Sağ canımı sevmək gecdi,

Ölüm, ölüm qalsın sənə.

 

Cəmil Cəmilbəyli 1999-cu il mayın 20-də Bakıda anadan olub. Əslən Kəlbəcərdəndir. 2017-ci ildə Kəlbəcər rayon 117 saylı tam orta məktəbini bitirib, həmin il Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Hal-hazırda IV kurs tələbəsidir. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

 

Salam, oktyabr

 

Salam, oktyabr,

Demək istəyirəm ki,

Unutmaqçün növbəti ayımsan,

Növbəti yağışısan gözlərimin,

Əllərimin növbəti tərk edilişisən.

 

Salam, oktyabr,

Ürəyimdəki payız qədər soyuq deyilsən,

Sinəmdəki od qədər istiliyin yoxdur.

 

Salam, oktyabr,

29 günün qalıb, sən gedəcəksən,

Necə ki, ölməmişəm,

Sağ ol de, oktyabr,

Sonra gecikəcəksən.

 

Qapıma düşməyən açar

 

Qapıma düşməyən açar,

Cibə qədər yorulmusan.

Bu qapıya düşə-düşə,

Dibə qədər yorulmusan.

 

Qapıma düşməyən açar,

Çarə tapmadım pasına.

Sənin günahın yoxdur,

qədər düşəsən axı,

Eyni evin qapısına?!

 

Qapıma düşməyən açar,

Hardan alım özgə qapı?!

Bu xaraba - ev deyilmi,

Bu da həmin köhnə qapı?!

 

Bəlkə yolu azan mənəm,

Başqa evdir bu ev belə?!

Kandarını soyuq kəsib,

yad baxır bu ev mənə?!

 

Deyəsən, başqa evdir bu,

Bir hiss məni dəli edib.

Burdan başqa adam çıxıb,

Kilidi dəyişib, gedib.

 

Səs

 

Anam gecənin bir aləmində

Daha gecdir, yatdeyər,

Qoymaz son misranı yazmağa.

Atam axırıncı siqaretin qoxusunu

Üstündə evə gətirər,

İmkan verməz səni unutmağa.

Həmişə kimsə olar,

Həmişə kimsə nələrisə yarımçıq qoyar,

Kimsə şeiri, kimsə səni.

Bu səsdir?!

Kimsə ölməyə çağırır,

Deyəsən, yaşamağa çağırır kimsə məni...

 

Get

 

Gəl söhbət eyləyək sənlə,

Gedənlərdən, qalanlardan.

Özü cırtdan boyda olub,

Həsrəti dağ olanlardan.

 

Yada salaq, ötən günlər

Sənə nəşə, mənə kədər.

Gülə döndü gözümüzdə,

Səndə gülüş, məndə qəhər.

 

Hələ sən mənim eşqimi

Lağa qoyub gülərsən .

Gəlmişdin deyə gedirsən,

Gedirsənsə, gələrsən .

 

Bəlkə vacib bir işin var?!

Mən dərdindən çox ölmüşəm,

Hələ yenə öləsiyəm,

Get, mənim çox işim var.

 

Yeni il

 

Bu, ilin son şeiri,

Bu da sənə yazılır.

Qələm, vərəq - hamısı

Gələn ilə hazırdır.

 

Sağ əlimdə tutmuşam

Şərab yerinə kola.

Bu ili xəyalınla

Birtəhər verdik yola.

 

Sağlıq da deyəsiyəm,

Sən tələsmə, rahat ol.

Təbrik göndərmişdim,

Cavab yazdın, çox sağ ol.

 

Bu il alınmadı,

Yad olasan yadıma.

Başımı saxlayıram

Gələn unutmaqlara.

 

Gəlmisən

 

Dedilər ki, təkcə qoyub dərd səni,

Dərd bitəndə, qəm bitəndə gəlmisən.

Həsrətinin ocağının son közün,

Yağış vurub, sel tutanda gəlmisən.

 

Bu qədərəm, özgə ola bilmədim,

Dərdlərimi dərdə sala bilmədim.

Sən gəlmədin, mən qala bilmədim.

Eşitdim ki, mən gedəndə gəlmisən.

 

Dərd Cəmilin, onda kədər, səndə kin,

Ötəri bir acıq idi səndəki.

Nağıl bitib, alma düşüb, sən ki,

Gecikmisən, pay bitəndə gəlmisən.

 

Ana

 

Çatası ünvanı, yeri varıydı,

Dağıldı arzular, dağıldı, ana.

Hər gecə ürəyi yuxuya verən

Nağıldı arzular, nağıldı, ana.

 

Ahını göylərə möhnətim çəkir,

Bu şikəst taleyim, qismətim çəkir.

Özgə arzuların həsrətin çəkir,

Əzəl binasından paxıldı, ana.

 

Dilbilməz könlümün suçu da olsa,

Açılmaz, kələfin ucu da olsa,

Həsrəti könlümdə acı da olsa,

Xəyalı gözümdə noğuldu, ana.

 

Bilmədim, çoxuydu, azıydı dərdi,

Bəlkə çiçəkli yazıydı dərdi.

Yelkənimi sındı, daşamı dəydi,

Hansı ümmanlarda boğuldu, ana?!

 

Yolu, barsız qalmış min bağa düşdü,

Canı boran gördü, sazağa düşdü.

Yar kimi gözümdən uzağa düşdü,

Dərd kimi sinəmə yığıldı, ana.

 

Ya da elə

 

Ən yaxşısı yaşamamaqdır, vallah,

eşidəsən, görəsən, sevəsən.

qəmini çəkələr, qəm çəkəsən,

günah eyləyib Allahı incidəsən.

 

Allah ixtiyarı sənə verə,

Yaxşısı, elə ürəyi çıxarasan yerindən,

sevgi inciyə səndən, göz, qulaq,

Allah,

Vallah...

 

Qalsın sənə

 

Ayım, ilim qalsın sənə,

Şeirim, dilim qalsın sənə.

Məhəbbətin günəşiyəm,

Yanım, külüm qalsın sənə.

 

Bu qədər ayrılıq yetər,

Kim qəm çəkib bizdən betər?!

Bütün yollar səndən ötər,

Gedim, yolum qalsın sənə.

 

Ürəyimdə bir div yatır,

Özü boyda ocaq çatır.

Tikanını mənə batır,

Gülüm, gülüm qalsın sənə.

 

Ayrılıq da bizi seçdi,

Üstündən xeyli il keçdi.

Sağ canımı sevmək gecdi,

Ölüm, ölüm qalsın sənə.

 

Görüş

 

Görüşüb söhbətləşdik,

O ondan danışdı,

Mən səndən.

Çox sevdiyini dedi,

Necə qucaqladığını başa saldı,

Əlini necə tutduğunu.

Necə unutduğumu söylədim,

Daha doğrusu, unutmadığımı.

Görüşdükləri bütün yerləri göstərdi mənə,

Sənə yazdığım şeiri göstərdim ona,

Hansı ki göstərməmişdim sənə.

Ən sevdiyim şokoladdan danışdım ona,

Şokoladı onun dodaqları imiş,

Belə dedi onda.

Sevdiyi yeməklərin adını çəkdi,

Göz yaşı tökdü.

Mən kövrəldim,

Sənin çox gözəl olduğunu söylədim.

O mənə onun yaraşığından,

Duruşundan, baxışından danışdı.

Gözlərin düşdü yadıma,

Yenə könlüm yandı, alışdı.

Birgə izlədikləri filmlərin adlarını

Not dəftərimə yazdım,

Vərəqlərin arasından şəklin sürüşüb düşdü,

Baxsın deyə, ona uzatdım.

Gözəl imiş, dedi,

Bütün rəfiqələrindən gözəl imiş.

Sonra çayımızı içib qurtardıq,

İki sevgi nağılını bizə verilən

Bir saata sığdırdıq.

Qulaq asdıq bir-birimizə,

İkimiz kövrəldik.

Bir-birimizə sual verdik,

Biz bura niyə gəlmişdik?!

 

Əlində şəklimi

aparan qadın

 

Əlində şəklimi aparan qadın,

Yavaş sıx sinənə, sinənə yazıq.

Gözündə xəyalım, dilində adım,

Bu günə min lənət, dünənə yazıq.

 

Səsin çıxartmağa utanan qadın,

Ölməsəm, həyana qurban olardım.

Canının ağrısı, əzabı oldum,

Bir dəfə dərdinə dərman olmadım.

 

Əliylə saçını qoparan qadın,

Sən yolan saçları mən ağartmışam.

Atanın evində azıydı dərdin,

Sənin dərdlərini mən çoxaltmışam.

 

Mənim hər acıma qatlanan qadın,

Açılmaz kələfin ucuna döndüm.

Ömürlük sonuncu acın olmadım,

Sonuncu ömürlük acına döndüm.

 

Göz yaşı torpağı suvaran qadın,

Ölümə ağlama, ölümə lənət.

Xoşbəxt edəcəyəm demişdim səni,

Dilim yoxdu, deyəm, dilimə lənət.

 

Cəmil CƏMİLBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.28.