Bütün hallarda sülh
“Vəziyyət ruscadır”
X yazı
Yazıçılar
İttifaqı Tula bölməsinin rəhbəri hesabat verir; əgər
inqilabdan əvvəlki illərdə əyalətin cəmisi
bircə yazıçısı - qraf Tolstoy vardısa, indi
yüzlərlə əli qələm tutanımız var. Ani bir
sükutdan sonra salon gülüşlərə qərq olur. O vaxt hər şey planla
imiş, hansısa rəqəmləri aşmaq da balaca bir
"kətil" tutandan ən yüksək vəzifə
sahiblərinə qədər hamı üçün hədəf
imiş. Özü də bütün müqayisələr
ya inqilabdan, ya da I Dünya müharibəsindən öncələrlə
aparılırdı; niyyət Sovet İttifaqının
yaranmasının necə böyük uğur, sevinc, xoşbəxtlik
olduğunu aşılamaq idi. Bütün
rəqəmlər, rəqəmlər deyirəm ey sizə, bu
məlum "həqiqəti" təsdiq edirdi. Axı heç elə şey olar ki, xalqın mənəvi,
estetik tərbiyəsi bircə nəfərin ümidinə
qalsın?! Biabırçılıqdı, sadəcə...
Amma nədirsə, hökumət yüzlərlə
işıqlı, ümidverən təptəzə
yazıçıdan yox, elə o bircə adamdan
yapışmışdı. Əsərlərində
Çar rejiminin mənfiliklərini axtarıb, (ya da boynuna
qoyub) "baxın, hətta Tolstoy da biz deyəni
yazırmış" ideyasını kütlənin beyninə
yeritmək də ayrıca bir metod idi. Axı
bütün tələblərə, verilən normativlərə
və təbliğ olunanlara baxmayaraq, yuxarıdakılar
gerçək sənətin gücünü yaxşı
bilirdilər. Özü də sadəcə gerçək
sənətin yox, Tolstoy sənətinin... Ona
görə rejimin yazıçıya münasibəti və
ondan lazımi istiqamətdə istifadəsi elə Leninin
özündən başladı. Vladimir
İliç bir neçə məqaləsində Lev Nikolayeviç
ideyalarının təzadlı olmasını tənqid etsə
də, yazıçını nələrisə tam
anlamamaqda, bütöv görməməkdə (Tolstoy ha!)
günahlandırsa da, hər halda mətnlərinin
faydasını da vurğulayırdı. "Tolstoy rus
inqilabının güzgüsü kimi" məqaləsi bu cəhətdən
xarakterikdir və deyim ki, Sovet gəncliyi 90 cildlik
külliyyatı oxumaqdansa, elə bircə dahi rəhbərin
yozumlarını öyrənib yazıçı haqda hər
şeyi bildiklərinə əmin olurdular. Hökumət bu gəncliyin
işini bir az da "yüngülləşdirmək"
üçün yazıçının beşcildliyini
"ziyanlı ədəbiyyat" (daha çox dini
görüşlərinə görə) kimi kitabxanalardan
yığışdırmışdı. Beləliklə,
bir vaxt çardan böyük sayılan və nüfuzu
etibarilə rəqibsiz olan yazıçının əsərləri
belə-belə adamların əlində qalmışdı.
Amma zaman və rejimlər sənətin gücü
qarşısında heçdir... Dünya dəyişdikcə
dəyişdi, vaxt necə gəldi uçmağı öyrəndi,
texnika sənəti öz bapbalaca hissəsinə çevirməyi
də bacardı. Beyinlər bir cümləlik, iki
aforizmlik, üçcə statusluq oldu! Cild-cild əsərləri
daha qısa kim şərh edə, anlada
bildisə, oxucu da onu seçdi... Hətta qalın roman
oxuyanlara dəli kimi baxılan zamana da yetişdik! Yetişdik - deyəndə ki, hələ XX əsrin əvvəllərində
Yusif Vəzir Çəmənzəminlinin oxumaq arzusu ilə
yaşayan və Ukraynaya təhsil almağa gedən
"Studentlər"i bir-birilə - "Amma sənə heyfim
gəlir, istəmirəm Tolstoy kimi dəli olub, ayaqyalın
çöllərə düşəsən", - deyə
zarafatlaşırdılar. Özü də
bunu əsərin qəhrəmanı Cəlal dini kitablar oxuyan
Rüstəm bəyə deyirdi. Yəni yenə
də dəlilik əlaməti çox oxumaqdı.
Yüz il keçib və böyük məmnuniyyətlə
"heç nə dəyişməyib" deyərdim, intəhası
ildırım sürəti yığmış mənəvi
aşınma zamanında bu, sadəcə yalançı təsəlli
olar.
Çağdaş aydınlar kitab oxutmağın
yollarını axtarırlar, həcmi göz qorxudan əsərlərə
diqqət çəkmək üçün üsul gəzirlər. Və sənətin,
sözün hökmranlığının sona yetməsini
göstərən bütün bu pessimist ab-havanın
içində ümid də var. İstənilən halda
gerçək sənət böhranı adlamaq
üçün yollar tapacaq. Elə
Tolstoyun da "Hərb və sülh" romanını bu
gözlə oxuyuram. Bütün
sadaladığım çətinliklərə və göz
önündə olan reallığa baxmayaraq, əsər
aktuallığını itirmir. Rus ədəbiyyatşünasları
bunu Tolstoyun rus cəmiyyətini, rus xarakterini və dəyişilməz
reallığını ən dəqiq yazması ilə
bağlayırlar. Amma biz ki rus deyilik, niyə hər
cümləsində, hər səhifəsində tanış mənzərələr, simalar
görürük?! Yazıçı bir tərəfdən
tarixiliyi qoruyur, illərlə zəhmət çəkib qələmə
aldığı mövzuya aid ən incə məqamları
öyrənir, hər şeyi olduğu kimi, dəqiq faktlarla təsvir
edir, amma digər tərəfdən də bütün zamanlar
üçün dəyişilməyəcək məsələləri
qabardır. Bir də sadəcə
qarşıya qoyulan məqsəd yox, hansısa yuxarıdan tənzimlənən
missiya daha həlledicidir. Lap əvvəldə
niyyəti başqa imiş yazıçının.
Özü bunu belə izah edir: "Qəhrəmanım ailəsi
ilə birgə Rusiyaya qayıdan dekabrist olmalı idi. İstər-istəməz mən bu gündən
1825-ci ilə keçdim. Amma elə 1825-ci ildə də
qəhrəmanım yetkin, ailəli bir adam
idi. Onu anlamaq üçün mən onun gəncliyinə
keçid etməli idim və bu cavanlıq 1812-ci il epoxasına təsadüf edirdi. Hərgah bizim təntənəmizin səbəbi təsadüfi
deyildi, rus xalqının və ordusunun xarakteri bunun özəyi
idi və bu xarakter uğursuzluqlar, məğlubiyyət dönəmində
də daha parlaq ifadə olunmalı idi".
Özünə qarşı böyük tələbkarlıqla
yanaşan yazıçı həmin o
düşündüyü "Dekabristlər"
romanını yazmadı. Daha doğrusu, o əsərin
parçaları yarı-yarımçıq qaldı və bu
tezislərdən yeni bir roman - "Hərb və sülh"
yarandı. Xanımı Sofiya Andreyevna ilə
birgə 8 dəfə üzünü
köçürdüyü bu əsər müəllifin
özünü də təngə gətirmişdi, amma Tolstoy
həm də icraçı idi, missiyasını dərk
edirdi. Bununla belə, əsərlərinə skeptik
yanaşması da maraqlıdır, şair-memuarist Afanasi Fetə
1871-in yanvarında yazdığı məktubunda deyirdi:
"Necə də xoşbəxtəm... söz
yığını olan "Hərb..." kimi cəfəngiyat
yazmayacam daha". 1908-ci il 6 dekabrda gündəlik qeydində
belə bir cümlə var: "İnsanlar məni "Hərb
və sülh" kimi boş şeylərə görə
sevirlər, çünki bu onlar üçün çox
vacib görünür...".
Müəllifin
özünün bütün bu lehinə və əleyhinə
fikirlərini analiz edib, əsəri anlamağa
çalışanda bir qənaətə gəlmək olar: Tolstoyun
niyyəti maarifləndirmək və işığa
çıxarmaq idisə, müharibənin canlı şahidi
kimi məhz döyüş meydanını məkan seçməsi
təsadüfi deyildi. Burda "döyüş
meydanı" ifadəsini bütün çoxmənalılığı
ilə qəbul edə bilərik. Həm
konkret bir müharibə, Napoleona qarşı döyüş,
həm də ümumiyyətlə insanlığın
mücadiləsi - böyük ya kiçik anlamda.
Lev
Nikolayeviçin xarakter yaratmaq məharətindən
danışanda ədəbiyyatşünaslar bir məqamı
xüsusi qeyd edirlər: o heç vaxt uzun-uzun təsvirlərlə,
hərtərəfli portret yaratmaqla qəhrəmanının
necəliyindən danışmır, sadəcə gözlər,
təbəssüm və əllərlə hər şeyi
deyir, yaxud da insan hərəkətdədirsə, özü
haqda düşünürsə, deməli, Tolstoyun
adamıdır. "Hərb və sülh" qəhrəmanlarının
içərisində isə müəllifə ən
yaxın, həmçinin də hadisələrin mərkəzində
olub yazıçı ideyalarını dilə gətirənlər
Knyaz Andrey Balkonski və dostu Pyer Bezuxovdu.
Elə başlanğıcdan Anna Pavlovna salonundakı qəbulda
Andrey Balkonski Napoleondan sitat gətirir, onun kitabxanasında ən
sevdiyi əsər Yuli Sezarın Qalliyanın fəthi haqqındadır. Pyer Bezuxovla
Knyaz Andreyin hər dialoqu insan və insanlığın gələcəyi
haqqında mülahizələrlə doludur. Yəni Tolstoy həm öz ideyalarını, həm
də ayrıca, azad şəxsiyyət kimi qəbul etdiyi qəhrəmanlarının
düşüncələrini ümumiləşdirmək,
oxucusuna çatdırmaq yolunda heç bir boşluq
buraxmır. "Hərb və sülh"
müharibəni bütün həqiqətlərin aşkar
olması, insanın ən dərin və gizlin
qatlarının üzə çıxarılması
üçün ideal şərait kimi göstərir.
Əsərin əvvəlindən hələlik yalnız
ailəsində xəyal qırıqlığı yaşayan
Knyaz Andrey böyük idealların arxasınca getmək və
bəlkə ilahi həqiqəti açmaq üçün hər
şeyə hazırdır. Dostuna - evlənmə
- deyir, emosional həyatı tutduğu yolda maneə hesab edir.
Amma axı həyatın da, müharibənin də öz
qanunları var. Tolstoy bu əsəri ilə sadəcə "napoleonizm"
fəlsəfəsini yıxıb sürümür, həm də
insanın tarix və təbiət qarşısında
acizliyini göstərir; hamı bir nəfər
üçün, bir nəfər də özü
üçün... Bax bu, bütün
zamanların ən böyük bəlasıdır. Və böyük ideyalara qurban gedən talelər
yazıçının fəlsəfəsinə görə
hədər ömürlərdir. Amma
ayrı-ayrı insan bədbəxtlikləri birləşib
bütöv xalqın ağrısını yaradır;
ümumi bəla, ya da "fərdi" əzab - fərqi
yoxdu. Tolstoyu haqlı çıxaran təkcə
olmuşlar deyil, həm də qarşıda baş verəcəklərdi.
Əgər tarixdə öz mifini yaratmaq üçün
çalışan Napoleon bütün qeyri-adi gücünə,
şəxsiyyətinə baxmayaraq yazıçının
qaraladığı adamdısa, qarşıdakı Hitlerlər,
Stalinlər bu "qaralamaların", həyəcan təbilinin
necə vacib olduğunu təsdiqləyir...
Bütün günahlar müharibədədir. Yazıçı
yüzlərlə real, canlı qəhrəmanın yer
aldığı qalereyada, "insan mənzərələrində"
məhz bu acı reallığı ifadə edir. Tarixi mövzuda yazdığı əsərin
içərisində ən kiçik məişət
detallarını da, insan duyğularının incəliklərini
də göstərməkdən çəkinmir. Knyaz
Andrey Balkonskini bütün xəyal
qırıqlıqlarından, bədbinliklərdən
keçirib dəli sevgiyə - Nataşa Rostovaya da
çatdırır... Amma elə ən
böyük ruh iflası məhz bu məqamdadı. Həyatdan küsmüş, gələcəyə
ümidləri solmuş Andrey gənc, gözəl
Nataşanın eşqlə, şövqlə dolu halından
havalanır, elə ilk təmasdaca onu özünə
bağlayır. Dedim axı bütün günahlar
müharibədədir... Dinc vaxt olsaydı,
Andrey Nataşanı qoyub getməzdi, o da başını
itirib başqasına - Anatol Kuryaginə bel bağlamazdı.
Atasının məsləhəti ilə sevgilisinə bir illik
sınaq müddəti qoyan Andrey Balkonski dörd aydan sonra xəyanətlə
üzləşir... Cəmisi dördcə ay gözləyə
bilir Nataşa onu! Və Tolstoy mətninin, ideyalarının
çoxqatlılığı, genişliyi, dərinliyi...
Əgər Napoleonun, yaxud Kutuzovun, lap elə Çarın
timsalında sözü ilə əməli, göstərdiyi,
yaratdığı obrazla əsl siması üst-üstə
düşməyən adamlar iri plandadırsa və bunların
fonunda böyük ideyalarla yaşayan Balkonski rəğbət
hissi oyadırsa oxucuda... Tolstoy bircə detalla - hər zaman səhvlərin
bağışlanmasını vacib sayan Balkonskinin Nataşanı
əfv etməməsi ilə bir az daha dərinə
aparır düşüncəni! Demək ki,
bütün düzgün sözlər və ideal formalar insan
özü o vəziyyətlə üzləşənə qədər
effektivdir. Pyer Bezuxov - bəs deyirdin bağışlamaq
lazımdı?! - deyə soruşanda,
Balkonskinin cavabı qısa olur: lazımdı, amma mən bunu
edə bilmirəm. Və yazıçı yenə
də öz qəhrəmanına şans verir, özünə
sadiq qalması üçün şərait yaradır. Balkonski Nataşanı yolundan sapdırmış,
aldatmış Anatol Kuryagini duelə dəvət etmək
üçün döyüşə gedir, amma o məqamda
fikrindən daşınır. Austerlits
döyüşündə ağır zərbə alan qəhrəman başı üstündə
səmanı görəndə, Borodinoda ölümcül
yaralananda və son günlərində Nataşanı
bağışlayanda Tolstoyun insan və insanlığın
xilası üçün düşündükləri oxucuya
açılır. Əsərin sonuna əlavə etdiyi
uzun-uzun didaktik parçalarda yox, məhz bu məqamda, bu anda...
"Hərb
və sülh" haqqında çox yazılıb... Əsər haqqında təzadlı fikirlər lap
çoxdur. Amma mənə görə hər kəsin
öz "hərb və sülh"ü ola
bilər; yaşın, ovqatın, zamanın və zəmanənin
təsiri ilə... Bu mənada məhz indidən baxanda
Balkonskinin olmazın çətinliklərdən keçib hələ
üstəgəl, ölüm havası ilə sınağa
çəkilməsi təsirlidir... Çünki
insanın bütün varlığını, necəliyini
üzə çıxaran məqam elə budur, ölüm
anıdır. Bu anın sənətin əsas obyektlərindən
biri olması da təsadüfi deyil... Elə Tolstoy özü
də qəhrəmanlarını ölüm, yaxud son təhlükəsi
ilə üz-üzə qoymağı, müşahidə etməyi
sevirdi! Təkcə Tolstoymu?! Bu haqda gələn
yazıda...
Pərvin
Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.12.