Sonetvari

 

Ömür qısaldıqca, gün qısaldıqca

Gecələr adamın yuxusu gəlmir.

Güllər itirir rayihəsini,

Həyatın əzəlki qoxusu gəlmir.

 

Həsədlə baxırsan ağac ömrünə,

Baharda göyərir payızda solan.

İnsanın baharı geriyə dönmür,

Qalır xatirədə ömürdən qalan.

 

Gəlib yetişsə ömrün qışına

İnsan inanmayır ahıl yaşına.

 

***

 

Çörəyi demirəm, hələ su dərdi

Nələr vəd eləyir bəşəriyyətə.

Yaşamaq uğrunda müharibələr

İnsanı yönəldir başqa niyyətə.

 

Dünya dedikləri dolur, boşalmır,

Ağırlıq salırıq yer kürəsinə.

Kimsə yeni həyat axtarır Ayda,

Kimsə pul tapmayır ev kirəsinə.

 

Düşünmür bir dəfə Allah bəndəsi

üçün küt gedir onun kündəsi.

 

***

 

Nifrətdən uzaq ol, bir görərsən

Sənin sahibindir, yiyəndi nifrət.

Ağacı içindən qurd yeyən sayaq

Adamı içindən yeyəndi nifrət.

 

Sev ki, seviləsən sən bu həyatda,

Savaşda pələng ol, barışda mələk.

Tanrının özü bağışlayırsa

İnsan bağışlamaq bacarsın gərək.

 

Salma ürəyinə kin-küdurəti,

Yapış məhəbbətdən, burax nifrəti.

 

***

 

Bir ana ağzından bir dua çıxdı:

Göy kimi dirəksiz olasan, oğul!

Onun alxışından daha dəyərli

Sözmü var tapasan - ha yap, ha yoğur...

 

Qan, gen yaddaşıdır xalqın yaddaşı,

Közərən közlər var kül içindədir.

Var olan varsa elə borcluyuq,

Altun beşiyimiz el içindədir.

 

Zəkanın libası, ruhun geyimi

Xalqın deyimidir, xalqın deyimi.

 

***

 

Hərdən yalqızlığa meydan oxuyam,

Hərdən çəkilən tənhalığa mən.

Üzəm xəyalların göy sularında,

Bənzəyəm ümmanda bir balığa mən.

 

Şirin xəyalların sərin suları

İsidə ruhumu bir yuva kimi.

Yol gedəm ömrümün sahillərinə

Sahildən atılan tilova kimi.

 

...Bir balıq ömrünü yaşayır insan

Əcəlin qarmağı hazırdı hər an!

 

Adil CƏMİL

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.19.