Sevgi dolu bir ömür
"Daxili təmizliyi, saflığı, təmənnasızlığı,
fədakarlığı, insanlığı
və böyük alimliyi ilə Xəlil Yusifli əziz Gəncəmizin işığını, şəfqətini
artıranlardandır"
akademik Rafael Hüseynov
Bizim bu kiçik yazımız Nizami sevgisi, Nizami müdrikliyi ilə yoğrulmuş bir insan ömrü,
demək olar ki, bütünlüklə
Nizaminin poetik dünyasına həsr olunmuş bir insan taleyi haqqındadır. Elə bir
insan ki, onun adı çəkiləndə
ilk növbədə Nizami
Gəncəvinin ədəbi
şəxsiyyəti və
ölməz "Xəmsə"si
göz önünə
gəlir. Əlbəttə
ki, söhbət filologiya üzrə elmlər doktoru, professor Xəlil Yusiflidən gedir. Təsadüf deyil ki, Prezident İlham
Əliyev 2021-ci ilin Azərbaycan Respublikasında
"Nizami Gəncəvi
ili" elan edilməsi haqqında Sərəncam imzalayanda, düşündük ki, bu il həm
də Əməkdar
elm xadimi, professor Xəlil
Yusiflinin ilidir. Çünki Nizami Gəncəvinin
adı çəkiləndə
respublikamızda ilk yada
düşən alimlərdən
biri də Xəlil Yusiflinin adı olmalıdır, - qənaətindəyik. Bunu,
ən azından, onun respublikaya səpələnmiş tələbələri,
eləcə də bütün nizamisevərlər
yaxşı bilirlər...
Hələ tələbəlik illərindən
bu dərin zəkalı, Nizami görüşlü alim çoxlarımızın sevimlisi,
bəlkə də idealı idi. Professor X.Yusifli ona görə
ideal şəxsiyyətdir ki,
hərəkətləri ilk baxışdan çoxlarından
fərqlənmir, amma danışdıqca, onunla
davamlı ünsiyyətdə
olduqca elmini, səmimiyyətini, əməksevərliyini
daha yaxşı anlayırsan. Tədqiqatçısı
olduğu Nizami kimi daima haqqın,
ədalətin, doğrunun
yanında dayandığını
görürsən... Əlbəttə,
ətrafımızda çox
sayda müəllim və alim ola bilər. Amma tələbələrinin yaddaşında
yaxşı mənada
iz buraxan müəllim, hər məqaləsində, hər
yazısında oxucusuna
yeni söz deyən, yazdıqlarından
daim bəhrələnən
alim çox azdır. X.Yusifli məhz bu azlardandır. O, sənətini
doğrudan-doğruya sevdirən,
tələbələrinin ürəyində
özünə əbədi
sevgi işığı
yandıran bir müəllimdir... O müəllim
xoşbəxtdir ki, onu bütün auditoriya sevir, o müəllim xoşbəxtdir
ki, 90 dəqiqənin necə gəlib keçdiyini tələbələri
hiss etmir, o müəllim
xoşbəxtdir ki, tələbələr dərsdən
sonrakı vaxtlarını
da onu dinləməklə
keçirmək istəyir,
o müəllim xoşbəxtdir
ki... sadalamaqla bitməz. Professor Xəlil Yusifli belə xoşbəxt müəllimlərdəndir. Amma onun dərs dediyi tələbələr
ikiqat xoşbəxtdir,
çünki onlar həm canlı əfsanə kimi Xəlil Yusiflini dinləyir, həm də kitablarını oxuyur, gərəyincə bəhrələnirlər. O danışdıqca tələbə
Xaqani, Nizami, Məhsəti, Nəsimi, Xətai və Füzulini sanki canlı görmüş olur, o danışdıqca
tələbə özünü
qədim və orta yüzillər Azərbaycanında hiss edir.
Səsinin də, elminin də sehri dinləyəni çox-çox uzaqlara aparır... Etiraf edim ki, yuxarı
kursda oxuyanda (Xəlil müəllim bizə birinci kursda "Qədim dövr Azərbaycan ədəbiyyatı"nı tədris
edirdi), ixtisasımıza
uyğun olmayan dərslərdən qaçıb
Xəlil müəllimin
mühazirələrini dinləmək,
ürəyə yatımlı,
o xoş və mülayim nitqini təkrar-təkrar eşitmək
istəyərdik. Bir təvazökarlığı
da vardı müəllimimizin;
"mənəm" deməyi,
özündən çox
danışmağı sevməzdi.
Tələbələrə tövsiyə edərdi ki, Ə.Səfərlinin ali məktəb
tələbələri üçün
"Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı"
kitabından faydalanın.
Kitabxanadan aldığımız
kitabla tanış
olanda isə bir müəllifinin də sevimli müəllimimizin olduğunu
bilmişdik. Bəzi "özündənbəylər"
kimi istifadə edəcəyimiz ədəbiyyat
siyahısını yazdıranda
təkəbbürlə deməzdi
ki, "mütləq bunu tapın, oxuyun və müəllifi mənəm".
Tələbə, hətta şəxsi
həyatında belə
yaşadığı çətinliyi
asanlıqla, çəkinmədən
Xəlil müəllimə
deyə bilirdi, sanki onu özünə
mənən daha yaxın hesab edirdi. Bəli, X.Yusifli belə
bir şəxsiyyətdir,
elə buna görə də tələbələri çox
sevirdi onu - müəllim kimi, alim kimi, ata
kimi.
Ali məktəblərin Filologiya
fakültəsində təhsil
alan bütün
tələbələr Xəlil
Yusiflini az-çox tanıyırlar. Amma onu daha yaxından tanımaq üçün təkcə
kitablarıyla tanışlıq
kifayət etmir. Yəni onun tələbəsi olmaq, maraqlı mühazirələrini dinləmək,
onunla canlı təmasda olmaq bir ayrı xoşbəxtlikdir.
Nə gözəldir ki, o xoşbəxtlikdən bizə
də pay düşüb.
Həm də biz başqa tələbələrdən fərqli
olaraq, ikiqat xoşbəxt idik, çünki onun həm mühazirələrini
dinləyir, həm də dərsdən sonra ayda bir-iki
dəfə keçirilən
"Pöhrə" poeziya
dərnəyində tez-tez
onunla təmas qurmaq, fikir mübadilələri
aparmaq imkanımız
vardı. Nizami əsərlərini
təhlil və tədqiq edən tanınmış professor bizim
ilk qələm təcrübəmiz
olan şeir və hekayələrimizi böyük diqqət və səbrlə dinləyər, üstün
və zəif cəhətlərimizi göstərər,
ağıllı və
müdrik məsləhətlərini
verərdi. Xoşuna gələn
bədii yazılarımızın
institut, yaxud şəhər qəzetində
nəşr olunmasına
kömək edərdi.
Professor Xəlil Yusifli
bütün varlığı
ilə klassik Azərbaycan ədəbiyyatının
vurğunu və zəhmətkeş xadimidir. 1961-ci ildən
elmi fəaliyyətlə
məşğul olan alimin 1968-ci ildə çıxan "Nizaminin
lirikası", 1982-ci ildə
isə nəşr edilən "Şərqdə
İntibah və Nizami Gəncəvi" adlı tədqiqat əsərləri qoca Şərqin misilsiz dahisi haqqındakı silsilə əsərlərinin
"ilk"ini təşkil
edir. Əməkdar elm
xadimi, professor Xəlil Yusifli "Nizami Gəncəvi: Lirika, filoloji tərcümə", "Nizami
Gəncəvi: Lirika",
"Nizami Gəncəvi:
Sirlər xəzinəsi",
"Nizami Gəncəvi:
Xosrov və Şirin", "Nizami Gəncəvi: Leyli və Məcnun", "Nizami Gəncəvi: Yeddi gözəl",
"Nizami Gəncəvi:
Şərəfnamə", "Nizami Gəncəvi: İqbalnamə", "Hikmət
xəzinəsi (Klassik
Azərbaycan ədəbiyyatı
müntəxəbatı)" və s. kimi çoxlu sayda kitabların da tərtibçisi
və ön sözlərinin müəllifidir.
İstər ölkəmizdə, istərsə
də Azərbaycanın
xaricində Nizami irsinin daha çox
tanınmasında professor Xəlil
Yusiflinin böyük xidmətləri vardır. Ümumiyyətlə, o, Nizamiyə olan sevgi və heyranlığını
elmi fəaliyyətə
başladığı ilk günlərdən
qələmə aldığı
bütün yazılarıyla
təsdiq etmişdir.
Onu da deməliyik ki, Xəlil müəllim təkcə
Nizami haqqında yazmaqla kifayətlənməmiş,
yeri gəldikcə Məhsəti, Əvhədi,
Xaqani, Həqiri Təbrizi, Füzuli, Nəsimi və başqa klassiklərimizi də araşdırmış,
vaxtaşırı onlar
haqqında da öz sözünü demişdir.
Yeri gəlmişkən, Həqiri
Təbrizinin "Leyli
və Məcnun" poemasını ilk dəfə
Xəlil Yusifli tərtib etmiş və geniş ön sözlə birlikdə nəşr etdirmişdir.
Xəlil Yusifli təcrübəli pedaqoq və araşdırmaçı alim
olmaqla yanaşı, həm də klassik irsimizdən xeyli tərcümələr
etmiş və müxtəlif bədii əsərlər də qələmə almışdır. Belə ki,
o, Məhsətidən, M.Əhvədidən,
A.Ərdəbilidən, N.Gəncəvidən
etdiyi tərcümələrlə
yanaşı, "Avey,
hey", "Hanı o günlər, hanı?" kimi şeirlər kitabının
da müəllifidir.
Bu yazını professor Xəlil Yusifliyə tələbələri adından
doğum günü hədiyyəsi kimi hazırlamaq istədik, ona görə də nə xatirə kimi xatirə oldu, nə də onun çoxillik elmi-pedaqoji fəaliyyətini
əks etdirən məqalə kimi məqalə. İnşallah, qarşıdan gələn
yubiley illərində
daha geniş elmi-publisistik yazılarla çıxış etmək
arzsusuyla çoxsaylı
tələbələri adından
dərin hörmət
və ehtiramla...
Zəkulla Bayramlı
Yeganə Hüseynova
Ədəbiyyat qəzeti.-
2021.- 7 avqust.- S.19