Müharibə gündəliyi
Şəhidliyin pasportu: şahid
gilizlər
Əvvəlcə
Sumqayıtda toplandıq. Burada şəxsi heyət siyahı üzrə doldurulur, taborlara, bölüklərə, tağımlara
bölünürdü. Silahlar və əşya-əmlak
verildikdən sonra hər an döyüş
bölgəsinə göndərilə
biləcəyimiz bildirildi.
Əlbəttə ki, dediyim məsələlər cəmi
bir-iki gün zaman apardı. Komandir heyəti bu qısa zaman, saatlar içində həm silahları nömrələr üzrə
əsgərlərə paylayır,
həm də tabeçiliyində olan əsgər heyətini tanımağa çalışır.
Bu qədər şəxsi heyətin yığıldığı kiçik
kazarmalarda yatmağa, addım atmağa yer yoxdur desəm,
yanılmaram. Bəzənsə, iki-üç əsgər
bir çarpayıda yatır. Hətta bir dəfəsində
hərbi hissənin stadionunda dəmir keçidin üzərində
yatmağım da yadıma gəlir. Hər halda hansısa əsgərin yata biləcəyi çarpayını
özəlləşdirməyi özümə sığışdırmadım.
Yalnız batalyonun həkimi,
leytenant Rəşad doktor məni və bölük komandirinin müavini, baş leytenant Hüseynovla birgə öz tibb maşınında
yatmağa dəvət
etdi. Bütün bunlar 1-2 gün
çəkəcəyindən elə də önəm vermirik. Çünki hər an müharibə bölgəsinə göndərilə
bilərik. Belə qısa zaman
içində çarpayı
davası etmək cılızlıq olar və bizə yaraşmazdı. Həm də
az-çox müharibə
anlayışından bilirsən
ki, orada səni palçıqlı,
soyuq, yağış
altında, torpaq üstündə yatmaq gözləyir. Əlbəttə,
müharibədə yata
da bilsən....
Bu arada bizim batalyonların əsgər
heyətindən komandir
heyətinə kimi hər biri səfərbərlik
xidmətindən gələn
və ya könüllü olanlardır. Təsəvvür edə bilirsinizmi?! Əsgərindən batalyon
komandirinə kimi hər biri könüllü...
Batalyon komandiri, polkovnik-leytenant Əziz Hüseynov təqaüdə çıxmış
ehtiyatda olan zabit, eyni zamanda
da Birinci Qarabağ müharibəsinin
iştirakçısıdır. Batalyon komandirinin müavini mayor Xəlilov Rasim də onun kimi
təqaüddən yenidən
xidmətə, müharibəyə
qayıdan zabitdir.
Hər biri ölkənin bir rayonundan olsa da, hamısı
Bakı, Sumqayıt və Abşeron hərbi komissarlıqlarından
gəlib. Bir növ
bu batalyona "şəhər uşaqları"
demək olar.
Dediyim kimi, cəmi bu bir
neçə günü
bir çox zabit heyəti gecələri adətən
yatmır, yatanda da 2-3 saat yatır. Həm silahlarla məşğul olmaq, həm də şəxsi heyətin sənədləriylə...
Əməlli vaxt aparır.
Hər
an həyəcan siqnalı
ola bilər.
Şəxsi heyət düzülüb.
Gizir Hüseynov əlində bir torba gilizlə
gəlir. Bunlardan hər
əsgərə iki ədəd vermək lazımdır. Düzü, əvvəlcə
məni gülmək tutur. Müharibəyə
güllə yerinə boş patronlarla, gilizlərlə gedəcəyik?!
Bir-birimizlə müxtəlif zarafatlar edirik.
Gerçəyi anladıqca isə qəribə bir susqunluq
yaşanır. Sükut...
Bu gilizlər müharibədə
bizim pasportumuz olacaqdı. Əslində isə, şəhidliyin
pasportu... Bunu əsgərlərə necə izah edəsən?!
Hər hansı
kiçik kağıza
ən yaxınının adı, soyadı və əlaqə
nömrəsi yazılır. Sonra bu kağız o gilizin içinə
qoyulur. Qərara alınır ki, gilizlərin biri sağ
döş cibinə, digəri isə sol ayaq cibinə qoyulsun.
Əgər döyüş vaxtı
həlak olarıqsa, sifətimiz
tanınmaz hala düşərsə, o gilizlərin içindəkilərə
əsasən kim olduğumuz müəyyənləşsin
və həmin yaxınımızla əlaqə
yaradılsın. Bir növ, şəhid olduğumuz xəbərini
verməkçün...
Eyni zamanda sinədə və ayaqda
da olması isə əgər bədənimiz hər hansı
partlayış zamanı bir neçə yerə ayrılarsa,
parçalanmış bədən əzalarımızın
kimə aid olduğu müəyyənləşsin. Bu əzaların kimə məxsus
olması, hansı ailəyə göndərilməsi
üçün..
Təbii ki, hər kəs
gerçəyi başa düşür. Kimsə kiməsə nəsə
demir, kağızlara əlaqə nömrəsi, ad yazaraq gilizlərə
yerləşdirir.
Bəs, mən
kimi yazım? Atamımı?
Açığı, bu ağlıma heç gəlmədi.
Anamı? Əgər şəhid olsam, ilk xəbər anama
verilsə, ürəyi dözməz. Bu fikrimdən də
daşınıram. Dostlardan kimisə? Düzü, onlara da belə
ani əziyyəti vermək istəmirəm. Dayımı
yazsam, ürəyindən yeni əməliyyat olub. Bəlkə
"Ədalət" qəzetindən Sübhanın
adını və telefon nömrəsini? Redaksiyanı, işi
buna qatmaq istəmirəm. Həm doğma, həm də digərlərinə
ürək-dirək verə biləcək birinin -
qardaşımın adını və soyadını
yazıram...
Üzərimdə gəzdirdiyim gilizlər başqası tərəfindən
açılmadı, içindəki kağız özgəsi
tərəfindən oxunmadı. Özümlə müharibədən
Sumqayıta, evimə kimi gətirdim. Mənə müharibədən
qalan ən müqəddəs xatirədi onlar.
Çünki neçə şəhidin
pasportuna çevrildi o gilizlər. Neçə
parçalanmış bədən əzasının kimə
məxsus olmasına şahid oldu o gilizlər. Şəhid oldu
o gilizlər, şahid oldu o gilizlər...
Emin
PİRİ
Ədəbiyyat qəzeti.- 2021.-
24 aprel.- S.27.