Mini yubkalı qız
Telefonun zəngli saatını üçüncü dəfə
susdurandan sonra qalxmaq qərarına gəldim və
bütün gücümü toplayıb qəfil hərəkətlə
yorğanı üstümdən atdım. Çarpayımın
kənarında oturub, ayaqlarımı salladım. Boynum axşamkı kimi şiddətlə
ağrımırdı, amma qəribə bir keylik vardı.
Fizik terapevtinin tövsiyəsini yadıma
salıb elə oturduğum yerdə boynumu sağa-sola döndərməyə
və eyni zamanda diksiya müəllimimin öyrətdiyi tərzdə
diafraqma nəfəsi ala-ala "k" hərfi ilə
bağlı yanıltmac deməyə başladım.
Kəklik,
kəpənək, gəlin gedək, kol dibinə gəlin gəlibdir...
Diksiya dərsləri bütün karantin
dövründə mənə ən çox zövq verən
məşğuliyyət idi.
Sağ tərəfdə,
yatağımın yanındakı dolabın üstündə
böyük bir kitab ağzı üstə
çevrilmişdi. Yatmazdan bir az əvvəl
Murakaminin romanını oxumağa başlamışdım. Onun uzun-uzadı təsvirlərini çox sevirdim.
Əgər başqa bütün əsərlərdə
təsvir hadisələrin fonunda verilirdisə, Murakami sanki
bütün hadisələri və obrazları təsvirin fonunda
verirdi. Odur ki, keçən axşam hər
şeyi unudub sevimli yazıçımın təsvirlərinə
dalanda xəfifcə ağrımağa başlayan boynumu
görməzdən gəlməyə
çalışırdım. Düz iyirmi
səhifəni avtoyoldakı tıxacı, içində qəhrəmanı
olan taksini, taksinin radiosundakı musiqini, qonşu
maşınların zahiri görünüşünü təsvir
edən yazıçı istədiyinə nail olmuşdu və
mən də özümü o uzaq ölkənin hansısa
avtoyolundakı dəhşətli bir tıxacda taksidə hiss
edirdim. İyirminci səhifədə
Murakami insafa gəlib qəhrəmanını taksidən
düşürdü və gənc qız uzun tıxac
zolağında dayanıb bekarçılıqdan əsnəyən
sürücülərin gözü qarşısında tuflilərini
və gödəkçəsini çıxarıb, mini
yubkasını çırmalayıb, təhlükəsizlik
pilləkəniylə aşağı düşməyə
hazırlaşanda mənim boynumun ağrıları
dözülməz halda şiddətləndi. Kitabı üzü üstə çevirib sağ tərəfimdəki
dolabın üstünə qoydum və sol tərəfimdəki
telefonda medutasiya məqsədilə yağış səsi
açdım. Bir-iki dəqiqə sonra sol
tərəfdən gələn yağış səsiylə
xumarlanıb yuxuya gedəndə sağ tərəfdə hələ
də Murakaminin hansısa tanımadığım tərəvəzlə
adaş olan Bezelye adlı qəhrəmanı kapron corablarla
külək əsəndə silkələnən dik pilləkənlərin
başında dayanıb mənim qayıtmağımı
gözləyirdi.
"Kəklik,
kəpənək, gəlin gedək..."
Səsləri maksimum aydın deməyə cəhd edərək
on səkkizinci dəfə sağ çiynimə
baxırdım ki, böyük qızım içəri girdi. O, gödəkçəsini
geymiş, qulaqcığını boynuna atmışdı və
deməli, evdən çıxmağa
hazırlaşırdı.
- Ana, sən
nə işlərlə məşğulsan?
Mən
böyüklərin qəfil qınağına məruz qalan,
amma günahının nə olduğunu bilməyən
uşaq kimi həyəcanlansam da, özümü təmkinli
apardım, hərəkətlərimə ara
vermədən:
-
Gördüyün kimi, idman etməyə və diksiya dərslərimi
təkrarlamağa çalışıram, - dedim
yanıltmacıma davam edərək, - Kəklik, kəpənək...
- Onu demirəm...
Əslində, onu demədiyini bilirdim. Karantin sərtləşəndən
bəri evimizin işə gedib-gələn yeganə
üzvü böyük qızım idi. O, bunu
özünün şansızlığı hesab etsə də,
biz onu hamımızdan xoşbəxt hesab edirdik. Qızım hər
səhər yuxudan durmaq üçün elə də səbəbi
olmayan ev əhlini oyatmamaq üçün
barmaqlarının ucunda dolaşar, işə getməyindən
heç kəsin xəbəri olmazdı. İndi gödəkçəsini
geyinib, qulaqcığını boynundan asdığı halda
mənim otağıma girməsi idmanımla maraqlanmaq səbəbindən
ola bilməzdi. "Bəs nə?" deyə
düşünürdüm ki, qızım özünəməxsus
alçaq səs tonuyla dedi:
- Gecə
sənin kompüterin lazım oldu.
- Aha...
-
Aliheimeri araşdırmısan...
- Bu
şoğərib sözün necə oxunduğunu bilmirdim,
"alzaymr" imiş demək, - bunu təkcə söhbətdən
qaçmaq üçün demirdim, həm də sözün
düzgün oxunuşunu öyrənməyimə sevinirdim.
Qızım
mənə sarı bir-iki addım da atıb başımın
üstünü kəsdirdi:
- Ana, mən
işə gecikirəm və sualıma cavab almalıyam.
- Burda nə
var ki? Unutqanlıq sindromunu
araşdırmışam, bu, aliheimer xəstəliyinin də
sindromu olduğundan onunla bağlı məlumatlar da gəlib.
Bir də ki, xanım qız, tez
başlamısan, mən hələ qırx doqquz
yaşındayam və özümüidarəni itirməmişəm.
Qardaşının iyirmi yaşı olana qədər
alzaymrdı nədi, o zəhrimara tutulmaq fikrim də yoxdu.
Qızım
mövqeyindən geri çəkilmədi:
- Amma
mütləq nə vaxtsa tutulmaq kimi bir fikrin var, eləmi?
- Niyə
də yox, yetmiş beş yaşlı
bütün yaddaşını itirmiş bir anaya sahib olmaq əyləncəli
olmazmı?
İncə yumor hissinə malik olmasına baxmayaraq,
qızım mənim bu bədii-yumoristik cümləmə
gülümsəmədi belə, əksinə,
üz-gözünü ironik şəkildə
büzüşdürüb çarpayımın baş
ucundakı min iki yüz əlli səhifəlik kitabı
götürdü və çəkisini öyrənmək istəyirmiş
kimi endirib-qaldırdı. Yenə sürətlə
uşaqlığıma keçid elədim. Yadıma on üç yaşındaykən
Hüqonun "Səfillər"ini oxumağa başlayanda
atamın kitabı əlimdən alması düşdü.
Onun da üzündə eyni narahatlıq ifadəsi
vardı. O vaxt atama demədiyim sözü indi
qızıma ünvanladım:
-
Yaşım düşmürmü bunu oxumağa?
- Niyə
ki... Gizli dəftərdən sonra yaxşı
seçimdi.
Qızım
mənim təzəlikcə bitirdiyim Geri Smalın "Psixoloqun
gizli dəftəri" əsərinə eyham vururdu və bu
narahatlığını da ifadə edəndən sonra bir az sakitləşdi. Mən də
sakitləşdim, özüm də elə bu yaşlarda
valideynlərim üçün eyni cür narahat olmağa
başlamışdım. Sonra valideynlərim
yavaş-yavaş buna alışdılar və hətta bizim
onlarla uşaq kimi davranmağımız xoşlarına gəlməyə
başladı. "Qocalırammı?" fikrinin
başımdan keçməsiylə qızımın əyilib
üzümdən öpməsi bir oldu:
-
Qaçdım, mom.
Mən dərhal ana moduna geri döndüm.
- Şərf bağla.
O,
qapıdan çıxaçıxda əlini içəri - mənə
tərəf uzadıb anlaşılmaz bir jest elədi. Bu, təxminən "yenə başlama",
"şərf vaxtı deyil", "üşümürəm"
və sair anlamına gəlirdi. Zəmanə
uşaqları lakonizmin lap ağını
çıxarıblar, - deyə düşündüm. Yazışmalardakı smaylikləri şifahi nitqdə
də jest və mimikalara yükləməyə
çalışırlar.
"Deyingən
ana, qızdan əl çək!". Kimsə cingiltili səslə düz
qulağımın dibində dilləndi. Yenə
o idi, beynimin tən ortasında yaşayan, hərdən hakim, hərdən
müfəttiş, hərdən senzor, hərdən sözdən
söz çıxaran deyingən qarı olan o əcaib məxluq.
Bu daima irişən əcaib məxluq növbəylə
yuxarıda sadaladığım vəzifələri icra edirdi,
gah eynəyinin üstündən tərs-tərs baxıb qorxu
saçan senzor, gah günahkarlıq hissi aşılayan
qoltuğu papkalı müfəttiş, gah adama cəza kəsən
əli çəkicli hakim. Bu gün o,
küpəgirən qarı cildindəydi. Diafram
nəfəsinə davam etməklə onu susdura bilərdim, bu nəfəs
məşqini təkcə diksiya müəllimim yox, psixoloqlar
da məsləhət görürdü, amma artıq davam etməyə
həvəsim qalmamışdı. Qalxıb
otağımdan çıxdım.
Qızım işə getməmişdən qabaq məni
səhər gəzintisinə həvəsləndirmək məqsədilə
sevdiyim qırmızı idman ayaqqabılarımı
çıxarıb qapının ağzına qoymuşdu.
Ayaqqabılara
baxıb onun qarasınca deyindim:
"Mesaj alınmışdır, anacan".
Özünü hərəkətlərlə ifadə
etmək qızımın köhnə xasiyyəti idi,
uşaqkən mən onun əhvalını pianoda ifa etdiyi
mahnılardan anlayardım. Bugünkü hərəkəti
də narahatlıq ifadə edirdi. Əslində, mən
"psixoloqun gizli dəftəri"ni bircə
günə, özü də otağımdan çıxmadan
bitirmişdim və bunu onun gördüyünü
sanmırdım. Demək ki, gizlicə əşyalarımı
qarışdırmışdı. "Gecə
sənin kompüterin lazım oldu" cümləsi də bəhanə
idi. Ola bilsin ki,müxtəlif əcnəbi
dillərdə filmə baxmağı xoşlayan qızım
alihiemirin dəhşətləri haqda filmə baxmış və
dalınca da bu xəstəliyi araşdırmışdı. Son vaxtlar əşyaları itirməyim onu əməlli-başlı
düşündürürdü, deməli. Məni bu şübhələrdə suçlamaqla
özünün ağlına gələn eyni
düşüncələrdən qaçmaq istəyirdi.
Ona görə "bütün
yaddaşını itirmiş ana" ifadəsi ona komik gəlmədi.
Mən bu fikrə gəlib çatana qədər küpəgirən
beynimin tən ortasında məmnun halda bardaş qurub,
tumanının ətəklərini ayağının
altına yığmaqla məşğuldu.
- Arzuna
çatdınmı? - Mən ona qanlı-qanlı baxdım.
Qarı əllərini
balağından çəkdi:
- Yenə
neynədim mən yazıq?
- İndi də qızımın narahat olmasından
narahat oldum, gördüyün kimi.
Qarı
irişdi:
-
Gedişat əladı, yaxşı yetişmisən,
maşallah. Mən heç kimə balıq tutub
vermirəm, balıq tutmağın yollarını öyrədirəm.
-
Bütün öyrətdiklərini unudacam, görərsən.
- Ha, ha, o
yalançı psixoloqların sözüyləmi, onlar
adamları aldadır. Ay nə bilim, narahatlığa görə
narahat olmaq, qorxudan qorxmaq, əsəbləşdiyin
üçün əsəbləşmək lazım deyil,
düşüncələrinizdən qaçmayın, zad. Görəsən, özləri bunu bacarırmı?
Xəstəliyin simptomlarını bilmək
ondan sağalmaq üçün səbəb deyil. Onda gərək həkimlər ölməsin. Heç bilirsən, dəli olan nə qədər
psixoloq var? Elə o gün bitirdiyin kitabda
hamıya kömək edən o vasvası, qoca vardı e?
Nəydi axı o səfehin adı?
Ağıl hocası..
- Larry
Klein. Səfeh də özünsən!
- Hə,
o - hamıya ağıl verən o psixoterapevt, - qarı məni
qıcıq edən tərzdə irişdi, - gördün də
axırda başına nə gəldi.
Çox
kədərləndiyim o epizodu yadıma salmaqla onun məni
ruhdan salmağa çalışdığını
anlayıb qəzəbləndim:
- Sənin
üzündən. Laryın da beyninə
girmişdin.
-
Razıyam. Amma özü mənimlə baş
edə bilməyən başqalarına necə kömək edəcək?
Mənimlə dava etmək olmaz. Mən nə
qədər sədaqətli dostamsa, o qədər də təhlükəli
düşmənəm, - qarı sümükləri
çıxmış sinəsini qabağa verib öyündü,
- seçim sizin...
"Görünüş sizi aldatmasın, gerçək
hər zaman təkdir". Bu mesajı axşam o
boyda təsvirin içində Murakami vaxt tapıb ötürə
bilmişdi. Əgər həqiqət hər
zaman təkdirsə, ya beynimin içindəki durmadan məni tənqid
edən bu məxluq, ya da bizi yerli-yersiz günahkarlıq hissindən
xilas etməklə məşğul olan psixologiya elmi yalan
deyir.
- Əlbəttə, psixologiya elmi, - deyə qarı yenə
fikirlərimə burnunu soxdu.
- Niyə
düşünürsən ki, psixologiya manipulyasiya edir?
- Bir az məntiqli ol də. Bax, quzum, psixoloqun predmeti
sağlam adam deyil, xətrinə dəyməsin,
lətifəsi səndən uzaq, başdan bir az o söz
adamlardı. Bu tip adamlara əsl həqiqəti demək olmaz. Psixoloq onu tovlamaqla məşğuldu, özgüvən
yaratmaq, səhvini unutdurmaqla. Sən
uşaqlarla davrandığın kimi, terapevt ağrıkəsici
yazdığı kimi, - qarı sağ əlinin şəhadət
barmağını gicgahına dirəyib fırlatdı, - amma
bu, xətrinə dəyməsin.
-Xətrimə
dəyib-eləmir, kompleks yaratmağa çalışma, sənin
keçən əsrdən qalmış Fatmanisə kimi
düşünməyin də təbiidi.
- Həqiqətin
şablonu da gözəldir, əzizim... Bax, indi psixoloquna zəng
et, boynunun ağrısını soruş,
psixosamatikadı, Səhər xanım, deməsə, mən
heç nə bilmirəm. - Qarı gözəl və
şıltaq qadın ədasıyla əzilib- büzülərək
psixoloqumu yamsıladı. - Məni yandıran odu ki, sən də
bu cəfəngiyata inanacaqsan. Adam da heç
düşüncədən ağrıyarmı? Mən dəqiq
bilirəm ki, boynun onun sənə verdiyi "sıra
dışı vakalar", "gizli dəftər"
kitabını bir günə bitirəndən sonra oldu. Dalınca da çamadan boyda kitaba başlamısan.
Qızın narahat olmaqda haqsızdımı?
Hələ sənə o qədər yanıltmac əzbərlətdirən
müəllimə bax, iddia edir ki, qarnını şar kimi şişirdib nəfəs almaqla səsin
daha yatımlı olacaq.
- Niyə
bütün bəşəriyyətə qarşı ön
yarğılısan?
- Bəs
sən niyə bu qədər sadəlöhvsən? Mənim vəzifəm səni qorumaqdır. Azmı təhlükələrdən xilas etmişəm
səni? Az şeymi qazanmısan sayəmdə?
- Bəs
sənin qorxundan nələrdən vaz keçmişəm? Sonra da illərlə əzab çəkmişəm.
Onu niyə demirsən?
- İnsanları hisslərinin dalınca getməyə
qoymaq olmaz, olmaz.
-
Hardandı bu əminlik, bəlkə, əksinədi, hansı
yaxşıdı, bir anlıq, bir günlük, uzağı
bir illik xəyalqırıqlığı, yoxsa bir
ömürlük peşmanlıq? Məni
öldürməyən məni gücləndirir düsturundan
xəbərin yoxmu? Ya uduzmaq
üçün də oynamaq lazımdı teoremindən və
ya qorxaq gündə yüz dəfə ölər aksiomundan?
Bəs təhlükə qorxusu təhlükənin
özündən qorxuludu fikrindən? Daha
hansı isbatı istəyirsən?
- Sən
naşükürsən, sadəcə, - qarı qəfildən
qonşu qadının cildinə girdi.
- Mən
yorğunam, sadəcə, çox yorursan məni.
- O
gündə iki dəfə dinlədiyin türkiyəli
psixoloqdu sənə bu dilləri öyrədən, bu yerdə
qarı eynən İbrahim Bilgənin səsiylə
danışmağa başladı, - "O vır-vır
konuşub sizi daim eleştiren səsi ciddiyə
almayın". Sən də inanırsan, halbuki mən olmasam, kim bilir, başına nələr gələr.
- Nə gələcək?
Sən instiktlə hərəkət edirsən, amma artıq qəbul
et ki, mən ibtidai insan deyiləm,
mağaramın ağzını da vəhşi heyvan kəsdirməyib.
- Kəsdirib,
qadası, kəsdirib, yüz ölçüb-bir biçməyin
heç bir ziyanı yoxdu.
- Hə də,
hamı yalan danışır, Gülşən xanım da,
İbrahim Bilgen də, Geri Smoll da, Freyd də, bircə sən
haqlısan.
- Kefli
İskəndərin atası Hacı Həsən kimi
danışma.
- Onu niyə
xatırlatdın indi? Niyə hər şeyi
yığıb saxlayan xəsis arvadlar kimi beynimdə tam bir səliqəsizlik
yaratmısan? Niyə mən poemalardakı
bütün lirik ricətləri, komediyalardakı
replikaları, tragediyalardakı monoloqları, dramlardakı
dialoqları, filmlərdəki sitatları əzbər bilməliyəm?
Niyə ata-anamın uşaqlıq xatirələrini,
birinci sinifdə oxuduğum otağın qoxusunu, ilk sevgilimin
mimikalarını, kiçik qardaşımın dil
açanda dediyi birinci sözü, yazıçıların
həyat və yaradıcılıqlarını detallarına
qədər yadımda saxlamalı, amma eynəyimi, telefonumu,
açarlarımı gündə yüz dəfə itirməliyəm?
- İndi də nankorluq edirsən, sən mübarizə
aparmağı, həqiqət axtarmağın yollarını,
necə yaşamaq lazım olduğunu o ədəbi qəhrəmanlardan
öyrənmisən.
-
Hansı həqiqətdən danışırsan? O ancaq
sözdə mövcud olan anlayışı deyirsən? Və hansı mübarizə? Mənasız
və nəticəsiz olanımı? Niyə
mənə onları ideal seçdin ki? Gözü
çıxarılmış Xeyiri, içkiyə
qurşanmış Kefli İskəndəri, dəli olub
çöllərə düşmüş Məcnunu,
ömrü puç olmuş Leylini, Səfillər
padşahı Oqtay Eloğlunu, övladlarını
öldürən Medeyanı, ruhunu iblisə satan Arifi, ifritəyə
çevrilən Marqaritanı, canım sənə desin,
özünü qatarın altına atan Annanı...
- Deyəsən,
sən də axı ruhunu şeytana satmağa
hazırlaşırsan, əsrimizin xilaskarları da
psixoloqlardı.
-
İroniyanı özünə saxla, psixoloqlar ədəbiyyat
kimi səhralara salmır adamı, sonsuz bir mübarizəyə
sürükləmir, ömrünü pisliklərlə
dalaşmağa sərf et,- demir, əksinə,
özünü sev deyir və beləcə,
yaxşıları qorumağa, onları xilas etməyə
çalışır, ən azından...
- Kimdən?
- Səndən,
məsələn...
- Niyə,
məsələn?
- Ona
görə ki, sən hər zaman, bütün vəziyyətlərdə
rəqib tərəfə keçib mənimlə vuruşdun!
- Ha, ha,
vallah, sən deyəsən, həqiqətən, o söz...
Mən bu tərs və cığal qarıyla
ağız-ağıza verməkdən bezib mətbəxə
keçdim və hələ də isti olan çaydandan
özümə çay süzdüm.
Mətbəx
şkafına bir vərəq
yapışdırılmış və ikinci
qızımın zərif xətti ilə bu sözlər
yazılmışdı:
"Annecik, odamdayım, sınavım var. Kahvaltı
yaptım".
Sonra, nədənsə,
öz türkcəmizdə əlavə edilmişdi:
"Paltarları sərəcəm". Və
gülüş işarəsi qoyulmuşdu.
Qarının qorxusundan "Ah, bu zəmanə
uşaqları, kağızda yazılmış məktubda da
smaylikdən istifadə edirlər" - düşüncəsini
elə beşikdəcə boğub, adətim üzrə
çayımı içə-içə mətbəxdə
var-gəl etməyə başladım. Qızımın
məktubunu düşünürdüm. Dunay
uşaqlıqdan hər yerə yazılı kağızlar
yapışdırmağı sevirdi. Bu il
Türkiyədə universitetə qəbul olsa da, pandemiyadan
dolayı dərslər onlayn keçirilirdi. Otağından
çıxmadan təhsil aldığı ali
məktəbin artıq birinci semestr imtahanları
başlamışdı. Uşaqlıqdan arzuladığı
"sinema" bölümündə uzaqdan təhsil almaq
könlüncə olmasa da, lazım olduğundan bir az da artıq məsuliyyətli olan Dunay
imtahanlara cani-dildən hazırlaşmışdı. Bu üzdən onu səhər yeməyinə
çağırmayım, zəng etməyim, mesaj yazmayım,
evdə səs salmayım deyə, bu məktubu
yazmağından təbii heç nə yox idi. Amma gəldiyim bu nəticə məni qane etmirdi və
məktubda nəsə başqa incə mətləblər
axtarırdım. Lap dərindən
düşünəndə bu məktub təkcə "məni
narahat etmə" anlamına gəlmirdi, həm də
"narahat olma" mesajı verirdi və sanki vasvası, əsəbi
bir anaya ünvanlanmışdı. Gəldiyim qənaətdən
beynimdəki qarının qırışığı
açıldı və baş barmağını yuxarı
qaldırıb fəaliyyətimi beş
ballıq sistemlə əla qiymətləndirdi.
Əlimdə fincan gedib qızdırıcının
yanında, pəncərənin önündə dayandım. Bütün
gecəni yağış yağmış, təzəcə kəsmiş
kimiydi. Pəncərənin önündəki
qızılgül kollarının yarpaqlarında
yağış damlaları göllənmişdi, yerə
düşməyə xəfif bir mehə, yüngül bir
toxunuşa bənd idi. Bəlkə də,
gecə mən telefonda yağış səsini dinləyib
yuxuya gedəndə bayırda həqiqətən
yağış yağırmış. "Görünüş
sizi aldatmasın, gerçək hər zaman təkdir".
Murakami bu fikri kitabın
başlanğıcında ortaya atmışdı və
çox güman ki, ideya buydu. Amma niyə
bu ideyanı açmaq üçün yazıçıya
min iki yüz əlli səhifəlik roman yazmaq lazım
olmuşdu?! Oxucunu, yəni məni qarşıda hansı
məcaralar gözləyirdi, ləzzətli yeməklər xəyal
edən ac adam kimi udqundum. Bu
an otağıma gedib kitabı əlimə götürməkdən
özümü güclə saxlayırdım. Olmazdı.
Beş-altı gün əvvəl karantin yenidən sərtləşmişdi,
evdən icazə mesajıyla və yalnız üç saatlığına
çıxmaq mümkün idi. Amma mən bu müddətdə
hələ evdən bayıra addım atmamışdım.
Üstəlik, sosial şəbəkələrdən
imtina etmiş, "youTube"da paylaşımı
dayandırmışdım və saatlarla telefonu
söndürürdüm. İlk olaraq, müharibə
başlayandan bir az sonra "feysbuk"dan
çıxmışdım, müharibə qələbə
ilə nəticələnməsinə baxmayaraq, hələ də
ora qayıtmaq fikrim yox idi. Mənim həssaslaşmış
əsəblərim kədərli həyat hekayələrinə
dözə bilmirdi.
-
Qaç, qaç həqiqətdən, - deyə qarı yenə
müdaxilə edib başını yellədi.
- Sənsən
səbəbkar! Özümü suçlu hiss edirəm. Az qala, məni şəhid olmamaqda, əsir
düşməməkdə, girov götürülməməkdə
suçlayırsan, xəbərin varmı?
- İnsanlıq halı, nə var ki burda?
- Belə
çıxır ki, mən hər an nəfəs
aldığıma görə əzab çəkməli,
sağ qaldığıma görə utanmalıyam?
Qarı
özünü eşitməzliyə vurdu, həmişə
haqsız çıxanda etdiyi kimi...
Ən son
instaqramı tərk etmişdim, iki gün əvvəl məşhur
bir ifaçı "Ay qız" adlı şeirimi səsləndirmişdi,
şeir hazırki ruh halından qaçış axtaran
insanların əlinə korun əlinə kökə
düşən kimi düşmüşdü. Yaxşı
xatırladım, sabah ruh halı
verilişində psixoloqum Gülşən xanımla
"karantin depressiyası" adlı mövzunu müzakirə
edəcəkdik. Özümə əl gəzdirməliydim.
Gözəllik salonları işləmirdi deyə,
saç ustama zəng edib onu evə gəlməyə razı
salmalıydım. Ondan əvvəl
günorta yeməyi hazırlamalıydım, ondan daha əvvəlsə
oğlumun da oxuduğu beşinci sinfinə onlayn ədəbiyyat
dərsim vardı. Onları çox
sevirdim, qarşılarına boyun ağrısından,
havasızlıqdan, fasiləsiz mütailədən eybəcərləşmiş
yorğun sifətlə çıxmaq olmazdı. Odur ki, qarşıdakı iki saatı parka gedib gəzintiyə
sərf etmək şərt idi.
Amma daha
öncə bir az əvvəl
düşündüyüm məsələni
axtarmalıydım. Nə deyirdim mən?
- İnstaqramı niyə tərk etdiyindən
danışırdın, - qarı əlindəki balaca
qayçı ilə dırnaqlarını kəsə-kəsə
məni ələ salırmış kimi hırıldadı,
- hə, sən canın, niyə çıxdın ordan?
- Dedim
axı, şeir həddən artıq çox yayılmağa
başladı, çoxlu bildirişlər, mesajlar gəlirdi,
yorulurdum.
- İnsafən, sən təkəbbürlü deyilsən,
dahilik xəstəliyinə tutulduğunu da sanmıram, - onun
ironiya etdiyi, yoxsa mənə yaltaqlanmağı bilinmirdi.
- Əlbəttə,
deyiləm, bunu boynuma qoya bilməzsən!
-
Yaxşı, yaxşı, inkara keçmə, inkar əslində
dandığın şeyin varlığını sübut
edir, siz yazarları tanıyıram, hamınızın
şöhrətpərəstlik qanı qaynayır arada. Amma səndə bu deyildi. Bildiriş
səsləri narahat edir, yalanını isə yediyimi sanma.
Yaxşı, bəs əsl səbəb nə
idi? Niyə bu şeirin belə geniş
yayılması səni sevindirmədi? - Küpəgirən
şagirdi düşünməyə vadar edən müəllimsayağı
ciddiləşdi, -cavabı bilirsən, amma etiraf etmək istəmirsən.
Əslində, sən o qədər əziyyət çəkdiyin
yazılar qaldığı halda, it ilində
yazdığın "özün donundan gözəl, donun
özündən, ay qız" misraları ilə başlayan
bəsit bir şeirinlə gündəmə gəlmək istəmirsən!
- Bəsitliklə
sadəlik ayrı-ayrı şeylərdi.
- Bu nə
dondu geymisən? - Bəsit deyil?
-
Birincisi, deyil, ikincisi də, əgər belədirsə də,
bu mənim yox, onu trendə çevirən adamların
problemidi.
- Bayaq necə
deyirdin, indiki durumda korun əlinə kökə düşən
kimi. Siz insanlar hamınız beləsiz, qaçıb gizlənməyə
yer axtarırsız, sən, məsələn, Murakaminin min iki
yüz əlli səhifəlik kitabında gizlənməyə
çalışırsan, on səkkiz-on doqquz yaşlarında
qızlar da sənin "bəs niyə kədər
yağır, qara gözündən ay qız?"
misralarında. Qarı çox təntənəli
şəkildə və etiraf edim ki, həm də çox
alçaldıcı bir qəhqəhə çəkdi.
-
Yaxşı, məsləhətin nədi,
başqalarının adından danışa bilmərəm,
şəxsən mən neyləsəm, razı qalarsan, xarakirimi
edim, bəşəriyyətimi xilas edim, Nobelmi alım?
- Yoxsa,
zalım atan var, yoxsa, sevib atan var, ha, ha,ha...
Nobel al, məncə... - Qarının
üzündə keçmiş redaktorumun çopur siması
yaranıb sonra qeyb oldu.
-
Özün də bilirsən ki, yaradıcılıqla
bağlı heç nə vecimə deyil. Mən
daha şeir yazdığına görə utanıb,
yazdıqlarını gizlədən kompleksli
qızcığaz deyiləm.
- Bilirəm,
gileylisən, alın yazından, ay qız... Amma öz
aramızdı, - qarı indi də gənc şairlərdən
birinin cildinə girdi, son iki misra qəşəngdi: Qorxma, bir az böyüksən, mənim qızımdan,
ay qız. Çifayda, çoxu bunu tərs
anlayıb. Bəziləri müəllifi qızı
yaşında birini sevən evli kişi
hesab edir, hətta əsəbləşmə, bir söz deyim,
biri yazmışdı ki, bu şeir pedofilliyi təbliğ edir.
Elə-belə adam da deyildi, ölkənin
yep-yekə qadın jurnalistlərindən biriydi. Bu, belə
yazan başqalarından nə gözləyəsən,
"Tik-tok"a girib ordakı bir eşalon şərhi
oxumamaqda haqlısan, əsəblərin dözməz, məndən
demək, heyif ki, o təbrizli qızın paylaşımındakı
fars əlifbasıyla olan şərhləri anlamıram, -
qarı üfürüb təmizlədiyi qayçını
cibinə qoydu, - amma yəqin, o taydakılar da eyni şeyi
yazır, elə bil bu şeir mənə yazılıb, - deyə
qarı alçaldıcı qəhqəhədən birini də
çəkdi.
- Oxucunun
şeirdə özünü görməsindən təbii
heç nə yoxdu, sən söz tapmırsan
danışmağa.
Qarını qovurmuş kimi başımı silkələyib
özümə ikinci dəfə çay süzməyə
getdim. Kəklik,
kəpənək, gəlin gedək, kol dibinə... Yenə gözüm qızımın "Annecik,
odamdayım"la başlayan məktubuna sataşdı. Həmin
vaxt qarı əlindəki ip yumağıyla oynayırdı,
birdən yumaq əlindən düşüb mənim gözlərimin
qarşısına diyirləndi və bir anda
açılıb plakata çevrildi, orada neçə
gün əvvəl rastıma çıxan bir məlumat
yazılmışdı: "Freydin altı oğlu pəltək
olub, illər sonra Freyd sübut edib ki, pəltəkliyə səbəb
despot atadır". Dəhşətdir - deyə bu məlumatla
ilk tanış olanda olduğu kimi yenə
həyəcanlandım. Əlbəttə, dəhşətdir,
mənim məyusluğuma sevinən küpəgirən təsdiqlədi.
Birdən onun nəyə
çalışdığını anlayıb diksindim,
sağ əlimdə yuxarı qaldırdığım
çaydan, sol əlimdə fincan olduğu halda kadrı
dondurdum və o ifritəyə çımxırdım:
- Nə
demək istəyirsən, birincisi, bu məlumatın dəqiqliyindən
şübhəliyəm, ikincisi, mən Freyd deyiləm,
üçüncüsü də, övladlarımın
heç biri pəltək deyil.
- Əlbəttə,
Freyd deyilsən, - qarı birinci bəndi görmədən gəldi,
vicdanla desək, övladların da pəltək deyil, amma...
- Amma nə?
Amma yenə də despot ana sayılıram, eləmi?
Bunumu demək istəyirsən?
-
Qışqırma, qarşında kar-zad yoxdu.
Mən, gerçəkdən, düşüncəmdə
qışqırırdım, ya da
qışqıra-qışqıra
düşünürdüm, bilmirəm, hər nəysə,
inanmaya bilərsiz, əslində, özüm də bilmirəm,
bu necə baş verir.
Qarı özümdən çıxmağımdan məmnun
halda gülümsünüb gözdən itdi. Həmişə
mən qəzəblənməyə başlayanda belə edir.
Qorxub-eləmir, yox, gizlənir ki,
öz-özümlə dalaşırmış kimi
görünüm. Amma mən artıq onu
tanıyıram, nəyi niyə etdiyini gözəl bilirəm,
məqsədinə çata bilməyəcək.
Evdən çıxmaq üçün icazə
mesajı yazıb xaki rəngli gündəlik gödəkçəmi
və qırmızı krossovkalarımı geyinib həyətə
düşdüm. Yağışdan sonrakı dekabr günəşi
utancaq adamın gülüşünə bənzəyirdi.
Cavab mesajı gələnə qədər həyətdə
gəzişmək istəyirdim. Amma bu, nəzərdə
tutduğum kimi, futbolçuların oyundan əvvəlki isinmə
hərəkətlərinə bənzəməkdən
çox, dustaqların həbsxana həyətindəki gəzişməsini
xatırladırdı. Divar boyu sırayla
göyərmiş nərgizlər dekabra meydan oxuyurdu. Qəribədi, kollar xeyli
böyümüşdü, demək, neçə
gündür, həyətə belə
çıxmamışdım.
Bu toxumları iki-üç ay öncə səpmiş,
hər gün sulamış, gözümü ensiz torpaq
zolağına zilləyib günlərlə yaşıl
cücərti yolu gözləmişdim. Sonra
toxumların cücərəcəyindən əlimi
üzüb onları unutmuşdum. Budur,
qışın ilk günləri gül kolları nizamlı
qoşun kimi sıraya düzülmüşdü. Hər şey belədi, onu gözləməyəndə
gəlir.
Kəklik,
kəpənək... Yanımda hənirti hiss etdim. Çika idi, o, əvvəlcə yəqin ki,
yalnız heyvanlara məxsus bir cəldliklə bir neçə
dəfə məni iylədi, sonra ayaqlarımı yalamağa
başladı. Çika gəzməyə
çıxacağımı anlamışdı, onu da
özümlə aparmağım üçün
qılığıma girməyə
çalışırdı. Mən "Çikita,
ağıllı qız, olmaz" - deyib onu əzizləyir və
beləcə, qarşılıqlı şəkildə
bir-birimizə yaltaqlanırdıq. İtimizin
adını ispan dili tərcüməçisi olan
böyük qızım qoymuşdu. Çika
ispan dilində qız, Çikita isə qızcığaz deməkmiş.
Kənddə böyüsəm də, heyvanların xəstəlik
daşıyıcısı olduğunu iddia edən bir ata tərəfindən
tərbiyə almışdım və çox güman ki, elə
o səbəbdən qəribə bir heyvan fobiyam vardı. İndi
övladlarım narahat olmasın deyə, onları
yamsılayıb it-pişiyi əzizləsəm də, səmimi
olmadığımı təkcə uşaqlarım deyil,
heyvanlar da hiss edirdi. Ona görə həyətə
çıxan kimi Çika üstümə qaçıb min
bir oyun çıxarır, dal ayaqları üstə qalxıb
qabaq pəncələri ilə məni vururdu. "Səncə,
niyə?". Diksindim və
beynimin düz ortasında peyda olmuş qarını yenidən
gördüm. O, sakitcə ətəyinə
tökmüş tumu çırtlamaqla məşğuldu.
- Nədi,
indi də itə görə özümü günahkar
saymalıyam?
- Nə
olsun, o da canlıdı da.
- Əlbəttə, gül dərib incitdiyim budaq da
canlıdı, bircə mən cansızam.
- Nədən
narazısan, diqqət əskikliyinmi var? - qarı
tum qabıqlarını mənə sarı tüpürdü.
- Bircə
ondan razıyam ki, özümdən narazıyam - deməyəcəm,
əksinə, özümdən narazı olmağımdan
narazıyam. Bunu da edən sənsən. Neyləsəm, bəyənmirsən. Həyatımdan hamı razıdı, özümdən
başqa. Elə bil, kor bir rəssam gözəl
bir şəkil çəkib.
-
Çox təvazökarsınız.
-
Heç kimlə təvazökar olmaq haqda müqavilə
bağlamamışam, araya söz qatma, cavab ver,
uşaqlıqdan niyə beynimi doldururdun ki, əgər mənim
bir konfetim və bir dostum varsa, bu konfeti mütləq ona verməliyəm?
-
Paylaşmaq gözəldir, - reklam çarxlarında deyildiyi
kimi.
- Bu,
paylaşmaq deyil ki, bu özünün olanı özgəsinə
bağışlamaqdı, öz həyatında özünə
yer saxlamamaqdı, elə bil, evini qonaqla doldurmusan, özün
oturmağa stulun qalmayıb. Və bütün
günü onların qulluğunda durmalısan. Özünə vaxt ayırmadan.
Qarı
ikrahla üz-gözünü turşutdu:
- Bunu sənmi
deyirsən, eləmi, saatlarla otağından
çıxmayıb, başını kitablardan qaldırmayan adam?
- Onda da
qulağımın dibində bayırda çoxlu işlərimin
tökülüb qalması haqda üyüdüb-tökürsən,
artıq öz dünyası olan uşaqlarımı diqqətsiz
qoymağım mövzusunda mühazirə oxuyursan.
- Mən
sadəcə, uşaqların bir az da məmnun
olsun istəyirəm.
- Bir dəfə
də məmnun olmasınlar, olmazmı? Bir dəfə
də mən məmnun olum. Niyə daim
başqalarını düşünməliyəm? Məni
kim düşünəcək? Niyə mən həm ən ağıllı
övlad, həm də ən anlayışlı ana
olmalıyam? Niyə sən məcbur edirdin
ki, bütün müəllimlərin ən sevimli tələbəsi
olum, indi də bütün şagirdlərin ən sevimli
müəllimi olmalıyam? Niyə qonaq
çağırıldığım verilişdə ən gözəl
cavabı, aparıcısı olduğum verilişdə ən
maraqlı sualı verməliyəm? Niyə
yaxşı oxucu olduğumu boynuma qoyub indi də yaxşı
yazar olmağımı istəyirsən? Niyə
sükan arxasında da, piyada da olanda mən yol verməliyəm?
Niyə özümdən balaca bacımla da,
özümdən böyük qardaşımla da ən
anlayışlı mən davranmalıyam? Niyə
sevgidə sədaqətli, dostluqda fədakar, düşmənlikdə
bağışlayan və rəhm edən tərəf
olmalıyam? Niyə ən ləziz yeməklər
bişirməli, şəkillərdə ən yaxşı mən
düşməli, ən maraqlı statusları mən
yazmalıyam? Nədi bu mükəmməllik
eşqi?
- Sakit ol,
mən, sadəcə, sənin qüsursuz olmanı istəyirəm.
-
Özün də bilirsən ki, qüsursuz insan mövcud
olmayan insandı. Bu, sadəcə, mümkün
deyil. Mən insanam, mələk ola
bilmərəm.
- Ola bilərdin,
amma qanadlarını öz əlinlə qırmasaydın.
- Yenə
başladın, eləmi? Bəli, mən
qanadlarımdan özüm imtina etmişəm, mənə mane
olan epoletlər kimi çiynimdən qoparıb atmışam.
Nə deyirsən de, bir şeytanın məni mələk
olmamaqda qınağına görə dərd çəkməyəcəm!
-
Çox sağ ol, şeytanmı olduq indi
də? Mən sənin vicdanının səsiyəm,
sadəcə, hərdən ədalət məhkəməsi
qururam.
- Sən
vicdanın səsi-zad deyilsən, sən bədbəxtliyə
məhkum bir cəmiyyətin mənim beynimdəki casususan,
qurduğun da ədalət yox, əsarət məhkəməsidi.
Bilirsənmi, bunu nə zaman anladım?
- Nə
zaman? Qarının səsi elə bil quyudan gəldi.
-
Yadındadı, bir dəfə sən hansısa mənasız
bir səbəblə, öz axmaq suçlamalarınla məni
depressiyaya salmışdın, başımda oturub-durmadan əzablarımı
artırırdın? O gün yazar dostlardan biri
"feysbuk"da belə bir status paylaşmışdı:
"Günah elə bir süfrədir ki, əvvəl-axır
hamı ora əlini uzadır", yadındamı, mən sənin
diktənlə o statusa şərh yazdım? "Əvvəl-axır,
necə də kədərlidi...". Yadındadımı, həmin yazar mənim şərhimə
dərhal cavab yazdı ki, kədərli niyə, kədərli
insanın günahı tanımadan dünyadan köçməsi
olardı. Bax onda mən sənin illərdi
mənə yalan danışdığını anladım.
Mən onda o cümlədən
yapışıb depressiyadan çıxdım. Anladım ki, sənin çiyinlərimə
qoyduğun yük çox ağırdı, yorulub yolda qalmayım
deyə, onu yerə qoymalıyam. Sən mənə ağ köynəklə bataqlıqlarla əhatə
olunmuş bir yerdə üstümü təmiz
saxlamağı tapşırırsan, bataqlıq ətrafında
üstünü çirkləndirmədən yaşamağa
çalışmaq cəhənnəm əzabıdı, bunu
bilirsənmi? Yanımdan çirkabı gözə almayan rahat
adamlar keçir, çamuru üstümə
çıldırlatırlar, sonra da özü çirkab
içində olanlar üstümdəki nöqtəyə
baxıb gülürlər və sən buna görə mənə
əzab verirsən, özü də illərlə...
- Daha
ehtiyatlı olmaq olardı.
- Bəlkə
də, amma bu, yaşamaq yox, nəsə başqa bir şey olardı.
- Sənə
belə məntiqli düşünüb, düzgün nəticə
çıxarmağı da mən öyrətmişəm.
- Öyrətməz
olsaydın. Mən həyatı çətin
bir tapmaca kimi çözməkdən yorulmuşam. Sonra da onu bədii cümlələrlə ifadə
etməkdən. Ətrafımdakı
bütün hadisələri, bütün insanları, kimin
hansı sözü niyə deməsini, kimin niyyətinin nə
olmasını, kimin əslində nə demək istədiyini
düşünməkdən. Adamların
danışdıqları azmış kimi, sən mənə
onların üz ifadələrindən fikirlərini
oxumağı da öyrətdin. İndi mən
onları dinləyərkən düşüncələrini də
alt yazı kimi oxuyuram. Danışdıqları
yalanlara onların əvəzinə utanır, sonra alicənab
moduna girib onları bağışlayır, sonra empati qururam.
Hamıya, hər kəsə. Bütün
nasistlərə, passiv aqressivlərə, sosyapatlara, nadanlara,
çətin tərbiyə olunan şagirdlərə, onların
artıq tərbiyəsi mümkün olmayan analarına...
- Qanan
qanmaza borcludu, - qarı cavanlıqda işlədiyim məktəbin
qadın direktoruna çevrilmişdi.
- Təkcə
qanmazlara yox ki. Hamıya borcluyam mən. Evim olduğuna görə bomja, işim olduğuna
görə işsizə, övladım olduğuna görə
sonsuza borclu hiss edirəm özümü. Mağazadan bir
zavod çörəyi, bir bitki yağı alan
kişidən ondan daha çox bazarlıq etdiyimə görə
utanan duruma gətirmisən məni. Dilənçiyə
verəcək pulum yoxdusa, yanından keçməyim deyə,
yolumu dəyişəcək vəziyyətə salmısan.
Baxmayaraq ki, ən azından, həmin an o, məndən
daha varlıdı.
- Məsələ
pulsuzluqda deyil ki, dilənçilikdədi.
- Tamam. Ona acımaq insanlıq vəzifəmdi, tutaq ki.
Yolumu niyə dəyişməliyəm?
- Onun dayandığı
yerdə bir çala da olsa, yenə də ordan getmə, təhlükəlidi,
- deyərdim. Sənə görə edirəm,
acımayasan, ürəyin ağrımasın deyə.
Psixoloqunun dediyidi də, müdafiə mexanizmi...
- Rahat
burax məni, daim qorxuda saxlamaqdansa, həyatıma
qarışma, qoy istədiyim qədər acıyım, vicdan əzabı
çəkim, səhv edim, hərdən şöhrətpərəstlik
damarım tutsun, hərdən qeyri-təvazökarlığım,
hərdən eqom, hərdən kimisə anlamaqda çətinlik
çəkim, hansısa məsələdə aldanım,
haçansa mən də haqsız olum. Amma yox, mənə
olmaz. Mən ancaq formada olmalıyam, daim bəşəri
mövzularda düşünməli, payız gələndə
öz melanxolik ruh havamı ritmə salmalı, metroda
gördüyüm kədərli bir qız uşağına
şeir yazmalıyam. Sinif otağında
mübtədanın ifadə vasitələrini izah edərkən
paralel olaraq hansısa yazımın sonluğu haqda
düşünməliyəm, "feysbuk"da maarifləndirmə
işi aparmalıyam. Don Kixot kimi yel dəyirmanlarıyla
vuruşmalıyam. Əvəzində əşyalarıma
ögey davranıb nəyi hara qoyduğumu unutmalıyam.
- Hər
kəsin bir missiyası var həyatda, - qarı indi də
atamın illərdi eşitmədiyim mehriban səsiylə
danışmağa başladı, - sən bacararsan, sən
güclüsən.
-
Güclü-zad deyiləm mən. Niyə bütün rinqlərdə
mütləq qalib olmalıyam, uduzmaq bir yana,
heç-heçədən belə söhbət gedə bilməz.
Və bütün bunları ətrafımda heç kim hiss etməməlidir. Və mən
həm də işə gecikməməli, həm də həyatdan
geri qalmamalıyam və həm də qızım narahat
olmamalıdı.
- Sənin
övladlarına sənətin maraqlı deyil, sən birinci
növbədə anasan.
Diksindim, qarı bu dəfə ən qorxduğum sonuncu əclaflığına,
ən dəhşətli fəndə əl atmışdı,
yanılmamışdım, anamın səsiydi.
Başımı qaldırıb bu qoca ifritənin ilan
gözlərinə bənzəyən iti baxışlı
gözlərinə dimdik baxdım. Qarı
çaşdı, o, nə vaxt anamı yadıma salsa, mən
yaramın qanamasından qorxub söhbətdən qaçar,
mövzunu dəyişərdim. Və zəif
yerimi bilən küpəgirən hər dəfə daha
çox yaramı qanadar, məni həkimlərin anamın
diaqnozunu gec qoymasından tutmuş, altmış üç
yaşında dünyadan köçməsinə qədər
hər şeydə günahlandırardı. Və o
vaxtdan bu məxluqun yanında özümü günahkar hiss
edərdim. Ona görə indi təmkinlə ona
baxdığımı görən qarını qəzəbqarışıq
çaşqınlıq bürüdü.
- Sənə
anamı xatırlatmağı, onun haqqında nəsə
müzakirə eləməyi qadağan edirəm.
Qarı əvvəlcə üz-gözünü
bürüşdürdü, sonra bütün bədəni
büzüşməyə başladı və üstünə
duz tökülən ilbiz kimi tədricən əriyib yox oldu.
Bir də ayıldım ki, cani-dildən Çikanın
başını sığallayıram. Hibrid pitbul
cinsindən olan yaraşıqlı heyvan önümdə
sakitcə şöngüyüb iri gözlərini
üzümə dikmişdi. "Çika,
ağıllı qız, icazə ver, gedim".
Çika yenə şitəndi, önümə düşüb
qapıya doğru getməyə, quyruğunu "yox" mənasında
sağa-sola yelləməyə başladı. Elə bu zaman
yanımızdan lap alçaqdan bir sərçə
uçdu. Cika məni unudub sərçənin
dalınca cumdu. Mən ağzıyla
quş tutmaq istəyən itimizə gülə-gülə
özümü tələsik küçəyə atdım.
Bu, cəsarətini toplayıb dənizə
tullanmaq kimiydi. Beynim ləpəsiz və təlatümsüz dəniz
kimi sakit idi. Qarı
görünmürdü, yəqin ki, məni həmişəlik
özümlə tək buraxıb getmişdi. Belə lazımdı, "Gerçək hər
zaman təkdir".
Bir azdan magistral yolun aşağısındakı park zolağına
çatacaq, Bakının şimal girəcəyinə
doğru şütüyən maşınlarla paralel yeriyəcəkdim. Nə
vaxtdı mənə heç bir addım atmadığım
üçün mesajlar göndərən telefonum ləzzətlə
addımlarımı sayanda mən gözəl bir
görüntü çəkib işdə olan qızıma
göndərəcəkdim. Bir saat sonra dincəlmiş
halda geri dönüb şagirdlərimə - oğluma və
sinif yoldaşlarına qoşulub həvəslə hansısa
ibrətamiz hekayənin ideyasını müəyyənləşdirəcəkdik.
Yəqin ki, Murakaminin qadın qəhrəmanı
təhlükəsizlik pilləkəninin başında
yalın ayaqla dayanıb məni hələ xeyli gözləməli
olacaqdı.
Səhər
ƏHMƏD
Ədəbiyyat qəzeti.-
2021.- 7 avqust.- S.6-8