Bir ailənin portreti
Əlibala
Məhərrəmzadə üç il
bundan əvvəl nəşr olunmuş "Çovdar
çörəyi" kitabını "birnəfəsə
oxuyacağınız roman" etiket-yarlığı ilə
təqdim etsə də, sözün doğrusu, kitab bazarı
üçün nəzərdə tutulmuş bu reklam
texnikası mənə ona görə tamamilə artıq
göründü ki, bizdə - Azərbaycanda hələ ədəbi
yaradıcılığa lazımi dəyər qazandırmaq
uğrunda rəqabət aparmağı şərtləndirəcək
belə bir bazar formalaşmamışdır. Və güman
etmirəm ki, üç və ya beş ilə
də formalaşmış olsun. Ancaq "Çovdar
çörəyi"nin ideya-estetik məziyyətlərinə,
eləcə də yüksək ixtisaslı
iqtisadçı-mütəxəssis olan Əlibala Məhərrəmzadənin
ümumən yazıçılıq istedadına gəldikdə
inamla deyə bilərik ki, söhbət hər hansı səviyyədə
həvəskarlıqdan, yaxud hobbidən deyil, məhz ciddi ədəbiyyatdan
gedir.
Nəşrin redaktoru, görkəmli
yazıçımız Varis kitaba yazdığı ön
sözdə doğru olaraq göstərir ki, nə qədər
detektiv ovqat daşısa da "Çovdar çörəyi"
"daha çox psixoloji trillerdir.
...Burada
ilk baxışda gözə dəyməyən, amma diqqət
etdikdə bütün çılpaqlığı ilə
görünən sadə həyat həqiqətləri var ki,
həmin həqiqətlərə bələd olmaq bu qəddar
dünyamızda duruş gətirməyimiz üçün
hamımıza vacibdir". Və Mövlana Cəlaləddin
Ruminin romana epiqraf gətirilmiş neçə yüz illik
tarixi olan "Kimdən qaçırıq, özümüzdənmi?.. Nə boş zəhmət!"
kəlamı da son dərəcə müasir səslənir.
Əsərin
süjet xətti, əslində, mürəkkəb deyil: kifayət
qədər enerjili, işini bütün təfsilatı,
mükəmməlliyi ilə bilən, nüfuzlu bir şəxs
- nazir müavini Dadaş müəllim Bodrumda istirahət edərkən
xəbər gəlir ki, böyük oğlu Cəlil
maşın qəzasında həlak olub. Bakıya
qayıdıb telefonuna edilmiş son zənglər əsasında
oğlunun "qatil"ini axtarsa da, cəhdləri boşa
çıxır. Və hadisələrin
cərəyanı göstərir ki, əsl təqsirkar -
oğlunu taleyin ümidinə buraxmış, borcunu yalnız
ailənin maddi ehtiyaclarını ödəməklə
bitmiş hesab edən atanın özü imiş. Lakin Dadaş müəllimin "qatil"
axtarışları süjeti şaxələndirməklə
romanı, bir tərəfdən, oxunaqlı edir, digər tərəfdən
isə adi həyat həqiqətlərinin arxasında dayanan
qeyri-adi mətləbləri, günümüzün sosial
reallıqlarını, psixoloji kataklizmlərini açıb
göstərir.
"Düşündü, bəlkə, Cəlillə
Nailə pis ata olub?
Dərhal qəti şəkildə bu fikri başından
çıxartdı. Onları ən yaxşı liseydə oxutdurmuşdu, ən
yüksək ali təhsil almalarını
təmin etmişdi.
Hətta ilk vaxtlar, onda ki hələ indiki vəzifədə
deyildi, nazirlikdə adicə şöbə müdiriydi,
imkanları indiki həddə deyildi, universitetə gedəndə
hərəsinə gündəlik əlli manat yolpulu verirdi ki,
tay-tuşlarının yanında sıxılmasınlar. Vəzifəyə
təyin olunandan sonra isə uşaqlarla təmasa əsla
vaxtı qalmadığından bu funksiyanı Nazlı
daşımağa başlamışdı. Ürəyiyumşaq
Nazlı, Allah bilir, onlara nə qədər xərclik
verirmiş.
O, bir
yandan gətirib qalaq-qalaq pulları Nazlının
qarşısına qoyurdu, Nazlı da evin işlərini bədxərcliklə
idarə edirdi...".
Dadaş
müəllim kimi istedadlı, hər cəhətdən real
planlar üzrə hərəkət edib istədiklərinə
vaxtında çatmağı bacaran müasir
dünyagörüşlü məmurun yeganə
çatışmayan cəhəti, əgər belə demək
mümkünsə, ailədə yaşaya-yaşaya ondan uzaq
düşməsi, başqa sözlə, ailənin idarəsi,
uşaqların tərbiyəsi kimi çox mühüm
işlərin öz-özünə gedəcəyini
düşünməsi, bütün gücünü
karyerasına verməsidir.
Böyük oğlunun ölümü onu həssaslaşdırır,
"günahkar"ı tapmaq üçün hər tərəfə
əl atır, hər yerdə, hər kəsdə
"qatil" görür. Və bu cür sərsəm
hərəkətlərilə nümayiş etdirir ki, ailədən
(və gerçək cəmiyyətdən) uzaq düşmək
insanı (ailə başçısını) sosial-mənəvi
problemlərin həlli üçün tamamilə yararsız
bir hala gətirib çıxarır.
Gözü kiçik oğlunun üzündəki
çapığa sataşır, soruşur ki, "o nə
çapıqdır elə?
-
Heç, xırda şeydir, - deyə Nail cavab verdi.
-
Xırda şey deyil axı, dərin çapıq izidir,
görmürəm?
- Boş
ver, ay ata. Vallah, xırda şeydir. Üç aydır ki, oradadır".
Bu isə o deməkdir ki, atanın övladlara maddi təminat
xaricində laqeyd münasibəti artıq onlar
üçün də adi həyat tərzinə çevrilib. Əmindirlər ki,
ataları onların heç bir istəyi, problemi, hərəkəti
ilə maraqlanmır... Və ona elə gəlir ki, əgər
maddi təminatları qaydasındadırsa, başqa heç
bir çətinlikləri ola bilməz...
Cəlilin
ölümü onu, deyəsən, yavaş-yavaş ayıltmağa
başlayır...
"Əgər uşaqlar Rio-de-Janeyroya gedirdilərsə,
demək, məşhur karnavalda iştirak edəcəkdilər. Las-Veqasa
gedirdilərsə, nə qədər avam olarsan ki, onların
kazino istəklərini anlamayasan. Parisdə Mulen Ruja gedənin
məqsədi seks dünyasına səyahət olar da...
Kaş vaxtında oğullarının xarici ölkələrə
səyahətlərini özü tənzimləyəydi".
Dadaş
müəllim oğlunun ölümündə hər kəsdən
əvvəl Nazlını - uşaqların anasını təqsirkar
bilir, onu ittiham etməyə başlayanda Nazlı ərinin
üstünə gəlir: "Axırıncı dəfə haçan
balalarının başlarını sığallamısan,
üzlərindən öpmüsən?..
Tüpürüm o pula, o var-dövlətə! Nəyimə
lazımdır o qızıl cam ki, içinə qan qusuram?!".
Dadaş
müəllim dönə-dönə xatırlayır ki, Cəlil
ona bir neçə dəfə müraciət etmiş,
"ata, səninlə söhbət etmək istəyirəm"
demişdi, ancaq ata oğlunu dinləməyə vaxt
tapmamışdı... Cəlilin "qatil"inin hər
"izinə düşəndə" onu nə qədər
israrla "ifşa etməyə çalışsa da,
günahkarı nə qədər özündən kənarda
axtarsa da, hadisələrin mahiyyətinə vardıqca əmin
olur ki, falçı Sona arvad, əslində, həqiqəti
söyləyirmiş: "Cəlil öz əcəli ilə
ölməyib, onu o yola zorla çəkib aparıblar.
Özü də onu o yola zorla çəkib aparan yaxın
adamıdır, çox yaxın adamıdır!".
Müəllifin
öz baş qəhrəmanına - Dadaş müəllimə
simpatiyası az deyil. Xüsusilə
romanın mətnüstü səviyyəsində baş qəhrəmana
təfərrüatlı bir diqqət göstərilməklə
yanaşı, onun böyük ictimai arzu-idealları, cəmiyyətimizin
nüfuzlu şəxsiyyətlərindən biri olması barədə
aydın təsəvvür yaradılır. Hətta rəsmi
arvadına biganəliyində, çox sonralar
rastlaşdığı, övladlarından yaşca elə də
böyük olmayan Aytənlə sevgi-məhəbbət
münasibətlərində də nə isə insani, haradasa
başa düşüləsi məqamlar var. Lakin romanın
bütün mətnaltı ideya-estetik axarı Cəlilin qatili
olaraq məhz onu - günahkarı kənarda axtaran Dadaş
müəllimi nişan verir. Və onun yalnız böyük
oğlu Cəlilin deyil, bu gün-sabah kiçik oğlu Nailin də
qatili olacağı deyilir...
"Cəlil də sağlığında neçə
dəfə onunla söhbət etmək istəmişdi, edə
bilməmişdi.
O da marketə
çovdar çörəyinin dalınca gedəndə
ölümə gedib çıxmışdı.
İndi də Nail onunla söhbət etmək istəsə
də, edə bilmir.
İndi də Nail çovdar çörəyi almağa
gedib.
Ürəyi çırpınmaqda, qan
şırnağı beyni boyu hərəkət etməkdə
idi".
Çovdar
çörəyi romanda özünəməxsus bir simvoldur
ki, əsərin adına qədər gətirilmişdir.
Şəkər xəstəliyindən əziyyət
çəkən Nazlı - uşaqların anası məhz
çovdar çörəyi yeyir. Və
bununla da belə bir ideya rəmzləşdirilir ki, insan (eləcə
də ailə) nə qədər var-dövlətlə, maddi
nemətlərlə təmin olunsa da, hər istəyin bir
hüdudu, hər marağın bir məhdudiyyəti var, əvvəl-axır
onunla barışmalı, hesablaşmalı olacaqsan.
Roman
oxucunu zəmanəmizin, Azərbaycan cəmiyyətindəki
çoxlu qəhrəmanları ilə tanış
edir: onların hamısı müxtəlif təsadüflər
səbəbindən Cəlilə yaxınlaşaraq onun "ətraf"ına
çevrilmiş insanlardır. Onların müəyyən
qismi tüfeyli həyat yaşasalar da, bəziləri həyatın
burulğanında çapalayan bu gəncin xeyirxahları kimi
onu düşdüyü fəlakətdən xilas etməyə
çalışırlar... Əlbəttə, "ətraf
mühit"in Cəlilə xüsusilə mənfi təsiri
ona görə olduqca fəaldır ki, necə gəldi xərcləmək,
qumara, narkotikaya sərf etmək üçün pulu var. Və
məlumdur ki, imkansız adam nə qədər
həvəsində olsa da, Cəlilin etdiyi qələtləri
edə bilməz, axırda da çıxılmaz vəziyyətə
düşüb həyatına bu cür faciəli şəkildə
son verməzdi.
Görünür,
müəllifin ideya-estetik mövqeyinə (eləcə də
bu mövqeyə axıracan sadiq qalmasına) haqq qazandırmaq
üçün hər cür əsas var... Dadaş müəllimin
ruhunda, atalıq məsuliyyətində çox gec də olsa
baş qaldırmış intibalar da tamamilə
anlaşılandır... Lakin hələ yeniyetmə
yaşlarında "xeyir və şər" mövzusunda
yaşına uyğun olmayacaq qədər səviyyəli
mühakimələr yürüdən Cəlilin "şər"ə
bu qədər zəif müqavimət göstərməsi
mübahisə doğurmaya bilməz.
Əlbəttə,
"Çovdar çörəyi" müəllifinin əsas
məharəti ondadır ki, zəmanəmizin səciyyəvi
bir "ailə mənzərəsi" və ya "ailə
portreti"ni kifayət qədər
obyektiv, həssaslıq və ustalıqla
yaratmışdır. Rəngləri bir az
tündləşdirdiyi hallarda belə, gerçəkliyi zədələməmişdir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.11.