Müharibə gündəliyi
Xilasetmə əməliyyatı
Füzuli istiqamətində mövqelərdə
yerləşmişik. Bəzən
qeydlərimdə kənd
adlarını qarışdırdığım
olur ki, bu da kənd
ərazisinin sırf xəritə yönümdən
yanaşmasına görə
ola bilər
və həmin anda qeydlər apararkən kiçik səhvlərə yol vermək də anlaşılandır. Çünki əsas məqsədim adlar deyil, detallar
olub. Hər halda Kürdlər,
Dörd Çinar, Yuxarı Əbdürrəhmanlı
kəndlərində olduğumuzu
söyləyə bilərik.
Məqsəd bu kəndlərin
qarşısındakı mövqeləri
düşməndən təmizləməkdir.
Tağımı manqalarla mövqelərə
yerləşdirmişik. Tək mənim
tağımım deyil,
bölük, batalyon, digər hərbi hissələrin taborları
da düşmən qarşısında səpələnmiş
formada mövqe tutub.
Arxa tərəfimizdə
isə ordumuzun artilleriya bölmələri
düşmən postlarını
ardıcıl mərmi
atəşinə tutur. Bu atışlardan, düşməni
müəyyən qədər
sarsıdandan sonra həmin mövqelərə
irəliləmək nəzərdə
tutulub. Həmlə taborları isə
ardıcıl hücumları
ilə düşməni
sarsıtmağa çalışır.
Ermənilər sözün əsl mənasında minamyotla şahmat oynayır. Minamyot atışlarında
bu qədər peşəkar olmalarını
gözləmirdik. Deyilənə görə, önümüzdə
onların gücləndirilmiş
əsas postları və bu kimi
mühəndis istehkamları
var. Bir növ, son qırılma nöqtələrindəndir
bu istehkamlar.
Dəhşətli gündü... Minamyot mərmiləri
yağış kimi yağır. Mərmilərdən qorunmaq üçün səngərdə uzanmışıq.
Bir növ, ardıcıl atılan mərmidən
biz xilas olsaq da, kəhriz tərəfdə rabitə
tağımının mövqeyinə
mərmi tuş gəlir. Üç rabitəçimiz şəhid olur, ikisi yaralanır. (Sonradan öyrəndiyimə
görə, şəhid
olan rabitəçilərdən
biri yazıçı
Azər Abdullanın bacısı nəvəsi,
yazıçı Alpay
Azərin bibisi nəvəsi Mürsəl
Kazımlıdır).
Bizim tağımdan
sol cinahda, təxminən,
300-400 metrlikdə digər
bölüyümüz yerləşib. Həmin istiqamətdən
hücum edilməsi nəzərdə tutulub.
Ardınca isə
bizim bölmənin atəş dəstəyi ilə irəliləməsi
planlaşdırılıb.
Ermənilər indisə sol cinahımıza
minamyot mərmiləri
yağdırır. Səkkizinci bölüyün
mövqeləri mərmilər
nəticəsində dağıdılıb.
Can bazarı yaşanır.
Biçilmiş taxıl
zəmisinin yeri, açıq ərazi və səpələnmiş
yaralı, şəhid
yoldaşlarımız...
Gözümüzün qabağında ondan artıq yaralı və şəhid ərazidə qalıb. Həm də açıq ərazidə... Nə xilas edə bilirsən, nə də başqa cür yardım göstərə...
Onları 300 metrlikdən görüb dözə bilmirəm. Amma izləyirik.
Bu "hollivud" filmi deyil ki, baş
verənləri sadəcə
can qorxusu ilə elə səngərdən
izləyəsən...
Kim gedə bilər? Amma əraziyə
də mərmilər düşür. Bacarmıram...
Qərar
vermək lazımdır.
Düzü, bu nə mənim, nə tağımımın, nə
də bölüyümün
işi deyil. Nə də belə bir əmr verilib. Bəs, sonradan onları
mərmilər altında
qoymağa görə
çəkiləcək vicdan
hissi? O hisslə
bir ömür boyu yaşamaq olardımı? Əgər
yaşamaq demək olarsa...
Mütləq o əraziyə girməliyik. O yaralıları
çıxarmalıyıq. Onları çıxararkən,
şəhid olsaq da, yaralansaq da, lap yaralı kimi ərazidə qalsaq, kimsə xilas etməsə də.. Amma bunu
etməliyik. Onları çıxarmalıyıq.
Uzun günlərin yorğunluğu
bronjiletlə getməyimə,
cəld hərəkətimə
əngəl ola
bilər. Dərhal onu çıxarıb
səngərə atıram.
Çünki ağır yüklü
bronejiletlə yaralı
daşımaq, onları
ərazidən çıxarmaq
çətin olardı.
Hə, bronejiletsiz özümüzə
nəsə olardı?
Nə olar, olar... Əsas odur, vicdan əzabından xilas olaq.
Bronejileti akopa atıb, bircə kaskanı taxıb kimsəyə nəsə demədən əraziyə qaçıram. Gözlərimə inana bilmirəm. Sevincmi, qürur hissi, yoxsa nə? Bilmirəm.
Əsgərlərim Nəsirov Taleh,
Həsənov Mansur ildırım
sürətilə məni
keçərək əraziyə
doğru irəliləyir.
Daha sonra gözümə ikinci tağımdan Bayramov Füzuli görünür. Bölüyümüzün digər əsgərlərini
də görürəm,
amma simalar elə də yadımda qalmayıb.
Demək ki, vicdan hissi
bu gün o ərazidə doğulmuşdu. Yağmurluq götürmüşük.
Yaralıları çıxarmaqçün.
Amma öncə şəhidi çıxarmaq lazımdır.
Hər halda şəhidin mövqelərin arasında
qalması, düşmənin
bunu müşahidə
edə bilməsi min ölümdən betər
olardı. Elə də
olur. Digər tağımdan və
bölükdən olan
əsgərlərlə onu
çıxarmağa gedirlər.
Mənsə bölüyün əsgərləri
Bayramov, Nəsirovla yaralını yağmurluqda
daşıyırıq. Əsgər dizindən
qəlpə yarası
alıb. Qan itirib.
Yuxarı hissədən daha
artıq qan itirməsin deyə, rezinlə bağlanıb.
Ermənilərsə sırf bu ərazini minaatanlarla ardıcıl vurur ki, kömək edə bilməyək. Həmçinin, bizi də məhv etməkçün. Ərazidə yaralılarımızın qalması, bizim köməyə getməyimiz daha çox canlı kütləsini məhv etməkçün düşmənə əla fürsətdir. Ətrafımıza mərmilər düşür. İkinci tağımın əsgəri qolundan yaralanır. Yaralı daşıyarkən, köməyinə gedərkən özün yaralanmaq....
Bu an mərmi bir neçə metrliyimizə düşür. Yaralını qaça-qaça apardığımızdan bir növ təngnəfəs olursan ki, ağız açılıb yumulur, mərmi valı zamanı beyin zərbəsi almaqdan qoruya bilir. Amma mərmiyə tuş gələrsənsə...
Mərminin təzyiqi bizi kənara tullayır. Dizim və əlim yerə bərk dəydiyindən sivrilib. Əsgərin biri bu partlayışdan sonra kontuziya alacaq ki, onu da sonradan biləcəyik. Amma birgə yaralı daşıdığımız əsgərlərdən biri də qəlpə yarası alır. Belə məsafədən qəlpənin hamımıza dəyməməsi... Yaralını ərazidən çıxarırıq. Sonra digərlərini. Mövqeyin yaxınlığına "sanitarka" dediyimiz tibb maşını özünü yetirir. Əslində, bu özü də qəhrəmanlıqdır. Tibb maşınını mərmilər düşə biləcək qədər yaxınlığa sürmək... Minaatan mərmisinin düşdüyü yerdən keçərkən tibb maşınının təkəri həmin mərmi quyuya düşür. Digər əsgərlərsə maşını köməkləşib çıxarır.
Ardınca digər hərbi hissənin həmlə taboruna hücum əmri verilir. Günün günorta çağı biçilmiş taxıl zəmisiylə həmlə taboru erməni postlarına qaça-qaça, bəzənsə, qaz yerişi ilə irəliləyir. Və 20-25 şəhid olduğu bildirilir.
Mövqedəyik. Əsgər Həsənov və digər tağımdan Quliyev "Quran" ayələri oxuyur. Sükutdu.
Bu gün bitsə də deyirəm...
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.23.