Laokoon, Laokoon...

 

 "Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı"nda roman müzakirəsi

 

Kamal Abdullanın yeni yazdığı "Laokoon, Laokoon"... (yaxud bir romanın "gerçək" yazılma tarixçəsi) romanı haqqında mətbuatda ard-arda məqalələr (Aqşin Yeniseyin "Kamal Abdullanın yeni romanı romandırmı?", Niyazi Mehdinin "Kamal Abdullanın yeni romanını yeni kontekstə salanda") çap olunmaqdadır. Hələ kitab kimi çap olunmayıb əlyazma (!) şəklində meydanda olan roman artıq çağın ədəbi-bədii faktı olaraq prosesə yeriməkdədir. Yeni romanın çağdaş Azərbaycan və dünya ədəbiyyatı kontekstində özəlliklərini, düyünlədiyi mətləblərin mahiyyətini analiz etmək üçün "Ədəbiyyat qəzeti" "Virtual müzakirə" təşkil edib. Müzakirə iştirakçıları ədəbi mühitdə tanınmış fikir adamları, yazarlardır: Xalq şairi Ramiz Rövşən, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, filologiya elmləri doktoru Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova. Qeyd edək ki, romanla bağlı Vaqif Nəsib, Mehman Qaraxanoğlu, Qismət və Nargisin yazıları ilə "Ədəbiyyat qəzeti"nin növbəti saylarında tanış olacaqsınız.

Elnarə Akimova: - Kamal Abdullanın müzakirə etdiyimiz bu son əsəri yeni roman tipi sayıla bilərmi?

Ramiz Rövşən: - Köhnə dostum Kamalın bu yeni romanı (onun öz sözüylə desək, "romanabənzər"i), məncə, təxminən iyirmi il bundan əvvəl məşhur "Yarımçıq əlyazma" ilə başlayan romanlar silsiləsinin son, yekun kitabıdır. Hətta yazının adı da bunu deyir: "Laokoon, Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi". Söhbət hansı romandan gedir? Təbii ki, "Yarımçıq əlyazma"dan. Deməli, bu sonuncu roman birinci romanın yazılma tarixçəsidir. Və beləliklə, çevrə qapanır.

Elnarə Akimova: - Bəli, hətta belə də demək olar. Bunu, adətən, əsərdə edirlər. Sona çatanda mütləq oxucusunu başa döndürən əsərlər var. Kamal Abdulla bu manevri bütün romanları üzərindən oynadı. Son romanından əvvələ dönməyə vadar edir bizləri. Bu mənada, "Laokoon, Laokoon" həm gözəl bir sonluq, həm də başlanğıc üçün zəmindir.

Ramiz Rövşən: - Amma onu da deyim ki, bütün tanış kodları, zahiri oxşarlıqlarıyla bərabər, bu iki roman bir-birindən çox fərqlənir. Əgər "Yarımçıq əlyazma"da bu gün, yəni gerçək zaman sadəcə çərçivə rolunu oynayırdısa və romanın az qala bütün toxumaları "Dədə Qorqud" dastanındakı müxtəlif motivlərlə, eləcə də Şah İsmayıl haqqında ("Çaldıran döyüşü" də daxil olmaqla) kitablardan bildiyimiz müxtəlif tarixi məlumatlarla bağlı bir çox gözlənilməz, paradoksal təxminlərdən, ehtimallardan, fərziyyələrdən hörülmüşdüsə, bu yeni romanda "Dədə Qorqud" motivləri, demək olar ki, sadəcə haşiyə şəklindədir, romanın əsas məzmunu isə aralarında böyük yaş və maraq fərqi olan iki nəfərin, Vaqiflə Firəngizin sevgi hekayətindən ibarətdir.

Azər Turan: - Elnarə xanım "əsər yeni roman tipidirmi?" deyə, sual etdi. Məncə, yunan mifolojisi ilə türk mifolojisinin bir mətndə tətbiqi bizim ədəbiyyatımızda ilk dəfə baş verir. Və Kamal Abdulla hazır mifoloji mətni "Laokoon, Laokoon..."nun hansısa hissəsinə passaj şəklində daxil etmir. Mif günlük həyatımızı, romandakı personajların düşüncə dünyasını, həyata baxışını, yaşam tərzini Laokoonu saran ilanlar kimi sarır. Laokoon mifi də, Troya atı da, sevgi də Dədə Qorqud motivləri ilə eyni zamanın məhvərinə gətirilib. Vaqif də, Firəngiz də bu motivlərin bir hissəsini təşkil edir və ikisi də həmin məhvərdədirlər. Bu romanla Kamal Abdulla, məncə, öz yaradıcılıq kredosunu da ifadə etməkdədir. Yalnız tanış sonsuz lüğətdə (bəlkə də, yaddaşın alt qatında) var olan sevimli qəhrəmanları pyedestaldan aşağı, hamının yanına düşürmək Kamal Abdullanın kredosu olub. Özü demişkən, bu, çox təhlükəli idi. Amma Kamal Abdulla bunu öz elmi və bədii yaradıcılığı ilə paralel şəkildə gerçəkləşdirdi. Nəyi və necə? Modern sənət tariximizdə rəssam Mircavadla başlanmış "İlkin qata eniş" motivinin işlənməsi ədəbiyyatımızda bu romanın adı ilə assosiasiya edəcək. Kamal Abdullanın ilkin qata eniş cəhdi bu səbəbdən də mənə Mircavadı xatırlatdı. Dediyim kimi, rəssamlıqda bunu ilk dəfə hətta düşüncələrini paralel dünyalara pərvazlandıran, hətta Antik Yunan sənəti, renessans, hətta Tailand və Birma bütləri, Tuva balballarının fani əzəməti, Acanta və Tibet kahinlərinin yaratdığı ikonalardan, hətta eskimos sənətinin ruhlar aləmi ilə irtibatından, hətta şamanizmdən və nəhayət, yaşadığı zamandan sərf-nəzər edib fikrən tarixin və kosmosun ötəsinə - ilkinliyə sıçrayan Mircavad etmişdi, ədəbiyatımızda isə bu missiyanı Kamal Abdulla yerinə yetirir. Mircavadı anlamamışdılar. O isə tanış və yad sonsuz lüğətin bütün sözlərini əzbər bilirdi, bu lüğətin sözləri ilə sadə həqiqətləri kətana köçürmək istəyirdi: "Qədim əcdadlarmız bizə iki, bəzən yeddi, doqquzdan da çox dünyadan xəbər verib gediblər - fiziki və metafizik dünya. Ancaq mənim rəsmlərimi başa düşmək istəmirlər. Ən dəhşətlisi də budur ki, istəmirlər! İnsanlar xəstədir, onlara pəhriz yeməyi, incəsənət horrası lazımdır ki, boğazdan rahat keçsin. Onlar özləri özlərini başa düşmürlər, dünyanı necə başa düşsünlər?" Bir halda ki, onların tanış sonsuz lüğətləri yoxdu, doğrudan da, dünyanı necə başa düşsünlər. O zaman Micavadı suçladılar, sonra öydülər, ya da indi də Kamal Abdullanı suçlayırlar, yaxud öyürlər... bunlar "təfərrüat"dır. Əsas olan ilkin qata enişi təmin etməkdir.

Tehran Əlişanoğlu: - Sözsüz ki, Kamal Abdulla özünün "Bermud üçbucağı" adlandırdığı "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" romanları ilə ədəbiyyatımıza yeni roman tipi gətirmişdir. Müasir tematikada yazdığı son iki: "Sirlərin sərgüzəşti" və "Laokoon, Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" romanlarını yazıçının "Bermud üçbucağı"nı daha da dərinləşdirmək, əlavələr, şərhlər yazmaq, oxucunu daha da sirlər aləminə çəkmək cəhdi kimi dəyərləndirirəm. "Laokoon"da özü işarə verir: "bir romanın "gerçək" yazılma tarixçəsi"; və baxıb-görürük ki, söhbət "Yarımçıq əlyazma"nın ərsəyə gəlməsindən gedir. Əlbəttə, düşünmürəm ki, bu roman "Yarımçıq əlyazma"ya aparan yeganə yolu göstərir; olsa-olsa "tarixçə" yazıçının təklif etdiyi versiyadır və bu ətrafda oxucunu "Bermud üçbucağı"nın daha da dərinlərinə çəkmək üsuludur. Prinsipcə, "Laokoon" müasir sevgi romanı kimi də maraqla qarşılana bilər; Vaqif adlı bir alim-yazıçının Firəngiz adlı bir xanımla psixoloji çalarlarla zəngin münasibətləri üzərində qurulmuş sevgi romanı. Amma yazıçı sadəcə belletristika nümunəsi ilə kifayətlənməyib, oxucunu qəhrəmanı Vaqifin antika ilə çulğalaşmış alim və yazıçı dünyasına şərik etmək niyyəti güdür; çünki özünü də bu sirli-sehrli dünya çox məşğul edir...

Elnarə Akimova: - E.Lenort XIX əsrdə qədim karel-fin nəğmə və rəvayətlərini epos modelində uyğunlaşdırıb epik mətnin bütövlüyünü yaratmışdı. "Kalevala" adlanan bu epos arxaik folklor formalarının birləşməsindən yarandı əslində. Fin oxucusu, fin insanı da "Kalevala" qəhrəmanlarının, orada söylənən hadisələrin gerçək varlığına inandı. Niyə? Çünki bu eposla xalq öz qutsal dəyərlərinə qayıtdı. Hər bir xalqın öz keçmişi, yaddaşı, qəhrəmanlıq tarixi ilə ünsiyyət yaratmağın yolu epos estetikasından keçir. Epos xalqın təşəkkül tarixi ilə bağlıdır, millətə özgüvənlik ruhunu, mifik keçmişlə bağlantı əminliyini təlqin edir. Bu mənada, Kamal Abdulla mətnlərinin daim bir predmeti olub: Yazıya, yaddaşa inam! Həm də burada söhbət hansısa folklor formalarının məcmusundan deyil, dünya dastan yaradıcılığının nadir nümunələrindən sayılan, oğuz bahadırlarının savaş salnaməsi olan "Kitabi-Dədə Qorqud" eposundan gedir.

Maral Yaqubova: - Hər hansı bir müəllifin daha əvvəl yazdığı bir mətni, onun yazılma tarixçəsini başqa bir mətndə mövzuya çevirməsi ədəbiyyatımız üçün ilkdir. Fikirdən sözə, sözdən fikrə, poetik enerjidən dilə, dildən poetik enerjiyə gedən yollar nə vaxt üst-üstə düşür? Müəllif fikirdən sözə gedərkən özündən əvvəlkilərin getdiyi yolla gedəndə oxucu da artıq çoxdan hamıya məlum bu tapdanmış yolla sözdən fikrə qayıdır, ədəbiyyatsızlaşma başlayır. Müəllif fikirdən sözə yeni yollar salanda, yolları özü axtarıb tapanda, oxucusuna da sözdən fikrə aparan yollar yaratmaq şansı və imkanı verəndə hər şey dəyişir, ədəbiyyat yaranır. Oxucunu hermenevtik dolanbaclarda azdırmaq, labirintə salmaq, təhkiyə meşələrində gəzintiyə çıxarmaq, bir sözlə, ədəbiyyatı dilin qrammatik həbsxanasından xilas etmək hər mətnin işi deyil. "Laokoon, Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi"nin oxucusu bilməlidir ki, Vaqif sirləri eləcəsinə açmağa gəlməyib, "oyun"u qaydalarına görə oynamalı!

Elnarə Akimova: - Romanda mif və ədəbiyyat, Edip kompleksi, Troya-Oğuzlar, Homer-Dədə Qorqud-Laokoon xətti çox açılır və şərh olunur. Yəni, adama elə gəlir ki, hər şeyi oxucunun yerinə Vaqif özü düşünür. Bununla bərabər, yazıçı oxucu üçün dərin mətləblər də saxlamamış deyil. Ki, buna yetməyə oxucunun özünün də dərin sonsuz lüğəti olmalıdır. Bəs dastanı, dünya ədəbiyyatı və mifologiyasını, Kamal Abdullanın buvaxtaqədərki yaradıcılığını "unudub" bu romanda nəyi oxuya bilərik?      

Mətanət Vahid: - Kamal Abdullanın bütün mətnlərinə xas ümumi bir cəhət var: o, sözün içində gizli olan cövhəri görür, duyur və öz yazdıqları ilə artıq var olanı üzə çıxaran sərraf kimi hiss etdirir. Dastanda yazılmayanların oxunmalı və yazılmalı olduğuna inanan Vaqifin məqsədi Kitabın bətnində var olanı "kəşf etmək", onlar əsasında uydurula bilənlərlə mətni tamamlamaqdır. Belədə o, bilərəkdən və ya bilməyərəkdən Dastanın ikinci müəllifliyinə iddia etmiş olur.

Kamal müəllimin bu romanını onun bütün yaradıcılığından müstəqil şəkildə də oxuya bilərik. Amma nə olur olsun, onun bu romanı da dünya ədəbiyyatı ilə olduğu kimi, elə özünün elmi və bədii yaradıcılığı ilə də intertekstualdır - bu, Kamal Abdullanın yaradıcılıq stixiyasıdır. Məsələn, romanda Firəngizin Dastana inanmasıyla bağlı etirafı mənə bir neçə il öncə müəllifin "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabının nəticə hissəsində oxuduğum fikirləri xatırlatdı: həmin abzas qulaqlarımda bu romanın özəti kimi səsləndi. Yəni biz nə qədər tanış "sonsuz lüğət"dən qaçmağa çalışırıqsa, yenə onun təsiri üzərimizdə izini qoyur. Yaddaşımızı itirmədən onlardan qaçmaq mümkün deyil. Lakin bütün tanış bilgiləri mütləq doğru hesab edə bilərikmi?! Bizi içinə çəkən sözlər, süjetlər "Troya atı" da ola bilər - qurama, saxta, aldadıcı...

Odur ki, romanda müəllifin məqsədi təklif edilən variantı oxucuya tanıtmaqdan daha çoxudur: "Bütləşdirməyin! Fərqli yanaşmaqdan çəkinməyin! Bilinəni də bilinməyən kimi yenidən və təzəymiş kimi, fərqli gözlə, fərqli duyumla oxumağı, hətta gərəksə, sorğulamağı bacarın!" deyir. Ümumiyyətlə, Kamal Abdulla nəsrinə xas olan cəhətlərdən daha biridir: pyedestalda olanları pisli-yaxşılı, müsbətli-mənfili, düzlü-səhvli hərtərəfli canlı insan kimi göstərmək.

Bu romandan çıxan həqiqət həm də budur ki, bir mətn bir mətn deyil, o, bəzən onlarca mətnin şaxələrinin qovuşmasından yaranan bir mətnə dönüşür. Lakin bilinən sonsuz lüğətdən imtina (nə qədər mümkünsə) yolu ilə belə, ulaşılan gerçəklik onsuz da var olandır, yeni "kəşf" olunmuş kimi görünsə də, mətnin bətnində gizlənən, görünməz qalandır.

Elnarə Akimova: - Romandakı Laokoon motivinin - kodunun başlıca missiyası haqda danışaq. Bu, romana daxil olan təsadüfi kod sayıla bilərmi?

Tehran Əlişanoğlu: - Məncə, Kamal Abdulla Laokoon motivini heç təsadüfən romana kodlardan biri kimi daxil etməyib. Bu, sadəcə Vaqifin dərk etməyə çalışdığı və Dədə Qorqud dünyasında da paradiqmlərini axtardığı düyün nöqtəsi deyil, həm də Kamal Abdullanın sənət görüşlərini ifadə etməyə çalışdığı düşüncə məqamıdır. Lessinqin məşhur "Laokoon, yaxud təsviri sənətlə poeziyanın sərhədləri" əsərindən də bilirik ki, bu antik mif hər dövrdə sənətin izahı, sənət görüşlərinin ifadəsinə bir vəsilə olubdur. Kamal Abdullanın romana daxil etdiyi "tanış və yad sonsuz lüğət" anlayışı və bu ətrafda düşüncələri, mənimcə, dahiyanədir; həm yazıçının öz nəsr texnikasını, ifadə mükəmməlliyini dərk etməyə açar olur, həm də ümumən müasir yazı düşüncəsinin həyat materialını qapsamaqda nə qədər intəhasızlığı qarşısında heyrətləndirə bilir. "Sonsuz lüğət" müasir dünya təfəkkürünə modernist-strukturalistlərin daxil etdiyi Yazı anlayışı kimi, yaxud poststrukturalist-postmodernistlərin gətirdiyi Mətn anlayışı kimi bütöv bir düşüncə platformasına rəvac verir. Amma məsələ belədir ki, Kamal Abdulla, adətən, bu qəbildən olan "paralel dünyalar", "möhtəşəm ahəng" və burada "sonsuz lüğət" kimi "sirlərin sərgüzəştləri" haqqında birbaşa elmi nəzəriyyələr kimi deyil, yazıçı qələmi vasitəsilə düşündürməyə üstünlük verir. Bu istiqamətdə "Laokoon..." da çox produktivdir; yazıçı-alim Vaqifin düşüncələri oxucunu bir-birini izləyən və tamamlayan çox belə fikir püskürmələrinə şərik edir...

Elnarə Akimova: - "Tanış və yad sonsuz lüğət" anlayışı hədsiz mükəmməl məna çalarlarını qapsayır. Mənə görə, "yad sonsuz lüğət" nədir? İlkin, saf, tərtəmiz yaddaşın ehtiva etdiyi sözlərdir. İnsan oğlu yaşadıqca saflıqdan çıxır, bicləşir, mürəkkəb xarakter almağa başlayır. Lüğətə də yeni sözlər əlavə olunur. "Yad sonsuz lüğət" bizim hamımızın anladığı, tanıdığı həmin bu "tanış sonsuz lüğət"ə çevrilir.

Roman həm də yazıçının özünü analizi baxımından maraqlıdır. Yazı prosesini mətnləşdirmək, ümumiyyətlə, ədəbiyyatımızda maraqlı zonadır. Bu romanda yazıçı psixologiyasının dərinlərinə, yazı prosesini hiss etmək estetikasının təhlilinə cəhdlər var. "Əsl ləzzət hissi sonra özünü göstərirdi. Yazı prosesinin ləzzəti gözlənilməz yerdə "gizlənmişdi". Əsər roman qəhrəmanının ömrünün mühüm bir faktı, psixoloji ağrısı, ruhsal gərginliyi kimi verilir. Burada daha bir məqam: Yazıçı yazı prosesinin dərinlərinə enərək həm də insan xislətinin gizlinlərinə vaqif olur. İnsan xislətinin dərinliyi dedikdə mən həm də bu qatı nəzərdə tuturam. Kişi və qadın münasibətlərinə fərqli baxış bucağı sərgiləmək, insan təbiətinin gözlənilməz, qaranlıq tərəfini üzə çıxarmaq. Əsəri bu mənada yazıçının özünün düşüncələri və təbəddülatları arasında konflikti də saymaq olar. O, daxili konfliktindən keçərək sonda həqiqətinə çatır (Firəngizi kəşf edir, kitabı kəşf edir, bürcü kəşf edir). Yazıçı Kitabı həm sənət, həm kişi-qadın müstəvisində araşdırır, yəni burada dastan həm təhlil olunur, həm də daxilən yaşanır. Personajların təhtəlşüurundan material kimi yararlanır.

Maral Yaqubova: - Ədəbiyyatı həvəskarlıqdan bir-iki pillə yuxarıda dayanıb oxuyanların mətnə ünvanladığı suallar fərqli olur, onların mətni dəlik-deşik edərcəsinə təftiş etmək, söküb-yığmaq, mətni astar-üz etmək kimi "zalımca" vərdişləri var, ona görə zalımca deyirəm ki, bu "zülm"ə tab gətirməyən mətnləri əvvəlcədən bəlli aqibət gözləyir: yox olmaq! Bir mətni bu qədər təftiş etmənin məqsədi və niyyəti nə ola bilər, nəyi axtarıb tapmaq istəyirik? Yüzlərlə cavabın dönüb dolaşıb gəldiyi yer birdir: ədəbiyyat necə yaranır, oxuduğumuz mətnin arxasındakı böyük enerjini görmək, bəli, məhz görmək istəyirik. Bir mətn necə yazılır, bir mətn necə formalaşır, necə ərsəyə gəlir, təxəyyülün, bilginin, yaddaşın, həyat hadisələrinin, təəssüratların iştirak nisbəti necədir? "Laokoon, Laokoon....yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" romanında Vaqif hər şeyi etiraf edir: "Sanki sadə bir şey idi. O, öz sözünü başqasının, özü də reallıqda olmayan bir başqasının adından bu mətnə salmışdı.....Yad sonsuz lüğətdən gələnlər əvvəl-əvvəl ad şəklində, sonra söz şəklində, sonra da ideyalar, fikirlər şəklində bahar seli kimi gəlməyə başladılar və yavaş-yavaş onun tanış sonsuz lüğətlə yazılmış mətnlərinə dolub bu mətnləri onun özü üçün də bəzən tanınmaz etdilər." Kamal Abdulla haqqında oxucuya məlum olan bilgilər, oxucunun təxmin etdiyi bilgilər və oxucunun heç bilmədiyi bilgilər (anılar və təəssüratlar) mətndə birləşir, Vaqif həm tanışdır (Kamal Abdullanın sözlərini "özününküləşdirir", özünü bilərəkdən ifşa edir), həm də yaddır (təğyiri-libasdır, bu dəfə oxucu deyil, yazıçıdır, "Yarımçıq əlyazma"nın fiktiv müəllifidir). Kamal Abdullanın növbəti avatarı - ədəbiyyatın uydurma-qurma Vaqifi biz oxucularla "Yarımçıq əlyazma" ortaya çıxaran poetik enerjinin heç də sadə olmayan mətnləşmə yolçuluğunun hələ beyində yazılan mərhələsini paylaşır.

Elnarə Akimova: - Niyə müəllif son romanını "romanabənzər" adlandırır? Bu, romanla romanabənzərlik arasındakı fərq anlamında hansı gözləntilər vəd edir?

Maral Yaqubova: - Bilirik ki, romanın yazılma tarixçəsinin özünün romanlaşması, daha doğrusu, romanlaşdırılması, ədəbiyyat və ədəbiyyatşünaslıq arasındakı cizgidə baş tuta bilər və bu kəndirbaz ipində rəqsə bənzəyir, roman və romanabənzərlik arasındakı fərqin özündən törəyir. Belə ki, romanabənzər öz başlığı ilə oxucuda öntəxminlər yaradır, başlıqda nəzəriyyə (elmi olanla) və ədəbiyyat (bədii olan) arasında dolu və ya boş nə varsa, hamısını hörümçək toru kimi toxuyacaq mətn havası duyulur, mətnin sərlöhvəsinə çıxmış Laokoonun mifik silueti və semantik yükü, janrın öz adı ilə başlığa çıxması, yazı, tarixçə kimi nəzəri məzmunu olan anlayışlarla bir cərgəyə düzülməsi - bütün bunlar cəmləşib oxucunun metanarrativ strukturda bir təhkiyə gözləntisini həm təsdiqləyir, həm də içinə şübhə toxumları səpir. Mətni oxuduqca metanarrrativin miqyası və əhatə dairəsi genişlənir, oxucunun təəccübünə rəğmən konkret bir əsərin sərhədlərini aşır: oxucu mətni oxuyur, mətnin içindəkilər başqa bir mətni oxuyur, onların oxuduğu mətn oxucuya tanışdır, Dastan-Kitab mətnidir, amma Vaqif və Firəngiz mətni fərqli şəkillərdə oxuyur, biri intellektual oxucu, biri isə intiutiv oxucudur, biri ağılla oxuyur, digəri ürəklə. Roman müəllifinin onları görüşdürdüyü restoranın adı da "Şəbəkə"dir, biz labirint deyək (Romanabənzər israrla deyir ki, "Şəbəkə" ətrafındakı dünyanın isə heç bir təsadüfi cizgisi yoxdur).

Romanabənzərdə bir roman yazılır, daha doğrusu, hələ ortada yoxdur, Vaqifin gecə-gündüz üstündə işlədiyi, beyninə, ruhuna hakim kəsilən, onu tanış və yad sonsuz lüğətlərin arasında çaş-baş salan oxuduğu bir mətn var, bu, dastandır. O dastanın "zərif kəpənəklər"in aldadıcı qanadlarının altında yatan Troya atlarının sıxışıb qaldığını hiss edir, Vaqif mifin gücsüzlüyü və gücü, yazının qüdrəti (Qüdrət heç də təsadüfi ad deyil, Vaqifin boynundan bir pudluq daş kimi asılıb qalan Qüdrət adı Troya xalqını çağırışdırır, kortəbii inancı, stereotip düşüncəni, kütləvi mühafizəkarlığı anımsadır) və qüdrətsizliyi arasındakı boşluqları görür, bu boşluqları doldurmaq üçün ona bir şey lazımdır. İmpuls bəllidir, dastan palimpsestdir (Əlqəzər sarayındakı təəssürat!), Troya atı kimi öz qarnındakını gizlədir, bu gizli qatı aşkara çıxarmaq üçün Laokoon müdrikliyi, Laokoon şübhəsi lazımdır. Bir sabah Vaqifin beyninə, oradan da dilinə gəlib dolaşan bu ad metaforikləşir, Ana mətni təftiş üsuluna çevrilir ("Yaxşı, Qüdrət, sən indi bundan sonra görərsən... Mən bir də sənə inanarammı?! Laokoon, sən gəl bundan sonra mənim talismanım ol..")

Elnarə Akimova: - Əslində, Vaqif də əsərdə Laokoondur. Kitabla bağlı beynindən keçən fikirlər, qaranlıq boşluqların yaratdığı gərginlik, bunları kimləsə bölüşmək ehtiyacı və inanılmamaq qorxusu! Firəngizin ona inanması onda öz fikirlərini yəqinləşdirmək üçün gərək olur. Ona inanılmağı istəyir: "Vaqifin Firəngizdən bunu eşitməyə ehtiyacı vardı: "sənin sevdiklərini mən də sevdim. Mənim çiyinlərimdə pudluq daşlar var idi. İndi yoxdular. Onlar hara yox oldular?! Mən çəkisizəm. Mən azadam. Mənə elə gəlir ki, uçmaq istəsəm, uça bilərəm. Sən də mənimlə uça bilərsənmi" ?!

Maral Yaqubova: - Laokoon kimi baxmaq Troya atının yalan və doğru tərəflərini görməkdir, Vaqif Dastanda nə axtardığını bilir, dastanın sxem-modelini ("Yarımçıq əlyazma" bizə məhz bu cür təqdim olunmuşdu!), yazıya köçürülməmiş halını, yazının gizlətdiklərini axtarır, boşluqlarda dolaşanların izini sürür, "ənliksiz-kirşansız dövrü"ün varlığını sezir, orada bir dünya var, bu dünya yad sonsuz lüğətdir, tanış sonsuz lüğətin içində gizlənib, sayrışan işıqların qaranlıq tərəfidir.

Elnarə Akimova: - Niyazi Mehdi romanla bağlı yazısında bu məqamı gözəl ifadə edib: "sayrışma" deyəndə gözümün qabağına yanıb sönən ulduzlar gələndə sönməkdən yaranan qaranlıq gəlmirdi. İlk dəfə Kamal sayrışmada qaranlıq tərəfə də diqqəti yönəldib Dədə Qorqud üzərində talmudçuluq yapır və bundan yeni roman tipinin əl-kimya reaksiyaları üçün istifadə edir".

Maral Yaqubova: - Bəli, Laokoon şübhədir, duyuq düşməkdir, qaranlığı təsbit etməyə çağırışdır və öz tələbləri var: mətnə yanaşmada bütün eynəklərdən qurtulmaq, romanabənzərin təbirincə desək, boynundan asılmış pudluq daşlardan xilas olub uçmaq! ("Nə isə etmək isə yad sonsuz lüğətin ölçüləri ilə Kitaba yanaşmaqdır"). Bir də Firəngiz var, o, ədəbiyyatın Düma və Coys arasındakı ucqarlarını bilmir, duyğuları, emosiyaları, hissləri ilə hərəkət edir, intuitiv oxucudur, empirik davranır, mətnin sonluğunu bilməyə maraqlıdır, oxuduqlarını yuxuları vasitəsilə anlayır, amma "bənövşəyi şarf"ı ilə gəlir mətnə. Vaqifin bağışladığı bu şarf gah Firəngizin boynundadır, gah dizinin üstündə, gah da uçub gedib üfüqdə finiş lentinə çevrilir. Bənövşəyi rəngin iki tərəfi var, qırmızının istiliyi, göyün soyuqluğu bu rəngdə birləşib, qırmızıda göylük, göydə qırmızılıq, simvolik dilə inansaq, hissin və intellektin harmonik nizamı deyə bilərik. Laokoonun duyuq düşürdüyü mətndəki boşluqları aşkarlamağın və anlamağın yolu bu iki tərəf arasındakı tarazlığı tapmaqdan keçir. Vaqif mətn boyunca bu tarazlığı axtarır və tapır.

Elnarə Akimova: - Romanda ana xətt mətn gerçəklərinə inam üzərində qurulub.

Mətanət Vahid: - Oxucu aldadılmağı könüllü şəkildə qəbullanmalıdır ki, mətnin gerçəyi ilə üz-üzə qalıb alternativ dünyanın zövqlərini duya bilsin. Çünki o, "yalan söz"ə "aldandığı", inandığı müddətcə bu, sənətdir, ədəbiyyatdır. Bədii gerçək şübhə altına alınırsa, söz sehrini itirir və yerini çılpaq reallıq alır. Başqa sözlə, yalnız oxucu məntiqi ilə mətnə yanaşıldığı zaman həmin sözlər bədii mətn olur, real məntiq oxucu məntiqini üstələdikdə isə o, bədiilikdən çıxır.

X.L.Borxesin "Servantes və Don Kixot" pritçasının sonuncu cümləsi düşür yadıma: "Ədəbiyyat miflə başlanır və miflə bitir." Yalnız romanlarını demirəm, hekayələri daxil, Kamal Abdullanın bütün nəsri miflə qol-boyundur. Romanda xatırladıldığı kimi, troyalılar Laokoona inanmamışdılar. Bəs ona inansaydılar, nəticə dəyişərdimi? Necə dəyişərdi? Və ümumiyyətlə, bu müddəanı sənətin, həyatın bütün sahələrinə, mərhələlərinə aid etsək, olanları deyil, olmayanları düşünüb "necə ola bilərdi?" sualı verə bilsək, nə baş verər? Necə deyir ustad: "Olacağın olmağına nə var ki\ Bircə dənə olmayacaq ver bizə."

Roman, ilk növbədə, elə adı ilə oxucuya "oyun" təklif edir - mif, ədəbiyyat və ortada "gerçək" ifadəsi varsa, demək, həm də şübhələnməyə yer var. Üstəlik, müəllif mətnin janrını "romanabənzər" olaraq təklif edir. Vaqif gerçəkləri dastana bugünün məntiqi ilə yanaşaraq üzə çıxarır, yarandığı dövrdə bu gün "kəşf edilmiş" o gizlinlər heç kimi narahat etmirdi, maraqlandırmırdı. Vaqifin intellektual məşqləri özünü Firəngizin saf, hələ bilinən sonsuz lüğətlə "pozulmamış" təfəkkürü hesabına doğruldur.

Romanla çıxdığımız yolun elə başlanğıcındaca şübhə və inam məsələsi bizə yol yoldaşı olur. "Niyə? Nə üçün?" sualları ilə Vaqif oxucunun da beyninə şübhə toxumları səpir. Vaqif əmindir ki, oxuya bilmədiklərimizin arxasında görünməz qalan nəsnələr kitabda var, sadəcə, biz onu görə bilmirik. Səbəb isə qəlib düşüncəmiz, buvaxtadək öyrəndiklərimiz, bildiklərimizdir. Çıxış yolu bu kitabla bağlı beyni hələ ədəbi bilgilərlə "kirlənməmiş", vərəq kimi tərtəmiz olan bir zehinə müraciətdir ki, bunu Vaqif edir.

Ramiz Rövşən: - Doğrudur, Vaqif müəllim Firəngizi də özü kimi "Dədə Qorqud"a yoluxdurmaq, "kitab"la "xəstələndirmək" arzusundadı. Və Firəngizin yuxuları onun bu arzusunun get-gedə gerçəyə çevrildiyini göstərməkdədi. Amma bircə gün həkim işləməsə də, hər halda, peşəsi həkimlik olan bu qızın bu "kitab xəstəliyindən" qurtulacağına da ümid eləmək olar. Çünki Vaqif müəllimdən fərqli olaraq, Firəngiz üçün yəqin Banuçiçəklə Basat arasında keçmişdə hansısa sevgi münasibətinin olub-olmadığını bilməkdən daha çox onun özüylə Vaqif müəllim arasındakı sevgi münasibətinin gələcəkdə necə olacağını bilmək maraqlıdır. Yəqin elə Vaqif müəllimin özünün də bir müddət "Kitabi Dədə Qorqud"dan, "Kitab"ın da Vaqif müəllimdən "dincəlmək" vaxtıdır.

Elnarə Akimova: - Romanda çox əhəmiyyətli bir motiv var: Tutaq ki, ilkin qatda - oğuz mentalitetində qısqanclıq hissi varmı, olubmu? Olmayıbsa, niyə olmayıb? İlkin qatda biz - oğuzlar necə sevirmişik ki, qısqanclıq hissi bizə yad imiş?

Azər Turan: - Kamal Abdulla bunun cavabını Dədə Qorqud mətnlərində axtarır. Mənim yadıma İbn Fədlanın "Səyahətnamə"sində qədim türklər barədə verilmiş belə bir informasiya düşür: "Erkəklər və qadınlar bərabər çaya girib çırılçılpaq yuyunarlar, bir-birindən qaçmazlar". Bu necə ola bilirmiş? Bunun cavabını dolayısı ilə Kramerin "Tarix Şumerdən başlar" kitabında tapa bilərik. "Çox şükür, modern tarixçilər Şumer şairlərini tərbiyəsiz hesab etmirlər". Çünki ilkin təəssüratlarla yaşayan və sevən, şeyləri ilkin adı və mənası ilə adlandırıb yazan Şumer şairləri ilə bizi üç sivilizasiya ayırır... İlkinlik qatı hələlik üç mərhələsini bildiyimiz sivilizasiyanın dərinliyində, yaxud fövqündədir. Kamal Abdulla isə semantik işarələrə söykənib, belə demək mümkünsə, Dədə Qorqud sivilizasiyasında sevginin və qısqanclığın təzahür şəklini axtarır. Təkcə qısqanclıq deyil. Casus axtarışı da bu qəbildəndir. Kamal Abdulla elmin susduğu yerlərə yazıçı fəhmi ilə baş vurur. Dədə Qorqud dünyasını evbəev gəzir... Casusu dünyaya gətirən ananı axtarır və tapır. Ulissin sorağıyla Beyrəyin qapısını döyür.

Elnarə Akimova: - Maraqlı məqamlara gəldik, Azər müəllim. Yazıçı Kitabdakı qaranlıq boşluqlara diqqət yönəldir: Təpəgözün özünü öldürməsini sui-qəsd, yaxud öz canına qıyması kimi mənalanması, Qısqanclıq - Banuçiçək-Basat məsələsi, Casus - Kafisin casusu. Kamal Abdulla manerasına sadiq qalaraq, yenə də oxucunu özünəməxsus ədəbiyyat dünyasının labirintinə salır. Mizanları istədiyi kimi qurur, müxtəlif passajlarda improvizələr edir. Faktiki olaraq, reallıqla mifoloji arasında sərhəd götürülür, bədii obrazla real şəxsin iç-içə keçdiyinin şahidi oluruq. Əsərdəki casus bölümü bunun sübutudur.

Daha bir məqam. Yuxu arxetipi əsərdən əsas xətt kimi keçir. Kamal Abdulla yuxu situasiyalarını romanın toxumasına daxil edir. Yuxunun obrazlı və emosional dinamikası romanın konsruksiyasında qabarıq görünür. Hətta deyim ki, yuxu ilə gerçəklik əsərdə qoşa proses kmi gedir. Firəngiz Vaqifin gerçəklikdə şüuraltında gəzdirdiyi narahatlıqları yuxu prosesdində yaşayır. Bu proses onda ikili kontekstdə - yuxu və gerçəklik arasında getdiyi üçün "çevrilmə" baş verir. Qeyd edim ki, bu "çevrilmə" prosesi həmin anda obrazların təhkiyəsinə belə təsir edir. Daha çox "Kitabi -Dədə Qorqud" dastanındakı təhkiyə ritmi, obrazların dili əsərə daxil olur. Linqvistik yöndən baxsaq, müəllif orta əsrlərin özünəməxsus ifadə tərzi, dil stixiyası, emosional siqlətini qorumaqla oxucunu oğuz-azəri stixiyasını bütün ruhu ilə hiss etməsinə nail olur, həmçinin bu stixiyanı genetik-psixoloji olaraq mətnə ötürməyi bacarır. Mətnin yeni energetikasını yaratmış olur. Bu energetikanı biz əsərdəki dərin səsdə, daxili obraz və struktur konseptuallığının qorunmasında da görürük.

L.Çukovskayanın "Anna Axmatova haqqında qeydlər" kitabında belə bir fikir var: "Anna Axmatova bizə əvvəldən axıracan bütün "Məhkəmə" (F.Kafkanın əsəri nəzərdə tutulur - E.A.) romanını danışdı. Roman haqqında rəyini isə belə bildirdi - oxuyuram, sanki kimsə əlimdən tutub məni qara yuxulara çəkib aparır". Kamal Abdullanın "Laokoon" əsərində də Firəngiz dastanı oxuyan kimi yuxu məkanına sürüklənir. Oyananda sanki yad gerçəkliklə üz-üzə dayanır. Hər şey, anlayışlar, zaman və məkanlar profanlaşır, mənasını itirir. Niyə? Çünki yuxuya getməklə, əslində, mənalar dünyasına, onun dərinlərinə daha çox varmış olur. Amma bu artıq Vaqif üçün çoxdan doğma, tanış olan gerçəklikdir. Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"da yuxu arxetipi var. Yuxuya getmiş qəhrəmanlar bir müddət reallıqdan təcrid olunurlar.

Azər Turan: - Kitabı oxuduğu gün Firəngizin yuxuda gördüyü vaqeələr və bunun özəl təhkiyə ilə təsviri də çox cazibədardır. Burda şüualtı axınla Edip kompleksi də mətnə daxil olur. Bir yuxusunda Firəngiz Vaqifin anası idi. "İşə bax, bu mənim sevgilim deyilmiş, bu mənim oğlum imiş... Ona görə mən bunu belə çox sevirmişəm"... Başqa vaqeə, Sofoklun "Çar Edip" faciəsini yada salır. "Balam mənim, oğlum mənim Vaqifim. O kişi ki var, səni yaraladı, o sənin doğmaca atandır. Səni ona şərlədilər, dedilər ki, sənin məndə gözün varmış. O da həqiqəti bilmədən sənə, öz doğmaca oğluna qıydı".

Uyquda Firəngizin Vaqifə dedikləri İokastanın Edipə dediklərini yansıdır: "Hökmdar, sən bu düşüncələri burax... Çox keçmişdə Febin kahinləri... tərəfindən Laya belə bir xəbər verilmişdi ki, guya onun çox məşum bir taleyi vardır. Guya Lay mənim ondan doğduğum övladımın əlilə qətlə yetirələcəkdir. Uşaq üçgünlük ikən atası onun qıçlarının bəndlərindən bağlatdırıb keçilməz bir uçuruma atılmasını əmr etmişdi... Demək, qeybdən xəbər verilən şeylər düz çıxmamışdır. Edip, sən bunlara inanma. Allah lazım bildiyi hər şeyi çox asanlıqla xəbər verir". Lakin İokasta yanılırdı. Qeybdən verilən xəbərlər düz çıxmışdı və qarşısındakı tiran hələ üçgünlük ikən "qətlə yetirilmiş" həmin o uşaq idi. Öz oğlu. Təsadüfən sağ qalmışdı və indi atasını öldürmüşdü, anası ilə evlənirdi...

Elnarə Akimova: - Təhtəhşüurun oyanışı ilə bağlı gidər bir məsələyə də toxunmaq olar. Əsərdəki Freydizm əlamətləri, Freyddən gələn çalarlar - anaya həm də qadın kimi baxılması, "ana və sevgili" motivi. Yəni, müəllif əhvalatın bir də psixoanalitik - freydist tərəfini önə çəkir. Kişilərin realizə edə bilmədiyi istəklərinin başqa adla sublimasiya olunması ilə əsəri freydist qatda da işləyir.

Azər Turan: - Mifoloji, ilk qat personajların ruhi yapısına sirayət edir. Hətta yuxu sayrışmalarının hesabına metamorfoz baş verir. Vaqif Basata, Firəngiz Banuçiçəyə, Qazan xan Vaqifə və s. dönüşür... Firəngiz oxuduğu kitabın və gördüyü yuxunun təsirindən çıxa bilmir. Vaqifin anası olduğuna sanki özü də inanıb, Vaqif də Firəngizin bu halına həssas yanaşır, yazıçı da artıq sövq-təbii mətnin içində kənar müşahidəçi deyil, "Maşın "Şəbəkə" dikdirini qalxıb şəhərə tərəf yol alanda yalnız bu zaman Firəngizin cadar olmuş ürəyinə rahatlıq yağışının damcıları çiləndi. Vaqif ondan heç nə soruşmadan maşını şəhərə tərəf sürdü. "Qorxulu" bağ yolu arxada qalmış, Firəngiz asudə nəfəs almışdı". İstər-istəməz sual doğur, bəs bu qədim yunan mifinin, modern Edip kompleksinin Oğuzla nə bağlılığı? İbn Fədlan "Səyahətnamə"sində Oğuzlarda da tam belə olmasa da, ögey-doğmalıq fərqi ilə buna bənzər elementlər vardır. Romanda isə "Maşın dikdiri qalxıb bir qədər irəliləyəndən sonra Firəngiz özünü də, Vaqifi də daha maşında deyil, qara, nəhəng atların belində gördü... Atlar dəli atlar idi, ağızlarından buğ çıxara-çıxara, bütün əzələlərini qorxulu bir qüvvə kimi adamın gözünə soxaraq var güclərilə çapırdılar.

- Canım oğlum, Buğacım! Bircə tez yetişə idik. Bu namərd qırx quldur atana bir zərər verməyə idilər. - Firəngiz üzünü Vaqif tərəfə çevirib bu sözləri ona qışqırdı. Bu zaman hardansa gəlib Firəngizin boynuna dolanmış bənövşəyi şarf havaya uçdu və sürətlə arxada qaldı.

Vaqif atın üstündə dimdik oturmuşdu və Firəngizə elə məhəbbətlə baxırdı ki, qızın az qalırdı ürəyi sinəsindən sıçrayıb çıxsın. "Mən nə edim ki, bu məni bu cür sevməkdən əl çəksin, mən nə edim?! Ay Allah, bizim bir-birimizi sevməyimiz də adam kimi deyil ki... Mən buna necə sübut edim ki, mən bunun anasıyam?! İnanmır, görürəm ki, inanmır mənə".

Bir də Bağ evində Firəngizin gecə dedikləri: "- Gecən xeyrə... Buğacım... Hə, sənə təzə xəbərim var. Sən axı mənim Buğacımsan... Amma bunu heç kimə demə ha... Heç kim bunu bilmir. Bu bizim sirrimiz olsun. Gecən xeyrə, Buğacım...". Beləcə, Sofokldan Freydə qədər davam edən xətt "Laokoon, Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi"ndə də Azərbaycan ədəbiyyatı üçün yeni və hədsiz estet ampluada sayrışır.

Troyanın viran qoyulmasına, süqutuna səbəb olan at mücəssəməsi və At ağızlı Aruz Qoca paraleli də Firəngizin düşüncələrini məşğul edir. Söhbət Troyadan gedirsə, bu paralel çox düşündürücüdür. Yazıçıoğlunun (XV yüzil) "Selcuqnamə"sindəki: "at başın yalmırıb bir kəz yudan Əfrasiyab oğlu Alp Arız bəy"i böyük qorqudşünas Orhan Şaiq Gökyay Dədə Qorqudun kitabındakı Salur Qazanın dayısı, Kıyan Səlcuqla Basatın atası, "altmış kırkıl sakallu qocanın ulusu", "altmış erkec dərisindən kürk eyləsə topuqlarını örtməyən" Qazan bəyin dayısı At ağızlı Aruz Qoca" ilə, yəni Alp Ər Tonqanın oğlu Alp Arızla ("Avesta"da və "Şahnamədə" Əfrasiyabın qardaşı olaraq tanıtdırılır) qiyaslandırırdı. Əgər At ağızlı Alp Arızı Salur Qazanın dayısı olaraq qəbul etsək, o zaman Salur Qazan Alp Ər Tonqanın nəvəsi, Basat isə nəticəsi olmalıdır. Bu da Dədə Qorqudun izlərini 1300 il əvvəldə deyil, zaman etibarilə elə Troya müharibəsi ərəfəsində aramağa zəmin yaradır. XIV yüzildə Venetsiyalı Andrea Dandolon yazırmış ki, "Troya kralı Priamın oğlu Turkos, Troyanın alınmasından sonra yandaşlarının böyük bir bölümüylə Qafqaz dağlarının arxasına sığınmışdır". Bunu niyə xatırlatdım? Qafqaz dağlarının arxası həm Dədə Qorqud, həm də Alp Ər Tonqa yəni, Əfrasiyab, yaxud Saka hökmdarı Maduvanın coğrafiyasıdır. Və bu coğrafiyadan görünən Laokoon hətta zaman etibarilə Dədə Qorqud sisteminə yad olmaya da bilər... Digər tərəfdən, Kamal Abdulla Laokoonu Dədə Qorqud dünyasına daxil etməklə, əslində, mətndə multikultural bir düzən yaradıb. Yunan (bəlkə də Troya) və Türk miflərini bir çətirin altına yığıb, bir toplumun romanında onlara eyni funksiya verib. Tanış və yad sonsuz lüğətlərin sözləri ilə danışsınlar, sirləri açsınlar və inandırsınlar...

Elnarə Akimova: - Bəli, təhtəlşüur oyandıqca ilkin qata eniş daha yaxşı baş tutur. Məsələn, Firəngizə "uyqu" sözü daha gözəl təsir bağışlayır, yuxu sözünün kobud səsləndiyini bildirir. Firəngiz anlayır ki, şüuraltında oyanan sözlər yaddaşının ilk sözləridir. Belə bir halı oxucu əsərin əvvəlində bir də Vaqifin Firəngizə dediyi "çayın qoxusuna baxmaq" təklifində özünü göstərmişdi:

"- Bah-bah, bunun qoxusuna baxırsan? Paxlava istəyirsən? Özləri burda bişirir, - deyə Vaqif stolun üstünü nəzərdən keçirib çayı süzə-süzə soruşdu.

- Yox, sağ ol. Necə baxım mən bunun qoxusuna?! Heç qoxuya da baxarlar?! Qoxunu da görərlər?! Bu da bizim çoxbilmiş professorumuz. - Firəngiz çay stəkanını burnuna tutdu. - Nə qoxusu olacaqdı ki... Zəfəran vurublar da. Yavaş, ağzın yandı... uff... - Firəngiz dözməyib qaynar çaydan bir qurtum almış və indi də ufuldayan Vaqifə acıya-acıya baxıb o da ufuldadı.

...Qoxuya "baxmaq" istəməyən Firəngiz Vaqif üçün çox maraqlı idi. Bir dəfə qız Vaqifə öz uşaqlığından danışmışdı. Anası ona qaçıb yıxılmaması üçün "ayağının altına bax..." demişdi və balaca Firəngiz dayanıb yerə oturmuş, ayağını qaldırıb altına baxmağa çalışmışdı. "Bu qız ənlik-kirşandan əvvəlki dövrün qanunları ilə düşünə bilir. Kitabın görülməyən tərəflərinə girsə, bu girə bilər".

İndi burda bir məsələ var. Vaqif niyə Kitabı oxumaq üçün Firəngizi seçir. Məsələn, katibəsi, hətta "elmi məsləhətçisi" olduğu "Key Balaxanım dediyi" Rüxsarəni də təcrübədən keçirə bilərdi. Amma yox, Lermontovdan və Çingiz Abdullayevdən başqa heç kimi oxumamış Firəngiz Vaqif üçün daha uyğun olur. Çünki Firəngizin təhtəhşüur həssaslığı Vaqifi bu qənaətə gətirir. Kitabın içinə girdikcə onlar iki eyni adama çevrilirlər.

Ramiz Rövşən: - Bəli, bundan sonra mən əziz dostum Kamalın növbəti kitabının hər cür intellektual gedişlərdən, üslubi mürəkkəbliklərdən azad, olduqca sadə və maraqlı bir sevgi romanı olduğunu görsəm, yəqin ki, təəccüblənmərəm...

Elnarə Akimova: - Ramiz müəllim, Aqşin Yenisey məqaləsində yazıb ki, "romanın Vaqifi də - açığı, bu cür pasport adlarının istənilən yerli romanın enerjisini sorduğunu düşünürəm, mənə elə gəlir ki, Azərbaycan romanında obrazlar adları ilə deyil, ləqəbləri ilə təmsil olunsalar roman daha canlı görünər".

Ramiz Rövşən: - Aqşinin fikrinə hörmətlə yanaşıram. Ancaq, əslində, enerji adlarda yox, adların sahiblərində olur. Bu da var ki, adların bir çoxu arxetip xarakteri daşıyır. Yəni alt qatında müəyyən "informasiya bankı" yerləşir. Bu mənada Vaqif adı, məncə, təsadüf deyil. Vaqif adının özünün belə, xalq arasında artıq enerjisi var. "Hər oxuyan Mola Pənah olmaz", - deyirlər və Vaqif adı da bir vaxtlar böyük şairin çox bilikli olduğuna görə verilib. Kamal da bu adı yəqin ki, obraza təsadüfən verməyib. Firəngiz də bir gözəl qız adıdır. Adların insan taleyinə təsiri çox olur. Qıztamam, Kifayət kimi adlar hətta, dünya gözəli olsalar belə, o qızlarda bir diskomfort hissi yaradır. Amma sovet ədəbiyyatına məxsus bir ənənə, yəni müsbət qəhrəmana qanadlı, mənfi qəhrəmana isə tikanlı, bəzən hətta alçaldıcı adlar vermək ənənəsi çoxdan arxada qalıb. Çünki adlar obrazı deyil, obraz adı yaşadır.

Tehran Əlişanoğlu: - Məncə də ad yerindədir. Kamal Abdulla həmişəki kimi, ad simvolikasından yararlanır. Vaqif adı da "hər şeyi bilən mənasında" mətnə otuzdurulur. Hətta Firəngiz adının belə, sirli anlamı bütün mətn boyu gəzişir: "Bir, iki - bizimki, yeddi-səkkiz - Firəngiz".

Elnarə Akimova: - Bədii mətndə ən kiçik detal belə, əhəmiyyətli "xırdalıq"dır, diqqətinizi çəkən hansı detal üzərində durmaq istərdiniz?

Mətanət Vahid: - Romanda heç bir detal təsadüfi seçilməyib. Məsələn, Vaqifin dilindən tez-tez zoğal mürəbbəsinin adının səslənməsi, onunla çay içmək istəməsi, Firəngizin məhz bu meyvənin mürəbbəsini sevməsi romana boşuna daxil edilməyib. Necə deyərlər, həqiqət detallarda gizlidir. Rəvayətə əsasən, Allah şeytana meyvə ağaclarından birini seçmək imkanı verəndə o, zoğal ağacını seçir. Troya atı "şeytanın meyvəsi" olan zoğal ağacından hazırlanmışdı. Əslinə baxarsaq, romanda aydınlaşdırmalar simvolikadan daha çoxdur. Çünki Vaqif düşündükcə bizim də Dastanla bağlı suallarımız çözülür.

Mənim diqqətimi Vaqifin Firəngizlə ilk görüşündəcə bənövşəyi şarf çəkdi. Müəllif onu əbəs yerə fəsil başlığına çıxarmır. Hətta bu detal əsərdə təkrar-təkrar peyda olmazdan öncə də anladım ki, bənövşəyi şarfı Firəngiz nahaq yerə boynundan açıb atmadı arxa oturacağa. Əvvəlcə qeyd edim ki, Kamal Abdulla, ümumiyyətlə, intermedial təfəkkürə malik sənətkardır. Bu, onun nəsrinə olduğu kimi, ədəbi-tənqidi yaradıcılığına da aiddir. Ümumiyyətlə, ədəbiyyatımızda tək-tək müəlliflər var ki, onların ədəbi-bədii yaradıcılığı bütün istiqamətləri ilə intermedial kontekstdə nəşət tapır. Kamal Abdulla da o azlardan biridir.

Söz sənətində hər bir rəng simvol kimi, açar kimi şərh edilə bilər. Roman boyu gözlərimiz önündən bir neçə dəfə bənövşəyi rəng keçir: öncə Firəngizin şarfı şəklində, sonra Vaqifin yuxusunda həmin bənövşəyi şarf eyni rəngdə yola çevrilir, Vaqifin romanında yaralı Beyrəyin tərini Banuçiçək bənövşəyi dəsmalla silir... Müxtəlif xalqların mifologiyasında ayrı-ayrı rənglərin simvolikası fərqlidir. Lakin ümumi bir cəhət var ki, bənövşəyi rəng hər zaman sirri, mistikanı bildirir. Kamal Abdulla romanında ekfrasis - həlledici bənövşəyi rəng sirr pərdəsidir - bilinməyənlərin üzərindən götürülür. Və bunda Firəngizin rolu böyükdür. Buradaca qeyd edim ki, astrologiyada bənövşəyi - Ayın rəngidir. Romanda müəllif bütün bu simvolikanı bir detalda birləşdirir. Bu baxımdan, məncə, mətnin həqiqətinə çatmaqda əhəmiyyətli rolu olan Firəngizin adı da (işıq, nur açan) təsadüfi seçilməyib.

Bənövşəyi - iki fərqli, təbiəti etibarilə, zidd olan rəngin - qırmızı ilə göyün birləşməsindən yaranır. Qırmızının yaxıb-yandıran enerjisi, ehtirası ilə intellekti simvolizə edən göy rəngin sakit, tarazlıq halı tərs-mütənasib olduğu qədər də tamamlayıcıdır - Vaqiflə Firəngizin təbiəti kimi. Bir-birindən qışla bahar, yerlə göy kimi uzaqmış kimi görünsələr də, Firəngizin gözlənilməzlikləri, "sayrışan halları" ilə Vaqifin təmkinli davranışı bir-birini tamamlayır.

Elnarə Akimova: - Əsərdə qəhrəmanın iki həyatı paralel şəkildə yaşanır. Yazıçı bu iki həyatı o qədər dərinlikdə mətnə tətbiq edə bilir ki, heç biri kölgə rolunu oynamır. Vaqifin anası, qardaşı ilə münasibətləri, sevgi həyatı, iş həyatı - hər biri əsərdə periferiya olmayıb, mərkəzçi status daşıyır. Eyni zamanda onun Kitab sevgisi, ona addım-addım yaxınlaşmaq, çözmək məramı da həmçinin. Yazıçı qəhrəmanın təkliyini tez-tez mərkəzə gətirir. İş prosesində olsa belə, içindəki yazı ilə baş-başa qalmış vəziyyətdədir. Hətta dəniz kənarında sevdiyi qadınla birlikdə keçirdiyi zamanın ürəkaçıcı olmaması, daha çox evə - düşüncələri ilə tək qalmağa, özünəqapanmağa can atması onun daxili aləminin sıxıntısını, mənəvi diskomfortunu maddiləşdirir.

Maral Yaqubova: - 17 ildən sonra məlum romanın yazılma tarixçəsini "açıqlamağa", belə desək, "sirlərini faş etməyə gəlmiş" romanabənzərdə oxucunu başqa sirlər də gözləyir. Mətnin gerçəkliyinə inanan, gerçəkliyin mətninə isə həmişə şübhə edən oxucuları düşündürəcək, çaş-baş salacaq məqamlar var. Gerçəyi dırnaq işarəsi arasında oxumağı bacaranlar üçün "dayan-düşün-hiss et künclər"i var romanın. İsrarla plaş geyinmək istəyən Vaqif niyə o plaşı geyinmədi?.. Niyə Sitarə adına cəmi bir dəfə rast gəlinir, axı o pudluq daşlardan biri idi...Həsənağa ilə görüşmək istəyən Vaqif başqa bir Vaqiflə də görüşmək istəyir...

Kamal Abdulla mətnlərində adlara sərbəstlik verən yazıçıdır, sanki, adlar onun mətnlərinə kəpənəklər kimi gəlib qonur, müəllif niyə məhz bu ad deyə sorğulamır, yad sonsuz lüğətdən gələnlərə qapılar açıqdır, bəziləri gəlib bu mətndə tanış sonsuz lüğətlə qaynayıb-qarışırlar, bəziləri isə sadəcə varlar...Hardan gəldikləri, niyə gəldikləri oxucunun hökmünə və qərarına buraxılmış bu "kəpənək"lər, əslində, mətnlərin kontekstini eninə, uzununa, dərininə böyüdə bilirlər. Müəllifin "Bir sevgi hekayəti" adlı hekayəsi yada düşür, oxucular yəqin orada sadəcə ad olaraq keçən Yasəməni xatırladılar, Hamidin barışmaq istədiyi, Samidin heç cür yadına sala bilmədiyi, oxucuya isə adından başqa heç nəyi məlum olmayan Yasəməni... Bu romanda da var, bu dəfə daha çoxdurlar: Sitarə var, Məlik var, Həsənağa var. Kimdir axı onlar, onların mətnin əsas hekayəsi ilə birləşdirən nədir? Hardan gəlib düşüblər? Müəllifin yaddaşından, təəssüratlarından süzülüb gəlirlər, yoxsa müəllif beynində mətnin yazıldığı anlarda paraleldə baş verən hadisələrdən ilişib qalıblar? Bir də romanda çoxlu detallar var, zamanı "ələ verən"lər və zamanı "gizlədənlər". Romanın "dayan-düşün-hiss et" künclərində diqqətli olmaq lazımdır, cizgilərə, təsvirlərə ötəri yanaşmaq olmaz, Vaqifin düşüncəsinin sərhədlərini və sərhədsizliyini bilmək üçün Qüdrət-Firəngiz-Zöhrabın yaratdığı metaforik üçbucağın içində dolaşmaq lazımdır. Firəngizin hekayəsinə (anası, atası, atasının iki oğlu) biganə yanaşmaq olmaz, onun ilk dəfə oxuduğu dastanla (Firəngizə görə nağıl) bağlı qərarlarının ardında həmin həyatiliyin gətirdikləri dayanır.

Elnarə Akimova: - Əsərin ehtiva elədiyi bir çox estetik-fəlsəfi, ilahi-bəşəri, dini-mənəvi sistemlər vəhdəti onun çox ciddi şüurlu-nəzəri əsaslara söykəndiyini bəlli edir. Yazıçı müxtəlif situasiyalarda dastandakı hadisə və proseslərlə assosiasiya yaradaraq yaddaşı təzələyir, bəzən isə indiki zamanda təhkiyənin hərəkətliliyi kəsilərək, fleşbək metoduyla mənzərə tamamlanır. Dastandakı boşluqlar, deyilənlərdən deyilməyənləri çözmək, görünənlərdən görünməyənlərə varmaq əsas deşifrə olunası məqamlar kimi hədəfə çevrilir. Qədim qəsrlər şəhəri olan Sevilya, onun divarlarının latın hərfli yazılarla örtüldüyü "Əlqəzər" qəsri bölümündəki bir məqama diqqət edək: "Mən o yazıya yaxınlaşıb diqqətlə ona və ətrafındakı başqa rəngi tam getməmiş latın yazılarına nəzər salanda gördüm ki, bunların hamısının altından ərəbcə olan yazılardır ki, qorxa-qorxa boylanıb qalıblar. Əgər əl ilə, ya da hansısa bir məhlul ilə bu latın hərflərini silsəydilər, hamısının altından gizlindəki ərəb yazısı aşkarlanıb işıq üzünə çıxacaqdı".

Bu həm ilkin qatın silinməzliyi anlamına gəlir. Həm də "sadəliyin ibrətamiz aldanlışı"... kimi maraq doğurur. Romanın yazılma səbəbi də həmin yazılarla bağlı olur. XII əsrdə baş vermiş Gəncə zəlzələsi, Dədə Qorqud və Şah İsmayıl dönəmləri və s. Amma müəllif niyə daha çox Beyrək obrazına fokuslanır? Çünki "Boşluqdakı Beyrək" bizim üçün artıq "Yazı mədəniyyətinin nümayəndəsi" idi. "Psixoloji baxımdan yekrəng deyildi. Təbiətində həm sadiqlik, həm eqoizm, həm hiyləgərlik, həm mərdlik, həm dostcanlıq, həm yalançılıq bir yerdə bir birini çulğamış şəkildə idi". Beyrək ilkin qatdan ayrılma nöqtəsini, keçid anını simvolizə edir.

Maral Yaqubova: - İntuituv və intellektual oxunun ayrı-ayrılıqda yaratdığı dağınıqlıq mətndə uşaq deyişməsinin tədricən nizamlanması ilə paralel şəkildə nizamlanır, Vaqifin tez-tez yadına düşən, amma doğru xatırlaya bilmədiyi deyişmə mətnin sonunda Vaqif və Firəngizin qarşılıqlı nitqində ilk dəfə tam şəkildə, səhvsiz ifadə olunur (Sözlər muncuq kimi bir-birinin yanına düzüldülər. Sonra bu sözlər ulduza döndülər, hərəsi bir ulduz oldu, çəkildi göyün üzünə. Bir-birinin yanında durarkən Vaqif onlara baxıb tarıma çəkilmiş bir insan bədəni gördü. Bu, kişi bədəni idi, yanında da balaca bədənlər var idi. Bu bədənlərə nəhəng ilanlar sarmaşmışdı, Vaqif anladı: Bu, Laokoon və onun oğlanları idi. Onlar, bir növ, bu ulduz kompozisiyasının sxemi idilər).

Elnarə Akimova: - Bəs romanın yaşadığımız zəmanə, ictimai həyat baxımından aktuallığı nə qədərdir? Əsərdə birinci Qarabağ savaşının işartıları, əsgərlərə göndərilən dərmanlar, ermənilərin Suqovuşanı tutması ilə Təpəgöz arasında paralelliyin aparılması kimi məqamlara vurğular olduğunu görürük.

Tehran Əlişanoğlu: - Birbaşa baxanda sanki yox qədərdir. Doğrudur, bir ictimai quruma rəhbərlik edən Vaqifin Almaniyadan dostların göndərdiyi dərmanların əsgərlərə çatdırılması barədə qayğısı, bu hadisənin ictimailəşdirilməsi üçün böyük vətəndaş narahatlığı romanda ayrıca bir xətt kimi qəhrəmanı hardasa gündəmə bağlayır. Amma ətrafındakı "keybalaxanım"lara, keybaşlara münasibətindən də görünür ki, əsas məsələ heç də bu deyil; hələ bəlkə, bu həyat materialı yazıçı-alim Vaqifin gündəmdən bıqdığı, fövqündə dayanmaq istəyi və canatımlarını daha da qabartmaq üçündür. Bütövlükdə romanın aktuallığı, mənimcə, kütləvi oxucu auditoriyasına hesablanmayıb; Kamal Abdullanın digər romanları kimi, "Laokoon..." da elit romanlar sırasındandır və yalnız elit oxucunun zövqünü, düşüncəsini tərpətmək, məşğul etmək, əyləndirmək intibalarını qapsayır.

Elnarə Akimova: - Bu yerdə Umberto Ekonun Kamal Abdullaya söylədiyi dəqiq bir fikri xatırlamamaq olmur: "Sizin romanınız cəlbedicidir, amma onu plyajda oxumaq olmaz".

 Tehran Əlişanoğlu: - Elədir, əlbəttə ki. O ki qaldı, "bir romanın "gerçək" yazılma tarixçəsi"nə, nə qədər gerçəyi ifadə etməsinə baxmayaraq, yazıçı-alim Vaqifin versiyası bir oxucu kimi mənə o qədər də qənaətbəxş görünmədi. Mənimcə, "Yarımçıq əlyazma" Azərbaycan ədəbiyyatında böyük hadisədir; belə hadisələrin yaranma, meydana çıxma amilləri bir deyil, daha da çox olur... "Laokoon..." bir düyün nöqtəsi kimi bu baxımdan cavablardan çox suallar yaradır; bəlkə də, məqsəd elə budur...

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.6-9.