Rəşad Məcidin "Səbəbi sənsən"
şeirlər kitabı haqda
Rəşad
Məcidin yaradıcılığına ilk dəfə nəsr
əsərini oxumaqla bələd olmuşdum. Hekayə məni
bərk tutdu və onun haqqında kiçik bir məqalə
yazdım. Bundan sonra sosial mediada
tanışlığımız başladı. Və mənim
ilk uğurum da onun adı ilə bağlı oldu. Qarabağ
camaatında bir deyim var: "Yaxın yerə bir kəlmə
söz, uzaq yerə bir barmaq kağız". Rəşad
müəllimi belə bir insan kimi tanıdım. İlk təəssüratımda
heç yanılmadım da. Sonralar
yaradıcılığı ilə tanış olduqca bu insanın,
sözün həqiqi mənasında, necə böyük
ürəyə, tam mükəmməl insan xarakterinə malik
olduğunun şahidi oldum.
Sevgiyə
inamın sarsıldığı, hətta tamam itdiyi bir vaxtda əsl
sevgi şeirləri oxumaq adama pil kimi sevgi hissləri yükləyir.
Həm də o adama ki, əsl sevdanın nə olduğunu
bilirdi: Tanrıya, bəndəyə, dünyaya,
yaradılışa, bir bənövşə çiçəyinə,
bapbalaca böcəyə də. Rəşad Məcidin "Səbəbi
sənsən" şeirlər kitabında toplanan şeirlər
də bu qəbildəndir. Xəyanətlərin və
nankorluğun, satqınlıq və ikiüzlülüyün,
yalan və riyanın baş alıb getdiyi xaotik cəmiyyətdə
sevgiyə inam yaradır. Bu hissi yaratmaq, ruhları gözəl
duyğulara kökləmək hər şairə, söz
adamına nəsib olmur...
Daşın qəlbində sevgi
cücərdən şair...
XI əsrdə
Bağdadda Nizamiyyə Universitetinin əsasını qoymuş
məşhur ədəbiyyatşünas alim Xətib Təbrizi
bir şair haqqında yazırdı: "Əbu Təmmam
"Həmasə"də özündən böyük
şairdir". Rəşad Məcidin "Səbəbi sənsən"
şeirlər kitabına toplanmış sevgi şeirləri də
bu qəbildəndir... Oxuduqca şükr edirsən ki, sevgiyə
tamam başqa don biçən, bizə bəlli olmayan tərəflərini
kitab kimi vərəqləyib oxucuya tanıdan, ürəklərin
tozunu alan bu şeirlərlə müəllif dünyanın əllaməliklərindən
çaşıb qalmış, yorulan, əzilən,
ağlayan, sınan bəndələrə tutiya kimi gələn,
dərindən ah çəkib gözünü sevgi səmtə
hərləyən, üzünü sevgi səmtə
çevirən bizlərin ruhunu təzələyir:
Gözün
qamaşacaq, nur bürüyəcək,
Beynin
durulacaq sakit çay kimi.
Axşamkı
məclisin haray-həşiri
Qeybə
çəkiləcək bitən yay kimi.
Yerdən
duracaqsan sevinc içində,
Elə
biləcəksən, körpə uşaqsan.
Unudub
keçmişi təmiz beyinlə
Bir səhər
yenidən doğulacaqsan.
Şair
bir "Xoş sözün" qəlbin
sızıltılarına ən yaxşı "Çarə"
olduğunu, zamanın həngamələrindən
"Darıxanda" isə bizi yalnız "Bir sevgi
qoruyur" - deyir. Ürəkdən daş kimi asılan "Həsrət"dən
"Qurtulmasan", səndən bu dünyada "Heç nə
qalmayacaq". "Daha" elə bir zamanla üzbəüz
qalmışıq ki, "Ən ağır xəstəlik"də
"Xoş sözün" insana "Məlhəm" kimi gərəkli
olduğunu bilməliyik. "Hamımız" sevdiklərimizə
"Əvvəl"cə "Sevgi" "Ətir"i
saçan "Söz"lər deməliyik. "Lap"
böyük "Xəzinə"lərə dəyən
sevgi elə bir duyğudur ki, onunla ruhun "Bayram"ı
başlar.
Ruhunun
donu yalnız sevgidən biçilən şairin bu
yaşantılara həsr olunmuş əsərlərinin hər
kəlməsindən, hər sətrindən o nəfis
duyğunun - sevginin ətri, qoxusu saçılır:
Qalmayıb
qəlbimin daha gileyi,
Qəmli
çəmənimin açıb çiçəyi,
Payızın
ortası yazın gəlməyi -
Bu bahar
havası sənə görədir.
Şairin
şeirləri özünün səmimiyyəti, xalq
poetikasından gəlmə söz və ifadələrin yeni
çalarda, yeni təqdimetmə tərzi ilə seçilir.
Bu mənada başqa mövzulara həsr olunmuş əsərləri
ilə yanaşı, sevgi şeirləri xüsusən cəlbedicidir.
R.Məcidin sevgi şeirlərində sevmək, hiss, duyğu,
eşq, istəklər və arzular sərhəd, tabu, qanun
tanımır. O, bütün qanun və qadağalara istehza ilə
gülümsəyərək, onlara heç etina etmədən,
saya salmadan, sallaq satmadan, onlara yön çevirmədən
oxucunun ruhunu bu fani dünyanın çirkinliklərindən
çıxarıb özü ilə aparır, yeni bir aləmlə,
şairin mayası sevgidən yoğrulan ruh
dünyasının rəngarəng, rahat, ilıq, şirin,
azad, saf, nəfis naxışlarla bəzənmiş aləmi
ilə tanış edir. Oxucu bu aləmdə özünü
yad, qərib hiss etmir. Sözlər o qədər lətif,
fikirlər o qədər rəvan, axıcı, duyğusal və
istənilən qəlbin sevgi qatında sanki çoxdan unudulub
əkilməyən, tapdaq olmuş torpaq kimi bərkiyib
qalmış duyğuları yenidən təzələyir,
oxucunu tamamilə sevgi üstə kökləyir:
Sənsən
əzablarla dolu qürbətim,
Sənsən
diz çökdüyüm vətənim mənim.
Sənsən
ən yaxınım, vəfalı dostum,
Qanıma
susayan düşmənim mənim.
Cəhənnəmim
də sən, cənnətim də sən,
Gah nəğmə
oxuyan, gah ağı deyən.
Ağır
əzablardan tir-tir titrəyən,
Ruhtək
rahatlanan bədənim mənim.
Məhəbbət,
sevgi Rəşad Məcid şeirlərində hiss və
duyğu olmaq qalıbından çıxır, yeni məna kəsb
edir, şair onu konkret obraz səviyyəsinə
qaldırır, sevgini dostuna, həmdəminə, yoldaşına,
sirdaşına çevirir. Sevgi sevən üçün əzizdir
- sevgilisi kimi. Onunla munis və dərd ortağıdır,
şairin bütün duyğularının fövqündə
dayanan sevgi aşiqin həyatının mənası, yaşam
səbəbidir:
Bir
xoş sızıltıdır sevgi
Cana
bala-bala girər.
İncə
sözlə, təbəssümlə,
Bir
süzgün baxışla girər.
Bir də
görərsən, əsirsən.
Hüzurunda
müntəzirsən!
Daha yol
yox ki, gəzirsən -
Qurar
möhkəm qala, girər.
Sevgilər
ayrılıqsız, hicransız, həsrətsiz olmur. Müəllifin
ayrılıqlara həsr olunmuş şeirlərinin sətirlərindən
çəkilən ahların səsi eşidilir,
ağrıyan, həsrət çəkən ürəyin
sızıltıları duyulur:
Neçə
ay içindən çıxa bilmədim, -
Türmədi,
məhbəsdi, qəfəsdi - bəsdi.
Gözümün
yaşını yığa bilmədim
Kürdü,
Həkəridi, Arazdı - bəsdi.
Və
yaxud:
Sən məni
təklədin, hər kəsdən etdin.
Açdım
adamlara savaş dünyada.
Axırda
özün də qeyb olub getdin,
Yalqız
ulayıram bu boş dünyada.
Şairin
təsvir etdiyi sevgi bəzi məqamlarda özü kimi möhtəşəmdir.
O, ayrılıqlardan ağlayıb göz yaşı töksə
də, bircə dəfə verilən ömrü qəm-kədərlə
başa vurmaq istəmir. Sevgini qəbul etməyəni - "əlvida",
- deyib yola salır, ayrılıqları da mərdanə
yaşayır:
Etibar itəndə,
inam bitəndə
Ehtiras
azalır, məhəbbət solur.
Bütün
sevgilərin sonu, axırı
Heyif ki,
beləcə kədərli olur.
Yaşaya
bilmərəm mən indən belə
Qəlbimin
bu sonsuz təlaşlarıyla
Daşıya
bilmərəm bir ömür səni
Bu qədər
ağrıyla, göz yaşlarıyla.
Onun
şeirlərini oxuduqca düşünürsən ki, həyatın
ən bariz, əzəli, əbədi həqiqəti olan sevgi
hissi nə qədər sadə və gözəlmiş. Hər
misrasında sevgi feromonu yaradan şeirlər zamanın həmin
anda donduğu bir yerdə yeni bir eşq dünyasının
başlanmasıdır. Bu şeirlər soyuqda isidən, atəşdə
sərinlədən, kədərdə sevindirən, sevinəndə
düşündürən duyğuların
çağlamasıdır. Oxuduqca bu qənaətə gəlirsən:
saf sevginin köləsi olmaq taleyin şirin hədiyyəsi,
ruhun əsirlikdə azadlığıdır.
Sevgi ocaq
kimidir, gərək sönməyə qoymayasan. Sönəndə
də kül altında balaca bir qor saxlayar - bir nəsimi,
ilıq səba yelini, bir nəfəsi gözləyər. O
qoru alışdıra bilsən, sevgin Tanrıyacan yaşayar:
...Hamısından
betərdir sevgi!
Beyinin də,
ürəyin, bədənin də
Canın
da ən qeyri-adi halıdır...
Tutuldunsa,
çalış, keçməsin!
...Çalış,
bitməsin!
Tut ətəyindən,
sürün dalınca,
Yüyür,
yıxıl, qalx!
...Çalış,
tutulma sevgiyə,
tutuldunsa,
buraxma!
Şairin
əsərlərinin ruhunu, mayasını qidalandıran
duyğular o qədər səmimi və gözəldir ki,
oxucu onun ruhunun təsiri ilə bir daha yəqin edir: sevgi
gözəl, doyulmaz, sevənin inanıb güvəndiyi ən
pak hissdir. Sınaqdan keçib möhkəmlənmiş sevgi
ruhun qəhqəhəsi, tənha səhrada azıb
yorulmuş, susamış qərib yolçunun
arzuladığı bir ovuc sudur.
Rəşad
Məcid şeirlərində təsvir olunan sevgi
duyğuların ən gözəlidir. O, içimizdə kələfi
düyün düşmüş duyğuları bir-bir
çözür, düzənə qoyur, yeni, gözəl
duyğuların ilməsini toxuyur. Şair
çaşmış, özünü itirmiş ruhun əlindən
tutub haqqa, ilahi sevginin aydınlatdığı nura, ağ yola
gətirir, imitasiya edib alt qatı görünən,
görünməyən tərəflərin hər üzü
ilə ilahi nurla, işıqla dolu bir aləm yaradır.
Bu
şeirləri oxuyanda azman, əzəmətli, ancaq uşaq
kimi saf, təmiz daim sevgiyə ehtiyac duyan, ona əl
açmadan sevgini ürəyinin qəfəsində
saxlamağı bacaran birini görürsən. Əgər
aşiqsənsə, sən bu məsum, təmiz, sarsılmaz
duyğunla Tanrıyacan yaşayırsan və gözəl
yaşayırsan. Fitrətən daim sevgi aclığı hiss
edənik hamımız və hər kəsin sevgisi ruhunun
tutumu qədərdir. Sevməyi bacarmaq insan mənəviyyatının
ən böyük ilahi keyfiyyətidir.
Şairin
xarakterinin humanizmi onun sevgi şeirlərinə də hopur və
bu humanistliyin hardan gəlməsini şair özü belə
açıqlayır:
-
Düşünürəm, görəsən, niyə bu tipli əsərləri
sevirəm - fədakarlıqdan bəhs edən, insanı
uçurumdan qoruyan, yaşadan, ona ümid verən
işıqlı əsərləri? Xarakterimmi belədir deyə,
bu tipli əsərləri bəyənirəm, yoxsa əksinə,
bu əsərlərin təsirindənmi xarakterim belə
formalaşıb?!
Rəşad
Məcidin şeirlərini oxuyanda müəllifin ağıl və
məntiqinin sevgi qarşısında etdiyi seçimə tərəfdar
olur, baxırsan ki, o, ağlını əldən verməsə
də, hiss və duyğularının əsiri olur. Bu o qədər
möhtəşəm bir şeydir ki, cəlbedici haləsi ilə
oxucunu bürüyür, ətrafda səni daban-dabana təqib
edən heç bir çətinlik və əziyyətləri
görmür, həyata, yaşamağa inamın itdiyi bir yerdə
yeni ümidli başlanğıcların əsasını
qoyur. Bu inam qurumuş otların altından baş qaldıran zərif
bənövşə kimi:
- Mən
varam, gəlmişəm. Yaşadığın hisslərin
xarabalıqlarını abad et, gözəlliyimi duy. Sənin qəlbinin
baharının - sevginin müjdəçisiyəm. Nə qədər
ki, sevməyi bacarırsan, yaşayırsan. Çiçəyindən
böcəyinəcən, insanından kəpənəyinəcən,
səmasından səhrasınacan - bütün kainatı sevməyi
bacar, sevgin ölüncə tükənməsin, - deyir.
Əsl
sevgi elə bir hissdir ki, heç vaxt
peşmançılıq bilməz, qaranlıqda yanan şam
kimi sənə yol göstərər. Bu əsərlərdən
çıxan fəlsəfi nəticə budur: əsl sevgin
varsa, bu dəqiqələri yaşamanın
üstünlüyünü dərk et, gələcəyi
düşünməyi Tanrıya həvalə et.
Sən elə
istə ki, burda qalmayım,
Çəksin
maqnit kimi ürəyin məni.
Götürüb
Sibirin bu şaxtasından
Qızdırsın,
isitsin istəyin məni.
Rəşad
Məcidin sevgi ətri süzülən, bu duyğularla
süslənən, qəlb çırpıntıları
duyulan şeirlərini oxuduqca "Kaş ki, heç kəsdə
sevgi tükənməsin" - deyirsən. "Günəş
də sevgi qədər güc, enerji verə bilməz" -
deyən şairin təxəyyülündə, əsərlərində
sevgi təkcə insana yox, bütün dünyaya, onun gözəlliklərinə
yönələn fövqəlbəşər bir duyğudur:
- Sevgi can
verməkdir həm də. Yaşamağın məğzi, mənasıdır!
Sevgi şeytan əməli deyil, Allahın işidir, onun
özüdür, bəlkə də! - deyən şairin
şeirlərindən boylanan müəllif ruhu:
- Sevgi
haqda yaranan bütün sualların ən mükəmməl
cavabı mənəm! - deyir.
Müəllifə
ömrü uzunu çəkəcək böyük, ilahi sevgi
arzusu ilə.
HƏCƏR
Ədəbiyyat qəzeti.-
2021.- 24 aprel.- S.23.