Unudulmaz dost, böyük alim  

 

Mövlana Cəlaləddin Rumi yazır ki, Allahı tanıyan insanların həyatı qədər əzablı məşəqqətli keçsə , onlar ahu qədər səbirli, şir qədər cəsarətli ömür sürərlər. Belələrinə əqidə adamı deyirlər. Belələri təpədən dırnağa qədər şəxsiyyətdir. Onlara yüksək məqam da gərək deyil, onlar özləri məqamdır.

80-ci illərin əvvəlləri idi. Xalq yazıçısı Mirzə İbrahimovun Mərdəkandakı bağında Tehranda nəşr olunan "Keyhan" qəzetlərini səhifələyirdim. İran İslam İnqilabının qələbəsindən 3 il keçirdi. İnqilabi hərəkatda fəal iştirak etmiş Tudə partiyasının bir qrup üzvü hakimiyyətin qərarı ilə həbs edilmişdi. Tudəçilərin məhkəmə prosesi mütəmadi olaraq "Keyhan" qəzetində dərc olunurdu. Mən həmin məqalələri fars dilindən tərcümə edib əlbəəl Mirzə müəllimə təqdim edirdim. Belə yay günlərinin birində Mirzə müəllimin bağında unudulmaz Teymur Əhmədovla tanış oldum. Səmimi, itizəkalı, böyük ziyalı ilə bu tanışlığım sən demə, 40 ilə yaxın davam edəcəkmiş...

Teymur Əhmədovla ikinci görüşüm Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan şöbəsində baş tutdu. İranda professor Cavad Heyətin təsis etdiyi "Varlıq" jurnalının növbəti nömrəsi müzakirə olunurdu. Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə, Məmmədrza Afiyət, Həmid Məmmədzadə, Aşıq Hüseyn Cavan, Teymur Əhmədov başqaları çıxış etdilər. Mən o gün Teymur Əhmədovu Cənubi Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı təbliğatçısı kimi kəşf etdim.

Teymur Əhmədovun rəsmi bioqrafiyasından söz açmaq fikrində deyiləm. Kütləvi informasiya vasitələrində, saytlarda onun haqqında kifayət qədər məlumat var. Mən tanıdığım Teymur Əhmədov haqqında söz demək istəyirəm. Həmişə qürurla dədə-baba torpağı, Qərbi Azərbaycanın Zəngibasar mahalından söz açardı. Zəngi çayının sahilində böyüyüb boya-başa çatmış professor ömrünün bir hissəsini o torpaqlarda keçirmiş, İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə yaşayan xalqımızın maarif mədəniyyətinə xidmət etmişdi. Bakıya köçdükdən sonra Teymur Əhmədov ömrünün sonuna qədər həyatını Cənubi Azərbaycan ədəbiyyatına bağlamışdı.

1983-1984-cü illərdə Dövlət Teleradio Komitəsinin Cənubi Azərbaycan baş redaksiyasında həftəlik yayılan ədəbi verilişin müəllifi idim. Verilişlərə Mədinə Gülgün, Əbülfəz Hüseyni, Hökumə Billuri, Mirəli Mənafi, Sabir Əmirov başqa tanınmış ədibləri dəvət edərdim. Təbrizdə yaşayan tədqiqatçı-alim, ədəbiyyatşünas Əhməd Azərlu bizim daimi dinləyicilərimizdən idi. Onun redaksiyamıza ünvanladığı məktubları Teymur müəllimə təqdim etdim. Teymur Əhmədov Əhməd Azərlunun Bakıda Cənubi Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı suallarına radio dalğalarında bir neçə verilişdə ətraflı cavab verdi.

O dövrdə Təbrizin "Tərbiyət"  kitabxanasının nəzdində yazarlar əncüməni fəaliyyət göstərirdi. Əncümən 70-ci illərin sonunda təsis edilmişdi. Bir neçə il sonra əncümənin məsul katibi Məhəmməd Təbrizi siyasi təhdidlərə məruz qaldığından ölkəni tərk edib Avropaya köçür. 1984-cü ildə Məhəmməd Təbrizi Bakıya gəldi. Mirzə müəllim Azərbaycan Yazıçılar İttifaqında onu qəbul etdi Məhəmməd Təbrizini Bakıda olduğu müddətdə Teymur Əhmədova mənə tapşırdı. Teymur Əhmədov bir ay müddətində Məhəmməd Təbrizi ilə ünsiyyətdə oldu, onu respublikanın ziyalıları ilə görüşdürdü. Bakının kitabxanalarını, mədəni-maarif ocaqlarını qonağa göstərdi. Məhəmməd Təbrizini hava limanında yola salanda Teymur Əhmədovun qəhərlənməsi gözümdən qaçmadı.

1988-ci ildə Qərbi Azərbaycanda yaşayan xalqımızı dədə-baba torpaqlarından zorla sürgün etməyə başladılar. On minlərlə Qərbi azərbaycanlı mənfur imperiya siyasətinin qurbanı oldu. Azərbaycan ziyalıları hamılıqla ayağa qalxdı. Mirəli Seyidov, Teymur Əhmədov, Fərman Kərimzadə başqaları Qərbi Azərbaycandan zorla köçürülmüş insanlarla görüşür hər həftə onlarca adamı təyyarəyə mindirib Moskva şəhərində Kremlin qarşısında etiraz mitinqləri keçirmək üçün yola salırdılar. Yorulmaq bilməyən, güclü enerjiyə malik Teymur Əhmədov demək olar ki, bu tədbirlərin əksəriyyətində iştirak edərdi. Həmin dövrdə o, baş redaktoru olduğu "Vətən həsrəti", "Hikmət" qəzetlərinin səhifələrində zəmanənin siyasi burulğanında cövlan edən fövqəlproseslərin tədqiq təhlilində, ictimai fikrin formalaşmasında xidmət sahibi idi. Mətbuatda çalışanlar qəzet işinin qədər əziyyətli məsuliyyətli bir peşə olduğunu yaxşı bilirlər. Teymur Əhmədov uzun illər Prezident Aparatının "Respublika" qəzetinin baş redaktoru olmuş, bu vəzifədə öz dəqiqliyi məharəti ilə seçilmişdir.

Xalq yazıçımız Mirzə İbrahimovun vəfatından sonra Teymur Əhmədov 25 ildən yuxarı Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etmişdir.

Teymur Əhmədov Allahdan başqa heç kimdən tərəhhüm gözləməzdi. Bəlkə elə bu səbəbdən o, ahıl vaxtlarında həyatı boyu etdiklərindən çox, edə bilmədiklərinə görə təəssüflənirdi. O, heç vaxt öz problemlərini başqalarına dərd-sər etməzdi. Əksinə, rastlaşanda xəfif bir təbəssümlə görüşər, həmsöhbətinə zövqi-səfa bəxş edərdi.

Filologiya elmləri doktoru, professor, ədəbi ictimaiyyətin, mətbuatımızın ağsaqqalı olmuş Teymur Əhmədov mənim yaddaşımda belə həkk olunub.

 

Arif İBRAHİMOV

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.21.