Məhərrəm Qasımlının Orxan Paşa ilə söhbəti
Müasir
Azərbaycan filoloji fikrinin
(folklorşünaslığının və
aşıqşünaslığının) görkəmli
nümayəndəsi, professor Məhərrəm
Qasımlının (Orxan Paşa) şeirlərini oxuyanda
düşünürsən ki, şair doğulmasan,
aşıq sənətinin dərin bilicisi olmaq çətindir
- məndən ötrü bu, aksiomatik bir qənaətdir.
Orxan Paşa poeziyasının lüğət tərkibinə
aşıq şeirinin təsiri təbiidir - ömrü boyu
sazın-sözün içində olasan, onu ürəyindən
və taleyindən keçirib araşdırasan, onun magik cazibəsindən
kənarda qalmağın mümkünsüzdür. Amma bu şeirlər, qəribədir,
sanki aşığın oxuması üçün deyil,
şairin oxucusu üçün nəzərdə tutulub. Saz rüzgarı sadəcə bu misraların məsamələrində
dolaşır. Başqa bir səbəb də
şairin fəlsəfi-poetik ümumiləşdirmələrə
güclü meyl etməsidir. "Dünya",
"A qoca dünya" rədifli şeirlərində ənənəvi
aşıq "şikayətnamə"lərinin (zəmanədən
və yaşdan şikayət) təcrübəsini
görürük. Amma bu şeirlərdə
yenə də şairin özünün fəlsəfi
ümumiləşdirmə üslubu güc gəlir. Məsələn:
...Şeytanın
papışı səndə -
Dünya
-şeytanqulu dünya!
...Yanlış
düşüb yolum sənə -
Dünya
- şeytan yolu dünya!
Aşağıdakı
misralar aşığın məclis təcrübəsində
gəlirsə,
Gəlir
nazlı-nazlı bir zərif qönçə,
Amandı,
gəlməsin gözə bu gəlin!
Yerişi-duruşu
incədən incə,
Gərəkdi
ipəkdə gəzə bu gəlin
- amma rəhmətlik Tükəzban nənəsinin
dilindən eşitdiyi "ölmüş nə gözəldir,
ölməmiş nə yaraşıqlıdır" deyimlərini
bir qoşmanın rədifində işlətməsi artıq
şair fəhmindən və ustalığından gəlir.
Mən
Orxan Paşayam, biləsən, dedim,
Odumu
sönəndə böləsən, dedim.
Sən də
mənim kimi öləsən, dedim.
Ölürəm
mən ölmüş, gəl, ay ölməmiş!
Hər bir şair içində ilin bir
mövsümü boy verir. Fikrimcə, Orxan
Paşanın poetik mövsümü, şeirinin əsas fəsli
payızdır. Payız onun təhtəlşüurunda
metafizik mənaları oyadan və kövrək xatirələri
dilləndirən bir sirli təbiət hadisəsidir.
Bu
yarpaqların bir vaxtı varıydı,
quşlarla səs-səsə verib oxuyan vaxtı,
üzünü budağa söykəyib
körpə-körpə uyuyan
vaxtı.
Yaxud
Tanrım,
həsrətimə təskinlik yetir
Payızın nisgilli yağışlarında.
Orxan Paşada vegetativ, yaxud floristik (gül-çiçək)
obrazlar şeirlərində zərif, həssas ruhunun nişanələri
kimi çıxış edir.
Gəncə
yolundakı, a yaşıl çınar,
A qocaman
çınar, a manşır çınar...
- beytində "yaşıl" və
"mansır" epitetlərinin qafiyələnməsi mənim
bir şair heyrətinə inanmağıma kifayət etdi.
Vegetativ obrazlar
onun yaradıcılığında fərqli məcaz
səviyyələrində (metafora, epitet, təşbeh...)
çıxış edir.
Geyib Lalə
köynəyini
Bayraqlaşan
oğul oldun!
Bir insan ömrünün təzadını vegetativ obrazlar
üzərində qurur. "Yaşıl" epitetinin zaman vahidi (dünən)
kimi təqdim edilməsi nakam ömrün göstəricisi
olur:
Göynədir
könlümü yaşıl dünənim,
Nədən soldun, a gül, yazın yaz günü?
Orxan Paşanın şeirlərində bir ontoloji hadisə
diqqətimi çəkdi - tənhalıq. Onun
poeziyasının "baş qəhrəman"ı tənha
varlıqlardır. Ağacdan, budaqdan
tutmuş insana qədər hamı tənhadır, təkdir.
Çay
qırağında
bir tənha
ağac
Payıza
bürünüb
boynu
bükülü.
Elə
bil tək görüb
hamıdan
qabaq
onu
haqlayıbdı
yarpaq
tökümü.
Yaxud
Qaya
üstündəki tənha ağacda
Kimiydi yellənən, a dəli könül?
Flora Kərimovanın səsi tənhalığın
metafizik işarətləridir.
O səslər
ki,
ürəyinə söykənib
tək-tənha qalıb
ömrünü ortasında...
Aşıq Hüseyn Saraclının
ölümqabağı durumunu tənhalıq kimi mənalandırır.
Günlərin
birində
bizlərin arasında
tənha
bilib özünü -
minib əcəl
köhləninə
getdin
ki, bir də görərsən
qoyub gəldiyin
o
doğmaların üzünü.
Orxan
Paşa zaman çarxını geri fırlayıb
yaddaşında tək-tənha qalmış qocaların - Həsən
balanın, Tükəzban nənənin, uzun Səyalının,
bir damın altında itkin oğlunu gözləyən Gülbaharın taleyini
danışır:
Gülbahar
qarını tərk edib ömür,
De, hansı təsəlli tutsun yerini?
Dünyadan
köçməyə ürəyi gəlmir,
Gözləyir oğlunun çiyinlərini.
Şair
fonosemantizm üsulu ilə qocaların tənha yaşam
obrazını işarələyir:
Ərik
deyil əriyir nənəm,
Qurud deyib quruyur babam.
Orxan Paşanın şeirləri keçən günlərin
nisgilindən doğulur. Şeir ondan ötrü
yaddaşının künc-bucağında qalmış xatirə
qırıntılarını işığa
çıxartmaq imkanı və cəhdidir. Maraqlıdır ki, keçmişin nostaljisini dastan
kimi deyil, lirik ovqatda danışır. Orta məktub xatirələrinin
yer aldığı "Yasəmən ətri" şeirinin
sujetinin epik söyləməyə çevrilməyə imkan
verməyən bir hiss var - ömrün "o tayında"
qoyduğu oğlanla (Məhərrəmlə)
görüşün amansız
mümkünsüzlüyü!
Xəyalım
titrəyir hər yaz gələndə
bir
oğlan obaşdan oyanır yenə.
Yasəmən
ətirli onuncu sinfə
Utancaq sevgiylə boylanır yenə.
Yeri gəlmişkən,
elə buradaca qeyd edim ki, Orxan Paşada "ətir"
leksik vahidinin fəallığı
"ətir yaddaşı" ilə bağlıdır.
Şair "kərpicli-kirəmidli" damları ilə,
"sehrli minarəsiylə" bir şəhərin yağmur
qoxusu, sevdiyi qızın sinfinə xəlvətcə
daşıdığı yasəmən gülləri "ətir
yaddaşı"nın
obrazlarıdır.
Burnuma yasəmən
qoxusu gəldi,
O sinfin
yanından nə vaxt ötdümsə?
Bütün görüşlərdən, mübhəm təmaslardan
ən çox yadında qalan da bənövşə ətridir.
Mən də
içimə çəkib səsimi
uduram
doymadan
bənövşə ətirli nəfəsini -
işıq kimi, hava kimi...
Gənclik
illərinin poetik yadigarı "Körpə gözələ"
şeirində dediyi kimi:
Bir azdan
aya
baxacaqlar
qaşının dərdindən.
bənövşə yığacaqlar
saçının ətrindən.
Hərdən mənə elə gəlir ki, o, sözdən
öncə sazın səsini, aşığın
avazının-havacatının ətrini yadında
saxlayır. Nəzakət
Məmmədovanın səsini quzeydə bənövşənin
duruşuna bənzədir:
Yazağzı
quzeyi yada gətirən
Səsinin bənövşə duruşu vardı.
Bənövşə arxetipi ilə elmi-poetik təəssüratlar
M.Qasımlının bir məqaləsində yer alması da təsadüf
olmasın gərək. "Duruşu, rəng çalarları və qoxusuna
görə sazı-sözü əbədi olaraq öz sehrində,
cazibəsində saxlayan bənövşə obrazı ilə
böyük söz ustadının (Qurbaninin - R.K.) dilə gətirdiyi
misralar heç də təsadüfən yüzillərdir ana
sazımızın sinəsində yuvalanmayıb... Özü
qoxu-ətir etalonu olan obraz (bənövşə) üzbəüz
qaldığı eyni estetik fəaliyyətə (qız ətrinə)
meyl göstərir..."
Orxan Paşa poeziyasında sematik obrazlar (əl, ayaq,
boy-buxun) maraqlı mənalar çevrəsinə malikdir. "Əllər"
Orxan Paşada sadəcə sematik (bədən) frazeoloji vahid
deyl, məcaz yaradan poetik obrazdır.
Özgə
sığal gəzib, özgə əl gəzib,
Bir
gün yaxasına açmasa qönçə,
Əlimin,
könlümün isti kölgəsi
Qopub gözəllikdən gedər gizlicə.
"Əllərin sığalı"
Göyüşoğlu Murğuzun portretini tamamlayan
detaldır.
Tapşırıb
dizini
yaşın hökmünə,
İşi-gücü
sığal verməkdi
əl
ağacına,
eşmə bükümünə.
Başqa
"əl"lə bağlı bir zərif deyim diqqətimi
çəkir:
Hələ
ki,
ilk
sığal oduyla
mənim
əllərim yanır,
sənin
saçların...
Əllərin
saçları sığallaması üçün
darıxmasını şair insafən gözəl ifadə
edib:
Gizlincə
səs verir cibimdə əllər
Dəlisov saçların çağırısına.
Əllərin qovuşması görüşü,
vüsalı simvolizə edir.
Sən
bir əllərini uzat görüm,
Üfüqü görürmü əllərin?
Qeyd etdiyim kimi, Orxan Paşanın işlək obrazyaratma
üsullarından biri də "boy" sözüdür.
Orxan Paşa dünyasında körpələr
gündə bir buğda boy atır, fələyin ağır
zülmünü görmüş Uzun Səyalının boyu
balacalanır. Palıdlı meşəsində
vələsin, göyrüsün, cökənin necə boy
atmasını görə bilir.
Pöhrə
var, zoğunda eşqi görünür,
Torpaq mehirlidi işığı, suyu.
Hələ
dan çağıdı körpə ömrünün -
Gün deyib, göy deyib şığıyır boyu.
Orxan Paşa nəzmə, qafiyəyə-rədifə gətirə
bilmədiyi həyat müşahidələrini, könül
düşüncələrini "Taleyindən və ürəyindən
keçənlər" adı altında qələmə
alıb. Bu "mikroesse"lər əslində şeirlərin
davamı kimi oxunur. Çünki şeirləri
də əslində "ürəyindən və taleyindən
keçən" yaşantıların yazıya
alınmasıdır. Hətta şeirləri
və mikroesseləri arasında maraqlı kəsişmələri
görmək olar.
Ayaqlar
bir-birini
izlədi,
nə
ikinci gecikdi,
nə
birinci gözlədi -
addım
oldular.
"Orxan
Paşa" Məhərrəm Qasımlının
"güzgü effekti" olub,
"Başqasıdır".
Hərdən
dəli gerçək oldun,
Hərdən nağıl, Orxan Paşa.
"Orxan
Paşa" təxəllüsü Məhərrəm
Qasımlının "alter-eqo"su - ikinci "mən"idir:
alim Məhərrəm Qasımlı ən mübhəm
düşüncələrini yalnız ona etibar edir, ən məhrəm
sirlərini "Başqası" ilə - şair Orxan
Paşa ilə paylaşır - bu mənada mən onun şeirlərinə
inanıram...
Rüstəm
KAMAL
Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.25.