Nyuton, alma və Qismət Məsim
Nyutonun
başına alma düşməsəydi,
fizika əsas qanunlarından birini tanımayacaqdı. Təbii
ki, burda əsas amil alma deyil, Nyutondu, amma həm
də almadı. Nyuton, alma və cazibə
qanunu arasındakı əlaqələrdə
çaşıb qalanda nəticə hər şeyi xilas edir.
İndi nə Nyuton mövcuddu, nə həmin alma,
amma Cazibə qanunu mövcuddu.
Bu dünyada təkcə alimlərin deyil, şairlərin
də başının öz alması, yəni daşı
var. Başıdaşlı, ürəyi sevdalı şairlərin
ürək simini həyat dilləndirər yalnız. Füzuliyə "Şikayətnamə"ni yazdıran doqquz axça kimi, Kafkanın xəstəliyi
kimi, Bukovskinin bərbad taleyi kimi. Burda da cavab
eyni alınır, indi nə Kafka yaşayır, nə onun xəstəliyi,
amma "Çevrilmə" sağdı. Və yaxud nə Füzuli var, nə onun ehtiyacı,
amma "Şikayətnamə" var.
İndi haqqında söz açacağım Qismət Məsim
də öz başına düşən almalardan sənətin
cazibə qanununu yaradan şairlərdəndi.
- Salam...
taksi şirkəti.
Məni durduğum yerdən anamın arzusuna neçəyə
çatdırarsız?
- Necə?
Başa düşmədim...
- Deyirəm,
taksi göndər ömrümün ortasında,
qocalığın yanında dərdimlə gözləyirəm...
bir az
yüküm olacaq, - xatirələr, məktublar...
...taksini
tez göndərin, məni qoy tez aparsın
Bu yerdən
uzaqlara,
orda
gözləyənim var...
- Hara, siz
dəqiq deyin... hardadı o uzaqlar?
- Hara
Arzumdan o yanadı... anamın cavanlığı,
atamın
xoşbəxt günü,
burdan
qara saçlara...
- Siz hara
zəng vurmusuz?
- Deyirlər
ki, çox ucuz
hər
yerə çatdırırsız...
çatdırın məni, vallah, heç ucuz da demirəm,
qalan
bütün günləri sizin üçün verirəm...
Çatdırın
məni, nolar ilk görüşdüyüm bağa,
öpüşdüyüm dodağa...
Atamın
tənbehinə...
Siqaret
gizlətdiyim boz paltomun cibinə
çatdırın məni noolar, ömrün tən
ortasından
nənəmin çörəyinə,
məni
başa düşməyən dostların ürəyinə...
Qismət Məsimin şeirlərində
soyadındakı bircə hərf fərqiylə bir məsumluq
imzası var. O, həyatın şairlik halındadı, sadəcə. Texniki
Universiteti bitirsə də, ədəbi terminləri sevməsə
də, Yazıçılar Birliyinin üzvü olmasa belə,
o, əsl şairdi, istənilən bəndindən yağan
şairlik halına görə. Televiziyada
keçirilən "Xalqın şairi"
yarışmasında tanınmasaydı da, yenə də
xalqın şairi olduğu bilinəcəkdi.
Səni
unutmuşam, başım pozulub,
Aptekdən başıma kül soruşuram.
Hansımız
ölmüşük, başa düşmürəm,
Kimin qəbri üçün gül soruşuram?!
Başını əllərin arasına alıb
qulaqların uğuldayana qədər sıxırsan və lap
dərindən düşünüb anlayırsan ki,
haqsızlığa uğramaq haqqın taleyidi, iftira təmiz
adamlar qədər heç kimə yaraşmır, əzab həssas
ürəkləri çoxdan vətən seçib
özünə. Hamının əvəzinə
duymağın, hamının əvəzinə sevməyin,
ağrımağın "hədiyyəsidi" şair
yaşantıları. Ona görə də
lənət oxumaq yox, səcdə qılmaq lazımdı bədəli
ağır olan ömürlərə.
Düzgün
oturun bu skamyada, xanım,
Nişanlından
yaraşıqlı,
Atandan
yaşlı
Adam yatır hər axşam burda.
Skamyada gecələyən yaraşıqlı və
saç-saqqal basmış bir səfilin vəkili
olmalıdı əsl şair. O səfilin ki, bütün qalstuklu nəzəriyyəçilər,
bütün ədəbaz tənqidçilər, hoqqabaz
cızma-qaraçılar ordan, "sənətin
uzandığı" o skamyanın yanından biganə
ötüb keçərlər. O üzdən sənətə
"kabab üstdən sərin su pis olmaz" arzusuyla
yanaşanlar heç vaxt sənətkar olmayacaqlar. Nə qədər nəzəriyyə əzbərləsələr
də, nə qədər texnika öyrənsələr də,
nə qədər döşlərinə döysələr də.
Onların başına heç vaxt alma
düşməyəcək, onlar heç vaxt "aptekdən
başlarına kül soruşmayacaqlar", taksi şirkətindən
uzaqlara aparan taksi istəməyəcəklər, ona görə
də heç zaman yaradıcı olmayacaqlar, bütün
iddialarına rəğmən.
Şair
isə o skamyadakı səfilin yanında sənətin
keşiyində dayanırmış kimi dayanıb gözləri
önündən keçən izdihama baxacaq və məsum-məsum
soruşacaq:
Tanrı,
bu şərəfsiz, alçaq adamlar
Doğrudan çiynində mələk gəzdirir?!
Və
sonra yoluna davam edib özünə öz sözüylə
çarə tapacaq:
Gedim harda
unudum, harda boğum bu eşqi,
keçməsin mələklərin
şeytanların əlinə,
düşməsin qarıların, gəlinlərin dilinə...
Bu sualın cavabı olaraq elə Qismətin öz
şeirlərini təqdim edirik.
Səhər ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.4.