Nizaminamə
Soyuq torpağın nəfəsini
kəsirdi,
bizsə sadəcə
seyr edirdik.
Kədərlisi də odur ki,
torpaq bizim sonuncu xatirəmiz idi, Şeyx.
Bunu isə sonralar, çox sonralar biləcəkdik.
Mən o, sonralarda
həyatla barışdım.
Sən demə, həyatla barışmaq məqamı
məğlubiyyət mənasını
sevmirmiş.
Əksinə, onu dərk etmək
deməkmiş.
Dərk
etdim ki, ovucdan axıb gedən deyil,
ovucda qalandı həyat.
Bəlkə də buna görə hələ də
körpə doğulanda
əlində,
ovcunda qalsın söyləyirlər, Şeyx.
Bəlkə də...
Nə yaxşı varmış
bu bəyaz yollar, kağız yollar,
bu göy yollar, ərçin yollar.
Bir gün parlar var olar,
bir gün sönər yox olar.
İsmisə birdən çox
olar,
qədər yollar, ömür yollar, tale yollar.
Yollar da adamlar kimiymiş,
Şeyx,
böyüdüsə, suyu
hiss etmir...
Beləcə, əsrlərdi əldən
düşmüş qoca
fırçanı
iki tanış sirr güldürər.
Xatırlar, unudar, xatırlar, unudar.
İnsanlarsa gecələrin kölgəsində
o,
gülüşləri geyinib sabaha qanad almaq
eşqi ilə
ovcuna qalxar, içinə qalxar.
Və...
Yəni
bir şeirlə
eşqindən balığa
dönmüş adamlar
nə yeri xatırlayıb onunla barışa bildi,
nə də sonda ümidi unudub
göydən küsə
bildi, Şeyx.
Fuad CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2021.-
24 aprel.- S.19.