Hadrut fatehi
Poema
Vətən müharibəsi Qəhrəmanı
Camal İsmayılovun əziz xatirəsinə
sayğılarla!
Proloq
Uğrunda
canından keçən oğullar
Səni Kəbələri
bildilər, Vətən!
Məzarlar
sinəndə qibləm oldular,
Səni məzar-məzar
böldülər, Vətən!
Ruhları
göyündə cəng edənlərin,
Canları səndədir xəzinə kimi.
Şəhid
məzarına baxanda bildim
Varlığın yoxluqla isindiyini.
Xəyalən
illərim geriyə dönür,
Nələr düşüncəmdə gör
sıralanır?
Başımın
üstündə bulud hönkürür,
Ayağım altında torpaq fırlanır.
Fırlanır
başıma dünya burada,
Bu məzar daşına dönmək ibadət.
Burdadır
heykəli azadlığımın,
Burdadır
Qazilik, Qəza, Şəhadət.
Burda bir
can yatır, cahan sevgili,
Qanıyla azadlıq göyərdən oğul.
Sənlə
təqvimimin qara günləri
Silindi,
yazıldı göy, ərdəm oğul!
Əkildi
danışıq masalarından,
Düşmən öz qoyduğu ağır şərt
ilə.
30 il Qarabağ yandı, alışdı,
Yaşadı köksündə ağır dərd ilə.
Daşdı,
nəhayət ki, səbr kasası,
Çıxdı qeyrətinin qılıncı
qından.
Daha
ayaqları keçdi ərlərin
Bir vaxt könlü keçən Qarabağından.
Düşmən
çox geyindi hiylə donunu,
Cəbhədə fitnəyə, şərə əl
atdı.
Ali
Baş Komandan "Vur" əmrin verdi,
Oğullar cəbhədə cəbhə yaratdı.
Düşmən
gec anladı, çox gec anladı,
Tək sevgi soyudar türkün hirsini.
Dünəndən
daşıdıq üzü sabaha
Biz bizə yadigar Vətən irsini.
Durmuşuq
üz-üzə danışırıq biz,
Mən canlı ölüyəm, sən ölü diri.
Bağrıma
basıram burda sevgiylə
Bu torpaq məzarı,
Vətən qəbiri!
Qanı
qüslü olan ey pak Şəhidim,
Kəfənin - Bayrağım xalqın varıdır.
Qanınla
yazıldı şanlı Zəfərim,
Ölümün ölümün intiharıdır.
Fikir səyahəti
Yol
alıb özümdən çıxmışam yola,
Şəhid Camalımın ziyarətinə.
Qəlbimdə
adını an-an zikr edib,
Şükür oxuyuram Şəhadətinə.
Şükür,
Vətənimdə aslan ürəkli,
Polad iradəli oğullarım var.
Onların
hər damla axan qanından,
Torpaq bütövlənər, Vətən yoğrular.
Çıxmışam
bir yola, solda Ana Kür,
Sağ
ucsuz-bucaqsız yonca çölləri.
İlıq
nəfəsini içirəm yazın,
Gözümdə
sellənir yonca gülləri...
Neftçalanın
qumlu, şoran torpağı
Oğullar yetirdi Oğul deyənə.
Həmin
oğullar ki, candan keçərək,
Susadılar Vətən şirinliyinə.
"Azadlığı
istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək,
qıram, qıram!"
Deyən
şair,
Əyilməyən,
sarsılmayan
Ruhunla sən.
Bircə
anlıq qonaq gəlsən,
Azadlığın
bar verdiyin
Camal kimi
oğulların,
Bu Vətəni
dikəltdiyin bircə görsən,
Yüz-yüz
şeiri qurban kəsər,
Misrana
eşq donu geyər,
Alqış
deyərdin ruhlara...
Bu gün
yoxsan,
Anan Təbriz,
balan Təbriz
Qoşa dağla dözmədi ki, dəmir qəlbin.
Yox, ölmədin.
Gördün
yerdə artır riya,
Çəkildin, getdin Tanrıya.
Bəli,
Xəlil Rza, daha kimləri,
Yetirmiş üstündə gəzdiyim torpaq?
Tarix səhnəsində
çox rol oynanır,
Tarixdə tarixi yazan qalacaq.
Biz qalib gəldik!
1984-cü
il,
Cırhacır
yay...
Açıldı
qaranlığın qapısı taybatay,
Bir
işıq doğdu,
Adına Camal dedilər.
O da
camalı oldu
Həqiqətin, cəsarətin.
Labirint
döngələr dolu yolu
Düz addımladı.
Uşaqlığından
doğmalarından,
Düzün
əyrini kəsdiyini eşitmişdi
Və bu deyimi qulağında sırğa eləmişdi.
Qorxmadı addımladı üzü küləklərə.
Arxasını
çevirmədi,
Dik baxdı uşaqlığından qorxusuna.
Orta məktəb
illərini gah Neftçalada,
Gah da uzaq
Rusiyada
aldı.
Krasnoyarski
Krayın soyuğu da
Vətənə sevgisini soyutmadı.
O,
işıq düşüncəsinə
Bircə an da Vətənsiz yer buraxmadı.
Sevdi Vətənini,
Vətəndən uzaqda.
Anasına:
- Vətən
haqda
Danış,
- dedi.
Filara Ana
Vətən
gözəlliklərini,
İlmə-ilmə toxudu oğlunun yaddaşına.
Vidadi ata
Neftçala
təbiətinin rəsmini çəkdi dodaqlarıyla,
Camalın gözlərinə.
Vətən
sevgisiylə böyüdü qürbətdə,
Hər
gün arzuları vətənə hicrətdə
Belə
böyüdü, belə!
Uşaqlığından
Vətən yanğısı
yer
elədi özünə canında,
Vətən sevdasına təşnəliyi daddı.
Dodaqları təpidi Vətən deyəndə.
10
yaşında döndü qibləsinə -
Neftçalanın Həsənabad qəsəbəsinə.
Neftçalada
1 nömrəli məktəbdə oxudu,
- Örnək
oldu tanıyanlarına, -
Filara ana
Bunu yana-yana deyirdi.
Camal məktəb
bitirdi,
Diş
texnikliyinə qəbul oldu,
Oxumadı!
Onu qəlbindəki
hiss çəkirdi,
Apardı.
Bu
sevdanın canı Vətən,
Qanı məhəbbət!
Yollandı
hərbi xidmətə,
Sevgiylə
atdı o hərbi addımlarını,
Ümiddən
doldurdu silahını,
Arzularını tuşladı Şuşaya.
Xüsusi
Təyinatlı Qüvvələrə yazıldı evdən
gizli
Türkiyədə keçdi ilk hərbi təlimi.
Döndü
Vətənə çiynində ulduzlar
Göydəki ulduzlara göz dağı.
Azad eləməyə
Qarabağı
Tələsdi...
Qaçdı
hərdən özündən xəbərsiz o torpaqlara,
Açdı
könlünü ömür-gün yoldaşına:
"-
Fatimə,
Bir
gün Şəhid olsam,Vətən
yolunda,
Saçını yolma.
Qızlarım
sənə, sən Vətənə əmanətim!
Ey
sevdası "Quran" ayələrim,
Oğlum
dünyaya gələcək,
Adını Alparslan qoyarsız.
O məndən
sonra davamın davamı!
Mən
olmayanda yoxluğumda,
Uşaqlarımdan alarsan havamı.
Nə qəm çəkərsiz, nə
ağlayarsız.
Nə qara bağlayarsız.
Qoparmazsız Vətən yaralarını
yaxınlarımın.
Sizin xoşbəxtliyinizə dirsəklənəcək
ruhum.
Təsəllim,
Şəhid olmağım olacaq.
Vətən azadsa, biz xoşbəxtik ancaq.
Əsnadım,
Əsmətim
Bir də
üzünü görmədiyim bətnindəki gələcəyim
Sənə xatirələrimin canlı
yaşantılarıdır.
Hər
gün yaş keçdikcə
Kiçildikcə
boyu ömrün,
Böyüt
onları Vətən üçün!".
Hər gün
həyat yoldaşına
Keçirdi bu təlimi.
Dammışdı
ürəyinə
Bilirdi çox erkən gedib - dönməyəcəyini.
Qızı
hərdən sual verərdi:
- Ata, təqaüdə
nə vaxt çıxacaqsan, - deyə.
O bu an düşərdi sevgi adlı mühasirəyə.
-
Qızım, hərbiçilərin təqaüd
kağızı
Şəhadətidir.
Pensiya
kartı,
Şəhidlik
kağızıdır,
Bir də,
qızım, Ölümlərin ən gözəlidir Şəhadət!
O bir
ölüm ki,
Tavanı
sədaqət,
Damı səadət!
Düşünürəm, Mələklərmi vəhy
gətirmişdi?
Küləklərmi ürəyinə
pıçıldamışdı?
Hardan bilirdi bunu?
Nə
deyirdisə onu
Zaman gerçəkliyə yozurdu.
Filara ana
yana-yana deyirdi bunları,
Mənsə
o yanğının dərinliyində,
Çıtır-çıtır alovlanırdım.
Çıtırtımı
duymurdu Ana,
Bəlkə,
nöqtə qoyardı
başlamamışdan
yarımçıq cümləsinə.
Yox,
danış, Ana!
Bu gün söz haqqı sənindir.
Sən Şəhid Anasısan.
Mən sənin
qarşında
dərsini
bilməyən şagird kimi
Tək ayaq üstə dayanaram istəsən günlərlə.
Təki sən
ürəyini boşalt
Dərdinin çəkisini yüngül elə.
Ağlama,
nə olar, ana!
Sənin
ağlamağına,
Tab etmək,
Ən sərt qasırğada gəmilərin tabından
ağır.
Ağlama,
Gözlərindən
axı
Vətən
axır!!!
İçimdən
gələn səsə söykənirəm,
Ruhum yıxılmasın deyə.
Baxıram
Vidadi atanın gözlərində üzən kədərə
İlahi,
bu gözlər
Ruhdan ruha pəncərə.
-
Oğlum qürurumdur,
Vətən
sağ olsun! - deyə bilir ata.
Bəli,
Vətən
sağ olmasa,
Biz nəyik, kölə?
70 il müstəmləkə,
30 il işğal,
Bu qədər
ləkə,
Alnımızdan
Şəhidlərə görə təmizləndi, ata!
"Qüruruna qurban olum!"
- deyirəm içimdə.
Bu dəmdə
Filara ana
dağılmış xatirələrin
altından
nəsə xilas edir.
Hə,
Şair!
Hər ad
günümdə birinci
Camalım
təbrik edərdi məni.
Bu dəfə
də gözlədim,
Nə zəngi, nə özü gəldi.
Əvəzində
Bayrağa bükülü
tabutunu
hədiyyə etdi mənə.
O mənim
Cənnətim idi,
Onsuz Cəhənnəm atəşidir hər dəqiqə.
Bilirəm,
ana!
Dərdini
dağlara desəm, dağlar çökər,
Şükür
edirsən,
Bax bu
şükründə şeytan diz çökər,
Tanrının Şəhid sevdası önündə.
Ad
günündə,
Oğlun gör nə boyda hədiyyə edib sənə?
Vətəni
gətirib qapına o gün!!
Ad gününü təbrik etmək üçün.
Vidadi ata
dillənir bu an:
Mən hardasa xoşbəxt atayam.
Oğlum, diriliş rəmzidir bu torpaqlarda.
Qələmə
aldığım bu şəhid misralarda,
Camalını
görürəm Camalın!
Gülüş
dolu Çöhrə
Bir səs
yayılır üfüqlərə:
"Biz
qalib gəldik!".
***
Dörd
dildə mükəmməl təlim almışdı,
Hər dil köməyinə hər vaxt gəlirdi.
Dörd
dildə ünsiyyət rahat qururdu,
Dörd dili dilçitək gözəl bilirdi.
Düşmənin
radio stansiyasına,
Girərək
erməni dilində dedi:
"Sizə əmr edirəm, geri çəkilin!"
Özün generaltək təqdim elədi.
Düşmən
batalyonu geri çəkildi,
Bir güllə atmadan alındı ora.
Düşmən
dərk edəndə aldandığını
Baxdı, baxışları çəkildi dara.
Camal tarix
yazdı tarixdə o gün,
Üzünü oxşadı Qarabağ mehi.
Laçından
səs gəldi, əhsən səsləri,
Yaşa,ey Qəhrəman, Hadrut fatehi!
***
Mənim
Qəhrəmanım, sən bir ulusun
Yenilməz olduğun sübut elədin.
Düşmənə
yurdumda yurd torpağını
Elə özü boyda tabut elədin.
Ağır
yara aldın çətin döyüşdə,
Dörd gün yata bildin hospitalda sən.
Yatmağı
ar bildin özünə özün,
Dedin:
"dar gündədir, dar gündə Vətən!"
Laçın
dəhlizinə nəzarət üçün,
Yüksəklik düşməndən
alınmalıydı.
Laçına,
oradan hər bir nöqtəyə,
Bütün yollarımız açılmalıydı.
Bu çətin
tapşırıq, bu ağır sınaq,
Camalı zirvəyə çəkib aparır.
On
altı nəfərlik dəstəsi ilə
Camal hücum edir, tufan qoparır.
Altı
yüz düşmənə qarşı on altı,
Saya bax, nə qədər fərq var arada.
İnsan
haqq üstündə savaşa qalxsa
Doğrudur,
köməyi olur Yaradan!
Biz Vətən
sevdalı, biz yurd sevgili,
Camal da yurdumun belə qeyrəti.
Döyüşü
qorxulu filmlər kimi,
Ölümü yenilməz ruhun heyrəti.
Ağır
sınaqlardan üzüağ çıxan,
Burda yarammadı mühasirəni.
Sonuncu
gülləyə qədər döyüşdü,
Son nəfəsə kimi qoydu nöqtəni.
Laçın
dəhlizini açan zirvədə,
On altı igidlə Şəhid oldu o.
Ucaldı
haqqın son mərtəbəsinə,
Tarix
yaddaşında belə qaldı O!
Qəhrəman
doğulan, qəhrəman ölən,
Uca ruh, yurdunun xilaskarısan.
Mənim
tariximdə Zəfər sözünün
Səhər müjdəsisən, etibarısan.
Laçın
dəhlizinə gedən zirvədə,
Canını tapşırdı Vətənə, getdi.
O gündən
Vətəndaş sevdasını o,
Hər sevən ürəkdə bir zirvə etdi.
21 oktyabr,
Həsənabadda,
İnsan seli vardı şəhid dəfnində.
Bayrağa
bükülü tabut gedirdi,
Öz nakam eşqinin çiyinlərində.
Məzarı
Pir oldu Pirətəvanda,
Sevilmək ən böyük haqqı onun da.
Üzü
ayrılığa getsə də mütləq,
Sevgidə birləşir hər yol sonunda.
Pirətəvan məzarlığı
İndi
elə bir yerdəyəm,
Ağzımda quruyub dilim.
Neftçalada
bir Pirdəyəm,
Duaya açılıb əlim.
Bir
zamanlar Camal vardı,
Eşqi yönü qibləsiydi.
Qəlbində
döyünən Vətən
Sığındığı Kəbəsiydi.
Apardı
özü qoynuna,
Cismin qucaqladı Vətən.
İndi xəyalım
keçəmmir
Camal keçdiyi yerlərdən.
Ölümü
yazdı tarixi,
Qanı Zəfər mürəkkəbi.
Özü
Şəhadət yolçusu,
Yolu bir Vətən
məktəbi...
Sevdikləri
onu gözlər
yuxusuna
haram qatıb.
Pirətəvan
məzarında
Vətənlə qol-boyun yatıb.
Neftçalanın
bu Pirində
Bənövşə ömürlər yatır.
Burda Vətən
sevdasının
Səsi Tanrıyadək çatır.
Alparslan
12 Fevral
günü gəldin həyata,
Camal yadigarı Alparslan bala.
Sən
Şəhid atanın əmanətisən
Müqəddəs
Anamız Azərbaycana!
Adında
iki kök ruhuma işlər,
Alp - cəsur,
qəhrəman, alicənablıq.
Arslan
qanı axır damarlarında,
Bütün ruhumuzla ona borcluyuq.
Alparslan,
ey Türkün şanlı övladı!
Türkün kimliyinə bu ad Gün saçıb.
Malazgirt
savaşı Türk tarixində
Kiçik Asiyaya qapılar açıb.
O Arslan
Çağrı bəy övladı olmuş,
O
Çağrı ki, onun Oğuz ordusu,
Bircə
gün ərzində erməniləri,
Dizə gətirmişdir,
Arslan yavrusu!
Bax sənin
atan da bir dəqiqədə,
Hadrut qapısını gücüylə açdı.
Adı
çəkiləndə mənfur düşmənlər,
Döyüş meydanını boş qoyub
qaçdı.
Atan -
Fateh Camal Çağrı torunu,
Adı ürəklərdə sevgi məbədi.
Məzarı
toplumun fəxarət yeri,
Sevgisi Günəştək
ölməz, əbədi!
Gəlişin
mübarək, doğuluşunla
Canlandır soyunun dirilişini.
Alparslan,
Alp Arslan soyudur soyun,
Kökünə söykənib gör hər işini.
Bu gün
ulu Turan yolunda qəza,
Hər türkün qanında
çağlamalıdır.
Türkə
yan baxanın gözlərin daim
Türkün Türk sevgisi dağlamalıdır.
Bu ulu
ulusun ey tər pöhrəsi,
Boy at,
boyun boyu səsin boy atsın.
Xəzər
dənizindən Çin dağlarına
Mavi göy qübbəsin səsin oynatsın.
Unutma, elə
bir Şəhid oğlusan
Adı Fatehlərlə yanaşı gəlir.
Sənin
doğumunla gələcəyimə
İçimdən:
"Yüksəl, Türk" səsi yüksəlir.
Cahan
Fatehiylə ruhun əkizdir,
Elə bu ruhla da yaşa dolasan.
Elə
iş görəsən Türk tarixində
Elə Alp Arslanla xatırlanasan.
Epiloq
Azadlıq
heykəli pak ömürlərin
Qanları
can verdi Azərbaycana!
Bu uca ölümlə
igid ərlərin
Adları dillərdə döndü dastana.
O
vaxtsız kəsilən hər pöhrə ömrün
Sabah göyərəcək tumurcuqları.
Ölümü
öldürən ölümsüzlərin,
Əbədi həyatdır dünyada varı.
Vətən
sevgisinə bürünər hər gün
Adına içərlər andını ərlər.
Hər
Şəhid məzarı ziyarətgahdır,
Önündə nə varsa səcdəyə gələr.
Tanrının
nəzəri dikilən yerdi,
Mələklər qucarlar Şəhid qəbrini.
Qəlbimdə
sabaha bir niyyət tutub
Burada kəsirəm qurban şerimi.
Şəhid
məzarları varlığımızın
Canlı sübutudur torpağımızda.
Onların
qanından güc al, hürlüyüm,
Dalğalan
Üçrəngli Bayrağımızda.
Hər
Şəhid məzarı üstündə Bayraq
Çətirtək açılıb qoruyur onu.
Hər
Şəhid məzarı düşmənə bir dağ,
Göstərir
xalqının kim olduğunu.
Şəhid
Camalların nurlu camalı,
Zülmətdən qurtardı dünənimizi.
Onların
ruhunun kölgəsindəcə
İşıqlı gələcək gözləyir
bizi.
Bu gün
bütün dünya bax, səninlədi,
Ey azad Vətənim, adın müzəffər.
Şəhidlər
qanıyla təsdiq elədi
Haqqındır,
haqqındır, haqqındır Zəfər!
Elnur Uğur ABDİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.10-11.