Güllə
Hekayə
-
Öldürəcək! Öldürəcək!
Bu sözləri eşidəndə mənim on iki
yaşım var idi. Həyətimizdəki tut
ağacının kölgəsində balıq tutmaq
üçün ağacdan düzəltdiyim tilovun ucuna sapla
qarmaq bağlayırdım. Azərin səsinə
səksəndim, qarmaq barmağıma batıb qanatdı.
İlk dəfə idi öz qanımı
görürdüm. Azərin səsi kəndi
ayağa qaldırdı.
-
Öldürəcək! Öldürəcək!
- A bala,
nolub?
- Kim
öldürəcək? Kimi öldürəcək?
- Dayan bir
nəfəs al, düz-əməlli danış görək
nolub axı?
Azər
isə əlini Xaqani əminin evinə tərəf uzadaraq dərindən
nəfəs ala-ala "öldürəcək"dən
başqa bir söz demirdi...
- ...Salam,
Xaqani əmi! Necəsiniz?
- Salam! Ay
sən xoş gəlmisən, səfa gətirmisən, bala. Necəsən? Nə var, nə
yox? Atangil necədir? Az
qala tanımamışdım, oğul.
- Sağ
olun, Xaqani əmi, yaxşıdılar. Salamları
var. Arifgil necədir? Gəlib-gedirlərmi
kəndə?
Yaxşıdılar, ay bala, şükür Allaha. Görək,
söz veriblər bu yay gəlsinlər. Qorxuram
yenə gəlməyələr, işləri çıxa.
Keçən yay da dedilər gələcəyik,
amma sənədləri qaydasında deyildi, qaldı. Sən nə əcəb hərlənmirsən bu tərəflərə?
Axı, bu böyüklükdə ev-eşiyi yiyəsiz
qoymaq olmaz, oğul. Siz cavanlar
hamınız beləsiz, böyüdürük, oxumağa
göndəririk, sonra da geri qayıtmırsız, bəyənmirsiz
buraları.
- Yox,
Xaqani əmi, məsələ bəyənməməkdə
deyil. İş-güc tökülüb
qalır. Onda gərək
işi-gücü buraxıb gələk,
özümüzü verək torpağa, mala-heyvana baxaq.
Bununla da dolanmaq olmur, özünüz
yaxşı bilirsiz.
-
Dolanmanı demə, bala. Kənddə hamı
yaşlılar qalıb. Birtəhər
çörəkpulu çıxarırıq torpaqdan-zaddan.
- Yenə
dülgərlikmi edirsiniz?
-
Əlimdən başqa iş gəlmir ki. Görürəm
yol yorub səni. Get dincəl, amma axşama bizdəsən
haa.
- Baş
üstə, Xaqani əmi. Hələlik.
İndi mənim qırx iki yaşım var. Bu otuz ildə
ikinci dəfədir ki, gəlirəm kəndimizə. Birinci dəfə
evdə tək qalan nənəm dünyasını dəyişəndə
gəlmişdim. Arvad çox gümrah idi.
Nə qədər yalvardıq apara bilmədik
özümüzlə. İki ildən
sonra eşitdik arvad dünyasını dəyişib. Nənəmi təklik öldürdü. Təklik xəstəlikdən betərdi. Təklik olmasaydı nənəm çox
yaşayardı.
Nənəm haqqında fikirləşə-fikirləşə
bir də gördüm darvazanın ağzındayam. İndi
darvazaların çoxunda qıfıl durur. Bu kədərli mənzərəni görmək hər
dəfə insanın içini göynədir. Həmin
darvaza sahibləri: qonşular, uşaqlıq dostları,
ağsaqqallar, ağbirçəklər gözlərin
önündə canlanır, darıxırsan, yenidən
uşaq olmaq, keçmişə qayıtmaq istəyirsən...
Paslanmış
qıfılı açıb ot
basmış həyətimizə girdim.
Böyüklü-kiçikli hamı Xaqani əminin evinə
sarı qaçdı. Mən də onların arxasınca
qaçdım. Dilşad xala evin pilləkanlarında
oturub ağlayırdı. Bizi görüb
hönkürməyə başladı.
-
Yalvarıram, arxasınca qaçın, qoymayın getməyə.
Getdimi öldürəcək.
- Ay
bacı, bir de görək nə baş verib? Hara
getdi? Kimi öldürməyə getdi?
- Allah Rəşidin
evini yıxsın. Qoymadı bir tikə
çörəyimizi rahat yeyək. Allah
onun arvadını ağlar qoysun, necə ki, mən
ağlayıram.
- Rəhmətliyin
qızı, uzatma daa.
- Rəşid
it oğlu it Mədətin oğlunun toyunda deyib ki, mənim
dülgərin oğluna veriləsi qızım yoxdur, getsin
anqırsın, tayını tapsın. Xaqani də
bunu eşidib tüfəngi də götürüb getdi qoz
bağına. Yetər arvad bağda Rəşidi
görüb, dili dinc durmayıb kaftarın, deyib, Xaqaninin
oğlunun elçiliyini nə vaxt edək, o da toyda dediyi
sözü Yetərə deyib. Yetər də
gəldi Xaqaniyə xəbərlədi. Görüm
onu bayquş kimi tək ölsün damın altında. Niyə durursunuz, ay eviniz yıxılmasın. Gedin qaytarın onu, əlindən xata
çıxmamış.
Dilşad xala gah aqronom Rəşidə, gah da Yetər
qarıya qarğış yağdırırdı. Kişilər
hamısı qoz bağına getdi, mən də onlara
qoşuldum.
Həyətdəki
dənlənən toyuq-cücə, pilləkanın altında
yatan boz pişiyimiz, hasara yaxın böyük ağ
tut ağacı, ağacın altında nənəm
qırmızı naxışlı xalçanın
üstündə oturub qatıq süzmək üçün
torba tikir, anam süfrəni düzəldir, bir azdan atam işdən
yorğun qayıdacaq, hamımız süfrə başına
oturacağıq... Bütün bunlar gözlərim
önündə yenidən canlandı. Belimdə
məktəb çantam darvazamızın ağzında durub
baxdığım kimi baxırdım. Elə
bil, indicə məktəbdən evə
qayıtmışdım. Elə bil, tez-tələsik
nahar edib, futbol oynamaq üçün calaya qaçacaqdım.
Evdə hər şeyi toz örtmüşdü. Lazım olan
yerləri təmizləyib çantamı boşaltdım.
Əl-üzümü yuyub dincəlmək
üçün çarpayıda uzandım. Yorğun olduğum üçün şirin yuxuya
getdim.
Hər şey yuxu kimi idi. Biz qoz bağına
çatanda Xaqani əmi tüfəngi Rəşidə
tuşlamışdı. Azər tez
qaçıb tüfəngi onun əlindən almağa
çalışdı. Tətik
basıldı. Güllə düz Rəşidin
yanındakı qoz ağacının gövdəsinə dəydi.
Azər Xaqani əminin qoluna girib onu evə
aparmağa çalışır, yalvarır, Dilşad
xalanın halının pis olduğunu deyirdi. Beş-altı nəfər Rəşidi
"Niva"sına mindirib apardı. Mən
Xaqani əmigillə qayıtdım. Yol boyu
hamı Xaqani əmini sakitləşdirməyə
çalışırdı. O isə, papirosunu
tüstülədə-tüstülədə sakitcə
addımlayırdı. Birinci dəfə idi ki, kəndimizdə
bu cür hadisə baş verirdi. O zaman mən çox
şeyi başa düşmürdüm. Hey fikirləşirdim
ki, əgər Azər tüfəngi Xaqani əminin əlindən
dartmasaydı güllə qoz ağacına yox, Rəşidə
dəyərdi, bəlkə də öldürərdi. Xaqani əmini tutardılar. Bəs
Dilşad xala nə edərdi? Arifgil necə
dolanardı? İndi çox şeyi anlasam
da, öz-özümə yenə həmin sualları verirəm.
Bəzən Xaqani əmiyə acığım
da tutur ki, xırda bir şey üstündə bu qədər
hay-küy yaratdı. Axı o, tüfəngi
əlinə alanda Dilşad xalanı, Arifgili fikirləşməli
idi, Arifin sevdiyi, Rəşidin kiçik qızı Təranəni
fikirləşməli idi.
Mən sonralar tez-tez qoz bağına getməyə
başladım. Bunu heç kəsə demirdim. Çünki həm nənəm, həm də anam
qoz bağına getməyi qadağan etmişdilər. Anam deyirdi ki, qoz ağacı sürüşkən
olur, çıxarsan ağaca, ayağın sürüşər
yıxılarsan. Nənəm deyirdi, qoz
ağaclarının altında cinlər olur, adamı yuxuya verirlər
və adam bir daha oyanmır. Mən
isə Xaqani əminin davasından sonra qoz bağına tez-tez
getməyə başladım.
Bu süni salınmış bağ indi yoxdur. Tək-tük
qoz ağacları qalıb ki, onlar da artıq qurumaq üzrədir.
Sovet hökuməti dağılandan sonra bağ
baxımsız qaldı. Sonra ucqar bir kənddə
qar ucqunu olmuşdu. Bağın ətrafındakı
boş yerlərdə tez-tələsik beton lövhələrdən
evlər tikib qar uçqunundan zərər çəkənləri
evlərdə yerləşdirdilər. Qoz
bağını da elə onlar qırıb yandırdılar.
İndi də Xaqani əmi onlardan qalan ağacları pul
ilə alıb stol-stul düzəldir. Uşaqlıq günlərimin
o qoz bağı indi yoxdur. Mən o
ağacların hamısını budağından, gövdəsindən
tanıyırdım. Hətta ağaclara ad
da qoymuşdum. Danışırdım
onlarla. Bəzilərinin gövdəsinə
ilk sevgimin adını da cızmışdım. O
ağaclar mənim bütün sirlərimi bilirdilər.
Çığırtıya, səs-küyə yuxudan
oyandım. Qəribə hisslər keçirdim. Bu o səs-küyə, 12 yaşım olanda Azərin
"öldürəcək"
çığırmasına çox oxşayırdı.
Bir anlıq harda olduğumu unutmuşdum,
çarpayıya pərçimlənmişdim, sanki. Əllərimi taxta çarpayının hər iki tərəfindən
tutub qalxmaq istəyirdim, barmağıma kora batdı,
barmağım qanadı. Yenə də Azərin
səsi idi. Öldü! Öldü! - çığırırdı.
Tez bayıra qaçdım. Hava
qaralmışdı. Darvazadan yola
çıxdım. Hamı Xaqani əminin
dülgər emalatxanasına tərəf qaçırdı.
Mən də onların arxasınca
qaçdım.
Emalatxanada arvadlar çığırıb
ağlayırdılar. İnsanları itələyib içəri
daxil oldum. Xaqani əmi arxası üstə
yerə uzanmışdı, alnındakı deşikdən azca
qan axmışdı.
Növbəti gün Xaqani əmini torpağa
tapşırıb, axşamtərəfi taksi ilə şəhərə
hava limanına yollandım. Dost-tanışla,
qonum-qonşu ilə, qohum-əqrəbayla da düz-əməlli
görüşüb sağollaşa bilmədim. Saat 2-də təyyarə havaya qalxdı. Mən indi kəndimizin üstü ilə
uçuram. Dilşad xala indi tək
qaldı. Görəsən, necə
yaşayacaq təklikdə. Axı, nənəmi
də təklik öldürdü. Arifgil
atalarının dəfninə gələ bilmədilər, sənədləri
qaydasında deyilmiş. Kaş heç gəlməyəydim
kəndimizə. Gələn günüm olmayaydı! Gəlişimlə, sanki 12 yaşımda
yaddaşıma hopmuş qoz bağındakı bədbəxtliyi
gətirdim. Elə bilirəm Xaqani əmini
mən öldürdüm. Kaş heç
xatırlamayaydım qoz bağını.
Xaqani əminin yerə uzanmış alnı deşikli
şəkli getmir gözlərimin önündən. Gərək Xaqani əmi o
gün əlinə silah almayaydı, getməyəydi qoz
bağına, gülləni atmamaydı... Güllə
aqronom Rəşidə dəysəydi indi Xaqani əmi sağ
idi. Güllə qoz ağacına dəydi.
Kaş Rəşidə dəyəydi, əclafın
yekəsi idi. Sən demə, ağac
gülləni saxlayırmış. Hə, hə... Xaqani əmidən qisasını almaq
üçün ağac gülləni içində
saxlayırmış. Bəlkə də
qar ucqunu olmasaydı, qaçqınlar gəlməsəydi,
ağacı kəsib Xaqani əmiyə satmasaydılar, o indi
sağ idi. Xaqani əmi Rəşidi vurmaq
istəyəndə atdığı güllənin
batdığı qoz ağacının gövdəsini dəzgahda
mişarlayanda güllə mişara ilişib
sıçrayışla onun alnını deşmişdi.
Qoz ağacı qisasını almışdı
Xaqani əmidən.
Azər MUSAOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.5.