Almas İldırım: Vətəndə və sürgündə

 

Mühacirətəqədərki dövr  

 

Əvvəli ötən sayımızda

 

Almas İldırımın sürgün yaradıcılığı

 

Almas İldırımı sürgünə aparan yolların tarixi 1927-ci ilin ortalarından başlayır. Həmin ilin birinci yarısına qədər o, Bakı Dövlət Universiteti Şərq fakültəsinin Ədəbiyyat ("Slovesnostğ") şöbəsinə daxil olmuş, yerli mətbuat orqanlarında "9 Yanvar", "Mayıs gözəlinə", "Düşmən", "Neçin", "Dağlara vida" və b. əsərləri dərc edilmişdir. Lakin 1927-ci ildə yazdığı və bir "dostu" tərəfindən İstanbula göndərilərək əvvəlcə "Həyat" (1927, ¹ 34), sonra isə Məhəmməd Əmin Rəsulzadənin sahibi və baş mühərriri olduğu "Yeni Kafkasya" jurnalında  (1927, 31 temmuz (iyul) ¹ 21) çaplanan və Türkiyə heca poeziyasının görkəmli nümayəndəsi Faruk Nafiz bəyə (1898-1973) ithaf etdiyi "Dağlar" qoşması 20 yaşlı gənc Almas İldırımın karyerasında, həyat yolunda, taleyində dəhşətli bir ildırım kimi çaxır.

 

Toprağın cəvahir, daşların almas,

Şamlıqlar geyinmiş ipəkdən libas,

Bəzən bilməm neçin saxlıyorsun yas,

Quzğundan əsərkən yellər, a dağlar.

 

Şair vətən, sürgün və mühacirət yaradıcılığında bu mövzuya dönə-dönə toxunmuş, poeziyasında doğma yurdun "zümrüd gözlü yamaclarında" güllər, lalələr bitirən, daşı, torpağı cəvahirə, almasa bərabər tutulan Azərbaycan dağlarının mükəmməl obrazını yaratmışdır. Əzəmət, güc, qüdrət rəmzi olan dağlar da bəzən için-için ağlayır, gizlincə yas saxlayır. Şair "günahını" ədəbiyyat cəmiyyətində səmimi etiraf etsə də, proletar tənqidçilər iki məqamı İldırıma bağışlaya bilmirdilər. Birincisi, şeir İstanbulda niyə məhz sovet rejiminin qatı düşməni olan Məhəmməd Əmin Rəsulzadənin dərgisində nəşr olunub? İkincisi, vətəni, onun qüdrətini, sərvətini təcəssüm etdirən dağlar haqqında yazılmış "Çəkilmiş qəlbinə əskidən min dağ", "Zirvəndə oynaşan rüzgarlar acı" və başqa misralar Azərbaycanın Sovet rejiminin işğalı altında inlədiyinə işarə deyilmi?

Süleyman Rüstəmin uzaqgörənliklə Almas İldırıma əsəbi tonda söylədiyi "sizdən proletar şairi çıxmaz" - qənaəti özünü doğrultdu. Həqiqətən də İldırım təqiblərdən, izlənmələrdən yaxa qurtarmaq üçün çox çalışsa da bolşevik məfkurəli proletar şairi ola bilmədi. "Dağlar"ın "Yeni Kafkasya"da təcəllası şairin həyatını zindana çevirir, onun açıq-aşkar təqibini sürətləndirir. O, 1927-ci ildə yazdığı "Nə üçün" şeirində qələm dostlarına, həssas oxucularına açıq bəyan edir:

 

"Bilməm öz yurdunu sevən bir şair,

Nə üçün bir cani kimi izlənir?"

 

A.İldırım incidici və düşündürücü sualının cavabını əslində özü birinci misrada xatırlatmışdır. Şübhəsiz ki, onun "bir cani kimi izlən"ilməsinin əsas səbəbi "öz yurdunu sevən bir şair", milli ruhlu bir ziyalı, istila ilə barışmaz mövqedə dayanan düşüncə adamı olmasıdır. Əsassız təqib olunduğuna, incidildiyinə görə inandığı, arxalandığı dostlardan dəstək umur. Onlardan real yoldaş, həmdəm köməyi görməyəndə adlarını səsləndirməkdən çəkinmir:

 

Doğmuşkən Süleyman taxtına güneş,

Nə bir Müşfiq həmdəm, nə Cavid bir eş!

 

Şair taxtına günəş doğmuş şəxsi vurğulayanda eyniadlı peyğəmbəri yox, yüksək kürsüyə sahiblənən dostu Süleyman Rüstəmi nəzərdə tuturdu. Lakin dağlara bənzətdiyi, arxalandığı dostlarının çoxu şairdən üz döndərir. Şair naəlac qalaraq üzünü dağlara tutub deyir:

 

Döndü həp düşmən oldu,

                        dost deyilən hər nə var,

Barı sən dostluğunda

                        möhkəm dayan, a dağlar.

 

Dövrün, mühitin amansız təzyiqi, təpkisi, hətta dağların da dostluqda möhkəmliyinə skeptik duyğular oyadır. Amma Almas İldırım dağlarla dostluğunda möhkəmdir, etibarlıdır. Onun dağlara həsr etdiyi çoxsaylı şeirləri bənzərsiz, təkrarsız, emosional, poetik düşüncələrin daşıyıcısıdır. Hətta şeirlərindən birində "Bu dağlarçün mən əzəldən bir şair doğulmuşam" - qənaətini xüsusi vurğulayır.

A.İldırım 1927-ci ildə Bakı Universitetindən xaric olunur və zorla sürgünə göndərilərkən Siyəzənin Qızılburun dəmiryol stansiyasında "Of, Bakı... bu ayrılıq mana ölümdən ağır" - harayının əks olunduğu "Dağlara vida" şeirini qələmə alır. Cəsarətli düşüncələr bu şeirin misralarında çırpınır, kükrəyir. Sözün birbaşa mənasında İldırım dağlarla dərdləşməyi bacarır. Ən əziz adama etibar edə bilmədiyi sözü, sirri o, dağlara üz tutub deyə bilir:

 

Nə düşər yurdu batmış bir igidin payına?

Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar!..

 

"Yurdu batmış", işğal olunmuş, ölkəsi əsarətdə inləyən, soyulan, tapdanan igid elə Almas İldırımın özüdür, onunla eyni ağrı-acıların daşıyıcısı olan milli düşüncə sahibləridir, ildırımların mənsub olduğu millətdir. Şair istilaya qarşı barışmaz mövqeyini sərgiləyərək  "Ya şərəfli istiqlal, ya qızıl qan", - deyə vətəni işğala məruz qalmış igidləri açıq üsyana, azadlıq mübarizəsinə səsləyir.

 

Almas İldırımın naməlum şeiri

 

Şairin Dağıstana sürgünü yerli ziyalılar tərəfindən demək olar ki, anlayış və rəğbətlə qarşılanmışdır. Çünki əvvəla, sürgün qərarını dövlətin siyasi idarələri deyil, onların "tövsiyəsi" ilə Ədəbiyyat cəmiyyəti vermişdir. Digər tərəfdən, o, cəzaçəkmə düşərgəsinə yox, qədim Oğuz yurdu, türk məmləkəti Dərbəndə göndərilmişdir. Məqsəd, Almas İldırımı yaşadığı qaynar milli mühitdən qoparmaq, "müsavatçı" dostları ilə əlaqələrini məhdudlaşdırmaq və proletar platformasına transfer etməkdən ibarət idi.

A.İldırım Dağıstana gəldikdən sonra onun ilk görüşdüyü əslən dərbəndli olan, Bakıdan tanıdığı ziyalılardan biri, tənqidçi Məmməd Kazım Ələkbərli (1905-1938) idi. Məmməd Kazım Azərbaycan Pedaqoji Universitetini bitirmiş (1927), Mahaçqalada Azərbaycan türkcəsində yüksək tirajla nəşr edilən "Məarif yolu" jurnalının və "Dağıstan füqərası" qəzetinin məsul redaktoru idi. Xüsusilə dərgi pedaqoji istiqamətli, təhsil yönümlü olsa da, burada ədəbi-bədii nümunələr də çap olunurdu. M.K.Ələkbərli A.İldırımla tanışlığı yaxın dostluğa çevirir, onu redaksiyaya dəvət edir. Şair isə Dərbənddə qələmə aldığı, "Dağıstan füqərası" qəzetinin "Ədəbiyyat səhifəsi"ndə çap etdirdiyi "Dağlardan xatirələr" şeirini Məmməd Kazım Ələkbərliyə ithaf etmişdir.

Məsul redaktor "Məarif yolu" jurnalının 1928-ci il oktyabr-noyabr birləşmiş sayının Rusiya inqilabının 11-ci ildönümünə həsr olunacağını nəzərdə tutmuşdur. Mövzu ilə bağlı müvafiq yazarlara sifariş verilir. İldırım da siyasi nəzarətdən, gözaltından yayınmaq, bolşevik funksionerlərinin nəzərində etimadını yüksəltmək üçün mövzuya müraciət etməyə məcbur olur. "Məarif yolu" jurnalının 1928-ci il birləşmiş 10-11-ci sayını nəzərdən keçirdikdə burada Malik Şahdağlının "On bir illik münasibətilə", Ş.İsmayılın "On bir il", A.Qaziyevin "İşçilər" (Böyük oktyabrda), İbrahim Musanın "Oktyabr", Hidayətin "Oktyabr", Əbasəlt Axundzadənin "Qoca həmmal", Akaşim İbrahimovun "Oktyabr" adlı nəzm parçaları ilə yanaşı, Almas İldırımın da "On bir yıl əvvəl" şeirinin yer aldığı müşahidə edilir. Bu şeir jurnalının məsul redaktoru Məmməd Kazım Ələkbərlinin sifarişi ilə yazılsa da, Almas İldırımın indiyədək nəşr olunmuş kitablarına daxil edilməmiş, böyük coşqu və ilhamla qələmə alınmışdır. Şair on bir il əvvəl deyəndə 1917-ci il Oktyabr inqilabına qədərki dövrü - Rusiya imperiya rejiminin, üç yüz illik Romanovlar sülaləsinin hökmranlıq etdiyi zamanı, mühiti nəzərdə tuturdu. Əsərdə Çarın baş iqamətgahı olan Qış Sarayından - zülm, nalə və qarğış sarayından, nifrət, lənət və rəzalət yuvasından, onun mənfur və mənhus tarixi keçmişindən, məişətindən, cinayətkaranə vərdiş və ənənələrindən obrazlı, poetik üslubda bəhs edilir. Şeirdə vurğulanır ki, Çar hakimiyyəti dövründə haqq deyən insanların qətlinə fərman verilir, xalqlar zülm və əsarət məngənəsində, sıxıntı məhbəsində yaşayır. İmperiya tarixinin "xalqlar həbsxanasına" çevrilmiş qaranlıq səhifələrini Almas İldırım belə təcəssüm etdirmişdir:

 

On bir yıl bundan əvvəl, bu atəş ölkəsində,

Qan gözlü cenerellar... hökmranlıqda Çardı.

Üç yüz yıllıq qanlı bir çinarın kölgəsində,

Rusiyanın əqlsiz bir padişahı vardı.

 

Möhtəşəm sarayların mərmər pillələrindən,

Haqq istəyən bir qula "nəsibin yox" - dedilər.

Yüksəlirkən sütunlar insan kəllələrindən,

Qan şərabı içdilər, insan əti yedilər...

 

Alovlu bir eşq ilə çırpınan laçınların,

Qırıldı qanadları, daraldı qəfəsləri.

Sıxıldıqca topraqlar zülmündən quduz Çarın,

Hıçqırırdı dərindən vulkanların səsləri.

 

Şairin imperializmə, despotizmə, zorakılığa əsaslanan idarə üsuluna dərin nifrəti müşahidə olunmaqdadır. Eyni zamanda laçın kimi qanadları dar qəfəslərdə qırılan igid, cəsur oğulların acı taleyinə Almas İldırım ürəkdən acıyaraq əsərin sonrakı bəndlərində hadisələrin yaddaşlarda dərin iz buraxan xronologiyasını itiuclu, poetik tişə ilə cızır.

 

On bir yıl bundan əvvəl qopdu böyük bir tufan,

Bir təkanla ölkələr titrədi, parçalandı.

Yerlərin göbəgindən çıxdı qızılı vulkan,

Üç yüz yıllıq səltənət cəhənnəmlərdə yandı.

 

Altun taclar alovlu pəncələrdə sıxıldı,

Yerlərə keçdi ölüm, rəzalət dolu yuva...

Əsrlərlə yüksələn "Kremllər" yıxıldı,

Atəşlərdən yarandı qıpqızıl bir Moskva...

 

(A.Yıldırım. Mahaçqala, "Məarif yolu" jurnalı, 1928, N 10-11, səh. 19)

 

İlk baxışdan oxucuda təsəvvür yarana bilər ki, şeirin son iki bəndi proletar inqilabının tərənnümünə həsr olunub. Amma buradakı sətiraltı zərif cizgilərdə dərin mənalar yuvalanır: "Bir təkanla ölkələr titrədi, parçalandı"- misrasında Rusiya İmperiyasının bir üsyan təkanı ilə bölünməsindən, parçalanmasından, əvəzində yeni müstəqil dövlətlərin yaranmasından bəhs olunur, o cümlədən Azərbaycan Cümhuriyyətinin şərəfli tarixinə dolayısı ilə işarə edilir. Şair əsərinin digər bir misrasında: "Əsrlərlə yüksələn "Kremllər" yıxıldı" - deyimində şər imperiyasının, işğalçı və təcavüzkar bir rejimin çöküşü, rəzalət rəmzinin ("Kremllər"in) fəlakət və səfalət müjdəli yıxılışı, bütövlükdə zorakılıqlar, işgəncələr altında inləyən xalqların azadlıq, müstəqillik arzuları, niyyətləri kodlanmışdır.

Almas İldırımın yeni üzə çıxarılan və ədibin nəşrlərindən kənarda qalan "On bir yıl əvvəl" şeiri söyləməyə əsas verir ki, ciddi və sistemli araşdırmalar şairin yeni-yeni naməlum əsərlərinin tapılması yönümündə ümidləri artırır.

 

***

 

A.İldırımın şeirlərinin yazılma coğrafiyasını nəzərdən keçirdikdə belə bir qənaətə gəlmək olur ki, şairə Dağıstandan çıxmaq yasaq edilməyib. O, 1928-ci ildə Mikayıl Müşfiqə ithaf etdiyi "Krımda axşamlar" şeirini Yaltada yazıb. Eləcə də Krıma həsr etdiyi və orada qələmə aldığı "Giçginə" (Təəssüf ki, bu ad A.İldırımın "Seçilmiş şeirləri" (2004, s.46) və "Boğulmayan bir səs" (2007, s.248) kitablarında yanlış olaraq "Gicginə" kimi verilib. Şairin "Dağlar səslənirkən" (1930, s.58) toplusunda "Kiçginə" yazılıb. Türk kökənli olan bu söz "Kiçiyinə" anlamındadır - A.R.) adlı epik poema gənc şair Məmməd Rahimə ithaf olunmuşdur.

Almas İldırımın 1929-cu il noyabr ayında "Dağıstan füqərası" qəzetinin bir neçə sayında çap olunan "Giçginə" poeması şairin "Seçilmiş əsərləri"nə (A.İldırım. "Seçilmiş əsərləri". Bakı, "Öndər" nəşriyyatı, 2004, 160 səh. Tərtib edəni - M.Teymur, redaktoru - N.Cabbarlı) çox qüsurlu, naqis şəkildə daxil edilmişdir. Poema yersiz redaktələrə məruz qalmış, lüzumsuz ixtisarlara və ya "unutqanlığa" düçar olmuşdur. Əsər 5 hissədən ibarətdir. Üçüncü hissənin sonunda aşağıdakı misraların poemadan çıxarıldığı müşahidə edilir:

 

Qıvrılaraq yılan kibi,

Hücrələrə atıldılar...

 

Livadiyadan gələn knyaz,

Seçdi ən gözəllərini.

Apardı azğın saraya,

Hər knyaz alıb birini,

Saldı bir soylu odaya.

Hərəsi bir əqrəb oldu,

Soldu gənc ömürlər, soldu.

 

Bu misraların şairin "Seçilmiş əsərləri"nə salınmış "Giçginə" poemasından çıxarılması qəbuledilməz olmaqla yanaşı, əsərin məzmununa xələl gətirmiş, hadisələrin süjet xəttinin pozulmasına rəvac vermişdir.

Eyni poemanın beşinci - sonuncu hissəsində də fərqli sıralanmada iki bəndi İldırımın "Seçilmiş əsərləri"nə daxil edilməmişdir:

 

Düşman keçən Toqay kibi,

Vəhşi, qanlı tuzağa.

Qaranlıqkən çəkildilər,

Hücrələrdən uzağa.

 

Və ya

 

O mayisdən Qara dəniz,

Dalğalanır, köpüyor.

O qəhrəman Giçginənin

Ətəyindən öpüyor.

Bu əsərin "Dağıstan füqərası" (1929, 28 noyabr) qəzetində dərc olunan ilk mənbəsi ilə müqayisədə adıçəkilən nəşrin mətnində çoxsaylı sözlərin, ayrı-ayrı ifadələrin təhrif olunduğu aydın müşahidə edilir.

Almas İldırımın "Seçilmiş əsərləri"ndə (2004, s.145-146) ciddi deformasiyaya məruz qalan şeirlərindən biri də 1930-cu il fevral ayının 23-də "Dağıstan füqərası" qəzetinin "Ədəbiyyat səhifəsi"ndə (¹ 43) işıq üzü görən və Roma Papasına həsr olunan "Allah naminə" əsəridir. Bu şeirdə də ayrı-ayrı sözlər dəyişdirilmiş, iki bənd "ixtisar" edilmişdir. "Unudulmuş" səkkizinci bəndin tam mətni belədir:

 

Biz hala unutmadıq irmaqların, sellərin,

Qudurmuş din yolunda al qan çağladığını...

Biz hala unutmadıq sürüklənən ellərin,

"Yuca Allah naminə" küsüb ağladığını.

 

Burada dini mövhumatın, xurafatın, cəhalətin tüğyan etdiyi, bəşər tarixinə sağalmaz yaralar vurduğu, papasların çirkli əməlləri ilə dinin monipulyasiya alətinə çevrildiyi, insanların aldadılaraq "din yolunda al qan(ının) çağladığı", göz yaşlarının axıdıldığı və digər məşəqqət və əzablar, işgəncələr Roma Papasına mənzum müraciətdə "zati-ali"lərin diqqətinə çatdırılır. Əsərin qayəsində, məramında insanları geriyə, tənəzzülə, dini xurafata səsləyən papasların əksinə olaraq onları təkamülə, tərəqqiyə, yüksəlişə çağırış mühüm yer tutur.

Almas İldırım yaradıcılığının Dağıstan dövrü səmərəli və yaddaqalan olmuşdur. Seçdiyi mövzular, rejim əleyhinə dilə gətirdiyi ifadələr vurğulamağa əsas verir ki, onun "Dağıstan füqərası" qəzetinin senzurası ilə ciddi ixtilafı olmamışdır. Onun 1930-cu ildə Dağıstandan anasına ünvanladığı mənzum məktubda yazır:

 

"Qaşların altından baxıb şimala,

Ağlarsan yurdunun düşdüyü hala"

 

- beyti yetərincə açıq və sərt deyimdir. Ana yurdun şimaldan işğal faktını bu qədər aydın və təsirli demək o dövrdə, sovet rejimi hüdudlarında yaşayan hər şairə qismət olmamışdır.

Şair digər bir şeirində vətəninin, yurdunun istila olunduğunu iqrar etməklə yanaşı, gələcəyə ümidini itirmir:

 

Əlbət ki, mənim də bir Allahım var,

Gün gəlir hürr olur yurdum, gözəlim.

 

Şair yurdunun hürr olacağına, işğaldan qurtulacağına Allaha inandığı qədər əmindir.

Almas İldırım bəzən bütün bədbəxtliklərin, uğursuzluqların, mənəvi sarsıntıların, işgəncələrin səbəbini vətəninin istila, elinin məhkum olmağında görür:

 

Məlun bir zamanda, məhkum bir eldə,

Allahım mən neçün şair doğuldum?..

 

Amma İldırımın şair doğulduğuna sevindiyi anlar da olub. Onun "Almaszadə Yıldırım" imzası ilə 1930-cu ildə Bakıda Adil Əfəndizadənin redaktorluğu ilə Azərnəşrdə iki min  tirajla "Dağlar səslənirkən" adlı şeirlər və poemalar kitabı işiq üzü görür. Kitabda şairin "Dağlardan xatirələr", "Ləzgi ellərində", "Krımda axşamlar", "Orada ki "Sen" çağlar" (Sena çayı nəzərdə tutulur - A.R.), "Parisə xitab", "Hindistanda fırtına" adlı şeirləri və "Dağıstan qızı", "Şəhvət qurbanları", "Adət bataqlığında", "Səlim Xan", "Sürgün", "Günah kimdədir" və s. başlıqlı poemaları (bu nəzm nümunələri poema adlandırılsa da həcm etibarilə kiçikdir - A.R.) yer almışdır. Mündəricatdan da göründüyü kimi, əsərlərin çoxu Dağıstanda yazılmışdır.

Lakin Azərbaycan mətbuatında gedən tənqidi yazılar müəllifin sevincinə son qoyur,  "Dağlar səslənirkən" kitabı satışdan yığışdırılır. Almas İldırım 1930-cu ilin sonlarına yaxın Dağıstandan Bakıya çağırılır. Şair Qubada bir gün qonaq qalır, burada yazdığı "Bir el aşığının dedikləri" adlı şeiri ilə xalqın milli ruhunun tərənnümçüsü olan sazın əleyhinə sovet rejiminin başladığı amansız kampaniyaya qarşı sərt münasibətini bildirir.

 

İkinci sürgün

 

Almas İldırım Dərbənddən qayıtdıqdan sonra Bakıda çox ləngidilmədi. 1931-ci ildə onun Türküstana sürgün olunması haqqında qərar qəbul edildi. Dağıstandakı sərbəstlikdən fərqli olaraq şairin Aşqabaddan kənara çıxmağa ixtiyarı yox idi. Sürgünün əsas səbəbini Bakı buxtasından gəmi ilə uzaqlaşarkən yazdığı "Əlvida, Bakı" şeirində çox dəqiq göstərmişdir:

 

Günahım - "Can!" dedim sənə, qovuldum,

Acımadın bu qurbana, əlvida...

 

İldırım sürgünə gedərkən iyirmi dörd yaşının tamam olduğunu bildirir, Çəmbərəkəndin, Qız qalasının gözdən itdiyini xatırladır və Bakıya üz tutaraq: "Bəlkə də dönmədim sana, əlvida..." - deyir. Şairin öz taleyi, gələcəyi haqqında uzaqgörənliklə, ilahi bir fəhmlə söylədiyi bu düşüncələr təəssüf ki, doğru çıxdı...

Almas İldırım Aşqabadda da az vaxt içərisində ədəbi mühitə adaptasiya olunur, yerli camaata qaynayıb-qarışır. Ənənəsinə sadiq qalaraq ilk şeirini 1931-ci ildə Aşqabad yaxınlığındakı "Kopet dağları"na həsr edir. "Gəlmiş hüzuruna əsir bir şair" - deyə dağlarla dərdləşmə, sıxıntı və nigarançılığı həzin bir pıçıltı ilə söyləmə lövhələri bu şeirdə də öz əksini tapmışdır. Yenə həmin il "Zəhmət" qəzetində dağlara xitabən yazdığı "Olmasaydı" rədifli qoşmasında da vətən həsrəti, yurd nisgili şairin qəlbini göynədir:

 

Kim məni saldı bilməm dayanılmaz bu dərdə,

Nerdə mənim öz yuvam, öz elim, günüm nerdə?

 

Almas İldırımın şeirləri, məqalələri radioda səslənir, mətbuatda mütəmadi dərc olunur. Şair siyasi idarənin nəzarəti altında olsa da Feyzi Ağüzümün yazdığına görə, sürgün edilmiş Azərbaycan türklərinin 32 sinifli şagirdlərindən ibarət məktəbin tədris hissə müdiri vəzifəsində çalışır. A.İldırımın "Zəhmət" qəzetində çap olunan bəzi şeirləri "Seçilmiş əsərləri"nə (2004) və "Boğulmayan bir səs"ə (2007) təhrif və ixtisarla daxil edilmişdir. Şairin eyniadlı qəzetin on illiyinə həsr etdiyi "Pravda Vostoka"ya şeiri "Zəhmət" qəzetinin 1932-ci il 31 oktyabr tarixli Ədəbiyyat səhifəsində dərc olunmuşdur. Əsər dörd bənddən ibarət olsa da təəssüf ki, adıçəkilən son nəşrlərə yalnız üç bəndi salınmışdır.

Almas İldırım "Zəhmət" qəzetində "Çadra qurbanı",  "Amudərya", "Saraylar yıxılarkən", "Qorkiyə" və s. əsərlərini çap etdirmişdir.

O, Aşqabadda tanınmağa və sevilməyə başlayır. Şamaxıdan sürgün edilmiş ailənin qızı - Zivər xanımla tanış olur, gənclər bir-birini böyük məhəbbətlə sevir. 1932-ci ilin 1 may günü İldırım bəy və Zivər xanım ailə qurur. 1933-cü il mart ayının 1-də bu xoşbəxt cütlüyün ilk oğul övladı dünyaya gəlir. Adını  didərgin salındıqları böyük vətənin şərəfinə Azər qoyurlar...

Ədəbi-mədəni sahəsində səmərəli fəaliyyətinə baxmayaraq, Almas İldırımın əleyhinə təbliğat işlərinin aparılmasına start verilir. O, müsavatçılarla sıx əlaqədə günahlandırılır, əsərləri sərt tənqid edilirdi. Şair "Zəhmət" qəzetinin 1932-ci il 27 aprel sayında "Öz haqqımda" adlı yazı çap etdirir. Yazıda deyilir: "Son zamanlarda Bakı qəzetlərində haqqımda bir neçə məqalə və qeydlər çıxmaqla bu məqalələrdə bənim keçmişdəki səhvlərimi ifşa edərək Cavad kibi müsavatçı bir şair ilə bir sırada, sinfi duşmanlar içərisində qeyd etdiklərindən bu haqda bir neçə söz yazmağı özümə borc bilirəm.

Təbii, ilk ədəbiyyat sahəsinə atılarkən bənə yoldaşçılıq edən (bəndən başqa bir neçə gənc şairlərə) Cavad kibi millətçi şairlər olduğundan çox zamanlar onun təsiri altından qurtulmamış və mühitə qarşı göz yumaraq "Qafqaz dağlarına" kibi bədbin və yaramaz milli "şeirlər" yazmışam. Haman bu şeirlərdən bir neçəsi "yaxın" bir yoldaş vasitəsilə İstanbula göndərilərək müsavatçıların məcmuələrində dərc edildiyi haqqında neçə dəfə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə məktub vasitəsilə məlum etmişəm.

O zaman yazdığım "şeirlər" istər Azərbaycanda və istərsə xaricdə sürünən ... müsavatçıların ruhlarını qaldırdığından bu barədə öz paçavraları "Yeni Kafkasya"da bir neçə gurultulu məqalələr yazaraq bəni öz tərəfdarlarından adlandırmaqla təsəlliyab olmuşlardır.

...Tənqidçilərin bənə etdikləri hücumları şuralardan qabaq Müsavat firqəsinə mənsub olan Cavad kibi bir Müsavat şairinə etdiyi hücum ilə bərabər olduğu zənnimcə, bir qədər doğru olmasa kərəkdir. Çünki bən gözümü açıb bu mühiti görən və islah olunmaq qabiliyyətinə malik bir gənc şairəm.

Bunu Azərnəşr nəzərə alaraq "Dağlar səslənirkən" adlı kitabçamı proletar yazıçılarının göstərişi ilə çap etmişdir. Hətta 30-cu ildə, haman kitabça çap olunmadan əvvəl Azərbaycan proletar yazıçılarının bir yığıncağında Mehdi Hüseynzadə yoldaşın məruzəsi ilə təhlil və tənqiddən keçərək nəticədə bəni bir cığırdaş (poputçik) adlandırmaqla son zamanlardakı fəaliyyətimə yekun vurulmaqla bənim tədricən proletar ədəbiyyatına doğru gəldiyim dəxi qeyd olunmuşdur.

Buna baxmayaraq Azərbaycan proletar yazıçılarının plenumunda Süleyman Rüstəm yenə də 25-ci ildə yazdığım "Sevdiyim" adlı bir şeirə əsaslanaraq bugünkü ədəbi fəaliyyətimə göz yumaraq bəni sinfi düşmən şairi adlandırması yersiz olsa gərəkdir.

Süleyman Rüstəm bilməlidir ki, o zaman o özü də haman təsirlərdən qurtarmamışdı və yenə də bilməlidir ki, illər çox sürətli, hər bir şey öz əski halında buraxmayan illərdir. O zamandan 7 il keçir... bəndə o təsirlərdən əsər belə qalmamışdır".

"Zəhmət" qəzetinin məsul redaktoru C.Xəlilovun təkidi ilə Almas İldırımın yazdığı etiraf Bakıdan gələn tənqid selinin qarşısını almaqda çətinlik çəkir. Ədəbiyyat funksionerləri şairin etirafından sonra daha da qızışırlar. "Gənc işçi", "Zəhmət" qəzetlərində əleyhinə ifşaedici materiallar dərc olunur. Almas İldırım mühacirətə getmək üçün yollar aramağa başlayır. Nəhayət, həyat yoldaşı Zivər xanımla və 3 ay yarımlıq körpəsi Azərlə 1933-cü ilin iyun ayının 19-da gizlincə Aşqabadı tərk edir.

Almas İldırımın 6 illik üzücü, əzablı sürgündən sonra məşəqqətli mühacirət həyatı başlayır, ailəsi və körpə oğlu ilə əvvəlcə İrana, müəyyən müddətdən sonra isə Türkiyəyə üz tutur... "Kim məni saldı bilməm dayanılmaz bu dərdə, Nerdə mənim öz yuvam, öz elim, günüm nerdə?" - misraları vətənpərvər şairin həyat simfoniyasına çevrilir.

 

Asif RÜSTƏMLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.2-3.