YAD - Hekayə
-
Allahu-Əkbər!
Sadıx təkbir gətirəndə barmaqları əsdi. Alnının
təri gilə-gilə köynəyinin yaxasına
düşdü.
Gicgahındakı damar zoğ atmışdı,
gözünün içi al-qan idi. Hər tərəf,
qarşısında dayanan mollanın əbası kimi, birdən-birə
qaraldı. Mahir dədəsinin səntirlədiyini
görüb qoluna girdi:
- Lələ,
noldu?
Sadıx dişini-dişinə sıxıb birtəhər
ayaq üstə dayanmağa çalışdı. Gözünü
ağardıb mollanı işarə elədi. Mahir cibindəki dəsmalı çıxarıb
atasının tərini sildi. Qadir
qardaşından da canıyanan idi, amma irəli durmağa
ürəyi gəlmirdi, hamıdan arxada çəpərə
sığınıb siqaret tüstülədirdi.
Zərnigarın isti nəfəsinin kəsilməsi bu
üç kişinin canına soyuq yel kimi hopmuşdu. Həyətin
rəngi qaçmışdı, cücələr hindən
çıxmır, inəklər samana baxmırdı. Həyətdəki it mat-mat gözünü
xalçaya bürünmüş meyitə zilləmişdi.
Zil qara olduğundan itə Qaraş deyirdilər.
Zərnigar Qaraşın yalını bol eləyərdi,
indi eləməsin. Qaraş dilini
çıxarıb ləhləyirdi. Hərdən
gözünü meyitdən çəkərək Qadirin
yanına yüyürür, yalmanırdı.
Sadıx sağdan, oğlanları soldan mafanı
çiyinlərinə götürdülər, qonum-qonşu
da irəli durdu.
Üç
kişinin çiyni bir qadının yükünü çəkməyə
yetmirdi...
Zərnigar Qaragözü sağıb evə qayıdanda
həyətin ortasında ürəyi dayanmışdı. Sinəsi
gömgöy idi. Sadıx yəqin eləmişdi ki, bu,
inəyin təpiyinin izidir...
Arvadı torpağa tapşırılan günün gecəsi
Sadıx havalı kimi stul qoyub həyətin ortasında oturdu. Mahir dədəsinin
bu pərişanlığından çox qayğılı
idi, şüşəbənddə o baş-bu baş gəl-get
edirdi, arada başını pəncərədən
çıxarıb dədəsinə göz qoyurdu. Qadir otağında ağzı üstə uzanıb
gilə-gilə yaş tökürdü. Qardaşı
içəri girib pıçıldadı:
- Qadir, dədəm
özündə deyil, dur gedək yanına, başını
qataq.
- Bəs
bizim başımızı kim qatsın?
Qadirin sözü ağzında qaldı. Sadıxın
bağırtısı aləmi götürdü. Uşaqlar tez həyətə yüyürdülər.
Sadıx nar ağacına bağlanmış
Qaragözü şallaqlayırdı. Mahir
dədəsinin bir qolundan, Qadir o biri qolundan yapışıb
evə çıxardılar. Sadıx
özündə-sözündə deyildi. Mahir dizini
atıb yalvardı:
- Lələ,
biz yazığıq axı, sakit ol, dərdimizi çəkək,
Qaragözün nə günahı var?
- Bəs
ananızın nə günahı varıydı?
Qadir səsi
əsə-əsə:
- Lələ,
əcəldi də, bizim də ciyərimiz yanır, əlimizdən
nə gəlir?!
-
Bıçaqları itilə, sabah kəsəcəm
bunu!
-
Gözümüzü o beş-altı baş heyvana
dikmişik, hara kəsirsən? Özü də,
Qaragöz boğazdı.
Sadıx
gözünü acıqlı-acıqlı Qadirə zillədi:
-
Çıxın bayıra!
Uşaqlar otaqlarına çəkildilər. Həmin gecə nə
Sadıx, nə də oğlanları gözünü
qırpdı...
Hüzür qutaranacan evin hər işi qaydasında idi. Hamı əl-ayağını
yığışdırıb evinə gedən gündən
kişilər çar-naçar qaldılar. Pal-paltar, yeyib-içmək, həyət-bacanın
işi qutarmırdı. Sadıx da, oğlanları da
gündən-günə çöpə dönürdülər,
qatsız şalvar geyinirdilər, köynəklərinin
harasındasa mütləq yağ ləkəsi
olurdu, Zərnigar öləndən bağçanın
gülləri də öləzimişdi.
Bacıları yığışıb Sadıxa arvad
almaq istəyirdilər. Hamı bir ağızdan nəsihət verirdi: Evlən,
balaların da böyüyüb, hamısı özünə
gün ağlayacaq, əllərdə qalma.
Sadıx
eləcə bunu deyirdi:
- Yox, gədələrimdən
ayıbdı, olar çayxanaya çıxanda
tay-tuşları deməz ki, dədəniz qızıxıb?!
Söz-söhbətdən
xəbərdar olan kimi oğlanları Sadıxa ürək-dirək
verdilər:
- Lələ,
düz deyirlər, nə vaxtacan çayını özün
süzəcəksən, sən bizə baxma...
Mahir də, Qadir də bunu dildə deyirdilər, içdən-içdən
xiffət çəkirdilər. Evin hər bucağında
analarının əllərini hiss edirdilər. Qadir
anası öləndən yeməyini axıracan yeyə
bilmirdi, süfrə üstə doluxsunurdu. Mahir isə yuxusunu
qarışdırmışdı, səhərə qədər
oyaq qalırdı, elə hey dağı arana, aranı dağa
daşıyırdı.
Zərnigarın ölümündən düz altı ay
keçmişdi, hərə bir cür başın girləyirdi.
Cansıxıcı
günlərin birində Mahir bağçada ot
biçirdi. Qadir asta-asta gəlib dilləndi:
-
Çay içirsən?
- Yox. Heç soruşan deyildin, yaman qayğıma
qalırsan. O yan-bu yan eləmə, sözünü de.
- Ay Mahir,
yəni lələm arvad alar?
Mahir əl
saxladı, əlini əlinin üstünə qoyub çənəsini
kərəntiyə söykədi:
- Vallah, mən
də gecə-gündüz fikirləşirəm.
- Əşi, elə özümüz razılıq verdik
də.
- Nolsun,
bir söz idi dedik.
- Səni
də başa düşmürəm e...
- Nədi,
deyirsən, anamın yerində ayrı arvadla
mazaqlaşsın?
Qadirin nitqi tutuldu, nəsə tapıb deyə bilmədi. Tez evə
yüyürdü. Anasının
dolabındakı noxudu kəlağayısını
çıxardı. Zərnigarın
bütün paltarlarını yetim-yesirə
paylamışdılar. Təkcə bu kəlağayı
qalmışdı. Qadir kəlağayını
aparıb öz otağında balışın altında gizlətdi.
Bu söhbətin üstündən heç bir gün də
keçməmiş Sadıx evə ağzıdolu gəldi,
danışmağa fürsət gəzirdi. Axşam
düşmüşdü. Bığlarını
tumarlaya-tumarlaya stolun başında oturdu, süfrə
açıldı. Anaları öləndən
xörəyin dadı-duzu qalmamışdı. Sadıx yeməyini bitirib nəm dəsmalla
ağzını sildi. Mahir kasaları
üst-üstə qoyub hovuzda yumağa apardı. Sadıx öskürüb gözünü gah yerə,
gah divara, gah pəncərəyə dikdi,
oğlanlarının üzündən başqa, nəyə
desən baxdı. Nəhayət, qısıq səslə
dilləndi:
- Mən
bir qərara gəlmişəm, day dolana bilmirik, işimiz
ağırdı, bu evə bir arvad lazımdı,
Güllünü məsləhət görüblər. Sabah götürüb gələcəm.
Mahirin qolları boşaldı. Qadir
qaşlarını çatıb atasının
gözünün içinə baxdı. Sadıx təəccüblə:
-
Özünüz demirdinizmi evlən? Niyə
duruxdunuz?
Mahir dilləndi:
- Day
özün ölçüb-biçmisən də, niyə
bizimlə məsləhət eləyirsən?
- Məsləhət
eləmirəm, dedim, xəbəriniz olsun.
Qadir
eyhamla dilləndi:
- Allah
xoşbəxt eləsin! Biz xoşbəxt ola
bilmədik, heç olmasa sən qoşa qarı!
Qadirin sözü Sadıxı ildırım kimi vurdu,
ayaqları gizildədi. Zərnigarın divardan asılan şəklinə
baxıb duruxdu. Ayrı vaxt olsaydı, belə
kinayəli cavab üstündə oğluna yağlı bir
şillə çəkərdi, amma dili
qısalmışdı.
Hərə bir tərəfə çəkildi. Evdəki
sükut qulaq batırırdı. Sadıx
pərt olsa da özünü sındırmır, siqareti
siqaretə calayır, dırnaqlarının ucunu gəmirirdi.
Naxıra gedənlər axura qayıtdı, növbəti
gecə yetişdi. Güllü səhərdən gəlmişdi.
Otaqdan bayıra çıxmağa ürək
eləmirdi. Mahir ilə Qadirin
qaşının düyünü açılmırdı.
Sadıx gecə otağa girib qapını
örtdü. Qapının
çıqqıltısı oğlanları diksindirdi. Sadıx otağın işığını
söndürəndə toyuqlar hində qaqqıldaşmağa
başladı. Qonşu Sinə nənə
çubuğunu yandırıb tüstülətdi, Zərnigarın
ilboyu yorğanda yatan qardaşları qışın oğlan
çağı tər töküb yuxuda vurnuxdular. Gecə
3-ə qədər çayxananı açıq saxlayan Məmməd
kişi 11 tamamdan qapıya qıfıl
vurub evə getdi. Sadıxın bəylik
taxtının cırıltısına zirzəmidəki
siçovullar dəli-cinli oldu.
Kənd həmin
gecə gözünü yumub qulağını
batırdı!
Güllü
Sadıxın köynəyinin düymələrini
açdıqca Sadıx sanki Əsli misalı
alışırdı. Güllünün
saçının qızıl qırmızı
xınası Sadıxı diksindirdi. Güllünün də
az yaşı yox idi. Boğazının
altından döşünün arasıyla süzülən
tər Sadıxın sinəsinə hopurdu. Sadıxın beyni dumanlı idi. Zərnigarın
surəti gözünün qabağından çəkilmirdi,
hərdən elə bilirdi ki, çiyinlərində gəzişən
əllər Güllünün yox, Zərnigarın əlləridir.
Qadir anasının kəlağayısını cibinə
qoyub həyətdən çıxdı, Mahir də onun
ardınca getdi. Arxın yanında bardaş qurdular. Yanğılarından siqaretin kötüyünü
də çəkirdilər. Qadir
gözünü ovuşdurub köynəyinin qolu ilə sildi.
Mahir pıçıltı ilə dedi:
-
Ağlama...
-
Ağlamıram, siqaretin tüstüsü gözümə
doldu.
Qadirin bu cümləni deməyi ilə
hıçqırmağı bir oldu. Mahir qardaşının çiynini
qucaqlayıb dedi:
-
Yadındadı, məktəbdə uşaqlar deyirdilər ki,
atanızın adı niyə Sadiq deyil, Sadıxdı, belə
ad olar?! Dədəmizin sadiqliyi qırıq
imiş. Ona görə Sadıx imiş
adı. Anam yatan taxtda Güllünü necə
sığallayar axı? Yəni altı ay
dədəmə bəs elədi?
-
Danışdıqların məni lap yandırır.
Qardaşlar danışa-danışa mürgüləyirdilər. Günəş
yavaş-yavaş oyanırdı. Qadir ayağa qalxdı:
- Mən
dayımgilə gedirəm, iki-üç gün oralarda hərlənim,
gələrəm. Sən də gəl.
- Yox,
mal-qara başsız qalar, evə gedəcəm...
Qardaşlar aralandılar. Qadir dayısıgilə,
Mahir evə üz tutdu. Dədəsiylə
üzbəüz gəlmək gözünə durmuşdu.
Sadıx kabus görürmüş kimi təngnəfəs
oldu, yerindən atılıb şalvarını geyindi. Dan yeri
sökülürdü. Əl-üzünü
yuyub hinin ağzını açdı. Qaloşlarını
geyinib tövləyə girdi. Tövləyə
girməyi ilə yerindəcə donub qaldı. Qaragöz ölü doğmuşdu. Arada başını qaldırıb Sadıxın
gözünə baxırdı, sonra təzədən
gözünü qıyıb cansız balasını
yalayırdı.
Sadıx utana-utana Qaragözü sığalladı. Dizini yerə
atıb ağlamağa başladı. Gecənin
ağırlığını boşaldırdı. Sadıxın gözünün yaşı ilə
Qaragözün ağzının seliyi bir-birinə
qarışmışdı.
Mahir doqqazı açıb həyətə girdi. Qaraş
doqqazın səsini eşidib mırıldadı. Mahir yaxınlaşıb itin başını
tumarladı. Qaraşın şələ
qulaqları gözlərini örtmüşdü.
Sadıx tövlədən çıxıb
çömbəldi. Kürəyini daş hasara söykəyib
başını qaldırdı. Nəfəsi
daralırdı. Qaraş Sadıxı
görəndə yerindən dik atıldı. Hürə-hürə tövləyə sarı
qaçdı. Sadıx Qaraşın səsini
eşidib doqqaza boylandı, illərdir qapısında yatan itin
hürə-hürə üstünə gəlməsinə təəccüblə
tamaşa elədi.
Nadir YALÇIN
Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.27.