Ağır taxtalı
kişi, yaxud oxu, tar...
1911-ci
ilin fevral ayında, Bakının qədim İçərişəhərində,
tanınmış musiqiçi və ziyalı Məşədi
Məlik bəyin oğlu, gözəl tar ifaçısı və
muğam bilicisi Məşədi Süleyman bəyin ailəsində
dünyaya göz açıb. İlk təhsilini mədrəsədə
alan Bəhram Mansurov, daha sonra
Bakıdakı rus-tatar məktəbində oxuyub.
Musiqi təhsilini
atasından alan böyük sənətkar, ağlı kəsəndən
bəri evdə muğam ifası, bir-birindən maraqlı
musiqi və sənət məclislərinin şahidi olur,
babasının, atasının sənət dostları,
dövrünün tanınmış ziyalıları, musiqi və
sənət xadimləri ilə üz-üzə gəlir,
onların bənzərsiz ifalarını dinləyir,
maraqlı söhbətlərinə qulaq asırdı.
Bu gün o böyük sənətkarın oğlu, sevilən
bəstəkarımız, Xalq artisti Eldar Mansurovla birlikdə
musiqi aləminin unudulmaz Bəhram əmisindən və
Bakının məşhur Mansurovlarından
danışacağıq.
- Eldar
müəllim, gəlin söhbətə Məşədi Məlik
bəydən başlayaq, Bəhram müəllimin
babasından. Kim olub Məşədi Məlik?
-
Mansurovlar şəcərəsi haqqında bir kitab
yazmışam və orada bu barədə ətraflı məlumat
verməyə çalışmışam. Çox
maraqlı bir ildə görüşürük, çünki
2021-ci ildə atamın 110 yaşı tamam oldu, təəssüf
ki, pandemiya səbəbindən normal yubiley keçirə bilmədik,
bu qadağalar mədəniyyətə çox pis təsir
göstərdi. Amma heç mətbuat da
buna reaksiya vermədi və açığını deyim ki,
bu, məni Bəhram Mansurovun oğlu olaraq müəyyən qədər
sarsıtdı.
110
yaşın mübarək olsun, Bəhram əmi!
Mən
"atamın yubileyidir" deyib car çəkən, buna
görə qapıları döyən adamlardan deyiləm, amma
heç oğlu kimi yox, bir peşəkar musiqiçi kimi Bəhram
Mansurovun xidmətlərini, ifaçılıq tərzini kifayət
qədər bilirəm və onun necə mahir bir tarzən
olduğu haqqında nəsə deməyim artıqdır. Bu səbəbdən "Ədəbiyyat qəzeti"nə
atamı xatırladığı üçün təşəkkür
edirəm.
Əgər söhbət Məşədi Məlikdən
gedirsə, qeyd edim ki, Mansurovlar Bakıda tanınmış
musiqiçi nəsli kimi ad çıxarıblar. Məşədi
Məlikin atası Ağasalah bəy də musiqiçi olub.
Ulu babalarımdan ikisi Bakı xanlarının
bacıları ilə ailə qurub, bu cür qohum olmuşuq,
amma özləri bəy nəslindən olublar. Rus çarı onların bəy tituluna xitam verib, yəni
tək onların yox da, demək olar bütün bəy-xan
titulları ləğv edilib. Bundan sonra
1872-73-cü illərdə babalarım, atamın böyük əmiləri
son dəfə çara bu titulların bərpa edilməsi ilə
bağlı müraciət ediblər, amma nəticə
olmayıb.
Məşədi
Məlik, dediyim kimi, Ağasalah bəyin oğludur, İçərişəhərdə
Ağasalah meydanı var, ulu babamızın adı ilə
tanınıb. Məşhur tut ağacı
meydanı. Amma ora tut ağacı kimi
Bakıya sonradan gəlib, o ətrafda məskunlaşanların
dililə elə adlanıb, oranın qədim adı
Ağasalah meydanıdır. O vaxt - elə indi də -
İçərişəhərdə küçələr
çox dar idi, fayton, qazalaq keçəndə ilişib
qalırdı, Ağasalah bəy ətrafdakı evləri də
alıb, bir neçəsini sökdürüb və həmin ərazidə
bir genişlik yaradıb, yolları genişlədirib, həm nəfəs
almağa, həm də rahat gəzib-dolaşmağa şərait
qurub.
Bakıda
ilk neft bumu
XVIII əsrin axırları, XX əsrin əvvəllərində
Bakıdakı neft bumu həm Azərbaycanın müxtəlif
ərazilərindən, həm də başqa yerlərdən gələn
adamlarla yüklənib, İçərişəhər
Bayır şəhərə çıxmağa
başlayıb. İçərişəhərdəki
evlər dar və balaca idi, varlı adamlar Bayır şəhərdə
özlərinə mülklər tikməyə
başlayıblar. İçərişəhərdəki
evləri isə ya kirayə verir, ya da satırdılar. Yəni
köklü içərişəhərlilər daha rahat evlərə
çıxır, sonradan Bakıya gələnlər oralarda ev alıb içərişəhərli
olurdular. Mənim rastıma çıxıb o
dövr Bakısının kameral siyahısı, içərişəhərli
kimi təqdim olunan soyadların əksəriyyəti orada
yoxdur.
- Maestro,
bəylərin hər birinin özünə aid müəyyən
biznes sahəsi olub, bəs Məşədi Məliyin biznesi, gəlir
mənbəyi nə idi?
-
Ağasalah bəyin Bakı və onun ətrafında
böyük torpaq sahələri, kəndləri olub. İş elə gətirib ki, həmin torpaq sahələrində
müxtəlif dövrlərdə neft də
çıxıb. Məsələn, bir
vaxtlar Türkan kəndi bizim olub, sonra rus çarı
oranı bizimkilərdən alıb Səlimxanovlara verib. İndi
yaman dəb düşüb, kimi dindirirsən hamı
özünü bəy nəsli kimi təqdim edir,
maraqlıdır, bəs rəiyyət kim
olub, o bəylərin xidmətində kimlər durub, onların
işlərini kimlər görüb? Üstəlik,
Bakı xanlarına xəyanət edənlər, belə deyək
də, öz biznesini qorumaq üçün yaxşı
kişiləri rus çarına, onun Qafqazdakı, Azərbaycandakı
nümayəndələrinə satanlar kimlər olub? Onlar da olub axı. Onlara bəy nəsli
demək olar?
Keşlədən
Şüvəlana qədər...
Ulu babalarımız Hacı Mansur, Hacı Kərim,
Ağa Hüseyn... onların hamısının böyük
torpaq sahələri olub, rəncbər saxlayıblar,
torpaqlarını icarəyə verib gəlir
götürüblər. Keşlədən Şüvəlana qədər
əkin sahələri olub. Mən bunu havadan demirəm,
hamısının məndə sənədi, sübutu var.
Otuz üç il arxivləri gəzmişəm,
sonradan onların hamısını səliqəyə
salıb kitaba daxil eləmişəm. Şüvəlanda,
Mərdəkanda, Qalada bağımız olub. Bakıda bir-neçə yerdə dəyirmanlarımız
olub. Sonuncu bağımızı da
1937-38-cu illərdə bolşeviklər əlimizdən
alıb, pioner düşərgəsi eləmişdi və bunu
Bakı camaatı çox yaxşı bilirdi.
- Yəni
belə çıxır ki, musiqi Məşədi Məliyin
hobbisi olub.
- Məşədi
Məlik varlı, ziyalı adam idi, evində
məclislər keçirirdi, xanəndələr, şairlər,
elm, sənət adamları toplaşırdı onun evinə. Babam Məşədi Süleyman gözünü
açandan evdə belə məclislər
görmüşdü və atasından sonra onun yolunu Məşədi
Süleyman tutub, evindəki musiqi-sənət məclisləri
davam eləyib, atam da ağlı kəsəndən o mühitdə
böyüyüb.
- Bəs
niyə o torpaqlarda özləri neft
çıxarmayıblar?
-
Bilirsiniz necədir? O dövrdə hərənin öz sahəsi
olub. Bizimkilərin əsas işi torpaq
alqı-satqısı, torpaq icarəsi və müəyyən
qədər ticarət olub. İndi qara
şəhər kimi tanıdığımız ərazilərdə
Musa Nağıyevin, Zeynalabdin Tağıyevin neft emalı
zavodları olub, həmin əraziləri babalarım onlara icarəyə
verib və yaxşı pul qazanıblar. Həmin
torpaqların xəritələri, reyesterləri məndədir.
Bunlar müəyyən qədər cəncəl
işlərdən, hay-küylü işlərdən uzaq
olublar. Üstəlik, əgər birinin hər
şeyi varsa, hər şeylə təmin olunubsa, heç vaxt
özünü problemə salmaq istəməz. Onlar dədə-babadan
nə iş görüblərsə, onu da davam etdiriblər. Bu, yəni torpaq alqı-satqısı, icarəsi
onların bildiyi sahə olub. Həmin
Bakı milyonçuları ki, adlarını çəkdim,
hamısı ilə yaxın əlaqələri olub və evdə
təşkil edilən məclislərdə onlar da əziz
qonaq kimi iştirak ediblər.
Çox
böyük pullar - çox böyük problemlər...
Çox böyük pullar çox böyük problemlər
yaradır hərdən. Tarix kitablarında dəfələrdə
qarşımıza çıxıb, bəzən Bakı
milyonçuları öz şəxsi mənafeləri naminə
bir-birini əzib keçiblər. H.Z.Tağıyev,
M.Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov...
bunların tarixinə baxaq: biri hambal, biri sudaşıyan, biri
çəkməçi, o biri də bənna olub, amma
ağıllı adamlar olublar. Gəl ki,
onların sonradan necə milyonçu olmaları... bu başqa
söhbətin mövzusudur və köklü-soylu Bakı bəyləri
onları qəbul eləməyiblər. Bir
var zavod sahibi, bir də var torpaq sahibi. Birinin əlində
zavod tikməyə pul ola bilər, amma
zavodu evinin eyvanında tikməyəcək ki... bunun
üçün torpaq lazımdır, özü də əlverişli
yerdə lazımdır. Bu vaxt, əlbəttə
ki, Mansurovlar düşüb yada. Onlar
öz torpaqlarını satmayıblar, icarəyə veriblər
və bu o deməkdir ki, həmin o zavod biznesinin müəyyən
hissəsinə şərik olublar. Və
onlarca belə icarəyə verilmiş zavod yerləri, mədən
yerləri olub. Adamlar evdə oturub,
pullarını qazanıblar. Məncə, ən
ağıllı, təmiz bizneslərdən biri elə budur.
Sonra da bu pulun bir hissəsini incəsənətin,
musiqinin, ədəbiyyatın inkişafına, təbliğinə
həsr ediblər.
Məşədi Məlik gözəl tar, kamança,
saz, qarmon çalmağı öyrənib. On səkkiz
yaşından, 1863-cü ildən etibarən evində musiqi məclisləri
təşkil eləməyə başlayıb. Belə məclislərdə ilk vaxtlar Abşerondan
olan şairlər, musiqiçilər iştirak ediblər,
zaman keçdikcə bu dairə böyüyüb, artıq
Qarabağdan, İrandan, Türkiyədən də
musiqiçilər dəvət ediliblər. Onları yerləşdirmək, qonaq saxlamaq
üçün İçərişəhərdəki evlərimiz
bəs edirdi. Bəzən musiqiçilər,
şairlər aylarla qonaq qalırdı o evlərdə.
Muğam
sirli saraydır
Bu məclislər həm də muğamın
inkişafına, formalaşmasına, oturuşmasına xidmət
edirdi. Məsələn,
biri "Şur" çalır, hamı diqqətlə dinləyir,
birdən onu saxlayıb deyirlər ki, sən "Şur"un
filan hissəsini çalmadan başqa yerə keçdin,
qayıt təzədən başla və o yeri də ifa elə.
Beləcə, bu həm də muğam-musiqi sənətinin
cilalanması demək idi. Muğam bu yolla
oturuşdu, ardıcıllıq müəyyən edildi. Muğam sirli saraydır, onun qapısı olmasa
içəri girə bilməzsən, pəncərədən,
eyvandan girmək isə biədəblik olar, çıxanda gərək
girdiyin qapıdan çıxasan. Muğam
da elədir, gərək qapısından girəsən,
şöbələrini - otaqlarını gəzəsən,
sonra çıxasan.
Bu ənənəni, dediyim kimi, ata babam Məşədi
Süleyman davam etdirib. Qışda Bakıda - İçərişəhərdəki
evdə, yayda isə Şüvəlandakı bağ evində.
İndi İçərişəhərdəki ev bərpa olunur, görək necə
alınacaq. Mən evin köhnə layihəsini
də təqdim eləmişəm, söz veriblər ki, hər
şey olduğu kimi qalacaq, amma təyinatı nə olacaq, onu
zaman göstərər.
- Maestro,
dediniz ki, Qarabağdan, Şirvandan, İrandan, Türkiyədən
Bakıya, Məşədi Məliyin, Məşədi
Süleymanın məclislərinə musiqiçilər gəlirdi.
Bilirik ki, Qarabağ Azərbaycanın musiqi
beşiyidir, Cənubi Azərbaycanın da öz musiqi tarixi,
musiqi ənənələri var və oralarda da çox
gözəl musiqi, sənət məclisləri olub. Niyə
Bakıya can atırdılar?
-
Maraqlı sualdır. Əlbəttə, Qarabağ, Şirvan,
yaxud Təbriz musiqiçiləri öz regionlarında
tanınırdılar, amma Bakı mərkəz idi, paytaxt idi,
mədəniyyət sürətlə inkişaf edirdi, teatr,
kino yaranırdı. Bakı onların
tanınması, ad çıxarmaları üçün
meydan idi. Bakıda tanınan musiqiçini
artıq hər yerdə tanıyırdılar. Qəzetlər yazırdı o məclislərdən.
Hətta bəzən Bakıya macəra
axtarmağa gələn, Şərqi görməyə gələn
avropalı qəzetçilərin, fotomüxbirlərin də
diqqətini çəkirdi belə məclislər. Bakı onların həm də böyük Şərq
dünyasına, müəyyən qədər də Avropaya
çıxmalarına qapı idi.
Bakı -
Şərqlə Qərbin qovuşduğu yer
Səbəb budur. İndiki musiqi jarqonuyla desək, əsas
raskrutka Bakıda gedirdi. Təsəvvür
edin də, müəyyən dövr gəlib çatdı,
Qarabağın, Şirvanın ən tanınmış
musiqiçiləri Bakıda cəmləşdi.
- Bəhram
əmi Bakıda, İçərişəhərdə
dünyaya gəlib. İki qardaş olublar onlar?
- Yox,
üç qardaş olublar. Bir qardaşları
tez dəyişib dünyasını. Atam
İçərişəhərdəki son evimizdə, Qız
qalasının yanındakı üçmərtəbədə
doğulub. İndi oranı söküb
yaşıllıq eləyiblər. Havalar
isinən kimi Şüvəlandakı bağ evimizə
köçürdülər. Hələ
inqilab vaxtı Nəriman Nərimanov və yaxın
silahdaşları bir müddət Şüvəlandakı
evimizdə qalıblar. Amma bolşevik
hakimiyyəti hər şeyi bizimkilərin əlindən
alıb. Sovet hakimiyyətinə qədər
musiqi bizim nəslin hobbisi idi, sovetlər onların
bütün var-dövlətinə çökəndən
sonra musiqi dönüb oldu sənəti, işi, nəslin gəlir
mənbəyi.
Hobbidən
sənətə
- Bəhram
əmi gözünü açandan musiqi, muğam eşidib,
peşəkar musiqi təhsili almasına ehtiyacı olmaz onun,
çünki belə demək olarsa, doğulduğu ev elə Bakının musiqi akademiyası idi də...
- Əlbəttə, ən yaxşı sənətkarlar
onların evinə toplaşırdı, üstəlik,
atası da, əmisi də virtuoz musiqiçilər idi. Atam musiqini
atasından, bir də əmisi Mirzə Mansurdan öyrənib.
Məşədi Süleyman milli tar sənətimizin
ustadlarından olan Sadıqcanla yaxın dost olub. Sadıqcan bəzən aylarla Bakıda onların
qonağı olub. Tutaq ki, xəbər gəlirdi,
Qarabağdan Bakıya yaxşı bir musiqiçi gəlib,
filan yerdə konsert verib, Məşədi Məlik oğluna -
babama deyib ki, get, həmin adamı dəvət elə evə,
mənim qonağım olsun. Bu minvalla
dövrün ən tanınmış musiqi, sənət
adamları o evin qonaqları olub, məclislərində
iştirak eləyiblər.
Kimin əlində
musiqi aləti görsəniz...
Məşədi Məlik yaxın adamlarına
tapşırıb ki, vağzalda, limanda əlində musiqi aləti
ilə Bakıya gələn kimi görsəniz, dəvət
eləyin evə, qoy şəhərdə məəttəl
qalmasınlar.
Həmin adamların bütün ehtiyacını
ödəyir, əyin-başını alırdı, cibinin xərcliyini
verirdi, onlar da bir müddət evində təşkil olunan tədbirlərdə
öz məharətlərini göstərirdilər. Bircə İçərişəhərdə
babalarımın iyirmi dörd mülkü olub. Yəni qonaqları yerbəyer eləmək problem
deyildi. Tağıyev kimi, Nağıyev
kimi qonaqlar olanda musiqiçilər yaxşı bəxşişlər
də alırmışlar onlardan. Demək
olar, bütün musiqi əhli Mansurovlardan razılıq edib.
- Belə
çıxır ki, Məşədi Məlik də, Məşədi
Süleyman da musiqi xeyriyyəçiliyi ilə məşğul
olublar, musiqini təbliğ ediblər.
- Elə
o cür olub. Azərbaycanda üç muğam məktəbi
formalaşırdı: Şirvan - Mahmud ağanın məktəbi,
Qarabağ-Şuşa - Mir Möhsün Nəvvabın məktəbi.
Mirmöhsün Nəvvabın muğam tarixində
xidmətləri böyükdür. O, həm də
çoxprofilli adam olub. Bir də
Bakı muğam məktəbi, onun da adı Mansurovlarla
bağlı idi. Muğam elit musiqi hesab
edilirdi, savadlı musiqi hesab edilirdi və çox doğru da
hesab edilirdi. Ən mötəbər məclislərdə
muğam ifaçıları olmurdusa, o yaxşı məclis
hesab olunmurdu.
Bakı məclislərində muğamın tarixilə məşğul
olurdular, hansı qəzəli hansı muğamda oxumaq olar. Füzuli,
Seyid Əzim bunu tam təmin edə bilirdi, sonra bu məclislərdə
artıq dövrün qəzəlxanları yetişməyə
başladı. Məsələn, Azər Buzovnalı
onların ən qabaqda gedən nümayəndələrindən
biriydi, daha sonrakı mərhələdə Əlağa Vahid
bu sahədə sayılıb-sevildi...
Bəzən
muğam saatlarla oxunurdu
Məndə
babam Məşədi Süleymanın əlyazmaları
qalıb, adam nə qədər qəzəl
yığıb o dəftərlərə. O əlyazmalar
hamısı həm də muğam dərslikləridir. Hamısını bir-bir qeyd eləyir, filan qəzəl
filan muğamda oxunur, bu qəzəl bunda və s. O dövrdə
muğamın ən mürəkkəb forması ifa olunurdu, təəssüf,
bu gün həmin mürəkkəb muğam yoxdur. Hər məktəbin öz ifaçılq tərzi
vardı və bu, dəmir qanun kimi qorunurdu. Ona görə əvvəllər bir muğam bəzən
saatlarla ifa olunurdu, buna nəfəs lazım idi və
musiqiçiləri də o nəfəsinə görə qiymətləndirirdilər.
O biri muğam məktəblərində əsasən
ifaçılar yetişirdisə, Bakı məktəbində
muğamın elmi formalaşırdı.
- Maestro,
bu cür dolğun cavaba görə sizə təşəkkür
edirəm, həm muğam haqqında, həm iki əsrin musiqi
tarixi haqqında, həm də müəyyən qədər
Bakı ilə bağlı verdiyiniz çox maraqlı məlumatlara
görə sağ olun.
Musiqiçilər bəzən toy-manıs təfəkkürü
ilə diqqət çəkməyə daha çox meyilli
olurlar. Musiqini bilirəm, üç-beş qəzəl
bilirəm, bəsdir deyənlər çox olur, amma
ağır musiqiçilər barmaqla göstərilir. Bəhram
əmi ağır musiqiçi idi, ağır taxtalı,
sözü keçən və sözünü deyən kişi idi. O bu nüfuzu necə
qazanmışdı? Yeri gəlmişkən, o
da toylara, el şənliklərinə gedirdi, amma
"manıs" təbiyəsi ilə yaşamırdı.
- Bu,
kökdən, tərbiyədən gəlirdi. O, musiqini
tanıyandan onu elə görmüşdü. Tutaq
ki, Xan əmi, Seyid Şuşinski... onlar el şənliklərinin,
toyların ən tanınmış simaları idilər, amma həm
də səviyyə idilər, səviyyəli idilər,
yerişlərini, duruşlarını, söhbətlərini
bilən adamlar idilər. O mühitdə böyüyənlər
başqa cür ola bilməzdi.
Atam ilk dəfə tarı sinəsinə sıxıb
çalmağa başlayanda atası onu dinləyib, deyib ki, sən
birdən öyrənəcəksən yaxşı ifa eləməyi. Elə də
olub. Elə mən də, bəzən
soruşurlar ki, necə musiqiçi oldunuz? Axı mən
gözümü açandan tar səsi eşitmişəm,
muğam dinləmişəm. Başqa necə ola
bilərdim?
Oxuma,
tar...
Atam həmişə deyirdi ki, mən əvvəldən
axıra qədər bir yolu tutdum - muğam, o məni ya
qaldıracaqdı, ya da yıxacaqdı. Sovet quruluşundan sonra tara münasibət dəyişdi, ilk vaxtlar tar
ümumiyyətlə düşmən obrazı idi, "Oxuma,
tar" deyənlər də var idi, "Oxu, tar" deyib
güllələnənlər də. Tar notla
çalınmğa başladı, müxtəlif orkestrlərə
daxil edildi, bu, bir növ, tarı öz keçmişindən
ayırmağa yönəlmişdi, amma tarın
keçmişini qoruyub saxlayanlar da oldu və Bəhram Mansurov
onlardan biri idi. Atamın otuzdan artıq özünəməxsus
tar ifaçılıq üslubu vardı. O, simfonik orkestrlə
"Leyli və Məcnun" operasının muğam hissələrini
ifa edirdi, bunları əzbər bilirdi, harda nəyi necə eləmək
lazımdır. Səhnədə
ifaçını müşayiət eləmək asan deyildi,
bu həm də hərəkətlə bağlıdır,
aktyor konkret mizanı yerinə yetirir, sən tez çalarsan,
o, səhnənin ortasında qalar, gecikərsən yenə
olmur... gərək hər addım hesablansın.
Otuzuncu illərin ortalarında Uzeyir bəyin təşəbbüsü
ilə Tofiq Quliyev və Zakir Bağırov muğamları nota
köçürdülər. Üzeyir bəy tapşırıq
vermişdi ki, gedin Mirzə Mansurun ifa etdiyi muğamı nota
köçürün. Bunda da məqsəd vardı, biz
muğamı qanla, genlə öyrənirik, hiss edirik, amma
artıq konservatoriya açılmışdı və orada
müxtəlif millətlərin nümayəndələri təhsil
alırdılar, onlar muğamı notla öyrənməliydirlər.
Məhz bu təşəbbüsdən sonra indi
muğamı çətinlik çəkmədən orkestrlər
notla ifa edə bilirlər, amma bunun bir mənfi tərəfi
var, artıq notdan kənara çıxmaq olmaz, artıq ürəyə,
yəni improvizasiyaya, sənətkarılıq göstərməyə
imkan yoxdur.
- Bəhram müəllim sizə nə öyrətdi
və sizdən nəsə öyrənə bildimi?
- O, mənim atam idi, mən ona nə öyrədə
bilərdim, ya da o məndən nə öyrənəcəkdi...
Nə öyrəndimsə mən ondan öyrəndim. Əvvəla,
o mənə musiqini sevməyi və başa düşməyi
öyrətdi. O mənə insanları sevməyi və
dostları qorumağı öyrətdi. Uşaq vaxtı ad
günləri keçirərdi bizə, indi şəkillərə
baxıram... kimlər yoxdur... Zülfi əmi, Sara Qədimova,
Əlövsət Sadıqov, Yaqub Məmmədov, Tələt
Bakıxanov, Hacıbaba Hüseynov... bir sözlə, zəmanənin
qaymaqları.
Bəhramın süfrəsində...
Atam dünyasını dəyişəndən
sonra evdə ilk məclislərini verirdik, yenə xeyli adam
vardı, sənət dostları, tanışlar. Rəhmətlik
Sara Qədimova üzünü məclisdəkilərə
tutub dedi ki, birimiz barmağımızı qatlayıb deyə
bilmərik ki, Bəhramın evində olmamışıq,
süfrəsinin çörəyini yeməmişik? Hamı xətrini
istəyirdi onun, sənət adamları arasında çox az
adam vardı atamla düşmənçilik edən, amma atam
onlara baş qoşmurdu. Mənsə onlara da təşəkkür
edirəm, bizim hərdən ölənin ardınca
danışmaq kimi pis xüsusiyyətimiz var, amma sağ
olsunlar, atamdan sonra heç həmin adamlar da onun arxasınca
bir kəlmə xoşagəlməz söz işlətmədilər.
Söhbətləşdi:Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 7
avqust.- S.16-17