Desin
Kim alın yazısını
Oxuya bilib, - desin.
Bir vaxt öz arzusuyla
Dünyaya gəlib, - desin.
Həyat
nə vaxt dözüb ki,
Hər yetənin
nazına?
Kim ərk edibsə gedib
Bir səhvin güdazına...
Yollar eniş-yoxuşlu,
Daş-kəsəkli, köndələn.
Bəzən mənzil başına
Hamıdan tez çatıbdır
Yolla şaytıyıb
gələn.
Yazan belə yazıbdır,
Öz səmti
var qismətin.
Dilini kim bilib
ki,
Uğursuz məhəbbətin?..
İşıq gələn tərəfə
Tutanda üzümüzü,
Kimsə
deməyib orda
Divlər gözləyir bizi.
Yürüyürük hər şeyin
Dalınca yorta-yorta.
Yoruluruq
hardasa
Bir ömrün dağdan ağır
Yükünü darta-darta...
Sonda anlayırıq ki,
İnsan
öz taleyiylə
Hər an baş-başa imiş.
Dünya
qosqoca səhnə,
Ömür sonu ölümlə
Bitən
tamaşa imiş...
Ana vətən sənindir
Ulu Tanrıdan cəmi
şəhidlərimizə
qəni-qəni rəhmət diləyirəm!
Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!
Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən
hər anın.
Gəzdi
dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...
Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə -
Ülvi
Vətən eşqinə,
Saf niyyətinə alqış!
Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!
Haqqın
var zaman-zaman
Əbədi yaşamağa,
İndi
hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən -
Azərbaycan sənindir!
Gəldim
Dünyanın hər üzünə
Olmadım halı, gəldim.
Nə atlı, nə
dəvəli,
Nə barxanalı
gəldim.
Şaxtalı qışı gördüm,
Qarı-yağışı gördüm.
Eniş-yoxuşu gördüm,
Dolandım yalı, gəldim.
Təzə arzu-həvəsdim,
Yaşamağa tələsdim.
Zülmət qarşımı kəsdi,
Azmadım yolu, gəldim.
Üstümə yağanda daş,
Bildim nədir
cəng-savaş.
Dünyaya əlləri boş,
Ürəyi dolu gəldim.
Üşüsən, yerini de
Kim sənə səmt düşə bilər,
Kəsmişəm bəndi-bərəni.
Bu gecə yaman soyuqdur,
Açıq qoyma pəncərəni.
Quruca nəfəsim qalıb,
Nəyim var ki, verim
sənə?
Üşüsən bildir yerini,
Qəlbimi göndərim sənə.
Bilmirəm nə deyim...
Qəribə taleyim var imiş demə,
Etdiyim yaxşılıq
tez yaddan çıxır.
Deyən
yox, mən boyda "ağıldan kəmə",
Niyə hər kəlməndən
axı, qan çıxır?
Elə əzəl gündən halal sözdəyəm,
Dilini tapmışam
lalın, korun da.
Paxırım yoxdu haa... örtüb gizləyəm,
Tarpına dözmüşəm bir nankorun da.
Neyləyim, yamanlıq gəlmir
əlimdən,
Niyə çevrilim ki qarğış yerinə?
Hər vaxt qismətimə sığınmışam mən,
Min şükür Allahın
verdiklərinə...
Boyumdan uzundur dilim-dilçəyim,
Yaxşıya sirdaşam, yamana yadam.
Üzümün nurudur saçım-birçəyim,
Qəlbimi "oxuya" bilməz
hər adam.
Yurd həsrətim ki var... bir
közərən şam,
Gözümlə görmüşəm çoxu,
azı da.
Layiq olmasa da, bağışlamışam,
Yaxşılıq bilməyən anlamazı
da...
Kiminsə könlünə niyə
dəyim ki,
Boylanan deyiləm
hər gələn səsə.
Allah rəhm eləsin, taa... nə deyim ki,
Haqqımı-sayımı tapdayan kəsə...
Qələm başdaşım olsun
Çiçək açsın hər
yanım,
Baxım durulsun qanım.
Teştim,
təhnəm, xırmanım
-
Sünbülüm, dənim olsun.
Nə selə dönüb axım,
Nə şimşək
kimi çaxım.
Dumanlı-çənli dağım -
Şehli çəmənim olsun.
Dərə keçim, yal aşım,
Düşmənlə hey savaşım.
Ölsəm, qələm başdaşım,
Kağız kəfənim olsun!
Heç nə demirsən,
demə
Qəlbin
şah qapısıdır,
Sənin nə ağrın-acın?
Könül sarayındakı
Eşqindir taxtın-tacın.
Ülvi
məhəbbətinə
Uzalıdır əllərim.
Tikanlı gül kimisən,
De, səni necə dərim?..
Heç
nə demirsən demə,
Sənlə niyə savaşım?
Baxışlarım elçidir,
Gözlərim elçi daşım...
İnandım
İnandım hər sözünə,
Yaman ləngitdin
məni.
Nə sevən kimi sevdin,
Nə atıb
getdin məni.
Qəlbindən keçənləri
Gözlərin niyə dandı?
Vüsal
soraqlı yollar
Uzandıqca uzandı...
Nə yaman tez unutdun,
Bəlkə yalanmış andın?
Ülvi
məhəbbətimi
De, oyuncaqmı sandın?
Çıxıb getdin... qəfildən
Üstümü zülmət aldı.
Bir eşqin külü sənə,
Tüstüsü mənə qaldı...
Qələmim
Ustad Aşıq Dirili Qurbaniyə
Nə uçuq daxmam var, nə zülmət
kaham,
Bir ürək
dolusu nisgiləm-aham.
Sənət gülşənində şah oğlu şaham -
Taxtımdı-tacımdı qələmim, Dədə.
Hər şirin avazda, səsdə-ündəyəm,
Bir yurdsuz dərvişəm, - yaman gündəyəm.
Təhnəyəm, ərsinəm, teştəm,
kündəyəm -
Təndirim-sacımdı qələmim, Dədə.
Demirəm bəxtimin zülmət
küncüdü,
Sinəm "söz tarlası" - o, əkinçidi.
Bağrıma basdığım ləldi-incidi
-
Ağrımdı-acımdı qələmim, Dədə.
Hər misram nur saçan
yamyaşıl talam,
Enişli-yoxuşlu cığıram-yolam.
Qoymayıb heç zaman
ac-susuz qalam -
Çörək ağacımdı qələmim,
Dədə.
Mingəçevir
İsmayıl Mərcanlı İMANZADƏ
Ədəbiyyat qəzeti.- 2021.-
17 aprel.- S.27.