Üç
gün cənnətdə
Turqay məktəb direktorunun qapısını
açdı.
Direktor başını qarşısındakı
kağızlardan ayırmadan;
- Hə,
yenə nə sözün var? - soruşdu.
- Gəldim
məlumat verəm ki, mən müharibəyə gedirəm.
Turqay əlindəki
çağırış vərəqini və direktorun adına yazdığı ərizəni onun
qarşısına qoydu.
-
Könüllü gedisən?
- Bəli.
Bu, hər bir azərbaycanlı kişisinin
borcudu.
- Nə
deyirəm, get, sağ-salamat qayıt uşaqlarının
yanına.
Lakin direktorun gözlərində sevinc
qığılcımları göründü. Müdir kinli adam
idi. Və Turqayla bağlı olayları unuda
bilmirdi.
- Sağ
olun.
Turqay onun əlindən çağırış vərəqini
aldı və qapıdan çıxdı.
Keçən
il pandemiyadan qabaq keçirilmiş pedaqoji
şuranı yadına saldı. Cismi bir anlıq
uçundu. Düşündü ki, həmin
günü yaddaşından silmək istəyərdi. Ancaq silə bilmədi.
Turqay məktəbin rus bölməsində tarix müəllimi
idi. Mövzu Orta əsr tarixini əhatə edirdi. O
dövr Rusiyaya yurüşlər edən polovetslər,
peçeneqlər, xəzərlər haqqında xoşagəlməz
sözlər yazılmışdı dərslikdə. Şagirdlər mahiyyətinə varmayaraq dərsi əzbərləyib
söyləyirdilər. Hələ üstəlik,
divar qəzetində peçeneqlərin, polovetslərin, xəzərlərin
karikaturalarını çəkmişdilər. Onda Turqay bu qəzeti cırmış, dərs
zamanı uşaqlara anlatmışdır ki, adları çəkilən
bu "mənfi" xalqlar bizim əcdadlarımızdı.
Dərslik büsbütün
yanlışlığa yol verir. Bu dərs
vəsaitində adları "düşmən" kimi təqdim
olunan xalqlar qədim türklərdi. Yeni divar qəzeti
hazırlayın... Hələ paytaxtımız
Bakının tarixi də, adi da təhrif olunur. Bakının tarixi bizim eradan qabaqdır, şəhərin
qədim adı da Nefatadı.
Sonra sinif rəhbəri, dərs hissə müdiri və
direktor işə qarışdı. Təcili pedaqoji
şura çağırıldı. İclas
müəllimlər otağında deyil, zalda keçirildi.
Bu iclasda məktəbin 200-ə yaxın müəllimi
iştirak edirdi. Gündəlikdə bir məsələ
dururdu; Turqay müəllimin bu məktəbdə qalıb dərs
deməsi, ya da işdən çıxarılması. Məsələ şəhər təhsil idarəsi
ilə razılaşdırılmışdı.
- Turqay
müəllim bizim təhsil sistemimizə, hörmətli
nazirimizə qarşı çıxış edir. Bu, yolverilməzdi!
Uşaqlara öyrədir ki,
paytaxtımızın qədim adı Nefata olub. Soruşan gərək, ay Turqay müəllim, sən
bizim eradan qabaq yaşamışdın? Sən
Bakının Nefata olduğu dövrü
görmüşdün? - Direktor alnının tərini
sildi.
Bakını Orta əsrlərə aid edən "alimlərimiz"
Orta əsrlərdə yaşamışdılar? - Turqay replika atdı. O
fikirləşdi ki, özlərini tarixçi adlandıran kəslər
heç olmasa qədim mənbələri oxuya bilməsələr
də heç olmasa XIX əsrdə yaşamış Karamzini,
XX əsrdə yaşamış və yaşayan Lev Qumilyovu,
Sara Aşurbəylini, Ziya Bünyadovu, Firdovsiyyə Əhmədovanı,
Nəsiman Yaqublunu oxuyardılar kaş.
- Nə
deyirsiniz, biz bu vəziyyətlə barışmalıyıq? Direktorun səsi Turqayı fikrindən ayırdı.
Müəllimlər susurdu. Hər kəs gələcək
dərs yükünü, dolanışığını
düşünürdü.
- Mən
hesab edirəm ki, Turqay müəllim şəhərimizin
çox savadlı müəllimlərindən biridi. O nə
deyir, doğru deyir. Əslində, təhsildə
və dərsliklərdə islahat aparılmalıdı - bu səs
Gülarə Paşazadənin səsi idi. Turqayın
sanki qanı dondu damarlarında. Gülarə
müəllimə məktəbin cavan ədəbiyyat müəllimi
idi. Həftədə cəmi iki dəfə
dərsi olurdu. Həmin günləri Turqay
bir möcüzə kimi gözləyirdi. Məhz
Gülarəyə görə o, hətta dissertasiya müdafiə
edəndən sonra da dəvət olunduğu universitetə
işə getmədi. Hərçənd
evdə arvadı israr edirdi ki, nadan direktoru olan məktəbdən
çıxsın, alimlər içində elmi fəaliyyətini
davam etdirsin. Turqayın car skifləri haqqında
yazdığı işi elmi dairələrdə geniş
müzakirə olunurdu...
Müəllimlərin səsi,
qışqırığı zalı başına
götürmüşdü. Arabir şagirdlər
qapını açıb burada baş verənlərdən
hali olmaq istəyirdilər.
Tək-tək müəllimlər Turqayı müdafiə
etməyə cəhd etdi, Gülarənin sözlərinə
haqq qazandırdılar. Turqay heç kəsi eşitmirdi. O,
sadəcə buradan çıxıb getmək istədi. Turqay heç kəsə baxmadan qapını
açıb zaldan çıxdı. Arxasınca
deyilən - belə saymamazlıq olar? sözlərini
eşitdi. Turqay öz köhnə
"mersedes"ini məktəbdən xeyli uzaq olan kababxanaya
sürdü. Burada o, Gülarənin
müstəntiq ərini məşhur aktrisa ilə kupedən
çıxan gördü. Deyirdilər bu
aktrisa müstəntiqin cavanlıq sevgisi olub, indi də
ayrılmazdılar. Ya Gəncədə, ya
Bakıda görüşürdülər. Turqay
eşitmişdi ki, müstəndiq iki kasıb uşağı
öz hesabına ali məktəbdə oxudur, onların təhsil
haqqını ödəyir ki, yarı yolda qalmasınlar.
Müstəntiq Turqaya salam verib aktrisanı
qabağa ötürdü.
"Görəsən, ərinin bu eşq macərasını
Gülarə bilir?" - ani keçirdi beynindən Turqay. Müstəntiq maşının qapısını
açıb, aktrisanı yanında əyləşdirdi.
Sonra Turqay uzaqlaşan maşının səsini
eşitdi.
Turqay bir az yemək, bir də araq sifariş elədi, evə
getmək istəmirdi. Arvadı Gülsüm hələ
işdə - xəstəxanada idi. Bu
gün o, növbətçi həkim idi və evə gec gələcəkdi.
Uşaqları dərsdən sonra nənələrigildə
olacaqdılar. Həmişə
Gülsüm növbətçi olanda, oğlu da, qızı
da məktəbin yaxınlığında yaşayan nənələrigilə
gedirdilər. Turqayın qayınanası
da, qayınatası da Gəncənin tanınmış həkimlərindən
idilər.
Kababxanadan sonra Xan bağına yollandı.
Turqay evə dönəndə artıq şər
qarışmışdı. Ev sükuta qərq
olmuşdu. Turqay yorğun adamlar kimi divana
çökdü. Özü də hiss etmədən
yuxuya getdi. Yuxusunda o çoxdan dünyalarını dəyişmiş
ata-anasını gördü;
- Can bala,
yenəmi sənə məhkəmə qurdular?
- Eybi
yoxdu, keçib-gedər. Əsl kişinin başı qalda gərək,
- bunu atası dedi.
Açılan qapının səsi Turqayı yuxudan
oyatdı. Gülsum uşaqlarla evə dönmüşdü.
- Bə sən
mənə Adidas krossovkası almadın? - oğlu
soruşdu.
- Bu
gün vaxtım olmadı. Yaxın vaxtarda
mütləq alacam.
Qızı
onu qucaqladı, öpdü - məndə krossovka istəyirəm!
- İkinizə də alacam.
- Kefin niyə
yoxdu? - soruşdu Gülsüm.
Gülsüm uşaqlardan fərqli olaraq heç vaxt
heç nə istəmirdi. Elə bir
qıymırdı Turqaya.
Gülsüm otağında paltarını dəyişdi,
mətbəxə keçib çay qoydu, yeməyi isitdi. Növbətçi
olanda həmişə naharı axşamdan hazır edirdi.
O,
Turqayın içkili olduğunu dərhal duydu. Ancaq
ondan heç nə soruşmadı. Turqay
gözünə çox bikef dəydi. Düşündü
ki, həmişə ağıllı, dünyanı dərk edən
insanlar üçün yaşamaq çətin olur.
Hamıya "bəli", "baş üstə"
deyən adamlara yaşamaq asandır. Nə yaxşı ki,
Turqay bu cür yaşamaqdan imtina etməyi bacardı.
- Turqay,
uşaqlar, əllərinizi yuyun nahar hazırdır.
- Mən
ac deyiləm. Siz nahar edin, mən maşına
benzin doldurub qayıdıram. Bu məqam Turqay
Gülsümün sual dolu baxışlarıyla
qarşılaşdı. Ancaq dərhal
üzünü çevirib qapıdan çıxdı.
Maşını elə balaca həyətlərinin
darvazasının yanında saxlamışdı. Benzin doldurmaq fikrindən vaz keçdi. Sabah işə gedəndə dolduraram,
düşündü. Turqay yol alıb
üzü aşağı küçəylə getməyə
başladı. O qədər getdi ki, axırda məktəbin
yaxınlığında yaşayan Gülarəgilin evinin
yanına gəldi. İstədi təsadüfən
onu görsün, ya da heç olmasa uzaqdan onun səsini
eşitsin. Ancaq Turqay nə onu
gördü, nə də səsini eşitdi.
Gecə gördüyü yuxunu yadına saldı. Yuxuda Turqay
üstünə qar yağmış al-qırmızı
güllər gördü. O bu gülləri qarın
üstündə ayaqyalın dayanmış Gülarəyə
verir. Qara bürünmüş gülləri
Gülarə açıq sinəsinə sıxır. O,
gülləri qoxulayır. Turqay Gülarənin
saçlarının ətrini ciyərlərinə çəkir.
Ayaqlarının altındakı qar pəmbə
buludlara dönür. "Biz nə gec
rastlaşdıq"... Güllər onların
ayaqlarına düşdü.
Turqay Gülarəni özünə sıxdı. "Biz nə
gec rast gəldik bir-birimizə". Onu bu
ilahi yuxudan uşaqların səsi oyatdı. Onlar məktəbə hazırlaşırdılar.
"Əgər gerçəkdə heç olmasa bir
gün belə olsaydı, mən ömrümün qalan hissəsindən
imtina edərdim".
Telefon zəng çaldı. Dostu Valeh müəllim
idi.
- Bilirsən,
sənə heç töhmət də verilmədi. Şifahi xəbərdarlıqla kifayətlənməli
oldular. Direktor da, təhsil idarəsinin
nümayəndəsi də suyu süzülmüş
çıxdılar iclasdan.
- Sağ
ol, qardaş.
***
Turqay evə döndü. Gülsüm heç
nə soruşmadan ona təzə qəhvə dəmlədi.
Yeni bişirdiyi qozlu piroqu dilimləyib masanın
üstünə qoydu. O biri otaqda uşaqlar dərslərini
hazırlayırdı. Turqay pəncərə
şüşəsinə yapışan sarı tut
yarpağına baxdı. Tut ağacı düz
onların pəncərəsinin qabağında bitirdi. Yayda onun ətrafı çox səsli-küylü
olurdu. İndi sakitlikdi. Tənha sarı yarpaq aynaya yapışıb
qalıb. Yəqin, külək onu da aparar.
Zaman küləyi bizi də aparacaq. Qışda pandemiya başladı. Uşaqlar onlayn dərslər keçirdilər.
Hərdən müəllimlər yeni təlimat
almaq üçün məktəbə
çağırılırdı. Onda hər
kəs maska taxıb, əllərini spirtləyib işə gəlirdi.
Sonra yenə onlayn dərslərinə
başlanılırdı. Turqay məktəbdə
Gülarəni gördü. "Allahım,
mənə güc ver onu unudum". Hər
dəfə Turqay Gülarəni görəndə mənən
çarmıxa çəkilirdi elə bil. "Məni bu əzabdan xilas elə, Allahım".
Hərdən yuxusu ərşə çəkiləndə,
bütün cisminin ağrımasını istəyirdi ki,
ruhu, qəlbi ağrımasın. Həm də
istəmirdi ki, Gülsüm onun içindəki vəlvələni
duysun. Onu əsla incitmək istəməzdi
Turqay. Son vaxtlar Gülsümün
pandemiyaya görə işi artmışdı. O, evə
çox yorğun gəlirdi. Xəstəxanada
ölüm hadisəsi olanda, evdə heç yemək də
yemirdi. Çox vaxt onlar üçün
naharı artıq təqaüddə olan qayınanası
hazırlayırdı.
Hərdən ağır xəstə olanda
Gülsümü gecə, ya səhərə yaxın
çağırırdılar xəstəxanaya. Həmişə
Turqay aparırdı onu ora.
- Mən
sənə yaman zəhmət verirəm - deyirdi Gülsüm.
-
Heç bir zəhməti yoxdu. Borcumdu.
Bir dəfə də əriylə birgə avtomobil qəzasına
düşmüş cavan qadın gətirmişdilər xəstəxanaya. O, çox qan itirmişdi. Qan qrupu mənfi iki idi, eynən Gülsümünki
kimi. O, təcili tibb bacısını
çağırdı - mənimlə eyni qrupdandı. Qan bankında bu qrup qan tükənmişdi. Gülsüm çarpayıya uzandı. Tibb bacısı onun qanını xəstə
qadına köçürtdü. Qadın zorla dili topuq
çala-çala ərinin vəziyyətini soruşdu: - O
reanimasiyadadır. Yaxşı olar, inşaallah.
Hadisə ilə bağlı polis işçiləri
artıq baş həkimin yanındaydılar. Onların arasında müstəntiq Paşazadə də
varıydı. Turqay onu görməmək
üçün üzünü yana
çevirdi. Cərrah xəstənin yanına gələndə
Gülsüm palatadan çıxdı. Maşına
əyləşəndə onun başı gicəlləndi.
***
Turqay evə gələndə Gülsüm artıq yemək
hazırlayırdı. Onun rəngi avazımışdı.
Gecə, demək olar ki, heç
yatmamışdı. Yatağına sanki
qor dolmuşdu. Hiss edirdi ki, Turqay da yatmır. Güsüm bilirdi ki, Turqay müharibə
başlayandan özündə deyil. Artıq
on gün idi ki, evlərində gərginlik
yaşanırdı. Gülsümün əlacı
olsaydı, Turqaya gələn ağrı-acıları öz
ürəyinə götürərdi. Lakin
hər kəsin ancaq ona məxsus olan dərd-səri var. Dərd
ürəkdən ürəyə köçmür.
İclasdan sonra Gülarə oğlu Nihadı məktəbdən
götürüb atasıgilə getdi. Qabaqcadan ərinə
zəng etdi, ancaq o telefonu açmadı. Gülarə
ona sms göndərdi - atamgilə getdik. Ata evində
özünü rahat hiss edirdi, sanki yenidən gəncləşirdi.
Qardaşı Murad da ayrı evi olmasına
baxmayaraq, atasıgilnən olurdu. Muradın
2 oğlu var idi. Biz həmişə
valideynlərimizin yanında yaşayacağıq, - deyirdi
Murad. Bu ev həmişə
qonaqlı-qaralı idi.
Atası işdə idi. Anası xəngəl
bişirirdi. Qardaşı Murad Gəncə
şərab zavodunda təchizat şöbəsinin müdiri
idi. Həmişə Gülarəyə
qarşı diqqətli, həssas idi.
- Son
vaxtlar gözümə birtəhər dəyirsən. Problem-zad yoxdur ki? Xətrinə dəyən
yoxdur ki? Qardaşı sual yağışına
tutdu Gülarəni.
- Yox,
heç kim xətrimə dəyməyib, -
Gülarə onu qucaqladı.
- Sənin
xətrinə dəyəni mən məhv edərəm.
Murad nahar edib, işə getməyə
hazırlaşdı.
- Bax, mənsiz
getmə, yaxşımı? Özüm gəlib
aparacam.
- Evim
yaxınlıqdadır axı, qadan alım.
- Dedim
gözlə, - Murad qapıdan çıxdı.
Gülarə nahardan sonra uşaqlarla viktorina oynadı. Anasına
Muradın yoldaşı birgə yer-yığış etməyə
kömək elədi. Axşam atası
işdən gələndə, onunla söhbət elədi gəlmişdən-getmişdən.
Gülarə özünü bu doğma ocaqda çox rahat hiss
edirdi. Atası özəl şirkətlərin
birində mühəndis işləyirdi, ancaq ədəbiyyata,
sənətə böyük maraq göstərirdi. Gülarədən oxumaq üçün bir dəyərli
kitab istədi. Axşam işdən
qayıdan Murad onu evə apardı. Gülarə
evlərinə çatanda Turqayın onların küçələrindən
keçdiyini gördü.
- Görən
o buralarda nə edir? Ürəyi əsdi.
Gülarə qapını açanda ərindən sms gəldi.-Mən
bu gün növbətçiyəm, qapını bağla,
arxayin yatın.
Ancaq gecəyarı Gülarə oyandı, biixtiyar
yanına baxdı. Ərinin çarpayısı yenə
boş idi. Son vaxtlar o, nədənsə,
tez-tez növbətçi olurdu, evə gəlmirdi. Gülarə ərinin eşq macərasını
bilirdi, lakin heç vaxt bunu üzünə vurmurdu. Gülarə yatağından qalxdı, qazı
yandırıb gəhvə bişirdi. Nihad
öz çarpayısında rahatça yatırdı. Hərdən gülümsəyirdi. Yəqin, yaxşı yuxu görürdü.
-
Allahım, özün balamı saxla! Özün
qardaşımı, onun balalarını, valideynlərimi saxla!
Özün balamı atasız qoyma. Allahım, özün məni qəlbimdəki bu məşəqqətən
qurtar. Razı olma ki, mən yolumu azım, bir adım iki
olsun!.
Ona elə
gəldi ki, Böyük Yaradan onun yalvarışlarını
eşidəcək! Mütləq eşidəcək! Gülarə qəhvə içəndən sonra
yuxu dərmanı atıb, oğlunun yanındakı divana
uzanıb yuxuya getdi. Yuxuda o, yenə
Turqayı gördü. Ucu-bucağı
görünməyən səhrada yanaşı bir-birinə
toxunmadan gedirdilər. Ətrafda bir inni-cinni
yox idi. Hardansa əsən külək
onların üstünə çiçək
yağışı tökdü. Sonra
tufan qopdu. Səhranın qumunu onların
üzərinə yağdırdı. Bu
qiyamətdə Gülarə qardaşını gördü.
O, Gülarəyə tərəf qaçırdı. Turqay görünməz oldu. Hardansa
əri peyda oldu. Əri qucağında
Nihad Gülarəyə tərəf gəlirdi.
- Ana, ana!
- Nihadın səsini eşitdi Gülarə.
- Noldu,
qurban olum.
- Mən
qorxulu yuxu gördüm. Gülarə onu
qucaqlayıb öpdu.
-
Yadından çıxart yuxunu, artıq durmaq vaxtıdı. Məktəbə hazırlaş.
Bu gün Gülarənin dərsi yox idi.
O,
yadına saldı ki, keçən il dekretə
çıxan bir müəllimənin yerinə bu məktəbə
işə düzələndən sonra tədris
ocağında Novruz şənliyi keçirildi. Zalda bütün masalara şirniyyat
düzülmüşdü; paxlava, şəkərbura, nazik və
s. Musiqiçilər dəvət olunmuşdu. Çıxışlar bir-birini əvəz edirdi.
Birdən "Misri" havası çalındı və
nağılvari gözəl kişi rəqs
etməyə başladı. O çox gözəl
oynayırdı. Gülarənin yanındakı müəllimə
- Turqay müəllimdir, - dedi.
Turqay Gülarənin qabağında rəqs etdi. Gülarənin
ayağından, sanki buxov asılmışdı. O,
ayağa durmadı. "İxtiyarım yox yad
kişiylə rəqs etməyə. Mən
ərli qadınam" düşündü o. Gülarə
başını aşağı saldı. Turqay uzaqlaşdı.
***
Turqay gecə çarpayısından qalxdı, həyətə
düşdü. Telefonla kimləsə danışdı
sonra otağa döndü. Sabah səhər
dostu Valeh müəllim gələcəkdi onu hərbi
komissarlığa səfərbərlik məntəqəsinə
aparmağa - oradan avtobuslarla - savaş meydanına.
Hələ işıqlaşmamışdı. Gülsüm
qalxıb çay qoydu, masanın üstünə təmiz
süfrə saldı. Evdə olan
bütün nemətlərdən masaya düzdü. Sanki bayram süfrəsi açdı. Uşaqları oyatdı. Onlar da
yuyunub masa arxasına keçdilər. Qızı
ağlayırdı.
-
Ağlama balaca, kişilər muharibəyə getməlidilər.
Sənin də, qardaşının da savaş
meydanı təhsildi. Əgər siz
yaxşı oxusanız atana da, anana da böyük sevinc
bağışlamış olarsız. Ata
sizə nə öyrətmişdi.
- Qarabağ Azərbaycandır; bir səslə dedilər
uşaqlar.
Bir azdan Valeh müəllimin maşınınıın
siqnalı eşidildi. Turqay Gülsümü də,
uşaqları da qucaqlayıb evdən çıxdı.
Turqay arxaya çevrilsəydi,
Gülsümün ağladığını görərdi.
- Valeh,
maşını məktəbimizin yanına sür, orda bir
balaca işim var.
- Oldu.
Maşın məktəbə çatmamış Turqay
maşını saxlatdı. O istəmirdi Valeh Gülarəni
görsün. Turqay cəld maşından
düşdü. Yeyin addımlarla məktəbə
sarı getdi. Gülarə onu gözləyirdi.
Qəlbində yenə çaxnaşma oldu.
Əlləri buza döndü.
- Salam. Mən indi müharibəyə gedirəm. Gəldim sənə deyim ki, şəhid olmağa
gedirəm. Ona görə ürəyimdəkiləri demək
istəyirəm...
Mən səni burdan göyə qədər çox istəyirəm. Biz bir-birimizə
gec rast gəldik. Ancaq xoşbəxtəm
ki, ruhumda, ömrümdə sən varsan.
- Bu hisslər
qarşılıqlıdır. Mən xoşbəxt,
əri tərəfindən sevilən qadın deyiləm -
Gülarənin dodaqları səyridi. Fəqət
mən min mənəvi işgəncəyə qatılıb
balamı böyüdürəm. Mən səni
görməmək üçün müəllimlər
otağına da getmirəm. Səni
görmək mənim üçün məşəqqətdir.
Görməmək də zülmdür. Bizə Allahın yazığı gəlmədi.
Biz taleyimizlə barışmaliyıq. Sən məni başa düş, qurbanın olum.
Maşın siqnal verdi. Tək-tük
üzləri maskalı müəllimlər məktəbə
gəlirdi.
- Sağ
ol, Gülarə.
"Sənə dəyəcək güllə mənə
dəysin" Ürəyindən keçirtdi Gülarə.
"Əlacım olsaydı səni dünyanın ən
xoşbəxt qadını edərdim"
düşündü Turqay. Lakin o hələ bilmirdi ki, cəmi
on gündən sonra yəni oktyabrın 17-də ermənilər
Gəncəyə ballistik raket atacaq, bir çox evlər, o
cümlədən Gülarənin yaşadığı ev də dağılacaq. Ertəsi
gün dağıntılar altından Gülarənin meyiti
çıxarılacaq. Onun tək
balası Nihad dağıntılar altından
çıxarılacaq, lakin uşaq salamat qalacaq. Onun aldığı xəsarət ağır
olmayacaq. O gecə müstəntiq Paşazadə evdə
gecələməmişdi.
Bu xəbəri Füzuli savaşında eşidən
Turqay üzünü göyə tutub ağlamaq istədi. Ancaq ağlaya
bilmirdi. Onun sinəsindən
qırıq-qırıq hıçqırıqlar
çıxırdı.
- İrəli,
hücum!
Turqay özünü irəli atdı. Atəş səsləri
dağlarda əks-səda verirdi. Turqay sanki
qan gölündə irəliləyirdi. Ətrafı
seyrəlirdi.Yer qana boyanırdı. Meyitlər
elə bil torpağa sarınırdılar ki, düşmənə
isbat etsinlər, bu torpaq bizimdi. Füzuli
uğrunda gedən döyüşdə Turqay ayağından
yaralandı. Köynəyinin ətəyini
cibindəki bıçaqla kəsib, yaranı bağladı.
- İrəli,
hücum!! Turqay təkrar etdi: - İrəli, hücum!!! Səsi nərəyə döndü. Onun gözlərini elə bir qan
örtmüşdü. Düşmənlə
aralarında az məsafə var idi. Avtomatının boşalmış
darağını dəyişdi. Xeyli
atışmadan sonra səssizlik çökdü. Turqay sinəsinə bağladığı
üçrəngli bayrağımızı yüksəkliyə
sancdı.
Artıq dan yeri sökülürdü. Növbəti
döyüş Zəngilan, Qubadlı və Şuşada
olacaq. Komandir iki əsgəri aralıqda
dayanan yük maşınına sarı yolladı. Əsgərlər qutularda xeyli quru ərzaq, siqaret gətirdilər.
- Gəncədən
müstəntiq Paşazadənin sovqatıdır. Gəncə bombardman olmamışdan göndərib.
Bizə indi çatdırdılar -
döyüşlər aman vermirdi, söylədi komandir.
Turqayın çəkmələrinə qan dolmuşdu. Yaralı
ayağı şişdiyindən şalvarı dar gəlirdi.
O, bıçağı ilə şalvarını kəsdi. Döyüçülərdən biri flyaşkada
saxladığı spirti onun yarasının üstünə
tökdü. Turqayın dili də elə
bil tutulmuşdu. İndi sakitlik çökəndən ətrafında dünən
danışan, bu gün artıq gəncliklərini,
ömürlərini itirmiş savaş dostlarını
gördü. Bombalanan evin
dağıntıları altında həlak olan Gülarəni
gözlərinin qabağına gətirdi. Turqay
şəhid olmuş döyüşçü
yoldaşları kimi üzü üstə qan hopmuş
torpağa yıxıldı və indi
hönkür-hönkür ağlamağa başladı.
- Qabaqda
bizim hələ çox döyüşlərimiz var, hələ
çox torpaqları azad etməliyik. Şuşa
savaşı bizi gözləyir - komandirin səsini eşitdi
Turqay.
Sanitar maşınları meyitləri yığmağa
başladı.
Yaralılar üçün başqa
maşın ayrılmışdı. Turqay
imtina etdi getməkdən. Tibb
işçiləri onun yarasını təmizləyib məlhəm
qoydular, döyüş meydanından yaralıları və
ölənləri götürüb getdilər. Hər iki tərəfdən xeyli yaralanan, ölən
vardı.
Bir qədər
fasilədən sonra yenidən əmr gəldi - irəli,
hücum! Ölənlərin, yaralıların
yerinə ehtiyatdan yeni döyüşçülər,
türk əsgərləri gəlirdi. Onlar
bu savaşda misilsiz şücaət göstərirdilər.
Beləliklə daha bir neçə bölgədə
üçrəngli bayrağımız dalğalandı.
İndi hədəf Şuşa idi.
Artıq 7 noyabr idi. Turqaygilin dəstəsi əmr
almışdır ki, düşmən üzərinə
hücuma Qırmızı Bazardan keçiləcək.
Ancaq hücum vaxtına az qalmış əmr
dəyişdi - hücuma meşədən keçəcəklər.
Keçdilər də. Dağlarda
əlbəyaxa savaş başlandı. Turqay
öz bıçağı ilə neçə düşməni
məhv etdi. Sonra bıçaqla onu da vurdular.
Onun gözlərinə qaranlıq
çökdü, yıxıldı. Bütün
cismini bürüyən ağrı onu tərk etdi.
Zülmət qaranlıqda Turqay birdən özünü ağ buludların içində hiss etdi. Buludlar arasında o, atasını, anasını,
şəhid dostlarını gördü. Hamısı
ona qüssə dolu nəzərlə baxırdı. Sonra bəyaz bulutların rəngi dəyişdi -
buludlar pəmbə rəngə çevrildilər. Turqay sərrast addımlarla buludların arasından
keçməyə başladı. Getdikcə
o, özünü ilahi gözəllik əhatəsində
görürdü. Hər yan yaşıl
ormanlar, qeyri-adi güllər, çiçəklər, şəlalələr,
cürbəcür meyvə ağaclarına
bürünmüşdü. Turqay gəzdikcə
heyrətini gizlədə bilmirdi. Ancaq
dumduru suyu olan çayı görəndə anladı ki, cənnətə
düşüb. Çayın
qırağında Turqay ayaq saxladı, kaşı kasanı
götürüb çaydan su içdi. Yoluna
davam etdi. Yenə də çay
gördü. Ancaq burada su əvəzinə
süd axırdı. Çayın
yanında xeyli kaşı kasalar, kuzələr vardı.
Süd çayının kənarında
alçaq masaların üstündə löyünbəlöyün
yeməklər vardı. İri ağac
tabaqlarda isti təndir çörəkləri qoyulmuşdu.
Turqay fikirləşdi ki, qədim filosoflardan biri
düz deyirmiş "Hətta dünyada iki nəfər qalsa
belə, onlardan biri mütləq ağa olacaq, digəri nökər".
Bu yeməkləri bişirən, çörəkləri
təndirə yapan insanlar var axı. Onlar zəhmət
çəkirlər.
Turqay təndir çörəyindən qopardıb,
arasına pendir qoydu. Ləzzətlə yedi. Sonra xeyli gəzdi, ağaclarda bitən meyvələrdən
dərdi. Tanımadığı adamlar ona salam verib gedirdilər. Onlar da
ağaclardan meyvə üzür, çaydan kasalara süd
doldurub içirdilər.
Cənnətdə millət, Vətən, məqsəd,
amal mübarizə etmək məfhumları yox idi. Hər kəs
ancaq yeyirdi, gəzirdi, yorulanda yatırdı, ətrafdakı
marallar, ceyranlar kimi. Turqay xeyli gəzdi.
Nəhayət o, bal axan çayı
gördü. Çay kəhrəba rəngdə
idi. Bu çayın ətrafında
olanların çoxu uşaqlar idilər. Burada
körpələr ceyranlarla, marallarla oynayırdılar. Burada heyvanlar insanlardan qorxmurdu.
Turqay
fikirləşdi ki, artıq neçə müddətdir
buradadır, az qala 24 saat, ancaq nədənsə,
qaranlıq düşmür, o, göydə ulduzları
görmür, şər qarışmır. Cənnətin
çoxdankı sakinindən soruşdu ki, gecə nə vaxt
olacaq? Cənnət sakini cavab verdi ki,
burada heç vaxt qaranlıq olmur, fəsillər dəyişmir.
Həmişə ilıq yaydır. Həmişə
ağaclar bar gətirir.
Turqayın hesablamasına görə, artıq
üç gün idi ki, bu möcüzəli dünyaya
düşmüşdür. Burda olanlar məqsədsiz,
amalsız, mübarizəsiz mövcudluqlarına davam edirdilər.
Ancaq yeyirdilər, süd içirdilər,
ağaclardan meyvə üzürdülər. Bu adamlara onun yazığı gəldi.
Birdən ürəyindən bir gizilti keçdi - uzaqdan
Gülarəni gördü. O, Turqayı görcək sanki
ayaqları tutuldu. Addım ata bilmədi. Turqay onun qarşısına getdi.
- Salam.
- Salam, -
Gülarə kədərlə baxdı Turqaya; - indi mən demək
istəyirəm ki, səni burdan yerə gədər çox
istəyirəm.
- Mən
xoşbəxtəm ki, səni görürəm, səsini
eşidirəm. Həmişə səsin
qulaqlarımda səslənirdi.
- Sən
indi qayıdacaqsan. Səni ömür-gün
yoldaşın, uşaqların gözləyir.
- Yox, bu ola bilməz.
- Biz
buranın daimi sakinləri hər şeyi hiss edirik, bilirik. Sən burda qonaqsan. Gülsüm
çox yaxşı qadındır. Onu da,
uşaqlarını da qoru. Gülarə kədərlə
gülümsədi.
Turqay onun əlindən tutmaq istədi, ancaq birdən
qaranlıq düşdü. Bu zülmət içində Turqay
arvadının səsini eşitdi - Ayıldı! Komadan ayıldı, - onun göz yaşları
Turqayın balıncını isladırdı. Turqay uşaqların da səsini eşitdi. -Ata
biz daha adidas krossovkası istəmirik.
Turqay
gözlərini açanda xəstəxananın ağ divarını, Gülsümün
yorğun sifətində təbəssüm gördü.
Həyat öz keşməkeşliyi, mübarizəsi ilə
gözəldir.
Gəncə
Nüşabə Əsəd
Məmmədli
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 26-27.