Müasir qazax ədəbiyyatında
Nizaminin özü və
sözü
Xalijan Bekxojinin "Afaqnamə"
poeması əsasında
Müasir
mərhələdə türk milli-estetik təfəkkür
keyfiyyətlərini özündə qoruyub saxlayan, milli-mənəvi
varislik ənənələrindən əhəmiyyətli dərəcədə
bəhrələnən, onun genetik-funksional
daşıyıcısına çevrilən, türk
xalqları mədəniyyətinin inkişafına layiqli
töhfələr verən xalqlardan biri də qazaxlardır.
XIX əsrin əvvəllərindən başlayaraq yeni tipli
yazılı ədəbiyyata sahiblənən qazaxlar son iki
yüz ildə Abay Kunanbayev, Cokan Vəlixanov, Cambul Cabayev, Sabit
Dopentayev, Səkən Seyfullin, Sabit Mukanov, Mukaqali Maqotayev,
Muxtar Auezov, Xalijan Bekxojin, Oljas Süleymenov və b. sənət
adamlarının formalaşdırdıqları böyük ədəbiyyat
nümunələri ilə qazax ədəbi sərhədlərini
aşaraq ümumtürk mədəniyyəti arenasında
özlərini təsdiqləmiş və bu arenada əhəmiyyətli
yerlərdən birini tuta bilmişlər. Bu sırada
böyük yaradıcılıq irsinə sahib olan, müasir
qazax ədəbiyyatının görkəmli nümayəndəsi,
tanınmış şair, dramaturq, tərcüməçi
Xalijan Bekxojinin (1913-1990) xüsusi yeri vardır. Xalijan Bekxojin sənəti
mövzu, forma, dil, üslub və s. xüsusiyyətləri ilə
fərqlənən, xalq şeiri ənənələrinə
bağlı olan və modern düşüncəyə
söykənən yaradıcılıq nümunəsidir. Bu
yaradıcılıq sənətkarın
yaşadığı müasir dövrün ictimai-siyasi
gerçəkliklərini əks etdirməklə
yanaşı, tarixin dərinliklərinə enərək
zamanından asılı olmayaraq hadisələrə
milli-tarixi kontekstdə dəyər vermək keyfiyyətləri
ilə fərqlənmiş və oxucuların diqqətini cəlb
etmişdir. Xalijan Bekxojin "Akan Atayev", "Ürəklər
sadiqdirsə", "Güclü yağışdan
sonra", "Qəzəb axını", "Himalay şəfəqləri"
və s. dramlarında, o cümlədən "Səhra
komissarı", "Aleksandr Nevski", "Kreml gözətçisi",
"Batır Nayan", "Orman qızı", "Partizan
Baltabay", "Afaqnamə" və s. poemalarında sənətinin
özəl keyfiyyəti kimi mənsub olduğu xalqın milli-mənəvi
dəyərlərinə sədaqət nümayiş
etdirmiş, daha çox tarixi fakt və real gerçəkliklərə
əsaslanmaqla özünün milli duyğularını ortaya
qoya bilmişdir.
Xalijan
Bekxojinin Azərbaycan-türk mədəniyyətinin, eləcə
də Yaxın və Orta Şərq ədəbiyyatının
inkişafında mühüm rol oynamış Nizami Gəncəvinin
həyat yoldaşı Afaqın şərəfinə
yazmış olduğu "Afaqnamə" (1970) tarixi
poeması türk milli-mədəni tarixinə münasibət
tipində klassik Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyat
və yaradıcılığının dəyərləndirilməsi,
təbliği və tərənnümü baxımından əhəmiyyətlidir.
Lakin əsərin aparıcı xəttində Nizami Gəncəvi
obrazı saxlanılsa da, qıpçaq soyundan olan müəllifin
qıpçaq soylu Afaqı vəsf etməsinin və onun
şərəfinə poemanı "Afaqnamə"
adlandırmasının kökündə subyektiv amillərin
dayanmasını inkar etmək mümkün deyil:
Sənin
söz dünyana yaraşıq verən,
O
qızı vəsf etmək istəyirəm mən.
Qıpçaqların
qazax nəvələrinə,
Afaqı
tanıtmaq vacibdir mənə.
Yetiş
köməyimə, ey ustadım sən,
Söz
açım Afaqın hekayəsindən.
Ancaq
qeyd etməliyik ki, mövcud subyektiv amillər nə qədər
güclü olsa da, poemada Nizami Gəncəvi xəttinin
aparıcılığına xələl gətirmir.
Çünki "Afaqnamə"nin əsas qayəsini, belə
demək mümkünsə, Nizaminamə təşkil edir. Bu səbəbdən
16 mənzum parçadan ibarət olan poemanın
"Qıpçaq qızı haqqında nəğmə",
"Kənizin fəryad səsi", "Nizaminin kənizə
müraciəti", "Afaqın sözü",
"Afaqın ölümü" başlıqlı
yalnız beş bölümündə Afaqın tərcümeyi-halı,
onun xarakteri, əqidə və ləyaqəti ilə
bağlı məqamlar daha çox bədii təxəyyül
nümunəsi olaraq oxucu təsəvvürlərində yer
alır. Müəllif poemada Afaqı üç məkan və
üç məqamda təqdim edir. Qıpçaq elində, Dərbənddə
və Gəncədə. Qıpçaq elində rahat, sərbəst,
azad yaşayan qıpçaq xanının qızı kimi, Dərbənddə
Dərbənd əmirinin əsiri (kənizi) kimi və Gəncədə
xoşbəxt ailə həyatı yaşayan şair Nizaminin həyat
yoldaşı kimi. Bütün məkan və məqamlarda
şair Afaqı mərd, cəsur, əqidəli, vəfalı,
ismətli, ailəcanlı, el-obaya bağlı və s. şəklində
canlandırır. Təbii olaraq poema boyu hadisə və əhvalatların
əksər hissəsi Nizami-Afaq xətləri paralelliyində,
üst-üstə düşmə və ya kəsişməsində
təqdim olunur.
Afaq
Nizami Gəncəvinin həyat yoldaşı kimi tarixi şəxsiyyət
olsa da, "Afaqnamə" poemasında o, daha çox müəllif
təxəyyülündə formalaşan obraza çevrilir.
"Afaqnamə"
poemasında biz Afaqı ilk öncə doğma qıpçaq
elində görürük. Afaqın atası Qutan
qıpçaq xanıdır. O, hərbi kömək məqsədilə
dostu knyaz Oleqin ölkəsinə gedir. Bundan istifadə edən
Dərbənd hakimi qıpçaq elinə qoşun göndərir
və əsir götürülən Afaqı hərəmxanasına
gətizdirir. Sərt itaətsizlik göstərib öz ismətini
qoruduğu üçün əmir onu qul kimi satmaq qərarına
gəlir. Dərbənd əmirinin
çağırışı ilə Dərbəndə gələn
Nizami zindanda Afaqın kədər dolu ah-naləsini eşidir və
onunla ünsiyyət qurduqdan sonra Afaqa olan məhəbbətini
gizlədə bilmir:
Xoşbəxt
ollam, səndə duysam
Eşqə
oxşar, bir rəğbəti.
Səni
azad etmək üçün
Canımdan
da keçərəm mən,
"Nə
istəsən seç" - desələr
Yalnız
səni seçərəm mən.
Nizami
Dərbənd əmirindən xahiş edərək onun qul kimi
satmaq istədiyi Afaqı əsirlikdən azad etdirir və Gəncəyə
gətirərək onunla ailə qurur. Öz xoşbəxtliyini
Gəncədə tapan Afaqın Məhəmməd adlı
övladı dünyaya gəlir. Poemada göstərilir ki,
Şirvanşah Axsitanın əmri ilə onun
görüşünə gedən Nizami bir müddət Gəncədə
ola bilmir. Bu zaman Gəncədə baş vermiş
güclü zəlzələ nəticəsində Afaq
ölür. Poemanın əsas məzmun xəttində
oturmuş bu hissədə Nizaminin Dərbənd səfəri,
Afaqın zəlzələ nəticəsində
ölümü və s. müəllif təxəyyülünün
məhsulu olsa da düşündürücüdür.
Xüsusilə, ömründə yalnız bir dəfə
Qızıl Arslanın dəvəti ilə Gəncəni tərk
edib onun 30 ağaclığına səfərə
çıxmağın fonunda Nizaminin Dərbənd səfərinin
xəyal və ya gerçək olması böyük maraq
doğurur. Müəllif məqsədli olaraq Nizamini proseslərin
mərkəzində saxlamaqla poemada onun aparıcı obraza
çevrilməsini təmin edir, baş obraz simasında
Nizaminin tərcümeyi-halı və şəxsiyyətinə,
zəmanəyə və dövrün hakimlərinə,
insanların əxlaq, davranış və
dolanışıqlarına, ailə, övlad və
qohumlarına, sənət və yaradıcılıq
baxışlarına və s. məsələlərə
tarixilik və təxəyyül yanaşmasında münasibət
bildirir.
"Afaqnamə"
poemasında Nizami Gəncəviyə müəllifin rəğbət
və məhəbbəti sonsuz dərəcədədir. Bu səbəbdəndir
ki, müəllif əsərdə "şeir
mülkünün sultanı" hesab etdiyi Nizamiyə məhəlli
deyil, qlobal müstəvidə yer verir.
Xalijan
Bekxojin "Afaqnamə" poemasında Nizami obrazını hərtərəfli
əks etdirmək üçün məsələlərə
şəxsiyyət və mühit, sənətkar və zaman
kontekstində yanaşmağa üstünlük verir. Əsərdə
Nizaminin doğulduğu yer, yaşadığı mühit,
valideynləri, təhsili, hökmdarlarla görüşləri,
əsərlərindən bəzi fraqmentlər, ailə
qurması, oğlu Məhəmməd, həyat yoldaşı
Afaq və s. haqqında müxtəlif xarakterli məlumatların
yer alması şairin Nizami Gəncəvinin həyat və
yaradıcılığına kifayət qədər bələd
olmasından xəbər verir. Bu səbəbdən müəllif
əsərdə məsələlərə kompleks
yanaşmış və Nizaminin bütöv obrazını
yarada bilmişdir.
Əsərin
"Gəncəli şair haqqında beytlər" hissəsində
Nizaminin həyatı, mühiti və şəxsiyyəti ilə
bağlı tarixi həqiqətləri özündə əks
etdirən məlumatlara rast gəlmək mümkündür.
Poemada İlyas (Nizami), Yusif (Nizaminin atası), köçəri
bir tayfadan olan igid qadın (Nizaminin anası) və b.
adların yer aldığı poetik misralarda tarixə sədaqət
nümayiş etdirildiyi üçün həmin misralarda
ehtiva olunan tarixi dəqiqlik Nizami ilə bağlı Azərbaycan
ədəbiyyat tarixlərində yer alan tərcümeyi-hal
faktları ilə üst-üstə düşür.
"Afaqnamə"də
Nizaminin valideynlərinə kifayət qədər dərin
hörmət və məhəbbət nümayiş etdirilir.
Nizaminin atasını - Yusifi oxuculara zəhmətkeş,
düzlüyü və halallığı ilə seçilən
bir insan kimi təqdim edən müəllif, onun
qayğıkeş ata obrazını da önə çəkməyi
daha əhəmiyyətli hesab edir. Nizaminin atasının real
tarixi anlamda təqdimatı ilə müəllif tarixi həqiqət
amilinə təkcə istinad etməmiş, həm də ona sədaqət
nümayiş etdirmişdir:
Şairin
atası cavanlığından,
Gəncə
şəhərində qazanıb ad-san.
Yusif
pul qazanıb alın tərilə,
Qoymayıb
yoxsulluq çəksin ailə.
Götürən
deyildi özgə minnəti,
Sevirdi
düzlüyü, halal zəhməti
Fərasətli
görüb o öz oğlunu
Oxudub
kamala çatdırdı onu.
"Afaqnamə"də
Nizaminin anası igid köçəri tayfanın məğrur
qızı kimi yad edilir və dünyasını vaxtsız dəyişməsinə
təəssüflə yanaşılır. Bu fakt Azərbaycan
Nizamişünaslığında da yer alır və Nizami
şeirindən gətirilən sitatla təsdiqlənir:
Gər
madəre-mən Rəiseyi-qord,
Madər sefatane pişe-mən mord.
("Mənim
anam igid Rəisə,
Ana sifətində qarşımda öldü").
Xalijan
Bekxojin poemada Nizaminin anasının insani və nəciblik
keyfiyyətlərini mənsub olduğu nəslin genetik
xüsusiyyətləri ilə bağlayır:
Anasını
vaxtsız itirdi İlyas,
Ona gizli-gizli saxlayırdı yas.
İgid
tayfadandı qadının əsli,
Köçəri bir həyat sürürdü nəsli.
Onlar namus
üçün keçər canından,
Yoxdu
qorxuları xandan-xaqandan...
Nizaminin xarakteri, ictimai-siyasi və ədəbi-fəlsəfi
baxışları əsərdə Afaq, Dərbənd hakimi və
Qızıl Arslan obrazlarına münasibət və bu
obrazlarla müqayisədə açıqlanır. Əgər Nizaminin xarakteri
Nizami-Afaq xəttində daha çox ailə-məişət,
sevgi, məhəbbət, yurda bağlılıq, xoşbəxt
həyat və s. istiqamətində üzə
çıxırsa, Nizami-Dərbənd əmiri və
Qızıl Arslan xətlərində isə obrazın
xarakteri ictimai-siyasi baxış və sənətə
münasibət kontekstində müəyyənləşir.
Nizami-Afaq müstəvisində müəllif Nizamini 3
müxtəlif situasiyada təqdim edir. Əgər Nizaminin Afaqla Dərbənddə
görüşü, ona qəlbən bağlanması və
ailə qurub xoşbəxt həyat yaşamasını
özündə əks etdirən əvvəlki iki situasiyada
Nizamini gözəllik qarşısında baş əyən
bir şair, xoşbəxtliyi saf məhəbbətdə, pak
ailədə, ülvi hisslərdə görən bir aşiq və
bir insan kimi görürüksə, Afaqın ölüm faciəsinin
yaratdığı sonuncu situasiyada isə onu qol-qanadı
sınmış, sevinci oğurlanmış, məhəbbəti
yetim qalmış kədərli insan simasında
görürük.
Xalijan
Bekxojin "Afaqnamə" poemasından Nizaminin Dərbənd
hakimi və Qızıl Arslan kimi iki nəhəng hökmdarla
görüş səhnələrindəki
danışıqlarını real tarixi şəraitə
uyğun qurur, doğru olaraq Nizamiyə verilən dəyəri
bilavasitə onun şairlik istedadına göstərilən
hörmətin nəticəsi kimi təqdim edir.
Lakin Nizaminin Qızıl Arslanla Gəncədən 30
ağac məsafədə görüşməsi mənbələrdə
təsdiqini tapsa da, öncə qeyd etdiyimiz kimi, onun Dərbənd
əmiri ilə görüşməsi faktını təsdiqləyən
mənbələr əlimizdə yoxdur. Bu mənada
Nizaminin Dərbənd əmiri Seyfəddin ilə
görüşünü əks etdirən səhnədə
bədii təxəyyül real tarixdən öndə
dayanır. Ancaq bütün hallarda
hökmdarlarla görüş səhnələri poemanın ən
maraqlı epizodları sırasında yer alır.
Bu sırada siyasi tarix meydanlarında amirlik və mənəm-mənəmlik
iddialarında olan hər iki hökmdarın Nizami ilə
görüş səhnələrində məşhur
"şair hökmdarın hüzurundasan" iddiasından
uzaqda dayanmaları səbəblərinin
açıqlanmasını oxucu heyrətlə
qarşılayır. Poemanın "Dərbənd əmirinin yanında",
"Simnarın tərifi və Xəvərnəq qəsrinin
tikilməsi", "Əmirin qərarı",
"Qızıl Arslanla görüş",
"Bayquşların söhbəti" və "Firdovsinin vəsfi"
hissələrində hər iki hökmdarın Nizami söz səltənəti
hökmranlığını özlərinin siyasi səltənət
hökmranlıqlarından üstün tutmaları Nizami əbədiliyi
qarşısında "tərksilah olub" iddiasız
dayanmalarının səbəbi kimi göstərilir.
Əsərdə
Nizami əzəməti və böyüklüyü
qarşısında "tərksilah olan" Dərbənd
hakimi və Qızıl Arslanın etirafları ardıcıl
olaraq bu cür təqdim edilir:
Şeir
dünyasına sənsən hökmran,
Sözlərində tapdım saysız incini.
Şahların
qaş-daşlı taxtı-tacından,
Sənin şan-şöhrətin əzəmətlidir.
Yaxud
Ey ismi
dünyada qalacaq insan!
Barındırram səni dünya malından.
Bilməzsən
dünyada nədir ehtiyac,
"Xosrov və Şirin"də adımı ansan.
Bu səbəbdəndir ki, poemada hökmdarlarla
qarşılaşdığı səhnələrdə
Nizamiyə söz mülkünün sultanı tipində
önəm verilir və həmin hissələrdə şeir-sənət
düşüncələri ictimai-siyasi baxışları
üstələyir.
Şair
bu cür epizodlarda məqsədli olaraq sözün
daş-qaşdan, şeirin səltənətdən, şairin
hökmranlıqdan üstünlüyündən bəhs edir,
Nizamini adi şair deyil, söz qoşunları ilə əbədiyyət
fəth edən fateh, qələmi qılıncdan iti, nizədən
sivri olan söz komandanı, Allahın yaratdığı
möcüzə və s. möhtəşəmliyində
hökmdarlarla üz-üzə saxlayır.
Bu görüşlərdəki heyrətləndirici məqam
saray, xəzinə, səltənət deyil, söz və onun
qüdrətidir. Ona görə də poemada Nizami
"Divan"ı və "Xəmsə"si ilə bəzədilmiş
könül sarayları ləl-cəvahir və
daş-qaşla bəzədilən saraylardan daha əzəmətli
görünür. Saraydakı prosesləri
əks etdirən bu cür səhnələrdə Nizami əsərləri
və Nizami obrazlarının dilə gətirilməsi
geniş mənada sarayların özlərindən
asılı və asılı olmayaraq Nizami mənəvi
ruhuna olan ehtiyac və ehtiramının göstəricisinə
çevrilir. Əsərdə Dərbənd hakiminin
timsalında Nizami "Divan"ının hikmətindən, qəzəllərinin
incə ruhundan, "Yeddi gözəl" poemasındakı
Simnar və Nemanın əhvalatlarından bəhs
açılması Nizami ideyalarının təbliği və
saray mənəvi boşluqlarının doldurulması
baxımından əhəmiyyətlidir.
"Afaqnamə" poemasının "Simnarın tərifi
və Xəvərnəq qəsrinin tikilməsi" hissəsi
dahi Nizaminin "Yeddi gözəl" poemasının eyni
başlıqlı fəslindən cüzi ixtisarla iqtibas
edilmişdir.
Eyni əhvalatları və eyni aparıcı obrazları eyni
hadisə ardıcıllığı ilə "Afaqnamə"yə
daxil etməklə müəllif poemanı Nizami ənənələrinə
uyğun zənginləşdirmiş, bir daha dahi Nizamiyə
ehtiramını bildirmiş, müasir oxucunu Nizaminin söz-sənət
sehri ilə üzbəüz saxlamış, düşüncələrdə
Nizaminin əzəmətli obrazını
canlandırmışdır.
Qeyd edək
ki, Xalijan Bekxojin "Afaqnamə" poemasında "Yeddi
gözəl" əsərindən iqtibas edilən hissədəki
Nizamiyə məxsus mövzu, məzmun və ideya prinsiplərinə
sadiq qaldığı kimi, onun sənətinin söz və
şeir ahəngini də qorumağa
çalışmışdır. Bu
yaxınlığı hər iki əsərin Azərbaycan
dilində çap olunmuş nüsxələrinin müqayisəsində
(tərcüməçilərin fərqli olmasına
baxmayaraq) müşahidə etmək mümkündür.
Nümunələrə nəzər salaq:
Bilsəydim
əvvəlcə, inanın ki, mən
Bu yolda bəsləyib
özgə bir əməl,
Bir bina
tikərdim gözəldən gözəl
Bəlkə
daha artıq zəhmət çəkərdim
Bundan xeyli gözəl saray tikərdim.
("Yeddi gözəl")
Bilsəydim
sən belə səxavətlisən
Səyimi birə-beş artırardım mən.
Bir saray
tikərdim, bundan da qəşəng
O saray
olardı gündə yeddi rəng.
("Afaqnamə")
və yaxud
Bilsəydi
belədir ömrünün sonu
Üç
qarış edərdi tikərkən onu
("Yeddi gözəl")
Bilsə
atacaqlar qüllədən onu
Beş
qarış eylərdi qüllə boyunu
("Afaqnamə")
Xalijan Bekxojin Nizaminin "Xosrov və Şirin" əsərindən
"Afaqnamə"yə poemanın mövzusu ilə
uzlaşan misralar daxil etmiş, Nizami sözünün bədii
qüdrətindən faydalanmağa
çalışmışdır. "Xosrov və Şirin"
poemasının "Xosrovun məqbərəsində
Şirinin özünü öldürməsi" hissəsində
Afaqı xatırladan misralar da yer almışdır:
Oxu bu
dastanı qəlbində kədər,
O gözəl
Şirinçün ağla bir qədər.
Xalijan Bekxojin "Xosrov və Şirin" poemasına
aid olan yuxarıdakı şeir parçasının bəzi
misralarını eynilə "Afaqnamə" poemasına
daxil etmişdir. Şairin həmin misraları poemaya daxil
etməkdə əsas məqsədlərindən biri Nizaminin
Afaq üçün söylədiyi Nizamiyanə sözlərlə
öz "Afaqnamə"sini bəzəmək, əsərin
təsir gücünü və ifadə gözəlliklərini
daha da artırmaq olmuşdur.
Mənim
Afaqıma bənzərdi Şirin
Afaqtək
müdrikdi, gözəldi Şirin.
O qıpçaq
bütünü Dərbənd hakimi
Bəxş etmişdi mənə bir töhfə kimi.
Nəticə
etibarilə deməliyik ki, Xalijan Bekxojinin "Afaqnamə"
poeması dahi Nizaminin həyat yoldaşı Afaqın şərəfinə
yazılsa da, Nizami ədəbi irsinə, Nizami şəxsiyyətinə
böyük sevgi və diqqətin olması səbəbindən
əsərin Nizaminamə səciyyəsi xeyli yüksəkdir.
Bu mənada Nizaminin özünün və sözünün
obrazlaşdırıldığı "Afaqnamə"
poeması müasir qazax ədəbiyyatında Azərbaycan ədəbiyyatının,
eləcə də Yaxın və Orta Şərq mədəniyyətinin
dahisi Nizami Gəncəvinin şəxsiyyətinə, sənətinə,
yaradıcılıq ənənələrinə dərin
hörmət və ehtiramın nümunəsi kimi əhəmiyyətlidir.
Elman QULİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.18-19.