdilər. Hətta Sevda xanım da
onun bu xasiyyətinə görə narazılıq edirmiş.
Sizin bir malakan dayəniz olub, deyəsən...
- O,
çox rəhmli adam idi, özü
çox əziyyət çəkmişdi deyə, kimsənin
əziyyət çəkdiyini görəndə
sarsılırdı. Bir gün işdən gələndə
parkda 13-14 yaşlı rus qızı görür. Səliqəsiz, pis gündə qızcığaz.
Atam rus dilində çətinliklə
danışırdı, nəsə qızın iş
axtardığını öyrənib. Götürüb
gətirib evə. Əlbəttə, anam vasvası adam idi, bu da bitin-sirkənin içində, kim
olsa, narazılıq edər, amma Lütfəlinin verdiyi qərar
müzakirə olunmurdu. Bunu yuyundurublar, əyin-baş
alıblar və qız bizdə qalıb. Bir
müddət sonra deyib ki, evimə getmək istəyirəm.
Atam maşına qoyub aparıb onu
Altıağaca. Beləcə, hər
iki-üç ayda bir dəfə Altıağacdan operator
evimizə zəng vurub xəbər verirdi ki, Dusya deyir, gəlib
məni aparsınlar. Atam da maşınla
gedib gətirirdi onu. Sonra o Dusya bizim dayəmiz,
ailəmizin bir parçası oldu. Bu evin təmir
olunması üçün ustaları bir il
gözləmişdik. Ustalardan biri görüb
Disya rusdur, qulluqçudur, nəsə artıq hərəkət
eləmişdi ona qarşı, dayə də bunu atama
demişdi. İti
qovan kimi qovdu onları, nə qədər
üzrxahlıq eləsələr də, olmadı, anam dil tökdü
olmadı. Elə adam idi. Çünki
artıq Dusya ailənin bir fərdi idi onun üçün.
Dusya bütün ömrünü bizə həsr
elədi. Atam imkan vermirdi kimsə onun xətrinə
dəysin. Duysa son nəfəsində də
atamı xatırlayıb ağlayırdı.
- Söhbətin əvvəlində
dediyim kimi, bu gün söhbətimiz sadəcə nikbin notda
qurulacaq. Biz onu daha yaxından tanımaq istəyirik.
Aktyor kimi lentləri qalıb, kadrlar qalıb, amma
oxucularımız üçün Lütfəli Abdullayevin bir
insan kimi portretini yaratmaq istəyirəm. Bir az
onun dostlarından danışaq.
"Onların çoxu əxlaqsızdır"
-
Dostları... Əslində, dostu çox idi də demək
olar, amma ürək dostu bir-iki nəfər ola,
olmaya. Təbii, onların başında Şəmsi
əmi (Bədəlbəyli) dururdu, Bəşir Səfəroğlu
və o dövrün cavanlarından bircə Siyavuş
Aslanın evə gələməyə limiti vardı. Atam özü aktyorların arasında, sənətin
içində olsa da, o mühitə münasibəti fərqli
idi, söz düşəndə deyirdi ki, onların çoxu əxlaqsızdır.
Bu evdə həftənin 3-4 günü məclis
qurulurdu. Xoşlayırdı qonaq-qara qəbul
etməyi. Biz də qonaq gedirdik.
Bacım Gülnarə az qala Şəmsi əmigildə
böyüyürdü. Çox yaxşı
zarafatları vardı. Siyavuş Aslan isə
atama büt kimi baxırdı. Aralarında 21 yaş fərq
vardı, ata-oğul idilər az qala.
- Xurşid xanım, Şəmsi
müəllimdən söz düşmüşkən, bir hədiyyə
məsələsi olub, bir neçə il
dalbadal gah sizdə, gah da Şəmsi müəllimgildə gəzən
hədiyyə. Olub elə bir şey?
- (Gülür). Olub, əlbəttə.
O vaxt yaxşı hədiyyə tapmaq çox çətin
idi. Şəmsi əmi fevralın 23-də, atam isə
martın 22-də anadan olub, yəni ad günləri
arasında bir aya yaxın ara var. Şəmsi
əminin növbəti ad günü ərəfəsində
atam yaxşı bir kişi üzqırxan dəsti
almışdı, az tapılan bir şey idi. Elə
qutusu nəyə desən dəyərdi. Fevralın
23-də atam hədiyyəsini Şəmsi əmiyə verir.
Bir aydan sonra növbə Şəmsi əmiyə
çatır, o da layiqli bir şey axtarır və evdəki hədiyyənin
atamdan aldığını unudub, elə həmin dəsti
atama bağışlayır. Atam üzə
vurmur və fikirləşir, yəqin, Şəmsi əmi
onunla zarafat edir.
Geri qayıdan hədiyyə
Hədiyyə qalır evdə, bir ildən sonra atam yenə
həmin qutunu Şəmsi əmiyə
bağışlayır. Bu dəfə yəqin, Şəmsi əmi atamın
onunla zarafat etdiyini fikirləşir və beləcə, düz
beş il hədiyyə gah bizə, gah da
onlara yol ölçür. Axırda Şəmsi
əminin həyat yoldaşı Leyla xanım bezib, həmin hədiyyəni
tamam başqa bir adama bağışladı, bizim də o
qutudan canımız qurtardı.
- Çox maraqlıdır. Lütfəli Abdullayev evdə necə idi? Səhnədə,
ekranda hamıya gülüş bəxş edən insan, evdə
ailəsinə də o gülüşü bəxş edə
bilirdimi?
- Əlbəttə,
çox səmimi adam idi, amma səhnə,
aktyorluq həyatı ilə ailə həyatı arasında kəskin
fərq vardı. Əvvəla, iş
söhbətləri evdə müzakirə olunmurdu. Evə gələndə artıq bilirdik ovqatı necədir.
Məsələn, "Şəmsi zəng
vurmuşdu?" - soruşursa, demək
kefi yaxşıdır, yox, əgər: "Şəmsi Bədəloviç
zəng vurmuşdu?" - deyirsə, demək
işdə aralarında nəsə olub. Elə idi onlar,
arasından su keçməyən iki qardaş, iki dost və həm
də bir-birilə ən çox mübahisə edən, iki
iş yoldaşı. İnciklikləri ancaq
saatla ölçülə bilərdi, kimsə digərini
gözləmirdi, zəng vurub zarafatlaşırdılar, hər
şey unudulurdu. Evdə bizim ciddi
olmağımızı istəyirdi. Yəni
hər şey qədərində olmalıydı. Bizimlə - ailəsi ilə nəfəs
alırdı.
"Anamı pərt elədi"
Qəti şitlik sevmirdi. Bir dəfə necə olubsa, anam ona
lətifə danışıb, atam pərt eləmişdi onu:
"Sənə yaraşdırmıram", - demişdi. Anam dərsini almışdı bu sözdən.
Bizi də başa salmışdı ki,
şitlik olmaz. Yəni səhnədə nə
qədər şux, nə qədər baməzə olsa da, ailədə
çox ciddi idi. Əlbəttə, yeri
düşəndə hazırcavab, zarafatcıl idi, amma əndazəni
keçmirdi.
- Xurşid xanım, atanızı
çox erkən itirdiniz, ölümündən sonra onun
qızı olmaq sizə haradasa kömək etdimi? Hansısa çətinliklə
qarşılaşdığınız zaman onun adından
istifadə etdinizmi nə vaxtsa?
- Mən
harda gəldi Lütfəli Abdullayevin qızıyam deyib,
özümü gözə soxan adam deyiləm.
Tanıyanlar olur, əlbəttə, o dəqiqə
münasibəti hiss edirəm və atama olan sevginin, hörmətin
hələ də unudulmadığını görürəm,
ürəyimdə sevinirəm. Sizə bir əhvalat
danışım. Ustad dərsi almaq və
festivalda iştirak etmək üçün Birləşmiş
Krallığa 40 günlük səfərə getmişdim.
Cibgirin qaytardığı pulqabı
Mənim ixtisasım klavisindir və Azərbaycanda, demək
olar ki, tək peşəkar klavisin ustasıyam. İşimdə
ciddi adamam, hər şeyi dəqiqliyi ilə, peşəkarlıqla
öyrənmək istəyirəm. Odur ki,
rektorumuz Fərhad Bədəlbəylinin köməyi ilə
Londona, oradan Uelsə getdim. Maraqlı xatirələr
oldu, yaxşı rəy aldım, çox sevindim. Açığı, gedəndə bir qədər
tərəddüd edirdim, özümə inanmırdım,
amma ifa tərzim yüksək səviyyədə qəbul
edildi, hətta etimad göstərib yekun konsertdə mənim
ifa etməyimi təkid etdilər. Nə isə,
Uelsdən xatirə olaraq özümə yaxşı
pulqabı almışdım. Bir gün Nəsimi
bazarında çantamı ülgüclə kəsib,
pulqabını oğurladılar. İçində pul az idi, ona görə yox, sənədlərimə,
atamın şəklinə və bir də maraqlı bir səfərdən
qalan yeganə xatirəyə görə
sarsılmışdım. Anam məni ovudurdu.
Bir gün evə Nəsimi bazarının
müdiri zəng vurdu, "Lütfəli Abdullayevin evidir?"
soruşdu. Sonra dedi ki, sizin pulqabınızı 4 gün
əvvəl kimsə mənim qapımın ağzına qoyub
gedib. Təsəvvür edirsiniz, heç nəyə
toxunmamışdılar. İçərisində
xidməti vəsiqəm vardı, adım, soyadım
yazılmış, bir də atamın şəkli.
Oğru hər kim olubsa, atamın şəklini
görüb, vəsiqəyə baxıb "Abdullayeva
Xurşid Lütfəli qızı" olduğumu anlayıb,
pulqabını bazarkomun qapısına qoyub qaçıb. Ev nömrəmizi axtardıqları üçün
4 gün çəkmişdi pulqabının geri
qayıtması. Yəni cibgir də
Lütfəli Abdullayevin xatirəsini əziz tutub.
Nədir axı bu klavisin?
- Bir qədər əvvəl klavisindən
danışdınız, mənə maraqlı gəldi. Nadir alətdir, bizdə dəb olmayan alətdir.
Nədir bu alətin xüsusiyyətləri?
Necə oldu ki, bu sənəti seçdiniz?
- Bu alət
XVIII əsr Avropa aristokratiyasının sevimli musiqi aləti
olub, Bax dövrünün məşhur aləti, elə Baxla
da dəbdən düşüb, çünki çətin
alətdir. Qəribə bir hadisə mənim
klavisinlə maraqlanmağıma səbəb oldu. 1989-cu ildə Bakıda "Üzü zirvəyə"
müasir musiqi festivalı keçirlirdi. İlyas
Mirzəyev adlı bəstəkarımız var Türkiyədə
çalışır, o, klavisin üçün bir sonata
yazmışdı. Elə oldu ki, ifaçı tapa
bilmirdilər, dedim ver notları bir baxım. Sonra
İlyas Mirzəyevin təkidi ilə festivalda mən
çıxış etdim. Beləcə,
bu alətə maraq oyandı məndə. Sonra
dünyanın ən məşhur klavisin
ifaçılarından ustad dərsləri aldım. Klavisin orqana yaxın alətdir, yəni onu royalla qəti
müqayisə etmək olmaz. 1990-cı ildə
xəbər tutdum ki, Minsk konservatoriyasına Roma
papasının orqançısı və klavisinisti Arturo
Saketti ustad dərsləri verməyə gəlir. O vaxt Fərhad
müəllim Musiqi Xadimləri İttifaqının sədri
idi. Onun köməyi ilə 2 həftəlik
Minskə getdim. İfa etmək fikrim yox
idi, sadəcə öyrənmək, baxıb görmək, ifa
tərzini canlı dinləmək fikrindəydim.
Roma papasının məşhur
orqançısını heyrətə salan Abdullayeva
Dərslərin son günlərində birdən necə
oldusa, Arturo Sakettinin diqqətini çəkdim. Hamı
sarı-sarı adamlar, bircə mənəm qaraşın.
Məni dəvət elədi və bir şey ifa
etməyimi istədi. Çox tərəddüd edirdim, həyəcandan
ölürdüm, təsəvvür edirsiniz, dünyada 3 məşhur
klavisin ifaçısı varsa, bu adam onların
başında dururdu. Çox rəğbətlə
qarşıladı məni, kimdən dərs
aldığımı soruşdu, dedim özüm məşğul
olmuşam. Beləcə, bir gün gördüm
ki, artıq bu alətdən ayrıla bilmirəm.
- Təşəkkür edirəm
belə geniş məlumata görə. Lütfəli
Abdullayev də bir müddət dövlət
konservatoriyasında voltorna dərsləri alıb. Voltorna da Şəkidən gələn bir gənc
üçün qeyri-adi alətdir.
- Atam
Bakıya gələndən sonra Üzeyir bəylə tanış olub və onun məsləhəti
ilə voltorna sinfinin məşğələlərinə
qatılıb. Vokal sənətinə
marağı olduğundan həm də vokal dərsləri
alıb, amma sona qədər təhsilini davam etdirməyib.
Teatra, sənətə olan eşqi onun yolunu səhnəyə
aparıb çıxarıb. Maşınla
yol gedəndə sürücü maşını idarə edir,
atam da muğam oxuyurdu. Biz çox ləzzət
alırdıq onu dinləyəndə.
- Xurşid xanım, bir dəfə
onun bahalı papağını başından oğurlayıb
qaçmışdılar. O əhvalat necə olmuşdu?
- Bir
gün atam toydan qayıdırdı, gec olduğu
üçün anam narahat idi, eyvanda bir yerdə atamın
yolunu gözləyirdik. Bir də gördük gəlir,
əlini belinə qoyub, asta-asta gəzməyi sevirdi. Birdən bir nəfərin onu izlədiyi diqqətimizi
çəkdi. Atamın başında norka
papaq vardı. Adam yaxınlaşdı, qəfildən
papağı götürüb qaçdı. Bir qədər
aralanandan sonra geri baxıb atamı tanıdı.
Papağını oğurlayana
süfrə açdı
O dəqiqə
dayandı, geri qaydıb, papağı necə
götürmüşdüsə, elə də atamın
başına qoydu. Biz də ürəyimizi
yeyirdik, indi nəsə olacaq. Başladılar
söhbət etməyə. Sonra
yavaş-yavaş bloka tərəf gəldilər. Qapı döyüldü, atam və papaq oğrusu
qapıda. Belə xasiyyətləri
vardı onun. Anama dedi, süfrə açsın. Baş üstə. Oturub yemək yedilər,
araq içdilər, biz də oğrun-oğrun baxırıq,
atam həmin adama pul verdi. Sonra
bilirsiniz nə oldu? Atam dünyasını
dəyişəndə məclisi bu evdə verirdik. Qonşu da iki otaq ayırmışdı, gəlib-gedənlər
çox idi. Qapı döyüldü, 4-5 nəfər
tanımadığımız adam. Biri
anama dedi ki, ola bilsin, siz məni unutmusunuz,
mən həmin o papaq oğrusuyam, bunlar mənim
qohumlarımdır, məclisdə əl-ayaq eləməyə
gəlmişik. Düz 40 gün həmin adamlar səhərdən
axşama qədər kişi məclisində
camaata qulluq elədilər.
- Ekranda onun iri planlarına baxanda
gözlərinin dərinliyində qəribə bir kədər
hiss olunur. Siz də hiss edirdinizmi onun gözlərindəki kədəri?
-
Çox doğru müşahidədir. Onun
gözləri həmişə kədərli olurdu, niyə,
bilmirəm.
- Xurşid xanım, ata kimi necə
qalıb yaddaşınızda. Hiss edirəm, hər dəfə
ondan danışanda kövrəlirsiniz, aradan 50 ilə
yaxın vaxt keçib, görünür, hələ də o
itkinin ağırlığı sizi tərk etməyib. Bu
gün Lütfəli Abdullayevin nəslini sizdən başqa kim davam etdirir?
- O mənim
idealım idi. Mənə “bacım”, Gülnarəyə
“anam” deyirdi. Gülnarənin iki
övladı var - Mina və Zəki. Mənsə ailə
qurmadım, Minanı böyütdüm. Mina
mənim həyatımın bir parçasıdır. Elə Zəki də. Zəki indi
Almaniyadadır.
Siz çox səmimisiniz
Mina isə kinorejissorluq təhsili alıb. Özü
film çəkmək istəyir. İndi
Minanın da bir övaldı var. Yəni Lütfəli
Abdullayevin nəsli davam edir.
- Siz niyə ailə
qurmadınız?
- Alan
olmadı. Nəsə alınmadı məndə.
- Bəlkə, siz heç kəsi bəyənməmisiniz,
hərəyə bir mız qoymusunuz və bir gün çox
gec olduğunu başa düşmüsünüz?
- Yox,
heç kəsə mız qoymadım. Sadəcə,
alınmadı. Atam dünyasını dəyişəndə
14 yaşım vardı, uzun illər onun yasını
saxladım, ailə haqqında qəti düşünmədim
və siz deyən kimi, bir də ayıldım ki, çox
gecdir. Mina məni nənə eləyib.
Mən onlarla nəfəs alıram.
- Çox səmimisiniz. Təşəkkür edirəm sizə. Söhbətimiz sona yaxınlaşır, amma o qədər maraqlı həmsöhbətsiniz ki, sadəcə zövq alıram. Lüftəli Abdullayevin dünyasını dəyişdiyi gün də yaddaşlarda birmənalı qalmayıb. Son dəfə dostlarıyla zarafatlaşıb, belə demək olarsa, halallaşıb və sonra dünyasını dəyişib. Səhhətində nədənsə şikayət edirdimi?
Sağ olun, mən
gedirəm...
- Adi şeylər. Arabir dilinin altına ürək dərmanı qoyurdu. Aritmiya vardı ürəyində. Amma heç vaxt ciddi olaraq səhhətindən şikayət etməmişdi. O günü heç vaxt unutmaram. Ömrümdə ilk dəfə özüm dolma bükmüşdüm. Bütün günüm mətbəxdə keçmişdi. Həmin gün atamla Nəsibə xanım Zeynalovanın Politexnik İnstitutu tələbələri ilə görüşü olmuşdu. Görüşdən sonra evə gəldi, gül-çiçək dəstələrilə, kefi kök. Bişirdiyim dolmadan heç kəsə verməmişdim, deyirdim əvvəl atam yeyəcək, sonra siz. Yedi, təriflədi, məni ürəkləndirmək üçün barmaqlarını yalayırdı. Mən də sevinirdim. Sonra divanda oturdu, dedi telefon kitabçasını gətirin. Əski əlifba ilə yazırdı, oxuya bilmirdik yazdıqlarını. Bəxtiyar Bahabzadə ilə yaxşı zarafatı vardı, Bəxtiyar müəllimə zəng vurdu, dedi gedirəm, Mahmuda (Bəxtiyar Vabahzadənin atasının adı Mahmud idi) sözün-zadın varsa de, çatdırım. Zarafat elədilər. Gecə saat 11-i keçmişdi, lap axırda Şəmsi əmiyə zəng vurdu. Sonra yatdıq, az keçmişdi üstündən, anamızın çığırtısına oyandıq. Tez cumduq yataq otağına, onun siması hələ də gözlərim önündən getmir. Təcili yardım gəldi, amma gec idi. İnsult olmuşdu...
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.16-17.