Küknar
Ağacların köks ötürdüyü
yerdə əkdik kölgə röyaları,
Sən görə
bildinmi o qaranlıqda?
Əkdik
torpağa sevinci kədərimizlə yan-yana,
Göyərdi röyadan bulud rəngində çərpələng...
Göyərdi kədər...
Göyərdi göy üzü...
Sən görə
bildinmi yağışın
ayaq izini səhrada?
Görə bildinmi sovrulan küləyi?
Sən,
ey röyası yerə basdırılmış...
Sən,
ey məmləkətdə
özgə,
Küknar
kimi əzmkar,
ərköyün bir ağcaqayıntək
Aç
qollarını,
Yayılsın dünyaya yaşıl...
Qürbətin soyuqluğuna,
Dənizin qürubuna ək
keçmişi,
Dəfn
et vətəni,
Dili,
Cəmiyyəti.
Ah çək alovlansın qaranlıqdakı fənər!
Ah çək qaralsın işıqda pərdələr...
Sən görə
bildinmi o qaranlıqda ümidi?
Sən görə
bildinmi o işıqda
məni?
***
Gözlərinə inansan,
yerdə gördüyün
daş da etirazdır,
Atılır gölə, pozur
sükutu...
Susqunlar
vadisində,
Səhrada bitən ağ gül də güllədir,
boy atır, ucalır göy üzünə...
Gərək bezməsin insan
ürəyi,
gərək yorulmasın
yollar ayaqlarından...
yoxsa qayıtmaz gedənlər də,
yoxsa biryolluq yol kimi gedərik
sonsuzluğa...
Gözlərinə inansan,
Adının sinonimidir yağmur,
Əllərinin antonimidir şimşəklər
Çaxır göyə pozur
yuxumu
Aşıb-daşır sel kimi yoxsul kəndlərin
üstünə,
Axşamların üstünə...
Üfüqlərin üstünə...
İnan
gözlərinə,
Boş bir məzar kimi,
İçimdə dincəlməyə kimsəni
axtarıram qapı-qapı...
Sonsuz bir qadın döl şəkillərini
sevdiyi kimi...
Qumarbazların son masada şansı axtardığı
kimi...
Ax... hardan doğacaq unudulmuş günəş?
Harda batacaq bu səs?
Bilsən
bir,
keçək gecənin
o tayına deməyim gələr...
Amma susub keçərəm...
Amma özümü söz qapısı kimi bağlaram
rəfdən götürülməyən
kitab misalı,
vərəqləmərəm yaddaşı,
xatırlamaram keçmişi...
Özümü açar kimi tullayıram qaranlıq quyulara!
Bilsən
bir,
bəzən eşitməzsən
səsimi,
susaram...
Gedib başqa
küçələrdə bulud kimi yağaram.
Bilsən,
Bəzən ölərəm,
boş bir məzar kimi,
İçimdə dincəlməyə kimsəni
axtararam...
Ümid Nəccari
Ədəbiyyat qəzeti.-
2021.- 7 avqust.- S.11.