Dağların və dalğaların əks-sədası
Ömrünün 75-ci yazını qarşılayan
dünya görmüş
bir insan - Hüseyn Sözlü haqqında yubiley təbriki yazmaq üçün onun şeirlərinə yenidən
göz gəzdirəndə,
kitablarını vərəqləyəndə,
nəğmələrini dinləyəndə
dağların və dalğaların sorağına
düşdüm, torpağın
və dənizin obrazlarını axtarmağa
çalışdım.
Hüseyn Sözlü Şərurda
- dağların əhatəsində
dünyaya gəlib. Gözünü dünyaya açar-açmaz
yolu sərt sıldırımlardan, dolaylı
eniş-yoxuşlardan keçib.
Həyatla üz-üzə gələndə isə özünü dənizdə,
dalğaların qoynunda
görüb. Peşəkar dənizçi kimi uzun müddət taleyini dənizə bağlayıb. Lap gəncliyindən dalğaların
üstü ilə yaxın-uzaq səfərlərə
çıxıb, dünyanın
bu başından o başına səyahətlər
eləyib. Sözün
həm hərfi, həm də məcazi mənasında dünyanı görüb...
O da maraqlıdır ki, dənizçilik sahəsində fundamental dərslik
("Gəmi köməkçi
mexanizmləri sistemləri
və onların istismarı") müəllifi
olan, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında dərs deyən Hüseyn müəllimin bədii yaradıcılığında ucsuz-bucaqsız
dəniz, macəralarla
dolu səyahətlər
ön planda, göz qabağında deyil. Onun bir-iki şeirində
dənizlə birbaşa
ünsiyyət görürük.
Orada da dəniz sahilin, sahildəki insanın ayağına gətirilir:
"Dəniz səni görüb sahilə çıxır...".
Hüseyn Sözlü isə dənizlə taleyini dənizə bağlayan insan arasında ana-bala doğmalığı
və mehri görür. "Dənizçi
marşı" adlı
nəğmədə fərdi
yaşantının təqdimatı
deyil, ümumiləşdirilmiş
dənizçi obrazının
tərənnümü diqqət
çəkir:
Oxşayıb xəzri sizi,
Gilavar layla çalıb.
Beşiyiniz - dalğalar,
Ananız
dəniz olub...
Hüseyn müəllimin yaradıcılığında
"oxunmamış dastan,
yazılmamış yazı"
kimi təqdim olunan dağlar daha heyrətamiz, daha əzəmətli və sirli görünür. Müəllif, sanki bu yazılmamış
yazını tamamlamağa,
oxunmamış dastanı
dilləndirməyə və
oxucularına oxutmağa
çalışır.
Hüseyn
Sözlünün şeirlərində
Qarabağ mövzusunun
ayrıca yeri var. Görkəmli tənqidçimiz
Əsəd Cahangirin də dəqiq müşahidə etdiyi kimi, üç il bundan
əvvəl nəşr
etdirdiyi onuncu kitabında "Sözlünün
vətəndaşlıq lirikasında
əsas yeri Qarabağ tutur. Zərif sevgi lirikası nümunələrindən
fərqli bu mövzudakı şeirlər
özünün monumental çağırış
ruhu, sərt intonasiyası, yüksək
patetikası ilə seçilir"...
Düşmənin bizə qarşı
təbliğatında və
ədəbiyyatında başlıca
biclik dünyanın gözündə özünün
"yazıq", "əzabkeş" obrazını
yaratmağa cəhd etməsidir. Dünya gözünə döndüyüm
də nəyin nə, kimin kim olduğunu
çox yaxşı bilir və işinə
yarayanda bu "yazıq" aləti öz bildiyi kimi işlədir. Təəssüflər olsun ki, bu amansız alətdən bizə qarşı da istifadə edildi. Otuz ilə yaxın bir müddətdə Qarabağ düşmən
işğalı altında
qaldı. Bu bizim ruhumuzu sarsıtsa da, inamımızdan əl üzmədik. Ədəbiyyatımız tarixin ən gərgin anlarında, böyük itkilər verdiyimiz zamanlarda belə fağırlığı,
yazıqlığı, miskinliyi
xalqın mənəviyyatına
yaxın buraxmadı.
"Əldə qələm durmuşam Qarabağ savaşına"
deyən Hüseyn Sözlünün yaradıcılığında
da bu keyfiyyət
- yazıqlığı, məğlubluğu
boynuna almağa müqavimət özünü
qabarıq göstərməkdədir.
Dar ayaqda başqasını
qabağa vermək asandır. Canından əziz doğma övladına vətən
uğrunda şəhid
olmağın şərəfini
uca tutmaq öyüdünü vermək
isə insanın mənəvi böyüklüyündən,
əzmindən və əzəmətindən, şair
ilhamının milli və mənəvi dəyərlərə sədaqətindən
gəlir:
Şəhid kimi ölməyi,
Şərəf bil, əziz balam...
Bir daha vurğulamaq istəyirəm
ki, misal gətirdiyim misralar Vətən müharibəsindən,
şanlı qələbəmizdən
əvvəl yazılıb
və xalqımızın
ruhunda sarsılmaz qələbə inamının
yaşamasında müstəsna
rol oynayıb.
Hüseyn Sözlü həm də bəstəkardır. Onun kifayət
qədər populyar olan musiqi əsərlərinə
qiymət vermək mənim səriştəm
çərçivəsində olmasa da, bəzi
müşahidələrimi bölüşməyin yersiz
olmayacağını düşünürəm.
Mütəxəssislərin də qeyd etdikləri kimi, Hüseyn müəllimin musiqi əsərlərinin
əksəriyyəti muğam
ladları üstündədir.
Ancaq bəzən sözün və səsin yurd yeri şairin
və bəstəkarın
iradəsini daha uzaqlara aparır, mahnılar milli-etnik yaddaşın ilkin və doğma kökləri ilə birləşib "qısa
qapanma" verir.
Bu baxımdan, mərhum şairimiz Fərqanə Mehdiyevanın
sözlərinə bəstələnmiş
"Ağla, gəlin"
Hüseyn müəllimin
mahnılarının içində
xüsusi seçilir.
Həyat yoldaşı
Vətənimizin azadlığı
uğrunda qəhrəmanlıqla
həlak olmuş yazıçı Arzu Nehrəmliyə həsr olunmuş bu mahnı mərsiyə ladından ayrılıb, yaddaşın daha dərin qatlarına enir, nənələrimizin
igidləri əbədiyyətə
uğurladıqları yuğlara
- ağılara qovuşur
və bu gün daha aktual
səslənir: bütün
şəhidlərimizin ruhu
qarşısında bir
minnətdarlıq heykəli
kimi ucalır.
Hüseyn müəllimin vətənpərvərlik
mövzusunda yazdığı
mahnıların musiqisinin
daxili strukturu Şərur yallısının,
Koroğlu cəngisinin
təntənəsi ilə
müşayiət olunur. Bu keyfiyyəti
onun şeirlərində
də müşahidə
etmək mümkündür:
burada yallı həmahəngliyi, Koroğlu
cəngisinin çağırışı,
"Ruhani" ruhu,
"Kərəmi" harayı
yaddaşın "Bu dağlar,
ulu dağlar" layından yüksəlir,
sanki dağlarda əks-səda verir:
Xəbər verin Ər dağına,
Sözlü gəlib ayağına.
Süfrə açsın qonağına
Buz bulaqlı, sulu
dağlar,
Ulu dağlar, ulu dağlar...
Durun, gedək yallı, dağlar!
Hüseyn müəllimin muğam üstündə ifa olunmaq üçün çoxlu qəzəli
var. Şair qəzəllərini
divan formasında tərtib
edib, kitab halında nəşr etdirmək niyyətindədir.
Uğura çıxan dənizçilərə,
adətən, səmt
küləyi arzulayırlar. Mən də ömrün və yaradıcılığın
yeni üfüqlərinə
doğru yol alan Hüseyn
Sözlüyə uğurlar
gətirəcək səmt
küləyi arzulayıram.
Məti
OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2021.-
17 aprel.- S.30.