Azər
Turan: "Bu gün “Ədəbiyyat qəzeti”nin
layiqli ədəbiyyat tribunasına çevrildiyini kimsə
dana bilməz"
“Ədəbiyyat və
incəsənət” portalının “Ulduz” jurnalı ilə
birgə olan “Şənbə qonağı” layihəsində
bu gün istəkli oxucularımızı tənqidçi,
publisist, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat
qəzeti”nin baş redaktoru Azər Turanla
görüşdürürük. Görüşə
İntiqam Yaşar bələdçilik edir.
Azər
Turan şəxsiyyətinə işıq salmaq
üçün gəlin bir müddət öncə
Neftçalada, Heydər Əliyev Mərkəzində Azər
Turanın "XX əsr - Fəryadın metafizikası"
kitabının təqdimat mərasiminə keçid edək,
orada xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anarın söylədiyi
bu sözlərə diqqət edək: “Neftçala deyəndə
şəxsən mənim ilk yadıma düşən ad rəhmətlik
İmamverdi Əbilovun adıdır.
O, bizim ailəvi dostumuzdur. Atamın dostu
idi. Anamla qarşılıqlı hörmət
münasibətləri vardı və mən də daha cavan
olmağıma baxmayaraq, onunla yazışırdım,
qarşılıqlı əlaqə saxlayırdım. O,
Neftçalada bir ədəbiyyat ocağı
yaratmışdı. Onun evi bir muzey idi, kitabxana
idi. Müxtəlif ölkələrdən
aldığı məktublar, fotolar, kitablar çox zəngin
bir irsdir. Amma İmamverdi müəllimin ən
böyük irsi onun övladlarıdır. Bu gün söhbət Azərdən getdiyi
üçün mən Azəri xüsusi qeyd etmək istəyirəm.
Ümumiyyətlə, indi təəssüf ki,
çox kitab oxumaq imkanım azdı. Qəzetlərdən,
televiziyadan xəbərlərə baxmaq adamın
vaxtını alır. Hər halda, elə
kitablar var ki, mən onları mütləq oxuyuram. Azər Turanın "XX əsr - Fəryadın
metafizikası" kitabını da maraqla oxudum. Bu kitab çox vacib bir hissi, amalı ifadə edir.
O da türk dünyasının birliyi, türk
dünyasının mənəvi dəyərləridir. Türk dünyası heç bir başqa xalqa
qarşı deyil. Türk dünyası
bütün dünyaya barış təklif edən,
bütün xalqlara hörmət edən və eyni zamanda
öz mənəvi dəyərlərini qoruyan bir
dünyadır. Türk dünyasının mənəvi
birliyi Azər Turanın bu kitabından da qızıl xətt
kimi keçir... Mən Azəri təbrik edirəm.”
- Azər bəy, hər
vaxtınız xeyir. Qəzetdə zaman necə
keçir?
- Qəzetdə zaman həftələrə
bölünüb...
- “Ədəbiyyat qəzeti”ni bu gün ədəbi prosesdə necə
xarakterizə etmək olar?
- “Ədəbiyyat qəzeti” milli
istiqamətə yönəlmiş, məfkurə xəttini
qoruyan, dünya estetik təmayüllərini aramsız təqdim
edən, üstün mətnlər yarada biləcək gənc
nəslə meydan verən bir qəzetdir... Bu
gün bu qəzetin özəllikləri çoxdur və ədəbi
prosesdəki yeri də göz qabağındadır.
- Ədəbi zövq
amilini başda tutaraq, ədəbi bir orqana rəhbərlik etmək
çox çətin prosesdirmi? Mane olanlar, süni yolla
çap olunmağa can atanlar çoxdurmu?
- Elə də çətin deyil,
yaxud, ədəbi zövq amilini əsas götürərək
ədəbi orqana rəhbərlik etmək çətin olsa
da, bundan başqa da yol yoxdur. “Süni yol” deyəndə
nəyi nəzərdə tutursunuz, bilmədim. Süni yola əl atanlar üçün
qapıları bağlayırsan. İş
olur, bitir. Mane olanlar isə yoxdur.
- Yaradıcı bir insan
üçün ciddi meyarlara əsaslanan bir mətbu
orqanın məsuliyyəti çətinlik yaradırmı?
- Əlbəttə,
bu, hər şeydən öncə, ədəbiyyatımıza
cavabdehlik duyğusunun yaratdığı məsuliyyətdir.
Altı il əvvəl demişdim,
qapılar açıqdı, istedadlılar gəlsin. Hamısı gəldi və çap olundu. Amma dediyin meyarlarla çalışmaq, əlbəttə,
çətindir. Ədəbi meyarlar ədəbi
əyarlara bağlı məsələdi. Meyar həmişə
var, yüksək əyar isə həmişə olmur... Məsələn, əksəriyyət
özünü böyük şair, böyük
yazıçı hesab edir. İndi nəinki
Bakıda, hətta gedib Moskvada da, Madriddə də kitab nəşr
etdirmək adi bir işdi. Bunu hamı
bacarır. Amma şərti deyirəm, tutaq
ki, Birinci Yeni dalğasının şeirə münasibəti
mənim üçün poeziya baxımından meyardır.
Orhan Vəlinin isə şeirləri yüksək
ədəbi əyardır.
- Ədəbi ictimaiyyətin “Ədəbiyyat qəzeti”nə
münasibəti, əməkdaşlığa can atması sizi
qane edirmi?
- Ədəbi ictimaiyyətin
qəzetə münasibətini onların bizimlə daimi əməkdaşlıq
ritmində olmalarının özü müəyyən edir.
Bu gün “Ədəbiyyat qəzeti”nin
layiqli ədəbiyyat tribunasına çevrildiyini kimsə
dana bilməz. Bu səviyyəni və estetik
düzəni bacardığım qədər qorumağa
çalışıram.
- Qəzetin
yeni layihələri gözlənilirmi?
- Yeddi ildə, bildiyiniz kimi, çox
layihələrimiz olub. Fikir varsa,
düşüncə varsa, bu özü də yeni layihələrin
qaynağıdır. Bu günlərdə
yeni layihələrə başladıq. Günel
Musa “Onun romanı” rubrikasını hazırlayır,
tanınmış yaradıcı adamlarla ədəbiyyat
söhbətləri edir, “Türkcə və məncə”
rubrikasında türk romanları barədə Hədiyyə
Şəfaqət yazılar yazmağa başlayıb.
Yaxın vaxtlarda Alpay Azər Azərbaycanda ədəbi proseslə
bağlı tənqidçilərlə müsahibələr
təşkil edəcək və s... Hələ
ki bunlardır.
- Bəzi
adamlar səsləndirirlər ki, bizi AYB orqanları çap
etmir. Amma mən özüm də şahidəm
ki, “Ədəbiyyat qəzeti”nə təqdim etdiyim
bütün istedadlı imzaların yazıları çap
olunub. Həmişə istedadlı
imzaları qəzetə yönəltməyimi istəmisiniz.
Bəs bu çap olunmayanlar kimlərdir?
-
Sualın bir qisminə özün kifayyət qədər
aydın cavab verdin. Deyirsən ki, “Ədəbiyyat
qəzeti”nə təqdim etdiyim bütün istedadlı
imzaların yazıları çap olunub”. Amma
xatırlayıram, yeddi il əvvəl səni
heç kəs təqdim etməmişdi. Redaksiyaya
şeir gətirmişdin və elə həmin həftə də
şeirlərin dərc olundu. Çünki fərqliydi,
yanaşman yeniydi, istedadla yazılmış şeirlər
idi... Ümid Nəccari
ilə bağlı da belə olmuşdu. Redaksiyada
qəzetin növbəti sayını mətbəəyə
göndərməyə hazırlaşırdım. Bu arada elektron poçtuma Nəccaridən şeirlər
daxil oldu. Ümidi tanımırdım.
Məktubu açdım. Gözümə
sataşan ilk misraları xatırlayıram:
Səni yaşamaq lazım, bir
ağac kimi bahar günündə,
Bir qaya kimi üzü dənizə,
bir ümid kimi sevə-sevə!
Şeirləri zövq
alaraq oxudum və elə ordaca onları səhifəyə
qoymaq qərarına gəldim. Çünki
həqiqi poeziya nümunələri idi. Təbrizli
Ümid Nəccarinin Bakıdakı debütü belə oldu.
Çap oluna bilməyənlərin isə kimliyini
məndən soruşmayın. O ki qaldı “AYB
üzvüyəm, qəzet də AYB-nin orqanıdır,
çap olunmalıyam” fikrinə, mən, bəlkə də,
ilk baş redaktor oldum ki, bu əsassız iddianı nisbətən
zərərsizləşdirə bildim.
- Gənclərin
yaradıcılığı sizi qane edirmi?
- Qismən
qane edir. Amma, məncə, ədəbiyyatda gənclər
anlayışı kökündən yanlış
anlayışdır. Çingiz Aytmatov
Fransada “Cəmilə” ilə tanınanda 31 yaşı
vardı. Amma əsəri daha əvvəllər
yazmışdı – 28-29 yaşlarında. Özü
də Qırğızıstanda ədəbi jurnalın
baş redaktoru idi. Bu, ayrı bir söhbətin
mövzusudur. İndi bir anlığa təsəvvür
edin, Hüseyn Cavid bizim günlərdə yaşayır.
34 yaşında “Şeyx Sənan”ı yazıb.
Siz bu adamı AYB-nin Gənclər
Şurasının üzvü kimi qəbul edərsiniz?
Yaxud: “Tərlansan, göydən enməzsən, / Bu torpaqda sevinməzsən,
/ Mən dönərəm, sən dönməzsən, /
Yaşa, könül, yaşa, könül!” kimi misralar yazan
Müşfiq 29 yaşında dünyasını dəyişib...
Bu mənada deyirəm ki, ədəbiyyatda gənclər
anlayışı kökündən yanlışdır.
Amma o da var ki, ədəbiyyat da cəmiyyətin
özü kimidir. Levi-Strossun sözlərini ədəbiyyata
da şamil etmək olar: “O zaman ki, cəmiyyət özündən
sonrakılara nələrisə ötürə bilmir, bunun
üçün özündə qüvvə tapmır, o
andan etibarən hesab oluna bilər ki, həmin cəmiyyət xəstədir”.
Bizim isə görürsünüz ki, belə
bir problemimiz yoxdur. Yeni nəsillər gəlir.
O nəsil millətin ən ağrılı yerini
sağaldır. Qarabağı işğaldan
azad edir. Demək, bünövrə
sağlamdır. Sadəcə, kaş ki, ədəbiyyatdakı
yeni nəsil savaşdakı yeni nəslə adekvat olaydı.
Ədəbiyyatda gənclik yox, nəsillər
anlayışı var – generation. Gənclik-qocalıq
nisbi söhbətlərdir. Kafka
dünyanı heyrətdə qoyan romanlarını yazanda 30
yaş civarındaydı. Sizcə, gənc
idi? Mən ədəbiyyatda gənc nəsil
anlayışına inanmıram. Ədəbiyyatın
pionerləri, komsomolçuları olmur. Ədəbiyyatın
yaradıcıları – yazıçıları, şairləri
olur. Hansı yaşda olmalarından
asılı olmayaraq. Şübhəsiz, əsas
amil istedaddır, özü də qeyri-adi istedaddır.
Saramoqo “İsanın İncili”ni 75
yaşında, Viktor Hüqo “Paris Notr-Dam kilsəsi”
romanını 29 yaşında yazmışdı. Qeyri-adi olmayan istedad bu əsərləri yarada bilməzdi.
Yaxud, İkinci Yeninin ilk kitabı sayılan
"Üvercinka"da “Laləlidən dünyaya gedən bir
tramvaydayız" deyən Cemal Süreyanı
xatırlayın. 1956-cı ildə Laləlidən
dünyaya yola düşən tramvayın 25 yaşlı sərnişini
Cemal Süreya qısa müddətdə türk poeziyasında
baxışlar sistemini, dəyərlər kultunu,
paradiqmaları dəyişdi. Yaxud, Çingiz Aytmatov. Çox gənc yaşlarında Lui Araqonun diqqətini
cəlb etmək, hər halda, sıradan bir hadisə deyildi.
Bizdə bəzən dil amilini önə çəkirlər.
Bəli, bu faktor da var və önəmlidir.
Amma bu, ən önəmli amil deyil. Sən rus dilində “Əsrə bərabər
gün” yazırsansa, bu başqa. Çingiz
Aytmatov rus dilində yazsa da, nəticə etibarilə
dünyaya böyük qırğız
yazıçısı kimi daxil oldu. Çünki
yazdığı bütün əsərlər Böyük
Çöl Mədəniyyətinin modernist təfəkkürlə
dünya ədəbiyyatına transfer olunmasıyla
müşayiət olundu. Nə yazdısa,
hansı obrazı yaratdısa qırğız
düşüncəsi ilə yazdı və yaratdı. Cəmiləni də, Boranlı Yedigeyi də,
Abdiası da, Filofeyi də. Dil rusca ola
bilərdi. Amma o dili yönəldən təfəkkür,
Nizami Cəfərovun təbirincə desəm, Çingiz
Aytmatovun mətnlərindəki sintaksis türkcə idi... Bu yaxınlarda biz qəzetdə Səadət
Şıxıyevanın Nizami ilə bağlı önəmli
bir yazısını dərc etdik. Yəqin,
oxudunuz. Nizaminin farscasına tamam yeni rakursdan
yanaşılan bu məqalədə təxminən belə bir
fikir vardı ki, Nizami bu gün farsların özlərinin belə
xüsusi lüğətlərin köməyi ilə mənasını
qavramağa çalışdığı bir dildə
yazıb, o dövrdə fars dilini tamam yeni və fərqli səviyyəyə
qaldırıb, ona müxtəlif anlamlar verib, ona yeni mənalar
yükləyib. Bu baxımdan da Səadət xanım təklif
edirdi ki, Nizaminin farsdilli şeirə gətirdiyi anlamların
özü ayrıca öyrənilməlidir... Bu
mənada, türk Çingiz Aytmatovun ruscası da, elə
türk Nizaminin farscası ilə eyni mahiyyətdədir.
Lakin bu, başqa bir söhbətin mövzusudur...
- Bu gün dünyada gedən ədəbi
proseslərdə biz varıqmı? Varıqsa,
hansı imzalarla? Yoxuqsa, hansı amillər mane olur?
- Təbii ki, dünyada gedən ədəbi
proseslərdə biz də ola bilərik,
olmalıyıq. Buna çağdaş Azərbaycan
ədəbiyyatının potensialı imkan verir. Sadəcə, biz çağdaş ədəbiyyatımızı
dünyaya çıxarmağın yolları barədə dərindən
düşünməliyik. Kimin
yazmasından asılı olmayaraq, dünya səviyyəli
müəllifləri və mətnləri önəmsəməliyik.
Dünyaya hansı yolla gedilir, hansı yolla daxil
olunur, bilmirəm. Bunun mexanizmini tapmaq, yoxdursa, onu işləyib
hazırlamaq əlaqədar təsisatların üzərinə
düşür... Bu baxımdan, bəlkə də
dünyaya sezdirmədən, milli bir proqrama sahib
olmalıyıq.
- Qəzetçiliyin
gur oxuculu dövrünü yaşamış bir redaktor
üçün indiki zamandakı qəzetçilik necə
bir anlayışdır?
- İndi rəqabət
var. Saytlar, qəzetlər, sosial şəbəkə var.
Heç mənim də yaşım o gur oxuculu vaxta təsadüf
etməyib. “Ədəbiyyat qəzeti”nin nə vaxtsa səksən min
tirajla çıxmasına səbəb yalnız orada dərc
olunan yüksək səviyyəli mətnlər deyildi, təbii.
Bu, adamların kütləvi şəkildə ədəbiyyata
meyli ilə də bağlı deyildi. Bir tərəfdən,
dövlətin ideologiyasını daha geniş kütlələrə
təbliğ etmək lazım idi... Digər tərəfdən,
indi klassik hesab etdiklərimizin əksəriyyəti həyatdaydı
və yazıb-yaratmaqdaydılar. Bu gün bizim “Ədəbiyyat
qəzeti”nin yerləşdiyi 9-cu mərtəbədə cəmi
iki qəzetin – “Ədəbiyyat qəzeti”nin
və “Azərbaycan müəllimi” qəzetlərinin
redaksiyaları vardı. İndi isə təkcə bu mərtəbədə,
az qala, hər qapının üstünə
hansısa qəzetin, jurnalın adı yazılıb. 1980-ci illərdə mən tələbə olanda bu
qəzetə yazı gətirərdim. Gördüyün
bu dəhlizdən keçib baş redaktor Nəriman Həsənzadənin
otağına çatana qədər, təbii ki, qəzetin əməkdaşlarına
da rast gəlirdin: Sabir Əhmədli, Nizami Cəfərov, Sabir
Rüstəmxanlı, Abbas Abdulla, Seyran Səxavət, Sirus Təbrizli,
Camal Yusifzadə, Davud Nəsib, Nadir Cabbarov, Rəhim
Əliyev... Böyük bir ədəbiyyat pleyadası... Onlar
təkcə “Ədəbiyyat qəzeti”nin əməkdaşları
deyildi, həm də və daha çox ədəbiyyatın
özünü yaradan qələm sahibləri idi. Qəzet ölkədə hansısa problemi
qaldıran yazıyla çıxış edirdisə buna dərhal
reaksiya olurdu. Tutaq ki, qəzet Sabir Məmmədovun
“Ayran əhvalatı” yazısını çap edirdi.
Yazı sərin ayran içmək üçün növbəyə
duran fəhlənin növbəsinin əlindən
alınması, döyülməsi və nəhayət, 4 il iş alması ilə nəticələnən
ağır taleyindən bəhs edirdi. İndi təsəvvür
edin, “Ədəbiyyat qəzeti”ndə çap olunan o
yazını ölkənin rəhbəri Heydər Əliyev
oxuyur, problemi aydınlaşdırması üçün Ali
Məhkəmənin sədri Abdulla İbrahimova
tapşırıq verir, o da qəzetin baş redaktoru Nəriman
Həsənzadəni dəvət edir, qəzetdə
qaldırılan problemlə bağlı hansı işlərin
görüldüyü barədə hesabat verir. “Ədəbiyyat qəzeti”ndə gedən bir yazı
Ali Məhkəminin kollegiyasının qərarını dəyişməsinə
səbəb olur. Həbs olunmuş insan
azadlığa buraxılır. Bura onu da əlavə
edim ki, adını çəkdiyim Ali Məhkəmənin sədri
Abdulla İbrahimov da dövrünə görə unikal bir
ziyalı olub. Məsələn, inamla deyə
bilərəm ki, “Quran”ı, Tolstoyu, yaxud Şərq
mistisizmini Abdulla İbrahimov səviyyəsində dərindən
bilən adamlar indi də barmaqla sayılacaq dərəcədə
azdır. Abdulla İbrahimov Çingiz Aytmatovun “Novıy
mir” jurnalında dərc olunmuş “Plaxa” əsərini
yazıçılardan daha əvvəl oxuyurdu, Nodar Dumbadzenin ən
yaxın dostlarından biri idi... O dövrün sənət
dünyasında estetik harmoniya vardı. Rəsul Rzanın
müqabilində bir Qara Qarayev, Bəxtiyar Vahabzadənin
yanında bir Xudu Məmmədov var idi... Qütbün
bu tərəfində Fikrət Əmirov, Niyazi vardısa, o
biri tərəfində Səttar Bəhlulzadə, Tahir Salahov,
Mikayıl Abdullayev vardı. İlyas Əfəndiyev
dramaturgiyasının səhnə həllini rejissor Tofiq
Kazımov verirdi. Hüseyn Cavidi ədəbiyyatşünaslıqda
Məmməd Cəfər, teatrda Mehdi Məmmədov təmsil
edirdi. Mircavad var idisə, Vaqif Mustafazadə də var
idi... Və səksən min tirajla çıxan
qəzet təkcə ədəbiyyatın təbliği ilə
deyil, eyni zamanda paralel olaraq incəsənətin də təbliği
ilə məşğul olurdu, 1959-cu ildə adı da dəyişib
“Ədəbiyyat və incəsənət” qəzeti
olmuşdu. Təbii ki,
dominantlığı yenə də ədəbiyyat təşkil
edirdi. Cazibəni isə sənət
adamlarının özləri, onların
yaradıcılığı və şəxsiyyətləri,
cəmiyyətdəki nüfuzları yaradırdı. Elə bir dövr idi yəni. Tutaq
ki, indi bir müəllifdən yalnız bir şeir dərc etsən,
həmin müəllif “niyə bir şeir?” - deyə, dərhal inciyəcək, deyilmi? Amma “Ədəbiyyat qəzeti”nin
Qasım Qasımzadənin baş redaktorluğu ilə
çıxan dövründə - 1962-ci il saylarından birində Əli
Kərimin yalnız bir şeiri -
“Daş” dərc olunub. Özü də
birinci səhifədə. Yalnız bir şeir ədəbi-ictimai
fikrə yön verə bilib...
- Həyat və
yaradıcılığınızda silinməz izləri olan,
önəmli yerə sahib olan ədəbiyyat adamları
haqqında istərdim danışaq. Məsələn,
böyük şairimiz Xəlil Rza Ulutürk haqqında
maraqlı söhbətlərinizi xatırlayıram.
- Xəlil Rza ilə bağlı xatirələrim o qədər
dərindir ki, bir müsahibə çərçivəsində
bunları necə danışa bilərəm? 18-20 yaşlarında bir ədəbiyyat
həvəslisiydim... Xəlil Rza isə
dövrün tanınmış şairlərindən biriydi,
elmlər doktoru idi. Dostluq edirdik. Tez-tez onun Əli Bayramov küçəsindəki
evinə gedərdim. İndi o küçədən
keçmək mənə çox ağırdır.
Xatirələr yaddaşımı yandırır... Həmin küçə indi Təbriz Xəlilbəylinin
adını daşıyır. Təbriz isə mənim
tələbəlik dostum idi... Müharibə günlərində
Azərbaycan ordusunun televiziya ilə yayımlanan
döyüş epizodlarını izlədikcə mən orada
ölən ermənilərə baxa-baxa əziz Təbrizini
Daşaltıda itirən böyük Xəlil Rzanın
misralarını xatırlayırdım:
Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni
çopur...
Vur, ölən
daşnakdır, insan deyil, vur.
Böyük qələbəmizdən
sonra isə daha çox Xəlil Rza Ulutürkü
düşünürəm. Televiziyada
Xarıbülbül festivalına baxırdım. Fonda Şuşanın dağları
görünürdü. Təbriz orda şəhid
olmuşdu... Və bu yaşantılar mənə
“Sovet dövründə Ulutürk olmaq” adlı bir yazı
yazdırdı. Yəqin, sən də o yazını oxumusan.
- Bəli. Azər bəy,
Faiq İsmayılov imzası ilə yazan bir nakam şair
dostunuz olub. Həmişə ona olan sədaqətiniz,
dost acısına bunca yanğılı yanaşmanız
nümunəvi dostluq kimi görünüb mənə. İstərdim bu barədə də
danışasınız.
- Bu, sadəcə, dost münasibətindən
doğan bir hal deyil. Faiq XX yüzil Azərbaycan
poeziyasının parlaq imzalarından biridir. Səksəninci illərin əvvəllərində
tələbə yoldaşım olub. Çox az yaşadı. Modernist bir
şair idi. Özü də mən bunu deyərkən,
istərdim siz həm də onu düşünəsiniz ki,
Faiqin o şeirləri yazdığı dövrdə – 1980-ci
illərin əvvəllərində onun internetdən faydalanmaq
imkanı yox idi, çünki hələ heç internet yox
idi. Faiq Azərbaycanda özünü
yazan, duyğularını qatqısız ifadə edən bəlkə
də ilk modernist Azərbaycan şairlərindən biri idi.
Hər halda, mən belə
düşünürəm. Bu mənada Faiqlə
bağlı gördüyüm işlər yalnız dost sədaqətinə
bağlı məsələ deyil. İş
otağımın divarında onun şəkli varsa, bu, dostumun
şəklidir kimi bir anlama gəlmir. Bu, Azərbaycanın
nakam və böyük modernist şairinin şəklidir.
Bax, elə tutaq ki, biz Faiqin şeirlərinin
dünyaya gedən yolunu açaq. Görək
nə olur? Məsələn, onu Parisdə
tərcümə edib çap etsinlər, baxaq, mənim sevimli
şairim Jak Preverin vətənində Faiq necə oxunur?
- Yaradıclıq baxımından
yeniliklər gözlənilirmi? Üzərində
çalışdığıınız, bitirdiyiniz
nümunələr varmı?
- Hə.
İşlər çoxdur. Qəzetdə isə
sentyabr ayında Nizami ilə bağlı “Xüsusi
buraxılış” etməyi planlaşdırırıq.
Bir də, tezliklə Qarabağla, 44
günlük savaş tariximizlə, böyük zəfərimizlə
bağlı qəzetdə gedən seçilmiş nümunələrdən
ibarət kitab ərsəyə gətirəcəyik.
-
Söhbətimizə yekun sözünüz, demək istədikləriniz.
- Yekun olaraq sizə, yeni
açılmış mədəniyyət portalınıza
uğurlar arzulayıram. Yaradıcı sevincləriniz çox
olsun!
Azər Turan
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 22-23.