İtmiş şeir dəftərinin
"Gizli
vərəqi" haqqında ballada
Sazın
simlərindən asdırın məni,
Sonra çanağında
basdırın məni!
Bu misralar mənimdi. Məndə saza məhəbbəti
dostum, Xalq şairi Zəlimxan Yaqub yaradıb. Bizim tərəflərdə - doğulduğumuz Quba
bölgəsində aşıq sənəti zəif olub, mən
təkcə Xaltanlı Tağı haqqında
eşitmişdim.
1990-cı
ildə Yazıçılar İttifaqı Yeni Yasamalda
tikilmiş ilk binada bizə mənzil verdi,
Zəlimxanla qonşu idik. Uşaqların ad
günlərində Zəlimxan saz götürüb
dördüncü mərtəbədən enib gəlirdi bizə
- ikinci mərtəbəyə. Məclislərimiz
sazlı-sözlü olardı, Allah Zəlimxana rəhmət
eləsin. Mən bu kövrək olayı Qazax
mahalında yaşayan, bu eldən dünyaya boylanan istedadlı
və təvazökar şair dostum Barat Vüsalın
ikicildlik, sanballı (1080 səhifə) "Seçilmiş əsərləri"ni
oxuyanda bir daha xatırladım. Baratın "Seçilmiş
əsərləri"nin I cildi
"Gözümü saz açıb" rubrikası ilə
başlayır. Kitabı açanda adamı
sözdən əvvəl Saz qarşılayır. Şairin siması Sazın çanağından
boylanır və onun şeirləri oxucunu Sazın ecazkar,
sehrli aləminə çəkib aparır.
Şair
yalnız ona məxsus təvazökarlıqla şeir cildlərini
"Mənim şeir dəftərim" adlandırır:
Əgər
yazmağa qalsa,
Yazmalıyam
çöpdən də
Öpüb
boz qanqalı da
Bağrıma basacağam.
Bir
şair bəxş edəcək
Qoca
dünya bu kəndə
Tapammasan bir səhər.
Bir
axşam tapacağam,
Mənim
şeir dəftərim
Burda itib, burda, bax.
Mən də
həvəsə gəlib şair dostuma bir bənd şeirlə
cavab yazdım:
Axtarma
şeir dəftərin,
O dəftər
sən özünsən.
Söz
gözəlinin nazına,
Qardaş, necə dözürsən?!
Demək istəyirəm ki, Barat Vüsal "Söz
gözəlinin nazını" (Füzuli) çəkməyi
bacaran, Sözü urvatdan düşməyə qoymayan
şairdir.
Barat "Seçilmiş əsərləri"nin I cildinə "Müəllifdən"
adlı ön söz yazıb. Xatirələrə
bulaşmış öz şair taleyini əks etdirib: "Mən
ilk şeirimi dan gecəsinə, qoç şəklinə, bənövşə
qomuna, yaralı durna qanadına yazmışdım".
Bu
sözlərdə Baratın şair bioqrafiyası ifadə
olunub:
Etiraf edim ki, yaşıdlarım - 50-ci illərdə
dünyaya gəlmiş uşaqlar haqqında yazmaqdan zövq
alıram, yüngülləşirəm.
Onu da
etiraf edim ki, müasirlərim olan şairlər mənə
ikicildlik, üçcildlik və s. cildlik əsrələrini
bağışlayanda diksinirəm, narahat oluram. Tənqid tərəzisinin
mərəzi başlanır: istər-istəməz tərəzinin
bir gözünə Xaqani, Nizami, Nəsimi, Füzuli...
lap elə şeirləri əl boyda bir kitaba
sığışan Müşfiq, Əli Kərim girir, o biri
gözünə də "çoxcildliklər",
qalıram çıxılmaz vəziyyətdə. Ancaq bu dəfə belə olmadı. Baratın şeir əcdadlarına layiq olduğunu
gördüm. Barat ölməz lirika ustaları Hüseyn
Arifin ismarladığı şairidi: onlar ustad və şagird
kimi "Dilqəmi"nin ecazkar aləmində
tapışıb, görüşürlər.
Yandı
taleyəmi, yandı yaşamı
Rəngi qor saxlayan kül kimi idi.
Seyr etdi,
dinmədi, payız axşamı
Təbiət özü də "Dilqəmi" idi?
Yoxmu bu
havada sevinc, nur, işıq
Dərdmi, yoxsa dərdin davasıdır o?
Çalma
"Dilqəmi"nin yetənə,
aşıq,
Hüseyn Arifin havasıdır o.
Bu şeiri dinləyib Hüseyn Arif ona "Nə
dürüst qələmdir, tutduğun qələm" deyərək
bir cavab şeiri yazır.
Barat Vüsalın şeirlərində Azərbaycan
aşıq şeirinin demək olar ki, görkəmli nümayəndələrinin
əksəriyyəti yad edilir. Şair elə bil ki,
sazlı-sözlü şeirlərini onlara müraciətlə,
onlardan icazə alaraq yazır.
Barat Vüsal tarixdən bu günə gəlir, 70 illik mənalı
ömrünün 50 ilini heç qızırqalanmadan poeziyaya
verir.
Ululardan, ənənələrdən
ona iki qiymətli misra qalıb: vətən - türkün ulu
yurdu və Qopuzun yadigarı olan Saz! O, vətəni elə-belə
sevmir, onun ruhu ilə yaşayır, ondan güc alır, ən
yaxşı sözlərini ona ərməğan edir, "Təbriz
aşıqları, oxuyun belə" şeirində olduğu
kimi.
Abbasa
quyudan saz çıxarmısız,
Allahın köməyi, diləyi ilə.
Təbrizin
əliylə vurun mizrabı
Oxuyun Təbrizin
ürəyi ilə,
Təbriz aşıqları, oxuyun belə.
Xalqın
əzabına dözün, qatlaşın
Millətin
haqqını alın beləcə,
Qoymaram
bir sazın teli qırılsın
Gəlin ürəyimdən sim verim sizə.
Azərbaycanda şair olmaq istəyən gərək
Sazdan, Sözdən yapışsın. Tariximizi belə
yaratmışıq: bir əlimizdə qılınc olub, birində
qələm. Ustad aşıqlar bizdə ehtiramla
"Dədə" adlanıb. Dədə Qorqud, Dədə
Ələsgər. Bizim tarix mənəvi cəhətdən
çox zəngin və güclüdür, o, həm də
Qopuzla, Sazla yaradılıb. Türkün
gücü onun mənəviyyatındadır. Türk mənəviyyatının təməlində
vətən əxlaqı, ailə kultu və Qopuz dayanır.
Barat Vüsalın poeziyası da belə bir nəhrdən su
içib, bu gözəl şair Türk mənəviyyatına
köklənib.
Barat Sazı müqəddəs sayır, ona, sadəcə,
çalğı aləti kimi baxmır. Bu da çox
təbiidir, o, kökə, etnik yaddaşa bağlı
şairdir, şeirləri ağrı yaddaşı
üstündə yazılıb. Şair
"Mənim dərdim" şeirində "Üç
yaşımdan dərdə qala qurmuşam" deyir, "dərd
şairliyin sərmayəsidir" (Füzuli). Şairin şeirlərindən biri
"Gözümü saz açıb" adlanır. Bu deyimi Baratın bütün
yaradıcılığına epiqraf kimi vermək olar. Şairin estetik idealı məhz bu deyimdə təbəssüm
tapıb.
Barat ərş
üzünə qalxıb görürəm,
Şeytanı
yandırıb-yaxıb görürəm,
Hər
iki dünyanı baxıb görürəm,
Sazdı
gözümdəki gur işıq, aşıq,
Mənim də gözümü saz açıb,
aşıq.
Bu misralar
göstərir ki, Barat da "Məndə sığar iki
cahan, Mən bu cahana sığmazam, Ərş ilə fərqi-kafü-nun
- Məndə bulundu cümlə çun" - deyən ulu
babası Nəsimi kimi təkcə yerlərin yox, həm də
göylərin - səma şairi, yalnız müdrik yox, həm
də mistik söz aşiqidir.
Barat Vüsal şairdi, bəziləri kimi, sadəcə,
söz qoşan, qafiyə düzənləyən, nəzm
yazan deyil. Onun şeirlərinin təkcə forması yox, məzmunu
da poetikdir. Çünki onun həyata
münasibətinin forması bədii-fəlsəfi tərzdədir.
Özü demişkən, o, çöpdən
də, boz qanqaldan da, Allahdan, Peyğəmbərdən, lap adi
insandan da yazanda poetik obraz yaradır, daha doğrusu, adidə
qeyri-adini kəşf edə bilir. Lap təzə
başlayanda -
Neynirsən
bir zaman külmədiyini,
Şairdən söz düşsə Sabir baş olur.
Qanundan
öyrənə bilmədiyini
Sabirdən öyrənən vətəndaş olur.
- misralarını eşidənlər "Sən
Sabiri qanunlara (Sovet qanunlarına) qarşı qoyursan. Bu nədir,
bunun üstündə səni incidərlər", - deyə
hədələyiblər. "Tələbə qiyməti"
şeirindən:
İmtahan
verəndə coğrafiyadan
Xəritə çubuğu Arazı edin.
Sizə
qiymət yazsın hər imtahandan
Qoy Babək
kəsilmiş qolları ilə!
- misralarını oxuyan "qələm
dostu" ona qəzəblənib deyir: "Nə"
danışırsan? Sən nə cür tarix müəllimisən
ki, hələ bilmirsən Babək müəllimdir, yoxsa qəhrəman?".
Poeziya kütlə üçün deyil, kütləylə
şeir dilində danışmaq olmaz. Həqiqi şeir, əsl sənət
onu başa düşən, fəhm edənlər - xiridarlar
üçündür:
Qışda
itirdiyim şeir dəftərim
Yazda bənövşədən, lalədən
çıxdı.
"Mənə elə gəlir ki, mən şeir
yazmaqdan çox, haçansa itirdiyim şeir dəftərimi
axtarıram".
Bir il bundan əvvəl Barat mənə zəng
vurub dedi: "Bu gecə sənə bir şeir yazmışam,
icazə ver oxuyum, bilmək olmaz çap olunacaq, ya yox. Belə
bir şeir oxudu:
Səsin
gəlir, səsi gəlir Türkün səsi,
Belə
olur insanlığın gördüm səsi!
Belə
olur əyilməzin, yenilməzin,
Əldə
qələm, alnımdasa alın təri...
Nizaməddin
Şəmsizadə Həzrətləri!
Ürəyini
haqq yolunda nəzir verdin,
Çox dərdləri dərdə saldı əsl dərdin.
Ayağını
ayaqsıza kəsib verdin,
Vüsalına
qovuşdurdun həsrətləri,
Nizaməddin
Şəmsizadə Həzrətləri!
7 bənddən ibarət "Nizaməddin Şəmsizadə
Həzrətləri" Baratın yaxşı şeirlərindən
biridir və bu axıcı şeir məni məmnun etdi.
Bütün zamanların şairləri "Ömür
nədir?" sualına cavab axtarıb, şeirlər
yazıblar.
Barat Vüsal bu əbədi suala belə cavab verir:
Göz
könüldə, könül gözdə,
Elə ömür bu deməkdir.
Səninlə
keçən ömrümün
Nə gözəl dadı var, könül.
Tanrıya
uzanan yolun
Tək
bircə adı var: könül!
Barat Vüsalın "Seçilmiş əsərləri"
(Bakı, "Qanun" nəşriyyatı, 2015) ikinci
sanballı cildində şairin şeirləri, poemaları və
esseləri yer alır.
Deyə
bilərəm ki, onun "Aldədə", "Ana gözləri",
"Prometeyin son günü" poemaları müasir poema
janrının uğurlu nümunələri, istiqlal
dövrü ədəbiyyatımızın dəyərli
faktlarıdır. "Bir şeir de, ölməyəcəyəm"
bölməsində gedən yazılar Barat Vüsalın
şairlik təcrübəsindən, tarix müəllimi və
tənqidçi-ədəbiyyatşünas düşüncələrindən
irəli gələn yazılardan ibarətdir.
Əlbəttə, Barat Vüsalın minlərlə zəngin
və qiymətli şeirinin hamısını təhlil etmək
fikrində deyilik, bu bir yazının hüdudlarına
sığmayaraq möhtəşəm bir işdir. Bunun
üçün sanballı bir monoqrafik əsər
yazılmalıdır və yazılacaq. Biz istedadlı,
zəhmətkeş, fədakar şair dostumuzun ədəbi-tarixi
mövqeyinin konturlarını nəqş edən sadə və
səmimi bir yazı ilə onun təmənnasız şair
mövqeyini nişan vermək istədik.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.22.