Dan yerinə
çapıb gedən atlar
Bircə şeir yazmaq üçün dünyaya gələn
şair yüzlərlə səhifə qaralasa da, o bircə
şeirin bir-iki misrasını bəlkə yazar, ya yazmaz. Ya arada o arzusu
yaddan çıxar, yollarda qalar və geri dönüb onun
qanadlarının necə qırıldığını
görmək istəməz. Əgər o
bircə arzu - bircə mətn yazmaq eşqi anında baş
tutsaydı, dünyada həsrət də olmazdı, bəzi
şeylərin düşünülə bilsə də,
heç zaman yazılmayacağını bilməzdik. Bu
mənada hər bir poetik yaradıcılıq,
bütövlükdə poeziya yazılandan artıq
yazılması mümkün olmayan şeylərə işarədən
başqa bir şey deyildir, bütün bunları unutdurmaq
üçün həmin axar-baxarlı
yaradıcılığın içi ən müxtəlif,
ağla gələn və gəlməyən nəsnələrlə
aşıb-daşar, sona qədər, son dayanacağa qədər
bir şeyi unutdurmaq onu boyaboy, tam olaraq görüntüləməyə
xidmət edir. Poeziya tarixi dünyadan gənc
yaşında köçən ismlərlə doludur, indiyə
qədər bu məsələdən nə qədər
yazılsa da, elə o yazılması mümkünsüz mətləblər
kimi bu məsələ də açıq qalmış, səbəbin
kökünə getməyi kimsə düşünməmişdir.
Gənc yaşında dünyadan köçən
şairlərin böyük əksəriyyəti naturaca dəli-dolu,
qızğın temperamentli, daxilən müdrik və ahıl
təsir bağışlayırlar. Çünki gənc
yaşında bəzi şeyləri duyub fəhm etmək
ömrə bədəl bir şeydir, duyduğun şeyin
içindən silkinib çıxmaq və heç nə
olmamış kimi yoluna davam etmək çox-çox
müşkül məsələdir. Bəzi
şairləri fəhm edilən mətləblər, bəzilərini
mühit, repressiya, zamanın ağırlığı
qocaltdı və gənc yaşında dünyadan apardı.
Birincilərdə, yəni çox nadir halda insanın
duyğu orqanlarının tuta bildiyi mətləbləri icad
edən şairlərdə müdriklik elə uşaq sadəlövhlüyü,
uşaq uzaqgörənliyidir...
Vaxtilə
dənizdə "yoxa çıxan" İsmayıl - professor Tofiq
Hacıyevin oğlu və kitabları ölümündən
sonra nəşr edilən Faiq İsmayılov da bu
sıradadır. Hər şey nazilib-incələn xətlər
- ürək kardioqrammasındakı xətlər kimi gözlərin
önündən sayrışıb keçir, sən ancaq bu
şəkli görə bilərsən, arada dilini bilməyəcəyin
zaman dayanıb, amansız və qarışıq...
Faiqin əksər
mətnləri miniatür biçimlidir, o, yalnız bu anda,
anın bu kəsimində duyub-fəhm etdiyini yazır və
buna görə də onun şeirlərindəki, mətnin
canındakı həssaslıq səni heyrətləndirir, yəni
bu tipli poeziya Tanrının icad etdiyi, amma hələ heç
kəsin danışmadığı dil kimidir, ilk dəfə
əlini vursan yox, nəfəsini versən səslənib qeybə
çəkilər...
"Dünyada payızdı" şeiri var. Ağac. Payız.
Yarpaqlar bir-bir, iki-bir tökülür. Addım atmağa yer yoxdu, sənə pəncərədən
baxmaq qalır. Dünyanın bu
görünüşü daha tutqun mənzərələr
doğurur. Cansız budaqların rəngi
qaralıb, budaqlar sanki səmaya, göyün yeddinci qatına
mıxlanıb, ağaclarsa çarmıxa çəkilib.
Bircə misra qalır deməyə: mələklər
hardadı qeybə aparsın. Daha sonra:
Payıza
baxıram pəncərələrdən,
yarpaqlar
hamısı
ürək şəklində.
Saralmış
ürəklər,
solmuş
ürəklər
son dəfə
xırıldar
əgər tapdasan...
Kitabda şeirlərin düzülüşü elədir
ki, hər bir mətn o birini tamamlayır, mətnlər sanki
hecalanaraq gücünü, içindəki sirri o biri səhifədəki
mətnə verir və burdan sonra qədər. Yan-yanaşı iki şeirdə
iki assosiasiya, iki tərz, yəni ifadə üsulu: biri ürəyə
daman hissin metaforaya çevrilib şeir dilində ifadə
olunması, ikincisi - hissiyyat o qədər dəqiq və həm
də qeyri-müəyyəndir ki, bu ikisinin anidən
qovuşduğu məqam rastına çıxan bütün əşyaları
tam olaraq göstərir, deyəndə ki, "misralarım
şoranlıq otu kimi // qırıq-qırıq", yaxud
"misralarım quş balası kimi // yoluq-yoluq" sən
bu nəsnələrin anidən gəlib, anidən yox
olacaqlarını da dərhal anlayırsan. Məna heç
yerdən, heç bir müqayisə və toqquşmadan hasil
olmur, insanın içindən doğur və misralar
arasına dolur, illər keçdikcə o "aralıq məsafə"
sıxlaşdıqca sıxlaşır ki, nəzərdə
tutulan "günəş" doğsun, nəğmə
oxunsun, - deyə və sair.
Bəzən
sanki fırça, sadəcə, kətanın üstüylə,
ona toxunmadan hərəkət edir, fırlanır, baxıb
görsən elə biləcəksən nəsə çəkməkdən
yorulub, ancaq çəkildiyi anda qəlbindən düşən
bir damcı boya bunun hələ başlanğıc olduğunu
bildirir, yəni bütün başlanğıclar, poeziyada yeni
şeylər deyə bilmək istəyi yorğunluğun son
anından başlar. "Bənövşə"
şeirində olduğu kimi. Şeirdə məzmun anidən
tamamlanır, oxuyanda bilirsən kətan üzərində
cızılan nədir: quş şəkli, lələk, bənövşə
və sair, ancaq bu proses poetik ana dönüşəndə həmin
məzmun pozulur, sən o metafizik anın içiylə gedən,
şütüyən bir ömrü düşünürsən
və ordan çıxmaq imkanı olmur. Şeirlərində
belə bir obraz da var, içimdən bir at çapır və
onun nallarının torpağa dəyib
çıxardığı səsi eşidirəm və bunu
məndən başqa kimsə bilməz, bu, dəqiq ifadədir,
sənin içində dolub şeirə dönüşən,
bədii mətnə çevrilən nəsnəni səndən
başqa onlarca, yüzlərlə insan bilirsə, bu, artıq
bədii mətn deyildir, sadəcə, sözdür, ifadədir,
çünki hamınındır.
Torpağın
altında dözə bilmədin,
Ah çəkdin,
ahından torpaq söküldü.
İstəyin,
diləyin özgəydi sənin,
Baxdın bu dünyaya, belin büküldü.
Bu
dördlükdə, dörd misrada bənövşə dəqiq
rəsm edilib, ancaq bu, yəni dəqiq cızılan rəsm hələ
şeir demək deyildir, şeir - bütün səslərin,
səs və küylərin əvvəlcə bir küncə
sıxılıb hörümçək toru yaratmasından və
sadəcə bir nəğməlik pıçıltıya
çevriləndən sonrakı həyatıdır və bu
da oxucunun qəlbində yaşanır, orda bilinir, Jak Derrida bu
mənada əbəs yerə demirdi ki, şeir - ürəyi kəşf
etmək, qəlbə yiyələnmək, könülü
sözə çevriməkdir.
Bu bucaqdan
baxanda bəzi şeirlər, sadəcə, bənzətmələrə
görə yazılar (o anda ürəyin artan, çoxalan və
becidləşən döyüntüləri də səni o
metaforanın rəsmini çəkməyə itələyər,
sənin boyun əyməkdən başqa çarən və
xilas yolun qalmaz, sonra bu inadın yazacağın mətnin məsamələri
arasındakı "normadan artıq" küyü qovmaq
olduğunu anlarsan...), onu şeirə çevirib rahat olarsan və
elə bəlkə də həmin rahatlıqda bunun poeziya
olmadığını anlarsan, ancaq bəzi, bəlkə də
bu dünyada tək-tük şeirlərdə şairin getdiyi
yoldan, mətnə naxış kimi saldığı bənzətmələrdən
xəbəri olmaz, üstündən illər keçsə də,
çünki mükəmməl poetik nümunələrdə
bədii mətnin yaranma anını özündə əks
etdirən metafora hər baxanda özünü bildirməz,
arxa pərdədən, kadr arxasından deyilən sözlərə
bənzər. Elə Faiqin işlətdiyi obrazlar kimi, onlardan
tez-tez rastlananı iynədir (daha sonra: ağac, yarpaq, budaq,
yağış, külək...). Bu tipli
şeirlərdə yuxarıda poeziya haqqında deyilən fikir
də özünü göstərə bilir, yəni
"varlıq" elə "yoxluq" qiyafəsinə
bürünür.
Biz
xoşbəxtliyi
həmişə çıraqla gəzmişik.
Guya
xoşbəxtlik iynədir,
düşüb samanlığa...
Xoşbəxtlik
çiyinlərimizə
qonanda
heç bilməmişik!
Şeir,
bədii mətn ümumidən başlanğıc
götürüb son nöqtəsi və hüceyrəsinə
qədər fərdiləşən, son dərəcə intim
bir nəsnəyə çevriləndir, bu mənada onu
özününküləşdirmək, ordakı bəzi
tapıntı və hissləri oğurlamaq istəyən gərək
bütün mətni götürsün, bu, bir növ əks
edilən hiss və duyğuların içinə kömülən,
onlardan ayrılması mümkün olmayan nəsnədir. Oğurlana bilən misra, deyim, metafora hələ
şeir, poeziya halına düşməmiş şeylərdir.
Hələ
şirinliyi
pətək balına bənzədirlər,
insan
dilinə yox.
Hələ
təmizliyi
dağ
çiçəyinə bənzədirlər,
insan
gözlərinə yox.
Hələ
kövrəkliyi
kəpənək qanadına bənzədirlər,
insan
ürəyinə yox...
Faiqin
şeirlərində yönlər, ifadə üsulları
çoxqatlı və rəngarəngdir - son nöqtəsinə
qədər gördüyünü görmədiyi kimi də
yaza bilir, içi mənalarla dolu nəsnələrin
arxasındakı, böyür-başındakı "mənasız"
şeylərdən də bəhs edə bilir...
Mən
heç zaman həyatdan çox gənc yaşında
köçən şair və yazıçı, ümumən,
qələm adamı haqqında "yaşasaydı..."
sözünü yazmıram, çünki yaxşı,
gözəl sənət nümunəsində, bədii mətndə
əslində nə başlanğıc, nə son var, Jak
Derridanın dediyi kimi, yazılan hər bir mətn
özündən sonra gələcək digər mətnlər
üçün bitib-tükənməyən ön söz
rolunu oynayır (ən sonuncu, uçurumun kənarındakı
ümid halqası...) və bundan qeyri bir şey
düşünməyin.
Bunu belə izah edək. Antik fəlsəfədə
"aporiya" adlı bir anlayış var. Aporiya - konkret
müşahidə və təcrübə ilə onları
fikrən analiz etmək arasındakı ziddiyyətdən
doğan, çətin həll edilən, yaxud heç bir həll
üsuluna yatmayan problemdir. Biz hər hansı şeiri təhlil
etmək istəyəndə buna "asanca" nail oluruq, ancaq
prosesin içində bunun heç də belə
olmadığını da hiss edirik və
yazdıqlarımızın artıq olduğunu fəhm edirik. Bu, bədii mətnlərin təhlilində
"başgicəlləndirici" hallardan
başlıcasıdır.
İnsanın,
gənc bir insanın həyatından bir məqam alına bilər:
gəncliyində bütün sevən, vurulan, bir
ayüzülünün vüsalı üçün dəli
olan hər kəs şeir yazar, ancaq... Jak Derrida poeziya və
sevgi, ölüm və həyat... çevrəsini
düşünərək aşağıdakı sətirləri
yazmışdı: "Sevirsiniz - bunu həmişə tək
halda düşünün, bu, heç də ümumən
şeirlə bağlı bir şey deyildir, əgər belə
olsaydı, hərflər hardansa gəlib ağ vərəqə
doluşar və siz bircə sözlə (bir ovuc hərflə...)
bunu deyə, danışa bilərdiniz. Ancaq bizim
sevgimiz ismlərə (adlara) və sözlərə
sığmaz. Hər şeydən əvvəl
o özünü tarlalara, yollara səpələr, yəni
dilin sərhədlərindən kənara çıxar.
Ancaq haçansa, hansı şəraitdəsə
qıvrıldığında, öz içinə yumaq kimi
çəkildiyində, bir anın dəhşətində bir
dilə geri dönsə belə, səni həmişəkindən
daha böyük təhlükəyə atar: özünü
qoruduğunu zənn etdiyində özünü biryolluq qeyb edərsən...
Mən ürəyi icad edənə, qəlbi, könlü
"oxudana" şeir deyirəm...".
Faiq də bunlardan xəbərsiz deyirdi: Oturmuşam // Ay
işığının // ot ətrinin
// böcək nəğməsinin içində // Qu tükütək
yüngüləm // Heç bilmirəm // nə var, nə yox
// Ay işığının // ot ətrinin // böcək nəğməsinin
çölündə...
Sözlər, cümlələr dağılıb gedir,
pıçıltısa bir ömrə sığmır, dilə
sığmır, onun sərhədlərindən kənarda
yaşayır, sən istənilən təsadüfdə onun hənirini
hiss edərsən. Faiqin üslubundakı
yığcamlıq, daha doğrusu, mətləbi həmin o
dildən dışarıdakı pıçıltıya
çevrirmək cəhdi bəzən impressionist cizgilərin
sıxlaşmasına səbəb olur, hissiyyatı bu şəkildə
vermək, ötürmək üsulu poetik mətni prozaik olanla
sərhəddə yerləşdirir, bu isə məhz poetizmin ən
parlaq şəkildə duyulmasına şərait
yaradırdı. Söz olmaq üçün səs və
hecaların ayaq açıb yeridiyini hiss edərsən... Arxa
planda hisslərin birləşmək, nəyisə tam ifadə
edə bilmək anlamında bütünləşmək cəhdləri
də "sürət" (şeirdə sağa-sola
şütümək...) və "yorğunluq"
obrazlarının - iki əks anlayışın
yaratdığı duyum mətni bir deyimə çevirir. Həmin
ilahi pıçıltının qonşuluğunda...
Gecəni
yükləyib vaqonlara
qatarlar
şütüyür sağa-sola.
Qatarlar
gecəni aparır,
Qayıda sabahla.
Gecə də qurtarmır
Qatarlar yorulacaq, vallah...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 7
avqust.- S.5.