"Filoloji
fantaziya" esseləri
Çağdaş
hekayələrimiz, yaxud ulduzlarla ixtilat...
İlk yazı
Bizə gəlib çatan bütün hadisə, əhvalat
və sair gec-tez, yaxud elə dərhal, eşidilən kimi
deformasiyaya uğrayır. Heç bir hadisə, əhvalat
və sair bu şəkildə "emal" prosesindən
keçməmiş qulaqla eşidilməz, gözlə
görünməz. Bu mənada adına
"hekayə" dediyimiz bədii mətn həmin emal
prosesinin daxildə, yazan insanın iç dünyasında dəfələrlə
emaldan keçməsi nəticəsində yaranır. Ancaq bir
detalı unutmayaq, bizə "deformasiyaya"
uğramış şəkildə çatan hər hansı
hadisə, əhvalat və sair içimizdə, böyür-başımızda
olan hadisə və əhvalatlarla aşkar-gizlin ünsiyyətə
girir, onlarla təmas tapır və təmasda olduqları hadisə
və əhvalatların sanki xüsusi məqsədlə
seçdikləri detalını dəyişdikcə dəyişirlər,
bu formada işləyən "dəyirman daşı", yəni
əhvalat və informasiyanı bədii mətnə çevirən
proses əbədi olaraq bədii mətnin girdabında gizli
şəkildə qalır və fəaliyyət göstərir,
ancaq bunu nə oxucu, nə də xüsusən müəllif bilir.
Hekayə
yazmaqdan, bədii mətn yaratmaqdan məqsədlərdən ən
əsası bizim tanıdığımız nəsnələri
bizə əyani şəkildə göstərmək, onunla
tanış etməkdir, ancaq bu tanışlıq elə bir
formada həyata keçirilir ki, nasirin (hekayəçinin)
yazmaq istədiyi nəsnə ilə oxucunun artıq bəlkə
də əzbər bildiyi mətləb hər dəfə, hər
bir oxucu üçün fərqli bucaqda "kəsilir" və
beləcə bir tanış əhvalatdan bəlkə də
minlərcə hekayə "quraşdırılır".
Görükdürmək, vizuallaşdırmaq, daş
olsa belə istənilən əşyanın dilini açmaq,
yaxud onu öz dilində dilləndirmək inersiyası hekayənin
içindən qırmızı həyəcan xətti kimi
keçir.
Günel Eyvazlının "Muxtar" hekayəsi bu mənada
incələnməsi lazım olan mətnlərdəndir. Hekayə,
qısa deyək, yaşamağın nə demək olduğunu
anlamaq haqqındadır, həm də şərti-metaforik
üslub çalarıyla. Çünki
anlamaq, başa düşmək birbaşa nümunəylə
olmur, bunun üçün insan dərin yuxuya getməli, hər
gün gördüyü reallıqlardan ayrılıb
qopmalı, bir sözlə, "dünyasını dəyişməlidir".
Əsas olan budur.
Bəri
başdan deyək ki, hekayə qədim mənbələrdə,
xüsusən mif mətnlərində özünə yer alan, hər kəsin arzuladığı
"dirilik suyu" metaforasının ifadə etdiyi məna ilə
çarpazlaşaraq dünyaya gəlir, doğulur. Mif mətnlərində
dirilik suyu axtaran adam, nəhayət, bir
bulaq başına gəlib çıxır, orda
saçı, saqqalı ağarıb tökülmüş,
insandan çox quru ağaca, heykələ bənzəyən
qoca bir kişini oturmuş vəziyyətdə görür.
(Sırf hekayədəki heykəllər kimi, bu barədə
sonra...). Gənc adam həmin dirilik suyundan
içmək istədikdə, qoca ona "əlini saxla", -
deyir, "mən içib bu günə qalmışam,
artıq ölə də bilmirəm", - deyir. Hekayədə isə "dirilik suyu" başqa bir
anlamda vurğulanır. Və orda da qədim
mətnlərə istinad edilir. Sadəcə,
tarixi mənbələrə işarə edilir və deyilir ki,
"yadınızdadı, İsgəndərin dirilik suyunu
axtarması?" yada salınan, işarə edilən mətnlə,
yada salınmayan və heç bir işarə edilməyən,
sadəcə, "kənardan təsir göstərən"
mətn arasında bayaq dediyimiz çarpazlaşma, bir-birini kəsib-doğrama
hadisəsi baş verir. Hekayənin quruluşu,
yaradılmasının əsasında məhz bu proses durur. Məhz bu "kənardan təsir edən mətni"
tanıyandan sonra təhkiyə çevrəsindəki digər
əhvalat, olay və hadisələrin mənasına varmaq
mümkündür. Hər bir bədii mətndə
(bizim nümunədə hekayədə) əsas
strukturyaradıcı, yaxud janrtörədici vahid kənardan təsir
edən mətndir, yaxud mətnlərdir. Bu,
hekayəni təhlil etməyə konkret yanaşmada filoloji səviyyəni
bəlləyir.
Hekayə
təlqin edir ki, insanlararası münasibətlərdə, elm
aləmində, kəşflər dünyasında,
ayağını, addımını hara atsan orda...
boşluqlar var. Hər gün hamı neçə-neçə
heykəlin yanından keçir, bəlkə heç
baxmır da, amma heykəlin ona baxdığı haqqında da
qəti düşünmür. Ancaq heykəllər
içəridən, başqa bir dünyadan hökmən
böyür-başından keçən insanları izləyir,
o qədər izləyir ki, danışmağı yox,
susmağı üstün tuturlar. Muxtar
öz aləmində bir kəşf edib. Yaxud
düşünür ki, nəyisə, insanların həyatını
dəyişəcək, onları həyatın mənası
haqqında çox fərqli düşünməyə məcbur
edəcək nəyisə icad edib. Elmlər
Akademiyasında elmi kəşflərlə bağlı
şöbənin işçisinin Muxtara dediyi kəskin
sözlərin hamısı bir yerdə həmin o
"boşluq" sözünü, onun bütün parametrlərini
ifadə edir, amma üzdən, zahiri yön və profildən. Qəti şəkildə deyir ki, belə
boş-boş şeylərlə yanıma gəlmə, sənin
dediklərinin hamısı boşboğazlıqdı. Mən indi iclasa gedirəm. Muxtarsa deyir:
"Boş-boşuna keçirilən müzakirələr,
iclaslar. Doldurursuz bir zal adamı,
ağzınıza gələni danışırsız.
Nə elm var, nə də kəşf. Boş-boş sözlər var ortalıqda, vəssalam.
Özünüz də bilirsiniz ki,
boşboğazlıqdır, başqa heç nə. Guya
iş görürlər. Simpozium, təşkilat,
yığıncaq. Havalı sizsiniz, deyim,
xəbəriniz olsun. Kimi aldadırsız
axı? Bezmədiniz vaxt öldürməkdən?". Sonra Muxtarın özü
havalanır. Metrodakı ani hadisə (bir
anın içində məmləkətin bütün mənəvi
ağrılarını, insan iztirabını dibinəcən
göstərən olay...) çıxılmazlıq
ovqatını ifadə edir. Ancaq təkcə
ifadə etmir, həm də dünya və gerçəkliyin
radikal şəkildə dəyişməsinin vacib olduğunu
vurğulayır. Muxtar düşünür ki,
"...İçində olan boşluğu hara getsən belə,
yenə də doldura bilməyəcəksən.
"Ən yaxşısı, bağırmaq,
qışqırmaq, üsyan etmək... yox, yaxud əlini bu
acı həqiqətlə kəsib intihara boyun əymək
yox, susmaqdır, o heykəllər kimi. Heykəllərsə
dirilməli, ayaq açıb yeriməli, duruşu,
sözü, üsyanı, eşqi... hər şeyi dəyişməlidir.
Gördüyünüz kimi, mətnin içində
bir səngiməyən burulğan var, sadəcə, bircə
dalğanın ətəyindən yapışmaq kifayət
edir.
Dünya bir göz qırpımında dəyişir, dəyişməsəydi,
hər şey yerlə bir olardı, çünki üzdən
dolu, təmkinli, elmli, ucalarda qərar tutmuş kimi
görünən toplum həyatı əslində yer-yerdən
boşluqlarla doludur. Bəs bu şərti-metaforik dəyişmənin,
ölülərin dirilib balıq kimi sahilə
tökülüşməsinin səbəbi nədir, bu hadisə
nəyin hesabına baş verə bilir? Hekayənin
daxilindəki əksliklərin yan-yanaşı olması və
daha çox kənardan bədii mətnin müxtəlif
semantik yuvalarına təsir edən mətnlərin
hesabına. Bu kontekstdə hekayə mətni
bir neçə variant da irəli sürür. Muxtar
havalandığı üçün daş-divarla
danışdığını kəsdirir, metroda "Memar
Əcəmi"yə getməliykən hər təsadüfdə
"Elmlər Akademiyası"na
düşməsi, yəni bayaqkı elmi kəşflərə
baxan şöbəyə tuş gəlməsi də təsadüfi
deyildir. Memar Əbubəkr oğlu Əcəmi
orta əsərlərdən bu günə diri qalmış
dahi sənətkardır. Onun Möminə Xatun abidəsi
üzərinə yazdığı sözlər (təxminən
belə: dünya fanidir, biz gedəcəyik, bunlar xatirə
qalacaq...) dəhşətli bir savaşın işindən
çıxsalar da təzə-tər, sanki bu gün deyilmiş,
indicə yazılmış təsiri bağışlayır.
Bu da kənardakı mətndir. Və ən güclü mətn. Muxtar
keçmişə, onun sirli-sehrli sənət
dünyasına, o dar küçələrin qoynunda iz
salmış təkrarsız dahilərin ardınca irəliləmək
istəyir, ancaq dəli bir istəklə qoşduğu yol qəfildən
dönüb Akademiyaya gedir, çıxış yolu yoxdur və
elə buna görə də möcüzə baş verir. Muxtar havalıykən ağlına
qəribə şeylər gəlir, "...Elə bilirəm
dağ, daş, divar - hər şey mənimlə
danışır bu gün. Cəfər Cabbarlı əlini
qoynundan götürüb, Rəşid Behbudov kimi
qollarını yana açıb oxumaq istəyir.
Təsəvvür edirsiz? "Nə
gözəlsən, nə qəşəngsən, bu axşam sən
əziz dost". Hələ Ədəbiyyat
Muzeyinin önündə sıralanan heykəlləri demirəm.
Elə bil hamısı sıçrayıb yerə
atlanmaq istəyir. Vahidin başına
dırmanan xırda adamlar da yerə tökülmək istəyir.
Lap elə Vahidin özü də, mənimtək
bədənsiz baş kimi qalmaqdan bezib kimi görünür
gözlərimə. Elə bilirəm, o da
hamı kimi əli, ayağı, bədəni yerində
olmasını xəyal edir. Yerimək istəyir,
qaçmaq istəyir, danışmaq istəyir. Mən isə ümidsizliyin acısından məhz
indi çıxış yolu kimi gördüyüm intihara
getmək istəyirdim. Amma yox, ən
yaxşısı sükutdur. Bəlkə
danışmağı tərgidim? Ölməyə
nə var ki. Susum. Onsuz
da sözün qiyməti gözdən elə düşüb
ki, hamı necə istəyir elə də xərcləyir onu.
Ah...". Möcüzəni beləcə
susmaq gerçəkləşdirir, orda bu günə gələnəcən
bir kəlmə də danışa bilməzsən, yolsa
uzaqdır, möcüzədən reallığa qədər,
aradan qara bulud, toz-duman keçir...
Hekayə mətninə təsir edən kənar mətnlərdən
biri də Mirzə Cəlilin "Ölülər"
pyesidir. Daha doğrusu, pyesdən gerçəklikdə
qalmış Şeyx Nəsrullah - ölü diriltmək məsələsi.
Bu kənar təsir - kənar mətn müdaxiləsi
əslində, janrtörədici keyfiyyətə malikdir və
belə olduğu üçün də bütün əhvalat
və bədii mətləbin həllində önəmli rola
malikdir. Məsələ Şeyx Nəsrullah
rolunu ifa etmək deyil, onun köynəyindən, onun cildindən
çıxıb keçmişin və daha çox
bugünün ağrılı suallarına cavab aramaqdır.
Yəni bəzən ən dəhşətli,
insanların bəlkə də qorxudan, sarsıntı
keçirmək qorxusundan yadına salmadıqları
sualların cavabını bəlləmək elə həyatın
mənasını aramaq qədər önəmli və əhəmiyyətlidir.
Məhz bu məqamda iç və kənar mətnlər
çarpazlaşmır, paralel gedir və bu "paralel
aldatma" metodu hekayənin kompozisiyasında, onun fəlsəfi
yükünün açımında çarpazlaşmadan
daha becid rol oynayır. Doğrudan da, insanları diriltmək
üçün elmi iş aparan, kağızlar qaralayan, bu məqsədlə
həblər hazırlayan adam Şeyx Nəsrullah
deyilsə, bəs kimdir? Amma ... məqsəd və
niyyət fərqlidir, əsas olan da budur. "...Əsrin
Şeyx Nəsrullahı olmaq istəyirsən? Bir
də ki, sən Allahın işinə niyə
qarışırsan axı. A balam, sənin
nəyinə lazımdır ölənləri diriltmək?
- Bu, Allah
işinə qarışmaq deyil. Bu,
sorğu-sualdı. Niyələri soruşmaqdır.
- Ay adam, nəyinə lazımdır axı?
- Məsələn,
nakam getmiş insanların, bu dünyada missiyası
yarımçıq kəsilən adamların geriyə
dönməsini istərdim. Siz istəmirsiz?
- Vallah,
havalanmısan sən. Cəfəng-cəfəng
fikirlərlə vaxtımı alırsan".
Dənizdən adamlar gəlir, dalğaları yara-yara. Bəs o
kimdir? Pencəyinin yaxasında rəqəmlər: min
yüz doqquz...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 24.