İşıldaquş
Unutmağa çalışsa da bacarmırdı. Fikri-zikri ancaq
Gülay idi. Tez-tez qızın zəng etməsi,
şirin-şirin danışığı Cəlilin getdikcə
qıza daha çox bağlanmasına səbəb olurdu.
Həsrət Cəlilin içini göynətsə
də yenə unutmaq haqda düşünürdü. Çünki qız zəngləri və telefon
danışıqları ilə ümidverici işartılar
yaratsa da "səni sevirəm" sözünü dilinə
gətirmirdi. Gülayın bu cür hərəkətləri
Cəlili bir fikrə gətirirdi: "Bu qız boş
vaxtını keçirməyə adam
axtarır". Elə ki, Cəlilin hissləri
korşalmağa başlayanda Gülayın çalınan
telefon zəngi sanki yenidən öləzimiş közərtinin
alovlanmasına səbəb olurdu.
Gecə yarıdan keçibdir. Cəlil yenicə
yatağına uzanmışdı. Yanındakı
dolabın üstünə qoyduğu telefon səsləndi.
"Allah eləyə Gülay ola" fikri
ilə sevincək telefonu götürüb düyməni
basdı. Ekranda Gülayın telefon nömrəsini
görən kimi telefonu öpüb qulağına tutdu və zərif,
incə, sehirli bir səs özü ilə birgə sanki
dünyalarca sevinc bəxş etdi.
-
Axşamınız xeyir. Cəlil,
yatmışdınız?
- Yox, elə
yenicə uzanmışdım.
- Bəs,
nə yaxşı yatmamısınız?
- Sizin
haqqınızda fikirləşirdim, Gülay.
- Gecə
yarıdan keçibdi. Bu vaxtı mənim
haqqımda nə fikirləşirdiniz? - deyən
Gülayın gülüş səsi eşidildi.
-
Heç bir şey. Onu fikirləşirdim ki, tale
sizi hardan mənim yolumun üstünə çıxartdı.
Yaxşı, mən sizin barənizdə fikirləşirdim,
ona görə yatmamışam. Bəs siz
nə üçün yatmamısınız? Yoxsa, siz də mənim barəmdə
düşünürdünüz?
- Yox, yox!
Nə danışırsınız? Sadəcə, yuxum gəlmirdi. Dedim zəng edim
görüm necəsiniz?
-
Gülay, başa düşə bilmirəm, nə
üçün mənə qarşı olan hisslərinizi
etiraf etməyi bacarmırsınız?
- Cəlil,
sizdən xahiş edirəm bir də mənə, "etiraf etməyi
bacarmırsan", deməyin. "Etiraf etməyi
bacarmırsan" sözü mənim əsəblərimə
toxunur. Çünki məni tanıyan hər bir adam məhz ilk öncə mənim bu xasiyyətimi
bəyənir və qiymətləndirir. Doğrudan
da məni tanımamısınız. Bir də
ki, mən nə lazımdırsa hər şeyi etiraf etmişəm.
Yenə deyirəm, sizin xətrinizi çox istəyirəm
və sizə böyük hörmətim var.
- Sağ
ol, Gülay, hörmətiniz artıq olsun. Xətrimi
istədiyiniz üçün tez-tez zəng edib əhvalımı
soruşursunuz. Qayğınıza görə
sizə dərin təşəkkür edirəm, - deyən Cəlil
səsindəki kinayəni gizlədə bilmədi.
- Nədi,
xətrinizə dəyirsə bir daha zəng etmərəm.
(Gülayın içindən bir qorxu keçdi:
"İlahi, birdən deyər ki, bir daha mənə zəng
etmə". Onda neynəyim?)
- Yox,
tez-tez zəng edin. Üzünüzü görməsəm
də, heç olmasa səsinizi eşidim.
- Yəni,
elə gözələm ki, üzümü görmək
üçün həsrət çəkirsiniz? - deyən Gülayın şirin gülüşü
Cəlilin içində ağlagəlməz dəli bir həvəs,
"Gülayı görmək, onun üzünə
tökülmüş saçlarının ətrini iyləmək"
- oyatdı.
-
Gülay, gözəl olduğunuzu bilmək üçün,
həmişə özünüzə Cəlilin gözü
ilə baxın.
- Oldu,
baş üstə!
- İndi bütün gecəni sizinlə "keçirəcəyəm". Bəs siz necə?
- Cəlil soruşdu.
- Mən...
(bir anlığa Gülay susdu. Sanki cavab verməyə çətinlik çəkirdi.
Handan-hana dilləndi.) Heç
bir şey, durub yatıram. Bağışla
narahat etdim. Gecəniz xeyrə qalsın!
***
Yatağında aranı dağa, dağı arana
daşıyan Cəlil nə vaxt yuxuya getdiyini bilmədi. Gördü
ki, gözəl bir çəmənlikdə tənha bir
ağacın altında dayanan Gülayın
baxışları uzaqlara zillənibdi. Cəlil
tez bir dəstə çiçək toplayıb Gülaya tərəf
getməyə başladı. Gülayın
yanına çatan Cəlil "Salam, necəsiniz? Burda niyə durmusunuz?" - dedi.
- Sağ
olun, yaxşıyam. Sizi gözləyirəm, - deyən
Gülay incik-incik cavab verdi.
- Bəs
necə məni gözləyirsiniz ki, mənim xəbərim
yoxdur?
- Cəlil,
siz mənim hisslərimi başa düşmürsünüz. Bilmirsiniz ki, mən sizinlə nəfəs alıram?
- Gülay üzünü yana çevirdi.
Cəlil yaxınlaşıb Gülayın boynunu
qucaqlayıb başını sinəsinə sıxdı və
xurmayı saçlarının ətrini sinəsinə
çəkdi.
Gülayın yanaqları ilə axan göz
yaşlarını görən Cəlil tez cib dəsmalını
çıxarıb onu sildi və qızın qara gözlərinə
baxdı. Həmin qara gözlərin
çiçəkləyən baxışlarında öz əksini
görən Cəlil Gülayın dəli bir həsrətdən
alışıb yanan nazik dodaqlarının alovunu öz
dodaqları ilə söndürməyə başladı.
Bir azdan Gülayın titrəyən nazik bədəni
Cəlilən qolları arasında sevincdən
aşıb-daşırdı.
-
Gülay, dilin ilə "sevirəm" demirsən, amma gəlib
burada məni gözləyirsən? Bunu necə
başa düşək? - deyən Cəlil
Gülayın köksünə sığınmış
nazik çənəsini qaldıraraq nəmli qara gözlərindən
öpdü.
Köksünü
ötürən Gülay "Sən bilmirsən, qızlar
öz sevgilərini dilə gətirmirlər.
"Səni sevirəm" demək qadının
alçalması deməkdir. Biz qızlar
"səni sevirəm" sözünü hərəkətlərimizlə,
baxışlarımızla deyirik. Mən dəfələrlə
sənə "Sənsiz yaşaya bilmirəm"
sözünü demişəm" - dedi və isti nəfəsi
ilə Cəlilin boyun-boğazında gəzindi.
- Demək,
sən həmişə mənim yolumu gözləyirsən, eləmi?
- deyən Cəlil qızı daha da
köksünə sıxdı.
- Bil və
agah ol, mənim gözlərim həmişə sənin
yollarına tikilidi. Sənsiz keçən hər
dəqiqəm bir ilə bənzəyir, - deyən
Gülayı Cəlil sevincək sinəsinə sıxdı.
Qara gözlərindən öpmək istəyəndə
baxdı ki, qolları arasında yorğandı. Bir xeyli gördüyü yuxunun təsiri altında
qalan Cəlil özünə gəldi və divardan
asılmış saata baxdı. Saat
altıya işləyirdi. Bir azdan hava tam
işıqlanacaqdır.
"Yox, düz deyir. Gülay mənim yolumu
gözləyir. Yazıq qız,
görür ki, başa düşmürəm, axırı
yuxuma gəlib məni başa salır. Elə
mən də tutmuşam ki, nə var, nə var, gərək
dilinlə deyəsən ki, səni sevirəm. Telefon zəngləri ilə, söhbətləri ilə
deyir də. Yox, gedirəm Gülayı
çağırıb görüşəcəm. Günortaya yanındayam, Gülay!" - deyən Cəlil qalxıb paltarını
geyindi.
***
"Mersedes" rahat yolla irəliləyir. Maşının
radiosundan salona yayılan Məhəbbət Kazımovun məlahətli
səsi Cəlili ətraf aləmdən təcrid eləyibdi.
Yolun kənarında bir-birini əvəz edən
küknar, şam, çinar ağacları, elektrik dirəkləri
də səhərin təmiz havasında sanki sevincdən rəqs
edir və Cəlilın sevincinə qoşulurlar. Yolun kənarında yol boyu göz işlətdikcə
uzanıb gedən səhraya bənzər şoran torpaqlar elə
bil ki, Cəlilin gözündə başdan-ayağa
gül-çiçəyə bürünmüşdü.
Birdən Cəlilin gözü yol kənarında
yüksək gərginlikli elektrik dirəyinin başında
qurulmuş yuvada dayanmış iki leyləyə
sataşdı. Leyləyin biri uzun dimdiyi ilə o birisinin
boyun-boğazını sığallayır, aradan bir az keçmiş sığallanan leylək sanki
bu nəvazişdən xoşallandığını bildirmək
məqsədi ilə dimdiyi ilə öz həmcinsini
"sığallamağa" başlayır. Bu
mənzərəni seyr edən Cəlilin gözünün
önünə Gülay gəldi.
"Uzaqda görünən Gülay incə, zərif
qollarını açaraq gülə-gülə "Gəl,
Cəlil, tez gəl. Yaman sənsizləmişəm. Həsrətinə dözə bilmirəm. Tez gəl, səni qucaqlayıb köksümə
sıxım. Heç bilirsən
qollarım, köksüm, dodaqlarım sənin həsrətindən
ilan kimi qıvrılır. Həsrətini
çəkdiyin xurmayı saçlarım əllərinin
sığalından süzülən məhəbbətin təması
üçün göyüm-göyüm göynəyir.
Sənsiz öldüm axı, ay insafsız, tez gəl..."
Maşın irəlilədikcə Gülay daha da
uzaqlaşır. Maşın artıq dənizin kənarı
ilə irəliləyir. Mavi suların üzəri ilə
addımlayan, əl eyləyən Gülay: "Bax, Cəlil, mən
Su pərisiyəm. Sən də gəl yanıma!
- Sən
nə vaxtdan Su pərisi oldun? Bəs mən sənə
necə qovuşacağam? - Cəlil məyus-məyus dilləndi.
- Qorxma,
bizim məhəbbətimiz ilahi məhəbbət olduğu
üçün Tanrı məni Su pərisinə - yarı
balıq, yarı insan cildinə saldı. Səni
də bu formaya salacaq. Ondan sonra biz
qovuşacağıq. Bizim eşqimiz də
özümüz kimi təmiz olduğuna görə, Yaradan
insanlar arasında yaşamağı məsləhət bilmədi.
Bütün çirkabları təmizləyən bu mavi
dənizin qoynunu bizə doğma məkan seçdi. Ona görə
Tanrıya çox şükürlər olsun. Gəl, gəl bu mavi suların qoynunda məhəbbətimizin
mavi dünyasında qovuşaq, əzizim".
Maşının qəflətən dənizin kənarından
şəhərə tərəf yola burulması Cəlili
özünə qaytardı.
Bir azdan maşından düşən Cəlil saata
baxdı.
Günortaya az qalırdı. Ürəyi köksünə
sığmırdı.
"Gülayla bir şəhərdəyəm. Necə də Gülayın
nəfəsini hiss edirəm. Burnuma
Gülayın saçlarının qoxusu gəlir. Bir azdan ətri burnuma gələn saçların
özünü sığallayıb öpəcəm".
Xoşbəxt anları xəyalında canlandıran Cəlil
telefonu çıxardıb Gülayın nömrəsini
yığdı.
- Alo,
Gülay, salam, necəsən?
-
Çox sağ ol, Cəlil. Yaxşıyam.
-
Gülay şəhərdəyəm. Gəldiyim bir az olar. Vaxtınız varsa,
beş-on dəqiqəlik görüşək? - deyən Cəlil, sanki telefondan gələn
cavabdan asılı idi.
- Cəlil,
gələ bilməyəcəyəm. Həm
qonağım var, həm də rəfiqəmgilə gedəcəyəm.
Bir anlığa nə deyəcəyini bilməyən Cəlilə
elə gəldi ki, binalar uçub üstünə
töküldü, parkdakı ağaclar böyrü üstə
yıxıldı. Birtəhər özünü ələ alan Cəlil dedi:
-
Gülay, bəs yaxşı, bu qədər yolu sizinlə
görüşmək üçün gəlmişəm. Yəni olmaz beş-on dəqiqəliyə gələsiniz,
sizi görəm, sonra qayıdam? Səsindəki
əsəb qarışıq kövrəkliyi gizlədə
bilməyən Cəlil, ümidini itirməyərək yenidən
telefona diqqət kəsildi.
- Cəlil,
mən sizə deməmişdim ki, gəlin. Gələ
bilməyəcəyəm, qonağım var, həm də rəfiqəmlə
görüşməliyəm. İncimə,
- deyən Gülay telefonu söndürdü.
Cəlilin gözündə sanki Günəş
söndü, ətrafa zülmət bir qaranlıq
çökdü. Bu zülmət qaranlıqda çox
uzaqdan güclə seziləcək bir işartı
göründü. Getdikcə o
işartı da söndü. Son ümidin
işartısı olan həmin işıq da sönəndən
sonra Cəlil zülmət qaranlıqdan çıxış
yolu axtarmağa başladı. Özünə
gələndə dənizin kənarında məhəccərə
söykənmiş vəziyyətdə baxışları dənizin
üfüqlə birləşən xəttinə
dikilmişdi.
Birdən mavi sulardan Gülay Su pərisi şəklində
göründü və Cəlilə əl etməyə
başladı.
Su pərisinin çağırışı zamanı hardansa
uzaqdan Cəlilin qulağına bir səs gəldi: "Gəl,
Cəlil, gəl! Gözləyirəm səni.
Tez gəl. Dənizin qoynu təmizdi.
Bizim məhəbbətimiz kimi. Biz ancaq
burada xoşbəxt ola bilərik. Gözləyirəm. Söz verirsənmi?"
- deyən Su pərisi uzaqdan gələn
mavi dalğaların qoynunda yoxa çıxdı.
Bu zaman uzaqdan gələn dalğalar bir-birini qova-qova
sahilə doğru yan aldıqları bir vaxtda məhəccərdən
tutub dənizə tullanmaq istəyən Cəlilin üzünə
çırpılan damlalar özü ilə birlikdə yeni
bir həyat gətirdi. Özünə gələn Cəlil məhəccərdən
aralanıb yaxında qoyulmuş oturacaqda əyləşdi və
baxışları dənizə baş vuran qağayılara
ilişdi. "Sən ağlama dəniz, mən
ağlayaram. Bu dərd öz dərdimdi,
özüm də çəkməliyəm. Sağ ol dəniz,
məni ikinci dəfə dünyaya sən gətirdin. Bundan sonrakı həyatımı sənə
borcluyam. Gülay məni ölümə,
dəniz, sən isə həyata səsləyirsən" -
fikirlərini qəlbindən keçirən Cəlil ayağa
qalxdı və sahil boyu uzanıb gedən gözəlliyi bir
anlığa nəzərdən keçirtdi və
yavaş-yavaş yola düzəldi. Düşdüyü
vəziyyəti saf-çürük etməyə
başladı. Hardansa uşaq vaxtları
yay fəslinin zülmət gecələrində
işıldaquş adlandırdıqları böcəkləri
tutmaq üçün dəridən-qabıqdan
çıxdığı yadına düşdü.
Uşaqların işıldaquş
adlandırdıqları həşəratların bir
növü olan həmin böcəklər zülmət
qaranlıqda uçmağa başlayanda
işıldayırdılar. Həmin böcəklərin
işıltıları qaranlıq gecədə maraqlı bir
görüntü yaradırdı. Uşaqlar
böcəklər uçarkən yaranan işıltıya
doğru yüyürürdülər ki, işıldaquşu
tutsunlar. Böcəklər isə
qaranlıqda uçuşunu dayandırıb otluğun
arasında gizlənən kimi işıq da
"sönür"dü.
Beləcə o tərəf-bu tərəfə
yüyürüb əldən-dildən düşən
uşaqlar axırda bezib işıldaquş tutmaq fikrindən əl
çəkirdilər.
***
"Mersedes" yolu əlinə aldı. Baxışları
yolun kənarında olan ağaclara dikilən Cəlilə elə
gəldi ki, ağaclar özünü günahkar hesab etdikləri
üçün başlarını aşağı əymişdilər.
Telefonun səsi Cəlili özünə qaytardı və
düyməni basdı. İsmarıc gəlmişdi. Cəlil ismarıcı ekrana gətirdi.
Gülay
yazırdı:
"Çox zaman səssizliyə çəkilib
zövqlə izlədiyim mənzərə dəmiryol
vağzalındakı relslərdir. Gözümü
çəkmədən qoşa uzanan relslərə
baxdıqca içimdən qəribə hisslər keçir.
Yəqin ki, dəmir relslərin beləcə haradasa kəsişib
qovuşduğu yerlər vardır... İnsan
sevgisindən fərqli olaraq".
İsmarıcı təkrar oxuyan Cəlil dodaqlarında
istehzalı bir təbəssümlə "Yox, mənim
işıldaquşum, daha sənin cəzbedici soyuq
işığına doğru uçduğum yetər!" - deyərək
telefonu söndürüb cibinə qoydu.
19.06.2016
Fazil Sənan
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 31.