Tanrılogiya - Gələcəyin
nəzəriyyəsi
Acınacaqlı
çığırtı səsləri ilə dolub-daşan
kabusları Qaianı yuxu üzünə həsrət
qoymuşdu. Yuxularındakı
çığırtının haradan gəldiyini anlaya
bilmirdi. Altı gün idi ki, vəziyyət belə idi.
Altı gün idi ki, mərhələ-mərhələ bir
anlayış yaranırdı beynində. 6 gün idi ki,
yuxularında yasəmən meşələrində gəzişirdi.
Meşənin
dərinliklərinə doğru irəlilədikcə
çığırtı səsləri getdikcə
çoxalırdı. Yıxılırdı, diz
çökürdü Qaia. Ruhunu sarmaşıqvari
burulğanlar sıxırdı... Bütün beyin hüceyrələrini
uşaqkən kəndlərindəki ala kərdilərdə
gördüyü sarı alaq otları basırdı sanki...
Sarı alaq otları getdikcə sıxırdı təfəkkürünü...
Düşüncələrinin bütün şirəsini
sorurdu... Düşüncələri inkişafsız
qalırdı. Nə isə çatmırdı. Tamamlanmayan,
qırıq-qırıq həyat kadrlarından ibarət, bir
anda içinə dığırlandığı bu
dünya.
O
gün də belə oldu. Azərlə danışanda yenə
özünü bu yeni dünyanın ağuşunda hiss etdi.
Qarmaşıq, rabitəsiz fikir yağmurunu dolaşıq
cümlələrlə ona da çatdırmağa
çalışdı. Danışmağı sevmirdi. Əslində
hər kəslə ünsiyyət qurmaq və uzun-uzun söhbətləşmək,
müzakirələr aparmaq artıq çətin gəlirdi
ona... Ancaq bəzi insanlarla ünsiyyət nəfəs almaq
kimidir. İnsanın ciyərlərinə, düşüncələrinə,
ruhuna oksigen dolur elə bil... Həmin gün də tələsik
şəkildə düşüncələrini yönləndirirdi
ona. Azər onun da eynilə buna bənzər hisslər
yaşadığını və bunu mütləq yazmalı
olduqlarının vacibliyini vurğulayaraq dəstəyi tələsik
asdı. Niyə yazmalı idi? Bir anda düşündü ki,
tək çarə yazmaqdı... Daha nəhəng
çoxluğa, multi qatlara, bəlkə də elə
yoxluğa... Qaia bir zamanlar travmalarını yazan əsgərləri
xatırladı. Yazmaq insanı rahatladırdı. Bir
növü, terapiya idi yazmaq...Bununla bağlı bir neçə
elmi araşdırma oxumuşdu zamanında...
O
gün elə bu zərif travmasını yazmağı qərarlaşdırmışdı...
İlk
öncə onu son 5-6 ayda narahat edib, təşvişə salan
yuxularını yazmaq istəyirdi... Yasəmənli meşədən
başlayacaq idi yazmağa... Nə idi onu o meşəyə
sürükləyən? Bu, kabus idimi? Halusinasiyamı? O
çığırtı nə idi bəs? Gerçək idi
elə bil. Oyananda qulaq pərdələrinə 180 desibel səslə
bağırılmış kimi hiss edirdi...
Araşdırmalarla müəyyən edilmişdir ki, 180 db isə
roket atarkən roketin verdiyi səsdir... Buna məruz qalmaq isə
sadəcə dəhşətdir...
Bu,
yasəmənlərin çığırtısı idi? Yasəmən
ağaclarını kəsirdilər?
Qaia
bunun səbəbini soruşurdu ordan-bura, burdan-ora qaçaraq.
Qan-tər içində qalırdı. Ağlayırdı.
"Kəsməyin yasəmən ağaclarını!" deyərək
yalvarırdı... Yasəmənlər kəsilirdi... Hun
çayının suları çəhrayı rəngə
boyanırdı... Qaia gah çaya, gah da meşəyə çırpırdı
özünü. Heç kim əl saxlamırdı.
Torpağın ürəyi səksəkədə idi, az
qalırdı köksü çıxsın yerindən.
İy və dad bilməsini itirirdi Qaia. Günəşin
yanıq qoxusunu, yasəmənlərin qanının iyini hiss
etmirdi. Hun çayından heç bir dad ala bilmirdi artıq. Nə
isə dəyişirdi. Paralel dünyayamı
sıçramışdı ruhu?
Hun
çayı getdikcə özünə deltalar
yaradırdı... Bu
yeni dünya artıq Hakslinin dediyi kimi cəsur deyildi...
Yasəmənlər
kəsilirdi...
Hun
çayının rəngi artıq hər zaman yasəmən
rəngində olacaq - deyirdi gümüş saçlı adam. Kim idi bunlar?
Adlarını xəbər aldım... Hamısının
adı eyni idi... Onları sadəcə rəqəmlər fərqləndirirdi...
Gümüş
1, Gümüş 2, Gümüş 3...
Robotlaşmış
təxəyyülün məhsulu bu sistem məni
ürküdürdü...
Gümüş 1. İçlərində ən zəhmli olanı idi... Ağacları eyni sürətdə kəssələr
də, o, sanki fərqli bir kin bəsləyirdi yasəmənlərə.
-
Çiçəklər insanlığın düşmənidir
- dedi, Gümüş 1... Gözlərində zəhmqarışıq
biclik bərq vurdu.
-
Gümüş 2: Bəli, ilk olaraq gözəl qoxu
anlayışı deyiləndə çiçəklər,
bitkilər yada düşür...
-
Gümüş 3: Gözəl olan hər şey insanı tənbəl
edir... İnsanlıq tənbəlliyin daşını
atmalıdır... Günəş yanır... Vaxta az qalır. Bir azdan tamamilə yanıb kül
olacaq... Yeni günəşlər tapmalıyıq...
-
Gümüş 1: Ulduzları yandırmağın zamanı
çatıb... Bunun üçün bütün
dünyadakı şəffaflıq yox edilməlidir... İlk
olaraq sular boyanmalıdır... Bütün yasəmən
ağacları kəsilməlidir.
Qışqırmağa
başladım:
-
Bunları kəssəniz tamlıq və vəhdət itəcək...
-
Gümüş 1: Hahahaha... Sentimental, melanxolik
düşüncə yağışı... Yasəmənlər
və vəhdət anlayışı? Gözəllik
nə vaxtdan tamlığı qidalandırıb, onun mərkəzinə
çevrilib?
-
"Gözəllik ayrı-ayrı elementlərdə deyil,
birinin digərinə, yəni ələ görə
bütün barmaqlarının, biləyə görə əlin,
bütün qola görə ön qolun və sonda bütün
hissələrin digərlərinə görə ahəngdar
nisbətində olmalıdır" deyib Eko...
-
Gümüş 1: Hər deyilən doğrudurmu? Hər doğru insanlar və bizlər - bubululular
üçün doğrudurmu?
- Bu nə
soyuqqanlılıqdır? Gözəllik nə
vaxtdan təhlükə hesab olunur? Dünyanı gözəllik
xilas edəcək... Gözəl qoxular, rayihələr,
dadlar...
Gözəllik
tanrıçası Afroditaya əsaslanan Hesiod (e.ə. VIII əsr),
gözəlliyin mənbəyinin qadınlar olduğu qənaətindədir . Hesiodun
fikrincə, başlanğıcda sonsuz və kompleks bir Xaos var
idi. Xaosun qızı Nyks və oğlu Erebosdan
(yeraltı) Eros (eşq) dünyaya gəldi və xaosu gözəllik
əvəz etdi . Buna görə
kainat gözəlliyin təcəssümüdür.
-
Gümüş 3: Yas və Minin faciəsini unutmusan, deyəsən?
- Elə
bir faciə yoxdu... Kim yazıb onu? Esxil? Sofokl? Evripid?
Jan Rasin?
- Gəl
sənə bunu danışım... Sonrasına özün qərar
ver... Emosiyalarla yox, analiz qabiliyyəti ilə şərh et...
Mifologiyaya
görə Küknar meşəsinin ən gözəl
insanları Yas və Minin şöhrəti bütün Bibl və
Ya ellərində dillərə dastan
imiş. Bir gün Ya elinin kralı Qrenyun
Küknar meşəsində ova çıxıbmış. Nağıl edilir ki, Qrenyun bütün heyvanların
dilini bilirmiş və ovda ikən dincəlmək
üçün söykəndiyi xarabalıqda bayquşlardan
iki gözəlin hekayətini eşidir. Kral
ovdan qayıdar-qayıtmaz, tələsik bu iki gözəlin
sorağına çıxacağına and içir.
Bəşəriyyətin tarix boyu axtardığı
şey həmişə gözəlliyi tapmaq və onun
arxasınca qaçmaq olub. Ancaq gözəlliyi,
gözəli tapmaq kifayət etməyib və ən gözəlinə
çatmaq hədəflənib.
Ovdan qayıdan Qrenyun qiyafəsini dəyişib, Bibl elinə
tacir kimi daxil olur. Ya elinin xəzinəsinin ən nadir
almazlarını da Hermes markalı çantasında
özü ilə götürür. "Hermes
səfirlərin, çobanların, carçıların və
yolda olanların himayəçisidir. Magiya,
əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin
ruhunu Aidin dünyasına aparan bələdçidir (buna
görə də onu həm də Psixopomp, yəni
"ruhların bələdçisi"
adlandırırdılar). Cəldlikdə,
hiyləgərlikdə və oğurluqda tayı-bərabəri
yoxdur". Bibl elinə varid olduqda, günəşlə
yarışacaq parlaqlıqdakı almazları satmağa
başlayır. Öncədən öyrətdiyi
adamlar şayiə yayırlar ki, bəs Bibl kralının
sarayında heç belə almazlar yoxdur. Bu
almazlar Bibl kralının bütün xəzinəsinə bərabərdir.
Almazların şöhrəti və
söz-söhbət krala çatır. Əyan-əşrəfə
söz verir ki, o almazları günü bu gün xəzinəsinə
daxil edəcək. Bibl Kralı İsgəndər,
Qrenyunu hüzuruna dəvət edir. Nə
and-aman edirsə, tacir almazları satmır ki satmır. Nəhayət, kral kor-peşman soruşur ki, almazlara
qarşılıq nə istəyir? Nə
istəsə, söz verir ki, verəcək.
Çünki artıq Bibl kralının sözü yerə
düşürdü. Əyan-əşrəf kralın
sözünə etimad göstərməyib,
fısın-fısın danışır, onu lağa qoyub
xısın-xısın gülürdülər. Kral hər
şeyi görürdü... Verdiyi sözdən peşman olsa
da, "sonrakı peşmançılıq fayda vermir"...
Ya Kralı Qrenyun da belə fürsəti əldən
verməzdi. Tez krala Bibl elinin iki gözəlini, Yas və Mini istədiyini
deyir. Bu, kralı qəhərləndirir.
Ancaq kral yenə tuta bilməyəcəyi sözlərindən
birini vermişdi... Bu dəfə isə bu sözü Ağ
saraydakı böyük məclisdə əyan-əşrəfə
vermişdi...
Beləliklə, Yas və Min Ya elinin tacirinə (əslində
kralına) hədiyyə olunur. Qrenyun bic-bic
gülür. Artıq bu iki gözəl xanım sayəsində
Ya elinin gözəlliyi analarına, igidliyi
atalarına bənzəyən dillərə dastan oğul və
qızları doğulacaq idi. Qrenyun Yas və Mini avtomobilinə
əyləşdirib Ya elinə doğru
getməkdə olsun. İndi sizə xəbər
verim Yas və Mindən. Ata-analarından,
sevimli oylaqlarından, yurd-yuvalarından bu şəkildə
zorla qopardılan qızlar xiffət çəkirdilər.
Yol boyu gözlərindən damlayan yaşlar hər
yeri bənövşəyi rəngə boyayırdı. Keçdikləri yerdə bütün
gül-çiçək solurdu. Bu bənövşəyi
göz yaşları bütün sevgini, gözəlliyi,
xoş rayihələri yuyub yer üzündən silirdi.
Keçdikləri hər oylağı quru çölə
çevirən göz yaşları yavaş-yavaş
bütün insanların mənəvi keyfiyyətlərini də
özü ilə qeybə doğru çəkib
aparırdı... Qrenyun keçdiyi ellərin
zümrüd yaşılı oylaqlarını boş,
çöllərini quraq görürdü. İnsanların üzündən xoşbəxtlik
yerinə narazılıq yağırdı. Hər kəs qaçışır, dayanmadan
çalışırdı. Mal-mülk
toplamaq, hərislik yağırdı bütün insanlardan.
Bu yaxşıdırmı? - düşündü Qrenyun... Bibl
ellərinin torpaqları Qrenyuna cəhənnəmi
xatırlatmağa başlamışdı. Qrenyun necə olmuşdu ki, bu elə gələndə
bunları görməmişdi. Bunun səbəbini
öncəliklə hədəfinə çatmağa konsantre
olmasında görürdü. Artıq hər
şeyi əldə etmişdi. Bəlkə
də ona görə Bibl elləri ona belə sıxıcı
gəlirdi. Bəlkə bu iki gözələ
görə gözəl gəlmişdi, ya da diqqətindən
yayınmışdı buralar, bilmirdi. Bildiyi və əmin
olduğu tək gerçək o idi ki, bu qızlar artıq Ya elinin idi. Ya elinə
çatanda kral qızları hərəm ağasına
tapşıracaq, özü isə qalibiyyətini
qutlayacaqdı. Onun göstərişi ilə
qızlar kralaməxsus hazırlanmalı idilər. Ya elinə
çatan kimi kral düşündüklərini icra etdi...
Hərəmağası gözlərindən bənövşəyi
rəngdə incilər tökülən Yas və Mini görəndə,
öncə bu gözəlliklər qarşısında
bihuş oldu, dizləri titrədi, sonra bütün mənəvi
keyfiyyətlərini itirdi, qəlbi Böyük səhraya
döndü.
Yas və Minin ayaq qoyduğu hər torpaq,
könül səhralaşırdı. Adətə
görə, Yas və Min kralla görüşdən öncə
7 gün paklanmalı, Ya ellərinin adət-ənənəsinə
uyğun təlimləndirilməli idilər. Bu 7 gün
içində vaxtını eyş-işrətdə
keçirən kral fərqində deyildi ki, bütün Ya elləri və könülləri səhralaşmağa
başlayıb. Artıq söz-söhbət hər
yeri bürümüşdü. Bibl elinin
iki gözəli gecə-gündüz inci kimi göz
yaşları tökürdü. Bütün
güllər solurdu, quşlar bala çıxarmır,
bülbüllər cəh-cəh vurmurdu. Xalq
ayağa qalxmışdı. Qrenyundan
onları geri göndərməyi, ya da öldürməyi tələb
edirdilər. Bibl elində də vəziyyət
eyni idi. İnsanlıq getdikcə məhv
olurdu. Qrenyun bütün bunlara o
qızların səbəb olduğuna inanmırdı. Xalq qızları cadugər adlandırırdı.
Qrenyun gecə
olanda hərəm ağasını yanına
çağırdı:
- Mənə
qızları gətir - dedi.
Hərəm ağasının sir-sifəti eybəcər
hal almışdı. İlk dəfə idi ki, Qrenyun bundan
narahat olmağa başladı. Bəlkə də, bu
qızlar həqiqətən də cadugər idilər... Sonra bu düşüncəsini özündən
uzaqlaşdırmağa çalışdı. Dəqiqələr sonra, yenidən hərəm
ağasının qapını taqqıldatması Qrenyunu
gerçək dünyaya qaytardı.
Yas və Min kralın çəhrayı yaqutlarla bəzədilmiş
otağına daxil olanda Qrenyunun gözləri qamaşdı. Bir müddət
göz bəbəkləri ağrıdan sızıldadı.
Yavaş-yavaş gözlərini açdı.
Qarşısında elə bil iki pəri
qızı dayanmışdı. Bunlar,
nadir gözəlliyə məxsus Bibl gözəlləri idilər.
Qrenyun hiss etdi ki, axtardığını tapıb. Yas və Minin xoş rayihəsi bütün qoxuları əsir
edirdi. Gözəlliyi bütün gözəllikləri
qurudurdu. Qrenyun tez boynundakı ametist
daşını sığalladı. Bunu
ona atası hədiyyə etmişdi. Bu
daş onu hər şeydən qoruyacaqdı. Qrenyun yavaş-yavaş sehrləndiyini
düşünməyə başlayırdı. Bir könüldən min könülə bu iki
gözələ aşiq olmuşdu. Qızlar da ilk dəfə
idi ki, belə yaraşıqlı kişi
görürdülər. Qul və kəniz kimi gətirildiklərini
düşünən gözəllər kralın sevimlisi
olacaqlarını gördükdə, bütün qadınlarda
olduğu kimi, onların da kralla birgə olduqda üzlərində
güllər açmağa başladı. Təklikdə isə yenə qan-yaş tökməyə
davam etdilər.
Qrenyun
qızlarla yeddi il keçirdi. Yeddi il saraydan çıxmadı. Bu
yeddi ildə 14 övladı oldu. Hər
biri elə bil bir Ay parçası idi. Qrenyun 7 ilin sonunda
saraydan çıxanda, Ya elini viran
qalmış gördü. Elə bil şəhəri
qurdlar yemişdi. Hər yer
deşik-deşik idi. İnsanlar xəstəliklərdən
əziyyət çəkirdilər. Bir-birlərinə
gülmür, danışmır, xeyirxahlıq etmirdilər.
Qrenyun hiss etdi ki, artıq kral olmağın belə elə bir əhəmiyyəti
qalmayıb. Xarabalıqlar içində qalan Ya
elinin xalqı Qrenyunu söyüb, daşqalaq edirdi. Atılan
bozumturaq kasıb daşlarının təsirindən,
bahalı Ametist ovulub yerə tökülmüşdü... Canını zorla xilas edən kral atasına, elinə
xəyanət etdiyini anlayıb sarsıldı. Bütün günahı onu bu qəflətə
sürükləyən gözəlliklərdə
gördü. Yas və Mini öldürməyi
qərara aldı. Bütün Ya eli
kimi, kral da getdikcə vəhşiləşirdi. Kralın əmri ilə, "cadugərlərə
ölüm!" deyə-deyə küçədə
böyük tonqal qurmağa başladılar. Elə tonqal ki, hələ yer üzü yer
üzü olandan belə şey görməmişdi. Yas və Min anladı ki, bundan qurtuluş yoxdur.
Kral onları məhv edəcək... Gözlərindən
qan, yaş tökməyə başladılar. Göz yaşları sel-su olub tonqalı
söndürdü. Bütün Ya eli
su altında qaldı. Qrenyun daxil, bütün Ya
əhalisi tələf oldu. Övladlarını
və Qrenyunu itirən Yas və Min özlərini selə
buraxdılar.
Ya elinin məhv xəbəri Bibl elinə
çatdıqda, özlərini tələsik kömək
üçün ora çatdıran xalq təəccübdən
yerindəcə donub qaldı. Ya elinin yerində
xoş rayihəli bənövşəyi güllərlə
dolu ağaclar ucalmışdı. Bu güllər elə
gözəl idi ki, qoxuları elə möhtəşəm idi
ki, Bibl eli bir də yurd-yuvasına
qayıtmadı. Ömürlərini bu
ağaclara qulluq etməyə həsr etdilər. Bu çiçəklərə yasəmən deməyə
başladılar. Bütün gün o
ağacların altında oturub, uzaqlara zillədilər
gözlərini. Əkin-biçin
olmadı. Evlərdə yemək bişmədi.
Kotanlar işləmədi, mal-qara sağılmadı... Nəhayət,
Bibl və Ya yox oldu...
- Yasəmən
lənətli çiçəkdir. O deyir ki, ya sən, ya da mən!
- Bu nə
cəhalətdir belə? Necə yəni, ya sən,
ya mən? Bu, inancdır axı, özü də batil... Bunun heç bir elmi sübutu yoxdur.
-
Gümüş 1: Bəli, elə düşünürsən.
Ona görə ki, o sənə mifologiyadan
danışdı. Əslində, Bubu
planetinin sakinləri gözəlliyin faciələrə, tənbəlliyə,
ətalətə səbəb olduğunu elmi-nəzəri cəhətdən
sübut ediblər. Hər gün ortalama
neçə qadın öz gözəlliyinə vaxt
ayırır, bilirsənmi? Buna həm vaxt,
həm də maliyyə gedir. Gözəllik, sadəcə,
hiss edilir. O, insanı yaşatmır, qidalandırmır.
- Belə
düşünmürəm, gözəllik ruhu
qidalandırır. Auranı kamilləşdirir...
-
Gümüş 1: Harada yazılıb bu?
-
"Misirin ölülər kitabında"...
-
Gümüş 1: Ölülər, ehhh... ölülər?
-
Gümüş 2: Bəs bunu kim deyib sənə?
Gözəlliyin ruhu
qidalandırdığını?
- Müqəddəs
kitablar...
-
Gümüş 1: Axı biz artıq öz
kitablarımızı yaratmışıq.
-
Hansı kitablardır onlar?
-
Gümüş 1: "Transhumanologiya",
"Tanrılogiya"...
-
Anlayıram...
-
Gümüş 1: Anlaya bilmərsən. Bunu bilmək
üçün gizli Gümüş əlifbasını
öyrənməli, kitabı xüsusi kodlarla beyninə
ötürməlisən. Bu isə sizin
kimi insanlara açıqlanmayıb.
- Bizim
kimi? İnsanları, məncə, çox aşağı
görürsünüz...
-
Gümüş 1: Görmürük. Sadəcə, artıq
kainat dəyişib...
- Bəs Tanrılogiya nədir?
-
Gümüş 1: Bunu mən izah edə bilmərəm... Bu, Tanrının əlindən
tanrılığını almaq elmidir. Bir
növü öz planetlərimizin tanrısına çevrilmək
amalıdır. Nəyə görə
öz evimizin ağalığını başqasının əlinə
verək? Niyə başqasının
qanunları ilə idarə olunaq? Onun
verdiyi qədərlə kifayətlənək? Tanrının yaratdığı ilğımlarda
sürüklənək?
- Tanrıya
qarşı gəlməyin nəticəsi ağır olar. Bu, müqəddəs kitablarda açıqca bəyan
olunub.
-
Gümüş 1: Öz müqəddəs
kitablarımızın varlığından
danışdım axı... Görürsənmi,
gözəllik vaxt itkisidir? Bayaqdan sənə
nələrisə izah etməyə saatlar ayırmışam.
Sənsə heç nə anlamamısan... Beynini məşğul
edən bircə məsələ var, o da yasəmənlərdir...
- Saatlar?
Biz cəmi 10 dəqiqədir ki, söhbət edirik...
-
Gümüş 1: Yox, 10 dəqiqə deyil, artıq 10 saatdan
artıqdır. Siz, köhnə nizamın
insanları, zaman anlayışının əks olunmalarını
duyursunuz. Biz isə zamanın
özünü idarə edirik.
Tələsik saata baxdım. Doğrudan da, 10 saata
yaxın idi ki, söhbət edirdik. Hiss edirdim ki,
halsızlaşıram... Hiss etdim ki, yüz faiz acından təzyiqim
düşüb...
Nargiz
Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.18-19.