"Şühədanamə"
və Azərbaycan dili tarixi
(Şühədanamə. Bakı,
"Elm", 2019, 1017 səh. Əlyazmanın mətnini nəşrə
hazırlayan, ön sözün müəllifi, izahlar və
lüğətin tərtibçisi: Möhsün
Nağısoylu, akademik)
"Şühədanamə" ("Şəhidlər
kitabı") orta yüzilliklər Azərbaycan ədəbiyyatının,
mətnşünaslığının və ədəbi dil
tariximizin qiymətli əlyazmalarından biridir. Əlyazma
tarixi Kərbəla müsibətlərinə, faciələrinə
həsr edilmişdir. Hüseyn Vaiz Kaşifi həmin hadisəni
əks etdirən mövzunu fars dilində qələmə
almış və əsərini "Rövzətüş-şühəda"
adlandırmışdır. Bu əlyazmanı-kitabı Məhəmməd
bin Hüseyn Katib Nişati Azərbaycan türkcəsinə
çevirmişdir.
Həmin əlyazmanın mətnini nəşrə
hazırlayan (ilk dəfə), ön sözün, izah və
kommentariyaların müəllifi, tərtibçi, AMEA
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün
Nağısoyludur.
Azərbaycan
dilinin XVI əsr yazılı abidələrindən olan
"Şühədanamə", bəlli olduğu kimi, fars dilindən tərcümədir.
Qeyd edək ki, uzun illərdir, "Şühədanamə"
orta əsrlər Azərbaycan tərcümə sənətinin
və ədəbi dilimizin, tarixi qrammatikamızın dəyərli
sərvəti kimi qiymətləndirilir. Dissertasiyalarda,
elmi məqalələrdə, dərsliklərdə bir qaynaq
kimi bu əlyazmaya da müraciət olunur, dilçi alimlərin
geniş istinad etdiyi, fakt və dəlilləri sübut etmək
üçün əllərində tutarlı bir mühüm
mənbə kimi istifadə olunur. Həmin
dövrün və digər bədii tərcümə əsərlərinin
- "Şeyx Səfi təzkirəsi", "Kəvamilüt-təbib"in
də bu xüsusda əhəmiyyətini göstərmək
olar.
M.Nağısoylu
kitabda yazdığı ön sözdə nəşrə
hazırladığı tərcümə əsərinin üstün xüsusiyyətlərini
nəzərə çatdırır: 1) "Şühədanamə"nin
məhz təcrübəli tərcüməçi
Nişatinin özü tərəfindən
köçürülmüş yeganə avtoqraf nüsxəsi
onun üstün cəhətlərindəndir. Bu baxımdan əlyazma
düzgün, orijinal və mötəbərdir, mətnşünaslıq
istiqamətində tədqiqatlara geniş yol açır; 2)
başqa üstün cəhət "Şühədanamə"nin tarixi təhlil predmeti olmasıdır (ədəbi
dil tarixi, tarixi qrammatika, yazı qaydaları və paleoqrafiya
problemlərinin çözülməsi və s.); 3) dialektlər
və ədəbi dillər bizim canlı tariximiz olduğundan
"Şühədanamə"nin orijinal mətnlərində
bol-bol həmin aspektləri əks etdirən xeyli sayda faktlar
mövcuddur.
Bu
baxımdan "Şühədanamə"nin
dili bu gün bizə uzaq epoxada yaranmış qədim əlyazma
haqqında əsaslı informasiya verə bilir. Dilin
tarixi və dialektal xüsusiyyətləri əlyazmadakı hər
bir dil səviyyəsinin özünəməxsusluğu ilə
seçilir. Ayrıca mətnşünaslıq
və dil xüsusiyyətləri öyrənilməklə
yanaşı, tarixi qrammatika və ədəbi dil tarixi dərsliklərinin
təhlil obyektini, örnəklərin əsasını, demək
olar ki, bu əvəzolunmaz mənbə təşkil edir.
Özündən
öncəki tədqiqatçıların (Həmid Araslı,
Samət Əlizadə, Mədəd Məmmədov və b.) əməyinə
M.Nağısoylu yüksək qiymət verməsi, əlbəttə,
onun mənəvi-etik borcunu yerinə yetirməli olması ilə
əlaqədardır.
Adama elə
gəlir ki, cəmiyyətin, toplumun tarixi ilə dilin tarixi
arasındakı münasibətləri yaxşı dərk etməkdən
ötrü "Şühədanamə"nin
də mətnləri müəyyən bir zaman kəsiyi
üçün təhlil predmeti, obyekti kimi çıxış
edir. Mətnlərlə yaxından
tanışlıq da göstərir ki, burada insanı əhatə
edən gerçəklik daim inkişafda, dəyişmədə
təsvir olunmuşdur. Görünür, ətraf
mühitdəki nəzərə çarpan dəyişmələr
"Şühədanamə"nin dilində
əksini bu və ya digər dərəcədə tapa
bilmişdir. Bu cəhətdən müasir
türk dilləri ilə müqayisədə abidənin dilindəki
bütün səviyyələrdəki arxaik və dialektal təbəqəni
qarşılaşdırmaq, müqayisə etmək kifayət
edər.
Mətnlərin linqvistik faktları və təhlili
göstərir ki, "Şühədanamə"də
müasir Azərbaycan dili ilə müqayisədə tarixi
baxımdan fonetik dəyişikliklər bir distinktiv olmayan
variantın zərərinə digərinə tədricən
üstünlük verilməsindən başqa bir şey
deyildir.
Hiss olunur
ki, dil "Şühədanamə"nin
formalaşdığı mühitə
uyğunlaşmış, həmin uyğunlaşma əlyazmanın
dilində və üslubunda baş vermiş dəyişiklikləri
(müasir türk dilləri və dialektləri ilə
müqayisədə) istiqamətləndirmiş, bu dəyişikliklərin
müəyyən hüdud çevrəsində baş verməsinə
və bu sərhəddən kənara çıxmamasına
nail olmuş, o dövrün danışıq-dil sistemini
dağılmaqdan qorumuşdur.
"Şühədanamə" XVI əsrin nəsr və
şeir dilini təmsil edir. 1017 səhifə həcmində
olan bu kitabı müxtəlif istiqamətlərdə təhlil
etmək mümkündür. Yəni bu əlyazmadan
ibarət olan əsər haqqında fikir söyləmək
üçün həddən ziyadə problematik məsələlər
ortaya çıxır.
Azərbaycan
dilinin tarixi fonetikası üçün: Tarixən səslərin
mexaniki dəyişmələri, onların sözün tərkibindən
düşməsi, yenidən törəməsi, yerini dəyişməsi
və başqa biçimlərdə təbii gerçəkləşir.
Regional əvəzlənmə əsasında
eyni söz hər bir tayfada fərqli fonetik tərkiblə
müşahidə olunmaqdadır.
Əlyazmadakı fonetik özəlliklərin digər
abidələrdəkilərlə və ya müasir dillərlə
müqayisə olunan dil vahidlərinin məna və səslənmələrinin
qarşılıqlı təsirində qədim türk
dili-dialektlərinin fonetik inkişafının çox mürəkkəb
səbəblərinin, sözün tərkibindəki səs
keçidlərində, müxtəlif fonetik hadisə və
qanunların mütləqliyində axtarmaq, təbii ki,
lazım gəlir. Ona görə də orta yüzilliklərdə
tayfaların Təbriz koordinatı üzrə yerləşməsi
əlyazmada olan fonetik durumun necəliyini birbaşa
aydınlaşdırmaq imkanlarına malikdir.
İndi dilimiz üçün arxaik hesab edilən
elementlər mətnlərdə çox nəzəri cəlb
edir. Bir çox formalarda anaxronizm özünü göstərir.
Anaxronizm dilxarici amillərin, siyasi hakimiyyətin, fars mühitində Azərbaycan dilinin işləkliyinin
qarşısının kəskin şəkildə
alınması və s. təsiri ilə baş verir. Əsərdə
tipik tarixi fonetika, tarixi leksika, söz
yaradıcılığı, tarixi morfologiya faktları
bol-boldur: Səs qanunlarında kombinator və fonoloji hadisələrin,
səslərin qrafik təcəssümü və s.
özünü göstərir. Bir sözlə,
dilin inkişafı həmin əlyazmada bütün
bütöv halında təsəvvür olunur. Əsas lüğət fondu və qrammatik
quruluşun qədimliyini dialektal səviyyədə əyaniləşdirən
faktlar saysız-hesabsızdır. Həm də
bu inkişafda qeyri-bərabərlik açıq-aşkar
görünməkdədir. Lüğət tərkibinin
dövrə uyğun və bir məhdud dairədə (deyək
ki, Təbriz mühitində) "çevikli"yi təbiidir,
əslində, mətnin milli orijinallığını, Təbriz
dialektinin koyne rolunu təmin edir.
Qovuşuq
nğ: iki min donğuz ilən (415),
Tərcümə əsəri olsa da, bu kimi faktlar o
dönəmdəki Təbrizdə yaşayan yerli sakinlərin
nitq arealını müəyyənləşdirir. İerarxiya
qanunauyğunluğu bu vəziyyətin yönlərini
reallaşdırır. Bu, ilkin köklərin
mexanizminin aydınlaşdırılması baxımından da
əhəmiyyətlidir.
Ümumiyyətlə, orta əsrlərə aid əlyazmaların
lüğət tərkibi həmin mətni quran
daşıyıcının, onu təmsil edən xalqın
dialektinin tarixi keçmişi, maddi və mənəvi mədəniyyəti,
onun həyat və düşüncə tərzi ilə
bilavasitə bağlıdır. O dövrün dini, mədəni həyatının
bir sıra spesifik cəhətləri lüğət tərkibində
öz əksini bu və ya digər dərəcədə
tapır. Əski vərdişlər, dini
baxışlar, etnik-mədəni özünəməxsusluq,
məişət həyatının və
qarşılıqlı münasibətlərin müxtəsər
lövhələrinə əlyazmada da rast gəlmək olur.
Qədim mənalar konservləşmiş
biçimdə mövcud mətn nümunələrində əks
olunur.
"Şühədanamə", əlbəttə,
çox geniş söz valğına malikdir. Buradakı kəlmələr
çox şeyləri aşkar edir. Aşkar
olunan faktlardan biri qədim türk sözləridir. Müasir dilimizlə müqayisədə elə qədim
sözlər var ki, hətta dialektlərdə də
"görünmür".
Dini mətnlərə frazeoloji ifadələr milli kolorit
verir. Bədii fikrin ən dəqiq, ən tutarlı, ən
gözəl frazeoloji nümunələrinə bu əlyazmada
rast gəlmək olur. Oxucunu heyrətə
gətirir. Aforistik ümumiləşdirmə qabiliyyəti,
obrazlılığın fəlsəfəsi bu örnəklərdə
bir sistem yaradır: köksümün sərvəti, boy
çəkmək, ölmək yükünü çəkmək,
uzun fikir və xəyalə düşmək, bəsirət
gözini örtmək, könül bağləmək,
köşkün dünyadə viran eyləmək, səbr
qalxanın yüzinə çəkmək, qəflət
panbıği qulağından çıxarmaq, dil uzadub səvaşlarinə
gəlübsən, ağzına bir ox yeturmək, ümmid ipi
kəsilmək və s.
Əlyazmanın
morfoloji quruluşu "yüksək tarixi əlaqə"ni,
"qədim yazı ənənələri"ni aşkar edir. Qrammatik
quruluşu əhatə edən morfoloji kateqoriyalar müasir
dildə olduğu kimidir, amma əski özəlliklər də
çoxdur. Morfologiyada həddən artıq
qarışıq dil hadisələri baş alıb gedir, yəni
fars dilinin morfoloji quruluşu Azərbaycan
dilinin, həmçinin də Təbriz şivəsinin
quruluşuna qarışır, "hərc-mərclik
yaranır".
"Şühədanamə"də cümlə tiplərinin
hüdudlarını gəzən təyin etməkdən
ötrü lazım olan ölçü tapılmır. Çünki
cümlələr danışıq dili əsasında
yoğrulub. Elə bil, ən mürəkkəb
modelli sintaktik bütöv mətni təşkil etmişdir.
Sintaksis sahəsində şivə intonasiyası Təbriz
şivəsinə aiddir. Bu sintaktik intonasiya fars dilindən tərcümələrlə
və orta əsr ziyalılarının, din alimlərinin farsca
təhsil görməsilə milliyəqədərki milli
dilimizə nüfuz edə bilmişdir. Həmin
intonasiya təhlil etdiyimiz bu dini əlyazmanın mətnlərində
də istifadə olunmuşdur. Deyərdik
ki, həmin sintaktik intonasiya bu əsərin dilində üslub
faktı kimi özünü göstərir.
Mətnlərdə "Quran"dan, hədislərdən,
dövrün məşhur kitablarından ("Şəvahid",
İsmail Xarəzmi "Siylər", Qazı Sədiləddin
"Rövzətül-islam") sitatlar verilir. Əsas mətndə
"Quran"dan, hədisdən və digər dövrün mənzərəsini
əks etdirən kitablardan sitatlar verilmişdir ki, bunu
"Şühədanamə" mətnlərinin intertekstual
xüsusiyyəti saymaq olar. Yəni "mətn
içində mətn": "Vəs-sübhi iza tənəffəsə"
(265). Mətnşünaslıq istiqamətində
bu kimi sitatlar Azərbaycan dilinə M.Nağısoylu tərəfindən
uğurla tərcümə edilmişdir.
İsmayıl KAZIMOV
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 25.