Ədəbiyyat və aktuallığını
itirməyən qadın
emansipasiyası
Hər nə qədər ədəbiyyata
tərs bir davranış şəkli
olsa da, qadına şiddət mövzusunun işləndiyi sahələrdən
biri də ədəbiyyatdır. Xüsusilə təhkiyəli əsərlərdə
örnəklərinə tez-tez
rast gəldiyimiz cinsi, fiziki və
psixoloji şiddət mövzusunun roman, hekayə,
povest, tamaşa və filmlərdə fərqli rakurslardan işləndiyini görürük.
Həm yerli ədəbiyyatımıza,
həm də dünya ədəbiyyatına nəzər
salanda fiziki və psixoloji şiddət motivlərinin
xeyli zəngin olduğunu görmək mümkündür. Çünki şiddət bir yazıçı üçün
əsla qaçırılmayacaq
xammaldır. Psixoloji şiddət
insanı cəmiyyətdən
təcrid etməyə,
qorxutmağa çalışmaq
və bu yollarla qarşısındakı
insana zərər verməkdir. Məqsəd zərərçəkən qadını
iqtisadi baxımdan ələbaxımlı etməkdir.
Psixoloji şiddət nümunələrində
çox zaman ilk baxışdan zorakılığa
dair heç bir izə rast
gəlinmir. Ədəbiyyatımızda
psixolji şiddət nümunələrindən Cəfər
Cabbarlının "Sevil"
pyesini misal çəkmək olar.
Əsərdə savadsız evdar
qadın olan Sevilə əri Balaş psixoloji şiddət göstərir.
Onu daima geyiminə, savadsız olmasına görə aşağılayır.
Qonaqların yanında pərt
edir. Pula həris
olan Balaş Sevildən fərqli olaraq müasir geyinən, kişi
məcilislərində başıaçıq
oturub onlarla birlikdə badə qaldıran varlı qadın Dilbərə aşiq olur. Balaşın Sevili evdən
qovub, onu övladından ayırması
isə qadına qarşı tətbiq edilən psixoloji şiddətdir. Cəfər
Cabbarlının qələmə
aldığı "Almaz" pyesində isə qadına qarşı yönələn
həm psixoloji, həm cinsi zorakılıq nümunələrinə
rast gəlirik. Əsərdə təhsil görmüş
gənc müəllimə
Almaz işləmək
üçün gəldiyi
ucqar dağ kəndində, kəndin mühafizəkar əhalisi
tərəfindən psixoloji
şiddətə məruz
qoyulur. Çünki Almaz kənddə
əzilən qadınların
haqlarını müdafiə
edir. Almazın ömür boyu kişi hegemonluğuna
səssiz-səmirsiz təslim
olan qadınların gözünü açması
kənd kişilərinin
ürəyincə deyildi.
Ona görə də onu qadınları əxlaqsız yola çəkməkdə ittiham
edirlər. Pyesdə cinsi
zorakılığa məruz
qalan obraz isə məsciddə molla tərəfindən zorlanaraq hamilə qalan, amma qorxusundan
səsini çıxara
bilməyən Yaxşıdır.
Böyük Azərbaycan maarifçisi İsmayıl bəy Qutqaşınlının
qələmə aldığı
"Rəşid bəy
və Səadət xanım" povestində
isə qadına qarşı yönələn
mənəvi zorakılıq
var. Əsərin qəhrəmanı
Səadət xanım
Rəşid bəyi sevir, amma atası
onu varlı Əsgər ağaya vermək istəyir. Öz xoşbəxtliyi uğrunda mübarizə aparmaq ixtiyarı olmayan Səadət
xanım atasına intihar cəhdi ilə etiraz edir.
Mirzə Fətəli Axundovun da bir çox əsərlərində qadına
qarşı şiddətin
bir sıra növlərini görürük. O həm
komediyalarında, həm
də qələmə
aldığı məqalələrində
qadınların üzləşdikləri
məişət zorakılığı,
məcburi nikahlar və uşaq istismarlarına toxunur.
İsmayıl Şıxlının "Dəli
Kür" romanında
qadına qarşı
şiddətin daha dəhşətli nümunələrini
görürük. Nüfuzlu
mülkədar Cahandar
ağa kişi
hegemonluğuna söykənən
davranışları ilə
ailəsindəki bütün
qadınlara qarşı
şiddət tətbiq
edir. Cahandar ağa
Allahyarın həyat yoldaşı Mələyi
atının tərkinə
alıb zorla qaçırır. Əsərin gedişatında hər nə qədər Mələyin Cahandar ağanın ikinci həyat yoldaşı olmasından məmnunluq duyduğu göstərilsə
də, əslində,
bu, zorla qaçırılan qadının
baş verənlərə
təslim olmaqdan başqa çıxış
yolunun olmamasıdır.
Dövrün mövcud ənənə
və dini baxışları Mələyin
düşdüyü vəziyyətə
etiraz haqqını məhdudlaşdırır. Mələk yaxşı bilir ki, Allahyarın yanına geri qayıda bilməz. Çünki namus məsələsi
adıyla Allahyar onu onsuz da sağ
buraxmayacaq. Heç bir
təhsili, savadı olmayan Mələyin mülkədarın ikinci qadını olmaqdan yaxşı çıxış
yolu yoxdur. Amma Mələyin günü Cahandar ağanın evində o qədər də xoş keçmir. Cahandar ağanın birinci
həyat yoldaşının
təzyiqlərinə də
dözmək məcburiyyətindədir.
Zərnigar ərinə heç
bir etiraz etmək haqqına sahib olmadığı üçün
bütün hirsini Mələkdən alır.
Onu təhqir etməklə psixoloji, şillə vurub, üstünə xəncər çəkməklə
fiziki şiddət tətbiq edir. Cahandar ağanın ətrafındakı
heç bir qadın xoşbəxt deyil. Cahandar ağanın qəzəbinə
tuş gələn Molla Sidqi ondan
qisas almaq üçün bacısı
Şahnigardan istifadə
edir. Cahandar ağa bacısının
meyxana məclisində
iştirak etməsini həzm edə bilmir və onun həyatına son qoyur. Əsərin bu yerində
intihar bəzəyi verilən bir qadın cinayəti görürük.
Səməd Vurğunun "Komsomol poeması"nda da qadına
şiddət motivi görmək mümkündür. Humay atası
Gəray bəyin və mövcud mental dəyərlərin dəhşətli
təzyiqi altında bir ömür keçirir. Onun yaşadığı
dünyada azadlıq yoxdur. Sevgisini belə qorxa-qorxa
yaşayır. Bütün bunlar
Humayın psixoloji şiddət içərisində
olduğunu göstərir.
Sonda isə Cəlalın ölümünə səbəb
olmaqda ittiham edilərək kənd meydanında Bəxtiyar tərəfindən qamçılanaraq
fiziki şiddətə
məruz qalır.
Heç
bir günahı olmadığı halda, özü də Cəlalın ölümündə
günahkar olduğuna
inanır. Hiss etdiyi
vicdan əzabı və Cəlalın yoxluğu onu intihara sürükləyir.
Dünya ədəbiyyatına nəzər
saldıqda Fyodor Dostoyevskinin
öz əsərlərində
mütəmadi olaraq qadınlara və uşaqlara yönələn
cinsi, fiziki şiddət mövzusuna müraciət etməsi diqqət çəkir. Onun qələmə
aldığı "Karamazov qardaşları" romanının
qadın qəhrəmanı
Qruşenka hələ
balaca qız olarkən təcavüzə
məruz qalır.
Türk ədəbiyyatında da qadına
qarşı şiddət
mövzularına tez-tez
rast gəlirik. Məsələn,
Sami Paşazadə Sezainin
qələmə aldığı
"Toy" adlı hekayəsində
cariyə Dilistan ev sahibi Behçet bəy tərəfindən
həm mənəvi, həm cinsi zorakılığa məruz qalır. Türk ədəbiyyatının
digər usta yazıçılarından olan
Xalid Ziya Uşaqlıgilin "Qırıq
həyatları"nda Ömər
Behiçin evində qulluqçu işləyən
Suzan əri tərəfindən
tez-tez fiziki şiddətə məruz
qalır.
Göründüyü kimi, qadına şiddət yazıçıların
tez-tez müraciət etdiyi mövzudur. Amma onlar əsərlərində
şiddət motivlərini
göstərməklə, əslində,
hər zaman şiddətə, qadın
cinayətlərinə, qadınların
cəmiyyətdə haqq
sahibi ola
bilməməsinə qarşı
çıxıblar. Yuxarıda adını
qeyd etdiyim əsərlərdə şiddətə
əl atan insanlar əsasən sevgisiz, pul hərisi,
qısqanc, kobud və əxlaqsız insanlardır. Bu əsərlərdə də,
elə real həyatda
da sahiblənmə və
hökmranlıq hissinin
əsirinə çevrilən
kişilər üçün
şiddət öz gücünü sübut etməyin ən təsirli yollardan biri olaraq ortaya
çıxır. Üzərindən illər keçməsinə
baxmayaraq qadına şiddət mövzusu hələ də dünyada aktuallığını
itirməyən problemlərdən
biridir.
Qadına şiddət mövzusuna toxunan bütün yazıçılar əsərlərdə
cinsi və fiziki şiddəti meydana gətirən səbəblərə, insani
münasibətlərə və
bu münasibətlərin
insan psixologiyasında
necə aşınmalar
yaratdığına diqqət
çəkməklə insanlara
ayna tutur. Hərdən
belə bir sual yaranır: "Ədəbiyyat insanlığı
xilas edə bilərmi?". Əgər cəhalətdən, sadist ruhlardan
xilas olmağa istəkli cəmiyyətlər
çox olsa, bəlkə də, elə insanların xilas yolu ədəbiyyatdan
keçir. Çünki ədəbiyyat həyatı
və insanları əks etdirən dayanmadan axan bir çeşmədir.
Bu çeşmədən qidalanan baxış başqa cür baxacaq, dil başqa
cür danışacaq.
Günel MUSA
Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.9.