Qısqanc oğullar
“Filmdən həyata”
Uşaqlıq çağlarında oğullar
analarını bütün
kişilərə qısqanırlar. Həmçinin öz doğma atalarına. Zamanla, böyüdükcə
atalarını qəbul
edirlər, ananı bölüşürlər. Ancaq bütün başqa kişilər təhlükəli
düşmən kimi qalır onlar üçün.
Balaca oğlu olan qadın tanışlarım
tez-tez belə söhbətlər edirlər:
"Qısa ətək
geyinmişdim, oğlum
dedi ki, dəyiş". Yaxud "yaxam
açılmışdı, oğlum əl atıb bağladı".
"Mağazada kassada məni kənara itələyib, özü qabağa durdu" və s. Həm də bu sözləri gülə-gülə, fərəhlə
deyirlər. Ancaq bu cür qısqanc oğulların hər birinin içində balaca bir Hamlet gizlənir, bilmirlər.
Üç maraqlı obrazdan söhbət açacağıq. Həmin obrazların
üçü də
gənc, yeniyetmə oğlanlardır. Onlar keşməkeşli
həyat yolunda qəfil atasız qalırlar, sonra tək qalan analarının kölgəsinə
çevrilərək, dərdə
düşürlər.
Dünyanın ən məşhur qısqanc oğlu Hamletdir. 1948-ci ildə rejissor Lourens Olivyenin Uilyam Şekspirin eyniadlı əsəri əsasında
çəkdiyi "Hamlet" filmində əsərin ruhu saxlanılır.
Film əsərdə olduğu kimi kralın kölgəsinin saray keşikçilərinə
görünməsi səhnəsi
ilə başlayır.
Hamlet atasının ölümündən
sonra anasıyla əmisinin izdivac qurmasını qaşqabaqla,
dərdlə, qüssəylə
qarşılayır. Onun bu izdivacdan narazı qaldığını atasının
yerinə taxta çıxmış əmisi
də, anası da görür, ona təsəlli verməyə çalışırlar.
Əmi kral deyir ki,
hamının atası
ölür. Sənin atanın
da atası ölmüşdü. Atana bu cür yas saxlamağın
yaxşıdır, ancaq
əndazədən artıq
üsyanın Tanrıya
da xoş getməz.
Hamletin ürəyi
isə qan ağlayır, ən çox da anasına
qızğındır. Fikirləşir ki, iki ay olmaz
atası rəhmətə
gedib, anası tez əmisinin qoynuna atılıb. "Göz yaşı
içində atamın
tabutu dalınca getdiyi zaman geydiyi
başmaqlar köhnəlməyib,
o, mənim əmimə
ərə gedibdir.
Nə yaman tələskənlik! Nə azğın
atılış bu haram döşəyinə!"
- deyə ürəyində üsyan
edir. Atasını sevgiylə xatırlayır:
"O, mənim anamı
elə sevirdi, qoymazdı üzünə
meh də toxunsun".
Hamletin fikrincə,
hətta vəhşilər
belə anasından artıq yas saxlayardı. "Qabaqlarda
qalmış ehsan yeməyi birbaşa toy süfrəsinə verildi"
- deyə Hamlet ürək
ağrısıyla dostu
Horatsioyla dərdini bölüşür. Onun ürəyini
qısqanclıq odu didib gəmirir. Atasıyla əmisini müqayisə edərək, atasını
nəcib kral, gözəl insan adlandırır, əmisini
isə içki Tanrısı yaramaz satir. O, heç cür əmisinin atasının yerini almasıyla barışa bilmir. Amma bununla
belə özü-özünü
sakitləşdirməyə də çalışır:
"Amma boğ özünü, ürəyim.
Dilimi tutmalıyam".
2000-ci ildə çəkilmiş
"Hamlet" (rej. Michael Almereyda) filmindəki hadisələr müasir dövr Manhetten şəhərində cərəyan
edir. Pyesin dialoqları olduğu
kimi saxlanılsa da, süjetə əl gəzdirilib.
Hamlet Denmark film Korporasiyasının sahibinin oğludur, əmisi korporasiyanı əlinə keçirmək
üçün atasını
öldürərək yerinə
keçmiş və anası ilə evlənmişdir.
Bu yazıda Hamlet bizimçün
əmisinin atasının
qatili olduğunu bildiyi ana qədər
maraqlıdır. Əmisinin qatil olduğunu,
atasının qətl
olduğunu öyrənməmişdən
qabaq Hamlet dərin hüznə, yasa batır. O, həm atasının ölümünə,
həm anasının
vəfasızlığına qan ağlayır. Dərdi o dərəcədə böyükdür
ki, "Ey qadir Yaradan, intiharı kaş yasaq etməyəydin biz insanlara" - deyir əsərin əvvəlindəki
monoloqunda.
Hamletin acılarına
yaxın acını çəkən başqa
bir obrazı biz Nuri Bilgə Ceylanın "Üç
meymun" (2008) filmində
görürük. "Üç meymun" beynəlxalq platformada böyük uğurlara imza atmış əsərlərdən biridir,
Nuri Bilgə Ceylanın soyuqqanlılıqla
anlatdığı dramatik
bir filmdir.
Filmdə
millət vəkilliyinə
namizəd olmuş Sərvət adlı bir adamın cinayətini pul qarşılığında boynuna
götürən bir ata - sürücü Əyyub (Yavuz Bingöl), universitetə girə bilməyən, demək olar ortalıqda qalmış bir oğul - İsmayıl, əri tutulub həbsə düşəndən sonra
neyləyəcəyini bilməyib
boşluğa yuvarlanan,
Sərvətin məşuqəsinə
çevrilən qadın-
Həcərin faciəsilə
qarşılaşırıq. Ailənin keçmişində faciəli
bir hadisə var, ata-ana oğullarından
birini kiçik yaşlarında itiriblər.
Əslində, bu faciədən
sonra ailə özünə gələ
bilməyib, bir tərəfdən də ailə başçısının
sürücüsü olduğu
adamın günahını
boynuna götürməsi,
pul qarşılığında
həbsə girməsi,
ailənin tamamən darmadağın olmasına
gətirib çıxarır.
Ailə üzvlərinin zəif nöqtələri var. Əyyub
varlı müdirinə
etiraz edə bilmir, cinayəti üstünə götürür.
İsmayıl anasını Sərvətlə
yataqda tutur, ancaq özünü görməməzliyə vurub,
"üç meymun"u
oynayır. Həcərin niyə görə Sərvəti yatağına
almasına isə heç bir anlam vermək olmur.
İsmayıl atasını türmədə
ziyarət etməyə
getmək üçün
çıxdığı yoldan təsadüfən geri qayıdır. Qatarın
səsindən İsmayıl
əvvəlcə evdə
yad adam
olduğunu başa düşmür. Ancaq anasının
yataq otağından yad kişinin öskürəyini eşidəndən
sonra əyilib açar deşiyindən baxır və bütün dünyası
yıxılır.
Həmin
an çevrilib bir anlıq mətbəxdəki bıçağa
baxır. Ancaq özünü saxlayıb,
gəldiyi kimi evdən çıxır,
həyətdə gözləyir.
Atasının yerini almaq istəyən, namusunu ləkələyən o adamın
Sərvət olduğunu
görəndən sonra
evə qalxır.
Anası
əvvəlcə inkar
etməyə çalışsa
da, İsmayıl anasına sillə çəkir və hər şeyi gözlərilə gördüyünü
söyləyib ağlayır.
Tam bu səhnənin çəkildiyi anlarda fonda azan səsini
eşidirik. Azan səsilə Nuri Bilgə Ceylan tamaşaçıya hansısa
mesajı ötürmək
istəmişdimi, əcəba?
Susan, "üç meymun"u oynayıb bir müddər kar, kor, lal
olmağa məcbur qalan İsmayılın səbir kasası daşır və filmin sonunda o, qatilə çevrilir.
Həbsdən çıxan, arvadının
xəyanətini, oğlunun
qatil olduğunu öyrənən Əyyub
isə çayxanalardan
birində gecələyən,
evsiz-eşiksiz, kimsəsiz
cavanı oğlunun əvəzinə həbsə
girməsi üçün
razı salır. Sərvətin ona elədiyi haqsızlığı özü
bir başqasına edir.
Sevə-sevə izlədiyimiz "Tütək
səsi" (1975) filminin
qəhrəmanları Cümrüylə
Tapdığın atasını
yerini almaq istəyən başqa biri nə öldürüb,
nə də həbsə yollayıb. Sayalı ilə
Cəbrayıl hələ
ilk gənclik illərindən
bir-birlərini sevirlərmiş.
Ancaq Cəbrayıl dostuna görə susur, Sayalının Muxtara ərə getməsinə
göz yumur. Zaman gəlir, müharibə başlayır, Sayalının
əri müharibəyə
aparılır. Muxtarın qara
kağızı gələndən
sonra Cəbrayıl onunla evlənmək istəyir. Sayalı əvvəlcə etiraz edir. Onların arasında hər iki obrazın
xarakterini açan dialoq başlayır:
Fikri-xəyalı Cəbrayılı keçmişə
aparır, Sayalıyla
Muxtarın toy səsi
qulağına gəlir,
öz dediyi cümləni yadına salır: -"Muxtar dostum olmasaydı, vallah götürüb qaçardım səni".
Düz iyirmi il
dinmədim - Cəbrayıl
təəssüflə deyir.
- Onun ölümünü gözləyirdin?
Biz onunla dost idik, bir-birimizə arxa durmasaydıq, belə gözəl kolxoz qura bilməzdik. Gözəl arzularımız vardı.
Olmadı. Yarımçıq qaldı. Getdi, belə
xəbəri gəldi.
Başa düşmürəm, mənim
günahım nədir?
- Bu qədər cavan qız var kəndimizdə.
Evlən
biriylə - Sayalı etiraz edir.
- Mən səni alacam.
- Camaat lənət deyər sənə. Daş-qalaq eləyərlər.
- Heç kəs bilmir mən nə çəkirəm.
Kənddə hayana baxıram,
elə Muxtarı görürəm. Ancaq sənsiz
də dözə bilmirəm.
- Mənim yekə oğullarım var.
- Öz balam kimi
istəyəcəyəm.
- Tanımırsan sən onları. İndidən dözə bilmirlər.
***
Sayalının oğlanları, doğrudan da, dözə bilmirlər, heç cür Cəbrayılı analarının əri kimi qəbul edə, atalarının yerinə qoya bilmirlər. Cəbrayılın üstünə hücum, silah çəkirlər, söyüşürlər, dalaşırlar, analarından üz çevirirlər, dindirmirlər. Cümrü lap havalı kimi olur, meylini əl boyda tütəyə salır. "Elə şeylər var ki, heç anaya da bağışlamazlar" - deyən Tapdıq uçuq bir xarabada gecələyir, çörək yeməkdən imtina edir, anasının yalvar-yaxarlarına baxmayaraq, gətirdiyi çörəyə əlini də vurmur. Fikirdən-zikirdən gündən-günə əriyir, xəstələnib yatağa düşür, qan qusur.
"Hər gecə yuxuda görürəm, saçını sığallayıram, qurbanın olum, ay ana, - deyirəm, ancaq gündüz üzünə baxa bilmirəm. Yuxuda anamdır, gündüz yaddır. Yuxuda şirindir, gündüz acı" - Tapdıq anasıyla münasibətini bu cümlələrdə həssasca ifadə edir.
Filmin sonunda Sayalının özünün də Cəbrayıldan üzü dönür, oğlanlarının düşdüyü vəziyyətə görə onu günahlandırır. Ancaq Cəbrayıl nə Hamletin əmisi, nə də "Üç meymun"dakı Sərvət kimi günahkar deyil. Cəbrayılın tək günahı vardı: Cəbrayıl sevirdi.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.-
24 aprel.- S.13.