Varislər

 

Namiq AĞAYEV: “Atamın ilk tənqidçisi mən idim...” 

 

"Varislər"in bugünkü qonağı unudulmaz yazıçı, dramaturq, bir çox yaddaqalan filmin ssenari müəllifi, ötən əsrin sonlarında televiziya məkanında ən çox reytinq qazanmış telelayihələrin yaradıcısı Firudin Ağayevin oğlu, tanınmış rejissor, "Humay" və "Qızıl pəri" mükafatçısı Namiq Ağayevdir.

 1933-cü ildə Azərbaycanın cənub mirvarisi Lənkəranda, Böyük bazar məhəlləsində, Balakişi Ağayevin ailəsində dünyaya gəlib. Atası fəhləlik edir, min bir əziyyətlə qazandığı halal çörəyi ilə oğlunu sağlam, ağıllı və savadlı böyütməyə çalışırdı.

 

O, uşaq olmamışdı...

 

Onun uşaqlığı 1941-1945-ci illərin müharibə dövrünə təsadüf etdi. Sonralar "Mən uşaq olmamışam" adlı romanında o illərə qayıdaraq yaddaşını, yaşadıqlarını sözə çevirəcəkdi. ADU-nin Filologiya fakültəsini bitirdikdən sonra taleyinə çıxan yaxşı adamlar ona dəstək oldu, gənc Firudin Ağayev Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində redaktor kimi əmək fəaliyyətinə başladı. Sonradan bu doğma məkan onun neçə-neçə uğuruna şahid olacaq, istedadı, yaradıcılıq ehtirası ilə ortaya qoyduğu maraqlı layihələrlə tamaşaçı sevgisi qazanacaqdı. O, Azərbaycan Televiziyasının əfsanə adamlarından biri oldu. Ssenarisi əsasənda "Həyat, sən kiminsən" (1972), "Skripkanın sərgüzəşti" (1972), "İşarəni dənizdən gözləyin" (1986) bədii filmləri, "Qayğı", "Səməndər quşu" pyesləri çəkildi. Tamaşaçı onun yazdıqlarını sevə-sevə oxuyur, ekranda təqdim etdiklərinə maraqla tamaşa edirdi.

O gözəl insan və unudulmaz yazıçının, xatirələrdə hər zaman sevgi ilə anılan Firudin Ağayevin varisi, tanınmış rejissor Namiq Ağayevlə ikimizə də doğma məkanda - "Azərbaycanfilm" kinostudiyasındakı otaqların birində görüşdük.

 

- Namiq, əziz dostum "Varislər" layihəsində görüşürük və bu gün birlikdə Firudin Ağayevdən danışacağıq. "Ədəbiyyat qəzeti" yarandığı gündən bəri Azərbaycan yazıçılarının tribunası olub və Firudin Ağayev də vaxtilə bu qəzetin səhifələrində öz maraqlı yazıları ilə çıxış edib. Artıq 26 ildir Firudin müəllim aramızda yoxdur, amma bu illər ərzində hər dəfə ondan söz düşəndə ehtiramla anıldığının şahidi olmuşam.

 

Ərdəbildən Lənkərana köç edən ailə

 

- "Mən uşaq olmamışam" romanı avtobioqrafik əsərdir, mən atamın ruhuna ehtiram olaraq həmin romanı film kimi çəkmək arzusundayam. Adətən cənub zonasında ailələr çoxuşaqlı kimi tanınsa da, atam evin tək övladı olub. Nənəm Mirxədicə xanım bizi çox istəyirdi, tətillərdə gah Lənkərana, gah da Şuşaya gedərdik. Şuşada ana tərəfdən Gözəl bibimiz vardı, o da bizi çox istəyirdi. İnsan təbiəti belədir, arı şirəyə cuman kimi, adam da harda sevgi gördüsə, ora can atır. Lənkəranda məni küçədə görən qoca arvadlar "seyid nəvəsidir" deyib, pıçıldaşırdılar.

Balakişi babam 7 qardaşı və 1 bacısı ilə Ərdəbildən Lənkərana gəlib. Ata babamın adı Əsgər olub. Əsgər həvəskarlardan ibarət səyyar sirk truppasını sərhəddən gizli keçirib, Azərbaycanda, İranda proqramlar göstərib. Mirxədicə isə köklü lənkəranlıdır. Atam fiziki cəhətdn çox güclü adam idi, uşaqlıqdan elə olub. Bunların ən sevimli məşğuliyyəti Lənkərançay körpüsündən çaya atılmaq imiş.

 

İstanbulda öz məzarımı ziyarət elədim

 

Haradasa 10-11 metr məsafə var orada. Bizi də sağlam ruhda böyütməyə çalışırdı. Ailədə iki qardaş idik: Nazim və mən. Nazimin adını Nazim Hikmətin, mənim adımı isə Namiq Kamalın şərəfinə qoymuşdu. Maraqlı br əhvalat danışım sənə: İstanbulda işlədiyim vaxtlar idi, bir bazar günü evdən çıxıb piyada gəzməyə başladım və təsadüfən öz məzarımın - Namiq Kamalın yanına gəlib çıxdım. Ondan sonra hər dəfə yolum İstanbula düşəndə oranı ziyarət etmədən keçmirəm.

- Firudin Ağayevdən danışaq...

- Çox tələbkar, yeri düşəndə sərt, yeri düşəndə romantik idi. Ədəbiyyatda çox nümunəvi adam idi, ömrü kitabların arasında keçirdi, elələrinə kitabman deyirlər, məncə. Universitet illərində "Nizami" təqaüdü ilə oxuyub. Əli Sultanlı, Mir Cəlal Paşayev kimi böyük pedaqoqlardan dərs alıb. Onun tələbə yoldaşları arasında Yaşar Qarayev, Ağacavad Əlizadə kimi məşhurlar olub. Mir Cəlal müəllimlə atamın çox yaxın münasibəti vardı, həm də Mir Cəlal müəllimin böyük qardaşı Mir Camal müəllimə qohumluğumuz çatırdı. Atam xatirələrində Mir Cəlal müəllimi həmişə ehtiramla anırdı. Bu adam savadlı, bacarıqlı, zəhmətkeş tələbələrinə sona qədər dəstək duran, qayğısına qalan, neçəsinə elçi gedib toyunu edən, neçəsinin ev almasına yardım edən kişi olub. Əsl mənəvi atalıq edib gənclərə.

 

Kürəyin yerə dəyməsin...

 

Lap uşaq yaşlarından atamın tanıdığı, yoldaşlıq elədiyi məşhurlardan biri də rəhmətlik Elşad Quliyev olub. Elşad müəllim atamla bağlı xatirələrində deyirdi ki, Lənkəranda avaralar mənə badalaq vurub yıxdılar, bu vaxt haradansa Firudin peyda oldu, onlar Firudini gərən kimi qaçdılar. Firudin əlini uzadıb mənim qalxmağıma kömək elədi, sonra qardaş sevgisi ilə: "Səni görüm heç vaxt yıxılmayasan", - dedi. Atam Teymur Əliyevin (T.Elçin) sədr olduğu vaxtdan AzTV-də işləyirdi, sonra Elşad Quliyev ora sədr gəldi və çox yaxın münasibətləri oldu. Atamın bütün kreativ təklifləri birmənalı olaraq qəbul edilir və televiziya məkanında maraqla qarşılanırdı.

Atam bizim ikimizi də kişi kimi böyüdürdü, özü uşaq olmamışdı deyə, bizim uşaqlığımızın maraqlı keçməsi üçün əlindən gələni edirdi. İdmana gedirdik, məhəllədə uşaqlarla futbol-zad oynayırdıq, həm də dost idik. Soruşurdum, muşketyor qalib gələr, yoxsa samuray? Deyirdi, muşketyor, çünki onun rapirası həm uzun, həm də elastikdir. Mənsə samuray aşiqi idim. Atamın bir sözünü indi də xatırlayıram: "Aristotel kimi yaza bilərsən, amma Sokrat kimi yaşaya bilməzsən".

 

Aristotel kimi yaza bilərsən, amma...

 

On il Türkiyədə yaşayandan sonra təzə qayıtmışdım Bakıya. Atamın sonuncu tədbiri idi, İlhamiyyə Rza atama mikrofonu uzadıb: "İnsanda ən çox dəyər verdiyiniz nədir?" - soruşdu, qısaca: "Səmimiyyət", - cavab verdi. O bizi də həmişə səmimi olmağa köklədi. Bilirsən, məncə, həyatda təbii olmaq çox da çətin deyil, hər kəs təbiidir, çünki özüdür, amma səmimi olmaq ağır söhbətdir. Yazdıqlarını oxuyanda Dostoyevskidən "səmimi" yazıçı tapmaq olmaz bəlkə də, amma sən demə, bu adamın çox qara-qura işi olub.

Bizim üçün səmimiyyət və cəngavərlik prinsipi üstün olub həmişə. Yəqin, müşahidə eləmisən, məktəbdə çox vaxt qızlar yaxşı oxuyan oğlanları yox, özünü kişi kimi aparanları, cəsurları xoşlayıblar. Firudin Ağayev elə idi - boy-buxun, yaraşıq, yeri gələndə sözünü deyən, ehtiyac yaranarsa yumruğunu işə sala bilən biri. Yəqin, elə buna görə ətrafında onu sevənlər, ona hörmət edənlər çox idi.

- Firudin Ağayevin uşaqlığı müharibə illərinə təsadüf edib, əsərlərində mütləq bu və başqa şəkildə o dövrə toxunur, bilirəm, amma yəqin, yazıya gəlməyən məqamlar da çox olub. Mən o zonanın yaşlılarından eşitmişəm müharibə vaxtı necə ağır dövrlər yaşadıqlarını...

 

Satdığı çörəyin istisinə qızınanlar

 

- Atam danışırdı ki, kinoteatrın qabağında dayanıb təndir çörəyi satırdıq, çörəyin kənarını, qazmağını qoparıb yeyə bilərdik. Üstəlik, isiti çörəyi sinəmizə sıxıb qızınırdıq. Atamın uşaqlıq dostları ilə görüşürdüm, həmişə deyirdilər ki, yaşamaq üçün hər işə gedirdik, bircə oğurluqdan başqa.

Məktəbdə bolşevik-kommunist sözünün mənasını dərk edəndən sonra, evə atamı ittiham eləməyə gəldim, üz-gözümü turşudub: "Ata, sən kommunistsən?" - soruşdum. "Kommunistəm, nə olsun?" - dedi. "Axı sən Allaha inanırsan, necə kommunistsən?" - prokuror ədası ilə xəbər aldım. Başını bulayıb: "Get işinlə məşğul ol, - dedi, - vaxt gələr başa düşərsən necə kommunist olduğumu".

Bir axmaq qonşusu olub, atamı qızışdırıb ki, üzbəüzdəki hərbi hissənin əsgəri məni döyüb. Atam hasarı aşıb, hərbi hissəyə keçib, qabağına çıxan bir-neçə əsgəri şil-küt eləyib, nəsə bunun əl-qolunu burub həbs ediblər, avtomatın qabağına qatıb, cəzalandırmağa aparanda şəhərə xəbər yayılıb, lənkəranlı qadınlar hücum çəkib hərbçilərin əlindən atamı alıblar.

Onların evi ocaq olub, seyid qapısı, mən uşaq idim, amma xatırlayıram, adamlar gəlib sakitcə pəncərəyə balıq, qaşqaldaq, yağ, pendir, bal... qoyub gedirdilər. Yəni ocağa nəzir boyun olanlar, niyyətləri hasil olandan sonra gəlib, nəzirlərini verib gedirdilər. Atam tək oğul olduğundan hamı onu əzizləyirdi.

 

Köhnə kişilər, yoxsa diskoteka uşaqları?

 

O dövrdə Lənkəranda hərbçilərin təşkil etdiyi rəqs gecələrinə, diskotekalara gediblər. Deyirdi, biz rus qızlarına qoz verib, çörəklə, yağla dəyişirdik. Hərdən rəqs meydançasında dava-dalaş düşürdü, rus zabitləri kəmərlə vururdular bizi, biz də cavabsız qalmırdıq, daşdan-kəsəkdən əlimizə nə keçsə, tolazlayırdıq.  

Bilirsən, Lənkəran tarixən həmişə maraqlı yer olub: maarfçilik, ədəbi-mədəni həyat, teatr, musiqi və həm də inqilablar, üsyanlar bu zonada paralel inkişaf edib.

- Firudin Ağayev ali təhsildən dərhal sonra o vaxt ölkənin yeganə televiziyası olan Azərbaycan Dövlət Televiziyasında redaktor kimi fəaliyyətə başlayıb və adıçəkilən kollektivdə fərqli redaksiyalarla əməkdaşlıq edib. Hələ də onun adı ilə xatırlanan bəzi telelayihələr var. Mən "Səhər görüşləri"nin necə populyar olduğunu yaxşı xatırlayıram, uşaqlı-böyüklü hamı baxırdı... Televiziya və kino, ümumiyyətlə, yaradıcı mühit insanı həm tez bir zamanda şöhrətləndirə, həm də şöhrət bataqlığında məhv edə bilir. Kim açmışdı onun yolunu? Kimlərə təşəkkür borcu vardı? Özü kiməsə yol aça, kimisə yetişdirə bildimi?

- Əlbəttə, həyatında hər zaman sevgi ilə xatırladığı adamlar vardı. Onu işə o vaxt teleradio komitəsinin sədri olan Teymur Elçin götürmüşdü. Bir də Xalq şairi Nəbi Xəzrinin onun həyatında böyük rolu olmuşdu.

 

Teymur Elçin və Nəbi Xəzri

 

Atam 1969-cu ildə "Telefilm"in baş redaktoru oldu, təmiz adam, əqidəsinə sadiq biri. Hə, 1969-cu ildə televiziyaya İmran Mirzəyev adlı təzə sədr gəlib, cəmi 11 ay işləyib. O vaxt N.Xəzri sədr müavini kimi bir-bir işçiləri təqdim edəndə, əlini atamın çiyninə qoyub: "Bu isə bizim əziz-xələfimizdir", - deyib. Təzə sədr də kobudluqla: "Nə deyirsən, buna heykəl qoyaq?" - soruşub. Atam da qalxıb yerindən: "Tarix özü göstərəcək kimə nə vaxt heykəl qoymaq lazımdır", - deyib və ertəsi gün ərizəsini yazıb "Telefilm"dən gedib.

Doğru deyirsən, "Səhər görüşləri" o dövrdə bütün reytinqləri partlatmşdı. Atam qələm dostlarını da işə cəlb eləmişdi, çox işgüzar mühit yaratmışdı. Təsəvvür edirsən, Rüfət Əhmədzadənin satirik mətnləri hər bazar günü efirdə bomba kimi partlayırdı.

- Dostları dedikdə kimləri nəzərdə tutursan? Kim idi ki, onun dostları?

- Ağcavad Əlizadə, Yaşar Qarayev, Hüseyn Arif, Xəlil Rza, Qulu Xəlilov, bayaq dediyim kimi, Nahid Hacızadə, Lütfi Məmmədbəyov... bunlar bir yerdə oturub-dururdular və həm də bir yerdə yaradıcılıqla məşğul olurdular. "Səhər görüşləri" xeyli aktyorun məşhurlaşmasında böyük rol oynadı. Onlar, demək olar, bütün teatrlardan aktyorları dəvət edirdilər, bu həm də az-çox qonorar demək idi. Mən tez-tez gedirdm "Səhər görüşləri"nin çəkilişlərinə. O vaxt studiyalarada kondisioner yox idi, dəhşətli istidə işləyirdilər, qan-tər içində. Kişi sözlərə, dialoqlara çox tələbkar idi, bəzən aktyorlar yersiz improvizələr edirdilər, imkan vermirdi.

 

"Səhər görüşləri"nin axşamları

 

"Səhər görüşləri"ndə mütləq ən populyar müğənnilər oxumalıydı: Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova və həm də istedadlı gənclərə yol açırdılar. Mən sənə deyim, bircə dəfə "Səhər görüşləri"nə çıxdınsa, demək, artıq məşhursan.

- Bəs o məşhurluğu satın almaq istəyənlər olurdumu? Yəni ödənişli məşhurluq kateqoriyası da vardımı? Kimsə pul-zad təklif edirdimi verilişə çıxmağa görə? Yəni "Səhər görüşləri"nin maraqlı axşamları da olurdumu?

- Dedim axı, halal adam idi. Təmiz adının üstündə yarpaq kimi əsirdi. Əlbəttə, yəqin, təklif edənlər olub, amma o, daha çox yazıb, yaradıcılığından qazanmağa üstünlük verirdi. Yadımdadır, verilişə çıxmaq üçün zəng vurub xahiş edirdilər, o da yaxşı priyom seçmişdi: "Sədrlikdir", - deyib, başından eləyirdi. Amma artıq özünü təsdiq eləmiş adamlar vardı ki, atam onları dəvət edirdi, onlar da bir yolla bunun qarşılığını verməyə çalışır, ona qonaqlıq verirdilər, ad günündə nəsə hədiyyə bağışlayırdılar, belə... Bundan o tərəfə keçmirdi. Bir də görürdün, Hacıbaba Bağırov, Leyla Bədirbəyli, Lütfi Məmmədbəyov, İlyas Tapdıq bazarlıq-zad eləyib, gəldilər bizə. Evimiz həmişə qonaq-qaralı olurdu, inan ki, bir-iki gün qapı döyülməyəndə narahat olurduq.

 

Təmiz ad sindromu

 

Bəzi işlər vardı, onları təmənnasız görməyi sanki özünə borc bilirdi. Lənkəranda Məhsul bayramını çəkməyə gedirdi, 2-3 min rubl qonorar olurdu, götürmürdü, amma bizim o pula ehtiyacımız vardı. Yadımdadır, Kürdəmirdə maşının yük yerinə qoyulmuş hinduşkanı götürüb atdı, anam dilxor oldu. Dediyim kimi, bəzən ifraf dərəcədə təmizliyə gedirdi və bu xasiyyətini qəbul edə bilmirdim. Həmişə deyirəm, atam haqqı olanı götürmürdü, mən haqqım olanı götürəcəyəm, mənim övladlarım isə yəqin, haqqı olmayanları da götürəcəklər. Atamda təmiz ad sindromu patoloji idi. 

- Başqa hansı xatirələrin var atanla bağlı? Bildiyim qədərilə sən onunla həm də dost olmusan, aranızda ciddi yaradıcılıq müzakirələri olub.

- Mən ümumiyyətlə, belə demək olarsa, televiziyada böyüyürdüm. Ora mənə doğma yer idi. Həm də rejissor olmaq arzusu çəkib ararırdı məni atamın iş yerinə. Onun işə ifrat məsuliyyətini görəndə özüm də sıxılırdım. Bəzən rejissor da, operator da bezirdi eyni kadrı bir neçə dubl çəkməkdən, amma güzəşt yox idi.  

Həbibə Məmmədxanlı ilə şahmat oynamaqları indiki kimi yadımdadır. Mailə Muradxanlı deyirdi ki, Firudin Ağayev mənim müəllimimdir. Mailə xanım yaxşı bir xatirə danışmışdı. İlk yazısını verəndə atam "mətnin hərarəti yoxdur", - deyib. Mailə xanım da kağızları qoyub samovarın üstünə. Atam soruşub, bu nə deməkdir, deyib mətni qızdırıram. Onun bu hazırcavablığı xoşuna gəlmişdi atamın.

 

"Telefilm"in filmləri

 

- Firudin müəllimin kino yaradıcılığı da maraqlıdır. Bu barədə əlavə sualım da olacaq. Amma gəl "Telefilm"dən başlayaq. Qısa müddətdə olsa, Firudin müəllim "Telefilm"in baş redaktoru oldu və artıq Azərbaycan televiziyası müstəqil bədii, sənədli filmlər çəkməyə başladı.

- O dövrlə bağlı geniş məlumat verə bilmərəm, amma bilirəm ki, "Telefilm"də atamın ssenarisi əsasında bir neçə film çəkilib. "Quzu", "Ülviyyənin mahnıları", "Leyla və onun dostları" bu filmlərdəndir. Redaktor kimi də xeyli filmin redaktoru olub. Amma onun ssenarisi əsasında rejissor Şamil Mahmudbəyovun çəkdiyi "Skripkanın sərgüzəşti" filmi maraqla qarşılanmşdı. Həm uşaqlar, həm də böyüklər müharibə dövrü ilə bağlı həyəcan dolu hadisələri maraqla izləyirdilər. Həmin filmin qonorarı ilə ilk "Moskviç"imizi almışdıq.        

Bilirsən, mən də yaradıcı adamam, bilirəm bu işdə pul var, çörək var, sadəcə, iş olmalıdır, iş olsa onsuz da sən öz zəhmətinin haqqını alacaqsan. Atam buna üstünlük verirdi. Ssenariyə, pyesə, romana görə qazanmaq istəyirdi və məncə, yaradıcı adam üçün bundan böyük lüks yoxdur. Bəzən televiziyaya boş yerə çox böyük əmək, enerji qoyurdu, əsəbləşirdim. Deyirdim, ay kişi, televiziyada saman çöpü ilə qurdalanmaqdansa, ildə iki dənə film ssenarisi yaz, yaşayaq da. Sən də üzdə ol, dəbdə ol.

 

"Özünü gözə soxa bilmirdi"

 

Düzdür, yazırdı, çəkirdilər, hörmət edirdilər, amma gözə soxa bilmirdi özünü və elə ömrünün axırına qədər də elə oldu. Övlad valideyninin şöhrətindən, adından, haqqında eşitdiyi yaxşı sözlərdən qürür duyur, bu, belədir. Amma valideyn həm də imkanlı olanda həyat övlad üçün ikiqat qürurverici olur.   

Mən onun ilk tənqidçisi idim, romanlarını mənə oxuyurdu. Müzakirə edirdik. Həyat elə gətirdi ki, estafeti mən ondan götürdüm və artıq o mənimlə yaşamağa, mənim uğurlarıma sevinməyə başladı. Kukla teatrının uğurları çox yayıldı, tamaşalarımız dünyanı gəzdi, festivallar, mükafatlar, hiss edirdim, ləzzət alırdı.   

- Yazı-pozudan başqa nəsə məşğuliyyəti vardımı? Boş vaxtlarını necə keçirirdi?

 

Bilyard həvəskarı

 

- Yaxşı bilyard oynayırdı. "Gülağanın bilyardxanası" deyilən yer var idi, ora yığışıb oynayırdılar. Çox maraqla oynayırdı. Nahid Hacızadə ilə çox yaxın idi. Hərdən onların məclisinə düşürdüm, çox intellektual zarafatlarına şahid olurdum. Yaxşı zarafat eləmək də onun hobbilərindən biriydi.

- Bəs sənin həyatına Firudin Ağayev işıq tuta bildimi? Onun adından, hörmətindən yararlana bildinmi?

- Mən indi də onun adının bəhrəsini görürəm: "Firudunin oğlu oğurluq eləməz. Firidinin oğlu xəyanət eləməz və s.". Bu həm məni məsuliyyətli eləyir, həm də ruhlandırır. Nəbi Xəzri böyük kişi idi, mədəni, ağsaqqal, təmiz. Mən bu gün də Nəbi Xəzrinin oğlu Arzu Babayevlə dostluq edirəm. Arzu Babayev, İsmayıl Şıxlının oğlu Fərrux, İlyas Tapdığın qızı Şəbnəm, Xan Şuşinskinin oğlu Aslanla orta məktəbdə bir sinifdə oxumuşuq.  Çox seçmə sinif idi. Yəqin, Firudin Ağayevin oğlu olmasaydım o sinfə düşməzdim. Etibar Babayev "Space" TV-nin rəhbəri olanda mənə çox kömək elədi və əlbəttə, atama olan hörməti burada rol oynayırdı, mənə inanırdı, arxayın idi, bilirdi ki, dünya dağılsa da mən də atam kimi xəyanət etmərəm.

- Bax sən indi Azərbaycan Dövlət Televizyası ilə əməkdaşlıq edirsən, az qala hər gün bir vaxtlar atanın girib-çıxdığı qapıdan içəri girirsən, hansı hissləri keçirirsən elədə?

 

Yamacı qalxanda siqaret çəkən köhnə kişilər

 

- Darvazadan içəri girib diki qalxırsan ey, bax o yamac çox doğmadır mənə. Köhnə işçilər hələ də öz adətlərini unutmayıblar, darvazadan içəri keçən kimi qeyri-ixtiyari siqaret alışdırıb, nəfəsləri kəsilə-kəsilə qalxırlar oranı. Sonra məni köhnədən tanıyanlar var, avadanlıq götürəndə ən yaxşısını verməyə çalışırlar, sanki atamın elədiyi yaxşılıqlar indi bir-bir qabağıma çıxır.

Sözü qoyub, söz danışım. Etibar Babayev deyirdi ki, biz Firudin müəllimin böyür-başında fırlanıb, onun kimi "stilyaqa" olmağa çalışırdıq. Doğrudur, mən atam kimi stilyaqa ola bilməsəm də, amma öz yaşam tərzimlə onun başını aşağı sala biləcək bir hərəkət etmədim, özümü qoruya bildim. Atam, doğrudan da, gözəl geyinirdi. İtalyansayağı şlyapa, hər mövsümə uyğun kostyum, filan. Ədəbaz deyildi, amma yaraşırdı ona. Səliqəni xoşlayırdı. Çox xasiyyətində ona oxşaya bilmədim, amma mən də onun kimi humanistəm, yaxşılıq eləməyə meyilliyəm və bəzən hiss edirəm ki, bu xüsusiyyətlərə görə nə atamın, nə də bundan sonra mənim yaxama gətirib medal asmayacaqlar. 

 

Firudin Ağayev - stilyaqa

 

Dostları məəttəl qaldırdılar onun işgüzarlığına. Tutaq ki, məclis olurdu, gecəyə qədər oturub yeyib-içirdilər, səhər tezdən çəkiliş olmalıdır, ssenari hazır olmalıdır və səhər, doğrudan da, ssenari hazır olurdu, çünki nə olur-olsun, işində ciddi idi, əgər bir işi söz veribsə, mütləq onu bitirməsə, gözünə yuxu getməzdi, çünki heç kəsi pis vəziyyətdə qoymağı sevmirdi.

- Namiq, Çingiz İldırım Milli Hökumətə xəyanət etmiş adamdır. Cümhuriyyətin devrilməsində birbaşa iştirak edib, amma Firudin Ağayev onu  qəhrəman etmişdi. "İldırım dənizdə çaxır", "İldırım ömrü" romanları və "İşarəni dənizdən gözləyin" filminin ssenarisi... Bu sevgi haradan idi onda?

- Əvvəla, Çingiz İldırımı sovet rejimi onsuz da qəhrəman eləmişdi. O vaxt ədəbiyyat adamları arasında bolşevik-kommunist liderlərin həyatından bəhs edən bədii əsərlərin yazılması ilə bağlı layihə olub, kimi Həmid Sultanovu, kimi Nərimanovu, kimi M.Əzizbəyovu götürüb, Çingiz İldırımın da vurub-yıxan olması, belə deyək də "lotu" olması atamın diqqətini çəkib, o mövzunu götürüb işləyib. Yəni elə bir ciddi sevgidən söhbət gedə bilməz, sadəcə, romanı ürəklə, sevgiylə yazıb, bununla razılaşıram. 

 

Ürək işinə baxan adamlar

 

- Onun ömrünün müəyyən hissəsi, özü də son illəri haradasa sənin xiffətinlə keçdi. Sən Türkiyədə yaşayanda o, çox darıxırmış sənin üçün.

- Mənim Türkiyədə vəziyyətim əla idi. Antalya kimi bir yerdə işləməyim üçün hər şərait vardı. Dəfələrlə onu yanıma dəvət elədim ki, gəlib qalsın, dincəlsin. Antalya kompakt şəhərdir, hər şey əlinin altındadır: iş də, rahatlıq da. Yeganə şəhərdir ki, italyanlar müharibəsiz oranı ələ keçirib, müharibəsiz də tərk ediblər. O dövrdə burada vəziyyət ağır idi, ac qalanlar, bir parça çörək tapa bilməyənlər vardı. Nəsə, nə qədər israr eləsəm də gəlmədi. Anam deyirdi, mənimlə danışanda qəhərlənirmiş. Bax həmin dövrdə atam çox sarsıntı keçirdi. Həm artıq böyük maddi sıxıntılar, həm ayrılıqlar filan. Şikayət edirmiş ki, nəvəm üçün bir banan alıb apara bilmirəm. Bilirsən, yaradıcı adamlar həm də ürək işinə baxırlar axı, yəqin, o da vəziyyəti belə gördü, hər şeyi ürəyinə salırdı və elə ürəkdən də getdi.

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.16-17.