Azərbaycan ədəbiyyatının səhnəsi
İki yaxın
dostun qəvi düşməni, yaxud Paraselsin
qızılgülü
Şair obrazı. Şeir yazanların hamısı bu obraza
malik olmur. Ələkbər Salahzadə və
İsa İsmayılzadə. İnsani, həyat
tarixçəsi, nəhayət, ədəbiyyata gəlişləri
baxımından bu qədər yaxın şairlərin
üslubu, dəst-xətti əslində, çox fərqlidir,
o qədər fərqli ki, bəlkə onlardan eyni kontekstdə
söz açmaq belə düzgün olmazdı. Ona görə bu iki şair haqqında ənənəvi
yozumdan vaz keçib son dərəcə fərqli rakursdan bəhs
etməyə çalışacağıq. Bu acıdan
onlar haqqında indiyə qədər (qoşa vərəqdə-!)
deyilənləri sözə başlanğıc, mətləbə
giriş kimi ala bilərik, yəni bu hekayələrin hər
bir sətrini artıq bilirik, indi isə necə deyək,
ağ vərəqə yazılan hərflərin üstüylə
gedib onları pozur və hər bir hərfin altında dustaq
olan nəfəsi görmək istəyirik.
Şair,
yazı adamı üçün "orijinal"
sözünü işlətmək bir az
açıq qapını döyməyə bənzəyir, yəni
əslində, hər bir üslub, yazı tərzi
başqaları deyil, fərqli və orijinaldır. Ancaq burda
bir "əmma" var, bu da ondan ibarətdir ki,
yaradıcılığa çox orijinal cizgilərlə
başlayan, məhz bu cizgilərlə dünyanı tutan, diqqətləri
əsir edən şair bir də gördün, o hərflərin
altındakı nəfəsi itirir, sirri faş olur, o qədər
adi gəlir ki, ilk misrası hər şeyi söyləyib bitirir.
Buna görə də yazıda metod - necə yazmaq, içindəki,
sənin adına bağlı hərflərin
altındakı sirri necə qoruyub saxlamaq ilkin şərtlərdəndir.
Bu səbəbdən adıkeçən metod
şairi bir format və dizaynda görünmək, bu dizayn və
formatdan əl çəkməmək zərurətinə
bağlayır. Bu isə, öz növbəsində,
yalnız yazı üçün növbədə duran
çox sayda mətləblərdən vaz keçə bilmək
istedadına dəlalət edir. Ələkbər
Salahzadədə məhz bu cəhətlər qayım-qədim
prinsiplər kimi tanınmışdı. Hamı
onun bu çərçivədən əsla kənara
çıxmayacağını dəqiq bilirdi və ona
şeir yazdıran sirr sona qədər (dünyanın sonuna qədər-!)
bilinməməliydi. Əslində, sirri
unutduran, səni aldadan elə şeirin, bədii mətnin
özüdür, oxucu üçün əsas şey, ən
böyük mətləb orda o sirrin olmasıdır,
çünki nəfəsi hiss etdikcə Tanrıya, onun hikmətinə
bağlı qalırsan. Ələkbər
Salahzadə bu mənada unikal şairdir,
orijinallığını (ona şeir yazdıran sirri-!)
qoruyub saxlayan bir ədəbi fiqur, ölməz imzadır.
Bu xüsusiyyətin, poetika sisteminin milli ənənədə
dərin kökləri var, məsələn, İmadəddin Nəsimi
(Ərş ilə fərşü kafu-nun//Məndə bulundu
cümlə çün//Kəs sözünü və əbsəm
ol//şərhü bəyanə sığmazam...) Təbiət
hər bir böyük şair üçün bir səhifə
açır, illər gəlib keçir, imzalar dönüb
dolanır, o səhifədə başqa imzalardan bircə iz və
ləpir də qalmır. O səhifədə dünyanın, təbiətin
hər bir əşyası, hər bir zərrəsi ayrıca
görünür, birləşir, fərqli kombinasiyalar
hesabına məkan ən müxtəlif səs və rənglərilə
aşıb-daşırdı (Həm sədəfəm// həm
inciyəm// həşrü sirat əsənciyəm// Bunca
qümaşü rəxt ilə mən bu dükanə
sığmazam.) Yəni zərrələrin bu şəkildə
təsviri tamı göstərmək, onun
necə gözəl olduğunu, necə təzadlı və
mürəkkəb xislətə malik olduğunu bəlirtmək
üçün idi (dünyanı zərrələrə
bölüb göstərmək, bu kontekstdə məkan da
zaman kimi sonsuz və nəhayətsizdir...). Ələkbər
Salahzadə poeziyasında bu gerçəklik başqa formada
nümayiş etdirildi: tam (səhər, şəhər,
şeir, müharibə...) tək bir əşyada "gül
açırdı", zərrələrin qədimlərdə,
ana dilində kök atan yaddaşını başqa rakursdan
oyadırdı (zaman məkanın içinə qılınc
kimi batıb, pas atmayıb, əriyib gedib, məkana
qarışıb, torpağın üzərində bitən
ağacların yarpaqlarında hər anın dərdi, faciəsi,
göz yaşı quruyub, - kiçik bir məkan zaman dəryasıyla
dolub...). Baxın: Uzaqdan//nəhəng bir üzüm
salxımı//uzaqdan//şam-şamdır//gecə -
Şamaxı// Xılt kimi altına çöküb zəlzələ//
Yanır budaq-budaq//min şam ağacı//Qırılıb
buynuzu//itib dərində//öküz zəlzələ//İnsan
ümidinin işıqlarıyla//durub ayaq üstdə yenə
Şamaxı//Uzaqdan, gendən//yanır
salxım-salxım//şam-şam Şamaxı...
İsa İsmayılzadənin şair obrazını məndə
qəribədir ki, ilk əvvəl şeir yox, bir məqaləsi
yaradıb, özü də gənc yaşında
yazdığı məqalə. Məqalədə dostuyla şahmat
oynamasını nəql edir, sonra, oyunun həlledici məqamında,
daha doğrusu, oyunu aparmaq üçün fürsət
yetişdiyində ortalığa bir qəzet gəlir, sonuncu səhifədə
bir nekroloq... Əli Kərimin ölüm xəbəri.
Hər şey donub-dayanır və mat... İsada
özü-özünü yaratmaq, bədii mətni öz
ölçüləriylə qurub-yaratmaq eşqi ən ciddi
prinsip idi bəlkə də. Bu səbəbdən onun mətnində
həm hansısa əşya, söz, arzu, istək, xiffət...
ən əsas çalarları ilə rəsm edilir, həm də,
yəni ikinci planda sözün necə şeirə
çevrilməsi prosesini verirdi, etiraf edək ki, bu iki prinsipi
bir araya sığdırmaq dünya poeziyasında ən etibar
edilən yoldur. Onun səsi yadımdadı, asta,
həzin, doğru, dürüst bir nəfəsin yarada biləcəyi
çox alçaq tonda əyaniləşən bir səs.
Yuxarıda şeirin oxucunu aldadıb dərinlərdə gizlətdiyi
sirdən danışdıq, İsa İsmayılzadədə
bu sirr az qala faş olurdu, nəfəsə
gəlir, misraların arasındakı sahədə toxum kimi
cücərir və dərhal da itib-batırdı. Bunu qorumaq naminə İsa şeirdə hər
şeyi öz səsiylə əvəz etmişdi. Bunun mənası odur ki, hər bir mətnində
ürəyində bir qarşısıalınmaz qovğa kimi
başlanan çək-çevirləri, hiss-duyğu selini
dilləndirmiş, onları öz səsi ilə
danışdırmış, daha doğrusu, şeirdə hər
bir texniki elementin yerinə bu qovğanın içindən
nazilmiş ox kimi keçən səsini qoya bilmişdi.
Bu mənada İsa İsmayılzadənin hər bir şeiri, əlinə
qələm götürüb dünyaya
ünvanladığı hər bir müraciəti uşaq ikən
körpə ürəyinə düşən qorxu
qığılcımından başlayır: "...Bircə
o yadımda qalıb ki, mən başıma nə gəlsə,
lap balacalıqdan anama demişəm. Anam çox yumşaq, həlim
adam olub... İnsan nə
vaxtsa ölür, sən də, mən də... hamımız
öləcəyik. Beş-altı
yaşında olarkən bu amansız sözləri eşitdiyim
gün indi də yadımdadı; ilk dəfə eşitdiyim bu
sözlərin ağırlığı altında
ayağımı çırmalayıb, sumlanmış
biçənəkdən keçə-keçə, gözlərim
yaşara-yaşara evə necə qayıtdığımı
bəlkə də anbaan xatırlayıram. Evə
çatan kimi ilk sözüm bu oldu: "Ana, mən bir də
gələcəyəmmi bu dünyaya?" İsa
həmişə o sözlərdən şeir düzəldirdi,
bu sirri, bu kədərli hekayəni bitirə bilmirdi. Çünki şeirdə heç nə bitmir,
heç nə də başlamır, şeir - bədii mətn
yaxşı mənada başlanğıcı və sonu olmayan
İlahi bir nəsnədi - səsmi, sözmü, nəfəsmi
- bunu bilmirik. Buna uyğun olaraq
İsanın "Bir də bu dünyaya qayıtmağım
var" şeirini nümunə gətirmək istəmirik, siz
bu şeiri onsuz da bilirsiniz, onun poeziyasının cövhərini
daha çox dialoqlu, daxili konfliktli mətnləri ən mükəmməl
şəkildə əks etdirə bilirdi. Bir sevgi
şeiri, məsələn...
Mən gəlmədim//yollar
səni sevmədi//Açılmayan qollar səni sevmədi//Necə
deyim - o yolları bağışla//Necə deyim - bu
qolları bağışla//Necə deyim//necə deyim - bilmirəm
//Sənsiz keçən bu illəri bağışla//Sənlə
keçən bu illəri bağışla//Vurulduğum
dağ çayını bağışla//Sevdiyim
çiçəyi-otu bağışla//Sevdiyim
ocağı-odu bağışla//Sevdiyim
tanışı-yadı bağışla//Neyləyim//neyləyim//deyə
bilmirəm.
İsa İsmayılzadə, sanki od-alovun içindən
keçib şeir yaradırdı, yəni yazmırdı, məhz
yaradırdı. Camal Yusifzadəyə həsr etdiyi
şeirdə bu mənada ovqatın adi, ancaq çox işarələri
bətninə yığmış dramaturgiyasını
görməmək mümkünsüzdür. Vaxtilə bu cizgidən bəhs etmişdik.
Qatım bir-birinə gecə-gündüzü//Axşamım-səhərim
qarışıq düşsün//Yaza bilmədiyim sətirlərimdən//Alnıma
təptəzə qırışıq
düşsün//Desinlər//Bu nədir//bir gecəliyə//Adam
da bir belə qocala bilər?..
İsa poeziyaya yeni rakurs gətirmişdi. Bu elə bir
baxış bucağı idi ki, dayanmadan maşın təkərlərinə
çarpan yağışın altında yanıb-sönən,
əyilən, daldanacaq axtaran kölgəni, bu kölgənin
işığını görə bilirdin. Bu mənada
İsanın "Yarpaq odası" mətninin ayrıca bir
yeri var. Payızda ağaclar fikirli olur//Fikirli-fikirli susar
yarpaqlar//fikirli-fikirli göyə sovrular//başımın
üstündə buludlar ağlar... Şeiri
başdan-sona oxuyursan, hər misrada təsvir və
düşüncə/poetik analiz qatı bir-birini qəribə
ardıcıllıqla əvəz edir. Bu da həqiqətdir
ki, bu "poetik analiz" layı sonradan bir balaca
"qalınlaşdı", nəfəs öz yerindən
oynadı, ancaq...
Payızın
fikrini bilmək istəsən//gərək ağac olasan//gərək
yarpaq olasan//gərək budaq olasan//Dəniz də fikirli,
qağayılar da//fikirli-fikirli yağar
yağışlar//Bütün illərimi,
qayğılarımı//duyğumu evimə yığar
yağışlar... Bu mətndə mövcud
ziddiyyətlərin ovqat içində
aşıb-daşması son dərəcə orijinal
biçimdə təqdim olunur. Səsin, içində
bir çaşqınlıq, təlaş, yaxud qorxudan
bürüşüb qalmış bir səsin şeirə
qatılması, ora "köçürülməsi"
gözəl və bənzərsiz mənzərələr
yaradırdı, ilk baxışdan bu mənzərələr hər
birimizin təbiət qoynunda gördüklərimizə tən
gəlsə də, digər tərəfdən dərd, kədər
və qüssənin o gizli, xəfə səsdən
süzülüb obrazlaşması tamam başqa mətləblərə
işarə edirdi. Qəribə deyil ki, onun şeirlərində
bütün əllər danışır, bunun özü də
təsadüfi deyildi, - hansısa kövrək xatirəyə
ilişib qalmış nəsnələr, predmetlər
keçmişdən qayıdıb böyüyürdü,
heyrətli gözə çevrilirdi və yenə də
şeirdən o uşağın təlaşdan içində
batmış səsi gəlirdi ...Dənizin fikrini bilmək istəsən//gərək
dalğa olasan//Yağışın fikrini bilmək istəsən//gərək
bulud olasan//İlləri yenidən görmək istəsən//Gərək
vaxt olasan, sükut olasan.
Ələkbərin
şeirində qafiyənin fəlsəfəsi məsələsi...
İlk baxışdan, sanki qafiyələr
şeiri yaradır, amma əslində, bu, nəfəslə
bağlıdır. Necə? Qafiyələrin alt-alta, bir-birinin nəfəsini kəsərək
gəlməsi (Şamaxı, şam axıb tökülür,
bir dərə dibinə, dərədi binə...) uzaq
keçmişdə unudulan şeyləri yada salmaq
inadını bildirir; qafiyə həm də yaddaşla
bağlıdır, şairin nəfəsi bu halda
keçmişdən əsən küləyə bənzəyir.
İsa
İsmayılzadə şeirində bir başqa, ilk
baxışdan sakit, amma xışıltısız, lap dibdən
gələn bir səs və onu gətirən nəfəs
ağacın, daşın, yarpağın, küləyin,
yağışın yaddaşından əsir, həmin səsi
gətirən nəfəs intonasiyanın daha qabarıq nəzərə
çarpmasına şərait yaradır...
Bir-birindən
bu qədər fərqlənən iki orijinal şairi, iki
yaxın dostu birləşdirən cəhətlər də yox
deyildi: hər ikisi redaktor kimi bədii mətnin dəyərləndirilməsində
amansız və güzəştsiz idilər. İsa
İsmayılzadənin qardaşı belə ona kiminsə
şeirlərini gətirə və çapı
üçün köməklik istəyə bilməzdi.
Ələkbər Salahzadə
inanmadığı mətni, məqaləni çap eləməzdi.
Ələkbər və İsa başqalarının min bir
"fokusla" tutub saxlamaq istədikləıri təsvir,
metafora məqamlarından qaçırdılar; hər ikisi
ürəklərinə gələn (daman...)
mətnlərin içində yaşayırdılar.
Məqsəd nə idi? Özünü orada son damlasına
qədər əridib vaxt vadisində əsrlərin
qızıl tozundan mənalar emal etmək...
Paraselsin
qızılgülü misalı...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.4.