Müasir
özbək ədəbiyyatının klassiki Maqsud Şeyxzadə
Azərbaycan-özbək
ədəbi-bədii və elmi-nəzəri əlaqələrinin
dinamikasına xüsusi impuls gətirən söz sərrafları
içərisində milliyyətcə azərbaycanlı olub,
özü özbək mədəniyyətinə bütün
canı və təfəkkürü ilə xidmət etmiş
Maqsud Şeyxzadənin yaradıcılığı müstəsna əhəmiyyətə
malikdir.
Maqsud Şeyxzadə XX əsr özbək mədəniyyəti
tarixində heç də yalnız şair və dramaturq kimi
səciyyələndirilməmiş, həm də ədəbiyyatşünas
və dilşünas ailm, dünya klassiklərinin əsərlərini
özbək dilinə çevirən mütərcim və
publisist kimi tanınmışdır.
Maqsudun müxtəsər həyat bioqrafiyasını vərəqlədikdə
görürük ki, o, Azərbaycanın Ağdaş şəhərində
anadan olub, ibtidai təhsilini Ağdaşdakı
"Rüşdiyyə" məktəbində alıb,
1920-1925-ci illərdə Bakı Müəllimlər
Seminariyasında təhsilini davam etdirib. Ona burada
dövrün ən tanınmış maarifci-pedaqoqları və
yazıçıları Hüseyn Cavid, Abdulla Şaiq, Cabbar
Əfəndizadə, Şamobəy Cəbrayılbəyli, Mədinə
xanım Qiyasbəyli kimi böyük ziyalılar dərs
demişdir. 1926-1927-ci illərdə
M.Şeyxzadə Dağıstandakı Dərbənd və
Buynaksk şəhərlərində müəllimlik edib.
Yazdığı birinci ədəbi nümunə
Nəriman Nərimanova həsr etdiyi "Nəriman haqqında
Şərq nağılı" olub.
Şeyxzadə yaradıcılığının ilk illərində
əsərlərini Azərbaycan dilində yazmaqla onları
"Şeyxzadə dəftəri" adı altında
toplamışdır. Onun Sovet hakimiyyətinin tərəfdarı
və təbliğatçısı olmadığı əsərlərinin
məzmunundan da yaxşı görünməkdədir. Elə buna görə də gənc şairin ideoloji
və nəzəri baxışları həmin dövrün
ruhunu və estetikasını özündə əks etdirmədiyindən
1928-ci ildə Dağıstandan Özbəkistanın Daşkənd
şəhərinə göndərilir. Onun
bu şəhərdə həyatının tamamilə yeni
dövrü başlayır. Tezliklə dost xalqın
dilinin sirlərinə gərəyincə bələd olan
M.Şeyxzadə özbək mətbuatında bu dildə
yazdığı şeirləri ilə çıxış
edir.
1932-ci ildə Maqsudun on şeirdən ibarət poetik məcmuəsi
işıq üzü görür. Az keçmir ki,
özbək qardaşlarımız onu əsərlərinin
poetik tutumuna və hər iki xalqın istəklərinə
xidmət etdiyinə görə "Azərbaycan oğlu
özbək şairi" kimi səciyyələndirirdilər.
1933-cü ildə M.Şeyxzadə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini
bitirib, 1933-1935-ci illərdə aspirant, 1935-1938-ci illərdə
Daşkənddəki Dil və Ədəbiyyat İnstitutunun
elmi işçisi kimi çalışır. 30-cu illər M.Şeyxzadə
yaradıcılığının ən qaynar dövrlərindən
biri kimi yadda qalır. Bu zaman onun
"Cümhuriyyət" ("Jumxuriət"), "Yeni
divan" ("Ənqi devon"), "Üçüncü
kitab" ("Uçinçi kitab") kimi əsərləri
nəşr olunur. Burada yer almış nümunələr
sırasında özbək poeziyasında rus ədəbiyyatından
gələn sərbəst şeir, xüsusən A.Blok,
A.Belı, V.Mayakovski yaradıcılığında
özünü qabarıq göstərən və Musa Aybək
(Taşmühəmmədov) şeirləri üçün də
səciyyəvi olan örnəklərə üstünlük
verilir. Elə buradaca qeyd edək ki, M.Şeyxzadə
həm də V.Mayakovskinin əsərlərini mütaliə və
tərcümə edirdi. Nəticədə
artıq 40-cı illərdə V.Mayakovskinin
"Yaxşı" ("Xoroşo") poeması özbək
dilinə tərcümə olunmuşdu. Bu
poemanın təsiri altında M.Şeyxzadənin "Müharibə
və nəğmə" ("Janq va kuşik"),
"Ürək deyir ki", ("Kunqil deydiki…") və digər
poetik məcmuələri işıq üzü görür.
M.Şeyxzadə bədii yaradıcılıqla paralel
olaraq tənqidçilik və publisistika ilə də
yaxından məşğul olurdu. O, özbək, Azərbaycan, rus,
dünya klassik və müasir dövr ədəbiyyatının
bəzi məsələlərini elmi-nəzəri baxımdan
təhlil obyektinə çevirir. Maraqlı və
düşündürücü materiallarla ədəbi tənqid
təsərrüfatı sahəsinə daha dərindən
nüfuz etməyə çalışırdı.
İkinci Dünya müharibəsi dövründə o da
digər poetik fikir daşıyıcıları kimi zəhmətkeşlər
qarşısında çıxışlar edir, onların
mübarizəyə ruhən köklənməsində
mühüm rol oynayır. "Tufandan
doğulmuşlar", "Nəğmə və
döyüş", "Saz" kimi məcmuələr
çap etdirir. Əsərlərində Vətən
sevgisi problemini ön plana çəkir. Belə
çətin dövrdə Şeyxzadənin böyük əks-sədaya
səbəb olmuş "Cəlaləddin Mənquberdi"
mövzulu pyesi ortaya çıxır. Əsər
1944-1948-ci illərdə Özbək Akademik Dram Teatrında
uğurla tamaşaya qoyulur. Bu faciənin
mövzusu ona görə yetərincə orijinal idi ki, Stalin rejiminin
əcaib-qəraib qəliblərini dağıdıb, ideoloji
ehkamları sarsıtmaqla Xarəzm şah Cəlaləddin Mənquberdini
qəhrəman kimi tərənnüm etməyi üstün
tutmuşdur. Bu baxımdan M.Şeyxzadənin
"Cəlaləddin Mənquberdi" dramına görə
yaşadıqlarını XX əsr qazax ədəbiyyatının
tanınmış nümayəndəsi M.Auezovun "Xan
Kene" dramı ilə başına gətirilənlərlə
müqayisə etmək olar. M.Şeyxzadə də
olduğu kimi M.Auezov da özünün "Xan Kene"sində
qazax xanı Kenesarı Qasımovun həyat və fəaliyyətinə
nəzər salıb, onları
folklor, tarixi və sənədli mənbələrə
görə təhlil edərkən öz fərdi sənətkar
baxışı və müşahidəli tarixçi-alim nəzəri
ilə təqdim etməyə
çalışmışdır.
Heç şübhəsiz ki, Stalin rejimi M.Auezova
qarşı olduğu kimi M.Şeyxzadəyə də rəhmdillik
göstərməkdən uzaq idi. Buna görə də o, mühakimə
olunur və ona cəza kəsilərək 25 il
müddətinə Sibirə sürgünə göndərilir.
Lakin professor Naim Kərimovun yazdığı
kimi, "Allahın özü isə ona qarşı rəhmdil
olur. 25 il əvəzinə o, zindanda
ona kəsilən işin cəmi üçdə birini
keçirir və bundan sonra özbək elmi, ədəbiyyatı
və mədəniyyəti sahəsində əzmlə
çalışır. Son dərəcə məhsuldar
və orijinal təfəkkürlü yazıçılardan
olan Maqsud Şeyxzadənin yaradıcılığının
daha intensiv dövrü məhz, qeyd etdiyimiz kimi, müharibə
illərinə təsadüf edir.
M.Şeyxzadənin
yaradıcılığını Azərbaycan-özbək ədəbi
əlaqələri kontekstində təhlillərə cəlb
edən istedadlı şair, mütərcim və ədəbi əlaqələr
üzrə mütəxəssis mərhum Xəlil Rza
Ulutürk "Şeyxzadə dəftəri"ni
Azərbaycan və Dağıstan dövrü kontekstində nəzərdən
keçirərkən şairin yaradıcılığının
yetkinliyini və onun həmin dövrlərdə
hazırlıqlı şeirşünas və tənqidçi
təsiri bağışladığını qeyd
etmişdir.
Sonrakı
dövrlərdə Şeyxzadə poetikasında daha davamlı
yer alan bədii müraciətlərdəki orijinallıq, qafiyənin
poetik funksiyası, metaforalardan istifadə zamanı novatorluq,
müqayisə, hiperbola və epitetlərin özünəməxsusluğu,
özbək bədii gerçəkliyinin dərindən dərki
və s. kimi maraqlı yanaşmaları şairin "Vətən",
"Abidə önündə", "Uçan aparat",
"İrs", "Torpaq və haqq", "Lampa" və
s. kimi əsərlərində özünü göstərməsi,
yüksək emosionallığı və həyatın daha
çox mahiyyətinə baş vurması, təbii
istedadı və hisslərinin qeyri-adiliyi ilə daha çox
yaddaşlarda daşlaşa bilmişdir.
M.Şeyxzadənin poetik örnəklərə fərdi
yaradıcılıq bucağından yanaşması isə
onun qeyri-ixtiyari fəhmə söykənməsi ilə
bağlı idi. Orta Asiya regionunun gerçəkliyi onu lirik folklor
nümunələri ilə yanaşı, həm də
monumental epik səpkili "Alpamış", "Qərib və
Şahsənəm", "Şirin və Şəkər"
kimi əsərləri dərin nəzərli eposşünas
gözü ilə təhlil etdikdən sonra özünün
orijinal biçimli əsərlərinin infrastrukturuna oturdur və
nəticədə bütün bunlar şairin öz
yaradıcılıq təşnəsinin gur axınını
təmin edirdi. M.Şeyxzadənin folklor motivlərini əsərlərinin
mövzu və süjetinə, poetik ölçülərinə,
xalq dilinin zənginləşməsinə, el ədəbiyyatından
gələn elementlərin və ünsürlərin əsərlərinin
epiqraflarında yer almasının "Ovçunun hekayəti",
"Aleksandr Makedonski",
"Torpaq və haqq" kimi poemalarında xüsusi şəkildə
boy verdiyini görürük.
M.Şeyxzadənin
yaradıcılığının şah damarını təşkil
edən poeziyasında yer alan vətənpərvərlik
və qəhrəmanlıqlarla bağlı səhifələrdir.
Böyük Vətən müharibəsi illərində o da
digər istedadlı Azərbaycan (M.Rahim, S.Vurğun, R.Rza,
Ə.Cəmil və b.), özbək (Mirtemir, Aybək, Q.Qulam və
b.), rus (K.Simonov, P.Antokolski, A.Surkov, A.Tvardovski və b.)
şairləri kimi həmin dövrdə ədəbiyyatın
təbliğatçı və təşviqatçı
rolunu daha çox ön plana çəkir, türk
xalqlarının "Kitabi-Dədə Qorqud",
"Koroğlu" və "Alpamış" kimi qəhrəmanlıq
dastanlarından gələn ənənələrini uğurla
və novatorcasına davam etdirməyi qarşısına məqsəd
qoyurdu.
Maqsud
Şeyxzadə digər əzəmətli poetik
düşüncə daşıyıcıları A.Tvardovski,
A.Ventslov, S.Vurğun, S.Rüstəm, H.Əlimcan, Q.Qulam, Ralf
Parve və digərləri kimi şeirlərində
dövrün konkret hadisə və simalarına fərdi
baxış sərgiləyərək əsərlərinin mətninə
əzəmətli ruh, forma gözəlliyi, lirikasında
intimlik, özbək milli klassikasının müxtəlif tərəflərini
Azərbaycan, türk və dünya poeziyası ənənələri
ilə "Ana oğlunu yola salır", "Günəş
qızı Zibaxan", "Ata", "Alma",
"Arıçı", "Bağban", "Fərhada
məktub" və s. zənginləşdirə bilir,
dövrün sosial, ideoloji, siyasi və psixoloji portretini
ustalıqla yaratmağa müvəffəq olurdu.
M.Şeyxzadənin müharibədən sonrakı
dövr lirik qəhrəmanı bəzi məqamlarda
dövrün ideoloji möhürlərini daşısa da, o,
yenilikçiliyə doğru daha çox meyilli idi. Bu baxımdan
şairin sonrakı dövr yaradıcılığında
tarixi gediş və həyat üzərində müsahidələr
onu özbək bədii düşüncəsinin tərkib
hissəsinə çevirə bilmişdi.
M.Şeyxzadənin
yaradıcılığının mahiyyəti o qədər
kamilləşirdi ki, tezliklə bu Azərbaycan
övladının, adı XX əsr özbək ədəbiyyatını
yaradan Qafur Qulam, Aybək, Qeyrəti, Zülfiyyə, Osman Nəsir,
Mirtemir, Kamil Yaşen və digərləri ilə bir sırada
çəkilirdi.
Bununla belə, M.Şeyxzadə özbək ədəbiyyatı
və mədəniyyəti tarixində heç də şair
və dramaturq, publisist və mütərcim kimi
tanınmadı. O, həm də digər mühüm keyfiyyətləri
- tənqidçilik məharəti ilə ədəbiyyatşünaslığı,
pedaqoqluğu və
ustadlığı ilə də Özbəkistanın
elmi-nəzəri məkanında məşhurlaşdı.
Nizami adına Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı
tarixindən mühazirələr oxudu, bu təhsil
ocağında fakültə dekanı, kafedra müdiri kimi
mühüm vəzifələri məsuliyyətlə yerinə yetirdi.
Müstəqillik dövründə tanınmış
özbək ədəbiyyatşünası və
yazıçısı Azad Şərəfəddinov
2004-cü ildə nəşr etdirdiyi əsərlərindən
birində digər tanınmış özbək
yazıçıları ilə yanaşı, sovet
ideologiyası ilə estetik baxışları uyuşmayan
M.Şeyxzadənin yaradıcılığının müxtəlif
tərəflərinə nəzər salmışdır.
"Üçüncü kitab" məcmuəsində
özbək poeziyası üçün yeni qəlib kimi
ortaya çıxan sərbəst şeir vəznindən
M.Şeyxzadə ustalıqla yararlanmışdır. Onun əsərlərində
müasirlik keyfiyyəti və vətəndaş lirikası
aktuallığı ilə fərqlənirdi.
1957-ci ildə
qələmə aldığı lirik-fəlsəfi xarakterli
"Daşkəndnamə" poemasında şairin vətənpərvərlik
hissləri xüsusilə vahid süjet xəttinə söykənir
və bu ekzotik şəhərin keşməkeşli
keçmisini, dövrünün xüsusiyyətlərini, onun
gələcək həyatı ilə bağlı ola biləcək
faktları və arzu-istəkləri, əsərin baş qəhrəmanı
kimi göstərilən Daşkənd şəhərinin
özünü, daşkəndlilərin və şairin öz
obrazı tutarlı tərənnüm və təsvirlərin
köməyi ilə maraqlı və qeyri-adi xarakteri və
cizgiləri ilə seçilir.
Maqsud
Şeyxzadənin çoxplanlı
yaradıcılığından bəhs etdikdə onun fəaliyyətinin
böyük bir
qismini təşkil edən mütərcimlik
bacarığını da diqqətdən kənarda qoymaq
olmaz. O, xeyli tanınmış qələm sahiblərinin
(V.Şekspir, Höte, Bayron, A.Puşkin, M.Lermontov, N.Nekrasov,
V.Mayakovski, N.S.Tixonov, Nizami, Füzuli, M.F.Axundzadə,
S.Vurğun, R.Rza, O.Sarıvəlli, Ş.Rustaveli, Cami, F.Məhdimqulu,
İ.Çavçavadze, Ə.Lahuti, N.Hikmət və
başqaları) əsərlərini özbək dilində
uğurla səsləndirmişdir.
Ömrünün
lap son dövrlərində M.Şeyxzadə Nəvainin
yaradıcılığını işıqlandıracaq bir
tədqiqat əsəri və "Əbu Reyhan Biruni"yə
həsr etdiyi maraqlı pyes üzərində işləyirdi.
Lakin 19 fevral 1967-ci ildə böyük şairin
vuran ürəyi dayandı. Və
M.Şeyxzadənin cəsədi həmin vaxtdan Daşkənddəki
"Çığatay" məzarıstanlığında
uyumaqdadır.
Qardaş özbək xalqı və ictimaiyyəti
M.Şeyxzadəni gərəyincə dəyərləndirirdi. Özbək ədəbiyyatşünaslığında
onun ədəbi və elmi fəaliyyətini çevrələyən
yüzlərlə tənqidi və publisistik məqalələr,
iki kinofestivalda nümayiş etdirilən Şeyxzadənin
ssenari müəllifi olduğu filmlərin tutduğu birinci yerlər
onun yaradıcılığına verilən ən
böyük qiymətin göstəricisidir. Özbək
qardaşlarımızın sayqısı və
qayğısı nəticəsində Daşkənddəki
küçələrdən biri və yenə də həmin
şəhərdəki 167 saylı orta məktəb, Azərbaycanımızın
Ağdaş şəhərindəki Humanitar Texniki Lisey
M.Şeyxzadənin adını daşımaqdadır.
Maqsud Şeyxzadə özbək-Azərbaycan mədəni-ədəbi
əlaqələrinin yorulmaz tədqiqatçısı
olmaqla, həm də hər iki xalqın dahi oğlu kimi bu
gün də nümunə olaraq göstərilməkdədir. Onun haqqında
Özbəkistanda və Azərbaycanda sənədli filmlər
çəkilmiş, o, Özbəkistanın "Böyük
xidmətlərə görə" ordeni ilə
(ölümündən sonra) təltif olunmuşdur. Çoxcəhətli ədəbi-bədii və
elmi-nəzəri fəaliyyətinə görə Şeyxzadənin
yaradıcılığı Azərbaycan və özbək
xalqlarının mədəni nümunələrinin
qızıl fonduna daxil edilmişdir.
Nizami TAĞISOY
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 30.