Pərvinin
"Leyla"sı…
Artıq bir neçə ildir ki, biz ədəbi
mühitdə yazıçı – esseist kimi sevilərək
oxunan Pərvinin öz yaradıcılıq yolunu – taleyini
teatrla, səhnə ilə yaxından
bağladığını müşahidə edirik.
Əslində,
Onun imzasını teatrla bağlı yazılarda on il öncə də görürdük. Pərvin
mütəmadi olaraq müxtəlif teatr tamaşaları ilə
bağlı resenziyalar, Bakıda və xarici ölkələrdə
keçirilən Beynəlxalq Teatr festivalları, konfranslar barədə
məqalələr yazır və eləcə də sənət
aləmində xüsusi – dəsti olan teatr xadimləri ilə
ustad dərsləri səviyyəsində söhbətlər
edir, müsahibələr aparırdı.
Təbii
ki, bu müəllifin içindəki səhnəyə,
görümlü mətnə, sinkretik sənətə olan
daxili bir tələbat idi və həmin mənəvi ehtiyac
“Qoğalın nağılı”, “Dəcəl keçi”,
“Mauqlinin yeni ili”, “Nənələr ərə gedir”, “Sonuncu”
kimi pyeslərin yaranması ilə gerçəkləşdi.
Və sevindirici haldır ki, gənc dramaturqun bu əsərləri
təkcə paytaxtımızda deyil, eyni zamanda müxtəlif
rayon və şəhər teatrlarında da uğurla səhnələşdirilir.
2019-cu ilin payızında Pərvin
birgə çalışdığı həmkarları - gənc
və yaradıcı rejissor Ayla Bəhramqızı, məlahəti
və istedadı ilə sevilən aktrisa Səbinə Məmmədova
ilə ölkəmizin hüdudlarından çox-çox
uzaqlarda – Türk dünyasının mədəniyyət
paytaxtı, Qırğızıstanın Oş şəhərində
keçirilən “Art – Ordo” VII Beynəlxalq Teatr Festivalında
ölkəmizə “Mən öləndə ağlama” lirik monotamaşası ilə birincilik
qazandırdı. Həmçinin pyes 2020-ci ilin
fevralında Türkiyədə Diyarbakır Mordem Sənət
Mərkəzinin təşkilatçılığı ilə
keçirilən Solo Beynəlxalq Teatr festivalında
böyük pərəstiş və alqışla
qarşılandı. Əslində, bu əsər
hər üç yaradıcı gəncin – üç zərif
istedadın sənət aləmində özünütəsdiqi
üçün böyük istinad nöqtəsi oldu.
Müsahibələrinin birində Pərvin
deyir ki: ““Mən öləndə ağlama” Mənim,
Aylanın və Səbinənin fikrində, düşüncəsində
növbəti mərhələ, pillə, mərtəbə
oldu. Ona görə hesab edirəm ki, bu iş bizim
üçün həyati əhəmiyyət
daşıyır. Mən hər zaman pozitiv olan və illər
öncə “Dəcəl keçi” uşaq pyesimə çox
oynaq, şıltaq bir quruluş verən Aylanın daxili aləmini
anladım, gördüm, kəşf etdim özüm
üçün. Həmçinin Leyli, Gövhərtac, elə
Dəcəl keçi obrazları ilə sevdiyim Səbinə Məmmədova
mənim aktrisamdan mənim ADAMıma çevrildi”.
“Mən öləndə
ağlama„ dramaturgiyamızda yeni bir hadisədir. Əsərdə dərin psixologizm, orijinal kompozisiya,
subyektiv düşüncə, obrazlılıq, bənzərsiz
və zərif yazı manerası və eləcə də
intersemiotika – görünənlərin gizli mənası
aparıcı səciyyə daşıyır,
ifaçının bədən dili müəllifin ideyası
ilə birbaşa assosiasiya yarada bilir. Pyes boyu situasiyaları həssaslıqla
çatdıra bilən musiqilərin seçilməsi, orijinallığı,
qəhrəmanın həmin melodiyaların sədası
altında rəqs eləməsi sanki zərgər incəliyi
ilə işlənmiş detallardır... Müəllif
mürəkkəb, bəzən mücərrəd
görünən fikirləri, hissləri o qədər təbii,
doğma bir axarda təqdim edir ki, sanki hissin mənzərəsini
yaradır. Hələ tamaşaya baxmazdan
öncə sadəcə pyesi oxuduqca rastlaşdığın
hadisələr gözünün önündə canlanır,
film aurası yaradır.
Əsərin əsas
psixoloji konfliktini Leylanın qurduğu xəyalları,
arzuları ilə üzləşdiyi reallıq
arasındakı barışmaz mübarizə təşkil
edir. Əvvəldən sona kimi bu
mübarizə hadisələrin hərəkətverici qüvvəsinə
çevrilir. Sərt, illüziyaları məhv
edən həyat Leylanın arzu və ideallarını
dağıdır. İstedadlı dramaturq
bu məqamda əsərin əsas estetik ağırlıq mərkəzini
obrazın mənəvi-əxlaqi sahəsinə, daxili mahiyyətinin
açılmasına yönəldir. Yaşadığı
psixoloji gərginliklər Leylanı tənhalaşdırır,
Amma Pərvin oxucunu – tamaşaçını bədbinləşməyə
qoymur. Yenə də SEVGİ öz xilaskar
missiyasını həyata keçirir. Sevdiyi
kişinin mənəvi dəstəyi ilə Leylanın alt-üst
olmuş xəyalları başqa bir formada reallaşır.
“190
yaşlı həmdəmim” essesində Pərvinin maraqlı
bir fikrini oxuyuruq: “Bütün sənətin, ədəbiyyatın
niyyəti İlahi həqiqəti anlamaq və bir az da “məngənəyə”
salmaq, özününküləşdirməkdir. Bu mənada yaradıcı adamların Allahlıq
iddiası da başa düşüləndir”.
Qəribə səslənsə də, Allahın
bütün yaratdıqlarından hər yönüylə fərqləndirdiyi,
Seçdiyi bəndəsi olduğu kimi, qələm
adamının da sevə-sevə, oxşayıb əzizləyə
- əzizləyə yaratdığı obrazı, qəhrəmanı
olur. Bu mənada,
Leyla Pərvinin yaradıcılığının
Seçilmişidi...
Bu qəmlər
ki, mənim vardır, bəyirin başına qoysan,
Keçər
kafər cəhənnəmdən, gülər əhli - əzab
oynar...
-deyir Füzuli. “Bəyir” – dəvəyə deyirlər.
“İncil”də də, “Tövrat”da da belə bir məqam var:
“Dəvə iynənin gözündən keçərsə əgər,
günah əhli, kafirlər yalnız o zaman
bağışlanar.” Əvvəllər
Füzulini oxuyanda bu böyüklükdə beytin mahiyyətini
anlamamışdım. Sonra təsadüfən İncildə
o fikirlə qarşılaşanda: “Füzulinin Qəm
yükü nə qədər böyükmüş,
İlahi”, deyə pıçıldadım öz –
özümə. O qədər böyük ki, onu bəyirin –
dəvənin belinə qoyanda bəyiri iynənin gözündən
keçirəcək, kafiri cəhənnəmdən
çıxaracaq...
Allah həmişə dağına
baxır, qar verir, ağacına baxır, bar verir... Heç görmüsünüzmü qanmazın,
hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə?
Görə bilməzsiniz... Çünki Dərd o qədər
müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə – dərd qədri bilənə verir.
Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə,
bəndəsinin o Dərdi övladıtək əzizlədiyinə
– canının parçası kimi sahib
çıxdığına Allah özü də məəttəl
qalır...
... Pərvinin yaratdığı
Leyla da məhz belə bir sənət möcüzəsidi...
Acıların bətnindən doğulan qadındı Leyla...
Hamı kimi olmağa –
dağda dağı, daşda daşı görməyə
nə var ki?! Hamının görmədiyini görməkdi
Leyla olmaq....
Bu ömrü
yaşamaq həm də əzabdır və Leyla bu taledən
qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də
O taleyə doğru gedir, beləcə Leyla ömrü
başlayır. Bu ömür ona
dünyanı hamının gördüyü kimi görməyə
imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla
yaşamaq – “dəli olmaq” deməkdir.
“Bax bu nədi axı,
adamı da bu günə qoyub müalicə eləyərlər?!
Mən bəyəm dəli zadam?! Həkim
deyir – psixi pozğunluqdu... Pozğunluq a... Nolar, qoy mənim də
psixikam pozğun olsun da... Düz demirəm sən
Allah, adamı bağlayıb düz yola qaytararlar, mən
pozğunam bəyəm?!”– deyir...
Nə qədər
barışmasa da, bu, Leylanın taleyidir, ömrüdür.
Bu ömrün rahatlığı, dincliyi yoxdur, bu
ömrün cəfası səfasından çoxdur, hər
anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə
vuruşdu, döyüşdü!
... “Adamı da bağlayıb müalicə edərlər?!
Azadlıq olmayan yerdə nə müalicə?!”
– deyə fəryad qoparır sanki Leyla...
Valideynlər
arasında yaranan uçuruma həmişə uşaqlar
yıxılırlar. Ataların bitmək bilməyən
ehtirasları, anaların eqosu, “camaat nə deyər?” kimi
natamamlıq komplekslərinin əzablarını Leylalar
çəkir həmişə...
Pərvin əsərdə bu məqamı
elə həssaslıqla yazıb, Leylanın daxili əzablarını,
körpə ruhunda tüğyan edən təlatümləri
elə canlandırıb ki, bu səhnəni göz yaşlarına
boğulmadan izləmək olmur...
“Eeeehhhh burax cəhənnəm olub getsin də, ay arvad,
gedəni saxlamazlar, nə görmüşdün ey bu kişidə?! Neynirdim e elə
atanı?! Ay başına dönüm,
aşıb-daşırdım, amma adam
sayan yox idi ey məni...
(uşaqlıq
arzuların sadalayır, həm də balaca uşaq kimi) “Ana, rəqsə
qoy da məni, rəqqasə olum”, “Ata, şeir yazmışam
ey, oxuyum da sənə”, “Ana, nolar qoy gedim də məktəbdəki
dərnəyə”, “Ata, icazə verərsən uşaqlarla
xora yazılım”
(valideynlərinin
dilindən danışır) Yox, olmaz, qaxıl otur yerində,
bircə bu çatışmırdı, qələtini elə...
(əli-qolu yanına düşür”
Pərvin
bir essesində yazır ki: “Mübarizə insanı formada
saxlayır! Hər yeni maneəni aşdıqca güclənirsən,
bir az da enirsən öz içinə, yeni imkanlarını kəşf
edirsən, nələrə qadir olduğunu anlayırsan...”
Yaşadıqları, həyatın
ona vurduğu sərt zərbələr də zərif
Leylanın içindəki güclü qadını ortaya
çıxarır, əzildikcə mətinləşir, həyatın
hər üzünü, əzabını gördükcə
“ölümüylə barışmayıb öz
külündən doğulan bir Səməndər
quşuna.....” çevrilir: “Bax onda başa düşdüm
ki, təhsili buraxmaq olmaz, hüququ yaxşı öyrənib
vəkil olmalıyam, məhz onda qandım bunu, özü də
zorlanmış qadınları müdafiə eləməliyəm...”
Cəmiyyəti
bataqlığa çevirən yaramazlıqları, mənəvi
iflası bütövlükdə qanun açıb göstərə,
tənqid edə bilmir. Qanun
sürüşkən xislətli insanın mənəvi
pozğunluğunu yox, cinayəti cəzalandırır.
Qanunların, cəzanın dairəsindən kənarda qalan eybəcərliyi
Pərvin Leylanın diliylə tənqid edir, Kefli İsgəndər
kimi Leyla da
"diri ikən ölü" mühitə meydan oxuyur.
“Bir gün Süleyman
peyğəmbər yol gedərkən belində torpaq
daşıyan bir qarışqaya rast gəlir.
Torpağı hara daşıdığını soruşur
qarışqadan… Qarışqa cavab verir: mən birinin
eşqinə tutulmuşam. O mənə deyir ki, əgər
sevgində doğrusansa, onda bu təpənin
torpağını qarşıdakı təpəyə
daşı. Süleyman peyğəmbər gülür:
Axı, sənin ömrün yetməz bir təpənin
torpağını o birinə daşıyasan. Təpəni
yerindən eləməyə bir qarışqa ömrü bəs
eləməz. Qarışqa cavab verir: Bilirəm,
ömrüm yetməz. Amma onu da bilirəm ki,
ömrüm bir eşqin cəfasını çəkməkdə
keçəcək.”
Nə qutsal bir eşq… Bütün
ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq
deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir
ömrün buna yetməyəcəyini bilə - bilə
ağır olduğu qədər də müqəddəs
yükü daşımaq… İzaholunmaz
bağlılıqdı...
Leylanın Mikayıla vurulduğu, sevdiyi, aşiq
olduğu kimi:
Yaş fərqindən danışma
mənə... Sənin 51 yaşın var, mənim
30 ... Cəmi-cümlətanı 21 yaş fərq nədi ki?!
Taleyini mənimlə bağlamaq istərdin?!
(qəhqəhə
çəkir birdən) Hahahahaha, mənim poetik şəkildə,
səliqəylə dediyimi əla çevirirsən e... Məni
alardın demədim axı, dedim taleyini bağlamaq istərdin?!
Sən heç bilirsən necə əla
bacarırsan sevməyi?! Sən heç
bilirsən nə gözəl öpüşürsən?
Öpüşünün dadını
düşünürəm, tapa bilmirəm nədi. Bir az şabalıd qoxusu gəlir dodaqlarından,
bir az qaymaq, bir az bal... Təbiətdə bu dad
var, amma tapa bilmirəm nədi?! Məni necə
dəyişmisən?! Necə elədin
axı bunu?! Niyə gəldim ki yanına?!
Axı hamıdan zəhləm gedirdi?! Elə
baxdın ki, özümü qadın hiss etdim... Mika
canımdı... Ay Mika, Mikayıl, adının qurbanı olum!
Məni həmişə sev, nolar... Bu günki
kimi, dünənki kimi sev!”
Nakam eşqi, ayrılığı,
lap elə bədbəxtliyin özünü də
ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib
oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə
çəkməyi bacarmaq da bir cür
böyüklükdü – Leylaya xas olan qeyri-adilikdi....
Leylam, sənin
qocalığını görməyəcəm...
Bəsdi,
demə, heç nə danışma... Mən sənə minnətdaram...
Axı biz Şubertə qulaq asmalı idik... Belə
eləmə, qurban olum. Təslim olma, sən
güclüsən... Söz vermişdin mənə...
(kişinin adından) Mən öləndə
ağlama...
Yaxşı, ağlamıram... Bax
gülürəm... Gülürəm...
(arxası səhnəyə
əlini yuxarı-aşağı edib kardioqrammanı, ürəyin
ritmini göstərir, sonra birdən düz xətt “çəkir”
əllə... Başını aşağı salır,
qolları yanına düşür... Sonra yastığı
qucaqlayıb ağlayır... Hönkürür.
Sonra üz-gözünü silir... ) –
Yaxşı, ağlamıram, gülürəm, gülürəm...
Bu dünyada bütün
ağrılara məlhəm tapmaq olur, lap Allah kəsmiş,
diş ağrısına da… Amma Leylanın “həyatı
ağrıyır…” Adamın “həyatı
ağrıyanda” heç bir məlhəmlə ovutmaq olmur
sızıltısını...
“İsinmədim
istisinə, kor oldum tüstüsünə deyirlər belə
sevginin...” Leyla da içində istisinə isinmədiyi,
tüstüsünə kor olduğu, ruhunu darmadağın edən
nakam sevgisindən, o sevgini doya – doya yaşamağa macal tapmadan
araya qəfil hicran salan vaxtsız ölümdən...
danışır. Ki, bəlkə ürəyi
boşala... Ki, bir az səbbi alına, unuda
yaşadıqlarını... Amma Leyla danışdıqca
bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir,
xatirəyə - Sözə çevirir. Nakam sevgisi və
... və... Ölüm...
Təkcə Leylanın
yaşadıqlarında yox, geniş mənada düşünəndə
Pərvinin yaradıcılığında,
bütövlükdə ədəbiyyatda, musiqidə, sənətdə
bəlkə də “Sevgi və Ölüm” mövzusu
olmasaydı, heç ümumiyyətlə, sənət əsəri
yaranmazdı. Yaransaydı da, “Ölümün
yaratdığı” səviyyədə olmazdı.
Platon “Hər bir
yaradıcılıq öz gücünü ölümdən
alır” – deyirdi, Ölümlə təmasdan yaranır,
Ölümün “canından” qopur. Əsl
sənət nümunəsi əslində, o ucsuz – bucaqsız
qaranlığa – Ölüm adlı əbədiyyətə
açılan pəncərədi.
“Ölüm – Haqqdır” –
Ölüm Tanrının ən çox yazdığı və
heç vaxt yazmadığı həqiqətdir...
İnsan həyatı
bir çevrədir. Mahiyyət etibarilə,
dünya özü bir çevrədir. Çevrə
sonsuzluqdur. Pərvinin yazdığı bu əsər
də, canlandırdığı hadisələrin
cızdığı trayektoriya da sanki bir çevrədir,
düz xətt üzrə deyil. Ona görə
də əsər boyu yaşananları xətkeşlə
ölçmək mümkün olmur. Leylanın
yaşadıqlarını hiss edirsən, duyursan, içində
yaşayırsan, yanırsan, göz yaşların dinmək
bilmir, amma izah etmək məqamı gələndə kəlmələr
çox aciz gəlir adama. Çünki əsərin
başlanğıc nöqtəsi ilə, son nöqtəsi
iç – içə, üst – üstədir. Məhz
bu keyfiyyəti Pərvinin qələminə xas incə bir məqam
və istedadlı müəllifin yazı üslubundakı bənzərsizlikdir.
Xatırladaq ki, ötən ilin
payızında müəllifin Bakıda “Qanun” nəşriyyatında
işıq üzü görən “Serpantin” kitabında yer
alan hekayələr və “Mən öləndə ağlama”
monopyesi bu günlərdə İstanbulda Türk Ədəbiyyatı
Vəqfinin dəstəyi ilə Turay yayın evində Azərbaycan
ədəbiyyatının yorulmaz və fədakar təbliğatçısı,
dəyərli söz adamı İmdat Avşarın
çevirisiylə oxucuların görüşünə gəlib.
Gənc yazıçıya yeni yaradıcılıq uğurları, əsərinə isə pandemiyasız səhnə taleyi arzulayıram. Gələn baharda “Mən öləndə ağlama”ya həyat verən üç zərif istedadı – Pərvini, Aylanı, Səbinəni Füzuli, Şuşa, Ağdam... Dövlət Dram Teatrında xarıbülbül yağışına qərq etməyimiz diləyiylə...
Xəyalə
ZƏRRABQIZI
Ədəbiyyat qəzeti.- 2021.- 24
aprel.- S.25.