Nazim Əhmədlinin hekayələrində
insan
Ədəbiyyatın
əbədi mövzularından biri olan insan və cəmiyyət,
insan və mühit problemi daima aktualdır. Əsrlər bir-birini əvəz edir, yeni elmi
yeniliklər, yeni həyat və yeni düşüncə yaranır, insan daim dəyişir, dəyişdikcə ətrafını
da dəyişdirir. Lakin dəyişməyən yeganə məqam ədəbiyyatın insana
olan marağı, onu daim həyatın
özü olaraq tanımasıdır. İnsanın daxilinə işıq salan ədəbi mətnlər bəşər
övladının özünün
özünə yazdığı
məktub kimi əsrlərin burulğanından
keçərək gələcəyə
doğru yol alır. Şair, nasir, publisist
Nazim Əhmədlinin hekayələrinə də
nəzər saldıqda
ilk diqqətimizi cəlb
edən məqam insana olan sevgidir.
Yazıçının hekayələrinin hər birində fərqli insan obrazları, maraqlı həyat lövhələri
ilə qarşılaşırıq.
Bu kiçik mətnlərdə
bütöv bir insan ömrünün ağrıları epizodik şəkildə verilsə
də yazıçı
məharətlə əsas
məqamları vurğulaya
bilir və oxucunu insan təbiəti,
bəşər övladının
bu dünyadakı ağlı-qaralı varlığı
haqqında düşünməyə,
düşündükcə öz həmcinsinə qarşı daha anlayışlı olmağa
səsləyir.
Nazim Əhmədlinin
hekayələrində diqqət
cəlb edən əsas mövzulardan biri məhz bəşəriyyətin zərif
kəsimini təmsil edən qadınların daxili dünyası və yaşantılarıdır. Onun təsvir
etdiyi, xarici və daxili gözəlliyə sahib mükəmməl
qadınlar daim təhalığın məngənəsində
əzilir, öz qəlb ağrıları
ilə oxucunun yaddaşına köçürlər.
Nazim Əhmədli "Heç
sənə çatmaq
olmur" hekayəsində
sonsuzluğun, övladsızlığın
üşütdüyü bir
qadının obrazını
yaratmışdır. Qadın tənhalıqdan ümidsizliyə doğru gedən yolda sürətlə irəliləyir,
irəlidə isə işıq yox, qaranlıq var: "Qaranlıq hər yeri örtmüşdü.
Haradasa
lap uzaqlarda, bu pəncərəyə oxşar
bir pəncərə də vardı. Orda isə qoca, kimsəsiz bir qarı oturmuşdu, pəncərəyə Ay işığı
düşmüşdü və
Ayın işığı
da qadının saçlarını
parıldadırdı". Sevdiyinin övlad sevincini dadaraq xoşbəxt olması üçün
ayrılığı seçən
qadının yaşantıları,
ağrıları fonunda
oxucu insan həyatının mənası
barədə düşünür.
Gözəlliyin, sahmanın, işığın,
gələcəyin, körpə
qığıltılarının simvolu olan qadının
tənhalığı və
bu tənhalıqdan doğan soyuq hekayədə təsvir edilən interyer vasitəsilə də oxucuya çatdırılır.
Hekayənin qəhrəmanının
məhz uçulub-tökülməkdə
olan, şəhərin
ucqarında yerləşən
yataqxanada yaşaması,
bu yataqxananın ucqar dəhlizlərində
eşidilən körpə
səsləri, ana laylaları, qadının
özünə baxdığı
və zamanın izlərinə təssüfləndiyi
bədənnüma güzgü,
qaranlığa, gecəyə
açılan pəncərə tənhalığı,
yalnızlığı materiallaşdırır,
mətnin emosional təsir gücünü artırmağa xidmət edir.
Yazıçının "İntihar" hekayəsinin
qəhrəmanı olan
adsız qadın da
"Heç sənə
çatmaq olmur" hekayəsində təsvir
olunan qadına bənzəyir, sanki həmin obrazı başqa məkan və zamanda yenidən izləyirik. Lakin bu dəfə xoşbəxt olmayan qadının təsvir edildiyi məkan qapalı, pessimist
ab-havalı deyil.
Yazıçı dənizdə intihar
etməyə cəhd etdiyini düşündüyü
gözəl qadını
təbiətin qoynunda,
dənizkənarı parkda
bayğın yatarkən
təsvir edir. Bu dəfə tənhalıq
ilk baxışdan gözə
çarpmasa da, yenə
də həyat və ölüm, xoşbəxtlik və bədbəxtlik yanaşı
dayanır. Üz-gözündən, geyimlərindən, davranışından
maddi cəhətdən
təmin olunmuş olduğu bilinən, Tanrının gözəllikdən
məhrum etmədiyi qadının niyə ölmək istədiyi, niyə bu qədər
çılğınlaşdığı
sanki aydın deyil. Axı dünya da gözəldir,
qadın da gözəldir.
Sualın cavabını
yazıçı özü
verir, oxucunu zahiri parıltının,
görünən "bəxtəvərliyin"
altında yatan ağrılı insan taleyinə laqeyd qalmamağa, insanlar haqqında qəliblərlə
düşünməməyə, qəlbləri duymağa çağırır: "Heç
kim başqasının
daxilində nələrin
baş verdiyini deyə bilməz. Lakin ilk dəqiqələrdən
bu gənc və sirli xanımın
intihar etmək istədiyini təxmin edəndə hər hansı bir andasa həyatın hər kəs üçün mənasız
ola biləcəyinin
fərqinə vardım".
"Qız təbəssümü"
hekayəsində 36 yaşlı
nişanlı qızın
taleyi fonunda keçid dövrünün
ağrıları öz
əksini tapmışdır. Qızın
illərlə intizarla,
həsrətlə, sədaqətlə
yolunu gözlədiyi qatar nəhayət
gəlib çıxır.
Nigaranlığın sonu hüznlə
bitir. 13 il əvvəl Rusiyaya güzəran qurmaq, qazanmaq arzusu ilə gedən nişanlısı
Qorxmazın meyidinin gəlməsi ilə qızın dünyası
divardakı qədimi güzgü kimi çilik-çilik olur. Hekayədə bir qadının
duyğuları, arzuları,
ehtiyacları olduqca təbii, rəvan bir şəkildə oxucuya çatdırılır.
"Qız təbəssümü"
hekayəsinin qəhrəmanı
da digər hekayələrin
qadın obrazları kimi adsızdır. Nazim Əhmədlinin
hekayələrində izlənən
bu tendensiya müəllifin ümumən
qadın taleyinə, qadın ruhuna işıq tutmaq niyyətindən irəli gəlir. "Qız təbəssümü"
hekayəsini Nazim Əhmədlinin qadın dünyasına həsr edilmiş digər hekayələrindən fərqləndirən
əsas cəhət isə burada süjet xəttinin daha bitkin və
geniş olmasıdır.
"Heç sənə çatmaq olmur" və "İntihar" hekayələrində
daha çox həyat hekayəsinin nəticə hissəsi, kədərin və tənhalığın kulminasiyası
təsvir edilir. "Qız təbəssümü"ndə
isə oxucu həmin kulminasiyaya gedən yolu qəhrəmanla birgə keçir.
"Qız təbəssümü"
hekayəsində diqqət
çəkən digər
məqam I Qarabağ müharibəsinin ağrıları
ilə bağlıdır. Qız daim 10 il
əvvəl tərk etdiyi kəndi dumanlı şəkildə
xatırlayır. O işğal
altında olan, "cığır-cığır, tala-tala xatırladığı"
kənddən qıza
yalnız mərmi partlayışından yaranan
nevroz və ürəkkeçmə yadigar
qalıb. Ən ağır günlərində
qız o yurda, o yurdun uca dağlarına
sığınmaq istəyir.
Lakin yollar bağlıdır, bir nəğmədə deyildiyi
kimi "çarələr
çarəsizdir": "Yayın cırhacırında
da o dağların başından
qar əskik olmur. Keçmişlərdə ağır xəstələr
üçün o dağlardan
qar gətirərmişlər.
Bunu anasından eşitmişdi.
Anasına da yerli camaat
danışmışdı. İndi isə o dağlara
getmək müşküldü,
lap istəyir bütün
kənd xəstə düşə və hamı da qar istəyə. Çünki o dağlar artıq bizdə deyil".
Nazim Əhmədlinin
"Kəndimizin ruhu"
hekayəsi də I Qarabağ müharibəsi
mövzusunda qələmə
alınmışdır. Əsərdə itirlilmiş yurd yerinin ağrısı fonunda insan taleyi
işıqlandırılır. Hekayə Laçın işğal
olunarkən doğma kəndini tərk etməyib düşmənlə
sona qədər vuruşaraq həlak olan Kamran bəyin xatirəsinə həsr edilib. Tərk edilən, boşalan,
yetim qalan kəndin toy-büsatlı
günləri kəndi
tərk etməyən,
yalnız olsa da yurdunun müdafiəsinə
qalxan qəhrəmanın
gözündə canlanır.
Keçmiş günləri, mənfur
düşmənin hiyləgərliyini,
onun bu düşmənçiliyi
necə pərdələdiyini
xatırlayan qəhrəman
öz mərd xalqının başına
gələn müsibətin
ağırlığı altında
ruhən inləyir.
Hekayədə maraqlı obrazlardam
biri də Qara it obrazıdır.
İnsanların niyə birdən-birə
köçüb getdiyini
anlamayan, ətrafdan gələn güllə səslərinin səbəbini,
dünən toy-büsat
qurulan kəndin bu gün nədən
xarabazara çevrildiyinin
izahını öz aləmində tapa bilməyən
Qara itin ürəyi partlayır.
Bütün bunlara şahidlik edən qəhrəmanın fikri qətidir: "Mən heç haraya getməyəcəm. Qalacam burda.
Ölmək ölməkdi, bəs
xırıldamaq nə
deməkdi? Yəqin, mənim
də alın yazım beləymiş.
Bu kənd öldü...
Bir anlığa elə təsəvvür etdim ki, mən bu
kəndin ruhuyam.
Axı ruhlar sağ qalır".
Bəli,
doğrudan da, "ruhlar
sağ qalır!". Bu gün xalqımızın sağ
qalan, əbədi məşəl kimi alovlanan ruhu, Ali Baş Komandan və ordumuz sayəsində "ölən"
kəndlərimiz, obalarımız
yenidən dirilir, o dağlar, zirvələr yenidən öz əzəli sahiblərinə
qovuşur. Bu gün Qarabağ ağrısı ilə yazılan əsərləri
artıq kədərlə,
yurd ağrısı ilə deyil, keçmişi unutmamaq üçün, şəhidlərimizi
xatırlamaq üçün,
vətənimizi daha çox sevmək üçün oxuyuruq və yaşadırıq.
Nazim Əhmədlinin hekayələrində
əbədi mövzular
fərqli interpretasiyada,
özünəməxsusluğu ilə seçilən lakonik üslubda təqdim edilir və bu mətnlərdən
boylanan məqamlar onun nasir kimi
də ədəbiyyatda
öz sözünü
demək iqtidarında
olduğunu sərgiləyir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.-
2021.- 7 avqust.- S.21