Mircəfər Bağırovun xəstə
sevgisinin
qurbanı Xədicə
Qayıbova
“Azərbaycan qadını” silsiləsindən
1938-ci ilin 16 mart tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın birinci bölməsi üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi...
"Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb edilməlidir".
Təqdim olunmuş arayışın ardından Xədicə xanımın və onun ətrafında olan doğma insanların faciəsi başlayır...
Başlanğıc isə belə idi...
***
Böyük istedad sahibi, virtuoz pianoçu Xədicə xanım Qayıbova həyatının müəyyən mərhələsinə qədər şanslarla dolu bir həyat nərdivanı üzərində yüksəlməkdə idi. O, xoşbəxt uşaqlıq dönəmi keçirmişdi. Savadlı mürəbbilərdən dərs almış, valideynlərinin sevgisiylə əhatələnmişdi. Tiflisin tanınmış ruhanilərindən biri olan atası Osman bəy Müftizadə imkan xaricində olsa da qızının savadlı olmasını çox istəyirdi. Qismətindən, ilk dəfə "Müqəddəs Nina" məktəbində 2 qızın dövlət hesabına təhsil alması məsələsi gündəmə gəlir. Ərizə qəbuluna start verilir. İki yer uğrunda 200 nəfərin mübarizə aparması rəqabətin böyüklüyündən xəbər verirdi. 12-13 yaşlı Xədicə xanım atasının istəyi ilə şansını sınayır. Budur, püşk atılır və püşkün birindən Xədicə Qayıbovanın adı çıxır.
Təhsil aldığı dövrlərdə musiqiyə olan həvəsi daha da artır. O, dövrünün ən tanınmış musiqiçilərindən dərs alaraq mükəmməlləşir. Öz ifaçılığı, istedadı ilə sənətini ən yüksək səviyyədə təmsil etməyə başlayır.
Atası dünyasını dəyişdikdən sonra Xədicə xanım imkansızlıq ucbatından məktəbi yarımçıq tərk edir. Elə həmin ildəcə Qafqaz Müsəlman İdarəsinin baş müftisi Hüseyn Əfəndi Qayıbzadənin (həmin Hüseyn Əfəndi ki, Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından olub. Məktəbləri maliyyələşdirib. Eyni zamanda Mirzə Fətəli Axundovun yaxın dostu olub) oğlu Nadir Qayıbovla ailə həyatı qurur.
Tiflisin intellektual mühiti, həmçinin həyat yoldaşının ailəsinin elmə, sənətə olan sevgisi Xədicə xanımın dünyagörüşünün formalaşmasında rol oynayır. O, bir müddət rus-müsəlman qız məktəbində dərs deməyə başlayır. Sonra isə ailəsi ilə birgə Bakıya köçərək fəaliyyətini burada davam etdirir.
Ailənin Bakıya köçdüyü dönəmlər Azərbaycan Cümhuriyyətinin süqutu vaxtlarına təsadüf edirdi. Əslində, Azərbaycanın dövlət quruculuğu və azadlığı ziyalı ailəsində qürurlu hadisə olaraq qəbul edilirdi. Nə yazıq ki, bu azadlıq uzun sürmür və Sovet Ordusunun Bakını işğal etməsi ilə Azərbaycanın qanlı tarixi başlayır.
İlk vaxtlar hər şey öz axarında gedirdi. Xədicə xanım Qayıbova SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edilir. Şöbəyə başçılıq etdiyi ilk vaxtlardan başlayaraq o, bütün qüvvəsini savadlı, istedadlı xanımların yetişməsinə səfərbər edir.
"Sovetlərin yaradılmasının ilk vaxtlarında mən Azərbaycan incəsənətinin və musiqisinin inkişafı üçün çox çalışırdım. Məni Xalq Komissarlığının Şərq musiqisi bölümünə başçı təyin edirlər. Orada fəaliyyətə başladığım gündən Şərq Konservatoriyasını təsis etmək üçün əlimdən gələni əsirgəmədim. Konservatoriyaya ən tanınmış şəxsləri cəlb etdim, sonralar bu şəxslər Şərq Orkestrasının ifaçılarına çevrildilər. Bir müddət sonra türk xanımları üçün musiqi-dramatik studiya yaratdıq. Biz orada professional səhnələrə çıxmaq üçün xanımları hazırlayırdıq. Özümün isə ara-sıra iştirak imkanım olurdu. O da ictimai işlərim aman verəndə" - Xədicə Qayıbova.
Qazandığı uğurlar, Azərbaycan incəsənəti üçün etdiyi fədakarlıqlar Xədicə xanımı daima gündəmdə saxlayırdı. Şərqdə qadının böyük səhnəyə, kütlə qarşısına çıxıb pianoda ifa etməsi cəsarət göstəricisi idi. O isə hələ 20 yaşında olarkən böyük musiqi salonlarında çıxış edir və tamaşaçı rəğbəti ilə qarşılanırdı.
Azərbaycan muğamlarını piano dilləri üzərində səsləndirən Xədicə xanım eyni zamanda Azərbaycan dastanlarını, folklor nümunələrini də toplamaqla məşğul idi. Dövlət Konservatoriyasını yaratma ideyası da Xədicə xanıma məxsusdur. O bu işi gerçəkləşdirmək üçün əlindən gələni əsirgəmir və Azərbaycan mədəniyyətinə layiqincə xidmət edirdi.
Onun evi musiqi məbədinə bənzəyirdi. Dövrün ən ünlü insanları buraya gələr, diskussiyalar təşkil olunar, milli musiqinin gələcəyi, xalq nəğmələrinin mühafizəsi, qadın musiqiçilərinin təhsil imkanları haqqında müzakirələr təşkil edilərdi.
"Qadın istərsə bacarar, nail olar. Lazım olan
savad və maarif üçün çalışmaqdır.
Mən vətənimin qızlarına sonsuz etimad edirəm"
- söyləyirdi Xədicə xanım Qayıbova...
***
37-ci ilin repressiya küləyi Qayıbovlar ailəsinin
başının üzərində əsirdi. Azərbaycan
ziyalılarını məhv etmək, kütləni müti vəziyyətdə
idarə etmək, yaltaq ordusu içində möhtəşəm
görünmək qanlı Sovet İttifaqının əsas məqsədlərindən
idi. Stalinin xəstə istəklərinə
müticəsinə tabe olan o zamankı rəhbərlər,
Moskvanın xoşuna gəlmək üçün əllərindən
gələni əsirgəmirdilər. Öz
"Allahlarına" insan qurbanı gətirirdilər.
Nadir bəy
Qayıbovun tez-tez dindirmələrə
çağırılması Xədicə xanımı
narahat edirdi, üstəgəl, Mircəfər Bağırovun
pianoçu xanıma qarşı olan xüsusi, daha doğrusu,
xəstə simpatiyası məsələni bir az
da qəlizləşdirirdi. Ailəli xanımdan,
anadan istəklərinə "hə" cavabı almayan
Bağırov qəzəb hissi ilə alovlanaraq Xədicə
xanımın həyatına birbaşa müdaxilə edir, ona
xüsusi rəğbəti olan hər kəsi məhv etməklə
məşğul olurdu. Elə bütün
bunlardan xəbərdar olan qadın həyat
yoldaşını qorumaq məqsədilə ondan ayrılmaq qərarına
gəlir. Digər versiyaya görə,
bolşeviklərlə müəyyən əlaqələri
olan Nadir bəy dəfələrlə həbs edilməsinə
baxmayaraq rejimin məngənəsindən qurtula bilir. Sonunda isə tamlıqla xilas olmaq üçün həyat
yoldaşından ayrılır.
Xədicə
xanım bir il sonra cəmiyyətdə
xüsusi nüfuza malik, Karl Marks adına Azərbaycan Sosial
İqtisad İnstitutunun rektoru Rəşid Qayıbovla (eyni
soyadlı) ailə həyatı qurur. O, nikaha qədəm
qoymaqla Bağırovun qəzəbini bir az
da alovlandırır. Məhz bu xəstə istəyin
nəticəsində yeni qurulmuş ailənin qara günləri
başlayır. Öncə 1937-ci ildə rektorluq vəzifəsindən
azad edilən Rəşid Qayıbov günahsız yerə həbs
edilərək digər ziyalılarımız kimi antisovet fəaliyyət və
müsavatçılarla olan münasibətə görə
suçlanaraq həbs edilir. Məhkəmənin qərarına
əsasən qısa zaman kəsiyində güllələnir!
Repressiya
qurbanları haqqında ilk elmi araşdırmalar aparan görkəmli
alim Ziya Bünyadov "qırmızı terrorun" mahiyyətini
belə izah edirdi: "Milli kadrları tamamilə məhv etmək,
ilk növbədə, dünyaca məşhur, daim
düşünən, mütaliə edən yeni fikirli alimləri,
mütəffəkir və intellektləri aradan götürmək
30-cu illərdə ölkəni idarə edən rəhbər
klanın, hər qabaqcıl şeyi caynaqlayan qara əllərin
niyyəti idi".
Ərinin həbsindən sonra Xədicə Qayıbova növbəti
zərbənin ona dəyəcəyini çox yaxşı
bilirdi. Həm özünü, həm də ailəsini qəfil
qapı taqqıltısına alışdırırdı da.
Amma bunun belə tez bir zamanda olacağını
gümanına gətirmirdi. Qızı Alanqu Sultanova
öz xatirələrində bu hadisəni belə nəql edir:
"O vaxt 12 yaşım var idi. Gecə idi,
yatmışdıq. Səs-küyə
ayıldım. Anam həmin gəlişə nə qədər
hazır olsa da, sarsılmışdı, rəngi ağappaq
idi...".
Əslində, pianoçu xanım, ən pis halda
sürgün ediləcəyi haqqında
düşünürdü. Ölüm
hökmünün çıxarılmasını
ağlına belə gətirmirdi. Sovetlərin
qadını güllələyəcək qədər qəddar
olmasına inanmırdı! Birinci həbsində
dayanıqlı sübut tapılmadığı
üçün azad edildiyi kimi yenidən azad
olunacağına inanırdı. Daha bilmirdi ki, onun
özü kimi o qədər günahsız ziyalılar
günahları sübut edilmədən güllənin
badına gedib ki...
"Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə
görə tutulmuş vəzifəli şəxslərin, hərbiçilərin
arvadları idilər. Mənim olduğum
kamerada gözəl musiqiçi Xədicə xanım
Qayıbova və 30 nəfərdən çox başqa
qadınlar da var idi. Xədicə xanım
çox iradəli, şux qadın idi. Özünü
şux aparır, hərdən mahnı zümzümə edir,
rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət
adamıyam. Mənim musiqi dünyam yasa batıb.
Gərək özümü qoruyam,
sarsılmayam. Eybi yoxdur, lap sürgünə
də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm,
oxuyub-oynayacağam. Qoy onlar sevinməsinlər".
Ona qarşı irəli sürülən ittihamlar
ağır idi - əksinqilabçı, xarici kəşfiyyatın
casusu..." - İnqilabçı Sultan Məcid Əfəndiyevin
həyat yoldaşı Zivər Əfəndiyevanın xatirələrindən.
Xədicə xanım həbs edilən gün Üzeyir
Hacıbəyov, Şövkət Məmmədova və
Bülbül Moskvada Azərbaycan mədəniyyəti
dekadasında iştirak edirdilər. Onlar bu təntənəli
tədbirdə Xalq artisti adını alırlar. Xədicə
xanımı yaxından tanıyan və həbsdən yəqin
ki, xəbərləri olan bu insanlar bilirdilər ki, onların
özü də eyni məhbəs həyatının bir
addımlığında ola bilərlər.
Bu gün titullarla, ordenlərlə yaxaları bəzənənlər,
sabah nə olacaqlarından xəbərsiz
idilər. Repressiyaların fonunda teatrın, mədəniyyətin
dırnaqarası çiçəklənməsi, sənət
adamlarının fəxri adlara layiq görülməsi
gözbağlıcadan, əməlləri pərdələməkdən
başqa bir şey deyil. Bəlkə də
elə bu stresin və gərginliyin nəticəsində
Ü.Hacıbəyov diabet qazanmışdı və
düzgün olmayan müalicənin nəticəsində həyatı
ilə vidalaşmışdır.
15 dəqiqəlik məhkəmə...
Xədicə xanımın məhkəməsi 15 dəqiqə
içində yekunlaşır. Bir müddətə qədər
dəyanətlə, ləyaqətlə ayaqda dayanan qadın
ölüm hökmü qərarının
qarşısında sarsılır. "Bu
rejim qadını güllələməz" fikrində olan
Xədicə xanım həmin anda ən yaxşı
insanları, düşüncə sahiblərini öz məngənəsində
xıncım-xıncım əzən bir rejimin qana
susamış səhralığını, ziyalı
soyqırımının nə qədər gerçək və
dəhşətli olduğunu dərk edir.
Xədicə xanımın ölümü haqqında
iki versiya mövcuddur. Birinci versiyaya görə, hökmdən
bir həftə sonra güllələnmə aktı gerçəkləşir.
Xədicə xanım naməlum məkanda
güllələnir. Digər versiyada isə
Mir Cəfər Bağırovun hökm
çıxarıldıqdan sonra, sanki sonuncu şans verirmiş
kimi Xədicə xanımın yanına həbsxanaya gəlməsindən
danışılır. Ləyaqətli
qadın ölümə getsə də növbəti dəfə
"yox" cavabı verməklə Bağırova tərs
sillə vurur. Bağırov isə qeyzlənərək
Xədicə xanımı özü güllələyərək
öldürür!
Ailəsi
Xədicə xanımın güllələnmə hökmü
haqqında 16 il sonra xəbər tutur. Bu illər ərzində qızı Alanqu
anasının sürgündə olması yalanı ilə
yaşayırdı. Sonralar o, Azad Mirzəcanzadənin
yardımıyla anasının ölümündən sonra ona
bəraət qazandırmağı bacarır. Bəraət mətnində cinayət işi
zamanı heç bir sübut olmadan qətlə yetirilən
qadının acı taleyi inləyir. Və
onun kimi neçə-neçə zəka sahiblərinin, alimlərin,
incəsənət xadimlərinin, dünyadan doymayan gənclərin,
şair və yazıçıların - hamının o bəraət
mətnlərində fəryadı eşidilir. Şəxslərin
qohumlarının əlinə "Güllələnmə
haqqında verilmiş qərar əsassız hesab olunsun,
işdə cinayət tərkibi olmadığı
üçün iş xətm olunsun" cümləsindən
ibarət bir parça kağız - arayış verilir...
"Xədicə xanımın güllələnməsindən
sonra Azərbaycan Dram Teatrının arxasında yerləşən
evimizdən anamın bütün şəxsi və qiymətli
əşyaları müsadirə olunur. Onların
içində gümüş və sapfirlə işlənmiş
qiymətli üzük də var idi. Bu
üzük konsertlərin birində böyük xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyev tərəfindən
verilmişdi". Xədicə
xanımın qızı Alanqu Sultanovanın xatirələrindən.
Günlərin birində Alanqu xanım bu
üzüyü yaxın rəfiqəsinin evində
görür.
Demə, rəfiqəsinin əcdadları NKVD-də
çalışanlar olubmuş. Bu mütəəssir
hadisədən sonra Alanqu bir daha o evə getmir. Yalnız
anası üçün əldə etdiyi bəraət
arayışı ilə ovunur...
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2021.- 17
aprel.- S.20-21.