Almas İldırım: Vətəndə və
sürgündə
Mühacirətəqədərki
dövr
Milli istiqlal poeziyamızın ən duyğusal, parlaq və səmimi simalarından biri, həyatı ictimai-siyasi tufanlardan, burulğanlardan, fırtınalardan keçən, məşəqqətlərin girdabına atıldıqca vətən eşqi, yurd sevgisi sönmək bilməyən, hiss və duyğuların "boğulmayan səs"inə, müqtədir carçısına çevrilən Almas İldırımın (25.03.1907, Bakı, Qala k. - 14.01.1952, Malatya, Qala k.) mühacirət dönəmi ilə müqayisədə vətən və sürgün dövrü yaradıcılığı, nəşr olunan ədəbi-bədii irsi haqqında çoxsaylı məqalələr, kitablar yazılsa da, təəssüf ki, yetərincə ciddi araşdırılmamış, sistemli tədqiq edilməmişdir. Şairin sovet dönəmində həyatının ağ buraxılmış səhifələrinə, yaradıcılığının kitablardan kənarda qalan, naməlum bədii nümunələrinə aydınlıq gətirilməmiş, çap olunan əsərlərinin yarımçıq, qüsurlu nəşri və bu kimi bir sıra kölgəli məqamların üzərinə işıq salınmamışdır.
Qədim və müqtədir Azərbaycan poeziyasına gənc İldırım (əsl adı Əbdül Həsən idi - A.R.) keşməkeşli yollardan, sərt döngələrdən və mühitin qatı dumanlarına bürünmüş ensiz, dar cığırlarından keçərək gəlmişdir. Atası Əbdül Məhəmməd kişi ticarətlə məşğul olurdu və təxminən 1913-cü ildə ailəlikcə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsinə köçür. Əslən Zirədən olan və o vaxt Çəmbərəkənddə yaşayan Mirzə Bala Məhəmmədzadənin ailəsi ilə Almaszadələr ailəsi arasında yaxın və mehriban ünsiyyət qurulur. İldırımın təhsil almasında, dünyagörüşünün, vətən sevdasının, yurd sevgisinin formalaşmasında, milli ruha, ədəbi-bədii istiqamətə meyillənməsində Mirzə Balanın və M.Ə.Sabir adına Kitabxananın təsiri şübhəsizdir.
M.Ə.Sabir adına Kitabxanada keçirilən tədbirlərdə Almas İldırım fəal iştirak edirdi. Mirzə Bala 1921-ci il mart ayının 11-də "Sabir Türk Kitabxanası Qarelər (oxucular - A.R.) Şurası"nı yaratdı və ona 1923-cü ilin iyun ayınadək böyük həvəslə, mənəvi yanğı və tükənməz şövq ilə rəhbərlik etdi. Qarelər Şurasının keçirdiyi konfranslarda, tədbirlərdə Azərbaycan ədəbiyyatı, poeziyası, milli mədəniyyəti geniş təbliğ edilir, oxuculara tanıdılırdı.
M.B.Məhəmmədzadənin rəhbərliyi ilə "Sabir Türk Kitabxanası Qarelər Şurası"nın keçirdiyi ən əlamətdar tədbirlərdən biri 1922-ci il 18 mart tarixində Mirzə Ələkbər Sabirə həsr edilən (M.Ə.Şairin anadan olmasının 60 illiyi tamam olurdu - A.R.) elmi konfrans idi. Tədbirdə Mirzə Bala Məhəmmədzadə "Sabir və xəlq", Əbdül Vahab Məhəmmədzadə (mühacirətdə təxəllüsü "Yurdsevər" idi - A.R.) "Bünyani-tərəqqimizdən bir təməl", Hüseyn Sadıx "Sabirin atası", Əbdül Rəhman Dai "Vicdani-milliyyənin təcəllası", Türfə Sultan "Sabirin şeirlərinin xalqımıza faidəsi" və b. məruzələr dinlənildi. Məhəmməd Əli Sidqi Sabirlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Mirzə Balanın dəvəti ilə konfransda iştirak edən 15 yaşlı Almas İldırım məruzəçiləri vurğunluqla dinləyir, xüsusilə tanınmış milli şairlərin yeni şeirlərindən təsirlənirdi... Xalqın milli faciələrinin, ağrılarının, sızıltılarının dərkində M.Ə.Sabir poeziyası ona güclü təsir edirdi...
Almas İldırım 1925-ci ildə İttihad orta məktəbini bitirdikdən sonra həmin ilin dekabrın 25-də baş redaktor Həbib Cəbiyevin rəhbərliyi ilə "Kommunist" qəzetinin nəzdində təsis edilən "Qızıl gənc qələmlər" təşkilatının çox istedadlı və gənc yazarları sırasına qatılır. Təşkilatın katibi Süleyman Rüstəmlə yaxın yaradıcılıq əlaqələrində bulunur. Onun imkan və təşəbbüslərindən yetərincə barınmağı, həmkarı ilə sıx əməkdaşlıq etməyi özü üçün faydalı sayır. Süleyman Rüstəm isə təşkilatın çətiri altında gənclərin yaradıcılıq istiqamətinə təsir göstərməklə yanaşı, onların əsərlərinin çapına da dəstək verirdi. Bu baxımdan 1926-cı il A.İldırımın ilk əsərlərinin nəşri ilə əlaqədar çox uğurlu olmuşdur.
On doqquz yaşlı Almas İldırımın "Kommunist" qəzeti nəşriyyatının buraxdığı "Qızıl gənc qələmlər" adlı şeirlər məcmuəsində "A.İldırım", "İ.Almaszadə" imzaları ilə "Hindli qızı", "Şərqə", "Yarın", "Ey Hindistan", "Qərbə" və "Nəriman" adlı şeirləri dərc edilir. Abbasqulu Nafiyə ithaf etdiyi və 1925-ci ildə yazdığı güman olunan "Qaldı" qoşması sovet dönəmində mətbuat orqanlarında yayınlanmadığı nəzərə alınsa, bu mənzumələr şairin ilk mətbi əsərləri idi. Eyni zamanda sonuncu adıçəkilən şeirin başlığından da bəlli olduğu kimi, mənzumə 1925-ci ildə görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq "yoldaş Nəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır" (Almaszadə İldırım).
Diqqətli oxucu Almas İldırımın çap olunmuş kitablarında "Ey Hindistan" adlı şeirə rast gəlmirsə təəccüb və narahatlıq hissi ilə tərtibçilərin "unutduğunu" və bununla da ədibin kitablarından kənarda qaldığını güman edə bilər. Lakin ilk dəfə "Qızıl gənc qələmlər" məcmuəsində yer alan bu əsər son illərin nəşlərinə, xüsusilə Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən çap olunan Almas İldırımın "Seçilmiş əsərləri" (Bakı, "Öndər" nəşriyyatı, 2004, 160 s.) və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə A.İldırımın "Boğulmayan bir səs" (Bakı, "Avrasiya Press" nəşriyyatı, 2007, 392 s.) kitablarına sərlövhəsi dəyişdirilərək, "Müstəmləkə olmuş Şərqə" adı ilə çox qüsurlu və naqis bir şəkildə daxil edilmişdir.
Şeir struktur, janr etibarilə "Şərqin" rədifli, 6 bənddən ibarət qoşmadır. Şair birinci bəndin ilk beytində "qanlı pəncələrdə göz yaşı tök"ən, əsarət əzabı, müstəmləkə məşəqqəti çəkən Hindistanı əsrlərlə formalaşmış kədərli taleyi, qəm-qüssəli durumu ilə vəsf edir, onu Şərqin "siyah örtüklü gəlini" adlandıraraq ülvi, doğma hisslərin səslənişindən unudulmaz, möhtəşəm bir obraz yaradır. İkinci beytə isə kobud redaktor müdaxiləsi əsərin məzmununa, poetik siqlətinə xələl gətirir. İlk mənbədə birinci bəndin dördüncü misrası "Sındırma gəl yazıq belini Şərqin" kimi verildiyi halda bu misra yuxarıda istinad olunan nəşrlərdə "Azca açma daha əlini Şərqin" şəklinə salınmışdır. Orijinaldakı "Şərqin" sözü əvəzinə "şeirin" kəlməsini əlavə etsək - bu, şairin redaktora ən ciddi xəbərdarlığı, ona qırmızı kart göstərməsi olardı.
"Ey Hindistan" şeirinin beşinci bəndində də əsassız redaktor dəyişikliyi özünü büruzə verdiyi üçün əsərin bu parçasını tam şəkildə diqqətə çatdırmağa ehtiyac duyulur:
Son nəşrlərdə:
Silkin, ta qırılsın dəmir qəfəsin,
Sərvətin işlətsin "haqq" deyən səsin,
Zalım düşmənləri yıxsın nəfəsin,
Qaldır yüksəklərə yolunu Şərqin.
Almas İldırımın "Ey Hindistan" şeirinin "Qızıl gənc qələmlər" məcmuəsində çaplanan ilk variantında isə belədir:
Silkin, qırılsın o dəmir qəfəsin,
Daş qəlbi inlətsin yanıq nəfəsin,
Dağılsın hər yerə haqq deyən səsin,
Qaldır yüksəklərə qolunu Şərqin.
Hindistana həsr edilmiş şeirin mövzusunu dəyişdirmək üçün, hətta "Hindistan" sözü əsərdən çıxarılmışdır. İlk qaynaqda "Ey nazlı Hindistan, ey gözəl ana" misrası redaktor tərəfindən bilərəkdən dəyişdirilərək "Ey parçalanmış Şərq, ey gözəl ana" şəklinə salınaraq məzmun, mahiyyət təhrif edilmişdir. Şeirdə söz və misraların qol-qanadının sındırılaraq şikəst edilməsi mənanın, dəqiqliyin, obrazlılığın təhrif olunmasına, poetik cilvənin zədələnməsinə, sönüklüyünə, şairin fərdi üslubunun özgələşməsinə aparıb çıxarır ki, bu da göz yumulası qüsur deyildir.
A.İldırımın "Ey Hindistan" şeirində oxşar naqisliklər təəssüf ki, mövcuddur. Məsələn, əsərdə "çöhrəli" əvəzinə "çöhrəri", "qoynunda böyük bir üsyandır..." yerinə "inan ki, qoynunda üsyandır...", "aydınlat" əvəzinə "aydın et", "baxma" yerinə "bənzə", "aciz olma, mərd ol" əvəzinə "aciz yox, cəsur ol" kəlmələri ilə dəyişdirilmişdir ki, bu da müəllif əsərinə kobud redaktor müdaxiləsindən başqa bir şey deyildir.
Almas İldırımın 1926-cı ilin may ayında Azərbaycan Ədəbiyyat Cəmiyyəti tərəfindən nəşr olunan "Ədəbi parçalar" (Bakı, 1926, №1, s.96) məcmuəsində "Qərbə" adlı şeiri verilmişdir. Əsərin ilk adı "Düşmənə" olub. A.İldırımın 1936-cı ildə "Kurtuluş" dərgisinin 18-ci sayında dərc olunan "Bakı xatirələri. Ədəbiyyat cəmiyyətində" adlı yazısında (bax: "Almas İldırım haqqında xatirələr". Tərtib edəni Dilqəm Əhməd (Bakı, "Xan" nəşriyyatı, 1917, s.28-32) Süleyman Rüstəmin təkidi ilə geniş müzakirə zamanı əsərin "Düşmənə" əvəzinə "Qərbə" adlandırılması məsləhət bilinmiş və "Ədəbi parçalar"da da eyni başlıq ilə yer almışdır. İlk mətbu mənbə ilə son nəşrləri müqayisə edərkən məlum oldu ki, "Qərbə" şeiri ədibin həm "Seçilmiş əsərləri"ndə (2004, s.36), həm də "Boğulmayan bir səs" (2007, s.179) kitabında ciddi qüsurlarla dərc edilmişdir.
Şairin "Seçilmiş əsərləri"ndə şeirin son bəndinin birinci misrası - "Yox, yox əsla fələklər ağlatamaz" - kəlmələri unudulmuş və ya ixtisar edilmiş, bununla da əsərin strukturuna və məzmununa ciddi xələl dəymişdir. Adı vurğulanan nəşrdə "Qərbə" şeirinin ayrı-ayrı misralarında "qanlarla", "pəncəndə", "dedilər", "ifrit", "həp", "ağlatsın", "ancaq", "sancaq" sözləri təhrif edilərək və ya dəyişdirilərək "qanla", "pəncədə", "didilən", "əfriyyət", "bir", "ağlatmaz", "əlbət", "bayraq" şəklində verilmişdir.
A.İldırımın "Boğulmayan bir səs" (2007) kitabında da "Qərbə" şeiri təhrifə məruz qalmışdır. İkinci bəndin birinci misrası - "Ey siyah yüzlü vəhşi ifrit" dəyişdirilərək "Ey qızıl qan, ölüm saçan qüvvət" - kəlmələri ilə əvəzlənmişdir. Bu nəşrdə də redaktor müdaxiləsi müşahidə olunmaqdadır: "dedilər", "gözəl", "krallardır", "o krallar", "ağlatamaz", "sancaq" sözləri yanlış olaraq "didilən", "rəzil", "diplomatlardır", "o diplomatlar", "ağlatmaz", "bayraq" şəklində dəyişdirilmişdir.
A.İldırımın 1926-cı ildə işıq üzü görən digər bir şeiri "Maarif və mədəniyyət" jurnalının 12-ci sayında dərc edilən "Bən də ağlamıram" adlı əsəridir. "Boğulmayan bir səs" kitabının redaktoru "ənənəsinə" sadiq qalaraq altı beytlik şeirin bir misrasını: - "Qapadım bir məzara öksüzlüyün daşını" ixtisar etmiş, "Gözlərimdən silmişəm əminsizlik yaşını" - misrası təklənərək qafiyə sistemi pozulmuş, dördüncü beyt yarımçıq qalmış, əsərdə natamamlıq kompleksi özünü büruzə verməkdədir. Ədəbi redaktə ilə məşğul olan həmkarlarımızı fikir, düşüncə bağbanına bənzətmək olar. Amma unutmamalıyıq ki, klassik şeirdən ixtisar edilən hər bir söz, hər bir misra qolu, budağı kəsilmiş, sındırılmış ağaca bənzəyir. Nə qədər xoş məramla yanaşsaq da, yaralı, şikəst olduğu kənardan aydın görünəcəkdir.
Almas İldırım pyes yazıbmı?
Şair haqqında çap olunmuş çoxsaylı araşdırmalarda, kitab və məqalələrdə bu sualın müsbət cavabına təsadüf edilmir. Amma ilk dəfə bu suala əminliklə, birmənalı cavab vermək olar: Bəli, yazıb!
Almas İldırımın 1926-cı ildə
Süleyman Rüstəm ilə müştərək
"Kommunist" qəzeti nəşriyyatı vasitəsilə
çap etdirdiyi "Dün(ən) - bu gün" adlı
kitab janr etibarilə kiçikhəcmli mənzum pyesdir. Müəlliflər əsəri "oktyabr hadisəsindən
bir lövhə" və "qafiyəsiz mənzumə"
kimi oxuculara təqdim edir. Çox ehtimal ki, mənzumə
görkəmli səhnə ustası, Xalq artisti Hacıağa
Abbasovun rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı
üçün yazılmışdır. Teatrın
repertuarını milli sənətkarların əsərləri
ilə zənginləşdirmək üçün
yaradılmış ədəbi komissiyanın tərkibinə
görkəmli dramaturqlardan Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Abdulla Şaiq, Süleyman Sani Axundov və b.
daxil idi. "Dün(ən) - bu gün" əsərinin Tənqid-Təbliğ
Teatrının repertuarında yer alması məsələsi xüsusi
araşdırmanın mövzusudur.
Mənzum pyes iki pərdədən ibarətdir və 1917-ci il oktyabr inqilabının 8-ci ildönümünə həsr olunub. Hadisələr birinci pərdədə Peterburq şəhərinin kənarında, kiçik bir evdə, ikinci pərdədə isə Bakının geniş bir meydanında cərəyan edur. "Dün(ən) - bu gün" pyesinin yazılma tarixi çap olunma zamanı ilə üst-üstə düşmür. Əsərin 1924-25-ci ildə qələmə alındığını ehtimal etmək olar. Çünki "Oktyabr inqilabının 8 yıl dönümü münasibətilə yapılmış nümayişdə" çıxış edən İşçi Qurban: "Yeddi ildir ki, arkadaşlar biz, yüz çevirdik o qanlı dövrandan" - deyir.
Pyesin ikinci pərdəsinin əvvəlində "8 yıl sonra", remarkasında isə "Oktyabr inqilabının 8 yıl dönümü" yazılsa da, İşçi Qurban arkadaşlarına müraciətində Rus İmperiyasının "o qanlı dövran"ından, "alov saçan dəhşət"lərindən "yeddi il" ötdüyünü bəyan edir. Əsərdəki bu incə ziddiyyət bəzi örtülü məqamlara da aydınlıq gətirir. Güman etmək olar ki, Almas İldırım pyesi yazdıqdan müəyyən müddət keçdikdən sonra, əvvəlki mətbu şeirlərinə dost dəstəyini, himayəsini nəzərə alaraq redaktə və nəşr üçün onu Süleyman Rüstəmə təqdim edir. O isə pyesin bir il əvvəl yazıldığına diqqət yetirməyi unudaraq nəşr edildiyi ildə inqilabın 8-ci ildönümünün təntənəli qeyd olunacağını nəzərə alaraq mətnə əlavələr edir, düzəlişlərdə bulunur. Ümumiyyətlə, üslub fərqləri deməyə əsas verir ki, pyesdə yer alan inqilabi şüarlar S.Rüstəmə məxsusdur. Burada mövzu oktyabr olsa da, hadisələrin bətnindən törəyən mübariz inqilabçı obrazlar yaradılmamışdır.
Almas İldırımın arkadaşı Süleyman Rüstəmlə "müştərək yazdığı" "Dün(ən) - bu gün" adlı pyesin yalnız əski əlifba ilə nəşrini nəzərə alsaq yığcam məzmunu, süjet xətti üzərində bir qədər ətraflı dayanmağa dəyər.
Mənzum pyesin birinci pərdəsində hadisələr 90 yaşlı qoca, ixtiyar Vasilinin Peterburq şəhərinin kənarındakı kiçik, yoxsul görünüşlü evində baş verir. Onun bir oğlu Sergey üsyançılara qoşularaq rus mütləqiyyətinə qarşı vuruşur, digər oğlu Seryoja isə döyüşlərdə ağır yaralanıb və evə gətirilib. Vasilinin və onun xanımı Manyanın yaralı, ağrıların, sızıltıların əzabına dözə bilməyən oğluna təsəlli verməkdən başqa, digər - müalicə etdirmək, həkim çağırmaq - imkanları yoxdur. Gənclik illərində mülkədarın nökəri, sonralar fəhlə işləmiş Vasili bayırdan gələn atəş səsləri, top gurultuları altında yaralı Seryojaya praktiki tibbi yardım etmək üsullarından, vasitələrindən məhrum olsa da ömrünün ötən illərinin acı xatirələrini oğlu ilə bölüşür:
Vasili:
İmdi
doxsan yaşdayam hehat,
Sormadım bən gözəl, gözəl bir həyat.
Bən
çocuqkən mülkədarın nökəri
Oldum;
onların pək incidərdi bəni
Ağlayardım...
o qanlı yaşlarımı
Kimsə
silməzdi; of o keçmiş günlər,
Nə
müdhiş, nə qorxulu idi, əvət
Sonra
çatdım iyirmi beş yaşına
Fəhlə
oldum, uzun gün işləyərək
Həqqi-zəhmət
alardım əlli qəpik
Həqq, ədalət
bilinməz idi nədir!
Fəhlənin,
köylünün yazıq bəxti
Oğlum
iştə şu şəmə bənzərdi
Titrər
idi ölüm qucağında
Bizə
qan udduran o zalımlar
Şimdi müdhiş ölümlə əlləşiyor.
Əlbəttə,
Vasili 90 illik ömrünü, həyatını haqq-ədalət
olmayan bir mühitdə, çar rejimi şəraitində, əzab-əziyyət
içərisində keçirdiyi üçün onlara
"qan udduran o zalımlar"ın "şimdi
müdhiş ölümlə əlləş"məsindən
duyğulanır. Oğullarının cəsarətlə
iştirak etdiyi, igidliklə döyüşdüyü
üsyana böyük ümidlər bağlayır,
"Zülmü boğmaq, əsarəti yıxmaq"
üçün küçələrdən axan al qana
görə qürur hissi keçirir, zülməti nura qərq
edəcək yeni günəşin doğulmasına qəlbi,
ruhu ilə inanır:
Vasili:
Zəhmət
üfüqündə bir günəş doğaraq,
Nurə qərq etdi qanlı dünyayı.
İşçilər
qandılar hüquqlarını,
Zülmü
boğmaq, əsarəti yıxmaq,
Üçün,
üsyan yaratdılar, üsyan!
İmdi
dinlə, şəhərdə bax atılan,
Toplar, oğlum, nə gurlu səs veriyor.
Şimdi
al qan axır sokaklarda...
Vasilinin ailə üzvləri üsyanı dəstəkləyən,
inqilabi ruha köklənmiş, ictimai mənafeyi dərk edən
insanlardır.
Manya güllə yarasının
arğısından sızıldayan oğluna təsəlli
verir, həkim olmasa da onun tezliklə sağalacağına əminliyini
bildirir. Seryoja ağrılara, acılara
dözməyə, ona sinə gərməyə
üstünlük verir. Əsas fikri və
narahatlığı üsyanda iştirak edən
qardaşı Sergeydəndir. Seryoja qanlı
döyüşlərdə sinəsindən aldığı
dərin yaranı inqilabın ona bəxş etdiyi ən dəyərli
mükafat sayır:
Seryoja:
Heç
zərər yox, təhəmmül eyləyərəm,
Bir də
şimdi unutmayın ki, bənim
Şanlı
qovğada aldığım bu yara
İnqilabın gözəl hədiyyəsidir.
Annə
anlat, bəradərim Sergey
Nerede qaldı, xəbər, filan yoxmu?
Seryoja xəstə
durumu ilə yenidən döyüşlərə can
atmağı arzulasa da, yaraları, sağlamlıq durumu ona
imkan vermir. Vasilinin simasında haqqa, ədalətə,
zəhmətə, azadlığa dərin bir rəğbət,
yanğı görünür. O, mütləqiyyətə,
imperiya ambisiyalarına qarşı mübarizənin ön cərgəsində
dayanan, inqilabın məramına, amalına sadiq, halal zəhmətə
dəyər verən sadə xalq müdriki, düşüncə
adamı təsiri bağışlayır.
Vasili (həyəcanlı):
Bəsdir
artıq əzildik, aldandıq,
Daha yatmaq
zamanı yetdi, bu gün
Ayıq olmaq gəlir, əvət lazım.
Bir
günəşdir şu inqilab, şu inqilab ki, onun
Nuri bəxş
eyliyor bizə nemət
Bir
günəşdir ki, daima parlar,
Sayəsində
nicat bulur zəhmət,
Bir günəşdir ki, parlayar, sönməz.
Seryoja:
İnqilabmı? O bir axar çaydır,
Durmaz əsla axar, daşar, gurlar.
Hər nə
mane gələrsə qarşısına
Məhv edər, parçalar qucağında.
Şu
axar çay ki, inqilab adıdır
Qərbə,
Şərqə qan ağladan "mədəniləri"
Boğmaq
üçün axır şimdi
İnqilab
yıldızı üfüqlərdən
Nazənin
bir gəlin kibi çıxaraq
Güləcəkdir...
fəqət o zalımlar
Öləcəkdir,
gülər o dəm aləm...
Vasili ilə Seryojanın dialoqlarındakı fərqlilik,
hətta bəzi məqamlarda ziddiyyət ata ilə oğul
arasındakı əksliklərdən daha yüksəkdə
dayanır və oktyabr üsyanına bəslənilən
münasibət iki dünyagörüş, iki baxış,
iki nəsl arasındakı fərqliliyin təzahürü
kimi dəyərləndirilməlidir. Vasilinin fəlsəfəsinə
görə inqilab bir günəşdir, onun nuru insanlara halal zəhmət
yolu ilə nemət, bərəkət bəxş edəcək,
bəşəriyyət bu nicatdan, qurtuluşdan faydalanacaq.
Bu günəş hər zaman parlayacaq və
sönməyəcəkdir. Vasilinin utopik
düşüncələrində fərqli olaraq Seryojanın
baxışlarına əsasən inqilab "Hər nə mane
gələrsə qarşısına, məhv edər,
parçalar...".
Pyesin
müəllifləri 11 il irəliyə gedərək
tarixin yaddaşına günahsız insanların qanı ilə
yazılmış "1937"-nin, sanki anonsunu verirlər.
Repressiya dövrünün ədəbiyyat və sənət
camesi üçün tez-tez mətbuatda, iclas salonlarında təkrarlanan
"Bizdən deyilsənsə məhvə məhkumsan"
şüarının ilkin variantı Seryojanın mülahizəsində,
şərhində təqdim olunur...
Vasilinin qonşusu Petya başılovlu bu ailəyə gəlir
və gözaydınlığı verərək böyük
sevinclə üsyançıların Qış
Sarayını mühasirəyə aldığını
bildirir.
Petya:
Saray
mühasirədə...
Lakin imdi
şəhərdə çox var ölən...
Vəhşi
düşmən fərar edir, nə gözəl
Heç qəm etmə, bu dəm saray alınar.
İmdi
yüksək, gözəl saraydakılar
Bənzəyorlar qəfəs içində quşa.
Seryoja:
Söylə, nerdə bəradərim Sergey?
Bir xəbər bilmədinmi? Yoxsa o da...
Petya:
Bildim,
oğlum, o, imdi ordumuzun,
Ta önündə;
əlində bayraq var...
Onu imdi gözümlə gördüm bən.
Gözü əziz və doğma oğlu
üçün yolda qalmış Manya anaya Qış
Sarayının üsyançılar tərəfindən zəbt
olunması barədə ilk məlumatı yaralı vəziyyətdə
cəbhədən evə qayıdan Sergey özü
çatdırır.
Manya (titrək səslə):
Yetiş
artıq, yetiş, səninlə əvət,
İgid
oğlum bu gün qucaqlaşalım...
(Bu dəmdə qapı açılır, Sergey içəri
girir.
Hər kəsdə bir sevinc... qucaqlaşırlar.)
Sergey:
Gəldim annə, saray alındı sevin.
Manya:
Bitdi
artıq, demək ki, istibdad...
Nereden oğlum şu əlbisəndəki qan?
Sanki al qan içində üzmüşsən.
Sergey:
Annə
omuzumdan aldığım yaradan,
Öylə müdhiş degil, xəfif yaradır.
Gül
ki, zülmün yıxıldı heykəli, gül
Çıxdı parlaq günəş üfüqlərdən.
Nurə qərq etdi zəhmət aləmini.
Div
boğuldu, əsirlər azad oldu
Hər şey şəhərdə imdi bizim.
Bizi daim əsir
edən divlər
Məhv edildi və doğdu taleimiz.
Bir
ağızdan güləndə söyləlim,
Yaşasın
inqilab, bərabərlik...
Çar
üsul-idarəsinin, ədalətsiz rejimin, zülmkar, əzazil
məmurların ifşası ilə başlayan pyesin birinci pərdəsi
üsyançıların qələbəsi, Qış
Sarayının zəbt olunması, "azadlıq", "bərabərlik"
şüarları, gələcəyə böyük
ümidlər, arzular ilə tamamlanır.
Əsərin ikinci pərdəsi "8 yıl sonra"
adlanır və 1925-ci ildə, Azərbaycanın paytaxtında
cərəyan edir. İkinci pərdənin remarkasında
yazılmışdır: "Bakı, şəhər dairəsində
geniş bir meydança, Oktyabr inqilabının 8 yıl
dönümü münasibətilə yapılmış
nümayişdə işçilər, qadınlar...". Bu pərdədə inqilab
qəhrəmanları, alovlu tribunalar, partiya liderləri
görünmür. Müəlliflər tərəfindən
xüsusi vurğulanmasa da, "nümayiş" iri zavodlardan
birinin meydanında təşkil olunub, bayram
iştirakçıları və
çıxışçılar sadə iş adamları -
fəhlələrdir. Personajlar ona görə
işçilərdən seçilmişdir ki, inqilabın son
səkkiz ilində ictimai-sosial mühitdə, fəhlə həyatında
baş verən müsbət dəyişikliklər haqqında
məlumatlar daha inandırıcı, daha mötəbər
qarşılansın. İnqilabdan əvvəl əzənin,
əzilənin, inləyənin, zəlalətdə
ağlayanın, zülm və məhbəs həyatı
yaşayan hər kəsin indi "Həp səadət
içində qaynaş"dığını vurğulayan
ilk çıxışçı - İşçi Qurban
deyir:
İşçi Qurban:
Arkadaşlar!... Bu gün də hər bir kəs,
Həp səadət içində qaynaşıyor.
Hərə
öz zəhmətilə şən yaşayor,
Şimdi
artıq nə zülüm var, nə qəfəs
Nə əzən
var, nə inləyən, əzilən
Nə zəlalətdə ağlayan vardır.
Yeddi ildir
ki, arkadaşlar biz
Yüz çevirdik o qanlı dövrandan.
Bitdi
artıq alov saçan dəhşət,
Şimdi yox yurdumuzda bir vəhşət.
Od
saçarkən igid, dəmir əllər,
Çökdü artıq o qanlı heykəllər.
Mütləqiyyət
bu gündə devrildi,
Qadın, erkək, çoluq-çocuq güldü.
Arkadaşlar,
bugünkü bayramımız
Bizə ən
şanlı töhfədir, çünki
Bu qızıl gündə olmuşuz azad.
İşçi Qurbanın çıxışı
nümayiş iştirakçılarını vəcdə gətirir,
coşdurur.
Onunla həmrəy olanlar bir səslə: "Yaşasın
adlı, sanlı bayramımız!", "Yaşasın
anlı, şanlı bayrağımız!..",
- deyə şüarlar söyləyirlər. Nümayişdə
növbəti natiq İşçi Səmədin
çıxışı məzmun, hədəf etibarilə
İşçi Qurbandan az fərqlənir:
İşçi
Səməd (irəli gəlir):
Arkadaşlar,
igid vətəndaşlar!
Bir zaman
"insan olmayan" işçi,
Həp
çamurlar içində inlərkən,
"Bənə həqq ver" deyib də
qavrıldı.
Ən nəhayətdə həqq yerin buldu.
Şimdi
artıq bir hakim olmuşdur,
Vursan
üstündə od saçar çəkici.
Əks edər
hər tərəfdə, hər yerdə,
"Bənim
həqqim!.." deyən o gurlu səsi.
İki
qüvvətli qol, geniş köksü
Üzərində durur bütün dünya.
O "Dəmir
pəncə" həqq izin bulacaq,
Hakim olmaqdadır. Əvət... olacaq!..
İşçi
Səmədin düşüncələrində
keçmişə ekskursiya, insan sayılmayan,
"çamurlar içində inlə"yən, "Dəmir
pəncə" adlandırdığı fəhlə sinfinin
ağrılı, sıxıntılı dünəni,
keçmişi mühüm yer tutsa da, sabaha, gələcəyə
inamı böyükdür. Onun fikrincə,
"İki qüvvətli qol, geniş köksü üzərində
duran bütün dünya"ya işçi sinfi "Hakim
olmaqdadır. Əvət... olacaq!..".
Bu sarsılmaz
əminliyi, inamı həmkarlarına aşılayan,
onları sabaha ruhlandıran işçi Səmədlə - Səməd
Ağamalıoğlunun siyasi düşüncələri
arasında harmonik bir bağlılıq, həzin bir səsləşmə
duyulmaqdadır - desək, yəqin ki, yanılmarıq.
Əsərin
müəllifləri pyesin personajları arasında gender bərabərliyinə
də diqqət yetirmiş, Manyadan sonra "İşçi
qadın" obrazı vasitəsilə istibdad
dövrünü, Çar imperiyasının qadın
hüquqsuzluğunu möhkəmlədən, "çamur
yığını"na bənzədilən qanunları sərt
tənqid etmişlər. Çıxışda
keçmişin, dünənin qadınlıq və
qaranlıq lövhəsinin boyaları tündləşdirildikcə
bu günün xanımlarının çöhrələrində
təbəssüm, gülüş, həyatlarında əks
olunan işıq, yaraşıq "İnqilabın alov
saçan günəşi" ilə bütləşdirilir.
Pyesdə dünənin dəhşətli, əzablı mənzərəsi
bu günün "qızıl qadınlar"ının,
"qızıl bayram"ların təqdim olunan
görüntülərindən daha real, canlı və
inandırıcı görünür. Bu mənzərə
"İşçi qadın"ın
çıxışında da özünü büruzə
verir.
İşçi qadın (irəli gəlir, kəskin):
Bir
zamanlar unutmayın ki, bizim,
Qara quldan da fərqimiz yox idi.
Kirli zəncirlərin
içində ikən
Hıçqırıqlarla ağlayıb durduq.
Bizi bir
anlayan bulunmazdı,
Ən səfalətdə
biz qadınlardıq
Kimsə bilməzdi qız, qadın nə imiş.
Bəşəriyyət
içində bizlərçün,
Bir nicat yox, hüquq, ədalət yox.
O
qaranlıq, o kirli məhbəsdə,
Sızlayorkən həzin, yanıq səslə.
Çırpınardıq əsirələr kibi biz.
Şimdi
artıq o dəhşətin, zülmün
Odlu bir zərbə yıxdı varlığını.
Bizə həqq
verməyən o qanunlar,
Oldu bax şimdi bir çamur yığını.
İnqilabın
alov saçan günəşi,
Yaxdı, həp yaxdı əski dünyanı.
O zamandan
qızıl qadınlar həp,
Oldu insanlığın sevimli işi.
Gülüyor,
şimdi çöhrələr gülüyor,
Bir sevinc qaynaşır bax hər kəsdə.
Canlanır
şimdi bir gözəl duyğu
Bu
qızıl bayramın nəticəsi bu...
"İşçi
qadın"ın çıxışının sonunda nümayiş
iştirakçıları "Yaşa, sən binlərlə
ey igid annə!..", - deyə
hayqırır.
Maraqlıdır
ki, mənzum pyesdə iki obraz öz adları ilə deyil,
sosial durumları, ictimai mövqeləri ilə təqdim
olunmuşdur: "İşçi qadın" və
"Komsomol". Güman etmək olar ki, əsərin müəllifləri
Bakı şəhərində mövcud siyasi durumu, son
altı ildə aparılan antimilli demoqrafik prosesləri nəzərə
alaraq və saxta "beynəlmiləlçilərin"
peşində dayanacaqları əsassız ittihamlarından,
yersiz mübahisələrdən qaçaraq
"İşçi qadın" və "Komsomol"
obrazlarına milli adlar verməkdən çəkinmiş,
qeyri-milli adların verilməsini isə rəva görməmişlər.
Baxışlarına, düşüncələrinə
diqqətlə yanaşsaq "Komsomol" adının obraza
uyğun gəldiyini, onu bütün yönləri ilə
tamamladığını müşahidə edərik. Əslində, mənzum pyesdə "Komsomol"
siyasi obrazdır. O, "Şərqdən yüksələn
yanıq fəryad" üzərində manipulyasiya edərək
"qızıl inqilab"ları dünyaya yaymaq
arzusundadır.
Komsomol:
Odlu dəhşətlə
qaynaşan Qərbin,
Yenə qan gözlü, kinli cəlladı var.
Yenə dünyada sərvətin adı var.
Yenə
bayquşlar hökm edər, bağırır
Şərqdən
yüksələn yanıq fəryad,
Yenə bir inqilab deyib çağırır.
Arkadaşlar
bu gün unutmamalı
İşçilər var o qanlı yerlərdə.
Ki,
tutulmuşlar olmazın dərdə
Bu
geniş kütlələrlə əlbət biz,
Durmadan, durmadan yüyrütməliyiz.
Bu
qızıl inqilabı Şərqə yayın!..
Durmayın
işçilər bu gün də bizi
Ən böyük, şanlı bir zəfər bəklər.
Yürüyüb
həp geniş addımlarla
Bir həqiqi həyatə biz çıxalım.
Qoşalım
sosializm aləminə!..
Bir
ağızdan güləndə söyləyəlim:
Yaşasın
sosializm dünyası!
Mənzum pyes Komsomolun son şüarını
nümayiş iştirakçılarının gur səslə,
ucadan təkrarlaması ilə bitir.
Əsərin
ümumi məziyyətləri ilə bağlı bir neçə
söz söyləməli olsaq, öncə unutmamalıyıq
ki, "Dün(ən) - bu gün" mənzum
pyesi yazılanda onun müəlliflərindən Almas
İldırım 18, Süleyman Rüstəm isə 19
yaşlı gənclər idi. Nəşrin titul səhifəsində
"qafiyəsiz mənzumə" xatırlatması və əsərin
məzmununa, bədii sanbalına xüsusi diqqət yetirilməsi
A.İldırımı və S.Rüstəmi süni
"qafiyəpərdazlıq əzabı"ndan xilas edərək
fikrin yığcam, birbaşa çatdırılmasına,
asan başa düşülməsinə, səhnə
danışığı intonasiyasına, emosional təsir gücünə
malik olmasına xidmət etmişdir. Mövzunun
aktuallığı baxımından xüsusilə
şüarçılıqla haqqında parıltılı təsəvvür
yaradılmağa cəhd göstərilən "sosializm"
ideologiyası bu gün maraq və əhəmiyyət kəsb
etmir. Lakin əsərin Rusiya imperiyasının
keçmişindən bəhs olunan hissələrində
çar üsul-idarəsi sistemində ölkənin xalqlar həbsxanasına
çevrilməsi, insanların hüquq və
azadlıqlarının boğulması, haqqın, ədalətin
tapdanması, iri və xırda çaplı məmurlar tərəfindən
zülmün, dəhşətin, qəddarlığın,
qaniçənliyin günbəgün tüğyanı,
romanovlar və sovet rejimlərinin tarixi qəsbkarlıq ənənələrinin
bu gün də onların varisləri tərəfindən davam
etdirilməsi şübhəsiz ki, pyesin müasirliyinə,
çağdaşlığına əlvanlıq qatır.
Müəlliflik və fərdi üslub məsələsi ilə bağlı bir məqama da diqqət yetirilməlidir. Dilimizin orfoqrafiya lüğətində "gur", "gurultulu" sözlər mövcud olsa da, "gurlu" sözünə "Dün(ən) - bu gün" mənzum pyesi ilə yanaşı yalnız Almas İldırımın şeirlərində rast gəlinir. Kitabda yazarların imzası: "Süleyman Rüstəmzadə və İ.Almaszadə" şəklində verilmişdir. Bu araşdırmayadək elmi ədəbiyyatda Almas İldırımın "Dağlar səslənirkən" (1930) və Süleyman Rüstəmin isə "Ələmdən nəşəyə" (1927) şeir topluları bu gənc şairlərin ilk kitabları hesab olunurdu. Yeni tədqiqat isə onların ilk kitabının 1926-cı ildə "Kommunist" qəzeti nəşriyyatının çap etdirdiyi "Dün(ən) - bu gün" adlı kiçikhəcmli mənzum pyesin olduğunu təsdiqləyir. Hər bir yazar üçün ilk kitabın əziz, unudulmaz olduğu halda hər iki şairin "Dün(ən) - bu gün" əsərini belə tez "unutmalarının" səbəbi nə idi?
Şübhəsiz ki, əsas səbəb Almas İldırıma siyasi damğa vurularaq onun Dağıstana, sonra isə Aşqabada sürgünə göndərilməsi və nəticədə onun 1933-cü ildə gizli yollarla Türkiyəyə mühacirət etməsi idi. (Məqalənin sürgünlə bağlı hissəsində bu barədə daha ətraflı məlumat veriləcək - A.R.).
A.İldırım 1927-ci ildə
S.Rüstəmə "Mayıs gözəlinə"
adlı şeir həsr edib "Maarif və mədəniyyət"
jurnalında çap etdirsə də, S.Rüstəm
İ.Almasın ideoloji cəbhədə ən sərt tənqidçilərindən
birinə çevrilir. Ondan "proletar şairi
çıxmayacağı" qənaətinə gəlir və
bu fikri İldırıma Ədəbiyyat cəmiyyətinin
iclasında açıq bildirir. Yəqin ki,
"xalq şairi" dünəninə nəzər salaraq
sovet rejimi dönəmində adının "xalq
düşməni" ilə bir yerdə "Dün(ən) -
bu gün" kitabı ilə bağlı olaraq
xatırlanmasını istəmirdi və istəməzdi də...
İki dostun, iki həmkarın arasından əsən soyuq,
siyasi ruzigar onların ilk kitabının, ilk mənzum
pyesinin adını ədəbi camedə uzun müddətə
unutdurdu.
Davamı
gələn sayımızda
Asif
RÜSTƏMLİ
Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.6-8.