Fantastikada yeni imza
Azərbaycanda fantastika janrı bir o qədər də populyar
deyil. Bu janrda yazılan əsərlərin oxucusu kimi,
yazıçısı da azdır. Ona görə də
hekayə və povestlərini rus dilində qələmə alan Sənan İsmayılov əsərlərini
oxumaq üçün təqdim edəndə təəccübləndim.
Amma təəccübümü yaxşı mənada
artıran cəhət bu fantastik hekayələrin lirik
duyğuların ifadəsindən və ən əsası,
inandırıcılıqdan uzaq olmaması idi. Müəllifin aydın təhkiyəsi,
obrazlarının və yaratdığı vəziyyətlərin
orijinallığı, təbiiliyi istər-istəməz
oxucunu da o dünyanın "reallığına",
yaxınlığına inandırır. Həm
inandırır, həm təsirləndirir, amma eyni zamanda da
dünyamızın gedişatı ilə bağlı qorxudur.
Sənan İsmayılov ən kiçikhəcmli hekayələrində
belə çox qlobal problemlər qaldıra bilir. Görür,
göstərir, düşündürür, narahat edir. Bu, yazıçı üçün çox vacib
xüsusiyyətdir. Düzdür, bəzən
onun yaratdığı qəhrəmanlar insanın gözü
qarşısında dəqiq canlanmaya, bəzən hətta
simasızlaşa da bilir. Lakin bu belə,
onun hekayələrinin dəyərini aşağı
salmır.
Sənan İsmayılovun bu yaxınlarda Belarusda
kitabı çap ediləcək. Belarus Yazıçılar Birliyinin
katibi Anatoli Matviyenkonun kitaba verdiyi rəyi oxuduqdan sonra bizim
oxucuların da bu hekayələrdən bəziləri ilə tanış olmasını xüsusi olaraq istədim.
"Belarusda çox az fantastik əsərlər
dərc edilir. Bu kədərli fonda Sənan
İsmayılovun rusdilli toplusu üstün təsir
bağışlayır. Halbuki bu kitab Rusiya və
Belarusun daha güclü kitab bazarlarında da
itib-batmazdı", - yazan Matviyenko müəllifi ABŞ
klassik fantastikasının "kəskin" ənənələrinə
sadiq qaldığını düşünür. Lakin bir maraqlı məqamı vurğulamaq istəyirəm
ki, klassik ənənələrə sədaqət bu hekayələrdə
müəyyən koloritli xüsusiyyətlərin
görünməsinə mane olmur. Məsələn,
müəllifin qəhrəmanlarına seçdiyi adlar belə,
təmiz Azərbaycan dilində və dərin altməna
daşıyan adlardır. Rəydə özümün də
çox bəyəndiyim "Həyat yoldaşı" hekayəsi
haqqında yazılan qeydlər çox dəqiqdir:
güclü, təsirli, dərin...
Nərgiz Cabbarlı
Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.20.