Şlyapalı dayanacaq
Hekayə
Günlərin bir günü,
ayların şən ayı, illərin xoş ili, həftənin
ilk səhəri İşığın
nənəsi yuxudan ayılıb gördü ki, masanın üstündə yaşıl
almalarla dolu meyvə qabına söykədilmiş bir məktub var. Nənə ipək şalını çiyninə salıb, eynəyini gözünə taxdı və məktubu oxumağa başladı...
"Nənəcan, sabahın
xeyir!
Mən sənin
nağıllarda danışdığın
Xoşbəxtlər şəhərini
axtarmağa gedirəm. Oranı tapan
kimi qayıdacağam və səni də özümlə ora aparacağam. Mən qayıdanacan balkondakı pomidor şitillərimizə
yaxşı bax.
Öpüb bağrıma basıram
səni".
Nənə məktubu qatlayıb yastığının altında
gizlətdi.
Boğçalı-axçalı İşıq hamar-nahamar
yollarla xoşbəxtliyin
izinə düşdü. O, çəhrayı
şlyapası olan bir dayanacağa çatdı. Bir xeyli onun şlyapasına baxdı.
Axı indiyənəcən belə
bir dayanacaq görməmişdi. Dayanacaq
bu təəccüblü
baxışın sahibini
çox gözlətməyib
gülümsəyərək dedi:
- Mən insanları yağışdan və küləkdən qorumaq üçün bu şlyapanı taxıram. Adi bir dayanacaq olsam
da, insanları məmnun etməkdən zövq alıram.
İşıq:
- Sən xeyirxah sayılırsan?
- Bilmirəm. Səncə?
- Mən də bilmirəm. Ancaq Xoşbəxtlər şəhərinə gedən
avtobusun nə vaxt buradan keçdiyini
desən, sənə minnətdar olaram.
- Hm, deməli, sən Xoşbəxtlər
şəhərinə gedən
avtobusu gözləyirsən...
O, həmişə gec
gəlir...
- Eybi yox, mən
gözlərəm. Hava da yaman istidi.
İşıq boynundakı sarı gülləri olan bəyaz ləçəyini
dayanacaqdakı skamyaya
qoydu, oturanda isə onun ayaqları
azca yerdən üzülmüşdü.
Dayanacaq
dilləndi:
- Nə deyirəm ki, səbrin çatırsa, gözlə.
Mən də tək darıxıram. Bura adamlar
gec-gec gəlir. Gələndə də çox
gözləməyə səbrləri
çatmır və geri qayıdırlar.
Ona görə də həmişə Xoşbəxtlər diyarına
gedən avtobus bu dayanacaqdan adam yığmamış
gedir.
- Mənsə gözləyəcəyəm,
o gələnə kimi
gözləyəcəyəm. Nənəmə də məktub
qoyub gəlmişəm.
Yəqin,
indidən başlayıb
mənim üçün
darıxmağa.
- Hə, qocalar darıxan olur. Elə mən də qocalmışam. Şlyapam da
daha dik durmur, sola əyilib. Elə bilirdim, daha bu dayanacağa
heç kim
gəlməz. Amma sən
gəldin, mən yenə xoşbəxtəm.
İşıq gülümsədi, başını
qaldırdı və doğrudan da, dayanacağın bir az sol tərəfə
əyilmiş olduğunu
gördü. Birdən yastıq
kimi dolmuş boz buludlara gözü
sataşdı.
- Buludlar üstümüzə
gəlir
,- dedi İşıq.
- Hə, yaxşısı budur, gəl sol tərəfdə dayan, onda heç islanmayacaqsan, indi leysan tökəcək.
- Axı mən islanmaq istəyirəm, həyatımda heç vaxt yağışda islanmamışam.
Dayanacaq güldü, bu zaman onun şlyapasının
ucları yuxarı qalxdı. Və buludlar düyü
uzunluğundakı damlaları
tökməyə başladı.
İşıq yerdə yaranmış gölməçədə ayaqlarını
şappıldadır və
suyu onsuz da divarlarından su süzülən dayanacağın içinə
sıçradırdı. Yağış damcıları qızın
saçlarında, çənəsində
parıldayırdı. O, birdən əllərini qaldırıb dayanacağın
ətrafında dövrə
vurmağa başladı.
O qədər dayanacağın
başına fırlandı
ki, axırda yorulub oturdu. Dayanacağın da başgicəllənməsi
dayandı. Buludlar da
ağarırdı yavaş-yavaş.
Dayanacaq güllü ləçəyi ilə yanaqlarını silən qıza dedi:
- Nə oldu, necə
idi yağışla güləşmək?
- Mən sevincliyəm, nə yaxşı ki yağış var, bax, sən
də tərtəmiz olmusan, şlyapan par-par parıldayır.
- Onda sən bir
az da
səbirli ol və diqqətlə göy üzünə bax, çünki indicə göyqurşağı
çıxacaq.
- Mən heç görməmişəm onu.
Nənəmin nağıllarından bilirəm ki, sehrli şamanın çıxdığı körpüdür
o. Nənəm deyir ki, bir gün
bütün uşaqlar
göyqurşağından tutub göyün yeddinci qatına çıxa biləcəklər.
Dayanacaq:
- Əlbəttə... onu izləməyi qaçırmaq olmaz. Günəşin upuzun telləri
su damlalarını yaracaq və biz möcüzəvi yeddi rəngə tamaşa edəcəyik.
Bu vaxt uzaqdakı
yolayrıcında iki dairəvi işıq yanıb-söndü. Sonra bu dairələr
böyüdü və
sürətlə yaxınlaşdı.
Xoşbəxtlər ölkəsinə gedən avtobus onlara tərəf gəlirdi. İşıq tərəddüd içində idi, o bilmirdi ki, göyqurşağını
izləsin, yoxsa avtobusa minib xəyalının dalınca
getsin. Sizcə, o, indi hansı
qərarı versin, uşaqlar?
Dayanacaq isə lal olmuşdu,
bayaqdan danışan dayanacaq indi İşığın nə
hislər keçirdiyini
duymurdu, elə bil. Bəlkə, elə bu soyuqqanlı xasiyyətinə
görə illərlə
burada beləcə dayanıb ötən zamanı təmkinlə izləyirdi. Bu vaxt göy əlvan
rəngə çaldı.
Qızın başının üstündə yeddi rəng bərq vurmağa başladı.
İşıq ağzıaçıq bu gözəlliyi izləyirdi. Çox
az davam
edən bu möcüzə qurtaranda İşıq başını
sola-sağa çevirdi
və avtobusu görmədi. Axı o, avtobusu necə qaçıra bilərdi...
- Ey, hara getdi
axı bu avtobus, indicə yaxınlaşırdı...
Dayanacaq
dedi:
- Sən onu qaçırdın.
- Bəs niyə ona demədin ki, gözləsin? Bayaq demirdin ki, dostumsan?
- Axı sən onda heç vaxt görmədiyin göyqurşağını yenə
görməyəcəkdin.
- Mən onu Xoşbəxtlər
şəhərində də
görə bilərdim...
sən hər şeyi bilirdin, ancaq mənə kömək etmədin.
- Balaca, bəlkə də, o şəhərdə
heç başını
qaldırıb göydəki
gözəllikləri görməyə
imkanın olmayacaqdı.
Ancaq sən yağışda çiməndə, göyqurşağını
izləyəndə o qədər
xoşbəxt görsənirdin
ki, mən səni bu gözəlliklərdən
ayırmaq istəmədim.
Bəzən siz insanlar olduğunuz yerdə xoşbəxtliyi görmürsüz
və onu tapmaq üçün yerinizi dəyişmək istəyirsiz. Sən bura
yenə gələcəksən
və o zaman da qərarı özün verəcəksən.
Sənin xoşbəxtliyinə
heç kəs mane ola bilməz.
İşıq başını qaldırıb
yenə səmaya baxdı və nənəsi üçün
çox darıxdı. Dayanacaqla sağollaşıb
yola düşdü.
O, axşam pomidor ştillərini sulayanda nənəsinə həyəcanla öz hekayəsini - şlyapalı
dayanacaqda başına
gələnləri danışırdı.
Nurlana İşıq
Ədəbiyyat qəzeti.- 2021.-
17 aprel.- S.21.