TƏHKİYƏDƏ SÜKUT
Hekayədə kompozisiya baxımından ilk və son
cümlənin hansı mənada
bağlılığından, yaxud mənaca
ayrılmağından, yəni danışılan əhvalatı
yaddan çıxarmaq zərurətindən bəhs etmək
olar? Yaxud ritm baxımından. Bədii əsərdə
ritmi səs-küy, ara vermədən
danışıq yox, daha çox sükut, yəni ellips bəlirləyə
bilir. Ellips təhkiyədə sükuta yol verilməsi
anlamına gəlir, asanlıqla anlaşıla biləcək
cümlə, yaxud pasajın üstündən sükutla
keçilir. Sona qədər asta-asta, müəyyən
ritm modeli daxilində nəql edilən hadisə təhkiyənin
bir məqamında başdan-ayağa xülasə edilə
bilir, olsun ki, biz bu anı nəzərdən
qaçırırıq, ancaq bu bir vacib işarə
olduğundan sonda hökmən yada düşür və həmin
qısadan qısa xülasə ilə əhvalatın sonda
"dəyişən şəkli" unikal, heç zaman rastlaşa
bilməyəcəyimiz formada üz-üzə gəlir və
mənaların aşkarlandığı yerləri bir-bir
göstərir. Təhkiyədə sükut mənanın
daha dərindən anlaşılması üçün vacib
komponentdir. Əks təqdirdə, hər
bir hekayə bədiilikdən uzaqlaşıb publisistik akta
dönə bilir. Filologiyada da belədir: zorən akademik
üslubda yazılan əsərlərdə mahiyyət gizli
qaldığı, yaxud anlaşılmadığı
üçün əsər ümumən filoloji
düşüncənin çərçivəsindən
çölə atılır, yəni lazımsız bir nəsnə
olur.
"Azadlıq
nədir?" adlı bir hekayə var, onun ilk cümləsi belədir:
"- Şair, mən ha istəyirəm o əhvalatı yaddan
çıxaram, sən də hər dəfə gələndə
təzədən danışmağa məcbur edirsən. Nə danışım? Axı
bir şeyə neçə dəfə qulaq asmaq olar? Təəccüb
edirəm, hər dəfə eyni əhvalata qulaq asmaqdan necə
yorulmursan?". İnsanlar çox az
hallarda görüşdükləri zaman nöqtəbənöqtə
üst-üstə düşən əhvalatları bir-birinə
danışmaqdan vaz keçirlər, həmişə eyni əhvalat
cüzi dəyişiklik və rənglərlə nəql
edilir, bu əhvalata bəzən bir neçə rəng, bir
neçə səs qamması, yaxud sükut əlavə
edilir, əsas məna həmişə eyni tonallıqda
danışılan əhvalatın müəyyən
fraqmentinin üstündən sükutla keçilməsindədir,
belə ki, bu danışılmayan, üstündən
keçilən fraqmentlər ömrün hansısa dönəmində
bütün əhvalatın mahiyyətini əvəz edir. Həmin
hekayədə son cümləni xatırlayaq: "Doktor pərtliyə
səbəb ola biləcək bütün
söhbətlərdən asanlıqla yayınır. Bir az keçmiş o, gülə-gülə bir
sevgi macərasını şən və gümrah halda
nağıl etməyə başladı. Lakin biz
bu əhvalatı yazmırıq, çünki bu bizim
üçün maraqlı deyil". Hər
bir danışılan əhvalatın hekayəyə
çevrilməsi konkret məqamı gözləyir,
özü də həsrətlə, hər bir insanın həyatında
ilk və son dəfə hiss etdiyi ağrı və iztirabla, bəzən
əzabla. İlk və son cümlə arasında
danışılan hər şeyin hekayəyə çevrilməsi
ilə rəssamın çəkdiyi əsər arasında
paralellər var. Rəsm əsəri (bizim nümunədə
hekayə) insanın gözünə nə zaman, hansı məqamda
"görünür?". Məsələ təkcə sənin ona necə
baxmağında (hekayəni necə oxumağında) deyil, bu həm
də əsərin içində hifz olunan sükutla
bağlıdır. Nələrinsə,
hansısa çox zəruri məqamların üstündən
keçilməsi, bəzi çox mühüm məsələlərdən
vaz keçilməsi həmin əsərin sənə məhz
bu an üçün lazım olan
görüntüsünü təqdim edir. Yəni rəsm əsəri
(yaxud hekayə) şeyləri bir dəfə eşqlə,
bütün qəlbinlə baxdığın nəsnə kimi
görmək imkanı yaradır.
Adətən, monoton şeylər bezginlik yaradır, ilk
cümlə deyilən kimi sən dərhal son cümlənin
kölgəsini görürsən. "- Şair, mən
ha istəyirəm o əhvalatı yaddan çıxaram, sən
də hər dəfə gələndə təzədən
danışmağa məcbur edirsən. Nə
danışım? Axı bir şeyə
neçə dəfə qulaq asmaq olar? Təəccüb
edirəm, hər dəfə eyni əhvalata qulaq asmaqdan necə
yorulmursan?". Hekayədə iki şəxs
(şərti anlamda şair və doktor, yaxud təhkiyəçinin
diliylə desək, təbib...) ayda, yaxud iki ayda bir dəfə
görüşür, şairin diktəsi ilə doktor
keçmişlə bağlı bəzi əhvalatları nəql
edir, hər dəfə, elə bir görüş olmur ki, bu
eyni tonallıq yada salınmasın, məsələ təkcə
qoyulan suala dəqiq cavab almaq inadı deyil, məsələ
keçmişdə baş verən, insanların, elə bu iki
nəfərin də taleyində dərin boşluq yaratmış
hadisələrin mənasını anlamaqla
bağlıdır. Hadisə o qədər
danışılıb ki (süzülüb...), hər bir
cümləsində finalı xülasə edilir, hər bir
söz, hər bir heca, hər bir səs üsyan edir,
qaçıb gizlənmək, dilə gəlməmək
üçün qaranlıq yerdə daldalanmaq istəyir, ancaq
eyni, dəyişməyən nəsnələr o qədər
deyilməli, o qədər sürtülməlidir ki, bezginliyin ən
son, ən gərgin anında sirlər açılsın
(Mimesisin fəlsəfəsi...). İçində
olduğun boşluğun dibi, ən son dayanacaq yeri
görünsün. Çünki insan (doktor) təcrübəsindən
dərs almış bir fərddir, uzaq tələbəlik illərini
xatırlayır, qüssəylə nələrsə yada
düşür, təhsili ölkədə mitinqlərin
getdiyi illərə təsadüf etdiyindən gənclik
şövqü, öyrənmək, oxumaq, dünya ilə
tanışlıq ehtirası başqa səmtə yönəlir,
zamanla ömrün hansı müdhiş anındasa həyatın
mənasızlığını anlayır, dərin bir
uçurumun, dibsiz bir ümidsizliyin içində olduğunu
dərk edir. Gənclik illərində sürət o qədər
iti, o qədər becid olur ki, yalnız irəli
atılmağı düşünürsən, daha doğrusu,
düşünməyə macal olmadığından fikirləşirsən
ki, hər şey irəlidədir, ən gözəl baharı
görmək sənə qismət olacaq, ancaq həmin anda
payız (son bahar) gəlir və başa düşür ki,
daha gözləməli heç nə yoxdur. Absurd
poetikası. Hekayədə bunu vermək,
ifadə etmək zahirən asan görünür, ancaq mənanın
tam, bütün dərinliyi ilə açılması
üçün sadə, ancaq kimsənin ağlına girməyən
keçidlərdən istifadə etməlisən.
Seymur
Baycanın hekayəsində ("Azadlıq nədir?") həmişə,
iki nəfərin (dostun) hər bir görüşündə
eyni əhvalat nəql edilir, hər dəfə bir simin eyni
yerinə toxunulur, insan sövq-təbii hiss edir ki, dünyaya gəlməsi
və ondan ayrılmasının bütün faciəsi elə
bu nöqtədədir, bütün ağrı ordadır. Bu
kontekstdə həyat, ömür, Allah, azadlıqla
bağlı qənaəti konkretləşən insan kiminləsə
ünsiyyətdə, yaxud özüylə həsb-hal
zamanı ancaq bir cümlə işlədər: belədir vəziyyət.
Diqqət edin: "Dedim, heç nə. O fotonu görəndən
sonra hər şey gözümdən düşdü. Həyat,
tarix, xatirələrim, hər şey, hətta azadlıq da...
Mənə elə gəlir ki, heç kim
həyatın mənasızlığını mənim qədər
dərindən duymayıb. Bütün həyatım,
həm keçib gedən, həm də qarşıdakı həyatım
mənə mənasız görünür. O şeylər
ki, əvvəllər məndə həyəcan,
gülüş doğurardı, danışmaq həvəsi
oyadardı, indi mən laqeyd bir sükut içində
onları süzürəm. Artıq heç bir
şey diqqətimi cəlb etmir. Belədir
vəziyyət". Söhbət o fotodan gedir... Tələbəlik illərində hamı mitinqlərə
axışır, meydanlar dolub-boşalır, hamı, bir nəfərdən
başqa. O tələbə tez bir zamanda universitet
rektorunun nümunə kimi göstərdiyi adama çevrilir. Yalnız ağlıyla hərəkət edən bu tələbə
ancaq dərs oxuyur, heç kəsə qarışmır, ona
tikanlı söz deyən, yaxud deyə bilən uşaqlardan
gen gəzir, məsafə saxlayır. Bütün
bunlar tələbələri məcbur edir ki, onu zorla mitinqə
aparsınlar. Adamın hissiz olması
mitinqdə də özünü göstərir. "Azadlıq" qışqırıb
yumruğunu yuxarı qaldıran insanların içində
reaksiyasız, onlardan ayrı dayanır. Zorla
yumruğunu da qaldırır. Ancaq susaraq.
Ona görə doktor deyir ki, həyatın mənasızlığını
heç kim mənim qədər dərindən
duymayıb. Məcburən yumruğunu göyə
qaldıran tələbənin fotosu tarix kitablarına
düşür, doktorun uşağı da həmin kitabdan
tarix dərsi alır.
Hekayədə
analiz üçün əsas verən belə bir cümlə
var: bir gün həyat haqqında fikirlərin alt-üst olur...
Bu məqamda narrativin identikliyi məsələsindən
bəhs edilməlidir. Nəzəri olaraq bunu belə ifadə
etmək olar: narrativ identikliyin ilkin əhəmiyyətini
anlamaq üçün onu xüsusən empirik ənənə
çərçivəsində işlənib-hazırlanmış
şəxsi identikliyin araşdırılması kontekstində
nəzərdən keçirmək lazımdır. Problemi
aşağıdakı şəkildə dürüstləşdirmək
olar: yaşantıların çoxluğu və
ardıcıllığı subyektin dəyişməzliyini təmin
edirmi? Bu kontekstdə "yaşantı"
anlayışını "ruhi təcrübə" kimi təsəvvür
etmək lazım gəlir. Hekayədə
eyni əhvalatların usanmadan danışılması ruhi
yaşantıda hər dəfə bir cür intiba doğurur,
onun vəziyyətini bir şəkildə qəlizləşdirir,
yaxud sadə forma qəlibinə salır. Əhvalatla,
yəni həm də həyatın mənasızlığı
ilə bağlı süjet əslində, dəyişməz
olanla hər gün, hər saat, hər dəqiqə dəyişən,
zənginləşən, son zərrəsinə qədər
sovrulub sonra olmazın hissəciklərlə dolan komponentlər
arasında təyin edilir. Buna görə də həyat nə qədər sadə,
problemsiz, bir sözlə, "anlaşılan"
görünsə də, hekayə qəhrəmanı yaşam
boyu boşluqdan boşluğa düşür,
"ağıllı" tələbənin fotosu ilə
bağlı epizod (bu epizodun doktorun qarşısına qəfil,
özü də ən hirsli günündə
çıxması) bu boşluqlardan ancaq biridir. Yəni eyni süjet xəttini formalaşdıran əhvalat
bu boşluqlar bitənə qədər danışılacaq,
ancaq bilirik ki, boşluqlar bitmir, biri o birini yaradır, ədədi
silsilə yerini tez bir zamanda həndəsi silsiləyə
verir.
Bununla təhkiyə prosesində (onun "sükut
frekansında") birinci cümlə həmişə son
cümlədən sonra gəlir. Onu izah etmək, problemin mahiyyətini
anlamaq üçün sadə təəssürat və
nümunələrin verilməsi anlamında yox, eyniliklə dəyişkənliyin
tənasübünü göstərmək (onların hər
an bir-birini didib-parçalaması prosesini), gözümüzdən
qaçan, ancaq ömrümüzün bir dəqiq məqamından
qırmızı həyəcan işarəsi ilə keçən
vacib ştrixi ekrana gətirmək, onu bircə dəfə səhnəyə
qoymaq üçün. Bu mənada təhkiyə əslində,
insan ömründən sürət qatarı
kimi keçən hadisələrin içindən ən
vecsizlərini seçib səhnələşdirmək
anlamını daşıyır.
Həyatda rastlaşdığın, ancaq şərait
yetişmədiyindən anlamadığın, yaxud
özünü sənə göstərməyən hadisə
(əhvalat) bir gün nə yollasa həyatına daxil olur, həyatının
mənasını onu dağıtmaqla, səndə dərin
peşmançılıq, qüssə, kədər yaratmaqla
üzə çıxarır. Və cavablarını tapsan da,
heç birinə sona qədər inanmadığın bir
ortam yaradır, belədə hekayənin başlığı
müəyyən məqamda bu sualların hamısını əvəz
edir, elə hekayəni də: Azadlıq nədir?
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.24.